Ardını oxu...
Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Ötən gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında həmin qanun layihəsi ətrafında aktiv müzakirə keçirildi.

Energetika naziri Pərviz Şahbazovla Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov arasında fikir ayrılığı oldu.

Nazir əvvəlki müzakirədə yeni qanun qəbulunun qiymətlərin artması anlamına gəlməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, bazar modeli tam fəaliyyətə başladıqdan sonra ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün qiymət tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdansatış qiymətlərinin, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək.

Vahid Əhmədov isə nazirin “qiymət artımı olmayacaq” deməyi ilə razılaşmadığını bildirib: “Burada çox ciddi qiymət artımı nəzərdə tutulur. Bu qanunun icrası Azərbaycanda ciddi problem yarada bilər. Hesab edirəm ki, qanun qısa müddətdə qəbul edilsə, vaxtilə fəaliyyət göstərən "Barmek"dəki kimi ciddi problemlərlə üzləşəcəyik”.

Deputat Vahid Əhmədov sözügedən qanun layihəsinin yaratdığı diskussiya ətrafında Teleqraf.com-un suallarını cavablayıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Vahid müəllim, nazirin çıxışına etirazınız maraq doğurdu. Qanun layihəsində narazılıq yaradan məqam nədir?

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasına bizi də dəvət etmişdilər. Çünki həmin qanunla əlaqədar müəyyən təkliflərimiz var idi və onu da müzakirə etdik. Burada etiraz yox, fikir mübadiləsi aparmışıq. O cümlədən, cənab nazir bəzi suallara aydınlıq gətirdi. Ümumiyyətlə, bu, çox ciddi bir qanun layihəsidir.

Azərbaycanda “Elektroenergetika haqqında” qanun 1998-cı ildə qəbul olunub. Üzərindən keçən 25 il ərzində ölkəmizdə çox ciddi iqtisadi islahatlar həyata keçirilib. Ona görə burada da islahata böyük ehtiyac var.

Biz bu qanunu tək iqtisadi yox, həm də sosial-siyasi qanun hesab edirik. Çünki burada tariflərdən söhbət gedir. Qanun qəbul ediləndən sonra paylaşma sistemi özəl şirkətlər tərəfindən idarə olunacaq. Ola bilər ki, burada tariflər müəyyən qədər dəyişilsin. Amma cənab nazir bizi arxayın etdi ki, heç bir tarif dəyişən deyil, qiymətlər dövlət tərəfindən tənzimlənəcək. Bu barədə əlavə məlumat verəcəklər.

- “Azərişıq” ASC-nin özəlləşdirməyə ehtiyacı varmı?

- Azərbaycanda elektrik enerjisinin əsas paylayıcı şəbəkəsi “Azərişıq” ASC-dir. Faktiki olaraq hazırkı sistem illərdir ki, mənfəətlə işləyir. Açığını deyim ki, bu qurum iki il əvvəl Qarabağda gecə-gündüz çox böyük işlər görüb. “Azərişıq”a paralel olaraq “Azərenerji”, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətləri də həmçinin eyni işləri həyata keçirir. Ona görə biz əsasən rentabelli olmayan müəssisələri özəlləşdirməliyik.

Amma müasir texnologiyalar, “yaşıl enerji” kimi digər məsələləri nəzərə alanda, belə hesab edirlər ki, özəlləşməyə getməlidirlər.

Əslində özəlləşmənin tərəfdarıyam və buna gedilməlidir. Çünki bir çox dövlət şirkətlərinin özəlləşməyə çox böyük ehtiyacı var. Milli Məclisdə bu məsələlərə mütəmadi toxunuruq.

- Müzakirələrdə əsasən hansı təkliflər irəli sürdünüz?

- Biz bu qanun layihəsində qanunun vaxtı və icrası, pilot layihə kimi tətbiqi və tariflə bağlı bir neçə məsələləri müzakirə etmişik.

Ümumiyyətlə, energetika sahəsində islahatın tərəfdarıyıq, bunu çoxdan istəyirik. Amma bunu pilot layihə şəklində olmasında maraqlıyıq. Öncə hansısa bölgədə pilot layihələr həyata keçirib baxmaq lazımdır ki, rentabelliliyini göstərəcəkmi? Bundan sonra layihəni tədricən digər bölgələrə də tətbiq etmək olar.

Qanunun vaxtı və icrası ilə bağlı da təkliflərimiz oldu. Bildiyimiz kimi, 2025-ci ilə qədər Azərbaycanda parlament və prezident seçkiləri nəzərdə tutulub. Buna görə, qanun layihəsinin tətbiqinə 2027-2028-ci ildən başlamağı təklif etdik. Hələlik bu təklifimizi qəbul edib-etmədiklərini deyə bilmərəm.

- Son təklifinizlə razılaşdılarmı?

- Hələlik, yox. Onların öz arqumentləri var və deyirlər ki, edə bilmərik. Qanun üçüncü müzakirədən sonra qəbul olundu. Çox güman ki, növbəti mərhələdə Prezident fərman imzalayacaq. Gözləyək görək fərmanda nələr əks olunacaq.

