Pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası, Prezident mükafatçısı Ramil Əhmədov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:
-Ramil bəy, siz pauerliftinq sahəsində fədakar çalışan idmançılardansınız. İstərdim özünüzü oxucularımıza daha yaxından tanış edəsiniz.
-Mən 1988-ci ildə anadan olmuşam. Orta məktəbin 9-cu sinfindən etibarən hərbi liseydə təhsil almışam. Daha sonra Azərbaycan Texniki Universitetini bitirmişəm. 2010-2011-ci illərdə hərbi xidmətdə olmuşam. Daha sonra İçərişəhər Dövlət Tarixi Memarlıq qoruğunda çalışmışam. 2015-ci ildən isə məşqçi işləyirəm. 2007-ci ildən idman kariyeram başlayır. Əməkdar idman ustası və Prezident mükafatçısıyam. Ailəliyəm, 2 övladım var.
-Bir idmançı kimi hansı maneələrlə üzləşirsiniz?
-Hal-hazırda əsas problemlərdən biri dəvət aldığım mötəbər yarışlara sponsor dəstəyidir. Bu mənada çox əziyyət çəkirəm. Həmçinin məşğul olduğum idman növünün yeni pauverliftinq idmanının rəsmi olaraq akkreditasiya keçməməsidir. Halbuki Azərbaycan Pauverliftinq federasiyası 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən onun xeyir duası və tapşırığı ilə yaradılmışdır. Əfsuslar olsun ki, həqiqətən federasiyamızın müəyyən idmançıları və vaxtı ilə məsul vəzifələrində işləmiş şəxslər federasiyamız haqqında qarayaxma piarını israrlı şəkildə apardıqlarından, öz şəxsi maraqları üçün federasiyamızın nüfuzunu tapdalayaraq “biz yoxuq, federasiya da olmayacaq” deyərək bu idmana yaraşmaz hərəkətlərin nəticəsidir.
-Belə başa düşürəm ki, federasiyanızın problemləri çoxdur.
-Mən və bütün idmançılarımız səbrlə ümid edirik ki, yaxın vaxtda Nazirlik APF-nı rəsi olaraq tanıyacaq. Sponsor məsələsi də Allahın izni ilə, yaxşı dostların köməyi ilə həllini tapacağına inanıram.
-Ən uğurlu qalibiyyəti harada və nə vaxt qazanmısınız?
-Ən uğurlu yarışım 2016-cı ildə Amerikada keçirilən dünya çempionatı idi. Məhz həmin yarışda 90 kiloda 925 kilonun öhdəsindən gələrək dünya çempionu olmuşdum. Amma bir ay öncə Sankt-Peterburqda keçirilən Şimali Avropa Çempionatında həm mütləq qalib oldum, həm də 3 dünya rekordunu təzələdim.
-Çox ağır idman növü ilə məşğul olursunuz. Nə kimi təhlükələrlə üz-üzə qalmısınız?
-Pauverliftinq mənim nəfəsimdir. Mən buna görə bütün təhlükələri gözə almışam (gülür). Biz idmançıların əsas rəqibi əslində ştanqdır. Ştanq bizim dostumuz da ola bilər, bizimlə düşmən də. Ona görə biz sona qədər mübarizə aparmalıyıq. Hal-hazırda dizlərimdə ağıq məşqlər olanda dentoid (ödəm) olur. 3 mm bel yırtığı da var. Bununla bağlı öz şəxsi hesabıma reabilitasiya keçirəm.
-Bu gün müxtəlif kimyəvi tərkibli dərmanlarla “ideal” bədən quruluşuna sahib olurlar. Yəqin ki, bu doğru addım deyil.
-Əlbəttə ki, doğru addım deyil. Hər çıxışımda dopinqə qarşı olduğumu, dopinqlə mübarizəni dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm. Ölkəmizdə hal-hazırda Azərbaycan Milli Antidopinq agentliyi də fəaliyyət göstərir. Onların seminarlarında iştirak edirəm. Gənclərə sağlam idmanı, sağlam şəkildə qidalanmanı təbliğ edirik.