Azərbaycan Televiziyası Qərbi Azərbaycandan yeni görüntülər əldə edib. Bakupost.az xəbər verir ki, QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, İrəvandakı qədim Azərbaycan məhəlləsi olan Təpəbaşı, qala divarlarının sonuncu qalıqları, Zəngi çayı üzərindəki körpü və digər yerlərdən eksklüziv kadrlar “AzTV Xəbər”də nümayiş olunacaq. Azərbaycanlıların İrəvandan deportasiya olunmasından sonra ermənilər oradakı Azərbaycan irsinin məqsədli şəkildə silinməsi üçün hər cür yola əl atırlar. Həmin ərazidə tarixi abidələrin, evlərin, ümumiyyətlə, həmin ərazidə azərbaycanlılara məxsus hər bir detalın ermənilər tərəfdən məhv edilməsi “AzTV Xəbər”in axşam buraxılışında eksklüziv olaraq göstəriləcək. Erməni vandallığının iç üzünü aşkara çıxaracaq kadrları bu gün axşam saat 20:00-da “AzTV Xəbər”in axşam buraxılışında izləyə bilərsiniz.
Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində bildirib ki, terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu təsdiqləyir: “Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik”. TEREF.AZ-ın məlumatına görə, səfirliyimizə olan hücumdan sonra terrorçunun kanallara çıxarılması və ardınca xəstəxanaya yatırılmasının terraktın rejimin planı olduğunu sübut etdiyini deyən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a vurğulayıb ki, burada aldadıcı məqam hadisədən sonra İran Xarici İşlər Nazirliyinin etdiyi canfəşanlıq idi:
"Ümumiyyətlə, həmin şəxsi xəstəxanaya yerləşdirmək, onu cəzadan yayındırmaq deməkdir. Terraktın arxasında isə rejimin hansısa qanadı dayandığı görünür. Elə düşünürəm ki, bu SEPAH tərəfindən təşkil edilib. Çünki hazırda İranda hakimiyyətin ötürülməsi prosesi gedir. Xüsusən də etirazlardan sonra hansı qanadın üzə çıxacağı mübarizə başlayıb. Xamenei dövründən sonra isə SEPAH hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır". Analitikin sözlərinə görə, görünür rəsmi Bakıda bu barədə məlumatlar var: "Yəni ölkə başçısı rəsmi mesaj verir ki, Azərbaycan terraktın arxasında kimin dayandığını bilir. Əslində mesajda "məsələ təkçə terrorçunun yox, onun arxasında dayanan qüvvələrin cəzalandırılmasıdır və yalnız bununla Azərbaycan-İran münasibətləri düzələ bilər" fikri çatdırılır. Çünki rejimin tərkibindəki qanad zərərsizləşdirilmədiyi təqdirdə, Azərbaycanın səfirliyinin və konsulluğunun təhlükəsizliyinə heç kəs zəmanət verə bilməz. Hadisənin arxasındakı qüvvələr cəzalandıqdan sonra, rəsmi Bakı əmin ola bilər ki, İran hakimyyəti doğrudan da münasibətlərin normallaşmasında maraqlıdır və terraktın arxasında dayanmır. Amma proses rejimin nəinki hadisənin arxasındakı qanadı, heç terrorçunun özünü belə mühakimə etmək istəmədiyini göstərir. Bu isə qarşıdakı dövrdə Azərbaycan və İran arasındakı gərginliyi daha da aktivləşdirəcək".
İranda hökumətinin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
CNN kanalı İslam Respublikası xüsusi təyinatlı qüvvələr tərəfindən işgəncələrə məruz qalan onlarla iranlı etirazçıdan götürdüyü müsahibələrin əks olunduğu yeni reportajda hökumətin gizli işgəncə mərkəzləri haqqında məlumat verib.
Videoreportajda həmin işgəncə mərkəzlərinin konkret yeri xəritədə dəqiq coğrafi koordinatlarla göstərilib və bu binalarda həbs edilənlərə qarşı təhqir və cinsi təcavüz də daxil olmaqla “ən qəddar” psixoloji və fiziki zorakılığın həyata keçirildiyi qeyd olunub.
“Əgər Rusiya qələbəyə nail olmadan xüsusi hərbi əməliyyatı dayandırsa, Rusiya olmayacaq, onu hissələrə böləcəklər”.
Bunu Rusiyanın sabiq Prezidenti, hazırda isə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan Dmitri Medvedev Co Baydenin Varşavadakı çıxışına cavab olaraq bildirib.
Eyni zamanda, Medvedev iddia edib ki, müharibə Qərb Ukraynaya silah verməyəcəyi təqdirdə yekunlaşa bilər. Medvedev həmçinin, Baydenin rusiyalılara müraciətini tənqid edərək, onun ABŞ-ın Rusiyaya hücum etmək fikrində olmadığı barədə sözlərini “yalan və mənasız” adlandırıb.
Medvedev yenə öz “üslubunda” çıxış edərək, Baydenin ünvanına təhqiramiz ifadələr işlədib. Növbəti dəfə bildirib ki, əgər ABŞ Rusiyanın məğlubiyyətini istəyirsə, deməli, dünya miqyaslı münaqişə gözlənilir və belədə Rusiya nüvə silahı da daxil olmaqla, bütün növ silahlardan istifadə edə bilər.
Azərbaycandan yola çıxan 40 milyonluq neft daşıyan gəmi saxlanıldı Fevralın 20-də sahilyanı Durres şəhərində Albaniya hüquq-mühafizə orqanları şübhəli Rusiya nefti daşıyan Liberiyada qeydiyyatdan keçmiş gəmini saxlayıb. TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Albaniya hüquq-mühafizə orqanları məlumat yayıb. Bildirilib ki, müsadirə edilən 22500 ton neftin bazar dəyəri 40 milyon avrodan çoxdur: “Gəmi səyahətinə Azərbaycandan başlayıb və Yunanıstanın Kalamata şəhərində başqa bir gəmidən neftlə təmin olunduğunu iddia edib”. Qeyd edilib ki, gəminin göyərtəsində 22 ekipaj üzvü saxlanılıb.
Türkiyədə DEVA partiyasının lideri, “altılı masa”da təmsil olunan Əli Babacan zəlzələ zamanı yardıma gedən ölkələrə təşəkkür edib, amma Azərbaycanı “unudub”. Babacan Qarabağın işğalı dövründə Ermənistanla münasibətlərin Azərbaycan maraqları nəzərə alınmadan normallaşmasını müdafiə edənlərdən idi. Hətta 2009-cu ildə QDİƏT-in İrəvanda keçirilən toplantısında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə ermənilərin önündə kobudluq etdiyinə dair məlumatlar da yayılmışdı. İndi Azərbaycanı “unutması” təəcüblü deyil. Asif Nərimanlı Teref.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantepin Nurdağı konteyner şəhərini ziyarət ediblər.
Dövlət başçısı səfərdən sonra açıqlamalar verib. O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib.
“Növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq”, - deyə Ərdoğan bəyan edib.
O, qeyd edib ki, hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxsə çadırlarda, 4500-ə yaxın insana isə konteynerlərdə sığınacaq verilib.
Rusiya XİN: Ermənistanda Aİ-nin mülki missiyası Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək
Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib.
Tərəflər danışıq zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.\\Report