Yaxın Şərqdə sülhə qarşı üç rejim:
Politoloq: “HAMAS-ın öz mövcudiyyətini davam etdirmək, legitimliyini gücləndirmək üçün qan və qırğınlara ehtiyacı var”

Yaxın Şərqdə hərbi gərginlik davam etməkdədir. Oktyabrın 7-si səhər saatlarında fələstinlilərin HƏMAS hərəkatı tərəfindən İsrailin bombalanması ilə başlayan eskalasiya pik həddədir. Dünya ictimaiyyəti dinc fələstinlilərin müharibə qurbanı olmasını qınasa da, HƏMAS-ın terror əməllərini pisləyir, İsrailə dəstək nümayiş etdirir. Təbii ki, müsəlman ölkələri tərəfindən Fələstin dəstəklənir. Amma qlobal güclər, xüsusilə, ABŞ Təl-Əvivə sonadək dəstək göstərəcəyini açıq bəyan edib. ABŞ Prezidenti Co Baydenin yaxın Şərqə səfəri, İsrailə yardım vədi və sonadək dəstək bəyanatı Vaşinqtonun mövqeyinin açıq olduğunu göstərdi. Lakin ekspertlərin qənaətincə ABŞ müharibənin genişlənməsində də maraqlı deyil.

Yaxın Şərqdə baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, bu gün Vaşinqtonun Ukrayna ilə yanaşı, İsrailə yardımı elan etməsi ABŞ-ın milli maraqları və təhlükəsizliyi baxımından önəmlidir:

- Ona görə də Bayden səviyyəsində İsrailə dəstək göstərilməsinin vacibliyi elan olundu. İndi bu yardım Ukraynaya dəstəklə birlikdə göstəriləcək, yəni paket formasında yardım ediləcək. Baydenin Yaxın Şərqə səfəri əslində atəşkəsə nail olunmasına hesablanmışdı. Görünür, ABŞ bölgədə böyük müharibədə maraqlı deyil. Amma İsrailin əsas hədəfi vəziyyətdən istifadə edib “İran problemi"ni aradan qaldırmaqdır. Bunun üçün Təl-Əvivin qarşıdurmanın miqyasını böyütməyə və İranı bu prosesin tam mərkəzinə çəkib gətirməyə ehtiyacı var. Çünki İran müdaxilə edib, İsrailə qarşı müharibəyə liderlik etsə, ABŞ da bunun qarşısını almaq üçün müharibəyə qoşulacaq. Bu halda ordusu və kəşfiyyatı haqda əfsanələr yaradılmış, əslində isə gücü yetərli olmayan, tükdən asılı İsrail üçün İran məsələsinin həllinə fürsət və imkan yaranacaq. ABŞ isə buna qarşıdır.

- Baydenin səfəri ərəfəsində Qəzzada xəstəxananın bombalanmasının ABŞ liderinin bölgəyə gəlişi ilə əlaqəsi nə qədərdir?

- İnsanlığa qarşı həmin cinayət Baydenin bölgəyə səfərinə saatlar qalmış törədildi. Bu, əlbəttə, təsadüfi deyildi. Bayden Ammanda İordaniya, Misir, Fələstin liderləri ilə görüşəcəkdi və aydındır ki, müzakirələrin ana mövzusunu sülh təşkil edəcəkdi. Lakin xəstəxananı bombalamaqla sülh gündəmi baltalandı. Bu məsələdə İsrail, HƏMAS və İranın maraqları üst-üstə düşür. İsraildə Baş nazir Beynamin Netanyahunun liderliyi altında Ben Qvir, Smotriç kimi quldurlardan ibarət hökumət iş başındadır və bu hökumət böyük müharibədə maraqlıdır. Qəzzaya terrorçu rejim hakimdir və HAMAS-ın öz mövcudiyyətini davam etdirmək, legitimliyini gücləndirmək üçün qan və qırğınlara ehtiyacı var. İran rejiminə də xarici düşmənlər lazımdır ki, həm daxildə diqqəti çoxsaylı problemlərdən yayındırsın, əhalini ətrafında səfərbər etsin, həm də bölgədə proksi qruplaşmaların yaradılması və silahlandırılmasına yönəltdiyi milyardların “haqq işinə” sərf olunduğu qənaətini formalaşdırsın, bu siyasətinə xalqdan dəstək qazansın. Bu üç rejim də Fələstin məsələsinin ədalətli həllində maraqlı deyil və istənilən sülh prosesini pozmağa hazırdır.

