Ağ Evin rəsmi səhifəsində bu qərar belə təqdim olunur: “Amerika duşlarını yenidən möhtəşəm edək”. Açığı, bu başlığı Ağ Evin saytında görənə qədər məhz belə ifadənin işləndiyinə inanmırdım, amma və lakin... ABŞ Prezidenti Donald Tramp duşlarda su təzyiqi normativinin artırılması ilə bağlı sərəncam imzalayıb. Yeni qərara əsasən, təzyiq təxminən dəqiqədə 10 litr səviyyəsinə qaldırılacaq. Ağ Ev bu qərarı "Amerika duşlarını yenidən möhtəşəm edəcək" ifadəsi ilə elan edib. Sərəncamı imzalayarkən Tramp jurnalistlərə bildirib ki, o, “öz gözəl saçlarına qayğı göstərir”, lakin saçlarının tam islanması üçün “15 dəqiqə duşun altında dayanmalı olur”. * Xatırlayırsınızsa, daha əvvəl Çinin ABŞ-a nadir torpaq metallarının ixracını məhdudlaşdırması ilə bağlı yazmışdıq. Newsweek-in bugünkü məlumatına görə, Pekin tərəfindən tətbiq edilən bu məhdudiyyətlər səbəbilə ABŞ-ın ən yeni qırıcı təyyarələrinin istehsalı mümkün olmayacaq. Trampın planına görə, F-47 dünyanın ilk altıncı nəsil qırıcısı və indiyədək yaradılmış ən güclü döyüş təyyarəsi olmalı idi. Lakin Çin tərəfindən tətbiq edilən ixrac məhdudiyyətləri səbəbilə bu təyyarənin istehsalında istifadə olunan nadir torpaq metalları artıq əlçatan deyil. Bu isə ABŞ müdafiə sənayesində ciddi çətinliklər yaradacaq. Sizcə niyə Tramp 6-cı nəsil hərbi təyyarəni məhz F-47 adlandırdı? Ona görə ki, Tramp ABŞ-ın 47-ci prezidentidir və bu təyyarə onunla əlaqələnməlidir. Kamran Cəfərov TEREF