Ardını oxu...
Son vaxtlar bəzi KİV-lərdə Bakının 8-ci kliometr ərazisində yerləşən, 2009-cu ildə dəyəri 15 milyon manat həcmində olan “Flaminqo” adlı restoranın Naxçıvanın sabiq rəhbərliyi tərəfindən necə ələ keçirildiyi ilə bağlı çeşidli məlumatlar tirajlanır. Həmin vaxt sözügedən restoranı idarə edən, girov götürülən Cəmil adlı iş adamın azad olunması üçün pulu aparıb Naxçıvan rəhbərliyinə şəxsən verən Ələkbərov Nizami Əkbər oğlu adlı şəxs ”Flaminqo” cinayəti ilə bağlı Azinforum.az saytına eksklüziv və çox sensasion sayıla biləcək müsahibə verib. Vaxtınızı ayırıb, 40 dəqiqəlik bu müsahibəyə baxmaqla, siz sanki mafioz ssenarisi əsasında hazırlanmış filmi izləmiş olacaqsınız. Nizami Ələkbərov müsahibəsində bildirdi ki, “Flaminqo” cinayəti ilə bağlı yazılanları, danışılanların hamısını izləyib, ancaq onların heç birində hadisə haqda dəqiq və müfəssəl məlumatlara rast gəlməyib. Naxçıvanın sabiq rəhbərliyinin və əslən naxçıvandan olan tanınmış oliqarxların adının hallandığı “Flaminqo” cinayətini əsl şahidin dilindən eşidək. Azinforum.az həmin müsahibəni təqdim edir:

 
 
 
Ardını oxu...
Karnegi Fondunun eksperti, tanınmış jurnalist Tomas de Vaal “Azadlıq” radiosunun erməni redaksiyasına Laçın yolundakı aksiyanın səbəbləri və ümumilikdə Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı geniş müsahibə verib.

Axar.az müsahibənin azərbaycanlı oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq, qısa ixtisarlı təqdim edir:

Erməni jurnalist: Siz hələ sentyabr ayında demişdiniz ki, Əliyevin hədəfi Ermənistanı Qarabağa iddiadan əl çəkən sülh sazişi imzalamağa və Zəngəzur dəhlizini açmağa məcbur etməkdir. Hazırda Laçın yolunda baş verənlər bununla bağlı konkret fəaliyyətdirmi?

- Əlbəttə, hazırda baş verənlər çox ciddi fəaliyyətdir. Qorxuram ki, 2023-cü il gərgin və ağır il olsun. Ümid edirəm ki, yeni konflikt olmayacaq. Ancaq yeni silahlı konfliktin simptomları ərazidə özünü göstərir – hələlik danışıqlar aparılmır, faktiki olaraq 2020-ci il noyabr razılaşması fəaliyyət göstərmir, ona görə ki, noyabr razılaşmasının bir bəndi olan Laçın yolunda nəqliyyat işləmir. Əlbəttə, ciddi təhlükə var ki, Zəngəzur dəhlizi və Qarabağ ermənilərinin taleyi danışıqlar masasında yox, yerində həll olunacaq. Doğrudur, Brüsseldə danışıqların yenilənməsi ilə bağlı ciddi cəhdlər var, görək, yanvarda alınacaqmı? Amma hələlik vəziyyət çox ciddidir.

Erməni jurnalist: Belə çıxır ki, Ermənistan öz ərazisində dəhliz vermədiyi üçün müharibə qaçılmazdır...

- Yox, mən elə deməzdim. Düşünürəm ki, konflikt olsa belə, onun miqyası 2020-ci il müharibəsindən çox kiçik olacaq. Həm ona görə ki, Ermənistanın hərbi resursları azdır, həm də Prezident Əliyevin yeni, tammiqyaslı konflikdə maraqlı olduğunu sanmıram. Əgər Əliyev istədiklərini masada ala bilməsə, o, Ermənistana təzyiq edəcək, ancaq bu təkcə müharibə deyil.

Erməni jurnalist: Niyə Rusiya bu məsələyə müdaxilə etmir? Üçtərəfli Bəyanata görə, Laçın yolu onların məsuliyyət zonasıdır.

- Məntiqli sualdır, ancaq mənim buna dəqiq cavabım yoxdur. Ümumi səbəb o ola bilər ki, hazırda Rusiya hərbi, iqtisadi, siyasi - bütün resurslarını Ukrayna savaşına cəmləyib. Əlbəttə, sülhməramlı missiyası Qarabağda qalır, ancaq indi bu missiya bir il əvvəlki kimi güclü və peşəkar deyil. İkinci səbəb o ola bilər ki, Moskva uzun illərdir hər iki tərəflə - həm Bakı, həm də İrəvanla yaxşı münasibətlərdədir və Azərbaycanı qıcıqlandırmaq istəmir.

Erməni jurnalist: Ermənistanda bu fikir tez-tez səslənir ki, Rusiya özü Azərbaycanın bu təzyiqinə qarşı deyil, çünki Moskvanın özünə də Zəngəzur dəhlizi lazımdır. Siz bu fikri bölüşürsünüzmü?

- Yox, elə düşünmürəm. Əvvəla, Moskvada müxtəlif maraqlar var. Hesab etmirəm ki, Kremldə bir nəfər oturub və Qafqazla bağlı bütün qərarları o verir. Orda müxtəlif şəxslər və maraqlar var – iqtisadi, siyasi, hərbi... Rusiya artıq 30 ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasında “oynayır”. Əlbəttə, Rusiyanın marağındadır ki, Naxçıvana gedən yol (Zəngəzur dəhlizi) açılsın və 10 noyabr 2020-ci il bəyanatında qeyd edildiyi kimi, o yola Rusiya FTX-si nəzarət etsin. Amma Rusiyanın başqa marağı da var – istəyir ki, Qarabağdakı missiyası daha çox davam etsin, xüsusilə 2025-ci ildən sonra da. Doğrudur, 2020-ci il müharibəsinə qədər də Rusiya Ermənistana təzyiqin əleyhinə deyildi. Çünki həm Rusiya, həm də Azərbaycanda o rəy var ki, Ermənistan danışıqları ləngidir. Kreml və Bakı 2022-ci ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağını gözləyirdi. İndi onlar bu təzyiqi hansı həddə qədər davam etdirmək istəyəcəklər, demək çətindir.

Bakıda belə bir fikir var ki, Ruben Vardanyan Kremlin layihəsidir. Mən belə düşünmürəm. Ancaq bu baxımdan Azərbaycanla razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesinə ciddi ziyan vurdu, onu ləngitdi.

Erməni jurnalist: Niyə belə düşünürsünüz?

- Ona görə ki, Vardanyan daha güclü fiqurdur, avtoritetdir. Bakı düşünürdü ki, yerli ermənilərlə danışıqlar apara biləcək. Vardanyan buna mane olur.

Erməni jurnalist: Belə başa düşdüm ki, siz Rusiyanı əvvəlki kimi güclü vasitəçi sayırsınız. Yoxsa onun daha Azərbaycana təsir rıçağı yoxdur?

- Mən artıq bir neçə dəfə demişəm ki, Avropa Birliyi daha neytral vasitəçidir. Ona həm Bakıda, həm də İrəvanda daha çox inam var. Ona görə də AB bu prosesə nə qədər çox daxil olsa, o qədər yaxşıdır. Ümid var ki, sərhəd missiyası bu il bərpa ediləcək və AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar yenilənəcək. Mən bundan başqa yox görmürəm.

Erməni jurnalist: Ermənistanda Qərbin mümkün hərbi yardımı ilə bağlı ciddi müzakirə gedir. Sizcə, bu, realdırmı?

