Ardını oxu...
Sığınacaqlarda yaşayan uşaqların təhsilə cəlb edilməsində problemlərin olduğu bildirilir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Abzas Media-ya deyir ki, doğum haqda şəhadətnaməsi olmayan uşaqların məktəbə qəbulu üçün müraciət mümkün olmur. Çünki bu proses elektron qaydada aparılır, orada uşağın, valideynin vəsiqələri və digər sənədlər tələb olunur.

Onun sözlərinə görə, əksər hallarda uşaqlar təhsilə gecikirlər:

“Bizim sığınacağa yerləşdirilən uşaqları müvafiq qurumlar gətirəndə onların sənədləri olmur. Məsələn, 10-12 yaşında sənədi olmayan uşaqların məktəb problemi bəzən aylarla çəkir. Bizim isə ən böyük istəyimiz uşaqların təhsilə cəlb olunmasıdır. Bizdə 3 uşaq var idi, doğum haqda şəhadətnamələri yox idi. Onların ikisinin sənədlərini Asan xidmət vasitəsilə, birinin də sənədlərini məhkəmə vasitəsilə düzəltdik. Ancaq biz onların yalnız birini təhsilə cəlb edə bildik. Çünki digərləri 15 yaşını keçdiyi üçün təhsilə cəlb etmək qanunla mümkün olmadı”.

Ağazadə deyir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinə də müraciət ediblər, amma onlara cavab verilməyib:

“Biz sığınacağa müəllimlər çağırıb uşaqlara ibtidai səviyyə üçün təhsil veririk. Ancaq bu, uşaqlara təhsillə bağlı arayış vermir. Sadəcə könüllülük əsasında olan işdir. Bununla bağlı 2022-ci ildə Elm və Təhsil Nazirliyinə müraciət etdik. Təklif verdik ki, belə sənədləri qaydasında olmayan uşaqlarla bağlı "Bir pəncərə" açılsın, ən azı sənədləri düzələnə qədər biz onları qeydiyyata sala bilək. Nazirlikdən bununla bağlı rəsmi cavab vermədilər”.

Millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı Abzas Media-ya deyir ki, qanunvericilik ailələri müəyyən edilməyən, sənədləri qaydasında olmayan uşaqların sənədləri düzələnə qədər təhsil müəssisəsinə getmələrinə icazə verir.

Onun sözlərinə görə, sığınacaqlar müvafiq dövlət qurumları ilə əməkdaşlıq edib, bu məsələni həll etməlidirlər.

“Mən inanmıram ki, onların təhsilinə ciddi problem olsun. Sığınacaqların bir qismi özlərini nazirlik kimi hiss edirlər. Əgər sığınacaq açıblarsa, bunu yüksək qiymətləndirmək lazımdır, ancaq bir çox problemlərin həlli sığınacaqların gücündə deyil. Ona görə belə məsələlərdə müvafiq dövlət qurumu ilə ciddi əməkdaşlıq etməlidirlər. 15 yaşındakı uşaqların da təhsilə cəlbi qanunla mümkündür. Hətta cinayət törətmiş uşaqların saxlanıldığı müəssisələrdə də məktəb təşkil edirlər. Yəqin ki, sığınacaqlar istəyirlər ki, onların sığınacaqlarında məktəb olsun, ancaq bu mümkün deyil. Yaxşı olar ki, ən yaxın məktəblər hardadır, uşaqlar o məktəbə getsinlər”.

Kəmalə Ağazadə isə deyir ki, sığınacaqda olan 15 yaşlı qızın təhsilə cəlb olunması üçün Bakı Şəhət Təhsil İdarəsinə müraciət ediblər və onlar rəsmi məktub göndəriblər ki, "biz 15 yaşlı uşağı 1-ci sinifdən təhsilə cəlb edə bilmirik".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmayıb.

Hazırda ölkə üzrə sığınacaqlarda yaşayan uşaqların ümumi sayına dair rəsmi məlumat yoxdur.
 //abzas.org//
 
Ardını oxu...
DogruXeber.az: - Yerli KİV-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də digər nöqsanlarla bağlı yazı dərc olunmuşdu.

Kardiologiya İnstitutunun mətbuat xidmətinin məsələ ilə bağlı açıqlamasında isə İnstitutdan çıxanlar arasında adı çəkilən professorlardan birinin - Elman Ələkbərovun sadəcə öz istəyi ilə, icbari tibbi sığorta ilə işləmək istəməməsi səbəbindən öz istəyi ilə institutdan ayrıldığı qeyd olunub.
Medicina.az 20 ilə yaxın Elmi-Tədqiqat Kardiologiya institutunun infarkt şöbəsinin rəhbərlərindən biri olmuş, tibb elmləri doktoru Elman Ələkbərovla əlaqə saxlayaraq, İnstitutdan ayrılma səbəblərini araşdırıb.

Professor Medicina.az -a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib.

- Elman müəllim, sizin uzun illər çalışdığınız və şöbə rəhbəri olduğunuz Elmi-Tədqiqat Kardiologiya İnstitutundan ayrılmağınızla bağlı təzadlı fikirlər var. Həkimlər deyir, sizin işləməyinizə şərait yaradılmayıb, amma direktor bildirib ki, tibbi sığorta ilə xəstələri qəbul etmədiyiniz üçün ayrılmısız. İnstitutdan ayrılmanızın əsas səbəbi nədir?

- Mən İnstitutda respublikadakı ən böyük infarkt şöbəsinin rəhbəri idim. Heç vaxt işimdən, yerimdən narazı olmamışam. Amma son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait yox idi.
Bizi birinci mərtəbəyə endirib, bir otağa salıb, dedilər ki, bütün xəstələri qəbul edəcəksiz. Kiçik, dar otaqda 6 həkim hərəsi bir gündə 30 xəstə qəbul edirdi. Ağız deyəni qulaq eşitmirdi. Biz adi kardioloq həkim deyilik, elmi-tədqiqat institutu da poliklinika deyil. Nə yaşıma, nə titullarıma, nə elmi adma hörmət qoyurdular. Dünyanın harasında belə belə sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 20 qəpikdən qəbul etməməlidir.
Çox basırıq idi, xəstələr qapını itələyib açırdılar, bizim elmi işlə məşğul olmağa vaxtımız olmurdu. Mən də bir neçə dəfə məsələni direktora dedim. Gah dedi, göstəriş Səhiyyə Nazirliyindən gəlib, sonra TƏBİB-in üstünə atdı. Sonra dedi, icbari tibbi sığorta belə deyir, pandemiyadır, düzələr, bir az dözün. Mən öz şəxsiyyətimə hörmət edən adamam. Bir müddət səbr etdim, sonra gördüm ki, yox, şərait yoxdur və olmayacaq. Ona görə ərizəmi yazdım. Həqiqəti deyirəm, sıxışdırma olmadı, məni saxlamaq istədilər. Kim məni çıxara bilər? Hətta ərizəmi yubatdılar. Amma özləri elə şərait yaratdılar ki, gedək. Elə yerdə işləmək mənə yaraşmazdı. Söz də demək olmur. Hamı özünü ağıllı hesab edir.

Mən heç vaxt illərdir əziyyət verdiyim, alışdığım institutu, kollektivi tərk etməzdim. Professor kimi öz kabinetimdə, hörmətli oturub, mənə aid olan tematik xəstələrə baxıb, həm də elmi işləri aparsaydım, başqa yerə getməzdim.
Hamı gəlib tökülür ki, gedək professor mənə baxsın, sığortadır, baxmalıdır. Halbuki biz sığortaya daxil deyilik, çünki biz elmi hissədəyik.

Çox hörmətsiz şərait idi, müdiriyyət də bizi gah o otağa atdı, gah aşağı. Gördüm ki, böyüyə hörmət yoxdur, mən də belə şəraitdə işləyə bilməzdim. İndiki yerim də, işim də yaxşıdır. Mənə hər yerdə yer var. Sakit, rahat, hörmətli. Xəstələrim də bura gəlir. Getməyimə də peşman olmamışam. Amma əlbəttə ki, mənim doğma evim o institutdur, yenə arada gedirəm, hamı mənmlə görüşür, dərdləşir. Bəli, kollektivi düşünmək lazımdır.
- Yəni, əslində sizin sığorta məsələsinə görə narazı qalmağınız doğrudur?

