Ardını oxu...
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında

Şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.

 
Ardını oxu...
Ukraynaya məxsus yüngül mühərrikli təyyarə Rusiyanın Klintsovski rayonunda qəzaya uğrayıb.

Xarici KİV xəbər verir ki, təyyarənin naməlum səbəbdən qəzaya uğradığı bildirilir.

Həmin təyyarənin pilotu Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.
Ardını oxu...
Sumqayıtda dördüncü mikrorayon ərazisindəki apteklərin birində soyğun hadisəsi baş verib.

Aptekdə satıcı kimi çalışan Pəri Məmmədova soyğunçuları birinci dəfə gördüyünü bildirib.

“Görünüşlərindən bildim ki, narkomandırlar. Aptekə 187 manat civarında ziyan dəyib”, - deyə satıcı qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Deputat Fazil Mustafaya qarşı terror aktında şübhəli bilinən şəxslərdən İlkin Süleymanov barəsində bəzi mənbələrdə tamamilə əsassız “bəraət kampaniyası” aparılır.

Sözügedən şəxsin qohumlarının çıxışları əsasında tirajlanmış bu cür məlumatlar İlkin Süleymanovun günahsız olması imicini formalaşdırmağa hesablanır.

Təbii ki, məhkəmənin qərarı olmadan kimisə cinayətkar adlandırmaq doğru olmazdı. Ancaq məhkəmə qərarlarının nəyə əsaslandığı da hər birimizə məlumdur: bu danılmaz faktlar və həqiqətləri göstərən sübutlardır. Elə isə sübut olmadan və ya qondarma “sübut”larla İlkin Süleymanovu günahsız elan etməyin özü də həqiqətə sığmayan məsələdir.

Bəzi mənbələrdə yayılan görüntülərdə “sübut” kimi göstərilən arqumentlərə nəzər salaq. İddia olunur ki, sözügedən şəxsin həmin tarixdə saat 20:14-də bir məkandan çıxması barədə görüntülər onun günahsızlığına dəlalət edir.

20:14-də məkandan çıxan Süleymanovun buradan hansı ünvana üz tutması sadəcə onun yaxın qohumlarının sözlərindən ibarət “dəlil”dir. “O evə gəlib, evdə olub”. Bəli, bu sözlər tirajlanan materiallarda əlahəzrət-fakt olaraq qəbul edilir.

Törədilmiş cinayət əməlində şübhəli bilinən şəxsin günahsızlığının “sübut”u məhz yaxın qohumlarının sözləri hesab olunur. Gülünc və ikrah doğuran olsa da, İlkin Süleymanovun “bəraət kampaniyası” məhz bu cılız, tutarsız arqumentlər üzərində olduqca qeyri-peşəkar şəkildə qurulur...

Onun daha bir şübhəli Azər Səricanovla münasibətlərinin olmamasının “sübut”u da eyni “məntiq”ə söykənir. Belə çıxır ki, qohumların sözləri bu cür həssas məqamla bağlı hər şeydən üstün sayılmalıdır. Onların aralarındakı münasibəti gizlətmək, gizli şəkildə əməkdaşlıq etmək ehtimalı zərrə qədər hesaba alınmamalıdır...

Növbəti absurd və bir o qədər də inanılmaz yanaşma, heç bir məntiqə sığmayan əsaslandırma...
Ancaq bu məsələdə absurd məqamlar təkcə bunlarla da bitmir. “Bəraət kampaniyası”nın ardıcılları hesab edirlər ki, 20:14-də Xocəsəndə məkandan çıxan Süleymanov hadisənin baş verdiyi zaman evdə olub və 21:51-də Zabratda ola bilməzdi. Görünür, Zabrata çatmaq üçün “saatlarla yol getməyin lazım olduğu” yalnız bu şəxslərə ayandır və sadə məntiqlə bunun mümkünlüyünü qavrayanlar yanılırlar... Axı Bakının bir başından digərinə getmək üçün aylarla vaxt lazımdır, avtomobil icad olunmayıb, insanlar hansısa məsafəni hələ də at belində qət edirlər...

Bir anlıq İ.Süleymanovun əmisi E.Süleymanovun “o evdə olub” sözlərinin danılmaz fakt, ali həqiqət olduğunu düşünək və hadisələrə bir də bu prizmadan baxaq. Görək, bu “həqiqət” sözügedən şəxsin günahkar olmadığını sübuta yetirirmi?

Maraqlısı budur ki, İlkin Süleymanovun tətiyi çəkən şəxs qismində saxlanılması ilə bağlı hər hansı bir informasiya yoxdur. Elə isə “bəraət kampaniyası” iştirakçılarının məntiqi ilə “həmin vaxt evdə olubsa, günahsızdır” tezisini də çürümüş hesab etmək olar. O terror aktında dolayı yolla da iştirak edə, təşkilatçılıq işlərini yerinə yetirə, digər şübhəlilərlə koordinasiyalı şəkildə çalışa bilərdi. Ancaq bu ehtimal nədənsə bir sıra mənbələrdə yayılan iddialarda görməzdən gəlinir, sadəcə “onun evdə olması” iddiası bütün əks-arqumentləri məhv etmiş hesab olunur.

Ortaya bir sıra haqlı suallar çıxır: sadəcə sözlərə, iddia və fərziyyələrə əsaslanan məsələlər həqiqət kimi qələmə verildiyi halda, digər bütün ehtimallar olduqca cılız bir arqumentlə necə təkzib oluna bilər? Bütün bunların arxasında hansı məqsəd dayanır?