- Əgər energetika sahəsində özəlləşmə olarsa, qiymətlər hansı aralıqda dəyişə bilər?

- Nazirin dediyinə görə, artım olmayacaq, tariflər dövlət tərəfindən tənzimlənəcək. Necə tənzimlənəcək, bunun texnologiyasını biz bilmirik.

- Yəni qiymətlərin tənzimlənməsi real görünmür?

- Əgər özəl şirkətlər investisiya qoyursa, burada məqsədi mənfəət əldə etməkdir. O havayı yerə pul qoymur ki... Şirkət pul götürmək istəyir, bunun üçün də mütləq tarifləri qaldırmalıdır ki, qoyduğu investisiyanı götürsün, müəyyən qədər də vəsait əldə edə bilsin. Amma indi deyirlər ki, guya bunlar tənzimlənəcək. Gözləyək görək məsələlər necə həll olacaq.

- Vahid müəllim, qeyd etdiniz ki, layihə həm də sosialdır. Bu baxımdan qanunun qüvvəyə minməsi sosial etiraz yarada bilərmi?

- O dərəcəyə gəlib çatmaz. Çünki dövlət büdcəsi müzakirə olunan zaman Prezident İlham Əliyevin ən birinci diqqət yetirdiyi sahə sosial sahədir və əsas vəsait də bu istiqamətə ayrılır. Növbəti isə dövlətin təhlükəsizlik məsələlərdir. Hər ikisi əsas prioritet təşkil edir.

2023-cü ilin dövlət büdcəsinin təxminən 42 faizi sosial layihələrə yönəldilib. Ona görə də hesab edirəm ki, tariflərin artmasına imkan verməzlər.

- Qanunun indi qəbulunun tez olduğunu düşünürsünüz...

- Baş nazirinin birinci müavini kimi bu sahəyə iki il rəhbərlik etmişəm. Bu sahəni çox yaxşı bilirəm. Ona görə də təklif etdim ki, layihəni pilot olaraq tədricən həyata keçirək.

İcbari Tibbi Sığorta (İTS) kimi bir təcrübəmiz var. İdeya əvvəl iki rayonda tətbiq edildi, daha sonra şimal, cənub bölgələrində yayılmağa başladı. Artıq İTS bütün ölkə üzrə fəaliyyət göstərir. O vaxtı bu qanun layihəsi ətrafında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovla dəfələrlə yığışıb müzakirələr apardıq, təkmilləşdirmələr apardıq. Çox ciddi məsləhətləşmələrdən sonra pilot layihəni dəstəklədik.
 
Ardını oxu...
Avtomobili geri idarə etmək də dəbə “mindi”, eləmi? Günün mövzusu bu olmamalı. Amma, təəssüf… Dövlət Neft və Sənaye Universitetinin tələbəsi bir neçə gün öncə avtomobili geriyə idarə etdi, həm də əynini soyunmuş halda. Bir tələbənin qanunazidd hərəkəti “dəb”ə çevrildi. Artıq onun “davamçıları” peyda olub. Dünən paytaxtda daha bir “gerisürmə əməliyyatı” gerçəkləşib. VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içərisinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi şəhərin mərkəzində nəqliyyat vasitələrinin axınının əks-istiqamətində, nəqliyyat vasitəsini geriyə idarə edən sürücü ilə bağlı məsələyə münasibət bildirib. İdarənin açıqlamasında qeyd olunur ki, yeni “trend”ə qoşulanlarla bağlı, eləcə də videogörüntüləri yayılan VAZ-21099 markalı avtomobilin sürücüsü ilə bağlı araşdırma aparılır, tədbir görüləcək.

BDYP tədbir görməyində olsun, cəmiyyətdə yaranmış zərərli axın barədə bəs psixoloq nə deyir?
Teref.az yazır ki, “Şərq”ə açıqlamasında psixoloq Fərqanə Mehmanqızı qeyd etdi ki, kütlə kimi qəhrəman görürsə, fərdlər də onu qəhrəman sayır:

