Ardını oxu...
“Taksilərin sayı 10-15 min civarında azala bilər”

Bu yaxınlarda Nazirlər Kabinetinin taksi fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki göstəriciləri ilə bağlı müəyyən etdiyi yeni tələblərin mənfi effekti artıq yavaş-yavaş hiss olunmağa başlayıb.

Belə ki, taksi sürücülərinin mətbuata verdikləri açıqlamalara görə, iyun ayının birindən etibarən taksilərdə minimum gedişhaqqı məbləği iki dəfəyə yaxın bahalaşaraq, 4 manat 50 qəpiyə yüksələcək. Sürücülər bu barədə taksi şirkətlərindən onlara məlumat verildiyini bildiriblər. İstehsal ili yeni qanunun tələblərinə cavab vermədiyi üçün bir çox avtomobillərin artıq şirkətlə əməkdaşlığının sonlandırıldığı iddia olunur.

“1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bir azdan istehsal ili 2005-ci ilədək olan “Opel” və digər markalı avtomobillərin də sifarişlərinə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq şəkildə özünü biruzə verəcək. Bu da da öz növbəsində qiymətlərə təsirsiz ötüşməyəcək”- deyə, taksi sürücülərindən biri yerli mətbuata bildirib.

Xatırladaq ki, 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək yeni qanun buraxılış tarixindən 15 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinin taksi kimi fəaliyyət göstərməsini qadağan edir. Həmçinin 1 iyul 2024-cü ildən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün müvafiq kartının verilməyəcəyi deyilir. Eyni zamanda bildirilir ki, buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.


Qeyd edək ki, 2024-cü ildə sözügedən qanunun elan olunması ilə birlikdə taksilərin sayında nəzərəçarpacaq dərəcədə azalma baş verib. Belə ki, 2023-cü ilin sonlarında açıqlanan rəsmi statistikaya görə, paytaxt Bakıda 67 min taksi var idi. Son aylar əksər sahibkarlar qanunun tələblərinə cavab verməyən avtomobillərini dəyər-dəyməzinə satışa çıxarmağa başladığı üçün bu say 67 mindən 60 minə qədər azalıb.

Rəsmi qurumların səsləndirdikləri bəyanatlara görə, əsas hədəflərdən biri paytaxtda taksilərin sayını 20 minə qədər azaltmaqdır. Səlahiyyətli şəxslər sözügdən sayda taksinin paytaxt əhalisinin tələbatını qarşılaya biləcəyini deyirlər. Həmçinin bir çox ekspertlər də müvafiq qanunun qüvvəyə minməsi ilə birlikdə paytaxtda taksilərin sayının azalacağı fikrindədirlər. Buna səbəb kimi hazırda Azərbaycanın avtomobil parkının böyük hissəsini köhnə avtomobillərin təşkil etməsi göstərilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda avtomobil parkının 80 faizinin yaşı 15 il və daha artıqdır. Ötən il ölkəyə idxal olunan 90 mindən artıq maşının cəmi 12 mini elektrik və hibrid olub. Yaşlarına gəlincə, avtomobillərin 60 faizdən artığı 8-15 il əvvəlin istehsalı olub. Bu fakt həqiqətən də onu deməyə əsas verir ki, taksi fəaliyyəti göstərən avtomobillərin də bir çoxunun istehsal ili köhnədir. Odur ki, qanundakı məhduddiyyətlər ölkənin taksi bazarına önəmli ölçüdə təsir edərək, taksilərin sayında ciddi azalmaya səbəb olacaq. Bütün bunlar öz növbəsində əhalinin aşağı və orta təbəqəsi üçün də əlçatan olan və azad rəqabət mühitinin formalaşdığı xidmət sahələrindən birinin sıradan çıxması deməkdir.

Çünki bu gün minimum əməkhaqqının 345 manat olduğu ölkədə heç bir vətəndaş əvvəl 5 manata getdiyi yolu indi 2-3 dəfə baha - 10-15 manata getməyəcək. Nəticədə sərnişindaşımada taksilərin fəaliyyəti aşağı düşəcək, hazırda bərbad vəziyyətdə olan ictimai nəqliyyata böyük axın baş verəcək. Qeyd edək ki, təkcə ötən il taksi ilə 37 milyondan çox sərnişin daşınıb.

Bəs taksiyə yeni məhdudiyyət gətirib, qiymətin artmasına səbəb olan səlahiyyətli orqanlar ictimai nəqliyyatda yaranacaq bu cür xaotik vəziyyəti nə cür idarə edəcəklərini də əvvəlcədən düşünüblərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, taksi fəaliyyətinə dair tələblər artdıqca taksilərin sayında azalma və mövcud taksilərin xərclərində artım müşahidə olunacaq: “Hər iki amil qiymət artırıcı faktordur. Taksilərin sayının azalması rəqabəti aşağı salacaq. Digər tərəfdən isə tələblərə cavab verən taksilər də avtomobillərinə POS-terminal və taksometr quraşdırmalı olacaqlar. Başqa sözlə, tələblərə cavab verən taksilər artıq ekonom yox, premium sinfə aid olacaq. Ucuz taksilərin sıradan çıxması təbii olaraq bahalaşmaya gətirib çıxaracaq. Hər halda hökumətin atdığı addımların da məqsədi budur”.

Ekspert qeyd edib ki, taksilərin sayının 20 minə qədər azalıb-azalmayacağını bazar şərtləri müəyyən edəcək:“Sayın azalması və qiymətin artması bu fəaliyyətə marağı artıra da bilər. Yəni kəskin azalmadan sonra taksilərin sayında artım görə bilərik. Bazar bu cür reaksiya verə bilər. Lakin taksi bazarında hansısa durğunluğun olacağını düşünmürəm. Sadəcə taksi xidməti əvvəki kimi bu qədər populyar olmayacaq. Bizdə ictimai nəqliyyat o qədər də yaxşı inkişaf etməyib və taksinin özünün həmişə seqmenti olub. Bu sürətli və komfortlu çatdırıma növünün alternativi də yoxdur. İnsanlar hər zaman tələsirlər və komfort istəyirlər. Qeyd etdiyimi kimi, bu xidmət sahəsi bazara adaptasiya olacaq, amma qiymət səviyyəsi yüksələcək”.

