Ardını oxu...
Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.

Bu barədə “Report”un Aran bürosuna Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.

Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.

Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.

Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.

Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.

QEYD:

Hacıqabula aramsız yağan yağışlar nəticəsində 200-ə yaxın evi və dəmiryolunu su basıb.

Dəmir yolu xəttinə ziyan dəyib və qatarların hərəkətində fasilə yaranıb.
 
Ardını oxu...
Artıq bir ildən çoxdur ki, Bakı şəhərində yeni parklanma qaydaları tətbiq edilir. Ötən ilədək davam edən parklanma xaosu haqqında, prosesin şəffaflığı haqqında, toplanan vəsaitdən istifadənin qeyri müəyyənliyi ilə bağlı xeyli yazılar yazılmışdı.

Nəhayət hökumət ötən ildən yeni qaydalar tətbiq etdi. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğləri təsdiq edildi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri müvafiq parklanma zonalarına bölündü və nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası təsdiqləndi.

Görəsən indi durum necədir?

Görünən odur ki, bu sahədə vəziyyətin normallaşması üçün müəyyən addımlar atılıb, qeyd olunan şəhərlərdə zonalar üzrə ödənişli parklanma yerləri müəyyən edilib. Hətta deyərdim ki, zərurət olmayan yerlərə, xəstəxana və hospitalların qarşısında da ödənişli parklama yerləri müəyyən edilib.

Əlçatan ödəniş sistemləri, faydalı bir Azparking mobil tətbiqi də yaradılıb.

Maraqlıdır ki, 15 dəqiqə parklamanın pulsuz olduğu bildirilsə də, 15 dəqiqədən çox dayandıqda həmin 15 dəqiqə də ümumi parklama vaxtına daxil edilir.
Ədalət naminə demək lazımdır ki, yeni qaydalardan sonra şəhərin mərkəz hissəsində parklama yerinin tapılmasında vəziyyət müsbətə doğru dəyişib.

Lakin prosesin gedişi, yeni sistemin tətbiqinin nəticələri, aparılmış təhlillər, toplanmış vəsaitdən istifadə haqqında indiyədək AYNA heç bir hesabat verməmişdi.

Ötən günlər diqqətimi cəlb etdi ki, AYNA-nın məsul şəxsi yeni qaydaların tətbiqindən sonrakı vəziyyət haqqında hesabat xarakterli müsahibə verib.

Müsahibəyə nəzər saldım.

Yuxarıda qeyd etdiyim məqamlardan başqa ötən illərdə qaldırılan və ictimai əhəmiyyət kəsb edən sualların bir çoxuna cavab tapa bilmədim.

İctimai maraq kəsb edən məqamlardan ən əsası odur ki, nə qədər parklama yeri müəyyən olunub, yeni qaydaların tətbiqindən sonra büdcəyə nə qədər ictimai vəsait daxil olub?

Adi bir hesablama ilə müəyyən etmək olar ki, parklanmadan AYNA hər ay bir neçə milyon manat vəsait əldə edir.

Qaydalara görə bu sahədən daxil olan vəsaitlər birbaşa büdcəyə deyil, elə AYNA-nın hesabına daxil olur.

Agentlik həmin vəsaitdən həm parklama infrastrukturunun saxlanılması üçün, həm də sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi üçün istifadə edə bilər.

Maraqlı məqam həm də odur ki, Agentlik qaydalara görə daxil olan vəsaitin 30 faizədək hissəsindən öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün də istifadə edir.

Qaydalara görə AYNA daxil olan vəsaitlərlə bağlı hökumətə rüblük hesabatlar təqdim etməlidir. Təəssüf ki Qaydalarda bu hesablatların dərc edilməsi, saytda yerləşdirilməsi nəzərdə tutulmayıb. Lakin bu informasiyalar ictimai əhəmiyyət kəsb etdiyindən mövcud normalara görə açıqlanmalıdır.

AYNA isə daxil olan vəsaitlərin hansı istiqamətlər üzrə necə istifadə edilməsi haqqında indiyədək açıqlama verməyib.

Ümid edirəm AYNA bu sitiqamətdə hesabatlılığı və şəffaflığı gücləndirəcək, ictimai nəzarət imkanlarını da artıracaq.

Osman Gündüz
TEREF
 
Ardını oxu...
Əvvəllər Naxçvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsində çalışan, bu il Ali Məclisin deputatı seçilən Ramiz Məmmədov hələ də qeyri-rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin köməkçisi funksiyasını icra edir.

