Ardını oxu...
Rusiya ordusunun geri çəkilərək qərar tutduğu mövqedən 400 metrlik təmas xəttində yerləşən və intensiv atəş altındakı Ukraynanın Xerson vilayətinin Kazatiskiy kəndindən repotaj hazırlanıb.

Baku TV-nin Ukraynaya ezam olan əməkdaşı Mübariz Aslanov bildirib ki, kənd ərazisində olan bütün binalar darmadağın edilib.

“Müharibəyə qədər sözügedən kənd Xerson vilayətinin ən maraqlı kəndlərindən biri olub”, - deyə M.Aslanov qeyd edib.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
"Meta" şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

"Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - şirkətin açıqlamasında deyilir.

Yeni platformasının "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.

Sosial şəbəkə ilkin inkişaf mərhələsindədir, onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.

“Meta” şirkəti "Facebook" və "Instaqram" sosial şəbəkələrinin sahibidir.
Ardını oxu...
TEREF.AZ bildirir ki, bu həftə səlahiyyəti başa çatan Ali Məhkəmənin sədri Ramiz Rzayev Manset.az-ın suallarını cavablandırıb. O çalışdığı müddətdə keçirilən məhkəmə proselərindən, bundan sonrakı fəaliyyətindən və sədr olduğu müddətdə ona edilən təzyiqlər barədə danışıb.

Ramiz müəllim, sizin artıq Ali Məhkəmənin Sədri vəzifəsində səlahiyyəriniz bitdi, bundan sonra nə işlə məşğul olacaqsınız?

- Heç bir işlə məşğul olmayacam. Elə evdəyəm, nə olacaq..Nəvələrimlə, nəticələrimlə oynayacam.

Bundan sonra sizin vəzifənizi aparacaq real şəxs kimi görürsünüz?

- Mənim səlahiyyətimdə olan məsələ deyil, bir söz deyə bilmərəm. Öz səlayyətimə aid olmayan bir şey ilə bağlı proqnoz verə bilmərəm.

Sizin fəaliyyətinizlə bağlı sosial şəbəkələrdə tənqidi yazılar paylaşırlar ki, bəzən ədalətsiz qərarlar olub. Bununla bağlı nə deyə bilərsiniz?

- Məhkəmədən heç bir yerdə hamı razı ola bilməz. Bu, təbii bir şeydir. Həmin illər ərzində mən bir dəfə onlara reaksiya verməmişəm.

Yəni çalışmısınız həmişə ədaləti qoruyasınız..

- Əlbəttə ki, bu təbiidir. Həyatda hər bir insan buna çalışır. Başqa cür ola bilməz. Həmişə bunun üçün çalışmışıq. Bilirsiniz də, nə qədər ədalətli olsaq da, uduzan həmişə narazı qalır. İnsanlar öz vicdanları qarşısında hesabatı düzgün verməlidir ki, qanunidir, ədalətlidir. Olur belə şeylər. Ona görə bu, normal bir şeydir.

Vəzifədə olduğunuz müddətdə hansısa yüksək vəzifəli şəxsin təzyiqi ilə üzləşmisinizmi?

- Heç vaxt… Kimsə buna cəsarət edə bilməz. Heç kim də təzyiq edə bilməz.

Ardını oxu...
AzTV-nin sədr müavini, tanınmış teleaparıcı, əməkdar artist Rafiq Həşimov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Rafiq müəllim, öncə təşəkkürümü bildirirəm ki, müsahibə üçün bizə vaxt ayırmısınız. Tamaşaçı sevgisini, hörmətini qoruyub saxlamaq çətindirmi?

- Mən sizə təşəkkür edirəm. Tamaşaçı sevgisini qazanmaq çətindir. Bu sevgini qoruyub saxlamaq, ondan da çətindir. Bu fenomenal bir şeydir. Bu ya olur, ya da ki, olmur. Mən öz tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın. Hazır olmaq o deməkdir ki, nitqin təmiz olsun. Biləsən ki, nə istəyirsən, hansı mətnləri çatdırmaq istəyirsən, nə üçün efirə çıxırsan? Bütün bunlar çox vacibdir. Sevgi bir gündə qazanılmır. Aparıcı ilə tamaşaçı arasında qəribə bir bağ, əlaqə var. O səni ya qəbul edir, ya da ki, etmir. Əgər ilk dəfədən qəbul etdisə, sonradan həmin aparıcı efirdə çaşa bilər, o qədər də uyğun olmayan situatsiyaya düşə bilər, bu zaman tamaşaçı ona sanki can yanğısı ilə yanaşır, əzizləyir. Tamaşaçı laqeyd olduğu aparıcıya bu münasibəti göstərmir. Bunun üçün əlbəttə ki, bacardıqca səmimi olmaq lazımdır. Səmimiyyət yeganə göstəricidir ki, o hər yerdə qəbul olunur. Aparıcı səmimi olmalıdır. Efirdə tamaşaçı gözü qabağında yaşamaq ən çətin məsələlərdən biridir. Necə edə biləsən ki, onu qoruya biləsən?! Bu çoxlu məhrumiyyətlər tələb edir. Hər hansı avtobusda ola bilərsən, küçədə ola bilərsən, mağazada və s. müxtəlif yerlərdə ola bilərsən, o səni həmişə ekrandakı kimi görür. Ona görə də onu qoruyub saxlamaq çox çətindir. Məşhur bir məsəl var- “Göründüyün kimi ola bilmirsənsə, olduğun kimi görün”. Bu məsələyə öz yanaşmam var, mən deyirəm ki, “olduğun kimi ol”. Yəni, səmimi ol. Tamaşaçı gözü qarşısında yaşamaq həm də niyə görə çətindir?! Ona görə ki, tamaşaçı obrazı istənilən efirə çıxan aparıcıdan ağıllıdır, zövqlüdür, mədənidir. Çünki o obraz xalqdır.

- Yeni nəsil aparıcılardan bəyəndikləriniz varmı?

- Var, efirimiz yaxşı aparıcılarsız deyil. Amma indi kiminsə adını deyərəm, kiminsə adını çəkmərəm, subyektivlik olar. Ədalətsiz görünmək istəmirəm.

- Davamçınızı gördüyünüz aparıcılar bəs necə, var?

