Ən yeni tarix. Maraqlı faktlar.
O, həm nasist Almaniysıanın, həm də SSRİ-nin ən ali mükafatlarına layiq görülüb - “Dəmir xaç” ordeninə və Sovet İttifaqı Qəhrəmanı adına. Hər iki mükafatı İvan Fyodorova ölkənin birinci şəxsləri, +Hitler və İosif Stalin təqdim edib.
Maraqlıdır, xarkovlu zabit əks qütblərdə dayanan siyasi liderlərin etimadını necə qazanıb?
İvan Fyodorov 1914-cü ildə Xarkovda anadan olub. Dörd yaşı olanda ailə Luqanska köçüb. Fyodorov hər iki valideynini uşaq vaxtı itirib.
Bir müddət o, 123 yaşlı babasının himayəsində qalıb. Beş sinif bitirdikdən sonra Fyodorov texniki peşə məktəbində oxuyub, daha sonra zavodda çilingər işləyib.
Zavodda işlədiyi dövrdə o, Luqanskda “Osoaviaxim” (DOSAAF) cəmiyyətindəki təyyarəçilər məktəbində təhsil alıb.
1932-ci ildə Fyodorova nümunəvi işçi kimi zavoddan Luqansk 11-ci hərbi pilotlar məktəbinə göndəriş veriblər.
Bununla da onun hərbi xidmət yolları başlanıb. Fyodorov peşəkar hərbçi kimi xidmətinə Kiyev hərbi dairəsinin hərbi hava qüvvələrinin 59-ci qırıcı aviabriqadasından başlayıb.
Bir ildən sonra o, Moskvada ali pilotlar məktəbində təhsilini davam etdirib.
Fyodorov 1937-ci ilin may ayından 1938-ci ilin fevral ayına kimi İspaniyada vətəndaş müharibəsində iştirak edib.
Bu müddət ərzində o, 150 döyüş uçuşu həyata keçirib. İspaniyadakı xidmətlərinə görə Fyodorov iki dəfə “Qırmızı bayraq” ordeni ilə təltif edilib.
İspaniyadan qayıtdıqdan sonra Fyodorov Kiyev hərbi dairəsində aviasiya alayının komandiri təyin edilib. O, eyni zamanda sınaqçı pilot kimi də fəaliyyət göstərib.
1939-cu ildə Fyodorov bir neçə həmkarı ilə Almaniya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrlə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaq üçün bu ölkəyə ezam edilib.
Həmin ərəfədə Almaniya istehsalı olan “Henkel-100” qırıcıları ən sürətli təyyarə kimi məşhur olub.
Amma bu qırıcıların idarə olunması alman pilotları üçün əsl problemə çevrilib. +Hitler “Henkel-100” qırıcılarına böyük maraq göstərib, başlayacağı müharibədə bu qırıcıların xüsusi rolu olacağına inanıb.
Fyodorov Almaniyada olarkən “Henkel-100” qırıcılarının sınaq uçuşu keçirilib. Bu tədbirdə +Hitler özü də iştirak edib. Fyodorov həmkarlarından sınaq uçuşunda iştirak etməyi xahiş edəndə alman pilotlar onun bu xahişinə istehza ilə yanaşıblar, yəni, sovet pilotunun bu sürətli qırıcını idarə edə biləcəyinə inanmayıblar.
Amma onlar Fyodorovun xahişini yerə salmayıblar. Sovet pilotu təyyarəni səmaya qaldırıb. Fyodorov dəqiqələr ərzində səmada elə manevrlər edib ki, +Hitler əllərini göyə qaldıraraq böyük sevinclə onu alqışlayıb.
Amma fürerin pilotun kim olduğundan xəbəri olmayıb. Fyodorov səmada “Henkel-100”lə ağılasığmaz “gediş”lər edəndə +Hitler ətrafındakılara göstəriş verib:
- Bu pilota “Dəmir xaç” ordeni verilməsi bağlı təcili təqdimat hazırlayın, o, bu gün şam yeməyində mənim şəxsi qonağım olacaq.
Sonradan fürerə bildirəndə ki, pilot sovet vətəndaşıdır, +Hitler təəssüf hissi keçirib, amma sözünün üstündə durub.
Fyodorova “Dəmir xaç” ordeni təqdim edilib, həmin gün o, fürerin iqamətgahında qonaq olub.
Sovet-alman müharibəsi başlananda Fyodorov ən ağır döyüş bölgələrində xidmət aparıb.
1942-ci ildə Stalinin əmri ilə Kalinin cəbhəsində qırıcı-pilotların cərimə batalyonu yaradılanda Fyodorovu həmin hərbi hissəyə komandir təyin ediblər. Fyodorov “qanunları pozan” təyyarəçilərlə döyüşlər zamanı yüksək nəticələr əldə edib.
Fyodorov döyüş bölgələrində xidmət aparmaqla yanaşı, bütün yeni təyyarələrin sınaq uçuşunu da həyata keçirib. Yeni təyyarələr haqqında onun rəyi böyük rol oynayıb.
Bu da Fyodorovla konstruktorlar arasında mütəmadi olaraq mübahisələrə və gərginliklərə səbəb olub.
Fyodorova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı dəfələrlə təqdimat yazılıb. Amma bu təqdimatlar nəticəsiz qalıb. Həmin təqdimatlar Kremlin kabinetlərində lazımsız kağız kimi siyirmələrə atılıb. Bu işin əsas təşkilatçısı, maneçilik törədəni isə konstruktor Artyom Mikoyan olub. O, qardaşı Anastas Mikoyan vasitəsi ilə Fyodorova qəhrəman adı verilməsinə mane olub.
Belə ki, Artyom Mikoyanla Fyodorov arasında sınaq uçuşları zamanı tez-tez fikir ayrılığı yaranıb ki, bu da erməni konstruktorun imicinə zərbə vurub.
Amma bütün bu əngəllərə baxmayaraq Fyodorovun hərbi aviasiya sahəsindəki xidmətləri, müharibədə göstərdiyi qəhrəmanlıqlar Stalinin diqqətindən yayınmayıb.
1948-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlərin siyahısına Fyodorovun da adı salınıb. Həmin siyahıda olanları Stalin Kremldə qəbul edib, “qızıl ulduz”ları onlara təqdim etdikdən sonra qəhrəmanları ziyafətə dəvət edib. Stalin onların şərəfinə qədəh qaldıranda üzün Fyodorova tutub:
- Burada o yaramazın (+Hitleri nəzərdə tutub) yanından fərqli olaraq siz özünüzü sərbəst və qürurlu apara bilərsiniz. Çünki siz qalibsiniz.
İvan Fyodorov uzun bir ömür, 96 il yaşayıb. Hərbi xidmətdən istefaya çıxdıqdan sonra uzun illər Xarici İşlər Nazirliyinin strukturunda çalışıb.
Əfsanəvi pilot, +Hitler və Stalinlə qədəh toqquşduran İvan Fyodorov 2011-ci ildə vəfat edib. O, Moskvada Pokrovsk qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, Fyodorov haqqında çoxsaylı kitablar yazılıb, sənədli filmlər çəkilib.
İlham Cəmiloğlu
TEREF