- Bilirsiz, icbari tibbi sığortanın hər xəstə üçün verdiyi 1 man 20 qəpik, 2 manat professor kardioloq üçün təhqirdir. Bütün qapılara yazıb vurmaqla deyil ki, hər şey pulsuzdur. Yoxlamaq lazımdır ki, müdiriyyət özü pulu hardan qazanır. Pulsuz nəsə edirmi? Hər halda hər kəs hər şeyi bilir. Sığorta ilə hər xəstəyə pul ayrılır, o pullar xəstəyə necə xərclənir?
Qanunda yazılmayıb ki, elmi işçilər sığortayla iş görməlidir. Elmi işçi öz kabinetində oturub tematik, yəni öz elmi işi üzrə xəstələri qəbul etməlidir. Elə vəziyyət yaranıb ki, adi həkimlərin şəraiti professorunkundan daha yaxşıdır.

- Sizcə, elmi institutun işi necə qurulmalıdır? Bundan sonra Kardiologiya İnsitututun gələcəyini necə görürsüz?

- Respublikanın ən böyük infarkt şöbəsi ordadır. O boyda şöbə inkişaf etməkdənsə, geri gedir. İnfarkt şöbəsində elmi işlər aparılmalıdır. Əvvəl bizim kabinetimizdə bunun üçün kompüter, işçi, printer var idi. Arxiv, sənədlər vardı, hamısını qeydə alırdıq. İndi heç nə yoxdur. İnstitutda heç tualet də yoxdur. Bütün tualetləri kabinet etdilər. İndi kişili-qadınlı hər kəs bir tualetə gedir. Gələndə çox vədlər verdilər. Amma heç nə etmədilər. Rentgen də, angioqrafiya da yoxdur.
Ona görə də nəinki o şöbə, heç institutun da gələcəyi yaxşı görünmür.
Hazırda orda elm adında bir şey qalmayıb. İnstitutun ancaq adı var, o da havada...

- Çıxış yolu nədir? İrad və təklifinizi rəhbərliyə bildirirdinizmi?

- Elmi Şurada sözümü demişəm. Demişəm ki, sən bu işi bilmirsən, imkan ver, bilənlər danışsın. Kiməsə sözünü deyə bilmirsənsə, buna savadın çatmırsa, çağır Elmi Şuranı yığ, qoy gəlsinlər, biz deyək ki, dünyada bu sistem necədir.
Xaricdə bunun bir sistemi belədir: Professor, alim, şöbə rəhbərləri kabinetlərində oturub, tematik xəstələri qəbul edir, sistematik məlumatı daxil edir. Xəstələri elmi şöbələrə uyğun çeşidləyir. Xəstə gəlir ki, istəyirəm mənə professor baxsın. Və ya o elə xəstədir ki, adi həkim diaqnoz qoya bilmir, ona professor baxmalıdır. Onda sığorta zəhmət çəkib professorun dəyərini ödəsin. Kassaya ödəsin, bizə yox. Amma daha 1 manat, 2 manat yox.
Bizdə xəstələr qapını az qala təpiklə açır. Özü də eşidəndə ki mən də aşağıdayam, hamı istəyir ki, ona mən baxım. Professor gecəyə kimi xəstə qəbul etməlidir? Kollektivi də düşünmək lazımdır.
- Orada çalışan həkimlərin bəziləri iddia edir ki, İnstitutda direktorun qəbuluna düşmək çətin məsələdir. Kabinetində saatlarla gözlədir və kimsə etiraz edəndə izahat, akt yazdırır. Sizə qarşı münasibəti necə idi?

- Bəli, olub. Qəbulunda gözlətdirib, çıxıb getmişəm. Sonra zəng etdi ki, Elman müəllim, niyə getdiz. Nə deyim?
İndi hansı yolla müdir olurlar? Savadla, ağılla, biliklə gəlmirlər. Açığını deyim, "burda mənəm, Bağdadda kor xəlifə"lik edirlər. Bizim nəsil ayrı cür yetişib. Bizim üçün böyüklər, alimlər dəyərli idi, onlara hamımız hörmət edirdik. Bunlar isə tamam başqa münasibət sərgiləyirlər: direktordusa heç kimi saymamalıdır, professorla adi həkimə heç bir fərq qoymamalıdır, münasibətləri elmi dərəcəyə, çəkilən əziyyətlərə deyil, şəxsi münasibətlərə görə tənzimləməlidir.
Mən Elmi Şuranın üzvüyəm, ayda 1 dəfə gedirəm. O gün iclasda da iştirak edə bilmədim. Bizdə professura birinci cərgədə, öndə oturmalıdır.
Getdim gördüm, qabaqda kimlərsə oturub. Öz həkim kolleqamızdı, demək də olmur, dur get, öz yerində əyləş. Onu rəhbərlik təyin etməlidir. Mən də gördüm yerimdə kimsə oturub. Bunu da qəsdən edirlər ki, qarışıqlıq olsun. Deyirlər, yer istəmirsən, arxada yer boşdur, keç otur orda. Mən də özümə hörmət edən adamam. Əsəbləşib getdim.
Deyirəm, bunlara əncam çəkin. Əgər əncam çəkə, idarə edə bilmirsə, işi bilənə versinlər. Elə şərait yaradıblar ki, sanki İnstituta savadlı elmi kadr lazım deyil. Belə sistem olmaz. //Medicina.az//
Ardını oxu...
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Asim bəy, Ermənistan tərəfi son dövrlər ardıcıl olaraq təxribatlara əl atır. Eyni zamanda Rusiyanın da vasitəçilik missiyasına qarşı bu ölkədə bir imitasiya formalaşıb. Azərbaycan və Rusiyanı prosesdən uzaq saxlamaqla Ermənistan nəyə nail olmaq istəyir?

- Ermənistan hər gün bir-birinə zidd bəyanatlar verir. Bu ölkə gah Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və heç bir iddialarının olmadığını deyir, gah da hərbi təxribatlara əl ataraq gərginlik yaradır. Çox güman ki, bu cür çaşbaşlıq Ermənistanın daxilində də mövcuddur. Ermənistan hakimiyyətinin qorxusu odur ki, onlar hakimiyyətdən devrilə bilər. Çünki Ermənistan tarixində bu cür hal dəfələrlə baş verib. Vaxtilə Ermənistanda analoji hərbi çevriliş və qətlimalar olub. Ona görə də, indiki Ermənistan iqtidarı ümumigeosiyasi vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin necə qurtaracağını gözləyir. Belə olan halda Ermənistan özü üçün yeni bir havadar tapmağı düşünür. Bu vəziyyət də yekunda Ermənistanın siyasətinin müəyyənləşməməsini göstərir. Sülhə hazır olmadıqları halda müharibə aparmaq imkanları da yoxdur. Məhz bu vəziyyətdə də Ermənistan hakimiyyəti gözləmə mövqeyi seçir. Ona görə də, ara-sıra bu cür mənasız bəyanatlarla Ermənistanda ictimai rəyi çaşdırmağa çalışırlar.

- ABŞ-ın fəallığı fonunda prosesdə hansısa irəliləyişə nail oluna bilərmi? Avropa İttifaqının ardınca Vaşqintonun bu aktivliyi nə ilə bağlıdır?

- Sözsüz ki, Ermənistan danışıqlar məsələsində hamıya “hə” deyir. Bu ölkə Avropa Birliyinə, Rusiyaya, ABŞ-a, İrana, Hindistana imkanı olsa idi, Aya da bir nümayəndə göndərib oradan dəstək umardı. Sadəcə olaraq onların heç bir sözünün arxasında konkret iş durmur. Onlar hansısa məqam üçün gözləmə mövqeyindədir. Bunun fonunda Ermənistan hansısa bir nəticə üçün addım atmağa hazır deyil.

- Ermənistanın İran vasitəsi ilə bölgəyə üçüncü qüvvələri gətirmək kimi absurd fikirləri yayılıb. Bu nə dərəcədə real yanaşmadır?