Təbii ki, kimin təqsirli, kimin təqsirsiz olduğuna yalnız məhkəmələr qərar verir. Ancaq indiki məqamda günahı sübuta yetirilməyən birinin, günahsızlığı da bu “sübut”larla ortaya çıxarıla bilməz. Yox, əgər normal insan düşüncəsinə sığmayan həmin “sübut”lar həqiqət olaraq qəbul edilirsə, məsələnin arxasındakı fitnə və qərəzi görməmək mümkün deyil... //sherg.az//
 
Ardını oxu...
Moskvanın mərkəzində Müdafiə Nazirliyinin binalarından birində güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, yanğın Müdafiə Nazirliyinin Znamenka küçəsindəki kompleksində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, söndürmə taktikası müəyyənləşdirilir.
Ardını oxu...
Azərbaycanda siqaretlərin qiymətində növbəti artım qeydə alınıb. Aprelin 3-dən əksər mağaza və marketlərdə bir qutu siqaretin qiymətində 10 qəpik, bəzi siqaretlərdə isə 20 qəpik bahalaşma olub.

Son illərdə Azərbaycanda siqaretin qiymətinin bahalaşması əsasən onlara tətbiq olunan aksiz dərəcələrinin artırılması ilə bağlı olur. Ötən il Ukrayna müharibəsinin təsiri ilə qlobal ticarət zəncirində yaranan problemlərə, xammal bazarlarındakı bahalaşmaya görə tütün və ondan hazırlanan siqaretlərin qiymətində müəyyən bahalaşma qeydə alınıb. Bəzi mənbələr istər pandemiya, istərsə də postpandemiya dövründə tütün xammalını ölkəyə gətirən logistik şirkətlərin tariflərinin 50-70 faiz bahalaşdığını iddia edirlər. Lakin nəzərə alsaq ki, 2022-ci ilin ortalarından qlobal bazarlarda qiymət sabitləşməsi, ardınca isə ucuzlaşma başlayıb, 2023-cü ilin ilk 2 ayında bütün növ xammallar üzrə qiymətlər 2021-ci il səviyyəsindən də aşağı enib, onda bu amilin indiki qiymət bahalaşmasında hansısa rol oynamadığını rahatlıqla deyə bilərik.

Qeyd edək ki, son onillikdə bütün dünyada siqaretin, tütünün insan orqanizminə mənfi təsiri nəzərə alınmaqla Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında bu məhsullara qarşı geniş antireklam kampaniyası aparılır. Bütün dünyada ictimai yerlərdə siqaret çəkmək qadağan olunur, tütün məmulatlarına tətbiq olunan aksizlərin sürətli artımı baş verir. Bu, siqaret və digər tütün məmulatlarının qiymətini bahalaşdırmaqla, insanları onların istehlakından çəkindirir. Belə tədbirlər ABŞ, Kanada, Şimali Avropada siqaret istehlakının kəskin azalmasına gətirib çıxarıb. Cari ildən Avropa İttifaqında siqaret üzrə minimum aksiz məbləğini ikiqat artırmaqla 3,6 avroya çatdırır. Bu, Avropa İttifaqının aksiz gəlirlərini 9,3 milyard avro artırmağa imkan verəcək. Hazırda 60 ölkə ÜST-nin 2010-2025-ci illərdə tütün istehlakını 30 faiz azaltmaq hədəfinə nail olmaq üzrədir. Bu hədəfdən ən uzaq ölkələr Çin, Cənub-Şərqi Asiya, Sakit Okean regionu, Pakistan, Hindistan və bir neçə MDB ölkələridir.

Azərbaycanda siqaret istehlakında azalma müşahidə olunmur. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 31.6 faizi, yəni təxminən hər üç kişidən biri siqaret çəkir. Ən yüksək göstərici isə 45-64 yaş arası kişilərdədir. Bu yaş qrupundakı kişilərin demək olar ki, yarısı siqaret istifadəçisidir. 20-44 yaş arasındakı kişilərin 26 faizi, 65 yaşdan yuxarı kişilərinsə 33 faizi siqaret çəkir.

Azərbaycanda siqaret istehlakı yerli istehsalçıların sayı artdıqca daha da artır. Bunu bir sıra rəqəmlərdən aydın görmək olur. Belə ki, ölkədə yeganə istehsalçının olduğu 2019-cu ildə siqaret istehsalı 9 milyard 528,8 milyon ədəd olubsa, 2021-ci ildə bu göstərici 15 milyard 302 milyon ədədə yüksəlib. İstehsalın artımı ilə idxalın azalması da sürətlənib. Belə ki, 2019-cu ildə siqaret idxalı 4 milyard 274,46 milyon ədəd təşkil edib, ixrac isə 183,86 milyon ədəd olub. 2021-ci ildə 722,09 milyon ədəd tərkibində tütün olan siqaret idxal edilib, cəmi 316,31 milyon ədəd isə ixrac olunub. Bu o deməkdir ki, 2021-ci ildə Azərbaycanda siqaret istehlakı 15,7 milyard ədəd təşkil edib. Nəzərə alsaq ki, 2015-ci ildə istehlak 8 milyard ədəd idi, onda 6 ildə istehlakın ikiqat artdığını söyləyə bilərik. Bu isə o deməkdir ki, Azərbaycanda siqaretə tətbiq olunan aksizlərin durmadan artırılması, ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi kimi tədbirlər bu zərərli vərdişin sahiblərinin sayını nəinki azaltmayıb, əksinə, artırıb. Beləliklə, Azərbaycan ÜST-nin tütün istehlakının 30 faiz azaldılması hədəfinə doğru deyil, əksinə hərəkət edib. Bunun əsas səbəbi isə ölkədə siqaret istehsalının çiçəklənməsi, inhisarlaşmasıdır. Nəticə kifayət qədər faciəvidir: 6 il əvvəl 8 milyardlıq istehlak vardı, bunun 90 faizi xaricdən idxal hesabına təmin olunurdu, indi idxal 16 milyarda yaxın istehlakın heç 5 faizinə də çatmır.

2019-cu ildə Sumqayıtda “Tabaterra” siqaret istehsalı müəssisəsinin fəaliyyətə başlamasını müəssisə sahibləri ixracın artırılması məqsədilə izah edirdilər. Gurultulu şəkildə bir neçə milyardlıq ixrac hədəfindən bəhs olunurdu. Lakin 2019-cu ildə 183,86 milyon ədəd olan ümumi siqaret ixracı 2022-ci ildə 633,72 milyon ədədə güclə çatıb. Bu dövrdə idxalda azalma 4 milyard 274,46 milyon ədəddən 213,24 milyon ədədə qədər olub. Yəni ixracın artımı 3 dəfədən bir qədər çox, amma idxalda azalma 20 dəfədən çoxdur. İstehlakın sürətli artımını da bura əlavə etsək, yerli siqaret istehsalçılarının heç də ixraca hədəflənmədiklərini, daxili bazarı inhisara almaq məqsədi güddüklərini rahatlıqla demək olar.

2022-ci ildə Azərbaycana siqaret idxalı dəyər ifadəsində 2021-ci illə müqayisədə 3,7 dəfə azalmaqla 3 milyon 965 min dollar təşkil edib. Ötən il Azərbaycandan xaricə 633.72 milyon ədəd, yaxud 4 milyon 766.7 min dollar dəyərində siqaret satılıb.

Hökumət yerli istehsalın mənafeyini çox uğurla “müdafiə etməyə” nail olub. Ölkə daxilində siqaretlərin qiymətini fiskal siyasətindəki tətbiq etdiyi əlavə rüsumlarla bahalaşdırıb. Əhalinin böyük əksəriyyətini yerli istehsala yönəldib. Bunun nəticəsində də 2021-c ildə 677.94 milyon manatlıq istehsal həcmi artaraq 768.93 milyon manata yüksəlib. Ölkə ərazisində 13 milyard 299 milyon ədəd siqaret, 276.97 ton həcmində tütün istehsal edilib.

2022-ci ildə Azərbaycandan siqaret əsasən Qırğızıstan, Gürcüstan və Çinə ixrac olunub. Qırğızıstan ölkənin ümumi ixracının 53 faizini, yaxud 333 milyon ədəd siqaret alaraq, 2 milyon 535.8 min dollar ödəyib. Bundan əlavə, 112.78 milyon ədəd siqaret (623.7 min dollar) Omana, 52.8 milyon ədəd Gürcüstana (492.4 min dollar), 31.77 milyon ədəd (188.2 min dollar) Çinə ixrac edilib.

Azərbaycan ixrac etdiyi 1 milyon ədəd siqareti 2021-ci ildə 5617.8 dollara şatırdırsa, 2022-ci ildə bu göstərici 7 521.8 dollara çatıb.

Siqaretin qiymətindəki son bahalaşmanın iqtisadi əsası varmı? Bu suala rahatlıqla cavab vermək olar ki, xeyr. Bu ildən Rusiya, Avropa İttifaqı və digər ölkələrdə siqaretin aksiz dərəcələri artırılır. Bu artım onun istehsal olunduğu xammalın qiymətinin azalması üçün əsas yaradır. Yəni aksizlərin artımı satışların azalması deməkdir və bu da xammala tələbatın azalmasına, con nəticədə qiymətlərin düşməsinə gətirib çıxaracaq amildir. Bu baxımdan, hansısa istehsalçının xammal bahalaşıb deməsi üçün hər hansı əsas yoxdur.

Bu ilin fevralında Prezident İlham Əliyev "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə 6 ay müddətində tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi; tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi; qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi; İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi sahəsində təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıq. Eyni zamanda İqtisadiyyat Nazirliyinə altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etmək həvalə olunur.

Belə görünür ki, hökumət Prezidentin aksizlərin artırılmasına dair tapşırığının icrası istiqamətində addımlar atmağa başlayır. İstehsalçılar isə bu addımlardan əvvəlcədən xəbər tutmaqla, ona “hazırlaşırlar”.

Siqaret istehsalında yerli xammaldan istifadənin artırılması üçün 2017-ci ildə dövlət proqramı da qəbul olunub. Proqramda 2021-ci ilədək tütün istehsalının 11 min tona çatdırılması nəzərdə tutulurdu. Lakin 2021-ci ildə ölkədə 6417 ton tütün istehsal olunub. 2022-ci ildə istehsal 21 faiz azalmaqla 5,1 min ton təşkil edib. Yəni hökumətin qəbul etdiyi proqramda nəzərdə tutulan hədəfin yarısına belə nail olunmayıb.

Yeri gəlmişkən, aksizlərin artırılması qaçaqmal siqaret idxalına rəvac verib. Son illərdə açıqlanan çoxsaylı yaxalanma faktlarına rəğmən, ölkəyə gömrükdən yayınmaqla siqaret idxalının azaldığını söyləmək mümkün deyil. Çünki yenə də çoxsaylı nöqtələrdə aksizsiz siqaret satışı davam edir. Bu satış əksər hallarda açıq şəkildə həyata keçirilir.

“Yeni Müsavat”
Ardını oxu...
Ölkəmizin yolları avtomobillərlə dolu olduğundan tıxaclar, eləcə də havanın çirklənməsi adi hala çevrilib. Rəsmi məlumatlara görə, Azərbaycanda 1,4 milyondan çox avtomobil var və onların 80%-i 10 ildən çox əvvəl istehsal edilib.

Mütəxəssislər dəfələrlə deyirdilər ki, bizə xaricdən daha onlara lazım olmayan “dəmir atlar” gətirilir. Amma bundan sonra daha köhnə avtomobillərin respublikaya gətirilməsi mümkün olmayacaq. Baş nazir Əli Əsədov istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına icazə verilməməsi ilə bağlı sərəncam imzalayıb. İstisna nadir avtomobillər və müvəqqəti olaraq gömrük ərazisinə gətirilən avtomobillərdir. Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 28-dən qüvvəyə minir.

Ekoloqlar bunun Azərbaycanın ekoloji vəziyyətinə müsbət təsir edəcəyini, atmosferə daha az zərərli tullantıların buraxılacağını qeyd edirlər. Cəmiyyətdə bu qərar birmənalı qarşılanmadı və müzakirələr dalğasına səbəb oldu. Bəziləri bunu düzgün hesab edirsə, digərləri bundan qəzəblənirlər.

“Maşınlar sadəcə olaraq orta təbəqə üçün əlçatmaz olacaq. Bu, o deməkdir ki, onlar avtobuslara minməli və ya skuterlər almalı olacaqlar”, - deyənlər var. Çox adam yeni avtomobil ala bilmir, köhnələrin isə bahalaşacağı proqnozlaşdırılır.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər AYNA-ya şərhində deyib ki, Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtoparkın yenilənməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır: “Son illər Azərbaycana, xüsusən də Gürcüstandan çoxlu sayda köhnə, 10 ildən çox köhnə avtomobillər gətirilir. Yaxın vaxtlarda “Avro 5”-ə keçid kimi növbəti addımlar atıla bilər”.

Qiymətlərə gəlincə, ekspertin fikrincə, bəlkə də təkrar avtomobil bazarında yaya yaxın ikinci əl avtomobillərin qiymətləri təxminən 2% artacaq.

Çoxları uzaq xaricdə, məsələn, Amerikada köhnə avtomobil sifariş edən və artıq alış pulunu ödəmiş alıcıların aqibətinin necə olacağından narahat idi. Avtomobilin çatdırılması üçün bir neçə ay gözləməli oluruq, amma qadağa bir aydan sonra qüvvəyə minir. Nazirlər Kabineti açıqlayıb: 2023-cü il martın 29-dək xaricdən istismar müddəti 10 ildən artıq olan avtomobillər sifariş edən və alış haqqını ödəmiş vətəndaşlara bu avtomobilləri ölkəyə idxal etməyə icazə veriləcək.

Dia.az-ın məlumatına görə, qtisadçı ekspert Natiq Cəfərli AYNA-ya izahında bildirib ki, hökumət bunu yeni ekoloji proqramla əsaslandırır və bu proqramda havanın çirklənməsinə qarşı mübarizə də var: “Həqiqətən, yeni avtomobillər ekoloji cəhətdən daha təmizdir. Amma Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti azdır, yeni avtomobillər çox bahadır. Çox güman ki, bu, ölkə daxilində köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq, çünki onların istismarı yox, idxalı qadağandır. Düşünürəm ki, haradasa 2005-2013-cü illərdə istehsal olunmuş avtomobillər bahalaşacaq və bu, yaxın həftələrdə baş verəcək”.

“Hökumətin xoş niyyəti və ətraf mühitə qayğısı başadüşüləndir, lakin təkcə qadağalarla normal nəticə əldə edilə bilməz. Hesab edirəm ki, bunun üçün stimullaşdırıcı addımlar da lazımdır. Paralel olaraq hökumət yeni avtomobillərə görə gömrük rüsumlarının və ƏDV-nin azaldılmasına qərar versəydi, başqa məsələ olardı. Məsələn, beş il əvvəl istehsal olunmuş avtomobillər üçün gömrük rüsumlarını və ƏDV-ni 25 faiz, üç il köhnə avtomobillər üçün 50 faiz, tamamilə yeni avtomobillər üçün 75 faiz azaltmaq olardı. Bu, yaxşı effekt verərdi. Vətəndaşlar yenisini almaqda maraqlı olardı ki, bu da ölkədəki avtomobil parkını yaxşılığa doğru dəyişər və ekoloji vəziyyətə müsbət təsir göstərərdi. Özümüzü yalnız qadağalarla məhdudlaşdırsaq, bu, ölkədəki köhnə avtomobillərin ömrünü yalnız uzadacaq - onlar qorunacaq və təmir ediləcək”, - deyə mütəxəssis vurğulayıb.

Yada salaq ki, Azərbaycanda vaxtaşırı köhnə avtomobillərin təkrar emalı proqramı haqqında danışılır və bu proqram qəbul edilməlidir. Bir çox ölkələrdə belə bir proqram var - siz işlənmiş avtomobilinizi geri qaytara və endirimlə yenisini almaq üçün sertifikat əldə edə bilərsiniz. Amma bizim üçün, bir çox ekspertlərin inandığı kimi, bu, işləməyəcək.

Cəfərlinin fikrincə, ideyanın özü yaxşıdır: “Uzun müddətdir ki, Azərbaycanda bu proqram haqqında danışırlar, amma hələ ki, onun qəbul olunacağına işarə edən heç nə yoxdur. Ümumiyyətlə, onun necə işləyəcəyi, hansı tariflə hər şeyin qiymətləndiriləcəyi və s. aydın deyil. Adətən belə proqramlar avtomobil istehsalının inkişaf etdiyi ölkələr tərəfindən qəbul edilir. Sonra yaxşı işləyir, amma bizdə yoxdur və bu, yaxın on ildə mütləq olacağını düşünmürəm”.
 
Ardını oxu...
Daşkəsəndə ər və arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Xəbərə görə, qətli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Daşkəsən rayonu Mədənçilər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.
 
Ardını oxu...
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğvBakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə prosesi sona çatmaq üzrədir.

Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən müttəhimlərin qoluna qandal vurulmur. Artıq proses yekunlaşmaq üzrədir. İş üzrə zərərçəkənlər yekun çıxışlar edirlər.

Azpost.info xəbər verir ki, sonuncu prosesdə zərərçəkən Namil Rzayev çıxış edib. O, Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus olan və ibtidai istintaq dövründə üzərinə həbs qoyulan, Bakı Hərbi Məhkəməsində həbsdən çıxarılan bütün mülklərin müsadirə edilməsini xahiş edib. Əlavə olaraq Mövlam Şıxəliyev və digərilərinin barəsində ağır cəza təyin olunmasını istəyib.

Bundan sonra zərərçəkən Zaur Əliyev çıxış edib. 25 il prokurorluq orqanında çalışdığını deyən zərərçəkən qeyd edib ki, Mövlam Şıxəliyev və digər müttəhimlər mütəşəkkil cinayətkar quldur dəstə üzvləri olublar: “10 il ərzində qeyd olunan mütəşəkkil cinayətkar quldur dəstə Azərbaycan vətəndaşlarına qarşı cinayət törədib. Məqsəd də pul qazanmaq, varlanmaq olub. Bundan ötrü Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanası zindan kimi istifadə olunub. Vətəndaşları girov götürüb zindanda saxlayıblar. Ailə üzvlərinə hədə-qorxu gəlməklə pul alıblar. Mövlam Şıxəliyev bu cinayəti təkbaşına törədə bilməzdi. O, ifadələrində deyir ki, kargüzar olub. Lakin fikirini tamamlamır. Demir ki, vətəndaşları gətirib ora çıxaran, işin bünövrəsini özü olub. Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov bu cinayətlərin gerçəkləşməsində əlbir olublar.

Fikir verin, bütün zərərçəkənlər demək olar ki, eyni ssenari üzrə həbs olunub, yaxınları ilə danışıqlar başlayıb və razılıq əldə ediləndən sonra xəstə adı ilə azadlığa buraxılıblar. Mənim özümü də qanunsuz həbs edərək zindanda saxlayıblar. Ailəmdəm 100 min dollar alandan sonra ekspertə mənim guya ürək xəstəliyimin olması diaqnozu qoydurmaqla azad ediblər. Mənim nə o zaman, nə bu gün, şükürlər olsun ki, ürək xəstəliyim yoxdur. Bunlar Zakir Qaralovun, Rüstəm Usubovun əli ilə cinayətlərinə qanuni don geydirirdilər. Məni azad edəndən sonra müstəntiq Elşən Murtuzova vəsatətlər verərək açıq-aydın göstərmişəm ki, mənim əməlimdə cinayət yoxdur, olmayıb. 260 manatlıq bir suvenirə görə qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanmasının özü cinayət idi. Bu gün də həmin cinayətlər tam araşdırılmayıb. Bizim barəmizdəki saxta ekspert rəylərinə hüquqi qiymət verilməyib, barəmizdəki saxta hökmlər ləğv olunmayıb. Bu şəkildə istintaqın aparılması Mövlam Şıxəliyev və digərilərinə gələcəkdə barələrindəki qanuni hökmləri mübahisələndirmək imkanları açır. Mənim epizodum üzrə bunlara rüşvət maddəsi ilə ittiham verilib. Mən heç kimə rüşvət verməmişəm. Bu adamlar mən həbsdə olduğum müddətdə ailəmə hədə-qorxu gəlməklə külli miqdarda pul alıblar. Bunlar MTN-də “Əlibaba və 40 quldur” olublar. Səhərlər cinayətləri araşdırma görüntüsü yaradıblar, axşamlar isə cinayət törətməklə məşğul olublar”.

Zərərçəkənin bu sözlərinə Mövlam Şıxəliyev əsəbi şəkildə reaksiya verib:
-Quldur özünsən! Az danış!
Hakim:
-Zaur Əliyev, əmələ biz qiymət veririk, fikirinizi deyin, toxunmayın.
Zaur Əliyev:
-Oldu, toxunmuram. Burada Mövlam Şıxəliyev Avropa Məhkəməsindəki dostlarından danışdı. Dedi ki, istəmirəm ki, Avropa Məhkəməsindəki dostlarıma bu iş gedib çıxsın. O, faktiki olaraq Azərbaycan dövlətini Avropa Məhkəməsi ilə hədələyir. Mövlam Şıxəliyev 2010-cu ildə…
Mövlam Şıxəliyev:
-Hörmətli sədr, bu adam mənim üzümü görməyib. Burada ağzına gələni danışır.
Zaur Əliyev:
-Mən 2010-cu ildə qanunsuz həbs ediləndən sonra Avropa Məhkəməsinə müraciət etmişəm. Bu günə qədər Avropa Məhkəməsindən xəbər yoxdur. Mövlam Şıxəliyev Avropa Məhkəməsindəki dostlarından danışır. İnanıram ki, mənim qovluğum Avropa Məhkəməsindən oğurlanıb.

Zərərçəkən çıxışında üzərinə ibtidai istintaq zamanı həbs qoyulan bütün əmlakların müsadirə edilməsini məhkəmədən xahiş edib. O, əlavə olaraq Xudatda yerləşən, 50 faizi Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Knyaz qızının adına olan “Çobanbulaq” İstirahət Mərkəzinin də üzərinə həbs qoyularaq müsadirə olunmasını istəyib:

-Mənim ailəmdəm pulu alandan sonra Mövlam Şıxəliyev sanatoriyaya istirahətə gedib. Haram xoşu olsun.
Hakim:
-Kənara çıxmayın.
Zaur Əliyev:
Xahiş edirəm ki, bunların barəsində ağır cəza verilsin.

Bundan sonra zərərçəkən Akif Qurbanovun vəkili çıxış etdi. O, müvəkkilinin həbslə hədələnərək ondan 3 milyon dollar tələb edildiyini deyib. Bildirib ki, həmin məbləği Akif Qurbanovdan Vüsal Ələkbərov vasitəsi ilə Mövlam Şıxəliyev tələb edib. 4 ay ölkədən didərgin salınan Akif Qurbanov son nəticədə tələb olunan məbləğin 2 milyonunu verməyə razılaşıb. Pulu Vüsal Ələkbərova verəndən sonra barəsindəki “stop” qərarı ləğv olunub və o, ölkəyə gəlib.
Vəkil vurulmuş ziyanın ödənilməsini, Akif Qurbanovun apelyasiya şikayətinin təmin olunmasını xahiş edib.
Deyib ki, müvəkkili təqsirləndirilən şəxslərin hər birinə elan olunmuş maddələrin sanksiyasının son yuxarı həddində daha ağır cəza təyin olunmasını istəyir.

Vəkilin tələbi müttəhim Yasin Məmmədovu özündən çıxarıb:
-Sən bizi tanıyırsan? Bizi tanıyırsan ki, barəmizdə ağır cəza çıxarılmasını istəyirsən?
Hakim:
-Yasin Məmmədov, əyləşin.
Mövlam Şıxəliyev:
-Yalan danışırlar axı.
Sahib Ələkbərov:
-Ötən məhkəmədə Akif Qurbanov şəxsən mənə dedi ki, apelyasiya şikayətini özü yazmayıb, imza da onun deyil. Adamın mənə, mənim də ona heç bir aidiyyatım yoxdur. Mənim cəzamın niyə ağırlaşmasını istəyir?
Hüseyn Səfərov:
-Otur aşağı, sən deyildin Akifdən də, məndən də 200 min pul istəyən ki, ziyanı qaytarır Mövlam?
Hakim:
-Hüseyn Səfərov, sakit olun. Zərərçəkən Elşən Mədətov, buyurun, çıxış edin.

Elşən Mədətov çıxşında xahiş edib ki, Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevin ailəsinə qaytarılan əmlakların üzərinə həbs qoyulsun və müsadirə edilsin. Həmin əmlaklar satılaraq ona və digər zərərçəkənlərə vurulan ziyan ödənilsin. Zərərçəkən cəza ilə bağlı hissədə qərar qəbul etməyi məhkəmənin öhdəsinə buraxıb.

Bundan sonra zərərçəkən Ceyhun Seyidovun vəkili çıxış edib. Deyib ki, iş materlaları ilə də, Bakı Hərbi Məhkəməsində də müəyyən olunur ki, müttəhimlər mütəşəkkil cinayətkar quldur dəstənin üzvləridirlər.
Vəkil Ceyhun Seyidovun mülki iddiasının tam şəkildə təmin olunmasını, iddia üzrə məbləğin müştərək qaydada hər 4 müttəhimdən tutularaq ödənməsini xahiş edib.

Daha sonra zərərçəkən Nizami Kazımov çıxış edib. Bildirib ki, onu qanunsuz olaraq həbs edəndən dərhal sonra Vüsal Ələkbrov ondan azad edilməsi üçün 3 milyon dollar tələb edib:
-Həmin məbləği vermək istəmirdim. Məni qanunsuz olaraq həbsdə saxlayırdılar. Yaxınlarıma təzyiq göstərirdilər. Axırda məcbur olub 2 milyona razılaşdım. 1 milyonu aldılar, məni ev dustaqlığına buraxdılar. Sonradan da 1 milyon alıb barəmdəki qondarma cinayət işinə xitam verdilər. Mənə vurulan ziyanın ödənilməsini istəyirəm, verdiyim apelyasiya şikayətini müdafiə edirəm.

Buundan sonra zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov yekun çıxış edib.

Bildirib ki, ittihamda mütəşəkkil cinayətkar dəstədən söhbət gedir:
-Bu gün məhkəmə qarşısında olanlar mütəşəkkil dəstə üzvləri deyil, cinayətkar təşkilat üzvlədirlər. Onlar məhkəmədə çıxışlarında belə fikir formalaşdırmağa çalışdılar ki, guya bütün zərərçəkənlər yalan danışır, bunlar isə həqiqəti deyirlər. Bu məsələyə adi cinayət kimi baxmaq lazım deyil. Burada mütəşəkkil dəstə ittihamı hesab edirəm ki, yüngülləşdirici hal kimi nəzərdən keçirilməlidir. Burada söhbət cinayətkar təşkilatdan söhbət gedir. Mütəşəkkil dəstə bir və ya bir neçə cinayətin törədilməsi üçün bir və ya bir qrup şəxslərin yaratdıqları dəstədir. Burada dəstə başçısı, vasitəçiləri, icraçılar və s olur. Cinayətkar təşkilat isə çoxsaylı cinayətlərin törədilməsi üçün yaradılır. Tək bu iş üzrə 36 nəfər Azərbaycan vətəndaşının hüquqlarına qəsd olunub.

İlk olaraq əməliyyatçılar işə düşür. Adətən gələcək qurbanlarını 6-cı gün həbs ediblər. 6-cı günü seçməkləri təsadüfi deyil. Çünki həmin gün qısa iş günüdür. Tutulan şəxs həmin gün vəkillə müqavilə bağlaya bilmir. Sonra da bazar günü də həbsdə qalır. Danışıq aparıb sıxırlar lazımi qaydada, pul məsələsini həll edirlər. Alınmadısa, işi istintaqa götürürlər. Yenə də söhbətlər aparılır, pul tələb olunur.

İttihama görə bu qrupun başında Mövlam Şıxəliyev dayanıb. Pul ala bilmədiklərini Səbayel Məhkəməsinə ötürüb barəsində həbs qərarı alıblar. Bundan sonra da pul tələbi davam edib. Ailə üzvlərinin həbsi məsələsi qoyulub. Özlərinə də deyilib ki, pul məsələsi həll olunmasa, işi məhkəməyə göndərib ağır cəza təyin etdirəcəklər, cəzaçəkmə yerində də ağır şərtlərdə saxlanılacaqsız. Istintaq, məhkəmə, məhkəmə tibb ekspertizası, cəzaçəkmə orqanı, digər məhkəmə bir-biri ilə əlaqədə çalışıblar. Eyni təşkilat olublar. Zaur Əliyev burada çıxış edib dedi ki, onda heç zaman ürək xəstəliyi olmayıb. Amma onu həbsdən ekspertin verdiyi saxta rəy əsasında ürək xəstəsi kimi azad ediblər. Sərdar İsmayılov barəsində də, Əfsəl Həsənəliyev barəsində də saxta ekspert rəyləri verdirməklə pulları alınandan sonra onları azad ediblər. Əfsəl Həsənəliyev həbsdən çıxandan sonra baş prokuror Zakir Qaralova şikayət edib. O da saxta rəyi araşdırmaq əvəzinə Əfsəl Həsənəliyevin barəsində təkrar ekspertiza təyin etdirib və eyni rəyi aldırıb.

Müttəhim Yasin Məmmədov vəkilin Sərdar İsmayılovun adını çəkməsinə etiraz edib:
-Onun adını niyə çəkir? Sərdar ismayılovun vəkili deyil axı.
Zərərçəkən Sərdar İsmayılov:
-Bakı Hərbi Məhkəməsində vəkilim olub, yaxşı eləyir adımı çəkir. Sən mənə qarşı cinayət eləmisən. Düz deyir, həqiqəti deyir.

Vəkil çıxışını davam etdirib:
-Bu adamlar Əfsəl Həsənəliyevi qanunsuz həbs edəndən sonra evini banka girov qoyublar və pulunu götürüblər. Bu sübut deyil? Necə olur ki, Əfsəl Həsənəliyev həbsə alınır, bundan sonra evini banka girov qoyub pul götürürlər? Nizami Kazımov həbsə alınandan sonra maşınlarını, mülklərini satırlar?
Əfsəl Həsənəliyevlə bərabər Elman Məsimov, Sərdar İsmayılov, Orxan Abdullayev və Məcid Anqubazov həbs olunublar. Saxta ittihama görə cinayətin təşkilatçısı Sərdar İsmayılov olub. Bu adamları həbs edəndən sonra Əfsəl Həsənəliyevdən, Elman Məsimovdan, Sərdar İsmayılovdan, Orxan Abdullayevdən pulları alınıb. Sürücü olan Məcid Anqubazovun isə tələb olunan pulu vermək imkanı olmayıb. Ona görə də onu 1 ildən çox həbsdə saxlayıblar və iş məhkəməyə göndəriləndən sonra məhkəmə zalından azad ediblər.

İşdə Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayevin məktubu var. Həmin məktubu o, Mövlam Şıxəliyevə yazıb. Yazır ki, Sərdar ismayılova məxsus olan mal gömrük nəzarəti altında tranzit olaraq Azərbaycan ərazisindən keçməklə İrana gedir. Bu məktub işin içində də var. Malı qaçaqmal kimi saxlamanız qanunsuzdur. Yəni gömrük nəzarəti altında Azərbaycan ərazisindən keçən malı zorla gömrükçülərin əlindən alıblar.