- Məyus edəcəm sizi, real deyil. Regiona daha yumşaq müdaxilə müşahidəçilər, texniki, iqtisadi yardımlarla ola bilər. Təhlükəsizliklə bağlı əsas faktor Rusiya missiyasının üzərindədir. Hətta Ukraynada müharibəyə baxmayaraq, bu, fakt olaraq qalır. Ancaq 2025-ci ildən sonra Rusiyanın sülhməramlılarımı, yoxsa AB-nin müşahidə missiyasımı olacaq – bu müzakirəyə indidən başlamaq mümkündür.

Erməni jurnalist: Bəs, niyə Qərb Azərbaycana qarşı sanksiya tətbiq etmir?

- Sanksiya ən sonuncu silahdır. Bilirəm ki, hazırda Qərbin simpatiyası Ermənistanadır. Ancaq 30 il müddətində orda konflikt olub və heç bir tərəf mələk deyil. Hətta hazırda ərazidə hansı situasiyanın olmasına baxmayaraq, Azərbaycana sanksiya ümumiyyətlə müzakirə olunmur.

Erməni jurnalist: Sizcə, hazırda sülhməramlılar və azərbaycanlılar arasında Laçın yolunda hansı müzakirə gedir? Əlbəttə, ekoloji problem bəhanədir...

- Bilirsiniz, Azərbaycanın iradı var və bunu başa düşmək mümkündür. Azərbaycanın praqmatik baxışı budur ki, Laçın yolundan gediş-gəliş şəffaf olmayıb – o yoldan mina, silah-sursat daşınıb, hansısa ölkələrin hansısa vətəndaşları ordan keçiblər. Bu baxımdan Azərbaycanı başa düşmək mümkündür. Əlbəttə, bu, dəhlizi tam bağlamağa əsas vermir. Hesab edirəm ki, hazırda bu suallar ətrafında müzakirələrin getməsi doğrudur – Laçın yolunda şəffaf rejim olmalıdır, kim keçir, nə keçirir...

Erməni jurnalist: Hansı şərtlərlə Laçın yolu açılacaq?

- Bilmirəm – çünki Prezident İlham Əliyevin iradları çoxdur. Prezident Əliyev 2022-ci il üçün sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılmasını istəyirdi. Ancaq alınmadı. Əlbəttə, təzyiq - Laçın yolundakı indiki vəziyyət həm də buna görədir.

Erməni jurnalist: Danışıqlar dalana dirənibmi?

- Yox, yeni konflikt başlamayana qədər danışıqlar heç vaxt dalana dirənmir. Düşünürəm ki, əgər Azərbaycan tərəfdən eskalasiya olacaqsa, Rusiya və Qərbdən reaksiyalar veriləcək. Azərbaycan Rusiya deyil – ortasəviyyəli ölkədir və başa düşür ki, müəyyən təsir vasitələrinə sahib olsa da, Qərbin və Rusiyanın maraqlarına toxunarkən ehtiyatlı olmaq lazımdır.

Erməni jurnalist: Siz bu gün Qarabağın ermənilərin olmasını mümkün sayırsınızmı?

- Yox, bilmirəm... Mən yeni konflikt proqnozlaşdırmaq istəmirəm. Ancaq düşünürəm ki, dəhliz açılandan sonra Qarabağdakı ermənilərin əksəriyyəti çıxıb gedəcək, çünki orda yaşam şərtləri münasib deyil. Bəlkə də elə Azərbaycanın taktikası da budur – Qarabağ erməniləri konflikt olmadan, sadəcə, çıxıb getsin. Hesab edirəm ki, ermənilər üçün şərait bu gedişlə get-gedə daha da çətinləşəcək.

Erməni jurnalist: Əgər ermənilərlə danışıqlar getmirsə, ümumiyyətlə, hardan zəmanət var ki, Qarabağda ümumiyyətlə erməni qalacaq?

- Danışıqlar aparılırdı, düşünürəm, indi də gedir. Sadəcə, məxfi şəkildə aparılırdı. Hesab edirəm ki, Vardanyanın mövcudluğu Bakı ilə Qarabağdakı ermənilər arasında gedən danışıqları çətinləşdirdi...

Bakıda maksimalist yanaşmalar var, çünki mövcud şərait buna imkan verir. Ancaq nə qədər şərait imkan versə də, hesab edirəm ki, Bakıda ehtiyatlı olmağı düşünürlər. Çünki hətta qısa toqquşma da olarsa, Zəngəzur dəhlizi açılmaya bilər.
 

Ardını oxu...
“2020-ci ildən başım övladıma qarışıb. Son iki il mənim üçün ailə həyatımla, ən əsası da övladımla bağlı önəmli, yaddaqalan illər oldu. Ərimin keçmiş həyat yoldaşı ilə bağlı problemlərimiz bitdi. Çox şükür! Uşağımız dünyaya gələndən sonra qadın nə yoldaşımı, nə də ki, məni narahat etmir. Özü də başa düşdü ki, nə var, nə yox”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə deyib.

“Sənətə günü bu gün qayıdaram. Amma övladımın böyüməsini gözləyirəm. Çünki mənsiz qala bilmir. Yoldaşım da icazə verir, mənə qadağası yoxdur. Sənətimi atmamışam, davam etdirəcəm, sadəcə bir az zamana ehtiyacım var. Bir il bəs edər məncə. Aktrisalıq fəaliyyətimi Türkiyədə davam etdirəcəm. Bu həyatda mümkün olmayan heç nə yoxdur. Yetər ki, insan özü istəsin, çaba göstərsin” deyə aktrisa bildirib.

Cəmilə Tağızadə bildirib ki, sənətdə hər şey maddiyatdan asılıdır.

“Bəzən deyirlər ki, sənətdə mütləq adamın olmalıdır. Bu sözlə razı deyiləm. Vaxtilə Azərbaycanda ən çox çəkilən aktrisalardan biri də mən idim. Mənim nə adamım, nə də tapşıranım var idi! Öz istedadımla, gücümlə, biliyimlə bu sahəyə gəlmişdim. Məncə bunlar hamısı bəhanələrdir. Bəli, elə aktyor, aktrisalarımız var ki, daim onlar çəkilir. Buna görə bir çox rejissorlarımızı qınaya bilərəm. Eyni simalar nə qədər olar?! Teatrlarımızda bir bilsəniz ki, nə qədər yeni üzlər, yeni simalar var. Rejissorları da bir yandan qınamaq düzgün deyil. Çünki istehsalçı şirkət öz filmində tanınmış, məşhur simanı görmək istəyir. Kim istəməz ki, Bred Pit olan filmi izləməsin?! Bütün dünya praktikasında bu belədir. Kim daha çox tələb olunursa, izlənilirsə o da çəkilir. Bizdə elə aktrisalar var ki, dostluqla, tanışlıqla, tapdığı sponsorla özünü baş rolda çəkdirir. Bu tək Azərbaycanda deyil, hər yerdə belədir. Türkiyənin yeşilçam ulduzu Türkan Şorayı da vaxtilə Rüçhan adlı iş adamı qabağa çəkib, ulduz etmişdi. Kimin pulu varsa o həmişə öndədir. Mən də buna qarşıyam. Bizdə yaxşı rejissorlar da, prodüsserlər də var, sadəcə tək problem maliyyədir. Maliyyə problemi aradan qaldırılsa, biz də yüksək səviyyəli filmlər çəkib, nüfuzlu festivallara çıxararıq” deyə aktrisa bildirib.
 