- Ermənistan indiki halda çalışır ki, hansısa gözəgörünməz, Marsdan gəlmiş bir qüvvə onları xilas etsin. Amma belə bir qüvvə yoxdur. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh sazişini imzalamaqdan ibarətdir. Eyni zamanda Azərbaycanla sərhəd xəttlərinin müəyyənləşdirilməli, delimitasiya və demarkasiya prosesləri həll edilməlidir. Həmçinin ərazi iddiaları və milli nifrətə son qoyulmalıdır. Bütün bunların fonunda Ermənistan normal bir dövlətə çevrilmək üçün addım atmalıdır. Sadəcə olaraq erməni tərəfi qorxu halında təxribatlara əl atmaqla kifayətlənməli olur.

- Əsir götürülmüş Azərbaycan hərbçilərinə erməni tərəfi cinayət işi açdığını elan edib. Amma müharibədən əvvəl və sonrakı dövrdə hava şəraitinə görə Azərbaycan tərəfinə keçmiş erməni hərbçiləri dəqiqləşmələrdən sonra ölkəsinə təhvil verilib. İndiki halda Ermənistanın bu addımları atmaqda məqsədi nədir?

- Erməni tərəfi bu cür addımlarla gələcək danışıqlar üçün özlərinə zəmin hazırlamağa çalışır. Əslində Ermənistanın məğlub ölkə kimi yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdan asılıdır. Eyni zamanda erməni tərəfi belə oyunlarını bundan sonra da davam etdirsə, bu, onlar üçün faciə ilə bitə bilər.

Ardını oxu...
Donetsk vilayətinin polis əməkdaşı Valeriya Çernikova cəbhəyanı yaşayış məntəqələrindən insanların təxliyəsi ilə məşğul olan “Ağ mələklər” bölməsinin feldşeridir. UNİAN-a müsahibəsində o, atəş altında işləmək, humanitar yardım çatdırmaq və mülki insanları atəş xəttindən çıxarmaq barədə danışıb. DİA.AZ müsahibəni AYNA-ya istinadla təqdim edir:

- Valeri, "Ağ mələklər" necə meydana çıxdı?

- Bu bölmə ötən ilin dekabrında yaradılıb. Sonra rəsmi olaraq “Ağ mələklər” kimi fəaliyyətə başladıq. Lakin faktiki evakuasiyaya tammiqyaslı işğalın əvvəlindən başlamışıq.

- “Ağ mələklər” adı ideyası necə yarandı?

- "Ağ mələklər" adını insanlar verdilər. İlk təxliyələri polislər ağ avtomobildə həyata keçiriedilər - bu, təcili yardım maşınları idi. O vaxtdan bizə “Ağ mələklər” deyirlər.

- Heyətə daxil olmaq üçün xüsusi bacarıq və biliyə ehtiyac varmı və sizin yanınızda kim var?

- Həyat yoldaşım mənim yanımdadır. Həmçinin yetkinlik yaşına çatmayanların profilaktikasının nümayəndəsi bizimlə bəzi yerlərə gedir, əhali ilə profilaktik söhbətlərdə olur.

Bacarıqlara gəlincə, daha rahat hərəkət etmək üçün ekstremal şəraitdə işləməyi, insanlarla ünsiyyət qurmağı, onları inandırmağı bacarmalı, əhalinin etimadına sahib olmalı və ərazini bilmək lazımdır. Fədakar olmalısan. Bundan əlavə, biz həkiməqədər yardımın göstərilməsi üzrə kurslar keçdik, hansı ki, bu, məcburidir.

- Dediniz ki, cəbhə bölgələrinə ilk səfərlər təcili yardım maşını ilə oldu. İndi hansı nəqliyyat növündən istifadə edirsiniz?

- Zirehli maşın;m;z var. Xərəkələr, ilk yardım dəstləri, xüsusi bel çantalarımız var. Evakuasiya və ilk tibbi yardım göstərmək üçün lazım olan hər şeyə sahibik. Qaynar nöqtələrdən evakuasiya zamanı uşaqların başına taxdığımız dəbilqə və gülləkeçirməz jiletlərimiz də var.

- Bölmənizin əsas vəzifəsi təxliyədirmi?

-Yardım istəyən insanların təxliyəsi prioritet məsələdir. Biz həmçinin humanitar yardım göstəririk. Yardımları insanların hələ də qaldığı ən qaynar nöqtələrə çatdırırıq. İlkin tibbi yardım göstəririk, atəşə məruz qalan yaralıları çıxarırıq, xəstəxanalara çatdırırıq.

- Zəhmət olmasa, tipik iş gününüzü təsvir edin...

- Hər gün fərqlidir. Amma adətən biz hara getdiyimizi rəhbərliyə deyirik. Xidmət rəisi əlavə təlimlər keçir. Qaynar nöqtələrə getməzdən əvvəl marşrutun təhlükəsizliyi yoxlanılır. Seçilmiş marşrut təhlükəli olarsa, insanları riskə atmamaq üçün evakuasiya zamanı onu dəyişdiririk. Avtomobilin texniki vəziyyətini, avadanlığı, uşaq gülləkeçirməz jiletlərini, ilk tibbi yardım göstərmək üçün ilk yardım dəstlərini mütləq əvvəlcədən yoxlamalıyıq. Sonra humanitar yardımı yükləməyə gedirik və yerə yola düşürük.

Biz artıq yerindəcə humanitar yardımları boşaldırıq, hərbi əməliyyatlar zamanı qalan ailələrə baş çəkirik. Bölgədən ayrılmaq qərarına gələnləri özümüzlə götürürük. Biz könüllülərlə əlaqə saxlayırıq ki, təxliyyə olunanları təhlükəsiz yerə aparsınlar. Bir az da adaptasiya olunmaları lazım gəlir. Çünki uzun müddət ünsiyyətsiz, işıqsız qalan insanlar artıq belə yaşamağa öyrəşiblər. Təxliyə məntəqələrində isə qohum-əqrəbaları, dost-tanışları ilə ünsiyyət qura bilirlər, bir az dəyişirlər. Biz də şəxsi nömrələrimizi veririk ki, bizimlə əlaqə saxlasınlar. Bizə onlardan çoxlu zənglər gəlir. İnsanlar artıq gedib, təhlükəsiz yerlərdə məskunlaşanda zəng vurub deyirlər: "İlahi, niyə səni əvvəllər dinləyib oradan çıxmadıq. Burda başqa həyatdır!".

- Siz əhalini çıxarmaq üçün lazım olan yaşayış məntəqələrini müstəqil seçirsiniz, yoxsa insanlar kömək üçün birbaşa sizə müraciət edirlər?

- İnsanlar özləri qaynar xətlərimizə zəng edərək, qaynar nöqtələri tərk etmələrinə kömək etməyimizi xahiş edirlər. Bundan əlavə, demək olar ki, hər gün səfərlərdə rabitənin olmadığı ərazilərdə əhali ilə profilaktik söhbətlər aparırıq. İnsanlar fikirləşir. Sonra yenə həmin yerə gedirik, artıq onlar təxliyə olunmalarını xahiş edirlər. Əhali ilə hər gün ünsiyyət olur, humanitar yardım gətirəndə danışırıq, növbəti dəfə nə vaxt gələcəyimizi bildiririk.

- Xahiş edənlər içərisində ilk kimləri təxliyə edirsiniz?

- Çox müraciət varsa, ilk növbədə uşaqları, daha sonra əlilləri, qocaları çıxarırıq, uşaqsız ailələri evakuasiya edirik. Ümumiyyətlə isə hər kəs prioritetdir.

- Cəbhəyanı şəhər və qəsəbələrdə sizi necə qarşılayırlar?

- Çox yaxşı. İnsanlar bizi görəndə xoşbəxt olurlar. Bəziləri hətta onların yanlarından ayrılmamağımızı xahiş edirlər. Bu, təbiidir, çünki onlar kiminləsə ünsiyyətdə olmaq istəyirlər. Biz insanlara vaxt veririk, humanitar yardım göstəririk. Hədiyyələr, şirniyyatlar, oyuncaqlar gətiririk. Şərait çətin olsa da, uşaqlar uşaqlıqlarını yaşamalıdırlar.

- Qaynar nöqtələrdə nə qədər uşaq qalır?