Zərərçəkən Əhməd Mirzəyevi qanunsuz həbs edərək 400 min dollar pul alıblar. Burada onun qardaşı da, digər şahidlər də dindirildi. Onun həbsdən azad edəndən sonra da əl çəkməyiblər. Obyektindən tikinti-təsərrüfat təyinatlı mallar götürüblər. Ondan uzun müddət əl çəkməyiblər. Mövlam Şıxəliyevin sürücüsü deyir ki, mən gedib özüm üçün götürmüşəm. Amma sürücü barədə heç bir tədbir görülməyib. Mövlam Şıxəliyevə kostyum, saat, telefonlar, silah, gödəkçə aldırıblar.
Mövlam Şıxəliyev:
-Səviyyəsiz söhbətlər eləmə.
Vəkil:
-Səviyyəsiz başqasına gödəkçə aldırandır. Başqasına saat, silah aldırandır. İşdə Vüsal Əliyevin qardaşının ifadəsi var. Deyir ki, bəli, silahı Vüsala veriblər. Halbuki, o, qardaşının əleyhinə ifadə verməyə bilərdi. Vəkil bildirib ki, Mövlam Şıxəliyev hazırki iş üzrə zərərçəkənlərə vurulan ziyanı ödəmək əvəzinə vəkil Elçin Qəmbərova 500 min manat rüşvət verməklə məhkəmə dövründə azadlıqda qalmağa çalışıb.
Halbuki həmin məbləği ödəməklə azı 5 zərərçəkənə vurulan ziyanı ödəmək olardı. Bu adamlar istintaq, məhkəmə dövründə cinayətlərini etiraf etmədilər, üstəlik zərərçəkənləri hədələməkdən də çəkinmirlər. Belə olan halda, səmimi etiraf yoxdursa, barışığa cəhd olunmursa, məhkəmə nəyi əsas götürüb bu adamlara aşağı həddə cəza təyin edib? Biz bunu bilmək istəyirik. Cəza ədalətli olmalıdır. Bu adamlar zərər vurduqları şəxslərlə barışmaq niyyətləri belə yoxdur. Üstəlik 500 min manat aparıb rüşvət verir ki, məhkəmə dövründə azadlıqda qalsın.

Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov müdaxilə edir:
-Bunun nə aidiyyatı var?
Osman Kazımov:
-Xahiş edərəm ki, siz sakit oturun, siz bu işdə şahid qismində dindirilmisiz. Mövlam Şıxəliyev oğlu vasitəsi ilə bu iş üzrə barəsində qəti imkan tədbirini dəyirmək üçün vəkil Elçin Qəmbərova 500 min rüşvət ötürüb. Siz isə onun oğlunu Elçin Qəmbərovla tanış etmisiz. İşdə şahidsiniz. Üstəlik həmin pulu Elçin Qəmbərov dələduzluqla ələ keçirib. İndi də məhkəməsi gedir, pulu qaytarıb. Üstəlik dövlətə də 250 min pul qayatırlıb. Bu pullar haradan qazanılıb? Aydındır ki, orada 250 mini Elçin Qəmbərov ödəməyib, onu vəziyyətdən çıxarmaq üçün verdirblər. O pulların da üzərinə həbs qoyulmalıdır. Çünki həmin pullarla Zaur Əliyevin, Əfsəl Həsənəliyevin, Sərdar İsmayılovun, Qulam Bağırovun və digər bir zərərçəkənin zərərini ödəmək olardı. Bunun əvəzinə prokurorluğa 500 min rüşvət vermək istəyirlər. Nəticə də göz qabağındadır.

Vəkilin sözləri Mövlam Şıxəliyevi özündən çıxarıb:
-Osman Kazımov, orada yazılıb ki, mən kiməsə pul vermişəm?
Zaur Əliyev:
-Bəli, yazılıb ki, sənin barəndə həbs qəti imkan tədbirinin dəyişdirilməsi üçün 500 min rüşvəti oğlun aparıb Elçin Qəmbərova verib. Al, bu da həmin hökm.
-Sox gözünə, mənə lazım deyil.
-Danışığına fikir ver.
-Qələtini elə. Aç oxu!
-Sox bəbəyinə.
-Sənin bəbəyinə soxacağam.
-Sənin başın bədəninə ağırlıq edir deyəsən.
Hakim:
-Sakit olun!
Osman Kazımov çıxışını davam etdirib:
-Bu adamlar islah olunmayıblar və olunmaq istəmirlər. Bu adamların etdikləri cinayət Azərbaycan dövlətinə qarşı yönəlmiş cinayətlər olub. Ona görə də dövlət başçısı MTN-i ləğv edib. Sizdən xahiş edərəm ki, Baş Prokurorluğun müsadirə ilə bağlı protestini təmin edəsiz. Zərərçəkənlərin təqdim etdikləri apelyasiya şikayətlərini də təmin etməklə mülki iddialar üzrə zərərin tam şəkildə ödənməsi qərarı çıxarısınız.

Bundan sonra dövlət ittihamçısı çıxış edib. O, ibtidai istintaqda üzərinə həbs qoyulan əmlakların müsadirə edilməsini xahiş edib. Həmçinin Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlakların da müsadirə olunmasını istəyib. Dövlət ittihamçısı zərərçəkənlərin apelyasiya şikayətlərinin əsaslı olduğunu və bu səbəbdən də təmin edilməlisini xahiş edib.

Məhkəmə müşavirəyə yollanıb. Qərar aprelin 4-də elan ediləcək.

“Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarovun Azərbaycanda Türkiyəyə nisbətən dərmanların ucuz olduğunu deməsi düzgün yanaşma deyil. Türkiyənin dərmanlarından istifadə edirəm. Azərbaycanda dərman yoxdur. Hamısının tərkibində müxtəlif qatqılar var. Azərbaycanda başqa sahələr kimi səhiyyə sistemi də batıb, yoxdur. Buna səbəb müəyyən insanların monopoliyasıdır…”

Bu sözləri Pravda.az-a müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda dərmanların baha olması barədə artan şikayətlərə münasibət bildirərkən deyib.

“Məndə Kəmaləddin Qafarov barədə ciddi məlumatlar var. Yaxın vaxtlarda, görünür, açıqlama verməli olacağam. Bizdə onların hamısının maxinasiya, ya nə ilə məşğul olduqları barədə çox ilginc məlumatlar var. Hər şeyi öz cibləri ilə ölçürlər, başqa işlərlə məşğuldurlar. Hamısını açıb ortaya qoyacağıq…”, – partiya sədri bildirib.

Dünyapress TV

Xəbər lenti