- Mən özüm nə etmişəm ki?! Tam ciddi deyirəm. Mən özümə sahəmdə nələrsə əldə etmiş bir adam kimi yanaşa bilmirəm. Sadəcə mən bacardığım qədər xidmət etmişəm. Ona görə də düşünürəm ki, davamçılarım haqda düşünmək qeyri-təvazökarlıq olardı. Kimsə belə hesab edirsə, sağ olsun. Amma mən özüm bu barədə düşünə bilmirəm. Bütün aparıcılara arzu edirəm ki, tamaşaçı sevgisi qazansınlar. Ən azından tamaşaçıların rəğbətini qazansınlar. Çünki sevgi böyük anlayışdır.

- Mükəmməl aparıcı necə olmalıdır?

- İlk növbədə aparıcının nitqi təmiz olmalıdır. Sözlərin düzgün tələffüzü onun üçün əsas göstəricilərdən biri olmalıdır. Yaxşı olar ki, aparıcı savadlı, bilikli olsun. O ki, qaldı mükəmməl aparıcı necə olmalıdır? İnsan hər hansısa peşə ilə məşğul olmağa başlayır, ibtidai sinifdən başladığı dövrdən ya mükəmməlləşir, ya bir yerə qədər gəlir. Mükəmməllik kamillikdir. Sadədən mükəmməlliyə bir ömür yol var. Kimə bu nəsib olur, kimə isə yox. Bu həyatın özü kimi bir məzmun kəsb edir. Aparıcının nitqinin səlis olması üçün diqqət etməli olduğu məqamlar var. Sözlər hərflərdən ibarətdir, onlar düzgün tələffüz olunmalıdır. Durğu işarələrinə diqqət yetirmək lazımdır. Bu musiqiyə çox bənzəyir. 5 sətr not xəttləri var, onun içində pauzalar olur. Onu musiqiçi ifa edəndə maraqlı səslənir. Əgər xaric olursa, tamaşaçı onu o dəqiqə tutur. Nitqdə də belədir, sən durğu işarələrini düzgün tələffüz etməlisən. Bundan sonrakı isə məntiqi vurğuların düzgün vurulmasıdır. Bu üç mərhələdən düzgün keçən aparıcı 4-cü mərhələdə əsas məsələyə, əsas məqsədə nail olur. Hər bir adamın özünəməxsus intonasiyası formalaşır. İntonasiya hər bir aparıcıda, müxbirdə fərqli olur. Yaradan hər birimizi fərqli yaradıb. Mən uzun illərdir bunu tədris edirəm və effektini də görürəm. Mənim hazırladığım aparıcılar, müxbirlər hamısı fərqlidir. Heç biri biri-birinə bənzəməz. Hərəsinin öz siması, dəsti-xətti olur. Fikir verin bütün pis müğənnilər bir-birlərinə oxşayırlar. Yaxşı müğənnilər isə hamısı fərqlidir. Bu sözü aparıcılara da şamil etmək olar.

- Rafiq müəllim, sizin aktyor sənətinə də böyük sevginiz olub. Niyə bu sənəti davam etdirmədiniz?

- 1990-cı ilin əvvəlləri idi. Dostlarla birləşdik, dedilər ki, bəlkə filmdə oynayasan?! Mən o vaxt efirə çıxmırdım. Boş vaxt oldu, 1994-cü ildə “Məktubardı” deyilən filmdə baş rolu oynadım. Deyilənə görə pis də alınmayıb. Elə onunla da mənim aktyorluq bioqrafiyam başlandı və bitdi. Baxmayaraq ki, uşaq vaxı aktyor peşəsinə meylim olub. Bu sənəti davam etdirmədiyim üçün peşman deyiləm.

- Sevimli aktyorumuz Fuad Poladovla çox yaxın dost olmusunuz. Bəzən deyirlər ki, dostun xasiyyəti də, xüsusiyyəti də dostuna keçir. Bəs Fuad Poladovdan sizə keçən nə oldu?

- Dost arasında hamı bir-birindən təsirlənir. Ümumi onları birləşdirən nəsə olur. Mənim həyatım belə gətirib ki, özümdən yaşca böyük adamlarla çox dostluq etmişəm. Tanınan simalar da olub, həyatda da olub, indi də var. Atam yaşında olan adamlarla dostluq etmək, əlbəttə ki, mənə müsbət təsir edib. Bu məni bir qədər tez qocaldıb, yaşlandırıb. Dostluq anlayışı kişiyə verilmiş böyük bir hədiyyədir, şərəfdir. Ən çətin universitetlərdən, məktəblərdən biri də məhz odur. Necə edəsən ki, sən dostuna layiq olasan?! 5 yaşımda Güzdək kəndində oynadığım uşaqlarla indi də dostluq edirəm. Əlbəttə ki, bu yaşımızda bir-birimizə “uşaqlar” deyə müraciət edirik. Texnikom, universitet yoldaşlarım, digər sahədə olan insanlarla da dostluq edirəm. Dostluğun bir resepti var. O da təmənnasızlıqdır.

- Əziz dostunuz Fuad Poladovu necə xatırlayırsınız?

- Bu barədə uzun danışmaq olar. Fuad Poladov sözün yüksək mənasında əsl insan idi. Fuad Poladov öz peşəsini sevən, həm də ona ləyaqətlə, vicdanla xidmət edən böyük aktyor idi. Fuad Poladov ailə və insani dəyərləri axıra qədər yaşayan bir şəxsiyyət idi.
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başa çatsa da, bir sıra suallar hələ cavabını tapmayıb.