- İndi o qədər də yoxdur, amma hələ də qaynar nöqtələrdə uşaqlar var. Bu gün heç yerə getmək istəməyən ailələr var. Hələlik evlərində qalacaqlarını deyirlər. Onların uşaqları da yanlarındadır. Sadəcə vəziyyət pisləşsə, gedəcəklərini söyləyirlər.

- Valideynlər belə bir qərarı necə əsaslandırırlar?

- Hər ailə fərqlidir. Bəziləri məsələn, deyirlər ki, tərk etməyə yerləri yoxdur. Yaxud da pulsuz olduqlarını, haradasa yaşamağa imkanları olmadığını bildirənlər var. Belə ailələr üçün humanitar yardım almaq imkanını araşdırırıq, tapırıq, onların hara gedə biləcəklərini məsləhət edirik...

Adətən insanlar evlərini tərk etməyə qorxurlar, evlərinin zəbt ediləcəyini zənn edirlər. Amma başa düşmək lazımdır ki, ev elə bir şeydir ki, bu gün var, sabah isə olmaya bilər. Uşağın həyatı, öz həyatı isə qiymətlidir.

- Getməyə inandırmaq köməyinizə çatmayanda nə edirsiniz?

- Təbii ki, biz onları inandırmağa davam edirik, bir daha onlara baş çəkirik, hər gün ünsiyyətdə oluruq. Valideynlərə deyirik ki, cəbhə bölgəsi uşağın uşaqlığını keçirməsi üçün yaxşı yer deyil. Təcrübə göstərir ki, insanlar nəhayət fikirlərini dəyişir və təhlükəli yeri tərk edirlər. Valideynlər övladlarının düşməni deyillər, ona görə də hər şeyi düşünüb qərar verirlər. Qəsəbələrdə qalan uşaqsız qonşular tapırlar ki, heyvanlarına, evlərinə baxsınlar.

Yeri gəlmişkən, uşaqlar içərisində özləri təxliyə tələbi ilə bizə müraciət edənlər oldu. Cəbhə xəttinə yaxın yerləşən Donetsk vilayətinin Zariçne kəndindən olan ailənin iki övladı var - böyük qız 2011-ci ildə, kiçik qız 2018-ci ildə anadan olub. Onların dərs oxumağa imkanları yox idi, hətta sakitcə çölə çıxa bilmirdilər. Bu ailəyə növbəti səfər zamanı böyük qız onları valideynləri ilə birlikdə daha təhlükəsiz yerə aparmağı xahiş etdi. Valideynlər kəndi tərk etmək istəmirdilər: hamı kimi onlar üçün də öz evlərini tərk etmək çətin idi, lakin onlar düzgün qərar verdilər - sonda getdilər və uşaqlarının həyatını xilas etdilər. Ailə hazırda Dneprdədir, onlarla əlaqə saxlayırıq. Onların mənzili, yeməkləri var, ailə hər şeylə təmin olunub.

- “Ağ mələklər” tərəfindən evakuasiya edilən ən kiçik uşağın neçə yaşı var?

- Təxliyə etdiyimiz ən kiçik uşaq dörd yaşlı qızdır.

- Uşaqlar təxliyələrini necə qəbul edirlər?

- Uşaqlar üçün hər şey maraqlıdır. Yəqin ki, onlar üçün oyun kimidir. Amma anlayırlar ki, müharibə zonasını tərk edirlər, özlərini qorunmuş hiss edə biləcəkləri təhlükəsiz yerlərə gedirlər. Yenə deyirəm, elə hallar olur ki, uşaqlar özləri bizə müraciət edirlər, deyirlər ki, qorxurlar, sonra onların valideynləri ilə profilaktik söhbətlər aparırıq.

- Bir dəfəyə neçə nəfəri təxliyə etmək imkanınız var?

- Maşınımız üç oturacaqlıdır. Uşaqları evakuasiya etsək, ikisini bir oturacağa yerləşdiririk. Maksimum yeddi nəfər götürürük. Biri ayaq üstə dayanır, biri çantasının üzərində oturur. Bəzən mən ayaq üstə dayanıram, yerimdə insanlar oturur. Ümumiyyətlə, mümkün qədər çox insanı çıxarmağa çalışırıq. Amma hər dəfə istəyənlərin sayı fərqli olur.

- İşinizin ən çətin tərəfi nədir?

- Ən çətini insanlara baş çəkmək, onların belə şəraitdə necə yaşadıqlarını görməkdir. Xüsusilə, uşaqlı ailələrin çətin vəziyyəti ürək ağrıdır. Bir də onları razı salmaqda çətinlik olur. Onlar bir müddət döyüş bölgəsində qalırlar, lakin sonra fikirlərini dəyişirlər. Məsələn, ailə ilə evakuasiya haqqında danışdıq, onlar imtina etdilər. Bir müddət sonra kənd atəşə tutuldu, nəticədə həmin ailənin üzvlərindən biri həlak oldu... Və yalnız bundan sonra bizə zəng vurub təxliyələrini xahiş etdilər.

- Heç olubmu ki, cəbhənin ön xəttindən yaralı əsgərləri çıxarmalı olmusunuz?

- Bəli, olur. “Qırmızı zona”da işləyirik. Yaralılara yerindəcə ilkin tibbi yardım göstəririk və onları stabilləşdirmə məntəqələrinə çatdırırıq.

- “Ağ mələklər” çalışdıqları müddətdə nə qədər insanı xilas edib?

- 100-dən çox insanı təxliyə etmişik. Bunların içərisində həm təhlükəsiz yerlərə getmək istəyən yerli əhali var, həm də yaralılar. İnsanlar atəşə tutuldu, qəlpə yaraları aldılar, onlara yerində ilkin tibbi yardım göstərdik, sonra xəstəxanaya apardıq.

- Ümumiyyətlə, səfərlər zamanı gözlənilməz hallar yəqin ki, baş verir. Siz atəşə məruz qalmısınızmı?

- Demək olar ki, bir dəfə bu baş verir. Çox vaxt bizim gedişlərimiz humanitar yardımların paylanması və təəssüf ki, atəşə tutulması ilə müşayiət olunur. Sonra bütün insanları tez bir zamanda zirzəmilərdə gizlədirik ki, heç kim zərər görməsin, yerini dəyişməsin, atəşin bitməsini gözləsin.

- Sizi bu təhlükəli işə nə motivasiya edir?

- Ən mühüm motivasiya insanların bizə ehtiyacının olmasını bilməyimizdir. Bizdən başqa heç kim bizə kömək etməyəcək. Bizi gözləyirlər, bizə inanırlar, köməyimizə ehtiyac duyurlar.

- Hansı təxliyə daha çox yadınızda qalıb?

- Hər təxliyəni bu gün baş vermiş kimi xatırlayıram. Hər bir təxliyə xüsusidir. Çünki bu, insan həyatının xilasıdır.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Aprelin 11-də Ermənistan-Azərbaycan şərti sərhəddində təxribatın törədilməsi və bu təxribat zamanı 3 əsgərimizin şəhid olması hamımızı sarsıtdı. Belə təxribatlar nə ilkdir nə son olacaq...
DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə bu münaqişələr Qarabağada, Azərbaycanın əzəli torpaqlarında olan xarici qüvvələr, beynəlxalq təşkilatlar ermənilərdən alət kimi istifadə edir.

“Vardanyan Xankəndinə gedəndə orada “Dağlarımız və biz” adlı agentlik yaradıldı. Həmin agentliyin vasitəsilə ianələr toplamağa başladılar. Bu ianələr Amerika, Qərb bankları ilə yanaşı Rusiya bankı vasitəsilə toplanırdı. Bu ianələrlə Xankəndində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri arasında hərbi idman növləri üzrə yarışlar təşkil edilirdi. Orta məktəblərdə uşaqlara silahdan istifadə etmək öyrədilir, uşaqlar terrorçu kimi yetişdirilirdi. Bu prosesə Rusiya və Qərb bankları yardım edirdi”,- deyən politoloq qeyd edib ki, həmin bankların Azərbaycanda fəaliyyəti üçün lisenziyanı Azərbaycan Milli Bankı verməlidir. Qeyd edilən ərazilər beynəlxalq səviyyədə və Ermənistan tərəfindən tsədiq edilmiş tarixi Azərbaycan əraziləridir. Azərbaycan torpaqlarında bank fəaliyyəti varsa, mütləq şəkildə Azərbaycan Milli Bankından lisenziya alınmalıdır.