Ardını oxu...
Xankəndidən çıxış üçün kəndlər arası yollar var. Amma o yollarla qış aylarında hərəkət etmək mümkün deyil. Erməni tərəfi həmin yollarda bir az abadlıq işləri aparmaq istəyirdi. Rus sülhməramlıları tərəfindən bu fəaliyyətlərin qarşısı alındı. Bütün bunların müqabilində Xankəndidəki separatçıların bəlli ehtiyyatları var. Sözsüz ki, bu ehtiyyatlar onların iddiasına görə, indiki dövrə kimi tükənmiş olmalı idi. Hazırda Xankəndidə yanacaqla bağlı problemlər ola bilər. Amma Qarabağ ərazisindəki avtomobillərin əksəriyyəti sıxılmış qazla işləyir. Qaz təchizatında problem olmadığına görə, bu prosesdə dayanma qeydə alınmayıb.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki Xankəndidən çıxış üçün alternativ yolların olması da istisna deyil: “Amma bununla bağlı da tutarlı fakt mövcud deyil. Azərbaycanlı aksiyaçıların Şuşa-Xankəndi yolunda erməni əsilli insanlara humanitar yüklərin daşınmasının qarşısını almaq niyyəti yoxdur. Burada ekoloji problemlərin, təbii sərvətlərimizin talanmasının qarşısını almaq üçün aksiya keçirilir. Ermənistandan Qarabağa gələn hümanitar yüklərin keçidində heç bir problem yoxdur. Amma şərt odur ki, o maşınların içərisində olan yüklərə baxış keçirilməlidir. Çünki biz bilməliyik ki, ora daşınan kartof kisələrinin altında nə daşınacaq Azərbaycan tərəfi yolun humanitar məqsədlər üçün açıq olmasını, eyni zamanda Dəmirçi, Qızıl Bulaq yataqlarında monitorinq aparılmasını istəyir”.

Hərbi ekspert vurğulayıb ki, Xankəndiyə giriş-çıxışla bağlı yolun bağlanmasını rus sülhməramlıları həyata keçirir:

“Azərbaycanın bununla bir əlaqəsi yoxdur. Amma bu o demək deyil ki, biz Qarabağa daşınan yüklərə nəzarət etməməliyik. Sözsüz ki, dünya birliyi ilkin olaraq erməni hay-küyünə bir az aldanmışdı. Amma Azərbaycan tərəfi bunun əksini sübut etdi. Burada maraqlı cəhət odur ki, orada yaşayan ermənilər ac qalmağa razıdırlar, amma yüklərin bizim tərəfimizdən yoxlanmasını istəmirlər. Bu başa düşülən deyil. Məhz bu amil o yüklərin içərisində hərbi məqsədli vasitələrin olmasından xəbər verir”.

Ədalət Verdiyev deyib ki, Qax rayonunda Yeni il şənliyi keçirilmədi, heç yolka da quraşdırılmadı, şaxta baba, qar qızı da görən olmadı:

“Amma Xankəndidə yeni il bayramı keçirilirdi, restoranlarda boş yer yox idi. Ona görə də boş-boş erməni hay küyünə heç kəs inanmasın. Artıq dünya ictimaiyyəti də ermənilərin bu hay-küyünə inanmır. BMT TŞ-nın son qərarından göründüyü kimi Fransa-Ermənistan və İrandan başqa bu hay-küylərə inanan yoxdur”.
Ardını oxu...
Taras Zaqorodnı: “Putin üçün əhaliyə nəyisə demək lazımdır, “uğur“ vermək lazımdır. SSRİ-nin bərpası 2023-cü ildə ruslara “yaxşı hədiyyə” olardı”

“Putin elita üçün artıq tullantı məhsuludur. Elitanın qlobal vəzifəsi Putinlə və ya Putinsiz hakimiyyətdə qalmaqdır. Ölkənin başında kim olacaq? Onlar üçün fərq etməz”

Siyasi texnoloq Taras Zaqorodnı UNİAN-a müsahibəsində Kremldəki vəziyyət, Rusiya Federasiyasının Belarusla bağlı addımları və Moldovaya hücumun gözlənilib-gözlənilməməsindən danışıb. AYNA Zaqorodnının müsahibəsini istinadla təqdim edir:

- Putinlə Lukaşenkonun görüşünün rəsmi nəticələri məlumdur. Onlar kosmosda əməkdaşlıq, iqtisadiyyatın və elmin dirçəldilməsi planlarını açıqlayıblar. Amma təbii ki, görüşdə sanksiyalar, müdafiə, təhlükəsizlik məsələlərini müzakirə olunub. Sizcə, Putin Minskə səfəri zamanı nəzərdə tutduğu razılaşmalara nail olubmu?

- Aydın məsələdir ki, ölkə rəhbərləri müdafiə nazirini iqtisadiyyat, kosmos və digər maraqlı mülki məsələləri müzakirə etmək üçün özləri ilə aparmırlar. Məlumdur ki, Putin Belarusun rəsmi şəkildə müharibəyə girməsi üçün Lukaşenkoya təzyiq göstərməyə çalışır. Üstəlik, təxminən iki həftə əvvəl Belarusa gələn Şoyqu Lukaşenko ilə kifayət qədər mülayim danışdı. Məsələn, o, dialoqunda iki dəfə Belarusun müdafiə naziri ilə danışdığını, bəzi müqavilələr imzaladığını qeyd etdi və dedi: “Mümkünsə, sizinlə görüşərik”. Bu, əslində Lukaşenkoya qarşı açıq şəkildə səslənən təhdiddir. Xarici işlər naziri Makey o qədər də yaşlı deyildi, amma qəflətən öldü. Bu, çox güman ki, Lukaşenkonun özünə xəbərdarlıq idi: “Əgər müqavimət göstərməyə davam etsəniz, sizi bu yolla ağıllandıracağıq”. Hesab edirəm ki, Lukaşenko nə qədər dirəniş göstərsə, bir o qədər çox təhdid alacaq.

- Rusiya Lukaşenkonun hakimiyyətdən devirə, öz adamını hakimkiyyətə gətirə bilərmi?

- Müharibəyə açıq şəkildə girmək üçün lazım olan əmrləri də elə həmin müdafiə naziri verə bilər. Ola bilsin ki, o, hətta Yanukoviçin sxemi ilə Rusiya qoşunlarını Belarusa dəvət etsin. Putin bunu “böyük uğur” kimi təqdim edər və deyər: “Biz başqa ölkəni inteqrasiya etdik, Sovet İttifaqını yenidən yaradırıq”. Unutmayaq ki, bu il SSRİ-nin yaranmasının 100 illik yubileydir. Mən istisna etmirəm ki, ümumiyyətlə, Belarusun işğalı baş versin, çünki orada müqavimət göstərən yoxdur. Sifarişləri yerinə yetirmək üçün istifadə olunan mərkəzləşdirilmiş aparat var. Vətəndaş cəmiyyəti, milli kimlik, müstəqil biznes, media azadlığı yoxdur. Lukaşenkoya müqavimət göstərənlər isə ya indi həbsxanalardadır, ya xaricdə, ya da Ukraynada Kalinovski alayının tərkibində döyüşürlər. Putinə hərbi sənaye kompleksinin Belarus müəssisələri, belarus əsgərləri insan resursu şəklində lazımdır.

İkinci variant odur ki, Lukaşenko istəməsə belə, yenə də əmr verir. Sonradan gücünü və həyatını itirir. Belarus ordusu kiçikdir. Hətta bizim sərhəd xidmətimizdən də kiçikdir. Onun döyüşə hazır bölməsi 7-10 gün ərzində məhv ediləcək.

- Bəs Lukaşenko hakimiyyətini saxlamaqda kimə arxalanacaq?

- Bu, çətin sualdır. Çünki ordu ona hakimiyyəti saxlamağa kömək edir. Hesab edirəm ki, Lukaşenkonu xilas edə biləcək yeganə ölkə Çindir. Çinlilərin onunla hələ də yaxşı münasibətləri var. Hətta Lukaşenkonun oğlu bir dəfə Çin dilində mahnı oxuyub, dili öyrənib.