- Psixologiyada “həmrəylik psixologiyası” anlayışı var. Birisinin etdiyi hərəkəti, davranışı digəri və digərləri də təkrarlamağa can atır. Ümumiyyətlə, insanın xisləti belədir. Nə zaman ki cəmiyyətdə müsbət davranışlar təbliğ edilir, kütlə də onun arxasınca gedir. Amma cəmiyyətə mənfi, qanundankənar davranışlar təbliğ edilirsə, kütlə də onu örnək alır. İllərdir “qaranlıq dünya”, “yeraltı dünya”nın adamları dizilər, filmlər vasitəsilə efirlərdə təbliğ olunur. Bu insanlar qanunu pozmaqla yeni qanunlar yazır, özlərinin tərtib etdiyi qanunlarla hərəkət edirlər. Cəmiyyətimiz onları görür, onlardan “nümunə” götürür. Onlar standartlardan çıxan adamlardır və kütlə onları “qəhrəman” hesab edir. Bu zərərli axının sonu belə də olmalıydı. Əynini soyunmuş halda avtomobilin sükanı arxasına keçib onu geriyə idarə edən o gənc sosial şəbəkələrin, internetin “qəhrəmanı” oldu. Mən rəylərə baxıram, dəhşətə gəlirəm. Əksəriyyət o gənci bəyənir, dəstək verir, tərifləyir. Bu çox təhllükəli haldır. Belə çıxır ki, qanunu pozanlara cəmiyyətdə rəğbət var?! Bir günün içində gənc kütlənin diqqətini çəkdi, tanındı, məşhurlaşdı. Nəyin hesabına? Qanunu pozmaq, qaydaları çeynəmək hesabına. Ona görə də ertəsi gün eyni hərəkəti bir başqası təkrarladı. Qanun və qaydaları, həmçinin cəmiyyətdəki etik davranış qaydalarını pozanlara qarşı ciddi və sərt cəzalar tətbiq edilməlidir ki, digərlərinə görk olsun. Cəmiyyət qanun pozuntusunun yolverilməz olduğunu, hər kəsin təhlükəsizliyinin, rahat yaşayışının təmin edilmiş olduğunu bilsin. Mən şəxsən övladımın həyatı üçün əndişə keçirirəm. Avtomobili arxa-arxaya idarə edən sürücü sabah mənim övladımın həyatına təhlükə yarada bilər. Bu hadisə zamanı insan tələfatı olmadı, qəza baş vermədi. Amma eyni hadisənin sabah qəzasız-bəlasız, faciəsiz bitməyəcəyinə təminat yoxdur. Hər cür qəza da baş verə bilər, piyadaların, digər sürücülərin həyatı təhlükə altına düşər. Ona görə də cəzalar sərt olmalıdır.
F.Mehmanqızı tələbənin guya psixoloji problemlərinin olması və onun xəstəxanaya yerləşdirilməsinin aldadıcı və cəzadan yayındırılmaq məqsədi daşıdığını bildirdi: - O gəncin heç bir psixoloji problemi yoxdur. Psixoloji problemli adam avtomobili arxa-arxaya idarə edə bilməz. Ümumiyyətlə, avtomobil idarə etmək asan iş deyil. İllərin sürücüləri avtomobili park edəndə yüz-ölçüb bir biçir. O ki ola arxa-arxaya, həm də uzun müddət idarə etmək. Sürücü yolu səhv gedə bilər, səhv getdiyini biləndə avtomobilin arxa işıqlarını təhlükəsizlik siqnalı şəklində yandırmaqla xəbərdarlıq edərək minik vasitəsini arxa-arxaya sürə bilər ki, düzgün istiqamətə yönlənsin, digər sürücülər üçün təhlükə yaratmasın. Avtomobil idarə etməyi az-çox bilirik. O gənc isə avtomobili bilərəkdən, nümayişkaranə şəkildə axra-arxaya sürüb, özünü “super-qəhrəman” kimi göstərmək, “məşhurlaşmaq” istəyib. İstəyinə də nail olub. Bir insan kimsədən, o cümlədən də qanundan, cəzadan çəkinməyərək avtomobili qaydalara zidd şəkildə idarə edir və cəmiyyətə mənfi tendensiya yaradırsa, o, təhlükəli biridir, sabah başqa qanunazidd hərəkət də edəcək. Bu adama elə bir cəza verilməlidir ki, həyatının şokunu yaşasın. O və onun kimilər ali məktəbdən uzaqlaşdırılmalıdır. İnsan savadlı ola bilər, amma əgər mənəviyyatsızdırsa, onun savadı heç bir əhəmiyyət daşımır. Mənəviyyatsız savadlı adamlar cəmiyyət üçün böyük təhlükədir.
F.Mehmanqızı məlum hadisədən sonra gəncin cəzalandırılmaq əvəzinə haqqında müsbət rəy formalaşdırılmasına göstərilən cəhdləri tənqid etdi:
- Təhsil aldığı ali məktəb bu hadisəni qınamaq yerinə, “yaxşı tələbə” fikri formalaşdırır. Deməli, bu gənc cəzalanmayacağına da əmin olub. Psixoloji problem adı altında cəzadan yayınma baş verir. Psixoloji problemi olan şəxsə sürücülük vəsiqəsi necə verilib? Cəza yoxdur, ictimai qınaq da yoxdur. “Əla!”. Davamı gələcək o zaman. Cəzalar ona görə mövcuddur ki, insanlar cəmiyyətdə necə davranılmalı olduğunu bilsinlər. Hər bir insan bilməlidir ki, hansı cəmiyyətdə yaşayır və bu cəmiyyətin qaydaları hansılardır. Bunu bilməyən, valideyni tərəfindən öyrədilməyən, tərbiyə almayan uşaq sabah istənilən qanunsuzluğu edə bilər.
 

Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Qarabağ ermənilərinin Laçın yolunda yoxlanılaraq ərazimizə buraxılacağı deyilir. Üstəgəl, separatçıların iddiasına görə, qarabağlı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməsələr, buraxılmayacaqlar. Sizcə, bu baş versə, ardınca hansı gəlişmənin şahidi ola bilərik?

- Azərbaycan ordusu Qarabağın ermənilər yaşayan hissəsində suverenliyimizi bərpa etmək üçün kifayət qədər həll edici addımlar atıb və atır. Şuşanın şimalında separatçıların hərbi məqsədlər üçün istifadə etdikləri yollara nəzarət tam təmin olunub. Beləliklə, digər ərazilərimizə də nəzarətimizi bərpa etmək üçün ciddi addımlar atmağa hazırlaşırıq. Bu addımlardan növbətisi Laçın yolunda nəzarət-buraxılış və gömrük məntəqəsinin quraşdırılması olacaq. Bu məsələ ilə bağlı Rusiya sülhməramlılarının rəhbərliyi və siyasi dairələri ilə ciddi danışıqlar aparılır. Rusiya çalışır ki, nəzarət-buraxılış məntəqəsi qoyulacaqsa, orada Azərbaycanla yanaşı, rus sülhməramlılarının da nümayəndəsi olsun. Hələlik bu məsələ ətrafında razılaşma əldə edilməyib. Amma zənnimcə, kompromisə gəlmək mümkün olacaq.

Artıq Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə Azərbaycanın sərhəd və gömrük xidmətlərinin əməkdaşlarının yerləşdirilməsi kifayət qədər real görünür. Azərbaycan bu əsas üzərində öz suverenliyini tam bərpa etmək üçün möhkəm bir bünövrəni qoyur. Bu çərçivədə Qarabağın ermənilər yaşayan hissəsində də, suverenliyimizin bərpası prosesi davam etdiriləcək.

Laçın yolu məsələsinin həllindən sonra, çox güman ki, növbəti addım Ağdərə-Kəlbəcər yoluna nəzarətin bərpa edilməsi olacaq. Bundan sonra Ağdərənin mərkəzində yerləşmiş 2-3 minlik erməni silahlı qüvvələrinin tör-töküntülərini oradan çıxarmaq və ya zərərsizləşdirmək mümkün olacaq. Hesab edirəm ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması ilə yanaşı, Kəlbəcərə ən qısa yol olan Ağdərə-Kəlbəcər yoluna nəzarətin bərpa edilməsi üzərində də ciddi iş gedir. Qənaətimə görə, növbəti əməliyyatlarda hədəf Sərsəng su anbarı və Kəlbəcərə gedən yolun nəzarətə götürülməsi olacaq.

- Ermənistan Baş naziri Nikol Paşinyan iddia edir ki, Laçın istiqamətində sərhədin bir hissəsi Azərbaycanla anlaşma nəticəsində müəyyənləşib, digər istiqamətdə iş aparılır. Hesab etmək olarmı ki, artıq Rusiya və digər vasitəçilərin müdaxilə cəhdləri neytrallaşdırılır və Bakıyla İrəvan ikilikdə hərəkət etmək qərarına gəlib?

- Zənnimcə, bu proses gedir. Həqiqətən də Laçın rayonunun Ermənistanla sərhəd hissəsində delimitasiya işləri aparılıb, kompromis əldə edilib. Ermənilər əvvəllər yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürsələr də, sonda Azərbaycanın şərtləri ilə razılaşmaq və yerinə yetirmək məcburiyyətində qalıblar. Sərhədin az olmayan hissəsində xətlərin müəyyən edilməsində ermənilərlə razılıq əldə edilib. İş gedir. Hələlik Ermənistanın hakimiyyət orqanları bu məsələlərdə anlayış nümayiş etdirir. Hələ ki, Keçmiş SSRİ xəritələrindəki inzibati sərhədlər əsas götürülməklə dövlətlərarası sərhədin müəyyən edilməsi prosesinə anlaşıqlı yanaşırlar.

Bəlkə də Rusiya kənardan baş verənləri seyir etdikcə, qəlbindən qara fikirlər keçir, amma hər halda Ermənistan da anlamağa başlayıb ki, Azərbaycanla anlaşmağa məcburdur və azərbaycanlıların onlara qarşı hər hansı ərazi iddiası yoxdur. Azərbaycanın yeganə məqsədi dünyanın tanıdığı ərazi bütövlüyü və sərhədlərin bərpası və qalan ərazilərində suverenliyinin təmin olunmasıdır. Bu da sülhyaratma üçün çıxış nöqtəsidir. Bunun üzərində həm sərhədləri müəyyənləşdirmək, həm də sülh müqaviləsinin prinsipial müddəalarını razılaşdırmaq olar. Bundan sonra bölgədə qalıcı sülh üçün konkret addımlar atmaq mümkündür.

