Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni Qərbi azərbaycanlıların öz evlərinə qayıdışı ilə bağlı razılaşmadan asılı olacaq.
Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən belə fikir söyləyib.
“Sülh prosesinin təşəbbüskarı biz olmuşuq. İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə “Dağlıq Qaradağ respublikası”nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik”.
Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu (“Dağlıq Qaradağ Respublikası” – red.) oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır. Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır.
Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə, ümumiyyətlə, bu mövzuya toxunmamaq idi. Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin bu çıxışından sonra Ermənistan tərəfi təkliflə bağlı açıqlama verib. Ermənistan Milli Məclisinin sədri Alen Simonyan dolayısı ilə əhalinin hər iki ölkənin ərazisinə qayıdışı məsələsini zamanın öhdəsinə buraxmağı təklif edib:
“Əgər biz həqiqətən də sülhün bərqərar olmasından danışırıqsa və sadəcə bir kağız imzalamaq və iddia etmək deyil, o zaman hər şeyin vaxt tələb etdiyini başa düşmək lazımdır. Məsələn, biz Gürcüstanla heç bir müqavilə bağlamamışıq, amma burada gürcülər yaşayır, Gürcüstanda soydaşlarımız yaşayır. Təbii ki, bir fərq var, çünki münaqişə amili mövcudur. Bu, o deməkdir ki, vaxt lazımdır, Azərbaycan brend səviyyəsinə qaldırılmış ermənilərə qarşı nifrət təbliğatını dayandırmalıdır”,-spiker belə deyib.
Alen Simonyan əlavə edib ki, hansısa mərhələdə həm ermənilərin Azərbaycana, həm də azərbaycanlıların Ermənistana səfər edəcəyini istisna etmir. Parlament sədrinin açıqlaması göstərir ki, Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına razı deyil və belə bir təklifin sülh sazişinə salınmasını istəmir. Simonyan qeyri-müəyyən gələcəkdə azərbaycanmlıların Ermənistana, ermənilərin isə Azərbaycana səfərinin mümkünlüyündən danışır.
Bu isə o deməkdir ki, azərbaycanlılar turist kimi Ermənistana səfər edə bilər, ancaq orada daimi məskunlaşıb yaşaya bilməz. Simonyanın bu mövqeyi adekvat olaraq ermənilərin də Qarabağa qayıtmasına dair maddənin sülh müqaviləsinə daxil edilməməsi üçün əsas yaradır. Ona görə də Ermənistanın belə bir razılaşmadan imtina etməsi ermənilərin Qarabağa kütləvi köçürülməsi ilə bağlı Qərb dövlətlərinin irəli sürdüyü tələbləri qəbul etməmək üçün hüquqi baza yaradır. Bu isə Qərbdən Azərbaycana yönəlik siyasi təzyiqlərin aradan qalxması deməkdir.
Eyni zamanda, Qarabağdan könüllü köçmüş və beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcək ermənilərin qaytarılması üçün də hər hansı iddialara qarşı Azərbaycanın hüquqi arqumentlərini güclənidirir.
Politoloq İlqar Vəlizadə “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ermənilərin Qarabağa qayıtması yalnız azərbaycanlıların Qərbi Azərbaycana dönəcəyi halda mümkündür.
“Prezident İlham Əliyev də bəyan etdi ki, bu, qarşılıqlı şəkildə olmalıdır. Yəni Qərbi azərbaycanlılar öz vətəninə qayıtmasa, ermənilər də Qarabağa qayıtmamalıdır. Əgər Ermənistan hakimiyyəti bunu istəyirsə, açıq deməlidir. Çox güman ki, onlar bu mövqeyin tərəfdarıdır. Amma Ermənistan bir tərəfdən, ermənilərin Qarabağa qayıtmasını istəyir. Eyni zamanda, bu yanaşma ilə fikirlərini açıq deyə bilmirlər. Çünki başa düşürlər ki, bu real deyil. Ona görə də vasitəçi tərəflərin əli ilə “oyun” oynayırlar.
Xüsusilə də ABŞ bu “oyun”da əsas tərəf kimi iştirak edir. Çox güman ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Bakıya səfəri zamanı da bu məsələ müzakirə olunub. Qərb, o cümlədən ABŞ ermənilərin kütləvi şəkildə Qarabağa qayıtmasından danışır. Lakin bu, yalnız Qərbi azərbaycanlıların Ermənistana qayıtması şərtilə mümkün ola bilər. Əgər Ermənistan özündə cürət tapsa və ermənilərin Azərbaycana qayıtmamasına razı olsa, o zaman sülh danışıqları daha süərtlə davam edə bilər və nəticə əldə etmək daha asan olar”.
Politoloq onu da bildirdi ki, ermənilər qarşılıqlı razılaşma əsasında Qarabağa köçməsə belə, azərbaycanlıların Ermənistana qaytarılması məsələsi beynəlxalq müstəvidə qaldırıla bilər. Bu da azərbaycanlıların Ermənistandan zorla deportasiya edilməsi, ermənilərin isə Qarabağdan könüllü köçməsi ilə bağlıdır:
“Azərbaycan bu tələbi sülh sazişindən kənar irəli sürə bilər. Sülh sazişində azərbaycanlıların və ermənilərin qarşılıqlı şəkildə, həm Ermənistana, həm də Azərbaycana qaytarılması ümumiyyətlə, qaldırılmır. Belə olan halda azərbaycanlıların öz evlərinə dönməsi məsələsi başqa müstəvidə müzakirə oluna bilər. Qərbi azərbaycanlıların Ermənistana qayıtması məsələsinin tələ ediləcəyini Azərbaycan Prezidenti də deyib. Lakin bu, sülh sənədi ilə bağlı deyil”.