Xüsusilə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsi, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı müzakirələr gündəmə gəlib. Lavrovun səfərinin nəticələri və digər məsələləri ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-nun suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Sergey Lavrovun Bakıda apardığı danışıqların bəzi detalları qarşılıqlı razılaşmaların əldə olunduğu qənaətini yaradır. Məsələn, Lavrov Rusiyanın vasitəçilyi ilə Azərbaycanın Ermənistanla müzakirələrin keçirilməsinə hazırdır. Ancaq onun Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına qarşı çıxması tərəflər arasında fikir ayrılığının qaldığını deməyə əsas verir. Sizcə, Lavrov Azərbaycandan hansı nəticələrlə döndü?
- Danışıqlarda Laçın məsələsi əsas mövzulardan biri olub. Əslində, Laçın mövzusunu həm Rusiya, həm də Qərb siyasətçiləri qəsdən uyğunlaşdırır. Söhbət nəzarət və “blokada”dan gedir. Azərbaycan Laçın-Xankəndi yoluna nəzarət etmək istəyir. Bu, yalnız bizim konstitusiya və qanunlarımızın, suverenliyimizin tələbləri ilə bağlı deyil. Çünki 10 noyabr Bəyanatında yer alan məsələlər öz həllini tapmayıb.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın Qarabağda hərbi biləşmələri mövcuddir. Azərbaycana qarşı mövqe tutan insanlar Ermənistana sərbəst şəkildə gedib-gəlir. Nəzarətin olmaması səbəbindən 10 noyabr Bəyanatının icrası ləngiyir. Ona görə də Lavrovun fikirlərində Zəngəzura aid tələblər yer almayıb. Bir bəndin yerinə yetirilməməsi digər məsələlərə də yenidən baxılmasına imkan yaradır. Beynəlxalq münasibətlərdə belə bir prinsip var-bu öhdəlik məni qane edirsə, onu qəbul edirəm, əgər qane etmirsə, ondan imtina etmək hüququm var. Bu baxımdan, Lavrovun mövqeyi tam zəifdir. Yəni Lavrovun açıqlaması Rusiyanın zəifliyini göstərir. Ona görə də Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurulacaq. Buna heç kimin şübhəsi yoxdur. Digər tərəfdən, Moskva da, rəsmi Bakı da başa düşür ki, Azərbaycan bu yolda nəzarət-buraxılış məntəqəsi qursa, Rusiya heç nə etməyəcək. Əks halda, Rusiya ilə münasibətlər və Moskvanın Ukraynadakı müharibənin başlanmasından sonra bizim regionda formalaşmış maraqları təmin olunmayacaq.

Lavrov Bakıda sadəcəRusiyanın mövqeyini səsləndirdi. Ancaq bu, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsini təşkil etməyəcəyi anlamına gəlmir. Rusiya bunu istəsə də, istəməsə də Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratmalıdır. İndi Lavrov yola nəzarət üçün texniki vasitələrdən danışır. Hesab edirəm ki, yüklərin daşınmasına və gediş-gəlişə nəzarət məsələləri öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən ünsürlər o məntəqəni tərk etməlidir.

- Amma Lavrov bildirdi ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması müzakirə olunmayıb və bu yolda hərəkət 10 noyabr Bəyanatına uyğun təmin edilməlidir. Buradan görünür, Rusiya Azərbaycanın belə bir təşəbbüsünə qarşıdır.
- Əslində, Lavrovun bu bəyanatı bizim xeyrimizədir. Bu, Qərbə ünvanlanmış siqnaldır ki, Rusiya nəzarət-buraxılış məntəqəsinin olmamasını istəyir. ABŞ və bəzi Qərb ölkələri də başa düşür ki, Rusiya bunu nə üçün edir. Mən inanmıram ki, yola nəzarət məsələsi tezliklə öz həllini tapacaq. Ancaq Azərbaycan bu prinsipial mövqeyindən dönməyəcək. Qeyd edim ki, sərhəddə nəzarət tam şəkildə bərpa olunmasa, qələbənin də əhəmiyyəti azalır. Ermənilər yaxşı başa düşür ki, bu yoldan münaqişəni davam etmək üçün alət kimi istifadə edirlər. Əgər bu alət onların əlindən alınsa, proses hansı istiqamətdə gedəcək.

Ümumiyyətlə, ölkənin tam sərhədləri olmalıdır. Mən təklif etmişəm ki, Kəlbəcər yolu Azərbaycanın qanunlarına uyğun olaraq, fəaliyyətə başlasın. Nəticədə biz “blokada” mifini dağıtmış olarıq. Azərbaycan bəyan edə bilər ki, kim istəyirsə Kəlbəcər yolundan istifadə edə bilər.

-Sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadan bu mümkündürmü?
-Şərti olaraq mümkündür. Onsuz da Zod tərəfdən yolu açmaqla Ağdərə istiqamətində hərəkəti təmin etmiş olarıq. Bu da taktiki baxımdan, bizim xeyrimizədir. Beləliklə, göstərməliyik ki, problemi yaradan Azərbaycan deyil. Ermənistana və Qarabağa gedən insan sərbəst keçə bilər.
- Heç kimə sirr deyil ki, Lavrovun səfərinin əsas məqsədlərindən bəlkə də birincisi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsinə nail olmaqdır. Müzakirələrdən sonra rusiyalı nazir bildirdi ki, Azərbaycan buna razılıq verib. Artıq deyə bilərikmi ki, Azərbaycan danışıqlarda iştiraka, Rusiya isə Vardanyanın “vurulması”na və Lavrovun dediyi kimi, Laçın yolunda texniki vasitələrin, yəni skaner avadanlığının quraşdırılmasına razılıq verib?

- Vasitəçilərin görüşü ilə bağlı süni stereotiplər yaradılır. Guya Praqa görüşü Soçi danışıqlarından fərqlənir və sairə. Görüş yerinin coğrafi baxımdan dəyişməsi heç nəyi dəyişmir. Bəyəm Praqda, yaxud Soçidə Azərbaycanın maraqları fərqlənir? Xeyr. Eləcə də Ermənistanın mövqeyi. Sadəcə olaraq, digər bir mövzu üst-üstə düşür. Bizə göstərmək istəyirlər ki, guya Qərb məsələni həll edəcək. Burada qarşıdurma süni şəkildə göstərilir. Onların təklfinin fərqini kimsə mənə deyə bilərmi?

-Sizcə, Azərbaycanla Ermənistan arasında danışıqların Blinkenin vasitəçiliyi, yaxud Brüssel formatı çərçivəsində baş tutması Rusiyanı narahat etmir?
- Bu narahatlığın bizim maraqlarımıza xeyri var? Yoxsa Blinken gedib Laçında nəzarət postu yaradacaq? Blinken Lavrovdan fərqli nə isə deyirmi? Xeyr. Yəni bu və ya digər formatın səmərəliliyi orada nümayiş etdirilən mövqedən asılıdır. Brüssel formatında, yaxud Soçi görüşündə Azərbaycanın xeyrinə nə isə deyildiyini mənə göstərsinlər. Azərbaycanın xeyri baxımından bu görüşlərin fərqi varmı? Mən bir mütəxəssis kimi bu fərqi görmürəm.

- Amma ötən il Brüssel formatı çərçivəsində sülh sazişinin mətninin hazırlanmasına dair Azərbaycanla Ermənistan arasında razılıq əldə olunmuşdu. Oktyabrın 31-də Soçi görüşündə isə Rusiya Azərbaycanın maraqlarına birbaş zidd olaraq, status məsələsini gündəmə gətirdi və hətta Qarabağın gələcək taleyinin qeyri-müəyyən müddətə təsirə salınmasını təklif etdi.

- Bu da bir nağıldır və stereotipin yaradılmasıdır. Vaşinqton sənədində də göstərilir ki, status məsələsinə baxılacaq. Mən həmin sənədə baxmamışam. Lakin bilirəm ki, orada yazılacaq ki, təhlükəsizlik və hüquqlar məsələsi müzakirə olunmalıdır. Bu da status deməkdir. Bizim üçün nağıl yaradırlar və istəyirlər ki, ona inanaq. Bəs deyirdilər sərhəddə Rusiya və Fransa müşahidəçiləri toqquşacaq? Halbuki, belə bir hadisə baş vermədi.

- O halda, Ermənistan nə üçün Qərbə üstünlük verir və Rusiyanın vasitəçiliyi ilə danışıqlardan yayınır?

- Yayınmır və müzakirələrə gələcək. Sadəcə olaraq, görüntü yaradır ki, Laçın-Xankəndi yolunu açmaq üçün Rusiya təzyiq nümayiş etdirməlidir. Əgər Paşinyan Rusiyanı qane etməsəydi, 2021-ci ildə generalların üsyanı olanda ona dəstək verərdimi? Paşinyan Moskvanı tam qane edir. Rusiya yaxşı başa düşür ki, Qərb Paşinyana təzyiq göstərir. O da öz manevrləri ilə vaxtı uzadır. Paşinyan hakimiyyəti Qərbpərəstdir və yaxşı başa düşür ki, Rusiyanın onları saxlamağa pulu yoxdur. Yəni bu oyunda Rusiyanın və Qərbin mövqeyi eynidir.

- Lavrovun bu səfərindən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında görüş keçiriləcəkmi?

- Görüş baş tutsa da, heç nə dəyişməyəcək. Sadəcə olaraq, Rusiya müəyyən mesajlar vermək üçün bu məsələdən istifadə edir. Putinə lazım olanda özünü sülh tərəfdarı kimi göstərmək üçün bu mənzərəni quraşdırır. Bu da təbliğat məqsədi daşıyır. Hamı başa düşür ki, Ermənistandan Qarabağdakı cinayətkar rejimə dəstək olmasa, məsələ qısa müddətdə həll olunar. Amma bu, nə Rusiyaya lazımdır, nə Ermənistana, nə də Fransaya.

- Lavrov bildirib ki, Azərbaycan tərəfi danışıqlarda iştiraka hazırdır, Ermənistan hələlik yekun razılığını verməyib: “Hesab etmirəm ki, biz xidmətlərimizi təklif etməkdə çox israrlı davranacağıq”. Amma faktiki olaraq, Rusiya israrlı görünür. Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayev İrəvana səfər edib, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı da olub. Bu baxımdan, Lavrovun israr etməyəcəyi barədə dediyi nə qədər səmimi səslənir?

- Söhbət görüşün coğrafi məkanından deyil, müzakirələrin gündəmində nəyin olmasından gedir. Əgər Ermənistan bundan qaçırsa, deməli, müzakirə mövzusu onu qane etmir. Ola bilsin ki, Lavrov Bakıda belə deyir, amma o biri tərəfdən Ermənistana deyir ki, sən danışılara gəlmə. Kim bilir? Biz həmişə məsələlərə nəticə etibarı ilə baxırıq. Amma onlar üçün bu prosesdir. Hər bir mərhələdə onlar üçün təbliğati və digər uduşlar lazımdır. Lavrov Qarabağ məsələsini həll etməyə və ya sərhədlərin delimitasiyası üçün gəlmir. Bəlkə sanksiyalar altında olan Rusiya Azərbaycandan başqa xahiş edir? Laçın mövzusunu atıblar ortaya, kim bilir ki, hansı məsələni müzakirə edir? Bizə göstərilən mənzərə heç də real vəziyyəti əks etdirmir.

- Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik formatını onlayn diplomatiya əvəz edir. Tərəflər sülh sazişinin prinsipləri ilə bağlı təklifləri bir-birinə onlayn qaydada göndərir. Belə olan təqdirdə vasitəçiyə ehtiyac varmı?

- Azərbaycanla Ermənistan arasında onlayn diplomatiya birinci dəfə deyil tətbiq olunur. Hələ 1994-cü ildə atəşkəs razılaşması faks mübadiləsi ilə əldə olunub. Bu da onlayn diplomatiyadır. Bu, sadəcə olaraq, texniki üsuldur. Vasitəçilik isə bizə deyil, Ermənistana lazımdır. Onlar vasitəçilik yolu ilə öz maraqlarını təmin etməyə cəhd göstərirlər. Ermənistan Qarabağa olan iddiasından əl çəkməyəcək. Ya biz onları bundan imtina etməyə vadar edə bilərik, ya da vasitəçilər. Vasitəçi ölkələr də bizə deyirlər ki, gəlin danışaq, çalışarıq onlara təsir edək. Eyni fikri Ermənistana da deyirlər. 30 il ərazində başa düşdük ki, bunlar boş və mənasızdır. Ona görə də vasitəçiliyin Brüsseldə, Soçidə, yaxud Vaşinqtonda keçirilməsinin fərqi yoxdur. Prosesin mahiyyəti dəyişməlidir.

- Ruben Vardanyan “post”undan kənarlaşdırıldı, amma Qarabağı tərk etmədi. Bu, Rusiyanın ev sahibliyi ilə danışıqların keçirilməsində yaranmış maneəni aradan qaldırdımı?

- Bu da təbliğat mifidir. Vardanyandan başqa Qarabağda yüzlərlə, bəlkə minlərlə cinayət törətmiş adam var. Biz nə üçün Vardanyanı qabardırıq? Daha doğrusu, bizim üçün onu ortaya atıblar. Vardanyanların Azərbaycan ərazisinə gəlib-getməməsi üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılmalıdır. Ümumiyyətlə, Vardanyanın Qarabağda qalması bizim xeyrimizədir. Çünki bu, gərginlik mühitini daha da genişləndirir. Ermənilər arasındakı qarşıdurma daha da dərinləşir. Orada siyasi maraqlardan əlavə kriminal qruplar var. Onların öz gəlirləri, əmlakları var. Vardanyan isə gəlib deyir ki, mən bunlara rəhbərlik edəcəyəm. Onlar da sual verir ki, bəs biz burda kimik? Ona görə də maraqlar toqquşması baş verdi.

-Amma bu gərginlik həm də Rusiyaya lazmıdır...

-Bəli. Rusiya bu gərginılikdən Paşinyanın Qərbyönlü siyasətinə qarşı ideoloji silah kimi istifadə edir. Lakin Vardanyanın bir səhvi oldu. Rusiya elə zənn edirdi ki, Vardanyanı Qərb qəbul etməz. Qərb isə Vardanyanı qəbul etdi. Avropanın kütləvi informasiya vasitələri Vardanyanı çox ciddi istifadə etdi. Ona görə də Vardanyanı hədəfə gətirdilər. Rusiya da hiss etdi ki, Vardanyan Fransa və Avropa ilə əməkdaşlığa gedib öz oyununu oynayacaq. Bu layihə Rusiya xeyir gətirmədi. Çünki onlara elə layihə lazımdır ki, Qərbyönümlü fikirlər bölgədən uzaqlaşdırılsın. Çünki Rusiya gələcəkdə Qərblə siyasi alverə hazırlaşır. Təxminən Minsk Qrupu kimi format yaratmaqla bölgədə öz mövcudluğunu təsbit etməyə çalışırlar. O alver indi də gedir. Fransa və Rusiya bu və ya digər şəkildə əlaqədədir.
Ardını oxu...
“Axmat”ın keçmiş futbolçusu Zaurbek Pliev Çeçenistan rəhbəri Ramzan Kadırovun klubun futbolçularına etdiyi hədiyyələrdən danışıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, Ramzan Kadırovla görüşləri barədə təəssüratlarını da bölüşüb.

- Rusiyaya qayıtmaq üçün Qazaxıstan millisindən imtina edib, “Axmat”a getdiyinizi dediniz. Sizinlə birlikdə komanda 2016/17 mövsümündə tarixi beşinci yeri tutub. O zaman hamı avtomobil parkını yenilədi?

- Mən “Axmat”da oynayanda xüsusilə bahalı hədiyyələr vermirdilər. Mən cəmi bir neçə dəfə Ramzan Axmatoviçin hədiyyələr verdiyini görmüşəm. Məsələn, Ablaya Mbenqa maşın "Spartak"a iki qol vurduqdan dərhal sonra verilib. O, şagirdləri Utsiev və Mitrişevə “Mercedes” vermişdi. Ümumiyyətlə, Kadırov bizi nədənsə məhrum etməyib, hər şey həmişə var idi.
Ardını oxu...
- Kadırovla görüşləriniz necə keçirdi?

- Davamlı ziyafətlər verirdi, bir dəfə də məni öz iqamətgahına dəvət edib. Məhz mövsümdə çempionatı beşinci yerdə bitirəndən sonra olub.
İqamətgah öz ölçüsü ilə yadda qalıb və çox nadir heyvan cinsləri də var idi - aslan və ya pələng. Onda bütün dünyada onlardan cəmi üç nəfərdə var idi, onlardan biri onun iqamətgahında yaşayırdı.

Böyük bir avtomobil dayanacağı da diqqətimi çəkib. Çox sayda avtomobil, fikrimcə, idman avtomobilləri də var idi.

- Yırtıcılar iqamətgahda necə saxlanılırdı?

- Pələngləri qəfəslərdə saxlayırdılar və böyük qıfıl altında zəncirləyirdilər.

Pliev 2015-2019-cu illərdə "Axmat"da çıxış edib. Hazırda Milli Futbol Liqasının “Rodina” klubunda çıxış edir.

 
 
 
Ardını oxu...
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Avropa İttifaqının missiyası artıq Ermənistanda fəaliyyətə başlayıb. Sizcə, birtərəfli qaydada hansısa monitorinq aparmaqla konstruktiv mövqe sərgiləmək nə dərəcədə məntiqlidir?

- Hazırda Avropa İttifaqının Ermənistana sülh missiyası adı altında kəşfiyyatçılar, hərbçilər, polislərin əraziyə gətirilməsi başqa mətləblərdən xəbər verir. Əslində Ermənistanın burada niyyətinin tamamilə başqa cür olduğu aşkara çıxdı. Yəni, bu missiyanın Azərbaycanla razılaşdırılmadan Ermənistan gəlməsi bir daha göstərdi ki, bu ölkənin sülhün əldə edilməsində zərrə qədər də marağı yoxdur. Ermənistan təmsilçiləri beynəlxalq platformalarda özünü yazıq, məzlum kimi göstərir. Amma ölkəyə qayıdan kimi başqa bəyanatlar verirlər. Çünki Ermənistanın niyyəti odur ki, sülh prosesini manipulyasiya etsin. Onların bu davranışları indi də davam edir.

- Aİ-nin missiyasının Ermənistana gəlişindən bir gün sonra Azərbaycana qarşı hərbi təxribat baş verdi. 5 istiqamətdə Azərbaycan əraziləri atəşə tutuldu. Missiyanın gəlişi ilə təxribatin baş verməsi təsadüfdür?

- Əslində son hərbi təxribatlarla bu missiyanın da məqsədinin nədən ibarət olduğu aşkara çıxdı. Çünki onlar bura xüsusi bir tapşırıqla gəlib. Məqsəd də mümkün sülh prosesinə mane olmaqdır. Azərbaycan qalib dövlət olmasına baxmayaraq Ermənistana sülh əlini uzadıb. Bir il öncə Azərbaycanın 5 bənddən ibarət sülh konsepsiyası Ermənistana təqdim olunub. Erməni tərəfi ilk dövrdə bu sülh konsepsiyasına razı olduğunu bildirmişdi. Görünür Ermənistana kənardan məsləhət verənlər sülh müqaviləsinin imzalanmasına əngəl törətdilər. İndi də Ermənistan da bu yolla gedir. Lakin erməni tərəfi anlamalıdır ki, bu uğursuz bir yoldur və sonu yoxdur. Çünki bu cür xətti tutmaqla Ermənistan yalnız özünün çətin vəziyyətini daha da ağırlaşdırır.

- Rusiyanın həm missiyanın göndərilməsi, həm də Ermənistanın ABŞ-ın və Qərbin diqtəsi ilə atdığı addımlara reaksiyası necə olacaq?

- Rusiya Xarici İşlər Nazirliyi ilə ilk gündən buna etiraz etmişdi. Onlar bildirmişdi ki, Avropa İttifaqının Ermənistana göndərilən missiyası Azərbaycanla razılaşdırılmış formada olmalı idi. Rusiya tərəfi də buna tərəfdar olmadığı açıqlamışdı. Vurğulanırdı ki, bu addım regionda vəziyyəti daha da gərginləşdirəcək. Faktiki olaraq indiki proses də məhz gərginliyə doğru gedir. Çünki Azərbaycanın ərazilərinin digər bölgələri ilə yanaşı rus sülhməramlılarının məsuliyyət zonasına daxil olan hissəsi də qanunsuz erməni silahlıları tərəfindən atəşə tutulub.

- Sülh prosesi qeyri-müəyyən vaxta qədər uzanıb. Belə olduğu halda müharibə təhlükəsi daha real görünür. Bu təhlükəni necə dəyərləndirirsiniz?

- Sözsüz ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Amma sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq. Çünki bizim Ermənistan kimi qonşumuz var. Onlara isə heç vaxt etibar etmək olmaz. Azərbaycanın istəyi o idi ki, prosesi siyasi-diplomatik yolla həll etsin. Amma bu yolu onlar anlamırsa, başa düşdükləri dildə yəni, Dəmir Yumruqla danışılacaq. Bu gün Fransa kimi ölkələrin onlara hansısa bir dəstək verməsi heç nəyi həll etmir. Emannuel Makron isə özünü Napaleon Bonapart kimi aparmaq niyyətinə düşüb. Amma hamı bilir ki, ondan Napaleon olmaz. Eyni zamanda Fransa keçmiş Minsk qrupunun olduğu dövrdə belə Ermənistana açıq-aşkar tərəfkeşlik edib. Amma bu fəaliyyət heç bir nəticə verməyib.

- Ermənistanın himayəçisi İranın bu məsələlərə susqun yanaşması nədən qaynaqlanır? İranın rəqibi olan Qərbin Ermənistanda mövqe tutmasına bu ölkənin heç bir reaksiya verməməsinə səbəb nədir?

- Bu çox maraqlı məqamdır. İranın susqunluğu məlum deyil. Çünki Ermənistan ərazisinə dəvət edilmiş həmin missiyanın tək Azərbaycanla serhəd xətti boyunca işlər aparmayacağı bəllidir. Qərb missiyasının tərkibində olan kəşfiyyatçılar Ermənistanın İranla olan sərhədinə də nəzarət edəcək. Ermənistanda olan Rusiyanın hərbi bazası da mütləq ki bu missiyanın diqqətindən kənarda qalmayacaq. İran da nəhayət ki bunları başa düşməlidir. Maraqlısı isə odur ki, İran bu bölgəyə kənar qüvvələrin gəlməməsi üçün bəyanatlar verirdi. İndi Ermənistana Avropa İttifaqının uzunmüddətli hərbi kontingenti gəlib. Sual olunur ki, İran niyə buna etiraz etmir? Azərbaycanı az qala gündə bu məsələ ilə bağlı təhdid edən İranın Ermənistana Fransa jandarmasının, Almaniya polisinin və digər kəşfiyyat orqanlarının gəlişinə etirazını hələ heç kəs eşitməyib. Nəhayət, İran görməlidir ki, Ermənistandan dost olmaz. Çünki indi Ermənistan ona da xəyanət etmiş oldu. Ümumilikdə isə bu dünya var olandan qorxu, güc üzərində bərqərar olub. Gücün varsa haqlısan, gücün yoxdursa haqqın yoxdur. Ona görə də, biz ölkə olaraq həmişə güclü olmalıyıq və güclü də olacağıq.
 
Ardını oxu...
90-cı illərdə Azərbaycana ərəb körfəzi ölkələrindəki terrorçu qruplaşmalardan da ciddi terror təhlükəsi var idi.

DİA.AZ bildirir ki, bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda məhzəbçilik çox geniş yayılırdı.

"Radikal vəhabiliklə, radikal şiəliyin ölkəmizdə yayılmasında sanki bir yarış gedirdi. Biz həmin dövrdə ərəb körfəzi ölkələri tərəfindən idarə olunan bir neçə terror qruplaşmalarını, dəstələrini neytrallaşdırdıq. Hansıki, həmin terrorçu qruplar tərəfindən də ölkəmizdə terror aktlarının törədilməsi planlaşdırılmışdı. O cümlədən "Ceyşullah" adlanan terrorçu dəstə var idi, onların rəhbərliyi də neytrallaşdırıldı."

S.Heydərov əlavə edib ki, ulu öndər Heydər Əliyev Qəbələyə səfər edən zaman ona qarşı terror aktı planlaşdırılmışdı.

"Bundan başqa Amerika, İsrail səfirliklərinə terror aktı və aeroportun ələ keçirilməsi planlaşdırılmışdı. 90-cı illərin axırlarında Çeçenistanda vəziyyət çox gərgin idi. Çeçenistanda olan qruplaşmaların ərəb ölkələrindən idarə olunan terrorçu qruplaşmalarla birlikdə ölkəmizə daxil olmaq və Azərbaycanı ələ keçirmək planları var idi. Bütün bunların qarşısı Heydər Əliyevin rəhbərliyi ilə qətiyyətlə alındı", - deyə o qeyd edib.

Ardını oxu...
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ olaraq onunla müsahibəni təqdim edirik.

- Münxen Təhlükəsizlik Konfransına Xameneyi rejiminin nümayəndələrinin yox, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ailə üzvlərinin çağırılması müzakirə mövzusuna çevrilib. Sizcə, konfransın təşkilatçıları niyə belə bir seçim etdilər?

- Əslində, bu, qlobal səviyyədə baş verən proseslərin məntiqi nəticəsi, həm də qlobal böhrana səbəb olan dövlətlərə - İran və Rusiyaya verilən gözdağı idi.

Münxen Təhlükəsizlik Konfransına yalnız iki dövlət – Rusiya və İran dəvət edilmədi. Bu konfransın əsas leytmotivi məhz Rusiyanın Ukraynadakı işğalçı müharibəsi oldu. Məzlumun – Ukraynanın yox, işğalçı Rusiyanın yanında yer almağa qərar verdiyi və bu yöndə rus ordusunu silahlandırdığı üçün İran bu konfransa dəvət almadı. Beləliklə, Rusiyanın yer aldığı siyahıya daxil edildi.

Bu kontekstdə Qərbdə İrandakı mövcud mollakratiyaya qarşı alternativ kimi önə çıxarılan Pəhləvi rejiminin qalıqları konfransa dəvət olundu.

Yenə deyirəm: bu, bir gözdağı və İrana verilən mesaj idi. İndi dünyadan təcrid edilmiş iki dövlət varsa, biri Rusiya, digəri İrandır. Bu da gələcəkdə İrana qarşı daha sərt məhdudiyyətlərə, daxildə kütləvi iğtişaşlara və molla rejimini dəyişmək üçün hərbi seçimlərin gündəmə gəlməsinə yol aça bilər. Artıq buna hazırlığın getdiyi görünür.

- Bəs İrandakı kütləvi etirazlar fonunda fəallaşan Pəhləvi ailəsinin yenidən hakimiyyətə gəlməsi ehtimalı nə qədərdir? Şahın oğlu Rza Pəhləvinin özü də belə bir niyyətlərinin olduğunu gizlətmir.

- Zənnimcə, bu, Qərbdə qəbul edilmiş qərar deyil. Ola bilsin ki, müəyyən dairələrin marağında olan bir sülalədir. Bəlkə də onlar gələcəkdə molla rejimini əvəzləmək üçün bir alternativ kimi təqdim etmək istəyirlər. Ancaq hələlik bunun real plan olduğunu demək çətindir. Çünki Pəhləvi rejiminin qalıqları və ya Rza Pəhləvi İran toplumunda birləşdirici fiqur kimi qəbul olunmur. Bu, çox ciddi amildir.

Bu gün birləşdirici fiqur ola bilməyən hansısa qüvvənin İranda hakimiyyəti dəyişdirə biləcəyinə inanmıram. Vaxtilə Pəhləvi rejimi xalqa rifah, iqtisadi inkişaf, sosial ədalət və zülmün aradan qaldırılması ilə bağlı çoxlu vədlər vermişdi. Amma bunların heç biri yerinə yetirilmədi. Əksinə, Pəhləvi rejimi İranda yaşayan digər xalqları farslara xidmət edən kölə olaraq görürdü, insanlara haqq tanınmadı. Bunlar da Pəhləvi rejiminin devrilməsini asanlaşdıran amillərə çevrildi.

Məsələ budur ki, pəhləvilərdən sonra hakimiyyəti qəsb edən mollakratiya rejimi də onlardan fərqli olmadı. Pəhləvilər necə digər xalqları istismar edirdilərsə, hüquqlarını tapdalayırdılarsa və Güney Azərbaycan türklərinə qarşı sərt assimilyasiya siyasəti aparırdısa, eyni şeylərin ikiqatını molla rejimi etməyə başladı. Pəhləvi rejimi kimi mollalar da Güney Azərbaycana verdikləri vədləri yerinə yetirmədilər, yetirmirlər. Əksinə, türklərə etdikləri zülmü bir qədər də sərtləşdirdilər.

İran cəmiyyəti yenidən hakimiyyətə qayıdacağı təqdirdə Pəhləvi rejiminin mollalardan fərqli siyasət yürüdəcəyinə inanmır. İnsanları bu yalana inandırmaq mümkün deyil. Çünki İran cəmiyyəti artıq ayılıb. Ayrıca, bu gün etirazçı elektoratın önündə gedənlər heç də yaşlı insanlar deyillər, onlar gənclərdir. İndi İranda aparıcı qüvvələr dinamik gənclərdən ibarətdir. Bu gənclər İranın gələcəyini müəyyən edəcəklər. Bu gəncləri də Pəhləvi rejiminin yalanlarında inandırmaq mümkün deyil.

Ayrıca, 1979-cu il “islam inqilabı”nın əsas aparıcı qüvvəsi güneyli soydaşlarımız idi. İranda hakimiyyəti onlar dəyişdilər. Yəni Pəhləvi rejimini devirən güneyli qardaş-bacılarımız idi. Bu gün güney azərbaycanlılar qlobal imperializmin nökərlərini hakimiyyətə gətirməyə hazırlaşmırlar. Artıq Güney Azərbaycanda milli dövlətçilik şüuru oyanır. Düzdür, bu, istədiyimiz sürətdə deyil, amma proses irəli doğru gedir. Yavaş da olsa, Güney Azərbaycan cəmiyyəti ideoloji baxımdan təşkilatlanır, bütövləşir.

Molla rejimini əvəz etmək istəyən pəhləvilər ondan fərqli deyil, eyni qafadadırlar. Bu xəmir hələ çox su aparacaq. Hesab edirəm ki, Güney Azərbaycanın milli dövlətçilik istiqamətində irəliləməsini sürətləndirmək və onu buna hazırlaşdırmaq üçün hər kəs öz əlini daşın altına qoymalıdır. Zaman həm Güney, həm də Quzey Azərbaycan dövləti üçün çox qiymətlidir.

- Sizcə, Güney Azərbaycan üçün çıxış yolu hansıdır: İranda hakimiyyət dəyişikliyi, yoxsa müstəqillik?

- Əvvəla, müstəqil olmaq üçün mövcud rejim dəyişməlidir. Zənnimcə, müstəqilliyi qazanmaq üçün təkcə Güney Azərbaycandakı etiraz dalğası kifayət etməyəcək. Bunun üçün Güney Azərbaycan İrandakı bütün türk etnosunu bir bayraq və bir ideologiya altında birləşdirməyi bacarmalıdır. Məlumdur ki, orada təkcə Azərbaycan türkləri yox, türksoylu bir çox xalqlar yaşayır. Onların maraqları bir çətir altında birləşə bilər. Belə insanların sayı 50 milyona qədərdir. Yəni İranda əsas güc türk etnosudur.

Digər yandan, müasir dəyərlərə, demokratiyaya açıq digər etnosları da bu ideologiya ətrafında birləşdirməyə ehtiyac var. Məsələn, ərəblər və bəlucları. İranda molla rejimini qəbul etməyən, onu düşmən hesab edən digər etnoslar da var. Düşünürəm ki, bütün bu xalqların bir bayraq altında birləşməsi çıxış yolu ola bilər və bu gəlişmə türkləri daha da gücləndirəcək. Yalnız bundan sonra rejimi devirib, müstəqil dövlət yaratmaq mümkündür. Artıq buna hazırlaşmaq lazımdır.
 
Ardını oxu...
Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Gültəkin xanım, bu gün sənətkarın doğum günüdür. Onu ürəkdən təbrik edirik. Hər zaman müsahibəni onunla etmişik. Bu dəfə istədik ki, onunla bağlı sualları sizə ünvanlayaq. Doğum gününü necə qeyd etdi?

- Öncə Arif müəllimə qarşı göstərdiyiniz bu diqqətə və hörmətə görə sizə təşəkkür edirəm. Ad günləri hər zaman təmtəraqlı keçib. Biz istəsək də, istəməsək də bu belə olub. Çünki xalqın və dövlətin sevimlisidir. Görün nə qədər tələbələr yetişdirib. Bu baxımdan çox xoşbəxt xanəndədir. Hər zaman deyir ki, məni həm xalq, həm də dövlət sevir. Bütün ordenlərə, fəxri adlara layiq görülüb. Bir sənətkara bundan artıq daha nə lazımdır?! Bu il də doğum günü Dövlət Filarmoniyasında qeyd olundu. Tələbələri və gənc xanəndələr mahnılarını ifa etdilər. Özü də iştirak etdi, təşəkkürünü bildirdi. Onun doğum günləri həm ad günündən 1 həftə əvvəl, həm də 1 həftə sonra davam edir. Verilişlər çəkilir, gözəl proqramlar hazırlanır. Bu diqqət Arifi çox sevindirir.

- İstərdim lap əvvəldən başlayaq. Necə tanış olmusunuz?

- Ariflə ailə həyatı quranda 18 yaşım var idi. Məktəb bitirməmişdim. Gəlib gördü, alıb gətirdi. Amma oxumaq da istəyirdim. Tibb universitetinə imtahan verdim, bir balım çatmadı. Sonra dedi ki, eybi yox, özüm səni oxudacam. 3 övladımız oldu, baş onlara qarışdı. Heç təhsil, oxumaq yada düşmədi, yaddan çıxdı. Ən böyük arzularımdan biri həkim olmaq idi, indi qızım həkimdir, mənim arzularımı yerinə yetirib. Hətta Arif də mənə dedi ki, “arzuların daha yerinə yetdi, qızın həkim oldu”.

- Bu illər ərzində bir-birinizə dözmək çətin olmayıb ki?

- Xeyr! Heç bir vaxt çətin olmayıb. Nə o, nə də mən şərait yaratmamışam ki, çətinlik olsun. Ailədə hər şey hər iki tərəfdən asılıdır. 55 ildir ki, bir yerdəyik, o məni, mən də bu günki gündə onu qoruyuram. Arif müəllim cavanlığında çox səbirsiz insan idi. Amma yaşı artdıqca artıq səbirli olur. Heç vaxt məni incitməyib. Özümü onsuz, tək təsəvvür etmirəm. Həmişə dua edirəm ki, Allah ona can sağlığı versin, pis gün göstərməsin. Ən azından o günü mən görməyim.

- Ən böyük arzusu nə idi?

- Ən böyük arzusu Ağdamına, Sarıhacılı kəndinə getmək idi. Şükür Allaha ki, o arzusu da həyata keçdi. Lalə Azərtaşla birlikdə Ağdama yollandı. Əfsuslar olsun ki, valideynlərinin məzarını tapmadı... Amma ordan gələndə böyük sevinc içində idi. Təsəvvür edirsiniz, insan 30 il torpağından ayrı düşür, 30 ildən sonra ora ayaq basır?! Bu böyük bir sevincdir!

- Səhv etmirəmsə siz də onunla birlikdə getmişdiniz?

- Xeyr, mən onunla Şuşaya getmişdim. Avqust ayında. Muğam müsabiqəsinin finalını Şuşada keçirmişdilər.

- Ən çox hansı yeməkləri, təamları bəyənir?

- Yeməkdə kaprizi yoxdur. Nə hazırlayıramsa yeyir. Plovun bütün növlərini xoşlayır. Ümumiyyətlə milli mətbəxə böyük həvəsi var.

- Bir neçə dəfə ölüm xəbərini yaymışdılar. Bu ona necə təsir etmişdi?

- Bu xəbərlərə artıq öyrəşib. Bilirik ki, bu da sevgidəndir. Amma yaxşı olardı ki, jurnalistlər məlumatlı olsunlar. Məlumatı yaymazdan öncə zəng edib, soruşsunlar. Şükür Allaha, nömrəsini hamı bilir. Bu xəbərlər ondan çox sevənlərinə və ailə üzvlərinə pis təsir edir. Ölüm haqdır, hamı üçün var. Amma yalan xəbərlər kimə və nəyə lazımdır ki?! Özü normal qarşılamasa da, hiss etdirmir. Deyir ki, əgər bu yalan xəbərlərdən kimsə çörək pulu qazanacaqsa, qoy yazsınlar.

- Bu gün ən böyük arzusu nədir?

- Arif artıq ömrünün 85-ci ilini yaşayır. Ən böyük arzuları həyata keçib. Təbii ki, arzudan arzu doğur, arzular heç bir vaxt insanı tərk etmir. Ən böyük arzusu dövləti, milləti, sevənləri və ailəsi ilə bağlıdır. Nəvə, nəticə sahibidir. Həm də Sarıhacılı kəndini bərpadan, yenidənqurmadan sonra görmək istəyir. Müsahibələrinin birində Ağdamda bir ev muzeyinin olmağının istədiyini bildirmişdi. Dövlətindən, prezidentindən, birinci xanımdan çox razıdır. Hər zaman Mehriban xanım Əliyevanın, cənab prezidentin mədəniyyət xadimlərinə, muğam sənətinə böyük töhfələr verdiyini bildirir, bu haqda sevinərək danışır. Mənim isə onunla bağlı ən böyük arzum can sağlığıdır. Ona qulluq etmək, baxmaq mənim üçün böyük fəxrdir, şərəfdir.

Dünyapress TV

Xəbər lenti