- Paşinyan sülh müqaviləsi üzrə intensiv işin aparıldığını da bildirib. Bəs bu proses nə qədər vaxt ala bilər?

- Bəli, sülh müqaviləsi üzrə intensiv iş gedir. Proses iki tərəf arasında onlayn formatda aparılır. Müqavilə maddə-maddə hər xırda detalına qədər razılaşdırılır. Yavaş da olsa, kompromis əldə edilən məsələlərin sayı çoxalır. Azərbaycan prezidenti bu il üçün sülh müqaviləsi ilə bağlı ermənilərə altı ay vaxt vermişdi. Zənnimcə, Nikol Paşinyan da bunda maraqlıdır. Hesab edirəm ki, tam olmasa da, tərəflər arasında müəyyən anlaşma nöqtlələri mövcuddur.

Artıq iki ölkə öz arasında anlaşa bilir. Bu səbəbdən də yaxın bir neçə ay ərzində hər iki tərəfin razı olduğu sülh müqaviləsinin paraflana biləcəyinə, yaxud imzalanmağa hazır olacağına inanıram.

- Avropa Birliyi müşahidəçilərinin Ermənistanın Azərbaycanla sərhədində möhkəmlənməsi Rusiyanı qəzəbləndirib. Rusiya rəsmisi Mariya Zaxarova bu istiqamətdə KTMT missiyasının da yerləşdirilə biləcəyini açıqlayıb. Sizcə, belə bir addım, bir-birinə zidd iki tərəfin eyni məkanda yerləşməsi hansı gəlişməyə yol aça bilər?

- Rusiya Avropa Birliyinin prosesdəki rolunu qısqanclıqla qarşılayır. Artıq Ermənistanın istəyi ilə Avropa Birliyinin mülki missiyası bu ölkənin ərazisində yerləşib. İndi Moskva İrəvana təzyiq göstərir ki, rus qüvvələri KTMT missiyası adı altında Ermənistana gətirilsin. Zənnimcə, bu baş tutmayacaq.

Zaxarova topun Ermənistan tərəfində olduğu barədə fikir söyləyir, amma Ermənistan başqa cür düşünür. Hamının fikri budur ki, artıq sülhyaratma prosesində irəliləyiş var. Rusiyanın bu prosesə qoşulması isə bunun üstündən xətt çəkə, bölgədə yeni qarşıdurmaya zəmin yarada bilər. Ona görə də həm Azərbaycan, həm də Ermənistan Rusiyanın səylərini qəbul etmir. Bunu açıq bildirməsələr də, bəzi hallarda Rusiyanın təklif və çağırışlarının qulaq ardına vurulması nəzərdən qaçmır. Bu da onu göstərir ki, Avropa Birliyinin səyləri üstünlük qazanır.
 Ardını oxu...
Tanınmış meyxanaçı Mehman Əhmədli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Meyxana ilə bağlı nə kimi yeniliyiniz var?

- Əlimizdə bir-iki layihəmiz var. Amma sırf meyxana ilə bağlı deyil. İnşallah, bu haqda yaxın günlərdə xəbər tutacaqsız.

- Meyxana sənətinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- Meyxanaya dəyər verənlərdən birincisi mənəm. Başqa həmlarlarımız meyxana sənətini aşağı çəkirlər, biz qaldırırıq. Hər zaman çalışırıq ki, meyxana dəyərə minsin.

- Söz sənətində nəyi bəyənmirsiniz?

- İndi bəyənməli nə var ki? Meyxana sənəti var? Toy mərasimlərində də meyxana yoxdur. İndi ancaq oxumaq və oynamaq dəbdədir... Meyxananın ziyanına olan hər şey var. Biz də meyxananı qoruyub saxlayırıq. Üç-dörd nəfər var ki, meyxananı qoruyurlar. Onlar olmasa, bu sənət məhv olar. Nə qədər ki biz varıq, qoymayacağıq. Çalışacağıq, meyxana əvvəlki aktivliyinə qayıtsın.

- Sizcə, meyxana sənətinin tanıdılmasında kimin rolu daha çoxdu?

- Meyxana deyənlərin əksəriyyətinin bu məsələdə rolu var. Hərəmiz bir tərəfdən - Namiq Qaraçuxurlu, Ağakərim, Ağamirzə Məmmədov bu sənətə xidmət etməyə çalışdıq... İndiki nəsil əksinə, meyxana altında başqa iş görür, ona zərbə vururlar. Gərək bunu etməsinlər...

- Meyxanaçılar Namiq Quruçuxurlu, Pərviz Bülbülə fərqli bir formata keçdirlər. Bunun meyxanaya təsirini bilmək istərdik.

- Onlar başqa formata keçdilər, ziyan da ordan başladı.

- Namiq Qaraçuxurlu və Pərviz Bülbüləyə iradınızı bildirdinizmi?

- Bəli, iradımı bildirdim. Zamanında nəyi təqdim edərsən, onu da istəyərlər. Onlar necə ifa etdilərsə, kütlə də onu istədi. Danışırsan, deyirlər paxıllıq edir, danışmırsan məhv olur. Biz danışmamağı seçdik, sənət də məhv oldu.

- Dostunuz Rəşad Dağlını həbsxanada ziyarət edirsinizmi?

- Bəli. Rəşada dəstək oluruq. Çətin vəziyyətdə yanında olmağa çalışırıq. Şükür Allaha, sağlamlığı yerindədir. Azadlıqdan başqa hər şeyi var. Allah qapısın açsın.

Rəşad bizim dostumuz, qardaşımız, həmkarımızdır. O da bu sənətin əziyyətini çəkmiş sənətkarlardandır. Görüşəndə də özünə deyirik ki, səbrli olsun, ailəsindən narahatlıq keçirməsin. Hər gün məclislərdə olan bir insanın birdən-birə bağlı qapı arxasına düşməsi çox çətindir. Çox böyük stressdir. Çalışırıq, stess keçirməyə qoymayaq.

- Rəşad Dağlının iki övladı var. Onun ailə üzvlərinə kim maddi olur?

- Rəşad Dağlının ətrafında olanlar dəstəyini əsirgımirlər. Sağ olsunlar. Hər toy mərasimindən kömək edirlər. Ailəsinə, oğluna baş çəkirlər. Kim nə edirsə, Allah köməyi olsun.

- Meyxanaçı Ələkbər Yasamallı ilə münüasibətiniz necədir?

- Çoxdandır görüşmürük. Münasibətimizdə problem yoxdur. Sadəcə heç yerdə qarşılaşmırıq.
Ardını oxu...
Baku TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişinin növbəti buraxılışı efirə gedib.

Verilişin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov olub.

O, Azərbaycan torpaqlarının daşnaklara verilməsi vədindən bəhs edib:

“Qərbi Azərbaycanın İrəvan şəhəri də daxil olmaqla 9 min kvadratkilometri 1918-ci ilin may ayının 29-da heç bir referendum keçirilmədən, üstəlik, həmin ərazidən seçilən üç deputatın iki dəfə etiraz etməsinə baxmayaraq, Azərbaycan Milli Şurasının qəbul etdiyi qeyri-legitim qərarla ermənilərə güzəştə gedilib. Bu məkanda Ermənistan mövcud olmayıb. 1918-1920-ci illərdə daşnak Ermənistanı ilə sovet Rusiyası arasında gedən məxfi danışıqlar nəticəsində onlara sovet hakimiyyətini qəbul edəcəkləri təqdirdə Azərbaycan SSR-in torpaqlarından veriləcəyi vəd edilmişdi”.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Bu dəfəki qonağımız veteran jurnalist Allahverdi Əsədovdur. Allahverdi Əsədov 1984-cü ildən AzTV-nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri olub. Onunla Qarabağda proseslərin necə başlaması, proseslərin gedişi, öz başına gələn hadisələr, helikopterin Qarakəntdə vurulması, Xocalı soyqırımının çəkilməsi, haqısızlıqlar, ona qarşı edilən sui-qəsd və digər məsələlərdən danışmışıq.
Teref.az

 
Ardını oxu...
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az müsahibəni təqdim edir.

- Doğuş bəy, həyatınıza aid film çəkilməsi haqqında xəbərlər yayılmışdı. Nə dərəcədə doğrudur?

- Hələ ki həyatıma aid film çəkməyin vaxtına var. Amma "Əqrəbin doğuşu" adlı film çəkməyi planlaşdırırıq. Ekran əsəri bir çox ölkələrdə yayımlanacaq. Hazırlıq prosesi davam edir.
Filmdə necə bir obraz canlandıracağım haqqında öncədən məlumat vermək istəmirəm. Amma "Əqrəbin doğuşu" filmi türk dünyasının nə qədər güclü və böyük olduğunu göstərən bir layihə olacaq.

- "Sokak" filminə çəkilirsiniz. Filmin çəkilişləri necə gedir?

- Bəli, "Sokak" filminin 90 faizi çəkilib. Ekran əsərinin bitməsinə çox az qalıb.

- Xoşqədəm Hidayətqızı ilə ARB televiziyasında yayımlanan "Günaydın Azərbaycan" verilişində tərəf müqabilisiniz. Veriliş reytinqdə öndədir. Təəssüratlarınızı eşitmək istərdik.

- Təqdir aldıq, heç zaman reytinqdə birinciyik və sair demirik. Çünki ayağımızı yerə sağlam atan insanlarıq. Amma təqdir aldıq.

- Peşəkar aparıcı Xoşqədəm Hidayıtqızı ilə tərəf müqabili olmaq necə bir hissdir?

- Xoşqədəm xanım hər şeyin ən yaxşı, keyfiyyətli olmasını istəyir. O, öz verilişində çox ciddidir. Amma "Günaydın Azərbaycan" ev proqramı olduğu üçün çox rahatdır və axarına görə davam edir. Övladlarımız da yanımızdadır. Yəni "Günaydın Azərbaycan" tam bir ilə ailə proqramıdır.
 