TNS-in əməkdaşı Fuad Nəcəflinin, əslində isə Ali Məclis sədrinin qəbul otağına zəng edib. Telefona əvvəlki dövrlərdə olduğu kimi, yenə də Ramiz Məmmədov cavab verib.

Əməkdaşımız Ali Məclisin deputatı seçilən Ramiz Məmmədova Fuad Nəcəflinin qəbul otağının telefon zənginə niyə cavab verdiyini soruşub.

Ramiz Məmmədov deyib ki, Fuad Nəcəflinin yanında iclas olduğu üçün telefona o cavab verib.

Sonra nə cavab verəcəyini bilməyən Ramiz Məmmədov təsadüf nəticəsində telefonun dəstəyini qaldırdığını bildirib.

“Mən başqa zəng gözləyirdim, ona görə telefona cavab verdim”, - deyən Ramiz Məmmədov özünü itirərək fikrini dəyişib: “Mən pensiya sənədlərimi almağa gəlmişəm. Orada yığıncaq idi, ona görə telefona cavab verdim”.

Bu zaman belə bir sual yaranır. Fuad Nəcəflinin qəbul otağı Dövlət Sosial Müdafiə Fondudur? Ramiz Məmmədov pensiya sənədlərini almaq üçün ora niyə gəlib, telefona niyə cavab verib? Bu, sadəcə olaraq, bəhanədir. Ramiz Məmmədov qeyri-rəsmi şəkildə köməkçi vəzifəsini icra etdiyini gizlətmək üçün belə bir bəhanə uydurub.

Naxçıvandakı etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə, deputat Ramiz Məmmədov yenə də qeyri-rəsmi şəkildə Fuad Nəcəflinin köməkçisidir, hətta Ali Məclis sədrinin köməkçisinin xidməti avtomobilindən istifadə edir.

Bu, tamamilə biabırçı bir vəziyyətdir. Təsəvvürünüzə gətirin ki, Milli Məclisin hansısa deputatı ölkənin hansısa nazirinin, yaxud yüksək vəzifəli bir şəxsinin köməkçisi funksiyasını icra edir. Bu, absurddur və mümkün deyil. Fuad Nəcəfli bununla sübut etməyə çalışır ki, Ali Məclis onun “dəftərxanasıdır”.

Vaxtilə Ulu Öndər Heydər Əliyevin deputatı, sonra rəhbəri olduğu Ali Məclisə belə münasibət yolverilməzdir.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədova təklif edirik ki, rəhbərlik etdiyi orqanın imicini, nüfuzunu qorusun. Hesab edirik ki, bu məsələni Ali Məclisin İntizam komissiyası araşdırmalıdır. Xalqın səsi ilə seçilən deputat ən şərəfli vəzifələrdən biridir. Deputat adını belə ləkələmək olmaz.

Fuad Nəcəfli bu qanunsuzluğu aradan qaldırmalı, Ramiz Məmmədov isə bu hərəkətinə görə seçicilərindən və Ali Məclisin deputatlarından üzr istəməlidir.
 

Ardını oxu...
Sumqayıt şəhəri, Nizami küçəsi 6-cı məhəllə 19 C sakini Şərifov Ceyhun Şahsuvar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, pensiyasından qanunsuz olaraq 14 manat kəsilib:

