
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır, hökumət orqanları onların nəticələrini gözləyir.
Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
"Hazırda ekspertizalar aparılır. Müəyyən texniki ekspertizalar vaxt aparır. Biz onların nəticələrini gözləyirik. Ümumiyyətlə qəzanı araşdıran müxtəlif ölkələrdən olan ekspertlər bir-biri ilə daim əlaqə saxlayırlar”, - nazir müavini vurğulayıb.
Lastayev qeyd edib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabatda əks olunmuş məlumatdan artıq artıq şərh verə bilməz.
O, təyyarə qəzasının araşdırılması üzrə komissiyanın bu ilin sonuna qədər təqdim ediləcək yekun hesabatını gözləməyi xahiş edib:
“Düşünürəm ki, bu iş çərçivəsində heç bir sirr yoxdur. Bu qəzanın araşdırılmasına görə məsul olan ölkə kimi, bizim üçün məhz obyektivlik və şəffaflıq ön plandadır. Bu, gələcəkdə belə vəziyyətlərin təkrarlanmaması üçün araşdırmanın aparılması zaman rəhbər tutulan prinsiplərdir”.
Hüquq müdafiəçisi Xəzər Teyyublu "Sherg.az"a bildirib ki, 2024-cü il dekabr ayında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra vəziyyətin dinamik inkişafı həm mənfi, həm də müsbət yöndə oldu:
""Qara qutu"nun açılması və hadisənin baş vermə səbəblərinin araşdırılması üçün Azərbaycan və Qazaxıstan tərəfinin birgə əməkdaşlığı yarandı. Həmçinin "qara qutu" təyyarənin istehsal olunduğu Braziliyaya göndərildi. Oradan qayıdandan sonra isə Qazaxıstanın da məsələni durğunluğa doğru istiqamətləndirdiyi müşahidə edildi. Həmçinin bununla bağlı proseslər də bir az səngimiş kimi görünməyə başladı. Bundan əlavə təyyarə Rusiya Federasiyası ərazisində qəzaya uğradığına görə Vladimir Putinin üzrxahlıq etdi. Lakin bu məsələ yarımçıq qalıb. Ən azından bu ölkənin Azərbaycandakı səfirliyi çərçivəsində Rusiyadan göndərilmiş nümayəndəsi həlak olmuş şəxslərin ailələrinə baş çəkməli və konpensasiya ödəməli idi. Həmçinin baş vermiş hadisənin tərəflər arasında isti jestlərlə həll etmək, münasibətləri normallaşdırmaq daha düzgün olardı".
Ekspert əlavə edib ki, hazırda durğunluq olsa da, faktları nəzərə alaraq, Azərbaycan Rusiyadan öhdəliklərini yerinə yetirməsini tələb edir:
"Bu olmadıqca, məsələlər bir az daha kəskinləşəcək. Digər tərəfdən anlayırıq ki, Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır. Lakin Azərbaycanın dövlət və cəmiyyət maraqları üstünlük təşkil edir. Eyni zamanda bu gün Rusiyanın başı Ukrayna münaqişəsinə qarışıb. Həmçinin ABŞ ilə arasındakı buzlar əriməyə doğru gedir. Bu mənada gələcəkdə təyyarənin qəzaya uğraması ilə bağlı tərəflər arasında ortaq mövqe tapılacağına ümid edirik. İnanıram ki, durğunluqlar ortadan qaldırılacaq və bütün bunlar cəmiyyətin dərinliklərinə işləməyəcək. Ümumiyyətlə Rusiyanın əsas fikri müharibəyə yönəlsə də, qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürərək həlak olan insanların ailələrinə konpensasiya ödəmək mənəvi və vicdan borcudur".