
Azərbaycan kimi resursdan asılı ölkələri çətin günlər gözləyir
“Mən Tramp üçün işləmişəm və bu, onu başa düşməyin açarıdır. Tramp Amerikaya aid deyil və onun real dünya ilə heç bir əlaqəsi yoxdur”. Bu sözləri 2016-202-ci illərdə Donald Tramp administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsini tutmuş Con Bolton “The Telegraph” qəzetində dərc etdiyi məqalədə yazıb.
Keçmiş müşavir qeyd edir ki, Trampın tariflərə heyranlığı var. Onun fikrincə, prezidentin dünya ölkələrinə qoyduğu idxal rüsumlarının Amerika iqtisadiyyatına və beynəlxalq iqtisadi sistemə vurduğu zərər Ukrayna və NATO-ya vurduğu zərəri də üstələyir. “Əgər Tramp bu qərarı 2 aprel əvəzinə ayın 1-də versəydi, o, tez bir zamanda bunların hamısının bir aprel zarafatı olduğunu deyə bilərdi. Bununla da bazarlar cənuba doğru açılmağa başlayanda qlobal iqtisadiyyatı trilyonlarla dollar zərərdən xilas edə bilərdi. Təəssüf ki, Tramp tamamilə ciddidir...”- Bolton yazır. “Ukrayna məsələsində olduğu kimi, Tramp bu dəfə də başqalarını deyil, ilk növbədə özünü dinləyir. O, bu dəfə xəyali ticarət dünyasını yaradır, sonra isə orada yaşayır...” - Bolton, məqaləsində vurğulayır.
Con Boltonun qeydləri Trampın dünya ilə ticarət savaşına girməsinin pərədəarxasını anlamağa kömək edə bilər. Məlum olur ki, əslində onun “ABŞ-ni qüdrətli etmək” şüarına çatmağa hədəfləyən heç bir çoxgedişli, mürəkkəb, sirli kombinasiyaları yoxdur. Ağ Evdə vaxtı ilə ən yüksək vəzifələrdən birini tutmuş şəxs prezidentin heç bir siyasi, iqtisadi strategiyasının olmadığını deyir və onun addımlarını qlobal iqtisadi, siyasi düzən üçün böyük təhlükə sayır. Xatırladaq ki, ABŞ səhmləri fevraldan bəri 5 trilyon dollar itirib, ən böyük şirkətlərin bazar dəyəri də yüz milyardlarla dollar azalıb.
Dünyadan verilən reaksiyalar da fərqli deyil: qəzəb, çaşqınlıq və adekvat qərarlar bir-birinin ardınca gəlir. Məsələn, bazar dəyərinə görə (600 milyard dollar, aktivləri 4 trilyon dollardan artıq) dünyanın ən böyük bankı olan “JPMorgan”ın (ABŞ) baş direktoru Ceymi Dimon bəyan edib ki, bu siyasət qiymətləri yüksəltmək, qlobal iqtisadiyyatı tənəzzülə sürükləmək və Amerikanın dünyada nüfuzunu zəiflətmək təhlükəsi yaradır. Dimon səhmdarlara illik məktubunda bildirib ki, Trampın təyin etdiyi tariflər inflyasiyanı artıracaq və bir çoxlarının tənəzzül barədə daha çox düşünməsinə səbəb olacaq. Dimon vurğulayıb ki, Amerikanın dünyada qeyri-adi mövqeyi onun iqtisadiyyatı, hərbi və mənəvi gücü üzərində qurulub. Lakin tariflər və Trampın “öncə Amerika” xarici siyasəti ABŞ-nin dünyadakı xüsusi mövqeyini sarsıda bilər.
Trampın əsas hədəfi bütün idxal mallarına 34 faiz əlavə gömrük rüsumu tətbiq etdiyi Çindir. Bu qərarla ümumi gömrük rüsumunun dərəcəsi 54%-i keçib. Rəsmi Pekin dərhal adekvat qərar edərək ABŞ-dən alınan bütün məhsullara 34 faiz gömrük rüsumu tətbiq edib. Bu qərar Trampı bərk qəzəbləndirib, o bildirib ki, Çin aprelin 8-dək cavab rüsumlarını qaldırmasa, Çin mallarına əlavə 50% vergi tətbiq olunacaq və ikitərəfli danışıqlar ləğv ediləcək.
Çin Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyinin ardıcıl bəyanatlarında Vaşinqtonun tarif siyasəti “şantaj və səhv ardınca səhv” kimi təsvir edilib. “ABŞ bu yolda davam edərsə, Çin sona qədər qətiyyətli əks tədbirlərlə cavab verəcək”, - açıqlamada bildirilir. Çin Xalq Bankı da lazım gələrsə, yenidən borclanma dəstəyi verərək kapital bazarlarında sabitliyi qoruyacağını bəyan edib. Çin İnvestisiya Korporasiyasına bağlı olan “Central Huijin”, birjada səhmlər almaqla qiymət sabitliyini dəstəkləməyə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Çinin nəhəng ixracatının (2024-cü ildə 3,5 trilyon dollar) təxminən 6-da biri (463 milyard dollar) ABŞ bazarlarına ixrac olunur. ABŞ-nin Çindən az qala 2 dəfə az olan (2 trilyon dollar) ixracatının daha az hissəsi - 7%-i və ya 143 milyard dolları Çin bazarına yönəlib.
Çin və ABŞ-dən sonra dünyanın üçüncü iqtisadi gücü olan Avropa İttifaqı ölkələrinə gəldikdə, aprelin 9-dan etibarən ABŞ-nin polad, alüminium, avtomobillər üçün 25 faizlik idxal tarifləri, digər məhsullar üçün isə 20 faizlik qarşılıqlı tarifləri ilə üzləşəcək. Trampın tarifləri Aİ-nin ABŞ-yə ixracının təxminən 70 faizini əhatə edir. Bu, ötən il 585 milyard dollar dəyərində olub.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen isə tariflərlə bağlı ABŞ ilə müzakirələrə açıq olduğunun bəyan edib. O, bildirib ki, bununla belə Aİ öz maraqlarını müdafiə etməyi planlaşdırır. O, bu tariflərin ABŞ istehlakçıları və bizneslərinə də baha başa gəldiyini söyləyib. “Avropa yaxşı sazişə hər zaman hazırdır. Ona görə də biz bunu masada saxlayırıq”, - deyən Fon der Lyayen Aİ-nin sənaye malları üçün qarşılıqlı “sıfır” tarif tətbiqi təklifini xatırladıb.
Fon der Lyayen Aİ üzrə əsas sənaye nümayəndələr - polad və alüminium sənayesinin əsas təmsilçiləri, o cümlədən avtomobil və əczaçılıq sənayesinin aparıcı təmsilçiləri ilə də bir araya gəlib.
“Reuters” agentliyinin yaydığı məlumata görə, Aİ-yə üzv ölkələr qarşıdakı günlərdə Trampın tariflərinə qarşı vahid mövqe nümayiş etdirməyə çalışacaqlar. Böyük ehtimalla, diş ipindən brilyanta qədər məhsulların daxil olduğu 28 milyard dollarlıq ABŞ məhsullarına qarşı ilk hədəfli tarif paketini təsdiqləyəcəklər.
ABŞ-nin Avropadakı əsas müttəfiqi və Trampın 10 faiz gömrük tarifi ilə “mükafatlandırılan” Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz isə Ağ Ev prezidentinin tariflərlə bağlı qərarına “ticarət müharibələrinin heç kimə faydası yoxdur” deyərək cavab verib.
ABŞ-nin start verdiyi ticarət müharibəsi həm də qlobal enerji bazarında ciddi dalğalanmalara səbəb olub. Aprelin 4-dən etibarən neftin qiyməti 78 dollardan üzü aşağı enməyə başlayıb, dünən 62.5 dolları gördükdən sonra bir qədər bahalaşaraq 65 dollar ətrafında ticarət olunur. Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti isə 68,14 dollar/barelə bərabərdir. 2025-ci ilin dövlət büdcəsində proqnoz olaraq 70 dollardan götürülüb.
Azərbaycan da Trampın 10 faiz gömrük tarifi tətbiq etdiyi ölkələr sırasındadır. Bununla belə iki ölkə arasında mövcud ticarət dövriyyəsindəki astronomik mənfi saldo Azərbaycanı birbaşa mənfi təsirlərdən sığortalayır. 2024-cü ilin göstəricilərinə görə, bu ölkəyə cəmi 135 milyon dollarlıq mal satmışıq, amma idxalın həcmi 1.7 milyard dollara yaxın olub, mənfi saldo 1.4 milyard dollardan çoxdur.
Azərbaycanı narahat edən əsas amil neftin qiymətinin dünya bazarında ucuzlaşmasıdır, çünki ölkənin ixracının 90 faizindən artığını enerji məhsulları təşkil edir. Dövlətin valyuta gəlirlərinin əhəmiyyətli hissəsi də bu ticarətdən əldə olunur. Neft hasilatının ilbəil azalması (ötən il 28.5 milyon tona düşüb), əskinə, idxalın kəskin artması (18 milyard dollara yaxın) ölkənin xarici ticarətində müsbət saldonu “yeyib”. Bu ilin yanvar ayında cəmi 25 milyon dollar müsbət saldo yaranıb, halbuki, ötən 5 ildə bu rəqəm milyardlarla dollar təşkil edib.
Neft gəlirlərinin azalması ilk növbədə manatın məznənəsinin dəyərsizləşməsinə, idxal mallarının kəskin bahalaşmasına və yüksək inflyasiyaya səbəb ola bilər ki, bu da zəif iqtisadi sistemin ciddi problemlərlə üzləşməsi deməkdir.
Bu gün “Goldman Sachs” Azərbaycan kimi iqtisadiyyatı resursdan asılı ölkələri həyəcanlandıran proqnozla çıxış edib. Bankın analitikləri bildiriblər ki, “Brent” markalı neftin qiyməti ekstremal şəraitdə bir barel üçün 40 dollardan aşağı düşə bilər. “Qlobal ÜDM-in yavaşlaması və OPEC+ kəsirlərinin tamamilə aradan qaldırılması ilə daha ekstremal və daha az ehtimal olunan ssenaridə biz “Brent” neftinin 2026-cı ilin sonuna kimi bir barel üçün 40 dollardan bir qədər aşağı düşəcəyini proqnozlaşdırırıq”, – “Goldman Sachs”-ın analitiklər yeni hesabatda yazıblar. “Bloomberg” agentliyi isə qeyd edir ki, bu fikir bankın hazırkı əsas proqnozu ilə ziddiyyət təşkil edir. Çünki həmin proqnozda “Brent”-in gələn ilin dekabrında 55 dollara başa gələcəyi qeyd olunub.
Ümumilikdə neft qiymətləri son üç sessiyada dörd ilin minimumuna çatıb. Səbəb qlobal tənəzzül qorxusu və ticarət müharibəsinin kəskinləşməsi nəticəsində enerjiyə tələbatın azalmasıdır.
ABŞ-nin Şimali Dakota Universitetinin azərbaycanlı professoru, maliyyəçi Fariz Hüseynli D.Trampın “tarif mhüaribəsini” şərh edərkən xatırladır ki, bu tarif eksperimenti 1930-cu ildə oxşar səbəblərdən və oxşar iqtisadi mühitdə Prezident Hoover tərəfindən icra olunub: “Nəticələri çox ağır olub və onun yerinə seçilən prezident tərəfindən ləğv olub. Yəni, eynilə 1970-ci ildə yenə oxşar səbəbdən başqa yol seçilib, dollar qızıla qarşı devalvasiya olub, amma nəticə yenə dəyişməyib, əksinə ticarət kəsiri daha da böyüyüb”.
Professor vurğulayır ki, indi xaos yaratmaqla məşhur olan adam (Tramp -red.) yenə eyni eksperimenti ortaya atır. “Oxşar, amma kiçik miqyasda 1980-ci illərdə də olmuşdu, amma o da kömək etməmişdi, sadəcə rəqib Yaponiya maliyyə sektoruna görə sıradan çıxdı”, - o əlavə edib.
F.Hüseynli bildirir ki, ticarət kəsiri yığımların az, yatırımın az, istehlakın çox olmasından yaranır: “Bu fərqli bir iqtisadi modeldir və maliyyə valyuta üstünlüyü ilə davam edir. Amerika məhsul ticarətində kəsiri varsa, xidmət ticarətində böyük üstünlüyü var. Yerli istehsalı zorakı hamıya tarif deməklə yox, sənaye və təhsil siyasəti ilə formalaşdıra bilərsən. Hələ bunu edən bir də müttəfiqlərə düşmənçilik edirsə, bu, tamamilə qəbuledilməzdir. İnsanların qəbul etmədiyi bir reallıq var: dünyanın harasında olursa olsun, böyüklü-kiçikli şirkətlər bir-biri ilə ticarət əlaqələrini rahat qura bilən bir dövrdəyik. Bunun faydalarına çox tez öyrəşdik və unutduq.
Ziyanları da var, amma bu əlaqələri kəsməklə düzələsi deyil. İqtisadi bərabərsizliyi azaldacaq addımlar ataraq və insan kapitalına yatırım etməklə müsbət nəticə əldə etmək olar. Amma tarif söhbətləri gedəndə o biri tərəfdən kütləvi vergi endirimi (bərabərsizliyi artıracaq şəkildə) müzakirə olunur”.
Professor vurğulayıb ki, bu eksperiment də uğursuzluğa düçar olacaq, çünki düzgün plan deyil. “Dəfələrlə test edilmiş və uğursuz olmuş addımlardır”, - o yekunlaşdırıb.
pressklub