Putin üçün isə əhaliyə nəyisə demək lazımdır, “uğur“ vermək lazımdır. SSRİ-nin bərpası 2023-cü ildə ruslara “yaxşı hədiyyə” olardı. Əlbəttə, o deyəcək: “Ukraynadan istədiyimiz nəticəni almadıq, amma Belarusu aldıq”.

Aydındır ki, hər iki variant Lukaşenkoya uyğun deyil. Biz görürük ki, o, Kremldən 10 ay ərzində daha çox uzaqlaşmaq xətti götürüb. KİV-in məlumatına görə, Lukaşenko ağasının Minskə səfərindən, görüşdən yayınmaq istəyib. Onun qripə yoluxduğu barədə məlumat yayılıb. Düşünüb ki, Putin xəstəlikdən qorxacaq. Amma bu baş vermədi, Putin Minskə getdi.

Lukaşenko çox çətin vəziyyətdədir. Amma bu vəziyyətə özü-özünü salıb. Mən Rusiyanın hələ də Belarusu işğal etməyə çalışacağı variantına inanıram.

Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasına bir neçə həftə qalmış, Zelenskinin fiziki olaraq məhv edilməsi əmrini verən Vladimir Putin eyni ssenari ilə gedir.

- Moldovanın informasiya və təhlükəsizlik xidmətinin rəhbəri bildirib ki, Rusiya Federasiyası 2023-cü ildə ölkəni işğal etməyi planlaşdırır. O bildirib ki, məsələ işğalın olub-olmayacağı deyil, buna nə vaxt başlayacaqlarıdır. Sizcə, Putinə belə bir qərar verməyi kim məsləhət görüb?

- İnanıram ki, belə bir ehtimal var. Dnestryanıda bir qruplaşma mövcuddur. Bəli, kiçikdir, amma nəzərə almaq lazımdır ki, Moldovanın əslində ordusu yoxdur və ölkənin özü də kiçikdir. Son vaxtlara qədər Moldova Rusiya mediasının çox güclü təsiri altında idi. Orada geniş "beşinci kolon" var. Unutmayaq ki, bu, Sanduya seçkidə uduzan Dodondur. Onun Kreml agentlərindən ibarət çoxlu tərəfdarları var. Muxtar yaşayan rusiyapərəst Qaqauziya var. Ona görə də Rusiyanın Moldovanı işğal etmək ehtimalı çox yüksəkdir.

Belə bir ssenarinin qarşısını almağın yeganə yolu odur ki, Moldova Ukraynadan Dnestryanı məsələsini nəhayət həll etməyi xahiş etməlidir. Çünki biz özümüz Dnestryanı əraziyə qabaqlayıcı zərbələr endirə bilmirik, lakin bu anklavı ləğv etmək bizim maraqlarımıza uyğundur. Çoxlu qüvvələr bu istiqamətdə dayanır, çünki qarşı tərəfdən irəliləyiş riskləri var. Xatırladaq ki, Ukrayna artıq Maya Sanduya bu məsələni həll etməyi təklif edib. Təbii ki, burada qərar yalnız Sanduya aiddir. O, ya Moldova Parlamenti rəsmi olaraq Ukraynaya müraciət etməlidir. Təəssüf ki, hələ də belə bir müraciət daxil olmayıb. Amma nə qədər gec olsa da, mən cənab nazirin səsləndirdiyi ssenariyə inanıram. Çünki yenə deyirəm, Kreml agentləri Moldovada çoxdur.

- Üç gün ərzində Kişinyovu götürmək variantı işləyə bilərmi?

- Bəli, orada işləyə bilər. Belə bir risk mövcuddur.

- Qayıdaq Rusiyaya. Blaqoveşenskdə əhalinin raket zərbəsi zamanı nə etməli olduğu barədə sosial çarxlar peyda olub. Bunları kim vura bilər ki?

- Rusiyada əslində eyni vaxtda çoxlu proseslər gedir. Bir tərəfdən Ukraynadakı müharibə ilə birbaşa əlaqəli olanlar, digər tərəfdən dolayısı ilə müharibə ilə bağlı olanlar var. Rusiya elitası artıq başa düşüb ki, müharibə uduzulub. Uduzulan müharibə faktorundan hakimiyyət uğrunda mübarizə, aktivləri qorumaq üçün mübarizə və hakimiyyəti saxlamaq amili kimi istifadə edirlər.

İstisna etmirəm ki, Putinin indiki səfərbərlik qərarı Ukraynadakı müharibə üçün deyil, ölkədə hakimiyyəti saxlamaq üçün istifadə olunacaq.

Söhbət Çin sərhədindən də gedir. Çünki Putin çinli dostlarına güvənmir. O, Çin sərhədindən çox pis xəbərlər gözləyir. Buna görə də, məsələn, Çinin hücumu zamanı ən azı bir növ ordunun əlində olması üçün səfərbərliyə ehtiyacı var. Baxmayaraq ki, mən buna inanmıram, çünki Tayvandan başqa Çinin hələ belə bir niyyəti görünməyib.

Səfərbərlik ölkə daxilində etirazlardan çəkindirən amildir. Bu, Rusiyanı Şimali Koreyaya çevirir. Çünki Şimali Koreyada hakimiyyəti belə saxlayırlar. Həmçinin Çində olduğu kimi “rəqəmsal əsir düşərgəsi” üsullarının tətbiq ediləcəyini istisna etmirəm. Üstəlik, düşünürəm ki, Çin öz texnologiyalarını məmnuniyyətlə onlara ötürəcək. İnsanları qorxutmağın ən yaxşı yolu nədir? Deyirsən: "Müharibə olacaq! Bomba sığınacaqlarında oturun! Raket zərbələri olacaq!". Əvvəllər Putin çeçen terroru qorxusu altında idi, indi isə ölkənin parçalanmaq üzrə olduğu qorxusu ilə yaşayır.

- Çin artıq Rusiya iqtisadiyyatını ələ almağa başlayır?

- Rusiya ehtiyatlarının yuanda yerləşdirilməsinin öz xüsusiyyətləri var. Əminəm ki, çinlilər orada hiyləgərcəsinə işləyirlər. Yəni ruslar yuan ala biləcəklər, lakin ödənişlər dollarla tələb ediləcək.

Bəli, Çin ucuz qiymətə neft almaqla Rusiyanı yavaş-yavaş mənimsəyəcək, onu xammal əlavəsinə çevirəcək. Onlar maya dəyərinə çox yaxın olan 60 dollardan aşağı qiymətə neft alacaqlar. Bu, Çin üçün faydalıdır. Bu formatda onlar əməkdaşlıq edəcəklər, lakin çox ehtiyatla ki, sanksiyalara məruz qalmasınlar. Çin Rusiyaya daha az elektronika satmağa çalışır ki, onların çiplərindən istifadə edilməsin.

- Deyirsiniz ki, Putinin elitası artıq Rusiyanın uduzacağına əmindir. Onların əlamətlərindən biri də qarmaqarışıq fiqur olan Girkinidir. O, sanki dəli olub. Artıq açıq şəkildə deyir ki, Ukraynanı məğlub etmək mümkün deyil, Putinin demensiyası var, özü də Haaqa məhkəməsindən və Kiyevdə asılmaqdan qorxur. Eyni zamanda, bildirir ki, Ukrayna Silahlı Qüvvələri Yeni ildə Moskvanı vura bilər. Girkin niyə belə bəyanatlar səsləndirir?

- Putin elita üçün artıq tullantı məhsuludur. Elitanın qlobal vəzifəsi Putinlə və ya Putinsiz hakimiyyətdə qalmaqdır. Ölkənin başında kim olacaq? Onlar üçün fərq etməz. Lap sabah Navalnının da hakimiyyətdə olmasına razıdırlar. Onlar üçün əsas məsələ hakimiyyəti saxlamaq və prosesə nəzarət etməkdir. Girkinin dedikləri elitanın artıq müharibədən çıxmaq cəhdidir. Deyirlər: “Biz bütün NATO-ya qarşı vuruşuruq, buna hazır deyildik, gəlin bir növ barışıq edək”. Əgər hazır olmadıqları üçün Ukraynanı tərk etdiklərini deyirlərsə, bu, Putinin günahı ola bilər. Amma çox güman ki, Surovikin və Şoyqunu əsas günahkar elan edəcəklər. FSB Girkinin ağzı ilə bütün günahı onların üzərinə atır. Putin isə... Rusiyanın başında kimin olacağı o qədər də önəmli deyil. Rusiya ümumilikdə monarxiyaya çevrilə bilər. Orada indi pravoslav kommunizminə aparan proseslər baş verəcək. Onlar İran yolu ilə gedirlər: “Bəli, biz inkişaf etməmişik, Qərbin üstünlüyünü dərk edirik, amma ruhaniyik”. Bu cür sxemlər olduqca davamlıdır. Əgər İran sanksiyalar altında sağ qala bilibsə, Rusiya Federasiyası da mütləq sağ qalacaq. Onlar ruslar üçün müəyyən minimum yaşayış səviyyəsini təmin edə biləcəklər, lakin onların qanı töküləcək. Qərb nə edir? Elə edir ki, müharibəni davam etdirməyə pulları qalmasın.

- Bütün bunlar Rusiya üçün necə bitə bilər. Yəni ki, ən real mexanizm hansıdır?

- Məncə, dediyim ən real mexanizmdir.

- Yəni ölkənin dağılacağı ilə bağlı proqnozların tərəfdarı deyilsiniz?

- Yox. Biz tez-tez Rusiya ilə Sovet İttifaqını qarışdırırıq. Əvvəla, Sovet İttifaqı respublikalara bölündü, burada az-çox hakimiyyəti mərkəzdən ələ keçirə bilən milli elitalar var idi. Rusiyada belə deyil. Orada bütün milli elitalar ancaq kağız üzərindədir. Yalnız iki respublikada milli elita var - Çeçenistan və Dağıstan.

İkincisi, Sovet İttifaqını Rusiya özü dağıdıb. Hər kəs xatırlamır ki, əslində mərkəzdənqaçma qüvvələri Moskvadan gəlirdi. Bu, Boris Yeltsinin birlik mərkəzi ilə hakimiyyət uğrunda mübarizəsi nəticəsində yaranıb. O, Rusiya üçün vuruşdu və Qorbaçovu devirdi. Bunu, məsələn, ölkələrin müstəqilliyini elan etmə tarixləri ilə asanlıqla izləmək olar. Sovet İttifaqında müstəqilliyini ilk elan edən kimdir? Əlbəttə, Rusiya.

Üçüncüsü, Sovet İttifaqı komanda iqtisadiyyatına malik olduğu üçün tam idarəetmə iflicində idi. Rusiyada bazar iqtisadiyyatı hələ də yüksək səviyyədə uyğunlaşma qabiliyyətinə malikdir. Rusiya kənd təsərrüfatı indi Sovet İttifaqında olduğundan daha yaxşı miqyasdadır. Taxıl yetişdirə bilər, qida verə bilər. Keçmiş sovet dövründəki kimi qıtlıq olmayacaq, o vaxt ərzaq, tualet kağızı, diş pastası yox idi, çünki onu xaricdən gətirmək mümkün deyildi. Onlarda belə bir kəsir və aclıq olmayacaq.

Biz çöküşdən danışanda sosioloji araşdırmalara baxmağı unuduruq. Rusiya əhalisinin 80 faizi özünü rus kimi tanıyır. Bu, əslində monoetnik ölkədir. Rusların üstünlük təşkil etmədiyi yeganə respublikalar Çeçenistan və Dağıstandır. Hesab edirəm ki, respublikanın geri çəkilməsi baxımından bu, ən perspektivlisidir. Onların xarici sərhədləri var. Məsələn, Tatarıstan əslində anklavdır. Rusların istənilən millətçi hərəkatı məğlub etmək üçün kifayət qədər resursları var. Ona görə də orada nəsə olacağını demək mənim üçün çox çətindir.

Daha sonra onların əlində qaz yataqları var ki, bu da indi əsas gəliri təmin edir. Formal olaraq yataqlar Komi, Yamal, Evenkia Respublikası ərazisində yerləşirlər, lakin bu, yalnız kağız üzərindədir. Onlar çoxdan assimilyasiya olunublar, ruslar çoxdan orada yaşayırlar. Orada heç kim heç nə edə bilməz. Ayağa qalxsalar belıə, Moskvanın bu ayaqlanmanı yatırmaq üçün kifayət qədər resursu var. Bu amillərə əsaslanaraq, mən hələ Rusiya Federasiyasının Sovet İttifaqı kimi parçalandığını görmürəm.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az onunla müsahibəni təqdim edirik:

– Ziyafət müəllim, Azərbaycan kimi güclü regional liderlə düşmənçiliyə bir də Rusiya ilə qarşıdurma mühitinin əlavə olunması Ermənistan üçün nə vəd edir?

– Ermənistanın siyasi elitasında türkəfobiya, azərbaycanafobiya elə bir epidemiya halı alıb ki, onları sadəcə olaraq sağaltmaq mümkün deyil. Bu gün ermənilərin bütün qonşularla münasibəti yoxdur. Arxalandıqları Rusiya idi, onunla da münasibətləri hər gün daha çox gərginləşdirirlər. Çünki erməni toplumu elə hesab edir ki, Rusiya gəlib onların əvəzinə vuraşacaq. Bu günlərdə Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirdi ki, Ermənistan bizdən çox şey gözləyir. Amma bizim haqqımızda yalan sözlər deyir. Onlar unutmasınlar ki, bizim Azərbaycanla dost, müttəfiq münasibətlərimiz var.

– Bu cür davranışlarda məqsəd nədir? Bu addımlar nəyə hesablanıb?

– Bu o deməkdir ki, Rusiya Ermənistana görə, Azərbaycanla düşmən olası deyil. Ermənilər həmişə hamıdan yardım istəyirlər. Hesab edirlər ki, hamının onlara kömək etməyə borcu var. Çünki onlarda Azərbaycana, Türkiyəyə qarşı olan fobiya o qədər böyük vüsət alıb ki, artıq başlarını itiriblər. Amma unudurlar ki, yeganə çıxış yolları Azərbaycanla və Türkiyə ilə münasibətləri düzgün qurmaqdan asılıdır. Əgər bu siyasət düzgün aparılacaqsa, onlar özləri də sülh müqaviləsi, nəqliyyat dəhlizlərinin açılmasından mənfəət götürəcəklər. Çünki indi Ermənistan iqtisadi-siyasi cəhətdən dalana dirənmiş bir ölkədir. Ermənistanın coğrafi mövqeyi də tam qapanmasına imkan verir. İranla dostluq edirlər. Onun da vəziyyəti heç də Ermənistandan yaxşı deyil.

– Sizcə, Kremlə qarşı bütün “qırmızı xətləri” aşan rəsmi İrəvana mümkün cavab necə ola bilər?

– Erməni tərəfi artıq bütün kriteriyaları aşıb. Nəyə arxayındılar, bunu bilmək olmur. Bunu sadəcə olaraq erməni xəstəliyinin əlaməti kimi izah etmək olar. Çünki bu cür yanaşmalara başqa ad atpmaq olmur.

– Geri dönüşü olmayan “geopolitik cığır”la irəliləmək Ermənistana nə verir?

– Bu yol Ermənistana heç bir müsbət nəticə vəd etmir. Azərbaycan onsuz da öz məqsədinə nail olub. Ölkəmizin mübarizəsi haqqa əsaslanır. Ərazimiz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı təmin olunub. Azərbaycanın təklifi odur ki, sülh müstəvisində prosesləri davam etdirsin. Qalib ölkə olsaq da, biz Ermənistana sülhlə bağlı təkliflər edirik. Amma buna baxmayaraq Ermənistan tərəfi hələ də sülh prosesində öz pozucu mövqeyini ortaya qoyur.

– Ermənistanın əsas himayədarı olan Kremlə qarşı sərt ittihamlarla nəyə nail olmaq istəyir?

– Əslində erməni tərəfinin şantaj siyasətinin heç bir perspektivi yoxdur. Onlar Rusiyanın hesabına dövlət olub. Ermənistanı yaradan, onu dövlət edən Rusiyadır. Bu üzü çar Rusiyası dövründən bəri belədir. Burada tarixi Azərbaycan, Zəngəzur ərazisi hesabına Ermənistan dövləti yaradılıb. II Qarabağ müharibəsindən sonra Ermənistan öhdəlik götürmüşdü ki, Azərbaycanın işğalda saxladığı 8 kəndini azad edəcək. Amma hələ də bu məsələ öz həllini tapmayıb.

– İrəvan-Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyəti fəallarının aksiyasının davam etməsi fonunda ermənistan Rusiyanı üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Eyni zamanda Azərbaycanı üçtərəfli Bəyanatın 6-cı bəndini kobud şəkildə pozmaqda günahlandırıb. Öz üzərinə götürdüyü öhdəlikləri icra etməyən dövlətin bu cür ittihamlara çıxış etməsinə reaksiyalar necə ola bilər?

– Bu gün ermənilər bütün dünyaya car çəkirlər ki, guya Azərbaycan yolu bağlayıb. Amma Azərbaycan tərəfindən dəfələrlə açıqlama verilib ki, yolu biz kəsməmişik. Həmin yol hümanitar məqsədlər üçün açıqdır. Amma 30 ildən artıqdır ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan faktiki olaraq blokada şəraitində yaşayır. Onlar Naxçıvana gedən yeganə quru yolu bağlayıblar. Nədənsə, dünya birliyi bundan danışmır. Azərbaycan dəfələrlə bununla bağlı bəyanat verib ki, Naxçıvana yol açılmalıdır. Sadəcə olaraq dünyada ədalət məhz bu “cürdür”.

– Rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəz olunması ilə bağlı məsələlərə nə dərəcədə ciddi yanaşmaq olar?

– Bu Ermənistanın ortaya atdığı növbəti cəfəng yanaşmadır. Azərbaycanın razılığı olmadan onun ərazisinə bir nəfər də olsa beynəlxalq missiya üçün gələ bilməz. Ermənistan öz sərhəddində istədiyi missiyanı çağıra bilər. Amma Şuşa-Xankəndi-Laçın yoluna hansısa bir beynəlxalq missiya gələ bilməz. Bu bizim beynəlxalq hüquqla tanınmış ərazimizdir. Erməni tərəfi də bu reallığı artıq başa düşməlidir. Sadəcə olaraq biz yeni ildə arzu edək ki, erməni təərfini bu xəstəlikdən müalicə edən tapılacaq.
Ardını oxu...
Öz səsi, istedadı ilə seçilən müğənnilər hər zaman yadda qalan olur. Amma çox zaman onlar diqqət mərkəzindən kənar qalır, tanınmaq, məşhurlaşmaqdan çəkinirlər. Elə bu dəfəki həmsöhbətimiz də bu qəbildəndir.

DİA.AZ Bizim.Media-ya istinadla estrada ifaçısı Zaur Cəlilovla olan müsahibəni oxuculara təqdim edir:

- Gəlin, öncə sizi tanıyaq, Zaur Cəlilov kimdir?

- Mən Zaur Cəlilov 33 yaşım var. Əslən Qax rayonundanam. Musiqiyə həvəsim demək olar ki, uşaqlıq illərimdən yaranıb. Artıq 8-ci sinifdən mən səsimin olduğunun fərqinə varmışdım. Musiqi məktəbində qarmon aləti üzrə təhsil almışam. Həmçinin bununla yanaşı xorda da ifa edirdim. Hətta yarışmalara qatılıb diplomlar, təltifnamələr almışam. Zamanla musiqiyə sevgim daha da böyüyüb.

- Müğənnilik fəaliyyətinizə nə zamandan başlamısınız?

- 2018-ci ildə "Azərbaycanın səsi" müsabiqəsinin finalçısı olmuşam. Demək olar ki, ekran qarşısında çıxışlarım o illərdən bəri davam edir. Müsabiqənin münsiflər heyəti tanınmış sənətçilərimiz, sənətkarlarımız - İntiqam Kərimov, Nazpəri Dostalıyeva, Elza Seyidcahan və Asif Kərimov idi. Onlardan nələrsə öyrənmək, eyni səhnəni paylaşmaq bizim üçün çox xoş idi.

- Yarışmalar həyəcan və ən əsası polemikalar ilə yadda qalır. Bəs sizin üçün necə?

- Mən bu suala cavab verib yarışmaya və onun qaliblərinin uğuruna kölgə salmaq istəmirəm. Amma haqsız rəqabət var idi. Təvazökarlıqdan uzaq olsa da mən özümü qalib kimi görürdüm. Amma yenə də seçimlərə hörmətlə yanaşıram mənim üçün əsas iştirak idi.

- Uzun illər musiqi aləmindən kənarda qalmaq məcburiyyətində olmusunuz. Buna görə müqəssir "kim"lərdir?

- Təkcə insanlarla bağlı olmayıb bu sahədən kənarlaşmağım. Əsgərlikdən gələndən sonra düz 10-11 il musiqi sahəsindən uzaqlaşmışdım. Ölkə xaricində başqa ixtisasda təhsil aldım. Daha sonra ətrafım, dostlarım musiqiçi kimi məni görə bilmirdilər.

Bu sahə sənlik deyil deyib motivasiyadan salmağa çalışırdılar. Yaxşılığımı istəməyən, gözügötürməyənlər də uğursuz olacağımı deyirdilər. Amma sonunda özümdə güc tapıb deyilənlərə məhəl qoymadım. İntiqam müəllim çox sağ olsun ki, məni yarışma haqqında məlumatlandırdı və onun vasitəsilə qatıldım.

- Toy məclislərində iştirak edirsinizmi? Hansı məşhur ifaçılarla bir səhnəni bölüşmüsünüz?

- Hələki toy sahəsinə daxil olmamışam. Amma təbii ki, yaxın zamanlarda getməyi planlaşdırıram çünki bunun üçün səsim, repertuarlarım imkan verir. Demək olar ki, bütün janrlara müraciət edə bilirəm, muğam isə istisnadır.

O ki, qaldı müğənnilərə, çox əlaqəm yoxdur, düzü bəzi problemlərimə görə zamanım da olmayıb onlarla ünsiyyət yaratmağa. Hazırda ətrafımda olan ən yaxın bildiyim müğənnilər Pərvin Lətifov, İntiqam Kərimov və Ceyhun Bakinskidir. Əhatəmdə az və keyfiyyətli, bayağı olmayan ifaçıların olmasını daha çox tərcih edirəm.

- Kimləri bayağı ifaçı hesab edirsiniz ki?

- Ad çəkməyi heç sevmirəm, onsuz da elin gözü tərəzidir. Amma onlar bilməlidir ki, bu gün sevənləri çox olsa belə, sabah yaddaşlarda qalmayacaqlar. İnsanların düşüncə tərzi, zövqü daim dəyişir. Mən ümid edirəm ki, bayağı ifalara, ifaçılara maraq get-gedə azalacaq. Amma bunu da etiraf edim ki, bizim bayağı dediyimiz Üzeyir Mehdizadənin muğam ifa etdiyi videonu izləyəndə şoka düşmüşdüm. Bəlkə də onlar asana qaçaraq məşhurlaşmaq, qazanc əldə etmək istəyirlər.

- Hansı müğənniləri özünüz üçün nümunə, "kumir" kimi görürsünüz?

- Müslüm Maqomayev və onun kimi digər dünyəvi sənətçiləri özüm üçün nümunə hesab etmişəm. Hətta mənim repertuarımda onun ifası, bəstəkar mahnıları üstünlük təşkil edir. Mübariz Tağıyev də mənim ən sevdiklərimdəndir, onu hətta estradanın atası hesab edirəm.

- Səhnəsində yer aldığınız restoran və istirahət mərkəzlərində hansı problemlərlə üzləşmisiniz?

- Demək olar ki, problemi dinləyici deyil, daha çox müdiriyyət yaradır. Sənətə qiymət vermək onlar üçün demək olar ki, çətin məsələdir. Qonaqlar isə bəzən repertuarla bağlı problem yaratmağa çalışırlar, çünki zövqlər müxtəlifdir. Hər kəs bəstəkar mahnısına qulaq asmır. Lakin səhnə mənimdirsə, bayağı musiqidən söz gedə bilməz və əksər qonaq da bunu problem kimi görməyib. Eyni səhnəni bölüşdüyüm elə tanınmış müğənnilər olub ki, heç 1 qəpiklik səsləri belə yoxdur amma o daha çox qonarar alır. Bu da demotivasiya edən şeylər arasındadır.

- Başqa hansı səs müsabiqələrində iştirak etmək istəyirsiniz? Bunlar arasında hansı müsabiqələr var?

- Bir az maddiyyatla bağlı sıxıntılar olduğu üçün hələ addımlar ata bilmirəm. Amma "O ses Türkiye", hətta dünyamiqyaslı "Eurovision" yarışmasında belə iştirak etmək istəyərəm, niyə də yox. Çünki bu sahədə yaxşı mənada ad qoymaq, musiqi sahəsinə öz töhvələrimi vermək istəyirəm.

- Hansı məşhurla düet oxumaq, eyni səhnəni bölüşmək istəyirdiniz?

- Demək olar ki, ifamı eşidən 90% məşhur ifaçı səsimi yüksək dəyərləndirib. Nazpəri Dostalıyeva, Elza Seyidcahan yarışma boyu hər zaman xoş sözlərini əsirgəməyiblər. Amma düet ifa etmək istədiyim əksər ifaçı təəssüf ki, hazırda həyatda deyil.

Ağlımda hələlik ifaçı adı yoxdur. Amma sənətinə, şəxsiyyətinə hörmət etdiyim Gülyaz və Gülyanaq xanımla düet ortağı olmaq istəyərdim. Gülyaz xanımın oğlu Ramazanla hətta dostluq münasibətlərimiz var, bir səhnəni də bölüşmüşük. Deyə bilərəm ki, gitaranın mahir ifaçısıdır.

- Sonda dinləyicilərə nələri demək istərdiniz?

- Yenə də dediyim kimi, elin gözü tərəzidir. Onlar pisi yaxşıdan ayırmaqda çox mahirdirlər. İnanıram ki, keyfiyyətli musiqilərə, musiqiçilərə bundan sonra daha çox dəyər veriləcək.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Bu barədə dövlət başçısı İlham Əliyev dekabrın 22-də fərman imzalayıb.

İlham Əliyev bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb. Fuad Nəcəfli “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının üzvü olub, həmçinin “Pasha Holding”də də çalışıb. 47 yaşlı Fuad Nəcəfli əslən Naxçıvan MR-in Şahbuz rayonunun Kolanı kəndindəndir. İndiyədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkədə “Xan”, “Naxçıvan xanı” adlandırılırdı. O, dekabrın 21-də öz vəzifəsindən istefa verib.


Naxçıvan Muxtar Respublikasına qanunvericiliyə görə Ali Məclisin sədri rəhbərlik etməlidir. İndi səlahiyyətli nümayəndəlik institutunun təsis edilməsi və səlahiyyətli nümayəndə təyin olunması bir sıra suallar ortaya çıxarır. Belə ki, Ali Məclisin sədri istefa verdikdən sonra Ali Məclis özünə yeni sədr seçməlidir. Belə olduğu halda idarəetmə kimdə olacaq? Ali Məclisin sədrində, yoxsa səlahiyyətli nümayəndədə?

Teref.az yazır ki, bu məsələlərə aydınlıq gətirmək üçün ASTNA hüquqşünas, Huqüq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənova suallar ünvanlayıb.

Ardını oxu...
* * *

Sual: Hafiz bəy, Naxçıvan Muxtar Respublikasına prezident özünün səlahiyyətli nümayəndəsini təyin etdi. Nümayəndəliyin yaranması üçün fərman verdi, daha sonra şəxs təyin etdi. Qanunvericilik, Konstitusiya buna imkan verirmi?

Cavab: Prezidentin bu fərmanı Konstitusiyanın Prezidentin səlahiyyətlərini müəyyən edən 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilib. Həmin bənddə Prezidentin qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələlərin icra qaydasında həll edlməsi nəzərdə tutulur. İndiki halda adıçəkilən fərmanda nəzərdə tutulan məsələlərin heç də hamısı icra qaydasında həll edilən məsələlər deyil. Burada Naxçıvan MR-in Ali vəzifəli şəxsinin səlahiyyətləri, funksiyaları ilə toqquşan məsələlər yer alıb. Bunlar isə, 109-cu maddənin 32-ci maddəsində nəzərdə tutulan qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələlərin icra qaydasında həll ediləcək məsələlər deyil.

Bundan başqa, Konstitusiyada idarəetmə forması kimi səlahiyyətli nümayəndəlik institutu Konstitusiyada nəzərdə tutulmayıb. Konstitusiyaya görə hakimiyyətlər bölgüsü sistemində icra hakimiyyətinin sturukturu ali icra hakimiyyəti, yuxarı icra hakimiyyəti, mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanları kimi nəzərdə tutulub. Yəni, Konstitusiyada nə regional icra hakimiyyəti orqanı, nə də regional idarəetmə orqanı nəzərdə tutulub. Prezidentin bu fərmanı ilə isə, Konstitusiyada nəzərdə tutulmayan regional icra hakimiyyəti də yox, regional idarəetmə orqanı (strukturu) yaradılıb. Belə ki, səlahiyyətli nümayəndəlik özünün səlahiyyətləri və funksiyaları baxımından regional idarəetmə orqanıdır (regional icra hakimiyyəti orqanı yox).

Digər tərəfdən səlahiyyətli nümayəndəliyin Əsasnaməsinə görə bu qurum Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi hesab edilir. Regional idarəetmənin ali icra hakimiyyəti orqanı tərəfindən birbaşa həyata keçirilməsi Konstitusiyaya uyğun hesab edilə bilməz.

Bununla bağlı onu da qeyd edək ki, deyilə bilər ki, Konstitusiyada səlahiyyətli nümayəndəliklə bağlı normaların olmaması o demək deyildir ki, belə struktur yarada biməz, yaxud qanunla qadağan edilməyən hərəkətlər edə bilər.

Hesab edirəm ki, belə yanaşma da bu məsələdə düzgün hesab edilə bilməz. Çünki, Konstitusiyanın 71-ci maddəsinin IX-cu hissəsinə görə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər” prinsipi vətəndaşlara aid edilib, dövlət orqanlarına yox. Eyni zamanda, həmin maddənin X-cu hissəsində deyilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. İndiki halda səlahiyyətli nümayəndəliyin səlahiyyətləri və funksiyaları yalnız icra hakimiyyətinin səlahiyyət və funksiyalarından ibarət deyil.

Bunlardan əlavə, Naxçıvan MR-in Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilib. Bu da adıçəkilən fərmanın Konstitusiya Qanunu ilə təsdiq edilmiş Naxçıvan MR Konstitusiyasına uyğunuğu məsələsəni gündəmə gətirir.

Həmçinin, onu da qeyd edim ki, Konstitusiyaya görə dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr Konstitusiya Məhkəməsi tərəfindən həll edilməlidir. Hesab edirəm ki, bu cür məsələlərə Konstitusiya Məhkəməsi tərəfindən münasibət bildirilməlidir.

Sual: Konstitusiyaya görə Naxçıvana rəhbərlik edən şəxs Muxtar Respublikasının Ali vəzifəli şəxsidir və bu, Naxçıvan Ali Məclisinin sədridir. Doğrudur hələlik bu post boşdur. Amma bu vəzifəyə yeni seçkilərdən sonra idarəetmədə qarışıqlıq yaranmayacaqmı? Yəni iki fərqli idarəetmə institutunun olması idarəetmədə qarışıqlıq yaratmayacaqmı?

Cavab: Proseslərin gedişi Naxçıvan MR Ali vəzifəli şəxsi postunun yaxın vaxtlarda tutulacağını deməyə əsas vermir. Ancaq bütün hallarda bu post həm AR Konstitusiyası, həm də Naxçıvan MR Konstitusiyasında təsbit olunub və gec-tez tutulmalıdır. Təbii ki, bu vəzifə tutulacağı halda, Ali vəzifəli şəxsin və səlahiyyətli nümayəndənin səlahiyyət və funksiyalarının həyata keçirilməsində müəyyən qarışıqlıq yaranacaq.

Sual: Təxminən ötən ilin əvvəlində biz Prezidentin xüsusi səlahiyyətli nümayəndəlik institutunun yaradılmasının şahidiyik. O vaxtlar belə fikirlər vardı ki, yaxın vaxtlar Kostitusiya dəyişiklikləri olacaq və bunun nəticəsində islahatlar aparılacaq. Köhnə idarəetmə institutu sayılan İcra hakimiyyətləri ləğv olunacaq və bu yeni idarəetmə üsulu tətbiq olunacaq. Ancaq bunun Naxçıvan Muxtar Respublikasına şamil olunması suallar doğurur. Çünki Naxçıvanın idarəetməsi iki Konstitusiya ilə tənzimlənir. Həm Azərbaycan Respublikasının, həm də Muxtar Respublikanın. İndi necə olacaq? Hakimiyyət idarəetməni dəyişmək üçün yaxın vaxtlarda Konstitusiya dəyişikliklərinə gedə bilərmi?

Cavab: Əvvəlcə onu qeyd edim ki, bundan əvvəl regionlarda yaradılan qurumlar Prezidentin xüsusi nümayəndəlikləridir. Hazırda Naxçıvan MR-də yaraılan qurum isə, xüsusi nümayəndəliyi deyil, Prezidentin səlahiyyətli nümayəndəliyidir. Səlahiyyətli nümayəndəlik səlahiyyətlər və funksiyalar baxımından xüsusi nümayəndəliklərdən daha çox statusa malikdir. Proseslərin gedişi göstərir ki, hazırda idarəetmə daha çox mərkəzləşdirilmə prinsipi üzrə qurulur. Yəni, regional idarəetmə, bir sıra hallarda isə yerli idarəetmə ali icra hakimiyyəti tərəfindən həyata keçirilir. Bu isə, demokratik hüquqi dövlətin prinsiplərindən olan idaəetmənin əks-mərkəzləşməsi prinsipi ilə uyğunluq təşkil etmir. Bu tendensiya onu deməyə imkan verir ki, ola bilər ki, gələcəkdə idarəetmədə ciddi islahatlar həyata keçirilsin. Ancaq indiki halda, bunun hansı qaydada ediləcəyini proqnozlaşdırmaq mümkün olmur.

Sual: Sizcə, bu dəyişiklik idarəetmədə hansısa müsbət nəticələr gətirə bilərmi? Təcrübə nə deyir? Bundan əvvəlki işğaldan azad olunmuş rayonlara tətbiq olunan bu yeni idarəetmə institutunun hansısa müsbət işartıları varmı?

Cavab: Müsbət təcrübə kimi idarəetmənin operativliyini göstərə bilərəm. Yəni bu cür idaəetmə daha çevik və birbaşa idarəetməyə imkan verir ki, bu da problemləri daha tez həll etməyə imkan yaradır. Ancaq bu cür idarəetmənin dayanıqlı, təkmil və demokratik idarəetməyə gətirib çıxara biləcəyi sual altındadır. İndiki halda artıq müəyyən müddət tətbiq olunan xüsusi nümayəndəlik institutlarının səmərəliliyi barədə də ictimai açıqlamalar verilməyib.

Sual: Təklifləriniz nədir?

Cavab: Öncə onu qeyd edim ki, Naxçıvan MR-də idarəetmə və mərkəzi hakimiyyətin bu bölgə ilə münasibətləri ilə bağlı həm AR Konstistusiyasında, həm də Naxçıvan MR Konstitusiyasında dəyişikliklər aparılmalıdır.

Eyni zamanda hesab edirəm ki, ölkədə idarəetmə sahəsində dərin islahatlar aparılmalıdır. İdarəetmədəki paralellik aradan qaldırılmalı, icra strukturlarında ciddi ixtisarlar aparılmalıdır. İcra hakimiyyəti institutları regionalı əhatə etməli və yerli idarəetmə bütövlükdə insanlara daha yaxın olan yerli özünüidarə orqanlarına verilməlidir. İdarəetmədə hesabatlılıq daha çox xalq qarşısında olmalı və kadrlar ədalətli rəqabət əsasında bacarıqlarına uyğun seçilməlidir. Bütün bunların fövqündə isə, qanunun aliliyi və hamının qanın qarşısında bərabərliyi təmin edilməlidir.
Ardını oxu...
“Təbii ki, vəzifəyə gələn adamlar xalqı düşünən, ağılı başında olan və özündən əvvəlkilərin aqibətindən nəticə çıxaran adamlar olmalıdır”.

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib.

Onun sözlərinə görə, vəzifəyə təyin olunan məmurları əvvəlcə psixoloji dispanserə göndərib, yoxlatmaq lazımdır:

“Çünki bir adam ki, özündən əvvəlkilərin bada getdiyini görür, amma buna rəğmən onun etdiklərini təkrar edirsə, deməli, o, normal insan deyil. Əgər, sənə etibar edilirsə, bu inamı doğrultmalısan”.

“Bizim insanlar elə bilirlər ki, onları vəzifəyə ona görə qoyurlar ki, onlar hamıdan ağıllıdır. Halbuki, onları vəzifəyə ona görə qoyurlar ki, vaxtıykən orada olub. Yəni, kimisə vəzifəyə qoymaq xalqa xidmət üçündür. Xarici ölkələrdə kimisə vəzifəyə qoyanda, bunu özlərinə şərəf bilirlər ki, xalqa, vətəndaşa xidmət etmək imkanı əldə ediblər. Amma bizdə bəzi insanlar vəzifəyə qoyanda, bunu yanlış anlayırlar”-xalq şairi vurğulayıb.

Vahid Əziz əlavə edib ki, elə işləmək lazımdır ki, vəzifədən uzaqlaşanda xalq üzünə tüpürməsin, hörmətlə yanaşsın:

“Mənə elə gəlir ki, vəzifəyə təyin olunan adamların tamah dişlərini çıxarıb, sonra vəzifəyə qoymaq lazımdır. Çünki onlar bir şey bilmlədir ki, ölkənin dəmir yumruqlu sahibi var. O dəmir yumruq isə təkcə düşmənin başına yox, yoldan çıxan istənilən adamın başına dəyə bilər”.
 

Dünyapress TV

Xəbər lenti