Ardını oxu...
Kollektiv Qərblə Azərbaycanın münasibətləri şübhəsiz ki, ölkəmizin haqlı maraqları təmin edilənə, Qarabağ üzərində suverenliyimiz, hərbi qələbəmiz qeyd-şərtsiz tanınanadək qaydaya düşməyəcək. ABŞ başda olmaqla, Qərb düşərgəsində bunu nə qədər tez anlasalar, bir o qədər özləri üçün də yaxşı olar.

Təəssüf ki, bu yöndə Qərbin yetərli və praktik addımlarını görmürük. Əksinə, 44 günlük müharibədən sonra da revanşist hisslərdən qurtula bilməyən Ermənistanı sülhə vadar eləmək əvəzinə, dəfələrlə Azərbaycan əleyhinə sürətlə silahlandırmağa, qızışdırmağa çalışırlar. 5 aprel görüşü də bu qəbildəndir və xoş məram daşımır. Yoxsa məntiqlə ora ən azından, Azərbaycan da dəvət olunardı.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 3-də ABŞ dövlət katibi E.Blinkenlə telefonla danışarkən bu xüsusda narahatlığını bir daha dilə gətirib. Dövlət başçısının qənaətincə, 5 aprel Brüssel görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq. Yəni Azərbaycan tərəfi görüşün təxirə salınmasında israr edib və bu mövqedə tam haqlıdır. Əfsus ki, Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır.

Dönəmin həssaslığı həm də ondadır ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və status-kvo yaratdı. Qərb və Ermənistanın havadarları isə bununla barışmaq istəmir.

Lakin Azərbaycan regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyini təmin edib. Bakı heç bir halda Ermənistanın təzədən ayaqlanmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycana qarşı qurulan bütün planların iflasa uğrayacağına əmindir: “5 aprel görüşü ilə bağlı Amerikanın israrı və bu yolda irəliləməyə qərarlı görünməsi ondan xəbər verir ki, kollektiv Qərb qüvvələri yenə də öz ampluasındadır, bölgədə sülhü əngəlləmək üçün bütün mümkün addımları atırlar, istənilən mövzuya yalnız və yalnız özlərinə sərf edən prizmadan baxırlar.

Üstəlik, Paşinyan hələ də hansı oyunun içində olduğunu, hansı tələ ilə üzbəüz dayandığını dərk eləmir. Eyni zamanda fərqində belə deyil ki, bu gün üzərinə sevinclə, bəh-bəhlə yürüdüyü Qərb işlər bir az tərs gedən kimi verdiyi bütün vədlərin, sözlərin arxasından qaçacaq, müttəfiq dediyini yolun düzündə qoyacaq, ilk fürsətdəcə bunları Ukraynanın, Suriyanın gününə salacaq.

Nəyə hesablanıb məlum gedişlər? Əlbəttə ki, Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə. Və bu avantürist proqramın ssenaristi çox güman ki, Makrondur. Elə onun təhriki ilə də Ermənistan hansısa absurd və abstrakt perspektivlərə inandırılır, Ermənistan ətrafında saxta, süni müdafiə halqası yaradılır, Ermənistanın sülh müqaviləsindən yayındırılması üçün yeni şoular, məzhəkələr qurulur.

Təbii, Rusiya da bu məsələyə münasibətdə sükut mövqeyi sərgiləməyəcək və öz keçmiş vassalı olan Ermənistanın başına məqam düşən kimi “qapaz” endirəcək. Sadəcə, indi başı özünə qarışıb deyə hələ xüsusi fəallıq göstərmir. Ya da prosesin hara qədər gedəcəyini və ya nəyə hesablandığını tam dəqiqləşdirmək istəyir.

Hər halda, Qərbin və Avropanın elədiyi bütün hallarda yanlışdır. Eyni zamanda xoşməramlı deyil. Onların yeganə məqsədi aranı qatmaq, suyu bulandırmaq, bölgədəki sabitliyə, inkişafa kölgə salmaqdır. Amma əmin olsunlar, arzuları yenə də ürəklərində qalacaq. Bizə qarşı yönəlmiş bütün məkrli niyyətlər fiaskoya uğrayacaq. Üstəlik, həmin qüvvələr yekunda anlayacaqlar ki, Azərbaycanın rəyi, sözü, imzası, tərəf kimi mövqeyi olmadan bu regionda heç bir işin həlli mümkün deyil".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu görüşün əvvəlcədən hazırlanan məqsəd üzrə davam etdiyini söylədi: “Brüsseldə Avropa İttifaqı-ABŞ-Ermənistan görüşünün hələ anonsu verilən zaman bu layihənin Cənubi Qafqazda gərginliyə xidmət edəcəyi aydın görünürdü. Amma bütün xəbərdarlıqlara baxmayaraq regionda sülh müqaviləsinin bağlanmasını arxa plana atacaq bir layihənin davam etdirilməsinə qərar verildi. Azərbaycanı narahat edən məhz bu məqamlar idi ki, Prezident İlham Əliyev layihə müəlliflərinə etirazlarını bildirmişdi. Görünür, bu görüşün keçirilməsində qərarlı olduqlarından və onun yaradacağı fəsadları görməzdən gəldiklərindən, yaxud gözlədiklərindən olunan etirazlara əhəmiyyət verilməmişdir. Daha dəqiqi, guya bu görüşün Azərbaycan əleyhinə hər hansı addımlarla nəticələnməyəcəyini və ümumiyyətlə, görüşdə iqtisadi məsələlərlə bağlı müzakirələrin olacağını deməklə Azərbaycanı narahat olmamağa çağırdılar. Əslində isə öncədən bu görüş hansı məqsədlərlə hazırlanmışdısa, həmin məqsədlə də davam edir. Onunla razıyam ki, bu görüş əsasən Rusiyaya qarşı hazırlanıb və Ermənistana Rusiya ilə münasibətlərini, asılılıqlarını minimuma endirmək əsas hədəfdədir. Amma bununla nələrəsə nail olunacağı sual altındadır və hesab edirəm ki, görüşün təşkilatçıları bunu yaxşı bilirlər. Lakin uzun aylardır ki, Ermənistanı Rusiya ilə bağlı kəskin addımlar atmağa çağıranlar, əvəzində rəsmi İrəvanı rahatlayacaq, iqtisadi və siyasi təhlükəsizliyinə təminat verəcək hansısa qarantiyalara söz verməyə məcburdurlar. Bu gün üçün real həyatda tətbiqi çətin olacağını gördüyümdən bu görüşdə müzakirə olunan mövzuları hələlik mənəvi dəstək kimi dəyərləndirə bilərəm. Yəni nə qədər ki, Rusiya Ermənistanda hərbi və iqtisadi cəhətdən mövcuddur, regiondan çıxmaq məcburiyyətində qalmayıb, istənilən təhlükəsizlik çətiri Ermənistanı xilas etməyəcək. Odur ki, hesab edirəm ki, bu görüşün real nəticələrindən doğan fəsadlar Rusiyaya yox, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına təsir edəcək. Belə ki, kağız üzərində, yaxud mənəvi cəhətdən Ermənistana verilən dəstəklər onları arxayınlaşdırır və sülh müqaviləsi şərtlərini istədikləri kimi təklif etməyə həvəsləndirir. Bunun da nəticəsində revanşist qüvvələrin fəallaşmasının, hətta bir çox hallarda bu fəallaşmanın rəsmi İrəvan tərəfindən stimullaşdırılmasının şahidi oluruq. Azərbaycanın təmsil olunmadığı bu görüşdə bizi narahat edən əsas məqamlar budur. Eyni zamanda nə qədər ki, revanşist düşüncəyə xidmət edən fəaliyyət olacaqsa, ona adekvat olan addımların Azərbaycan tərəfindən atılacağını da bilirlər. Azərbaycan Prezidentinə olunan telefon zəngləri də məhz bununla bağlı idi”.
“Yeni Müsavat”
 
Ardını oxu...
Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.

TEREF-in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər.

“Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər“i təsdiqləyib.
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Nizami rayon bələdiyyəsinin sədri Vüqar Quliyev barəsində inzibati iş başlayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət xidməti bələdiyyə sədrinə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ittiham irəli sürüb və onun cərimələnməsini qərara alıb.

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Vüqar Quliyevin konkret hansı məbləğdə cərimələnməsi bəlli deyil. Məlum olan odur ki, bələdiyyə sədri dövlət xidmətinin qərarından narazıdır.

Məlumatda bildirilir ki, Vüqar Quliyev cərimə qərarı ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Nigar Qədirlinin icraatındadır.
 
 
 
Ardını oxu...
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda “Fərid M” adlı profillə icra başçısı haqqında müxtəlif iddialar yazan şəxs 1990-cı il təvəllüdlü Məhəmmədəli S. imiş.

İcra başçısı rayonun kəndlərindən birinin sakini olan Məhəmmədəli S. barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, gəncin Cinayət Məcəlləsinin 148-ci (Böhtan) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
Məhkəmə prosesində Məhəmmədəli S. feysbuk səhifəsində Göyçay Rayon İcra Hakimiyyəti başçısının bəzi şadlıq evlərindən 10 min manat tələb etməsi ilə bağlı yazdığı fikirləri rayon sakinlərindən eşitdiyini deyib. O, icra başçısının Göyçay çayının sahilində yerləşən, vətəndaşlara məxsus torpaq sahələrində ev tikmələrinə imkan vermədiyini iddia edib. Eyni zamanda tikilmiş evlərin kompensasiya ödənilmədən sökülərək yerində park tikilməsinə görə narazı qaldığını və bu səbəbdən belə bir addım atdığını qeyd edib.

Məhkəmə Məhəmmədəli S.-nin gənc olmasını, birinci qrup əlilliyini, ilk dəfə cinayət törətməsini və digər halları nəzərə alaraq ona 2 min manat cərimə cəzası verib.
 
 

 

Ardını oxu...
Çeçenistan rəhbəri Ramzan Kadırov iclasda məmurları çeçen sakinlərinin mağazalardakı borclarını ödəməyə çağırıb. Bu barədə RİA Novosti xəbər verir .

Kadırov izah edib ki, qızı Xədicət Kadırova ona məktub yazıb.

“Xədicətdən mənə sms gəldi ki, bir çox insanlar maddi imkanı olmadığından kreditlə mal almağa məcburdurlar, onları bağlamaqda köməklik etmək yaxşı olardı. Yaxşı olar ki, hamı torpaq sahəsini götürüb borcunu ödəsin”, - deyə Çeçenistan rəhbəri çağırış edib.

Respublikada satıcılar bu və ya digər məhsulu indi ödəyə bilmədikləri halda, müştərilərinə kreditlə satdıqları zaman “dəftərdə” malı almaq adəti var. Təcrübə xüsusilə satıcı və alıcıların bir-birini yaxşı tanıdığı kənd və kiçik məhəllə mağazalarında yaygındır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu il 3 mart tarixində keçirilmiş orta məktəblərin 11-ci sinif buraxılış imtahanlarında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Maksimum nəticə əldə edən şagirdlərin hər biri dövlət məktəblərində təhsil alır. Maraqlıdır ki, yüksək məbləğdə təhsil haqqı alan özəl məktəblərin şagirdləri yenə də maksimum bal toplaya bilməyiblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dedi ki, bu çox önəmli bir siqnaldır.

"Düşünürəm ki, səbəblərdən biri də bu özəl məktəblərin bir qisminin fərqli proqramlarda dərs keçməsidir. Eyni zamanda da onların Azərbaycan məktəbləri ilə deyil, birbaşa xarici məktəblərlə işləməsidir. Yəni yerli universitetlərə deyil, daha çox xarici universitetlərə tələbələrin qəbul olunmasıdır. Məsələnin başqa tərəfi isə ondan ibarətdir ki, bu gün Azərbaycanda özəl məktəblərin qiyməti ilə keyfiyyəti uyğun gəlmir. Yəni bu gün özəl məktəblərdə təhsil haqqı çox yüksəkdir və hamı da bundan narazıdır. Ancaq həmin məbləğin müqabilində də dərs verilmir. Bu, bütün məktəblərə aid deyil. Bu məsələnin ən əsas səbəblərindən biri dövlət məktəblərinə olan inamsızlıqdır. Özəl məktəblərdə təhsil almaq, artıq bir dəbə çevrilib. Hamı çalışır ki, övladı özəl məktəbdə təhsil alsın. Əslində isə bu gün dövlət məktəbləri var ki, onların təhsilləri heç də özəl məktəbdən geridə deyil. Ümumiyyətlə, bu nəticələr elan olunandan sonra nəticələr əsasında bir araşdırma getməlidir. Yəni bir proses təhlil olunmalıdır ki, bunun səbəbi nədir və bu nə üçün lazımdır? Yəni təhsilimizdəki proseslərin təhlil olunması üçün bu da önəmli bir məsələdir. Əslində bu cür yüksək nəticələr bir sıra hallarda özəl məktəblərdə olurdu. İndi isə bir az fərqli model yaranıb. Düşünürəm ki, mütləq səbəblər ciddi bir formada araşdırılmalı və öyrənilməlidir", - deyə millət vəkili bildirdi.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, 11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

TEREF viral.az-a istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Onlar aşağıdakılardır:

1. Hüseynova Pakizə Namil qızı (Gəncə şəhəri, 16 saylı şəhər orta məktəbi)

2. Yusibov Elşən Səfa oğlu (Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbi)

3. Qasımova Fatimə Elxan qızı (Bakı şəhəri, Suraxanı rayonu, 146 saylı orta məktəb)

4. Rəhimova Səidə Ruhib qızı (Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbi)

5. Əliyeva Amalya Tural qızı (Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü lisey)

6. Rüstəmli Fidan Ayət qızı (Bakı şəhəri, Xətai rayonu, 257 saylı orta məktəb)

7. Novruzova Şəbnəm Ramin qızı (Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəb)

8. Rzabəyli Aydan Famil qızı (Bakı şəhəri, Binəqədi rayonu, 144 saylı orta məktəb)

9. Məmmədli Fatimə Faiq qızı (Bakı şəhəri, Suraxanı rayonu, 118 saylı orta məktəb)

10. Ağazadə Nərmin Teymur qızı (Bakı şəhəri, Binəqədi rayonu, 299 saylı orta məktəb)

11. Teymurlu Fatimə Elmir qızı (Şəki şəhəri, 5 saylı şəhər orta məktəbi)

12. İlyasova Zərifə Elmaz qızı (Şəki şəhəri, 18 saylı şəhər orta məktəbi)

13. Hüseynzadə Aylin İlqar qızı (Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına lisey)

14. Xancanova Lalə Elvin qızı (Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbi)
 
Ardını oxu...
Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Belə ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb.

Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb.

“Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, - məktəbli deyib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.

 
Ardını oxu...
Ermənistan milyarderi, separatçı Ruben Vardanyanın sərvəti bir ildə 100 milyon dollar azalıb.

TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, dollar milyarderlərinin 38-ci qlobal reytinqində o, 1,1 milyard dollar sərvəti ilə 2545-ci yeri tutub.

Ötən il isə 1,2 milyard dollar sərvəti ilə Vardanyan, reytinqdə 2259-cu idi.

Qeyd edək ki, Vardanyan “Forbes”in qlobal reytinqində Ermənistandan olan yeganə milyarderdir. Buna səbəb onun 2021-ci ildə Ermənistan pasportu alması, 2022-ci ildə isə Rusiya pasportundan imtina etməsidir. Bundan əvvəl Amerika jurnalı Vardanyanı rus milyarderləri sırasına daxil etmişdi.

Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX-da aparılan cinayət işi üzrə İstintaq təcridxanasında məhkəməsini gözləyir.
 
Ardını oxu...
Sumqayıt-Saray körpüsündə qoşquda olan yük maşını ətrafdakılara təhlükəli anlar yaşadıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər digər sürücü tərəfindən lentə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobilinin arxa təkərinin şini çıxıb, lakin sürücü avtomobili idarə etməyə davam edib və digər hərəkət iştirakçılarına çətin vəziyyət yaranıb.

Həmin görüntüləri təqdim edirik:
 


 

Dünyapress TV

Xəbər lenti