Bu qeyri-qanuni fəaliyyətlə yanaşı, həmin bankların bizim ərazilərimizdə terrorçu yetişdirilməsinə maliyyə yardımı ayırırlar. Səbəb isə, həmin ərazilərdə yaşayan ermənilərdən alət kimi istifadə etməkdir. Bu, böyük bir faciədir. Bir tərəfdə sözdə müharibələrin dayandırılmasını təbliğ edənlər digər tərəfdən uşaqlardan terrorçu yaratmaqla məşğuldurlar.

“Biz Vətən müharibəsində də uşaqların müharibəyə cəlb edilməsinin şahidi olduq. Onlar məcburi şəkildə açıq döyüş şəraitinə cəlb edilmişdilər. Bunu beynəlxalq təşkilatlar, xarici dövlətlər göürürdü və bilirdi. Və bu bu gün də davam edir. Terorçu yetişdirən bir ölkəyə münasibət bildirilmir və təzyiq göstərilmir. Ermənistan özü qərar verə biləcək bir ölkə deyil.

Paşinyan bu günlərdə bir açıqlama verib. O, qeyd edib ki, “biz çox səhv edirik ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıdığımızı ictimaiyyətə açıqlaya bilmirik. Biz bu tarixi tanıyırıq”. Təəssüf olsun ki, bu da gec edilən bir etirafdır. Bu etirafı vaxtında etmək, vaxtında addım atmaq lazım idi”-deyə politoloq vurğulayıb.

Ramiz Alıyevin fikrincə, ermənilər təxribat həyata keçirdikdən sonra yaranacaq vəziyyəti müşahidə edir. Vəziyyət dəyişmədiyi halda, anlamsız açıqlamalar verməyə başlayırlar.

Politolqun hesab edir ki, Ermənstan rəhbərliyinin sözünə etibar yoxdur. Buna görə də, ermənilər özləri xarici qüvvələrə qarşı çıxmalı, onların boş vədlərinə inanmamalıdırlar.
 
Ardını oxu...
Sabiq baş diplomat Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycan-Ermənistan sərhədindəki son qanlı təxribatdan sonra sülh danışıqlarının hansı platformada davam etmə ehtimalı, Rusiya prezidenti Vladimir Putinin Haaqa məhkəməsi tərəfindən beynəlxalq cinayətkar elan edilməsindən sonra onun vasitəçiliyilə üçtərəfli görüşlərin mümkün olması şansı, Fransa prezidenti Makronun Çin səfəri zamanı verdiyi mesajlar, İranın Azərbaycana qarşı iradlarının, eləcə də Zəngəzur dəhlizinin açılmasına əngəl törətməsinin məntiqsizliyi və s. mövzuları müzakirə etməyə çalışdıq.

- Azərbaycan-Ermənistan sərhədindəki son qanlı təxribatdan az öncə erməni mediasında xəbərlər yayıldı ki, Nikol Paşinyanla İlham Əliyev arasında ilkin razılaşmaya görə, mayın ikinci yarısında baş tutmalı olan görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək...

- Ermənistanla sərhəddə onsuz da mütəmadi olaraq təxribatlar baş verir. Buna rəğmən danışıqlar prosesi hansısa platformada davam etdirilməlidir... Bu günlərdə beynəlxalq siyasət meydanında gələcəkdə bilavasitə Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsinə də təsir göstərə biləcək bir diqqətəlayiq və çoxdan ehtimal olunan hadisə baş verib. Belə ki, Fransa Prezidenti Makronun Çinə son səfəri zamanı verdiyi bəyanatları izləsək, görərərik ki, artıq bu dövlət yeni bir mövqe sərgiləməkdədir. Nəzərə almalıyıq ki, Breksitdən, yəni Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Fransa bir növ qitədə lider rolunu oynamağa çalışır. Makron Pekində belə bir bəyanat verdi ki, bizim maraqlarımız heç də həmişə ABŞ-ın maraqları ilə üst-üstə düşmür, bəzi məsələlərə müxtəlif baxışlarımız var və biz ilk növbədə öz maraqlarımızı qorumalıyıq. Yəni Fransa lideri bununla, bir növ, Çin rəhbərliyinə mesaj verdi ki, biz ayrı, Amerika ayrı... Hesab edirəm ki, rəsmi Parisin bu mövqeyini geo-siyasətin bir sıra istinqamətlərinə aid etmək mümkündür. Onu da qeyd etmək olar ki, bu, hazırkı mərhələdə Fransanın mövqeyidir. Bir çox hallarda həmin mövqeyin Avropa Birliyi daxilində digər tərəfdarları da ola bilər, onu qəbul etməyənlər də... Belə mövqe AB-də böhran yaradır. Əslinə qalsa, çoxqütblü dünya ideyası barədə Rusiyanın keçmiş baş naziri və baş diplomatı Primakovun tezisləri var idi. İndi isə təxminən, eyni fikirləri yalnız Rusiya siyasətçiləri deyil, həm də Fransa lideri dilə gətirir. Bu da çox maraq doğuran bir prosesdir və biz də bunu ciddi izləməliyik. Yeni Şərq-Qərb kommunikasiya və tranzit dəhlizinin Qafqazın, o cümlədən Azərbaycanın üzərindən keçməsi istər-istəməz bizə də həmin proseslərin təsirini büruzə verəcək. Yəni artıq böyük geosiyasi dəyişikliklərin anonsu verilib. Ona görə də sizin sualınıza qayıtdıqda və Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Vaşinqtonda, yaxud Brüsseldə olacağını düşünəndə biz bu dəyişiklikləri nəzərə almalıyıq. Düzdür, bundan öncə də bilirdik ki, Vaşinqton və Brüssel bizim üçün eyni geosiyasi məkan deyil. Fransa dövlət başçısının son bəyanatlarından sonra indi açıq aydın olur ki, bu məkanlar qətiyyən eyni deyillər... Eyni zamanda onu vurğulayım ki, Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva platformaları arasında mahiyyət etibarilə ciddi fərq görmürəm. Hər üçündə ümumi bir mövqe var: sanki hamısı Qarabağ məsələsini mümkün qədər uzatmaq üçün müəyyən əsaslar axtarırlar. Ona görə ki, hər biri bu münaqişəyə regionu idarə etmək üçün bir rıçaq, mexanizm kimi baxır. Hansısa mərhələdə Azərbaycanın mövqeyi ya Brüssel, ya Vaşinqton, yaxud Moskvanınkı ilə üst-üstə düşə bilər. Amma strateji baxımdan onların mövqeləri eynidir...

- Rusiya Prezidenti Vladimir Putinin Haaqa Məhkəməsi tərəfindən beynəlxalq cinayətkar elan edilməsindən sonra onun vasitəçiliyi ilə həmişəki kimi Moskvada, yaxud Soçidə Azərbaycan-Ermənistan münasibətləri və Qarabağla bağlı üçtərəfli görüşlərin keçirilməsi baş tuta bilərmi? Tərəflər Putinin dəvətini qəbul etməkdə tərəddüd etməzlər ki?

Baş verənlərə rəğmən hələ də Rusiyada görüşlər istisna olunmur. Otuz ildən çoxdur ki, Rusiya Azərbaycanla Ermənistan arasında həm çoxtərəfli vasitəçilikdə, yəni ATƏT-in Minsk qrupu çərçivəsində, həm də üçtərəfli görüşlərdə vasitəçi kimi fəal iştirak edir. Məsələn, 1994-cü ildə atəşkəs barədə saziş Minsk qrupunun yox, məhz Rusiyanın fəal vasitəçiliyi ilə imzalanıb. Bütün bunları nəzərə alanda Beynəlxalq Haaqa Tribunalının Putin barədəki qərarının Kremlin vasitəçiliyi ilə görüşlərin təşkilinə hansısa təsir göstərəcəyinə inanmıram. Hesab edirəm ki, tərəflər də buna tərəddüd etməyəcək. Fransa Xocalı soyqırımının fəal təşkilatçı və icraçılarından olan Robert Köçəryana legion ordeni verəndə biz buna necə baxırdıq?.. Bizim maraqlarımız ondan ibarətdir ki, Rusiya bizim qonşumuzdur və istər-istəməz onunla hansısa siyasi-diplomatik əlaqələrdə olmalıyıq. Bəli, biz bu gün Ukrayna ilə həmrəyik, onun ərazi bütövlüyünü dəstəkləyirik. Biz Ukraynanın xətrinə dövlət olaraq sabah əlimizə avtomat götürüb kiminləsə açıq savaş apara bilmərik axı? Siyasətdə belə məntiq yoxdur... Olur, amma maraqlar uyğun olanda. Lakin dövlət olaraq biz mümkün qədər kənar müharibələrə qarışmamalıyıq...

- -Nəzəri olaraq hesab edək ki, Rusiya Güney Qafqazdan əlini çəkib. O cümlədən Qarabağdakı “sülhməramlı”larını və Ermənistandakı qoşunlarını da çıxarıb. Bu halda Qərb Azərbaycan-Ermənistan sülh müqaviləsinin ədalətli prinsiplərlə - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yəni Qarabağdakı ermənilərin statussuz-filansız ölkəmizin tərkibində qalması şərti ilə və s. imzalanmasına şərait yaradarmı? Yoxsa yenə müxtəlif əngəl və bəhanələrlə məsələni illərlə uzadarlar?

- Əlbəttə, yenə də çətinliklər çox olacaq... Qərb bir deyil. Yəni Avropada Fransa artıq tam müstəqil siyasət yeritməyə can atır. Digər tərəfdən, İran da öz dövlətçilik ənənəsinə uyğun olaraq Rusiyanın bölgədən əlini çəkəcəyi təqdirdə, ən azı, öz nüfuzunu orada gücləndirməyə çalışacaq. İndi İran kartı məhz buna görə istifadə olunur. Bu kartdan Rusiya da istifadə edir. İranın Ermənistanla müttəfiqliyi nəyə görə möhkəmlənir? Tehran gələcəkdə də Qafqazda öz nüfuzunun bərpası üçün ermənilərdən bir alət kimi istifadə edəcək. İndiyədək Rusiya deyirdi ki, Ermənistan mənim forpostumdur. Bundan sonra İran istəyir bunu desin. Ermənistan isə əslində köhnə oyunlarda oyunçu olmaqdan əl çəkmir...

– Ermənistanda Putinin bu ölkəyə gələcəyi təqdirdə həbs oluna biləcəyi ilə bağlı söz-söhbətlərdən sonra Paşinyanın yenidən Rusiyaya meyillənməsi məsələsinə necə yanaşırsınız?

- Ermənistan məcburdur o tərəf-bu tərəfə meyillənməklə oynasın. Bəzi erməni siyasi dairələri İranı önə çəkməyə hazırlaşırlar. Bu yaxınlarda bir erməni politoloq deyir ki, biz hərbi sazişi İranla bağlamalıyıq və xahiş etməliyik ki, həmin dövlət bir hərbi briqadasını Zəngəzurda yerləşdirsin, çünki Rusiya ölkəmizin təhlükəsizliyi üçün real bir iş görmür, Qərb isə uzaqdadır.

Yəni Ermənistan hazırda başını itirib və bilmir ki, hansı tərəfə baxsın. Belə çıxır ki, bundan sonra rəsmi İrəvan üçün əsas İran kartı olacaq. Rusiya bölgədən çəkiləcəyi halda artıq onu əvəz edən görsənir...

- İranın 4 diplomatının Azərbaycandan xaric olunması ərəfəsində rəsmi Tehranın ölkəmizdəki səfirini dəyişəcəyi haqda informasiyalar yayıldı. Lakin aprelin 11-də İran XİN rəsmilərindən biri bəyan etdi ki, Bakıdakı səfir dəyişilməyəcək. Sizcə, burada iki ölkənin xarici işlər nazirlərinin son telefon danışığının rolu olubmu?

- Səfirin dəyişilməməsi qərarının xarici işlər nazirlərinin telefon danışıqlarıyla bağlılığı çox cüzidir. İranın bizə qarşı iradlarının hamısı ziddiyyətlidir. Həmin iradlar rəsmi cəhətdən buna səlahiyyəti olmayan şəxslər tərəfindən səsləndirilir. Məsələn, “SEPAH”ın generalı durub bizə xarici siyasət dərsi keçir. Axı onun siyasətə dair İran dövlətinin mövqeyini bildirməyə səlahiyyti yoxdur. Yaxud hansısa dini lider Azərbaycana qarşı siyasi iradlar dilə gətirir. Xarici İşlər Nazirliyi bu günədək həmin prosesin kənarında olub. Bu mənada xarici işlər nazirlərinin geniş telefon danışıqları müsbət haldır. Ən azı baş verənlərə, dövlətlərarası münasibətlərə aydınlıq gətirilməlidir. Gah deyirlər ki İsraildə səfirlik açmısınız. Birincisi, Azərbaycan MDB ölkələri arasında İsraildə sonuncu səfirlik açan dövlətdir. İkincisi, İsrailin bizdə səfirliyi çoxdan vardı. Üçüncüsü, Azərbaycan xarici işlər naziri İsrailə səfərə gedəndə Fələstin muxtariyyətinin rəhbərliyi ilə də görüşüb. Bir daha bildirib ki, Azərbaycan BMT-nin qətnamələrinə uyğun olaraq Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Ramallahda Azərbaycan nümayəndəliyi açılması haqda qərar da verilib. Mahmud Abbas da rəsmi Bakının mövqeyindən razıdır. İran parlamenti bizi Fələstin xalqını satmaqda suçlayır. Çox məntiqsiz davranış və çıxışlar edirlər... Yəqin ki, xarici işlər nazirimiz də iranlı həmkarı ilə danışıqlar zamanı bu kimi sualları ona verib və verəcək. Yəni İran öz mövqeyinə aydınlıq gətirməlidir ki, biz də onun nə istədiyini anlayaq...

- XİN rəhbərlərinin danışığının məhz Rusiya Prezidenti V.Putinin köməkçisi İqor Levitinin Tehrana səfəri günü baş tutması təsadüfdürmü? Axı Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinin işə düşməsini istəyən Moskva üçün Azərbaycan-İran münasibətlərinin normal olması vacibdir və Putinin köməkçisinin danışıqlarının əsas mövzusu da məhz Şimal-Cənub dəmir yolu olub...

- Bəli, ya Şimal-Cənub yolu işə salınmalıdır, ya da Zəngəzur... Hər halda İranın davranışları məntiqə uyğun deyil. Ruslar da onlardan soruşurlar ki, nə olub, nə istəyirsiz Azərbaycandan. İmkan verin alverimizi, ticarətimizi edək... Bəllidir ki, Rusiya Zəngəzur dəhlizinin işləməsində də maraqlıdır. Eyni zamanda Türkiyə də bunda maraqlıdır. Ermənistan özü də, hətta İran da maraqlıdır. Rəsmi Tehranın mövqeyində iqtisadi, siyasi məntiq görünmür axı. Deyirlər ki, bu, bizim şimala çıxış yolumuzdur. Bəs onda Azərbaycanla münasibətləri niyə pozursunuz? Rusiyaya mallarınızı haradan göndərirsiz? Ya Xəzərdən, ya da bizim ərazimizdən keçən quru yollarıyla... Bəs bunlar çıxış deyil? Ermənistan – Zəngəzur ərazisindən dağların arasından narahat bir yol var – guya bu, İranın şimala çıxış yoludur? Bu yol gedib çıxır həmin Gürcüstana... Yenə də heç bir məntiq yoxdur...

- Yəqin ki, nazirlərin danışığından sonra İranın Azərbaycana qarşı müharibəyə girişməsi ehtimalı sıfırlanar?