“Mən, 39 saylı Texniki Peşə Məktəbində, indiki şəhid Quliyev Ələmdar Şahmalı oğlu adına olan 1 saylı peşə liseyində istehsalat təlimi ustası işləmişəm. 1988-ci ildə həmin məktəbdə iş zamanı əmək xəsarəti almışam. Sol əlimin 3 barmağı amputasiya olunub. Həmin akta əsasən 1998-ci ildə Sumqayıt şəhəri 7 saylı Həkim Eksper Komissiyası əmək haqqımın 25%-ni mənə ömürlük təqaüd müəyyənləşdirib(Onu da qeyd edim ki, 1995-ci ildən Mingəçevirdən köçüb gəlmişəm, hazırda isə Sumqayıtda yaşayıram). Həmin təqaüd 2022-ci ildə cənab prezdentimizin təhsil işçilərinin əmək haqqının 15% artırılmasıyla bağlı imzaladığı fərmana əsasən 117.50 manat olmuşdu. 2022-ci il may ayınadək belə təqaüd aldım. May ayında təqaüdümü birdən birə 14 manat azaldaraq 103.50 manat elədilər. Bu barədə yazılı surətdə Təhsil Nazirliyinə müraciət elədim. Mənə bildirdilər ki, 2022-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi fərmana görə Müəllimlərin Bilik və Bacarığının Qiymətləndirilməsi Komisiyasindan keçmədiyin üçün sənin təqaüdün 14 manat azalaraq 103.50 manat olmuşdur.
İkinci dəfə yenidən Təhsil nazirliyinə yazılı müraciət elədim ki, axı mən 1998-ci ildən işləmirəm. İkincisi də axı bizim Konstitusiyamızda deyilir ki, əgər sonradan verilmiş qərar vətəndaşın halını pisləşdirirsə həmin qərar özündən əvvəlkilərə şamil edilə bilməz. Bu səfər də mənə bildirdilər ki, guya mənə səhvən müəllim maaşı hesablanıb. 2022-ci ildə məktəbin drektoru sənədlərə baxış keçirərkən bunu müəyyənləşdirib və ondan sonra da əmək haqqım 14 manat azaldılıb. Deyirəm, bəs onda 2022-ci ilin 15% artım nəyə görə mənə hesablanmadı? Bu 14 manatı həm komissiyadan keçmədiyimə görə və səhvən müəllim maaşı hesablandığına görə özlərinin də anlaya bilmədiyi bir yazılı kağız veriblər mənə.
2022-ci ildən bu günə kimi işim qalıb məhkəmələrdə. Sumqayıt İnzibati Məhkəməsinə mütaciət elədim Nazirliyin xeyrinə qərar çıxardı. Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət elədim, o da həmin qərarı qüvvədə saxladı. Hansı hüquqşunasa da danışıram, deyirlər qərar düzgün deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən iş sənin xeyrinə həll olunmalıdır.
İndi də Azərbaycan Respublikası Ali məhkəməsinə müraciət eləmişəm. Hələ bir xəbər yoxdur.
Xahiş edirəm mənə dəymiş maddi və mənəvi ziyan ödənilsin. Öz səhvləri ucbatından mən əziyyət çəkməli deyiləm ki?!"

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Elgün Mahmudov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

Ardını oxu...
Azərbaycanlılar “söz vermək” dəyərinə sahib olsalar da, bəzən verilən vədlə kifayətlənməyib behləşirlər. Yəni hər hansı əşya, ev, avtomobil, məişət əşyası alarkən onun pulunun bir hissəsini əvvəlcədən ödəməklə həmin əşyaya sahiblənəcəklərini sığortalayırlar.

Beh təkcə alqı-satqı zamanı yox, müxtəlif işlər üçün də bağlanan müqavilənin təminatıdır. Belə ki, əgər müəyyən tarixdə bir məkanda ad günü, toy-nişan və ya digər əlamətdar məclis keçirəcəksənsə, həmin tarix üçün ödəyəcəyin pulun bir hissəsini qarşı tərəfə beh şəklində ödəyirsən.

Lakin sövdələşmə baş tutmayanda “beh”in qaytarılması məsələsi ətrafında xeyli mübahisə yaranır. Müştəri əvvəlcədən beh verir, amma satıcı və ya elə müştərinin üzündən sövdələşmə pozulur. Belə hallarda behin kimdə qalması sual doğurur.

Bəs bu hansı qaydayla, necə tənzimlənir?

Mövzu barədə Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, bəzi məqamlarda beh ikiqat məbləğdə qaytarılmalıdır:
“İlk növbədə behlə avansın fərqini bilmək lazımdır. Avans o deməkdir ki, nəyisə alır, hansısa işi gördürürsənsə, həmin məbləğin bir hissəsini əvvəlcədən ödəyirsən. Əgər sonradan müqavilə pozulur, niyyət alınmırsa, onda avans alan pulu geri qaytarır.

Behsə fərqlidir. Beh müqavilənin icrasına təminatdır. Hansısa işi gördürmək istəyən, mal alan beh verir və sonradan niyyət beh verən şəxsin üzündən alınmayanda qaytarılır. Əgər alıcı satıcıya beh verirsə, alıcı üzündən iş alınmırsa, beh qaytarılmır, əgər satıcının üzündən baş verirsə, onda ikiqat qaytarılır. Restoranda hansısa məclis üçün yer tutanda əgər beh vermisinizsə və beh verən tərəfin günahından məclis baş tutmursa, beh geri qaytarılmayacaq. Əgər restoranın günahıdrsa, ikiqat qaytarılmalıdır”.

Hüquqşünas qeyd edib ki, sonradan restoran və ya beh alan tərəf beh yox, avans almışdım deyib, behi qaytarmaqdan imtina etməsin deyə, bu məsələləri heç olmasa öz aralarında sənədləşdirmək lazımdır.

O, çıxarışı olmayan, rəsmi şəkildə alqı-satqısı aparılmayan mənzillərdə beh məsələsinin həll olunmasına münasibət bildirib:

“Çıxarışsız evin rəsmi alqı-satqısı mümkün deyil. O ancaq tərəflər arasında şifahi, ya da kağız üzərində özlərinin əlyazması ilə hansısa bir müqavilə ilə baş tuta bilər. Məsələhət görürük ki, sənədi olmayan ev və torpaq alanda heç olmasa gələcəkdə pulun batmaması üçün kağız üzərində də olsa, öz aralarında müqavilə bağlasınlar.

Rəsmi çıxarışı olan ev alqı-satqısı ancaq notariusda həyata keçirilir və o pul da əldən-ələ verilmir, ona görə orada mübahisə yaranmır. Sənədli evə beh verilməsi təcrübədə az baş verir, əgər beh verirsə, bunu müəyyən miqdarda rəsmiləşdirmək lazımdır. Yaxşı olar ki, notariusda beh müqaviləsi bağlanıb, təsdiqlənsin. Notariusda mümkün deyilsə, öz aralarında qəbz yazmaqla rəsmiləşdirilsin”.
 
 
 

Ardını oxu...
  

Son illər Bakıda tıxac problemi və nəqliyyat infrastrukturunda mövcud çatışmazlıqlar mövcuddur. Bu səbəbdən də, paytaxt sakinləri və əhali əziyyət çəkir.

BAKU.WS xəbər verir ki, paytaxt nəqliyyatındakı problemlərin həlli üçün Bakıdakı nəqliyyat infrastrukturunda yaxın gələcəkdə yeniliklər tətbiq ediləcək.

Tətbiq ediləcək yeniliklər Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev tərəfindən təqdim edilib.

Qeyd edək ki, şəhərdə hazırda 2100 avtobus fəaliyyət göstərir. Bu rəqəmin 2500-2800 arasında olması tələb olunur. Yaxın zamanda 160 elektrikli avtobusun gətirilməsi planlaşdırılır. Avtobusların sayının artırılması və müasirləşməsi həm sərnilinlərin gündəlik həyatında mühüm rol oynayacaq. Həm də, ekoloji baxımdan havanın çirklənməsinin qarşısını az da olsa almış olacaq.

Bundan əlavə, paytaxtın müxtəlif ərazilərində ictimai nəqliyyatın sürətini artırmaq və avtobusların qrafikdən çıxmasının qarşısını almaq üçün yeni avtobus xolaqları çəkilişi davam edir. Bu istiqamətdə Bakı şəhərinin Zərifə Əliyeva küçəsində yeni avtobus zolağının çəkiləcəyi bildirilib. Bu layihənin artıq hazır olduğu və avtobusların bu zolaq vasitəsilə bir saat ərzində 8000 sərnişin daşıması gözlənilir.

Eyni zamanda, "Gənclik" metrostansiyasının yanında üç yeni taksi duracağı yaradılacaq. Rzayev, duracaqların nəzərdə tutulduğu yerlərdə işlərin artıq başladığını açıqlayıb.

Bununla yanaşı, su taksisi layihəsinin effektiv olmadığı bildirilib. Rzayev, su taksisinə çəkilən xərclərin avtobus alımına nisbətən daha yüksək olduğunu vurğulayıb. Bu səbəbdən su taksisi ideyasının həyata keçirilməsinin mümkün olmadığını qeyd edib.

Bu yeniliklər, Bakıdakı nəqliyyat sisteminin inkişafını və sərnişin mobilliyinin artırılmasını hədəfləyir. Şəhərin nəqliyyat infrastrukturunda gözlənilən dəyişikliklər, sakinlərin rahatlığını təmin etmək məqsədini güdür.

 
 
 
Ardını oxu...
“Bakıda qaydalara riayət etməyən beş mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb”.

Tribunainfo.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.

Bundan əlavə, A.Rzayev qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan çox taksi duracağı mövcuddur. Lakin onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi və yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.
 
Ardını oxu...
“Türk Hava Yolları”na məxsus Seatle-İstanbul reysinin kapitan pilotu uçuş zamanı vəfat edib.

59 yaşlı pilot İlçehin Pehlivanın uçuş zamanı huşunu itirdiyi bildirilib.

Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili eniş etmək qərarına gəlsə də, İ.Pehlivan enişə qədər vəfat edib.

“Türk Hava Yolları”ndan verilən açıqlamada təyyarənin Nyu-Yorka eniş etdiyi bildirilib.
TRT Haber






 
 
 
Ardını oxu...
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti