Ölkəmizdə koronavirusa yoluxma halları azaldıqca tətbiq edilən karantin rejimi ilə bağlı ardıcıl qərarlar verilərək bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Bu gün də Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi ilə bağlı bəzi qərarlar verilib. Azərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib. Bununla bağlı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.
Həmçinin, 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir. Beləliklə, ölkədə COVID-19 infeksiyası ilə bağlı qüvvədə qalan karantin qaydası quru sərhədlərin qapalı olmasıdır. Hər dəfə karantin rejimi ilə bağlı qərar verildikdə növbəti addımın quru yollarla bağlı olacağı gözlənilir. Lakin 3 ilə yaxındır ki, ölkəmizin quru sərhədləri bağlıdır. Aprel ayının sonunda Ramazan bayramıdır və bayram münasibətilə ardıcıl bir neçə gün qeyri-iş günləridir.
Həmin vaxta qədər quru sərhədlərin açılması mümkündürmü? Bəs quru sərhədlər barədə nə zaman qərar verilə bilər, növbəti mərhələdə bu gözlənilirmi?
TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deputat Fazil Mustafa quru sərhədlərin qapalı qalmasının səbəbini bilmədiyini deyib. Milli Məclisin üzvü hesab edir ki, quru yolları xəstələr və tələbələr üçün açmaq lazımdır:
“Bu barədə bir şey söyləmək çətindir. Quru yolların açılması məsələsi məqsədəuyğun sayılmayıb. Səbəbinin nə olduğunu mən söyləyə bilmərəm. Hesab edirəm ki, xəstələr və tələbələr üçün quru yolların açıq olması vacibdir. Onlara şərait yaratmaq lazımdır, bu, onlar üçün yanlışdır. Sonra onlar bunun əziyyətini çox çəkirlər. Amma hələ eşidən yoxdur, ona görə də biz fikrimizi deyirik. Amma nə səbəbə bunu qapalı saxladıqlarını söyələməkdə çətinlik çəkirəm”.