Ardını oxu...
Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Məmmədov Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olub. Bununla Prezidentin regionlar üzrə xüsusi nümayəndələrinin sayı beşə çatıb.

Bundan öncə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında, Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla), Aydın Kərimov Şuşa rayonunda, Vahid Hacıyev isə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyinat alıblar.

Prezident İlham Əliyev yeni vəzifəyə təyinatı münasibətilə Məsim Məmmədovu qəbul edərkən bildirib ki, azad edilmiş ərazilərdəki yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib.

Qeyd edək ki, Elm və Təhsil, Gənclər və İdman, Ədliyyə, Mədəniyyət və digər nazirliklərin iqtisadi rayonların təsnifatı üzrə regional idarələri yaradılıb. Rayonlar üzrə şöbələr isə həmin idarələrin tərkibində sektor kimi fəaliyyət göstərir.

Bununla yanaşı, icra hakimiyyətlərinin ləğv olunmayacağı ilə bağlı versiyalar da dolaşır. Bəzi ehtimallara görə, Prezidentin xüsusi nümayəndələri təyin olunandan sonra da icra hakimiyyətəri ikili tabeçilik formasında öz fəaliyyətini davam etdirəcək.

Regional idarəetmə sahəsində islahatlar hansı formada həyata keçirilməlidir? Bu islahalar regionlarımızın inkişafına töhfə verə biləcəkmi? Müxtəlif nazirlik və dövlət qurumlarının timsalında tətbiq olunan bu model özünü doğruldubmu?

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İsgəndərov AYNA-ya açıqlamasında deyib ki, yeni idarəetmə formasına keçid dövrün tələbidir: “Cənab Prezident İlham Əliyev Laçın rayonu üzrə xüsusi nümayəndə təyin edərkən, eləcə də ondan sonrakı çıxışları zamanı dəfələrlə bəyan edib ki, yeni idarəetmə modelinə keçid təmin ediləcək. 2018-ci ilin Prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı cənab Prezident ölkəboyu kompleks islahatların həyata keçiriləcəyinin anonsunu verdi. Ötən dövr ərzində cəmiyyətin əksər sahələrində, bütün hakimiyyət qollarında islahatlar aparılıb. İcraedici, qanunverici, məhkəmə hakimiyyətləri yenilənib, idarəetməyə gənc və peşəkar kadrlar cəlb olunub. Dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.

“Heç şübhəsiz, regional idarəetmə orqanları da bu prosesdən kənarda qala bilməz. Prezidentin regionlar üzrə xüsusi nümayəndə təyinatları uğurlu bir başlanğıcdır və yaxın gələcəkdə digər iqtisadi rayonlar üzrə də xüsusi nümayəndələrin təyin olunmasına şahidlik edəcəyik”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, bu sahədə islahatlar bələdiyyələrin də cəmiyyətdə rolunu artıra bilər: “İdarəetmənin optimallaşdırılması, regional idarəçiliyə keçid dünya təcrübəsində geniş istifadə olunur. Hesab edirəm ki, bütün regionlar üzrə xüsusi nümayəndə təyinatları ölkəmizin hərtərəfli inkişafına töhfə verməklə yanaşı, bu sahədə olan neqativ halları da aradan qaldıracaq”.

“Etiraf etmək lazımdır ki, icra hakimiyyətləri müasir dövrün tələblərinə cavab vermir və öz fəaliyyətini buna uyğun formada təşkil edə bilmir. İlkin olaraq işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndə təyinatları müsbət addımdır və həmin bölgələrin inkişafına stimul verəcək. O ki qaldı bəzi dövlət qurumlarının timsalında regional idarələrin fəaliyyətinə, açıq şəkildə söyləmək olar ki, məhz bu təsisatların yarannasından sonra rüşvət və korrupsiya faktlarının sayında əhəmiyyətlə dərəcədə azalma müşahidə olunur. Yəni, regional idarəetməyə keçidin vacibliyi bu qurumların təcrübəsində özünü doğrultdu, - deyə İsgəndərov vurğulayıb.

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində söyləyib ki, sovetdən qalma idarəetmə modeli olaraq icra hakimiyyətləri özünü doğrultmur: “Əksər icra başçısı özünü çalışdığı rayonun rəhbəri yox, “şahı”, “xanı” kimi aparır. Çoxsaylı korrupsiya faktlarına yol verir və vətəndaşları süründürməçiliyə salırlar. Buna görə həbs edilən başçılar da olub”.

