ABŞ Kəşfiyyatı: Zəngəzur dəhlizi uğrunda müharibə ola bilər
ABŞ Kəşfiyyatının yeni hesabatında “Azərbaycan və Ermənistan arasındakı münasibətlərin çox güman ki, gərgin olaraq qalacağı” vurğulanır.

Hesabatda deyilir ki, Azərbaycanın Qarabağı geri alması ilə qeyri-sabitlik səngisə də, Azərbaycanın Ermənistana hərbi təzyiq etmək istəyi davam edir.

"...rəsmi sülh sazişinin olmaması, orduların bir-birinə yaxın yerləşməsi, etibarlı atəşkəs təminatı mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda ölçülüb-biçilmiş hərbi təzyiqdən istifadə etmək istəyi olduğu kimi qalacaq", hesabatda deyilir.

ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycanın Naxçıvanla birləşmək üçün quru dəhlizinə sahib olmaqda israr etməsi "silahlı münaqişə ehtimalını" artırır.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-yə hesabatı şərh etmədiklərini bildirib.

Jurnalist Könül Şahin Zəngəzur koridoru uğrunda müharibə ola bilərmi sualını regionun təhlilçilərinə verib - aşağıda oxuyun.
Son həftələrdə Azərbaycan Qərbdən ardıcıl olaraq, Ermənistanla bağlı xəbərdarlıq alır. Sonuncu belə xəbərdarlıq ötən həftə Avropa Parlamentindən gəlib: əgər Azərbaycan Ermənistana hücum edərsə, ona qarşı sanksiyalar tətbiq edilməlidir, avropalı deputatlar bildiriblər.

Rəsmi Bakı Ermənistana qarşı hər hansı hücum etmək planının olduğunu təkzib edir. Prezident İlham Əliyev bunu Azərbaycanın “demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsi” sayır.

Bəs bu xəbərdarlığa əsas verəcək nə baş verib?

Bəzi təhlilçilərə görə, Azərbaycan və Ermənistan arasında hələ də razılaşdırılmamış Zəngəzur dəhlizi yeni gərginliyin səbəbi ola bilər.

Azərbaycan bir hissəsi olan Naxçıvana Ermənistandan keçməklə sərhəd-gömrük nəzarəti olmayan dəhliz istəyir. Ermənistan rəsmi Bakıya yol verməyə hazırdır, ancaq öz nəzarəti altında. Rusiya isə bu yola özü nəzarət etmək istəyir və onun bu istəyi də 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb.

Həllini tapmayan bu məsələ ilə bağlı yeni müharibə baş verə bilərmi?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710345055_1.jpg
“Bu, Azərbaycanın risk edib-etməyəcəyi məsələsi deyil”
Ermənistanın siyasi çevrələrində və mediasında Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün güc tətbiq edəcəyi ilə bağlı müzakirələr davam edir.

Fevral ayında Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanda hökumətin həftəlik iclasında bildirib ki, Ermənistanın kompromislərə hazır olmasına baxmayaraq, Azərbaycan tərəfi daha çox Ermənistan ərazisini “ələ keçirmək” və Yerevandan digər güzəştlər əldə etmək üçün “hərbi zorakılıq siyasəti” həyata keçirir.

Paşinyan, eyni zamanda “France 24” telekanalına müsahibəsində “Rəsmi Bakının bəyanatlarını təhlil edəndə belə qənaətə gəldik ki, həqiqətən də Ermənistana hücum ehtimalı yüksəkdir” deyib.

Bir çox ermənilər kimi, Ermənistanda mənzillənən siyasi şərhci Hakop Badalyan da bölgədəki nəqliyyat əlaqələrinin hərbi güc yolu bərpa edilməsini “kifayət qədər yüksək ehtimal” sayır. Siyasi təhlilçi əlavə edir ki, bölgədə stabilliyin pozulması regional güclər olan İran və Rusiyanın istəmədiyi bir şeydir, amma Azərbaycan Ermənistana hücum edərsə, Rusiya və İran Azərbaycan və Türkiyəyə qarşı hərbi qarşıdurmaya girməyəcəklər, əksinə, ortaq məxrəcə gəlməyə çalışacaqlar”.

“Vəziyyət riskə doğru inkişaf edərsə, onu idarə etməyin asan olması üçün Ermənistan Qərblə əməkdaşlıq etməyə çalışır”- Hakob Badalyan deyir.

Bu ilin yanvarında Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Ermənistanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğunu və bu, baş verərsə, bunun Azərbaycan və Avropa İttifaqı münasibətləri üçün ciddi nəticələr doğuracağını bəyan edib.

Rəsmi Bakı Zəngəzur dəhlizindən öz şərtləri əsasında istifadə etmək niyyətindən geri çəkilmədiyini gizlətmir, amma israrla vurğulayır ki, bunu güc yolu ilə həyata keçirmək istəmir.

“Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, - Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib və bu açıqlamanı Azərbaycana qarşı “pərdələnmiş təhdid” kimi qiymətləndirib.
“Moskva Yerevanı cəzalandırmaq üçün Bakıdan istifadə edə bilər”
Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin - AVİM baş şərhcisi Dr.Turqut Kərəm Tuncelin fikrincə, Moskva Qərbə yaxınlaşmaq siyasəti aparan Yerevanı Bakı vasitəsilə cəzalandırmaq üçün Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlara sövq edə bilər və Bakının burada “diqqətli olması” lazımdır:

“Ermənistana qarşı işğal Azərbaycanın beynəlxalq aləmdə təcavüzkar və günahkar tərəf kimi qəbul edilməsinə səbəb yaradacaq bir hadisə olar. Ona görə də Bakının bu cür təxribatlara qarşı ayıq-sayıq olması məqsədəuyğundur.

Nəticə etibarilə, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsi ehtimalı o qədər də yüksək olmaya bilər. Lakin sərhəd xəttində kiçik miqyaslı münaqişələr gözlənilən hadisələrdir”, - o vurğulayıb.

Amma şərhçi onu da əlavə edir ki, Yerevanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana genişmiqyaslı hücuma keçəcəyini iddia etməkdə məqsədi həm Qərb dövlətlərindən siyasi və hərbi dəstək qazanmaq, həm də Azərbaycanı Qərb ictimaiyyətinin nəzərində “şeytanlaşdırmaqdır”.

Avropa Parlamenti fevralın 28-də açıqladığı “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” adlı illik hesabatında qeyd edib ki, Ermənistanın ərazi bütovlüyünə hər hansı bir hərbi təcavüz edilərsə, Prezident Əliyevin hərbi və siyasi əhatəsinə sanksiyalar elan olunmalı, Azərbaycandan neft və qaz idxalı dayandırılmalıdır. Sənəddə, eyni zamanda Avropa İttifaqı olmayan ölkələrin Azərbaycana yardımları pislənib.

Avropalı deputatlar, həmçinin Ermənistanla daha sıx əməkdaşlığa və Ermənistana özünü müdafiəsi üçün hərbi dəstək göstərməyə çağırıblar.
“Yeni müharibə Azərbaycanın marağına uyğun deyil”
Bakıda yerləşən Topçubaşov Mərkəzinin siyasi şərhçisi Məhəmməd Məmmədova görə, tərəflərin sürətlə silahlanmağa davam etməsi və üçüncü ölkələrin Bakı-Yerevan çəkişmələrindən faydalanmağa çalışması qarşılıqlı inamsızlıq mühitində yeni bir müharibə və ya sərhəd toqquşması ehtimalını artırır.

Amma o, eyni zamanda əlavə edir ki, yeni müharibə Azərbaycanın marağına uyğun deyil və Zəngəzur dəhlizinə görə Ermənistana hücum edəcəyi ehtimalı çox azdır:

“Hər şeydən əvvəl, Bakıda anlayırlar ki, Ermənistan ərazilərinin işğalı elə bir beynəlxalq reaksiya doğura bilər ki, bu da ilk növbədə Azərbaycanın müstəqil və funksional bir dövlət kimi varlığını sual altında qoya bilər. İkincisi, Bakı Qarabağın tam azad olunmasından sonra regional stabilliyin təmin olunmasında maraqlıdır ki, bu da Orta Dəhliz və COP29 kontekstində ölkəyə yeni investorların gəlməsi və ölkənin beynəlxalq arenada imicinin yaxşılaşması üçün çox önəmlidir”, - Məhəmməd Məmmədov BBC News Azərbaycancaya deyib.

Təhlilçiyə görə, sərhədəki son gərginliklər yeni bir müharibənin əlaməti deyil, bunu daha çox sülh müqaviləsinin imzalanması perspektivlərinin azalması kimi dəyərləndirmək lazımdır.

Fevralın 13-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə iki hərbçi yaralanmış, 4-ü həlak olmuşdu.

“Hal-hazırda Azərbaycan tərəfinin əsas arqumenti odur ki, Ermənistan bu gün bu təklifi dəyərləndirib öz ərazisindən Bakı tərəfindən irəli sürülən şərtlərlə tranzitə icazə versin, yoxsa 30 ildir davam edən izolyasiya daha da uzanacaq”- Məhəmməd Məmmədov qeyd edir.

Bakıda yerləşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, Azərbaycan Zənzəzur uğrunda döyüşməyəcək.

O qeyd edir ki, Ukraynada müharibənin başlamasından sonra Rusiyanın sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə etməsinin nəticəsində iki ölkə arasında ticarət həcmi artıb və bu da Ermənistanın illik iqtisadi artım tempinin yüksəlməsinə səbəb olub:

“Ermənistan məhz bu təcavüz şousunu inkişaf etdirərək sanksiyalar məsələsinə göz yumulmasına, həm də Qərb tərəfindən diqqət və dəstəyə nail olur. Sülh sazişi imzalanacağı, təcavüz şousunun aradan qalxacağı halda Qərbin ,xüsusən də Fransanın Ermənistana diqqəti və hərbi sahədə dəstəyinin miqdarı azalacaqdır”, - Fərhad Məmmədov deyir.

Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanla Bakı arasında sülhün hələ mümkün olmadığı fikrindədir. O, France 24 telekanalına müsahibəsində Azərbaycanın Ermənistana hücum etmək ehtimalının böyük olduğunu deyib.

“Rəsmi Bakıdan səslənən bəyanatları təhlil edərkən, qənaətə gəlirik ki, bəli, Ermənistana hücum çox mümkündür. Niyə? Ona görə ki, məsələn, Bakıdan tez-tez Qərbi Azərbaycan haqqında bəyanatlar səslənir. Əslində, Azərbaycan Ermənistan Respublikasının ərazisinin böyük hissəsini Azərbaycan hesab edərək, Qərbi Azərbaycan adlandırır. Diplomatik səviyyədə Azərbaycan əmin edir ki, Ermənistana təcavüz etmək niyyəti yoxdur”, - Ermənistan Baş naziri deyib.
Zəngəzur dəhlizi məsələsi tərəflər arasında necə həll edilə bilər?
Ermənistandan olan siyasi şərhci Hakob Badalyana görə, Cənubi Qafqazda nəqliyyat yollarının açılmasının geosiyasi əhəmiyyəti artıb və bu da problemin həllinin Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxması deməkdir:

“Təbii ki, Bakı və Yerevan həll yolunun formalaşmasında əhəmiyyətli rol oynayırlar, lakin problemin əsas benefisiarları regional güclərdir. Faktiki dünya müharibəsi gedir və bu müharibənin əsas məqsədlərindən biri Çindən Avro-Atlantikaya qədər mühüm kommunikasiya və logistikaya nəzarətdir. Qafqaz ən mühüm regionlardan biridir və burada hansı mərclərin olduğunu təsəvvür edə bilərik”,- Badalyan qeyd edir.

Türkiyəli siyasi şərhci Turgut Kərəm Tuncelə görə, Zəngəzur dəhlizi açıldığı təqdirdə Ermənistanın 30 ildən artıqdır ki, regionda həyata keçirilən iri infrastruktur layihələrindən kənarda qalmasına və bölgədəki tədricinə son qoyulacaq:

“Təcriddən qurtulub regiona inteqrasiya olan Ermənistanın belə bir vəziyyətdən siyasi və strateji üstünlüklərlə yanaşı, iqtisadi səmərə əldə edəcəyi və Ermənistanın Cənubi Qafqazın nəqliyyat qovşağı olması ilə təhlükəsizliyini də gücləndirəcəyi izah edilməlidir”.

O qeyd edir ki, Türkiyə Cənubi Qafqazda genişmiqyaslı münaqişənin baş verməsini istəmir.

Turgut Kerem Tuncel deyir ki, Rusiya-Ukrayna müharibəsinə görə, Avropa ölkələri həm Rusiya təbii qazına, həm də Asiya və Avropa arasında ticarət və nəqliyyatı təmin edən və Rusiyadan keçən Şimal dəhlizinə alternativ axtarırlar. Bu vəziyyət Asiya ilə Avropa arasında həm enerji, həm də nəqliyyat qovşağına çevrilməsi baxımından Türkiyəyə üstünlüklər verir və Cənubi Qafqazda davam edən qeyri-müəyyənlik və qarşıdurma mühiti Türkiyənin bu məqsədlərə çatmasına əngəl törədəcək.

Onun sözlərinə görə, Türkiyə bu dəhlizi Orta Asiya ölkələri ilə əlaqə yaratmaq üçün mühüm layihə kimi görür və Zəngəzur dəhlizi açılmasa, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını mümkün görmür:

“Türkiyənin Avrasiya strategiyası Asiya ilə Avropa arasında enerji və nəqliyyat qovşağına çevrilməyə əsaslanır. Ermənistanla sərhədlərin açılması məsələsinə də bu kontekstdən baxılmalıdır. Yəni regionda nəqliyyat xətlərinin inkişafı çərçivəsində Ermənistanla sərhədin açılması vacibdir. Zəngəzur dəhlizinin Türkiyə üçün əhəmiyyəti də eyni səbəbdən qaynaqlanır; yəni regionda nəqliyyat və enerji xətlərinin inkişaf etdirilməsi və Orta Asiya-Cənubi Qafqaz-Türkiyə xəttini Şərq-Qərb istiqamətində dominant xəttə çevirmək”.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib ki, Ermənistan bu layihəni təsdiqləməsə, alternativ olaraq, İran üzərindən keçən yola üstünlük veriləcək.

Bakı və Tehran bir müddət öncə İrandan keçməklə Naxçıvanı Azərbaycana birləşdirəcək yeni yolun tikilməsinə razılaşıb.
 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
25 Noyabr 2024 Bu gün Kəlbəcər günüdür
24 Noyabr 2024 Laçındakı zəlzələnin görüntüləri – VİDEO
23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı

Dünyapress TV

Xəbər lenti