Tam əminliklə deyə bilərəm ki, sabah İsraildə sülhsevər bir hökumət qurulsa, hətta 1967-ci il sərhədlərinə geri çəkilməyi qəbul etsə, HAMAS, İslami Cihad və digər radikal fələstinli qruplar, İran və onun "Hizbullah"ı bunu yetərli görməyəcək və İsraildən 1947-ci il vəziyyətinə geri dönməyi tələb edəcəklər. Yəni bu gün çoxlarının hesab etdiyi kimi, İsrailin ciddi güzəştlərə getməsinin də bölgəyə sülh gətirəcəyinin bir təminatı yoxdur. Üç səmavi dinin yaranıb-yayıldığı, hər kəsin öz dinini sülh dini adlandırdığı, amma heç cür sülhün bərqərar olmadığı peyğəmbərlər yurdu Orta Şərq təəssüf ki, bir cəhənnəm olaraq qalır və dünyanı da öz zülmətinə qərq edir.

- Məlum oldu ki, Çin də Yaxın Şərqə döyüş gəmiləri göndərib. Ümumilikdə, baş verənlər daha da dərinləşə, böyük güclərin qarşı-qarşıya gəlməsinə səbəb ola bilərmi?

- Pekin rəsmi səviyyədə bildirib ki, regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır. Bu gün Rusiyanın ayaqda qalması Çinə ona görə vacibdir ki, ABŞ-ın enerjisi və gücü parçalansın, bütün gücünü Çinə qarşı yönəltməsin. Aydındır ki, bu gün ABŞ-ın resurslarından həm Ukraynaya gedir, həm İsrailə gedir. Əlbəttə, Pekindən verilən “regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır” bəyanatı da bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, Çin Yaxın Şərqə hərbi gəmilər göndərməklə o mesajı da verir ki, dünya gücü kimi lazım gələrsə, proseslərə müdaxilə etmək imkanındadır.

Əslində beynəlxalq güclər bu gün qarşı-qarşıyadır və hər kəs özünə sərf edən siyasəti həyata keçirir. Bundan əziyyət çəkən isə müharibə bölgələrinin əhalisidir.

- Bölgənin “qan gölünə” çevrilməsi kimin marağındadır və hansı qüvvələrə xidmət edir?

- Mən qarşıdurmalardan əvvəlki siyasi vəziyyətə baxmağın tərəfdarıyam. Məlumdur ki, son aylarda ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında çox vacib anlaşmalar hazırlanırdı. Səudiyyə Ərəbistanı tərəfindən İsrail dövlətinin rəsmən tanınması və diplomatik əlaqələrin qurulması, əvəzində Fələstin məsələsində İsrailin bəzi güzəştlərə getməsi, Səudiyyənin dinc məqsədli nüvə proqramına ABŞ-ın dəstəyi və bu ölkəyə təhlükəsizlik təminatı verməsi, əvəzində krallığın Çinlə iqtisadi və hərbi əlaqələrdə dərinə getməyərək məsafə saxlaması, neft qiymətlərində Vaşinqtonla qarşılıqlı anlaşma şəraitində siyasət yeritməsi və s.detallar müzakirə olunurdu. Tərəflər bütün məsələləri razılaşdırmasalar da, ciddi irəliləyişlər də mövcud idi. Məsələn, son aylar İsrailin 3 naziri müxtəlif beynəlxalq-regional toplantılarda iştirak adı altında Səudiyyə Ərəbistanına səfər etmişdi. Prosesin müsbət sonluqla bitməsi “İbrahim anlaşmaları”nın təntənəli yekunu olacaqdı. Lakin HƏMAS-ın hücumu, İsrailin cavabı və qızışan münaqişə sözügedən prosesin aqibətini qeyri-müəyyənliyə sürüklədi. Səudiyyə Ərəbistanı hər nə qədər tamamilə öz maraqlarını güdən praqmatik siyasət aparsa da, ərəb dünyasının lider dövləti olaraq İsrailin fələstinlilərə qarşı hərbi və iqtisadi xarakterli sərt tədbirlərini görməzdən gələ bilməz. HƏMAS-ın törətdiyi ağır cinayətlər, İsrailin buna verdiyi cavablar bölgədəki nisbi sülh atmosferini pozdu. Bununla da planlaşdırılan razılaşmalar təxirə düşdü.

Düşünürəm ki, İsrail-HƏMAS savaşında qazanan tərəfin İran olduğu görünür. Təbiim ki, baş verənlər Çin və Rusiyanın da maraqlarına uyğundur. Nəzərə almaq lazımdır ki, İran kifayət qədər ciddi dövlətdir və destruktiv potensialı yüksəkdir.

Müəllif: Anar Bayramoğlu
 
 
 

Dünyapress TV

Xəbər lenti