- Mən əvvəlcədən İranın Azərbaycanla müharibəyə girişmək ehtimalına inanmırdım. İranın buna gücü yetməz. O da aydın oldu ki, Azərbaycanla sərhəddə təlimləri bilavasitə İran ordusu yox, “SEPAH” keçirirdi. Yalnız bir dəfə ordu təlim keçirib. Yəni bu baxımdan İranın hərbi təlimləri daha çox təbliğat, ritorika məqsədi daşıyır. Tehran bu gün yaxşı başa düşür ki, Azərbaycana zərbə vurmaq Türkiyəyə zərbə kimi bir şeydir. Zəlzələ olub-olmayıb, fərq etməz. Yadınızdadırsa, , 2001-ci ildə hələ Türkiyə ilə aramızda rəsmi müqavilələr olmaya-olmaya İranın bir qırıcı təyyarəsi cənub sərhədlərimiz üzərində bir neçə uçuş edəndən dərhal sonra Türkiyə Bakıya “ayulduz”ların eskadrilyasını göndərdi və onlar Xəzər üzərində nümayişkaranə uçuşlar keçirərək Azərbaycanın yalnız olmadığını göstərdilər. Yəni aydındır ki, indi də İran “qırmızı xətt”i keçməz, çünki Türkiyənin əks-zərbəsinin dərhal vurulacağını yaxşı bilir. Biz hələ demirik, Pakistan kimi dostumuz, İsrail kimi müttəfiqlərimiz də bizə dəstək verəcək... Digər tərəfdən, Tehran rejimi onu da gözəl anlayır ki, ölkəsindəki 30-40 milyon azərbaycanlının orduda olan oğulları heç bir halda gəlib Ermənistana görə Azərbaycandakı qardaşlarına güllə atmayacaq. Bunun əksini, düşünmək tam ağılsızlıq olardı...
 //hafta.az//
Ardını oxu...
Azərbaycanın Aran rayonlarında yaşayanlar susuzluqdan əziyyət çəkirlər, Lənkəranın Vilvan kəndinin camaatı isə Veravul çayının suyunun qabağını ala bilməməkdən.

Getdikcə məcrasını genişləndirən çay əkinə yararlı torpaqları yuyub aparır, kənd sakinləri deyirlər.

Videonu BBC News Azərbaycanca üçün Şəhla Kərim çəkib.

 
Ardını oxu...
Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli cavablandırıb.

Teref.az onunla müsahibəni təqdim edirik:

- Əli müəllim, ötən gün təmsil olunduğunuz komitənin iclasında Hesablama Palatasını işğaldan azad edilmiş ərazilərə xərclənən vəsaitlərin səmərəliliyini araşdırmağa çağırdınız. Belə bir çağırış hansı zərurətdən yarandı? Ümumiyyətlə, bu yöndəki ehtimallarınız nədən ibarətdir?

- Azərbaycan Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Böyük Qayıdış istiqamətində ilk addımlar atılıb və proses getdikcə genişlənəcək. İcrası başa çatan Güləbird Su-Elektrik Stansiyası, 7 yarımstansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda "Ağıllı kənd" kimi layihələr başa çatdırıldı. Şuşanın su və elektrik təchizatı təmin edildi. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur.

Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Azərbaycan işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərini öz gücünə, dövlət vəsaiti hesabına həyat keçirir. Bu məqsədlə indiyədək 6,5 milyard manat dövlət vəsaiti xərclənib və çox mühüm infrastruktur layihələri icra olunub.

Bu ilin dövlət büdcəsindən Qarabağdakı bərpa-quruculuq işlərinin genişləndirilməsi və Böyük Qayıdışın reallaşdırılması istiqamətində nəzərdə tutulan tədbirləri həyat keçirmək məqsədilə əlavə 3 milyard manat vəsait ayrılıb. Hələ qarşıda görüləsi işlər çoxdur və onları ərsəyə gətirməkdən ötrü məbləği on milyardlarla ölçülən vəsait lazım gələcək. Ona görə də, elə başlanğıcdan şəffaflıq, hesabatlılıq və etibarlı nəzarət mexanizmi yaradılmalıdır ki, Qarabağı bərpasına yönəldilən vəsaitin hər bir manatı öz təyinatına uyğun şəffaf şəkildə və səmərəli istifadə edilsin.

Bu baxımdan Hesablama Palatası işğaldan azad edilmiş ərazilərə xərclənən vəsaitlərin səmərəliliyini araşdırması istiqamətində başladığı işlərin miqyasını ora qoyulan vəsaitin həcminə uyğun genişləndirməyə başlamalıdır. Əgər hər şey yüksək səviyyədədirsə, nümunə kimi ortaya qoyulsun və həmin müsbət təcrübə digər sahələrdə də tətbiq edilsin. Əgər çatışmazlıqlar varsa, vaxtında aşkar edilib aradan qaldırılsın ki, sonradan zəncirvari reaksiya alıb mütəmadi böyük maliyyə itkilərinə gətirib çıxarmasın.

- Eyni zamanda komitənin iclasında dövlət zəmanətli kreditlərin xeyli hissəsinin bərbad istifadə olunduğuna da diqqət çəkmisiniz. Bərbadlıq özünü əsasən hansı istiqamətdə göstərir və nəzarət mexanizmi necə olmalıdır?

- Elə təşkilatlar var ki, müxtəlif mənbələrdən, o cümlədən dövlət zəmanəti ilə alınan kreditlər hesabına çox faydalı işlər görüblər. Belə mütərəqqi təcrübəni həm təşviqləndirmək, həm də yaymaq lazımdır. Bunu komitə iclasındakı çıxışımda da bildirdim. Amma elə qurumlar da var ki, onların bu sahədəki nəticələri bərbad vəziyyətdədir. Məsələn, su təsərrüfatı ilə məşğul olan təşkilatlar müxtəlif mənbələrdən ən çox maliyyə vəsaiti alan qurumlardandır. Amma Azərbaycanın su təsərrüfatı, kanalizasiya sistemlərinin bərpası, yenidən qurulması sahəsində görülən işlərin, eləcə də suvarma suyu ilə təminatın vəziyyəti, sudan istifadənin rasionallıq və səmərəlilik səviyyəsi kimi göstəricilərdən çıxış edərək demək olar ki, bu yöndə nəticəlilik səviyyəsi çox aşağıdır.

Bu da ona dəlalət edir ki, onların dövlət büdcəsindən, Neft Fondundan və hökumət zəmanəti ilə aldıqları kreditlərdən yetərincə səmərəli istifadə edilməyib. Həmin maliyyə vəsaitlərindən yetərincə səmərəli istifadə olunsaydı, mövcud su resurslarından indikindən qat-qat daha artıq faydalanmaq olardı. Bu, çox ciddi məsələdir. Zamanında buna yetərincə diqqət eləməyən ölkələrdə birbaşa xarici dövlət borcu aşağı səviyyədə olsa da, dövlət zəmanəti ilə alınan kreditlərə görə yığılan borclar birbaşa dövlət borcundan dəfələrlə çoxdur.

Hesab edirəm ki, bu sahədəki problemlərin dövlət üçün getdikcə ağır maliyyə yükünə çevrilməsinə yol vermək olmaz. Bunun üçün Hesablama Palatası dövlət zəmanəti ilə alınan kreditlərdən istifadənin səmərəlilik dərəcəsi ilə bağlı geniş və dərin araşdırmalar aparmalıdır. Palatanın bu sahədəki nöqsan və çatışmazlıqları aşkarlamasını, eləcə də zəruri qabaqlayıcı tədbirlər görməsini vacib hesab edirik.

- Hesablama Palatası 2022-ci ildə apardığı uyğunluq auditləri hesabına 481,2 milyon manatlıq maliyyə pozuntusu aşkar edib. Auditor hesabatlarına əsasən büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə nöqsanlara daha çox rast gəlinib. Palata sədri Vüqar Gülməmmədov nöqsanların hər il təkrarlandığını deyib. Mübarizə metodunu necə olmalıdır?

- Hesablama Palatasının 2022-ci ildə apardığı uyğunluq auditləri hesabına aşkar edilmiş 481,2 milyon manatlıq maliyyə pozuntusunun 131 milyon manatı və ya 27 faizi üzrə tədbirlər müəyyən edilib. Onun 46 milyon manatı və ya 10 faizə yaxını bərpa edilib, 85 milyon manatı və ya 18 faizə yaxını üzrə digər tədbirlər müəyyən edilib, 350 milyon manata yaxınına və ya 73 faizinə münasibətdə isə bərpa üçün əsasların müəyyən edilməsi mümkün olmayıb. Belə çoxmilyonlu rəqəmlərlə ifadə olunan böyük maliyyə pozuntularının qarşısının alınmasının magistral yolu şəffaflıq, aşkarlıq, hesabatlılıq, məsuliyyət baxımından işləri qaydaya salmaqla, ciddi maliyyə intizamına riayət edilməsindən keçir. Belə halların qarşısını almaq üçün pozuntu aşkar edilən qurumlarla iş aparılır və qeyd etdiyim rəqəmlər çərçivəsində maliyyənin müəyyən hissəsini bərpa etmək mümkün olur.