Nəqliyyat eksperti İlqar Hüseynli isə “AzPolitika”-ya şərhində bildirib ki, taksi xidmətində tətbiq olunacaq yeni qaydalar dərin problemlərə səbəb olub:“Qanunun yeni tələbində göstərilib ki, avtomobilin istehsal ili 8 ildən artıq olmamalıdır. Həmçinin 8 il olsa belə, rəng məhdudiyyəti var. Yəni taksi xidməti ilə məşğul olan şəxs və ya fərdi sahibkar bu avtomobili ağ və ya qırmızı rəngə boyamalıdır. Bu, ölkəyə gətirilən yeni avtomobillərə aid ediləcək. Əslində burada da bir məna görmürəm. Amma dünya praktikasında eyni rəngli taksilərdən istifadə edən ölkələr var. Məsələn, nümunə kimi Türkiyəni göstərmək olar. Burada sarı rəngli taksilərdən istifadə olunur. Vaxtilə bizdə də bu cür yanaşma olub. Bir vaxtlar paytaxt taksilərinin qapılarının üzərində xüsusi nişanlar var idi”.

Ekspert də vurğulayıb ki, paytaxtda taksilərin sayının 20 minə qədər azaldılması gündəmdədir:“Burada önəmli məqamlardan biri də insanların sosial, iqtisadi ehtiyaclarının təminatıyla bağlıdıır. İşdən çıxarmaq, qapatmaq - bu hər zaman mümkündür. Amma insanlara alternativ imkanlar yaratmaq lazımdır ki, ailələrinin dolanışığını təmin edə bilsinlər. Düşünürəm ki, bu məhdudiyyətlər öz bəhrəsini verməyəcək. Qeyd etdiyiniz kimi, bu sayı perspektivdə 20 minə salmaq istəyirlər. Azalma gözlənilsə də, bu saya düşürə bilməyəcəklər. Düşünürəm ki, taksilərin sayı 10-15 min civarında azala bilər. Amma onu da nəzərə almaq lazımdır ki, şəxsin son ümidi taksi ilə ailəsinin dolanışığını təmin etməkdirsə və siz bunu onun əlindən alırsınızsa, həmin adam nə etməlidir? Hesab edirəm ki, burada müəyyən yumşalmalara gediləcək ki, insanlar çörəyini qazana bilsin”.

İ. Hüseynlinin sözlərinə görə, taksidəki qiymət artımı vətəndaşların böyük qismini ictimai nəqliyyata yönləndirəcək: “Taksidə minimal gedişhaqqı məbləğinin 4 manat 50 qəpik müəyyən olunması çox böyük rəqəmdir. Bu zaman vətəndaşların böyük əksəriyyəti icitimai nəqliyyata yönələcək. Məsələn, 4 nəfərlik bir ailənin avtobusla gediş-gəlişi elə hardasa taksiyə yaxın rəqəm idi, üstəlik komfort da yox idi. Qiymətlər qalxsa, təbii ki, sifarişlər azala bilər. Bu gün ictimai nəqliyyat da bu sərnişin yükünün öhdəsindən gələ biləcək standartlara sahib deyil. Taksi xidmətindən bu qədər çox insanın istifadə etməsinə baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə bu il ictimai nəqliyyatdan istifadədə 12,5 faizlik artım var. Bu, taksi bazarındakı bahalaşma ilə əlaqədardır”.

Onu da qeyd edək ki, hazırda taksidə minimal gediş haqqı 2,50 AZN-dir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”
 
 
Ardını oxu...
"Birbank" debet kartları bundan sonra da daha geniş şəkildə satılacaq.

Hurriyyet.Az xəbər verir ki, bu barədə "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Daha ətraflı RTV-də izləyə bilərsiniz:

 
Ardını oxu...
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 44,9 milyon ABŞ dolları satılıb.

Bu barədə AMB-dən məlumat verilib. Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib:

“Hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 14-də keçirilən hərracda olan tələbatla müqayisədə 62,2 milyon ABŞ dollar və ya 2,4 dəfə azdır. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Xatırladaq ki, mayın 14-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 107,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının, mayın 9-unun qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır. Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Bir müddət əvvəl ölkəmizdə dollar alışının kəskin artması barədə xəbərlər yayılırdı. İndiki rəqəmlər bunun əksini göstərir. Maraqlıdır ki, ölkəmizdə artıq dollar ajiotajı bitib?

Məsələ ilə bağlı iqtisadçı Alif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırda idxaldan asılı vəziyyətdədir:

"Günümüzdə ölkədə dollar ajiotajına son qoymaq üçün ölkə iqtisadiyyatının istehsal gücü artmalıdır. Ölkənin intellektinin inkişaf ritmi yüksəlməli, sənaye inkişaf etməlidir. Azərbaycanda bu sahələr primitiv inkişaf səviyyəsindədir, ona görə də biz idxal etmək məcburiyyətində qalırıq. Biz adi kənd təsərrüfatı mənşəli ərzaq məhsullarını belə idxal edirik. Bu yaxınlarda kartof, 1 ay bundan əvvəl soğan idxal etdik. İdxal olunan məhsulların siyahısına nəzər salsaq, görərik ki, gülməli vəziyyətdir. Azərbaycan hətta müəyyən növ çörəkləri belə idxal edir. Niyə? Bu ölkənin daxilində istehsal edilə bilməz?"

O qeyd edib ki, hökümət dollar ajiotajına son qoymaq, Dövlət Neft Fondunda toplanan vəsaitlərin əriməsinin qarşısını almaq istəyirsə, ölkənin daxilində istehsalı genişləndirməlidir:

"Bunun üçün bütün addımlar atılmalıdır. Əgər bu proses baş versə, 1 il ərzində Azərbaycandan valyuta axınının qarşısı 50-60% alına bilər. Hazırda isə dollar ajiotajı bitməyib. Dollara tələbat azala bilər, bu da müəyyən amillərlə bağlıdır. Həm mövsümlə bağlı, həm də yay aylarında ölkəyə turist axını ilə əlaqədar dollara tələbatın aşağı düşməsi normal haldır. Çünki turistlər ölkəyə dollar gətirir, hərracda isə tələbat azalır. Yəni vəziyyət eyni olaraq qalır".
 
Ardını oxu...
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana 502 milyon 621 min dollar dəyərində 27 min 838 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 55 dollar (30 min 694 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 14 min 508 dollar (24 min 664 manat) olub.

Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% və ya 3 min 547 dollar (6 min 30 manat) artıb.

Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 2 min 17 ədəd azalıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 4 ayında xaricdən 4 min 474 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 4 ayında 5 min 111 ədəd hibrid avtomobil gətirilib.

İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 31 min 651 dollar (53 min 807 manat) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 19 min 672 dollar (33 min 443 manat) olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 61% və ya 11 min 979 dollar (20 min 364 manat) artıb.
 
Ardını oxu...
Rusiya turoperatorları Türkiyəyə yay turlarının satışında ötən illə müqayisədə 50-100 faiz artım qeyd edirlər.

Musavat.com İnterfaksa istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Səyahət Sənayesi İttifaqı (RST) açıqlayıb.

Məlumatdan aydın olur ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə tələbat ümumilikdə 60 faiz artıb. PCT FUN&SUN turoperatorunun mətbuat xidmətinin məlumatına görə, tur satışlarında Türkiyənin payı 67 faizə çatır. Rusiya və Abxaziyaya satışlar 18 faiz, BƏƏ – 6 faiz, Misir – 5 faiz, digər istiqamətlər – 4 faiz təşkil edir.

Şirkət qeyd edir ki, Türkiyəyə tələbatın pik həddi ənənəvi olaraq mayın ortaları və iyun-avqust aylarına təsadüf edir: “Biz 18 şəhərdən Türkiyəyə uçuş proqramlarını planlaşdırmışıq. Uçuşlar həm Antalyaya, həm də Egey sahilinə – Moskva və Mineralnıye Vodıdan, Dalamana – Moskva və Sankt-Peterburqdan həyata keçirilir”.

Sletat.ru şirkətlər qrupunun məlumatına görə, yay mövsümü üçün Türkiyəyə tur sifarişlərinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100 faiz çoxdur. Turistlər Alanya (24 faiz), Kəmər (23 faiz), Side (17 faiz), Belek (10 faiz), Antalya (5 faiz), Marmaris (4 faiz), Fethiye (2,5 faiz), Bodruma (2,3 faiz) getməyi planlaşdırırlar.

“Russian Express” şirkəti də Türkiyədə yay aylarında satışlarda yaxşı artım olduğunu qeyd edir – keçən illə müqayisədə təxminən 50 faiz.

Qeyd edək ki, 2023-cü ildə Türkiyəyə 6,3 milyondan çox rusiyalı turist gəlib ki, bu da bir il əvvəlkindən 20 faiz çoxdur.
Ardını oxu...
"Apollo Spirit Baku" MMC ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Apollo Spirit Baku" MMC ötən ilin sentyabrında hyaradılıb. Nizamnamə kapitalı 150000 ABŞ dolları olan şirkətin qanuni təmsilçisi Ukrayna vətəndaşı olan Mısechko Volodymyrdir.
 
Ardını oxu...
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Qeyd edək ki, son vaxtlar ölkədə minimum əməkhaqqının artırılcağı, təxminən 500 manat təşkil edəcəyi ilə bağlı fikirlər səslənir.

Doğrudanmı, minimum əməkhaqqında bu rəqəm öz əksini tapacaq?

Millət vəkili Tahir Rzayev “Cebhe.info”-ya bildirib ki, ölkə rəhbərinin, hökumətin qarşısında duran ən başlıca vəzifə insanların rifah halının yüksəldilməsidir:

“Bütün məsələlər məhz bu məsələlər üzərində cəmləşib ki, Azərbaycan insanı yaxşı yaşamalı, onun əməkhaqqı yüksəldilməli, həyat şəraiti gündən-gündən daha yaxşı təmin olunmalı və onun üçün lazımi iş şəraiti yaradılmalıdır. Son illərin nəticələri də göstərir ki, hər il pensiyalar, müavinətlər, əməkhaqqı, eləcə də minimum əməkhaqqı yüksəlir. Müşahidələr deməyə əsas verir ki, minimum əməkhaqqı artırılacaq. Biz görürük ki, bir neçə il bundan əvvəl çox cüzi əməkhaqqı alan müəllimlərin orta əməkhaqqı 600-700 manatdan, hətta bəzi müəllimlərin 1000 manatdan yüksəkdir. Həkimlərimizin əməkhaqqı bir neçə dəfə artıb.

Yoxsul təbəqənin də güzəranının yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülür.

Fikrimcə, minimum əməkhaqqının artıırılması vacibdir. Ola bilsin bu rəqəm 500 deyil, 450 manata çatdırılsın. Yaxud ölkənin inkişafı ilə bağlı 500 manatdan da artıq olsun”.

Deputat deyib ki, bir çox sahələrdə əməkhaqqı bir neçə dəfə artırılıb:

“Minimum əməkhaqqının da artırılması günün reallığıdır və çox vacibdir. Bu, ölkənin iqtisadi inkişafından və bir çox layihələrin həyata keçrilməsindən asılıdır. İşğaldan azad olunmuş ərazilərin bərpa olunması və onların yararlı hala salınıb istifadəyə verilməsindən, ölkədə investisiya, biznes mühitinin yüksəlməsindən də asılıdır. Əgər burada bir çox xarici şirkətlər işə cəlb olunacaqsa, müəyyən mühüm sahələrə investisiya qoyulacaqsa, gəlirlər də çox olacaq, xarici bazaralara çıxmaq da mümkün olacaq, minimum əməkhaqqının artırılmasında da imkan yaranacaq”.

Əməkhaqqı ilə bağlı saat hesabına keçiləcəyi bildirilir. Avropada 1 günlük əməkhaqqı vətəndaşın gündəlik tələbatını ödəyir. Bizdə bu prinsip necə əksini tapacaq?

İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirdi ki, bu sahədə Azərbaycanı Avropa ilə müqayisə etmək heç uyğun deyil:

“Çünki Avropa məkanının tələb və xərcləri ilə bizimki başqadır. Ümumilikdə belə məsələlərin həll olunması ilə bağlı sağlam istehlak səbətinin tələblərinə cavab verən bir paket hazırlanmalıdır. İstehlak səbəti dedikdə, burada yalnız ərzaq məhsulları və kommunal xərclər nəzərdə tutulmamalıdır. İnsanın normal həyatı nədən ibarətdir?

Məsələn, ayda 1 dəfə belə mədəni-maarif ocağının ziyarəti bura daxil edilməlidir. Yəni real tələblərə cavab verən, real rəqəmləri əhatə edən olmalıdır. Bu prizmadan çıxış edərək biz öz modelimizi hazırlamalıyıq. Avropa ilə müqayisə etməməliyik. Bəlkə Avropanın elə ölkəsi var ki, bu öhdəliklər bizə əlverişli deyil. Yaxud onların həyat tərzinin elə göstəriciləri var ki, bizdə istifadə olunmur. Ona görə də rəqəm məsələsində mental dəyərlərimizi nəzərə alaraq öz həyatımızın istehlak hissəsini müəyyən etməliyik. İndiki vəziyyətə gəlincə, deyə bilərəm ki, hələlik qeyri-obyektiv bir vəziyyətdəyik”.
Ardını oxu...
“İmkanlılar torpaqdan üçtərəfli qazanc götürürlər. Subsidiya alıb əkirlər, biçəndə ən azı 30-40 sentner taxıl götürürlər. Zərər çəkəndə də kompensasiya alırlar. Yəni hamısı öz əllərindədir. Mən bu il hektar yarım əraziyə buğda əkdim. Subsidiyanı da fevralın 23-də aldım. Əvvəlki illərdə də biçindən qabaq subsidiya ala bilməmişəm. Dövlət subsidiyanı əkin üçün ayırır, kənd təsərrüfatına məsul şəxsləri pulu karta biçinə iki ay qalmış güclə yükləyirlər. Gec verilir deyə əkin gecikir, gübrələmə getmir və nəticədə biçin də keyfiyyətsiz olur”.

Bu sözləri Meydan TV-yə Şəkinin Böyük Dəhnə kənd sakini Elməddin Quliyev deyir.

“Subsidiya əkinin xərcini ödəmir”

Onun sözlərinə görə, dövlət tərəfindən verilən subsidiyanın əkinə qismən yardımı toxunsa da, çəkilən xərc və zəhmət müqabilində azdır. Subsidiyanın gecikməsi isə heç də əkinə faydalı deyil.

Vətəndaş deyir ki, torpağının ikinci kateqoriya kimi qeydə alınması da kəndlinin çəkdiyi xərc və əziyyətini görməzdən gəlir. Yəni torpağın keyfiyyət və məhsuldarlığını normadan artıq hesablayırlar:

“Guya mən ikinci kateqoriyayam, bir hektar torpaqdan üç min manat gəlir götürürəm. Amma yalandır. Gəlib görsünlər ki, o məhsuldarlıq çıxır? Toxum, texnika xərci bahadır, su çatışmazlığı var, məhsuldarlıq isə aşağıdır. Subsidiya əkinin xərcini ödəmir”.

“Torpaq boş qalmasın deyə əkirəm… “

Göyçayın Ləkçıplaq kənd sakini Rafiq Əliyev də 10 ildir ki, əkinə görə subsidiya alır. Ancaq subsidiyaya görə deyil, torpaq boş qalmasın deyə əkir. Əks halda imkanlı şəxslərin, oliqarxların əlinə keçməsindən ehtiyatlanır.

“Kənddə on nəfərdən biri subsidiyanı rahat alsa da, digərləri süni maneələrlə üz-üzə qalırlar. Süni əngəllər də digər əkinçiləri yorur deyə torpağı əkməkdən qaçırlar”, – deyir əkinçi.

Onun fikrincə, əkinə çəkdiyi xərc də qazancına uyğun deyil:

“Ötən il qohumla müştərək iki hektar pay torpağında arpa əkdik. Sənədləri təqdim edərkən bizdən tələb etməsələr də, bir çox adamı geri qaytardılar ki, gedin çıxarış alın. Rüsum da bahadır. Kiloqramı 50 qəpiyə 400 kiloqram arpa aldım, 400 manat subsidiya verildi ki, onun 110 manatı nəğd oldu, qalanı gübrələrə hesablandı. Hansı ki tək şuma 100 manat verdim, 400 manat da toxumuna”.

“Yayda biçin xərci var, üstəlik, məhsuldarlıq da zəif oldu bu il. Çünki şoran torpaqdır. İki hektara ton yarım məhsul gözləyirəm. Əslində, torpaq boş qalmasın deyə əkirəm, belə nağd şəkildə arpa alsam, daha sərfəlidir”, – deyə Rafiq Əliyev gileylənir.

Bəs əkin subsidiyası nə qədərdir?

Aqrar Subsidiya Şurasının qərarına görə, baza məbləği 200 manat olmaqla bu ildən əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə fərqlidir.

Çəltik əkininin hektarına 380 manat, dənli bitkilərdə 220 manat, zəfəran bitkisində bu məbləğ 440 manat, yonca bitkisində isə ən az 70 manat məbləğində nəzərdə tutulub.

Ən yüksək subsidiya müasir suvarma sistemləri ilə əhatə olunmuş hər hektarına minumum iyirmi min sertifikatlı tingin əkilmə şərti qoyulduğu çay plantasiyalarına verilir. Həmin məbləğ 12 min manatdır.

Ötən ilin sentyabrında bu ilin 31 mayınadək salınan intensiv meyvə bağları üçün subsidiya məbləği salınan meyvə növlərinə görə 3-11 min manat məbləğ arasında dəyişir.

Burada bağların müasir suvarma sistemləri ilə təchizatı və bəlli sayda meyvə tinglərinin olması şərtdir. Ötən ildən əvvəl salınan meyvə bağlarında isə subsidiya məbləği 240 – 730 manat arasında dəyişir.

“Subsidiyanı biçinə verməyin, əkinə verin…”

Kəndlilər deyirlər ki, nə iri meyvə bağları, nə də iri hektarda əkin sahələri var. Pay torpaqları ilə yetinməyə məcbur kəndlilər üçün verilən subsidiya məbləği iri sahibkarlarla müqayisədə əkinə dəstəkdə cüzi məbləğdir. Onun da gecikməsi, müxtəlif səbəblər üzərindən verilməməsi də problemin digər tərəfidir.

“Subsidiya vaxtında verilsə, kömək olar. Bizdə isə torpaq sentyabrda əkilir. Suvarmada problem olur. Dekabrın sonuna qədər sənədlər toplanır, fevral – mart ayında da subsidiya verilir. Mart ayında gübrələmək, suvarmaq gecdir. Əlində vəsaiti olmayan kəndli əkə bilmir. Buğdanın da kiloqram qiyməti 70-80 manatdır. Gübrə də çox bahadır, kisəsi 60-70 manat. Çox ərazisi olan torpaq sahiblərinə sərf edir. Çünki vəsaiti var və dövlətin onlara güzəşti çoxdur. Yararlanır, əkir. Əkin də, suvarma da, biçin də, güzəşt də onlara sərfəlidir. Subsidiya xərci ödəmir, ancaq bərəkət deyib alırıq. Vaxtında verilmir, bu problemdir. Subsidiyanı biçinə verməyin, əkinə verin”, – deyə əkinçi Elməddin Quliyev şikayətlənir.

“10 manat subsidiya böyük məbləğ deyil”

Dörd ildir ki, arıçılıq təsərrüfatları üçün nəzərdə tutulan subsidiyanın ötən ildən kəsilməsi arıçıları da narazı duruma salıb.

İri məbləğ olmasa da, arıçılar təsərrüfatlarının artımı üçün dövlət dəstəyinə ehtiyac olduğunu bildirirlər.

36 ildir ki, arıçılıqla məşğul olan Tərgül Nəcəfovanın dediyinə görə, iki il hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya ala bilib. Ötən ildən isə bu dəstək kəsilib və güclə artırıb çatdırdığı 60 arı ailəsi 35-ə düşüb.

O deyir ki, subsidiyanın verilişi bərpa olunsa və məbləğ artırılsa, təsərrüfata dəstəkdən danışmaq olar:

“Ötən il hava şəraiti heç yaxşı olmadı və xeyli arı ailəsi qırıldı. Yarmarkaya çıxarılan ballar məni təəccübləndirdi, çünki ölkədə bal istehsalı çox az idi. Bilmədik hardandır bu qədər bal. 10 manat subsidiya böyük məbləğ deyil, bu təsərrüfat da ağırdır, zəhmət, maddi dəstək lazımdır. Arı yeşikləri, şanlar, dərmanlar, köçü, arı cinsləri maddi dəstək istəyir. Ancaq iki il ala bildik, ötən ildən kəsdilər. Hər halda edilən dəstək müəyyən işləri görürdü“.

“Düzdür, Qarabağ zonasına daha çox dəstək var, iri sahibkarların arı ailələri ora köçürülür, yetişdirilir. Ancaq ölkə üzrə arı üçün subsidiyanın verilişi bərpa olarsa və bu məbləğ artırılarsa təsərrüfatın inkişafına dəstək olar”, – deyə arıçı qayğılarını dilə gətirir.

“Məbləği artıran kimi, xərcini də artırıb heç-heçə edirlər”

Kəndli və fermerlərin qarşılaşdığı digər bir problem “fermer kartı”nın təsdiqi zamanı sahib olduğu pay torpağının çıxarışı ilə bağlıdır.

Gələn ildən şərt kimi qoyulan bu tələb artıq bir neçə ildir ki, bəzi kəndlilərin ödəniləcək rüsumdan dolayı subsidiyadan da imtina etməsinə səbəb olur.

Buğda əkini ilə məşğul olan Tural Əliyev də bürokratik əngəllərdən əziyyət çəkdiklərini deyir:

“Bütün rüsumların qiyməti qaldırıldı. Üç ildir ki, bu pay torpağı aktını çıxarışlar əvəz edir. Onun da rüsumu əvvəl 71 manat idi. Ona görə çox kəndli bunu pulu olmadığına görə ala bilmir, ya sərf etmir deyə almır. Ya da kəndli var torpağı bir yerdən verilib, bir sənədi var, kəndli də var ki, bir hektar torpağı kəndin bir neçə yerindən verilib, nəticədə ona çıxarış almaq çətin olur. Adam bezir, subsidiya zamanı da sənədləri toplayıb bəyan edə bilmir. Hətta sənədlərdə ad, soyadda hərf səhvində belə bu şərti tələb edirlər ki, get çıxarış al. Beş hektardan yuxarı olan torpaq sahiblərini məcbur aqrar sığortadan keçirirlər ki, subsidiyadan yararlana bilsin”.

“Mənim hektar yarım torpağım var, buğda əkmişəm. Düzdür, köhnə aktla 54 manat nağd, qalanına gübrə aldım, ancaq gələn ildən şərt qoyublar ki, çıxarış alınsın. Onun da qiyməti 150 manatdır artıq. Subsidiya da artıb olub 220 manat. Nə sərf edir ki? On il öncə 70-80 manat idi subsidiya, onda sənəd işi belə çətin deyildi. İndi məbləği artıran kimi, xərcini də artırıb heç-heçə edirlər. Gübrəni nağd alsan, 10 manat ucuz olur, kartla alanda baha”, – deyə Tural Əliyev əkin subsidiyasının şərtlərinin ağırlaşdırıldığından narazılıq edir.

“Bu məbləğ kəndlinin hansısa xərcinə yardımçı olmur”

2016-cı ildən süni mayalanma nəticəsində doğulan hər buzova görə verilən 100 manat məbləğində subsidiyanı da kəndlilər çəkilən xərc müqabilində az hesab edirlər:

“7-8 ildir ki, süni mayalanmaya maraq artsın deyə bunu tətbiq edirlər. Ancaq süni mayalanma mütəxəssisinə 25-40 manat məbləğdə pul ödənilir, iki manat rüsum keçirilir. Yol xərci, sənəd işi, aylar çəkir, nəticədə o yüz manat xərclənir. Bəzən də süni mayalanma prosesi baş tutmur, verdiyin pul da batır. Ot, yem bahadır deyə əslində, verilən bu məbləğ kəndlinin hansısa xərcinə yardımçı olmur, yenə də cüzi də olsa, dəstək deyib almaq istəyən alır”, – kəndli Daşqın Əliyev bildirir.

Məhsul və toxum subsidiyası da kəndli üçün əlverişli deyil. Bununla daha çox iri fermer təsərrüfatları məşğul olur ki, hazırda istər məhsul, istər toxum üçün ayrılan subsidiya məbləği qaneedici deyil. Lakin illərdir ki, dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsaitdən subsidiya üçün xeyli vəsait xərclənir və bunun səmərəliliyi, fermerə çatımlığı şəffaf yoxlanılmır. Hesabatlılıq isə yoxdur və ya obyektiv deyil…

“Rəsmi qurumların hesabatlılığı şəffaf deyil”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti Meydan TV-nin Aqrar Kredit və İnkişaf Agentliyinin illik fermerlərə ödədiyi subsidiya ödənişlərinin statistikasına dair soğrusuna cavab verməkdən imtina edib.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib ki, dövlət qurumları müstəqil jurnalist tanımır və jurnalist sorğuları rəsmi qaydada media reyestrindən keçmiş media qurumu adından göndərilməlidir, əks halda sorğular cavablandırılmır.

“Dövlət qurumu üçün müstəqil jurnalist anlayışı yoxdur. Vətəndaş sorğusu da tamam fərqlidir və o, yazılı halda olur. Siz hara üçün hazırlayırsızsa, material həmin qurumun adından rəsmi məktub formasında gəlməlidir. Belə də açıq mənbələrdə hər məlumat var. Sadəcə, zaman alır deyə sorğu göndərirsiniz. Hansı qurumda işləyirsinizsə, o qurum adından rəsmi sorğu göndərirsiniz ki, VÖEN yoxlanılsın, media reyestrdən keçib, ya yox. Bunu özünüz bilirsiniz “, – deyə vaxtilə jurnalist kimi çalışmış mətbuat katibinin indi bürokratik əngəl sayılan media reyestrini məmur kimi müdafiə edir.

Onun adlandırdığı “açıq mənbələr”də isə ya heç, ya da bəlli illərə dair məhdud statistik göstəricilər var idi.

Dövlət Statistika Komitəsindən isə bildiriblər ki, kənd təsərrüfatı sahələrinə ayrılan subsidiya növləri barədə statistik məlumat yoxdur.

Onu da qeyd ediblər ki, subsidiya ilə bağlı bəzi statistik məlumatlar qurumun xidməti fəaliyyət üçün əldə edildiyindən mətbuat üçün açıqlanmır.

“Maliyyə Nazirliyi bizə ayrı-ayrı strukturlar üzrə statistika göndərmir deyə nə açıqlayırıq, nə də yayımlayırıq. Bəzən açıq informasiya olanda açıqlayırıq, açıq deyilsə, qurumun özünə yönəldirik. Bizdə ümumi məlumat olur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılan subsidiyanın məbləğinə dair məlumat daxil olur və xidməti istifadə üçündürsə, paylaşılmır” – deyə sorğuya cavabda bildirilir.

Aqrar Kredit və İnkişaf Agentliyininin də rəsmi saytında subsidiya növləri barədə məlumat və hesabatlılıq qeyd olunsa da, ancaq hesabat linklərinə daxil olmaq qeyri-mümkündür, yəni heç bir statistik informasiyanı əldə etmək olmur. Sanki hesabat naminə formal görüntü üçün yerləşdirilib.

15 ildə təxmini 4.5 milyard vəsait subsidiyaya ayrılıb

Bəzi aqrar tədqiqatlara və mətbuata açıqlanan statistik məlumatlara əsasən, 2022-ci ildə əkin subsidiyası 160 min fermeri əhatə etməklə 61 milyon 836 min manat olub.

2023-cü ildə isə 258 min hektar sahədə aparılan payızlıq və çoxillik əkmələrə görə 93 min 904 nəfərə 48.6 milyon manat subsidiya verilib.

Cari il üçünsə bu məbləğ 2.3 dəfə artaraq 263 992 nəfərə şamil edilib.

Ümumilikdə 543 298 hektar sahə üzrə aparılan əkinə görə 109.5 milyon manat məbləğində subsidiya verilib.

Son beş ildə əkin subsidiyasına təxmini 300 milyondan artıq vəsait ayrılıb.

2010-2018-ci illər ərzində ölkədə kənd təsərrüfatına ayrılan subsidiyanın ümumi məbləği isə 1 milyard 447 milyon manat olub. Həmin illər üzrə büdcədə subsidiyaların pay göstəricisi 0,95%-dən 1.51 %-ə qədər dəyişib.

Son üç ildə isə kənd təsərüfatına ayrılan subsidiyanın ümumi məbləği 3 milyard 84 milyon vəsait olub. Bu il üçün kənd təsərüfatı xərcləri arasında subsidiya üçün 1 milyard 42 milyon 100 min vəsait ayrılıb.

Ötən illə müqayisədə məbləğdə 639 milyon 700 min manat azalma var.

“İldə 3-4 milyard manat arası idxala xərc çəkilir”

İqtisadçı Akif Nəsirli Meydan TV-yə deyib ki, fermer və kəndlinin dövlətdən dəstəyə ehtiyacı var. Bu məqsədlə illik dövlət büdcəsindən ayrılan subsidiya isə yetərli deyil.

Üstəlik, verilmə qaydasında səmərəsizlik var. Bu səmərəsizlik isə ölkənin illik idxal xərcini artırır.

Ekspert bildirir ki, builki subsidiyanın azlığı məhz dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan büdcə məbləğinin azalması ilə bağlıdır.

Bu il üçün kənd təsərrüfatına bir milyard 109 milyon vəsait ayrılıb ki, Aqrar Kredit və İnkişaf Agentliyi üçün ayrılan büdcə 442 milyon 910 min manatdır.

“Fermerlərə, kəndlilərə verilən subsidiya yetərli olsaydı, indiyə qədər kənd təsərrüfatı məhsullarına olan daxili tələbatın yarıdan çoxunu həll etmişdik. İdxaldan asılı olmazdıq. Bu məqsəd üçün ildə 3-4 milyard manat arası idxala xərc çəkilir. Ötən il kənd təsərrüfatına büdcədən bir milyard 200 milyon vəsait ayrılıb. Cari il üçün isə bu məbləğ 100 milyon manat azaldılıb. 2021-ci ildə isə dövlət büdcəsindən 800 milyon manat, 2023-cü ildə bir milyard manat vəsait ayrılıb. Ən azı üç milyard dollar, bizim pulla 5 milyard 100 milyon manat pul idxala xərclənir. Halbuki o pul idxala deyil, kənd təsərrüfatı məhsullarının istehsalının səmərəli artırılmasına yönəldilməlidir. Hansı ki bu sahəyə xərclənən ayrılan ümumi vəsaitin idxala xərclənən məhsulun beşdə birini təşkil edir. Subsidiya da buna daxildir. Kənd təsərrüfatına illik büdcədən ayrılan vəsait ildən-ilə azaldılır. Onun da çox hissəsi subsidiyaya xərclənir”.

“Kəndlilər, fermerlər monopolist şirkətlərə təhkim olunub”

Ekspert kəndlilərin subsidiya almasında bir sıra ciddi problemlər yaşadığını deyir. Onun sözlərinə görə, fermerə təyin olunan subsidiya məbləğinin 25 faizi deyil, tam məbləği nağdlaşdırılmalıdır.

İllərdir ki, bu məbləğ istehsal vasitələrinin alınması üçün təkrar monopolist şirkətlərin hesabına köçür. Hansı ki Aqrar Kredit və İnkişaf Agentliyinin saytında yer alan həmin şirkətlər siyahısında nadir halda dəyişikliklər olur.

Ekpertin dediyinə görə, bu isə subsidiya adı ilə fermerlərə ayrılan məbləğin 75%-nə sahib çıxmaqdır:

“Subsidiya alınmasında kəndlilər ciddi problem yaşayır. Çünki əlindəki pay torpağa dair dövlət aktlarında ad, soyad səhvləri var. Üstəlik, torpaq sahəsi realda az hesablanıb, aktda artıq qeyd olunub. Bir sənədin düzəldilməsi, çıxarışın alınması 250-200 manat xərc tələb edir, yəni xeyli xərcdir. İkinci problem torpaq aktında adı keçən bütün ailə üzvləri imza atmalıdır ki, bəzisi ölkə xaricində yaşayır. Bu fakt da kəndlini subsidayadan məhrum qoyur. Digər ən ciddi problem isə verilən subsidiyanın faiz nisbəti ilə nağdlaşdırılmasıdır”.

“Vətəndaş ancaq 25 faizini çıxara bilər, 75 faizini isə kartla kənd təsərrüfatına lazım istehsal vasitələri – mineral gübrə, pestisid, herbisid, toxum, bihomus alır. Həmin bu vasitələri də illərdir kəndliyə gətirib satan şirkəti də Kənd Təsərrüfatı Nazirliyi özü müəyyən edir. Bu dövr ərzində şirkətlərin siyahısı olduğu kimidir, dəyişiklik istisna olur. O şirkətlər də bəllidir. O şirkətlər də bilir ki, kəndli, fermer kartındakı 75 faizlik məbləğ vəsaiti onların gətirib satdığı məhsula xərcləməyə məcburdur. Yəni kəndlilər, fermerlər monopolist şirkətlərə təhkim olunub. Onlar da keyfiyyətsiz kənd təsərrüfatı məhsullarını daxildən, xaricdən əldə edib gətirib 10-15 manat bahasına satır. Keyfiyyətsiz məhsul da keyfiyyətli məhsul yetişdirə bilməz, nəticədə də fermer məhsuldarlıqda da uduzur”, – deyə o bildirir.

“Subsidiya üzərində monopolist nəzarət olmamalıdır”

Akif Nəsirli çıxış yolunu subsidiyanın məbləğinin xərclərə düzgün uyğunlaşdırılmasında və monopolist nəzarətin ləğv edilməsində görür:

“Bu xərc hesabı nazirliyin kondisionerli otağında deyil, sahədə, şumda kəndlinin, fermerin zəhmətini, xərcini əyani görüb, mütəxəssis normativləri əsasında düzgün hesablanıb hazırlanmalıdır. Həmin subsidiya da zəhmətkeşə nağd şəkildə verilməlidir ki, özləri o vəsaiti təsərrüfatına səmərəli xərcləsin, daha hansısa şirkətin hazır qazancı olmasın. Zamanla da subsidiyanı nağd şəkildə alan fermerlər, kəndlilər arasında çalışqan, məhsuldar bəlli olacaq. Monopoliya olmasa, fermerlər özlərini əkinə, məhsul istehsalına təşviq edəcək. Kənd təsərrüfatı adamı olmayan geri çəkiləcək. Yəni sağlam yolla təmərküzləşmə getməlidir. Daha əlverişli torpaqları götürüb dövlət fermerləri adı ilə aqroparklar yaratmaq düzgün deyil”.

“Rusiyada, Qazaxıstanda, Gürcüstanda, Ermənistanda bizim ölkə ilə müqayisədə 5-6 dəfə artıq subsidiya verirlər və üzərində belə monopolist nəzarət yoxdur. Fermer, kəndli ona verilən subsidiyanı xərcləməkdə azaddır. Subsidiya üzərində monopolist nəzarət olmamalıdır”, – deyə ekspert subsidiya xərclərinin şəffaflığını önəmli hesab edir.

“Heyvandarlığı pambıqçılığa qurban verməklə itirdik”

İqtisadçı qeyd edib ki, heyvandarlıq və məhsul üzrə ayrılan subsidiyanın da şəffaf olmadığı və bu sahədə də xeyli problemlərin mövcudluğu haqqında dəfələrlə danışılıb.

Onun sözlərinə görə, ölkədəki heyvanlar qeydiyyata alındıqdan sonra inkişafı üçün dotasiya ayrılmalı və nəzarət edilməlidir:

“Təsərrüfatda olan hər bir heyvanın qeydiyyat sənədi olmalıdır. Müvafiq qurum heyvanın doğumundan dövriyyədən çıxarılmasına qədər bütün xəstəlikləri , peyvəndi, müalicəsi, xərcləri qeyd etməlidir. Heyvanların 99 faizi qeydiyyatda deyil. Öncə qeydiyyat olmalı, sonra inkişafı üçün dotasiya ayrılmalı və nəticəsi nəzarətə götürülməlidir. Süni mayalanmaya ehtiyac da bundan sonra bəlli olar. Nə süni mayalanma perspektivli olub, nə də bu yolla doğulub qeydiyyata alınan buzova verilən subsidiya. Çünki proses pərakəndə aparılır. Elə heyvandarlığa subsidiya verilən vaxtdan 2015-2016-cı illərdə güclü yem ehtiyatı sayılan örüş sahələri toplam şəkildə pambıqçılığa cəlb olundu. Heyvandarlığı pambıqçılığa qurban verməklə itirdik”.

“2019-cu il nisbətən, ancaq son beş ildə pambıqçılıq inkişaf etmədi. Hələ də bu səhvi etiraf etməsələr də anlayırlar ki, pambıqçılığı strateji sahə hesab etməkdə yanılıblar. Statistik rəqəmlər göstərir ki, ildən – ilə istehsal azalır, satışı problemə çevrilir, ən əsası pambıqçılıqdan əldə edilən valyuta ət idxalına sırf edilən valyutadan dəfələrlə azdır. Bu itkilər bərpa olunmalı, torpaqlar öz təyinatına qayıtmalı, pambıqçılığa deyil, heyvandarlığa iri məbləğdə subsidiya xərclənməlidir”, – deyə Nəsirli vurğulayıb.

“Məhsula görə subsidiya səmərəsiz, qeyri şəffafdır”

Ekspert məhsula görə verilən subsidiyanı möhtəkirlik səbəbindən uyğun hesab etmir:

“Əkində xeyli xərc olduğundan subsidiyanın əkinə görə verilməsi uyğundur. İlk üç ili üçün əkin subsidiyası qaçılmazdır. Ancaq məhsula görə subsidiya da qeyri- şəffaflıq yaradacaq. Azərbaycanda korrupsiya dövlət səviyyəsində olduğundan bu üsulda da yalan olacaq. Çünki məhsula görə subsidiya olanda əkin aparmadan saxta sənədlə il sonunda yüz ton məhsul istehsal olunub adı ilə vəsait mənimsəniləcək. Sovet dövründə Qazaxıstan keyfiyyətsiz Azərbaycan pambığına görə pul tələb etdi. Onlar da 100 ton pambığın pulunu aparırdılar. Yəni möhtəkirliyə yol verildi. Məhsul subsidiyasına görə düşünürəm ki, yenə belə möhtəkirlik olacaq. Doğrusu, pambıq məhsulunda əminəm ki, nəzarət olsa belə, indi də mənimsəmə var. Məhsula görə subsidiya səmərəsiz, qeyri-şəffafdır.”

“Aidiyyəti qurumlara bunu anlada bilmirik”

Arıçılıq sahəsində isə 2018-2022-ci illəri əhatə etməklə yalnız beş ildə subsidiya verilib.

Ekspertlər arıçılığı spesifik sahə hesab etdiyindən inkişafı üçün ayrılan ümumi 25 milyonluq vəsaitin də az olduğunu deyirlər.

Onların fikrincə, subsidiya arıçıların xarici və daxili bazarda alıcısını, mövqeyini tapana və vergi ödəyənə qədər davam etməli idi.

Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov Meydan TV-yə deyir ki, aqrar sahə üçün nəzərdə tutulan subsidiya kəsilməməlidir. Bu dəstəyin çəkilən maya dəyərinin aşağı salınması üçündür.

Baş arıçının sözlərinə görə, subsidiyanın kəsimi heç də yaxşı hal deyil:

“Beş il ərzində ilə təxminən beş milyon ayrıldı. Az da olsa dəstək idi, ancaq 2022-ci ildən kəsildi. Xoşagələn hal deyil, səbəbi də aydın deyil bizə. Hətta biz müraciət etdik ki, yenidən verilsin. Türkiyədə arıçılığa bir neçə formada subsidiya verilir. Arı ailəsindən tutmuş, damazlıq arı təsərrüfatlarını yetişdirməyə görə, hətta orqanik bal istehsalçılarına ayrı subsidiya verilir. Ümumiyyətlə, aqrar sektor dotasiyalarla yaşayır. Az-çox fərq etmir, dövlətindən qayğı görür, dəstək alır. Arıçılıq təkcə bal istehsalı üçün lazım deyil, bütövlükdə bu təsərrüfat kənd təsərrüfatının inkişafına dəstəkdir. Bal arısı olmazsa, həyat 4 ildən 10 ilədək mövcud olmaz. Çarpaz tozlanmanın 85-90%-nı bal arısı icra edir. Bütün dünyada arıçıları bala görə deyil, məhz həyatın mövcudluğu, təbiət, ekologiya, meyvə-tərəvəz, bostan üçün dəstəkləyirlər. Biz aidiyyəti qurumlara illərdir ki, bunu anlada bilmirik“.

“Ölkənin illik 6 min ton bala tələbatı var”

Mütəxəssis onu da əlavə edir ki, subsidiya bərpa olarsa mövcud 650 min arı ailəsinin sayı bir milyona çatdırılar. Hazırda 25 min arıçı bu dəstəyi gözləyir:

“Dəstək verilən vaxtdan, 2018-ci ildə ölkədə 350 min arı ailəsi vardı, indi isə 650 min arı ailəsi mövcuddur. Bu yaxşı nəticədir. Ancaq dəstək lazımdır, işğaldan azad olunmuş ərazilər arı ailələri ilə təmin olunmalıdır. Həm ekologiyanı qorumaq, həm də kənd təsərüfatını qurmaq üçün. Təxmini hesablamalarımıza görə, o zonalarda 300 min arı ailəsi yaşaya bilər. Bu olarsa ölkə üzrə arı ailələrin sayı bir milyona çatar. Hazırda 25 min şəxs arıçılıqla məşğul olur. Ölkədə ötən il balsız il oldu”.

“Son otuz ilin ən aşağı bal olan ilini yaşadıq. Ölkənin isə illik 6 min ton bala tələbatı var. Bu il arıçılıq üçün hava şəraiti uyğundur. Əgər hava dəyişməsə təxminən 8 min ton bal gözləyirik. Məqsəd bal ixrac edən ölkəyə çevrilməkdir ki, vəsait gəlsin ölkəyə. Azərbaycan balının dünyada tanıdılması, mövqeyini tapması, ixracı üçün dövlət dəstəyinə çox ehtiyacımız var”, – deyə arıçı subsidiyanın kəsimini inkişaf üçün perspektivli hesab etmir.

Ardını oxu...
Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib.

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 %, qeyri-qida məhsulları üzrə 100,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102 % olub.

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 % təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun, bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %.

Qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, tibbi, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin illik inflyasiyanın 1 faizdən aşağı enməsi ilə bağlı məlumat ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Belə ki, bu istiqamətdə qeyd edilən rəqəm sosial şəbəkələrdə istehza ilə qarşılanıb. Ötən ilə nisbətən bu il inflyasiyada azalma olsa da, onun 1 faizdən aşağı olması şübhə doğurur.

Doğurdanmı inflyasiyada 1 faizdən aşağı rəqəm qeydə alınıb?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirdi ki, ümumilikdə inflyasiya tempinin azalma var və bir-iki il əvvəl inflyasiyanı hamı hiss edirdi:

“Qiymətlər əvvəlki kimi sürətlə artmır. Ancaq inflyasiyanın 1 faizdən də aşağı olması mübahisəlidir. İnflyasiya göstəricisini Mərkəzi Bank bəyan edir, o da Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanır.

Belə bir fikir var ki, DSK-nin məlumatları tam düzgün deyil. Ümumiyyətlə, Azərbaycanda DSK-yə etibar azdır, həmişə belə olub. Şəxsən mən də etibar etmirəm və çox ciddi əsasım da var.

Azərbaycanda sonuncu dəfə siyahıyaalma nəticəsi artıq 2 il bundan əvvəl açıqlanmalı idi, ancaq indiyədək açıqlanmayıb. 2019-cu ildə keçirilmişdi və 3 il ərzində bəyan olunmalı idi. İndiyədək DSK bunu etməyib.

Hamımız da bilirik ki, siyahıyaalmanı da real həyata keçirməyiblər. Belə DSK-ya heç kəs etibar etmir. Buna görə də belə suallar yaranır ki, açıqladığı rəqəmlər nə dərəcədə doğrudur. Mən də Mərkəzi Bankı qınamıram və DSK öz işini düzgün görmür.

İndi 1 faiz deyil, bir qədər çoxdur. Ancaq inflyasiya tempi əvvəlki illərlə müqayisədə azalıb”.
 
Ardını oxu...
İyirmilik (G20) ölkələri arasında yalnız Səudiyyə Ərəbistanının neft və qaz şirkəti “Saudi Aramco” öz ölkəsinin ümumi daxili məhsulunu (ÜDM) üstələyən kapitallaşmaya malikdir.

Açıq statistik məlumatlara əsasən, bu həftənin əvvəlində “Saudi Aramco”nun bazar dəyəri 1,933 trilyon dollar təşkil edib ki, bu da Səudiyyə Ərəbistanının ÜDM-dən 1,7 dəfə çoxdur.

Şirkətin ən yaxın izləyiciləri Cənubi Koreya nəhəngi “Samsung” (379,9 milyard dollar) və Argentinanın elektron ticarət şirkəti “MercadoLibre” (82,7 milyard dollar) xeyli geridədir. Onların kapitallaşması Cənubi Koreya və Argentina ÜDM-nin müvafiq olaraq 22% və 14%-ni təşkil edir.

Eyni zamanda, G20-dən kənarda bu göstərici üzrə lider Danimarkanın əczaçılıq şirkəti “Novo Nordisk”dir. Onun kapitallaşması (567,56 milyard dollar) Danimarka iqtisadiyyatının toplam dəyərindən 1,4 dəfə yüksəkdir.

Mənbə: gazeta.ru

Dünyapress TV

Xəbər lenti