Son günlər Amerikanın tətbiq etdiyi tariflərlə bağlı dünya iqtisadiyyatında dalğalanmalar müşahidə olunur.
Bununla yanaşı, ABŞ-də yumurta böhranı davam edir. “Quş qripi” səbəbilə yumurta tədarükü qıtlığı yaşayan ölkənin rəsmiləri Türkiyə, Danimarka və başqa Avropa ölkələrindən kömək istəyib. Amerikada yaşanan yumurta qıtlığı onun bahalaşmasına səbəb olub.
Qeyd edək ki, ölkəmizdən də bir neçə aydır Amerikaya yumurta ixrac olunur. Ancaq bəzi məlumatlara görə, tariflərlə bağlı ölkəmizdən Amerikaya yumurta ixracı dayanıb.
Amerikanın mövcud tariflə bağlı qərarı Azərbaycandan yumurta ixracına necə təsir göstərib?
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli "Cebheinfo.az"-a bildirib ki, ötən ildən ABŞ-də “quş qripi”nin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunmaqdadır:
"ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib. Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan "Giləzi Quşçuluq" ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Hazırda ixracla bağlı problem yoxdur və ixracımız davam edir. Hətta yaxın müddətdə nəinki Amerika, Polşa, İsrail və digər ölkələrə də yumurta ixracı nəzərdə tutulub".