Daha ciddi pozuntulara yol verənlərin işləri inzibatı orqanlara göndərilir və bu yolla da maliyyə vəsaitinin əlavə bir hissəsini bərpa etmək mümkün olur. Amma qeyd etdiyimiz rəqəmlərdən də görünür ki, belə sui-istifadə hallarından doğan maliyyə pozuntuları zamanı itkilərinin çox hissəsini bərpa etmək mümkün olmur. Bu sahədə kompleks dərin araşdırmalar aparıb optimal yollar tapmaq lazımdır.

Bu kontekstdə sadaladığımız iki yoldan əlavə, üçüncü bir üsuldan da istifadə etmək olar. Pozuntuya yol verən təşkilatları İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə dəvət edib Hesablama Palatasının və deputatların iştirakı ilə bir dinləmə təşkil edilməlidir. Fikrimizcə, bu, həmin təşkilata və ondan nəticə çıxarmaq istəyən digər qurumlara təsir mexanizmi kimi faydalı olardı. Bu üsulla pozuntuya yol verən təşkilatları arxayınçılıqdan və məsuliyyətsizlikdən çəkindirmək olar. Bu, öz işini normal qurmaq istəməyən digər qurumlara bir siqnal və dərs olar.

Belə müzakirələr zamanı aşkarlanan nöqsanları aradan qaldırmaq üçün bir fürsət yaranar. Digər tərəfdən, lazım gələn hallarda qanunvericilikdə dəyişikliklər edilməsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, eləcə də Hesablama Palatası birgə təşəbbüslərlə çıxış edər. Bu da maliyyə pozuntularına yol açan, bərpa üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəziyyətin yaranmasına müəyyən mənada şərait yaradan qanun boşluqlarının aradan qaldırılmasında ciddi rol oynaya bilər.

- Aprelin 11-də keçirilən plenar iclasda “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bu layihə ətrafında təzadlı fikirlər səslənir. Energetika naziri müzakirədə iştirak edən deputatları əmin etdi ki, qanun qüvvəyə minərsə, qiymət artımı olmayacaq. Sizcə, “Azərişıq” ASC özəlləşdirilsə, qiymətlərə necə təsir edəcək?

- Əslində, mahiyyət etibarilə yanaşsaq “Elektroenergetika haqqında” yeni qanunun məzmununda elə bir ciddi problem yoxdur. Mövcud problemlər isə düzəldilməsi mümkün olan məsələdir. Problemlər həmin qanunun necə tətbiq edilməsi ilə bağlı yarana bilər. Həmin qanun ətrafında təzadlı fikirlərin səslənməsi də xeyli dərəcədə buradan qaynaqlanır.

Energetika nazirinin müzakirədə iştirak edən deputatları qiymətlərin artmayacağına əmin etməsi isə anlaşılan deyil. Çünki son zamanlar bütün sahələrdə qiymətlər artır. Elektrik enerjisinin, suyun, təbii qazın qiymətləri zaman-zaman artıb və təbii ki, müəyyən müddət keçəndən sonra yenə də artırılacaq. Bu kontekstdə əsas məsələ bundan ibarətdir ki, “Azərişıq” ASC özəlləşdirilsə, əhaliyə, müəssisə və digər qurumlara göstərilən xidmətin keyfiyyəti artacaq, yoxsa yenə həmişəki kimi xidmətin keyfiyyətində heç bir yaxşılaşma etmədən müxtəlif bəhanələrlə yalnız birtərəfli qaydada elektrik enerjisinin qiymətinin artırılması davam edəcək?

Bu problemi köklü surətdə həll etməkdən ötrü çoxsaylı şərtlər içərisində 4 məsələ çox vacib və həlledicidir: Birinci, “Azərişıq” ASC özəlləşdirilməsi üzrə keyfiyyətli proqramın ortaya qoyulması. İkinci, “Azərişıq”ın özəlləşdirilməsində effektiv sahibkarın tapılması. Üçüncü, həmin effektiv sahibkarın energetika sahəsinin səmərəli fəaliyyətini təmin etməyə yetərli qədər sərmayə qoyması. Dördüncü, bu sahənin özəlləşdirməsinin dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi vasitəsi kimi çıxış edə bilməsi.

Bu 4 amildən yan keçməklə həyata keçirilən özəlləşmənin astarı üzündən baha başa gələcək. Azərbaycan təcrübəsində dövlət aktivlərinin idarəçiliyində yol verilən qeyri-səmərəlilik halları burda da davam edəcək. Dövlət zəmanəti ilə xeyli kreditlər alınacaq, səmərəsiz istifadə olunacaq, xidmətin keyfiyyətində isə elə bir müsbət irəliləyiş olmayacaq.

Bax, bir sıra deputatların narahat edən əsas məsələ “Elektroenergetika haqqında” yeni qanunun məzmunu ilə yox, məhz bununla bağlıdır.
Ardını oxu...
“İran bütün dünyada terrorçu dövlət kimi tanınır. 8 terror təşkilatını dəstəkləyir. İrandakı dini ziyarətgahlardan yığılan pullarla həmin terror təşkilatlarına dəstək verilir”.

Bakupost.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

İran-Ermənistan münasibətlərinə diqqət çəkən millət vəkili bildirib ki, Azərbaycanın İsraildə səfirlik açmasına rəsmi Tehran tərəfindən verilən reaksiya əsassızdır:

“İran nəzərə almır ki, Azərbaycan müstəqil dövlətdir. İsraildə səfirlik açıb-açmaması onun öz işidir. Digər tərəfdən, İran bizim düşmənimiz olan Ermənistanda səfirlik də, konsulluq da açıb. Qardaşlıqları, dostluqları da var. Ermənistanla əlbir olub məscidləri, mədəniyyət ocaqlarını dağıtması onun iç üzünü göstərir. Ümumiyyətlə, İran Azərbaycanın müstəqil olmasını istəmir. Bu məsələlər ola-ola bizə etiraz etməsi məntiqsizlikdir. İsraildə çoxdan səfirlik açmalı idik. Bizə dost olan ölkədir. Orada 10 minlərlə Azərbaycandan köçmüş insan yaşayır. Niyə İranın xətrinə İsraili özümüzdən uzaqlaşdırmalıyıq? İran Azərbaycana nə hörmət qoyur ki?”

Millət vəkilinin sözlərinə görə, həmkarı Fazil Mustafaya qarşı olan terror hadisəsinin müxtəlif araşdırma mərkəzləri tərəfindən İranla bağlanması təsadüfi deyil.

S.Rüstəmxanlı həmçinin İranın planları barədə də danışıb:

“İranın bir neçə planı var. Onlardan biri şiəliyin fars siyasətinə çevrilməsidir. Digəri isə regionda söz sahibi olmaq, bir sıra İslam ölklərini daim öz təsiri altında saxlamaqdır. Amma bu siyasət getdikcə iflasa uğrayır. Xalq üsyanlarında 700 nəfərdən çox insan öldürülüb, 30 min nəfər həbs edilib. Dünyanın bir sıra ölkələri üsyançılara dəstək üçün bəyanatlar təqdim edib, İran rəsmiləri insanlıq düşməni elan edilib. Rejimin dəyişəcəyi sözsüzdür. Amma bu dəyişmədən sonra Güney Azərbaycanın taleyi aydın olmalıdır. Beynəlxalq təşkilatalara davamlı müraciət etməliyik. Bizim 40 milyona yaxın soydaşımız İranda yaşayır. İran bizim dövlətimizdir. Tarixən bizim olub. Ona görə bu ölkəyə xüsusi bir münasibət bəsləyirik. Əlaqələrin pozulmasını istəmirik”.

Dünyapress TV

Xəbər lenti