“İcra hakimiyyəti təsisatı sovetdən qalma katiblik institutunun davamıdır. Onların səlahiyyət və məsuliyyət bölgüsü də müəyyənləşməyib. İcra hakimiyyərləri ölkədə biznesin, liberal bazar iqtisadiyyatının inkişafının qarşısını alan, onların fəaliyyətinə süni maneçiliklər yaradan bir instituta çevrilib. İnstusional olaraq bu təsisat özünü doğrultmayıb. Bu səbəbdən bundan imtina olunmalıdır”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Xüsusi nümayəndələrin təyin olunması məsələsinə gəldikdə, Cəfərli bunu müsbət addım hesab edir, lakin yetərli olmadığı qənaətindədir: “Paralel olaraq bələdiyyə institutlarının gücləndirilməsi, mer seçkilərinin təyini və bələdiyyə strukturları ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklərin olunmasına ehtiyac yaranacaq. Seçim vətəndaşa verilməlidir. Məhz bu yolla otimal idarəetməyə keçidi və şəffaflığı təmin edə bilərik”.
 

Ardını oxu...
“Bilirsiniz ki, illərdir parkinson xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik əsəbdən, sinirdən yaranır. Baş və beyinlə bağlıdır. İllərlə yığılır, yığılır, qocalanda da öz təsirini göstərir. Səhhətimlə bağlı dərman preparatları qəbul edirəm. Amma bunun müalicəsi dünyanın böyük klinikalarındadır. Müəyyən dəstəklər olub, amma tam olaraq heç kim deməyib ki, gəl səni sağaldım”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.

“İllər öncə böyük səhvim o oldu ki, çalışdığım teatrdan ayrıldım. Çünki o illərdə Aztv-də çalışırdım. 4 qız övladım var. Oğlan övladım olsaydı deyərdim ki, sən get işlə. Mən ailəmə görə el şənliklərinə üstünlük verdim. Çünki ailəni maddiyatla təmin edən tək şəxs idim. Uzaqlaşdım ki, yenidən qayıdım, amma alınmadı. Aktyoru teatrdan yola salırlar. Bu peşə sahiblərini təqaüdə çıxartdınsa, onun ölüm hökmünə qol çəkmiş olursan. Yaşlı rolu yaşlı aktyor oynamalıdır, cavanı da cavan aktyor” deyə sənətkar bildirib.

Aktyor bildirib ki, tələbələrinin fəxri adı olsa da, ona illərdir bu ad verilməyib.

“Tələbələrim xalq artisti fəxri adı daşıyırlar. Mənim heç əməkdar artist fəxri adım da yoxdur. Sənətdə az iş görməmişəm. Dublyaj sahəsində, teatrlarda çalışmışam, uşaq verilişlərində tərbiyəni təbliğ etmişəm. Sənətkara qiymət verilməyəndə ona pis təsir edir, yandırıb tökür. Bir ölkədə kinostudiya 30 il bağlıdır, yoxdur, hansı kinodan danışaq?! Mədəniyyətimiz, mədəni dəyərlər getdikcə unudulur. Aktyorun həyatı boyu xarakter boxçası olmalıdır. Avtobusda da, metroda da, yolda gedəndə də obrazları yığıb, torbaya qoyursan. Çünki mən insanları müşahidə edirəm. Bəzən avtobusda, yolda səsimdən tanıyıb, mənə “Ovçu Pirim” deyirlər. Mən gözlədim ki, bu layihəni yenidən televiziyada gündəmə gətirərlər. Amma əksinə oldu. Görünür ki, onlara uşaqları tərbiyələndirən verilişlər lazım deyil” deyə sənətkar bildirib.

Aktyor uşaqlığı ilə bağlı bir etiraf da edib.

“Uşaqlıqdan zəhmətkeş olmuşam. Bəzən evdə pul olmurdu, məni qonşuya pul almağa yollayırdılar. Bir dəfə gedib gördüm ki, qonşu göyərti satır. Ondan həmin göyərtiləri hardan aldığını soruşdum. Mənə də gündə atam 20 qəpik verirdi ki, məktəbdə özümə nəsə alım. Həmin pulları yığaraq, bazara getdim. Göyərti alıb satırdım. Ailəni dolandırırdım, evə baxırdım. 10-cu sinfi bitirənə qədər göyərti satdım. İndi gənclər var ki, işləmək istəmirlər. Elə bütün günü çayxanada oturub nərd, domino oynayırlar. Belə olmaz. Gənclər əziyyətə, zəhmətə qatlaşmalıdırlar” deyə sənətkar bildirib.

Allahverdi Yolçuyev gənclərə tövsiyyələrini də verdi.

“Gənc aktyorların xeyrinə danışanda da məndən inciyirlər. Özləri ilə çox öyünürlər. İstedadları var, görünüşləri var, hər şey qaydasındadır. Bütün rolları eyni oynayırlar, başqalaşa bilmirlər. Mən elə özüm də özümdən narazıyam. Radionun fondunda 40-50 tamaşam var. Hər dəfə dinləyəndə narazı dinləyirəm. Gənc aktyorlarımız mogikan, görkəmli sənətkarlarımızı tanımırlar. Heç soruşsaq birinin də adını bilmirlər. Küçədəki söhbətləri, söyüşü, biədəbliyi komediya ilə səhv salmaq olmaz. Bu boş gülüşdür. Cavanlarımızın əksəriyyəti yüngül yolu seçiblər” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti