Ardını oxu...
Millimiz ötən gün beynəlxalq yoldaşlıq matçı çərçivəsində Şimali Makedoniyanı məğlub etməklə qazandığı ardıcıl qələbələrin sayını 5-ə çatdırdı. Bu, azərbaycanlı futbolsevərlər üçün nə qədər sevindirici hal olsa da, bizi məyus edən digər bir məqam var – U-21-in durumu. Sonuncu yoldaşlıq matçında İsveç yığmasına 1:8 hesabı ilə məğlub olan Samir Əliyevin rəhbərlik etdiyi komandanın durumu hər kəsi narahat edir.
Təcrübəli mütəxəssis, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov Qaynarinfo-ya müsahibəsində hər iki yığmamızın çıxışını dəyərləndirib.
– Əvvəlcə, əsas millinin son çıxışıları haqqında fikirlərinizi bildirərdiniz…
– Millimiz səfərdə oynasa da, həqiqətən də çox gözəl oyun keçirdi. Görünür ki, oyunçularda inkişaf var. Düşünürəm ki, bu “Qarabağ”ın, “Sabah”ın, “Neftçi”nin çempionatda yaxşı iştirak etməsindən və həmin komandaların üzvlərinin milliyə dəvət olunmasından irəli gəlir. Xüsusən də “Qarabağ”ın Çempionlar Liqası və Avroliqadakı oyunları göstərir ki, futbolçular xeyli hazırdırlar. Özlərinə inam var ki, istənilən rəqiblə oynaya bilərlər. “Lex”i, “Fernetsvaroş”u keçmişik. “Viktoriya”ya uduzsaq da, yaxşı oynadıq. Bu rəqiblərə qarşı hücumda oynayırıq, qol vəziyyətləri yaradırıq, mübarizə aparırıq və bunun milliyə təsiri var. Uşaqlar göstərdilər ki, həqiqətən də potensial var. Millidə oynayan futbolçuların istəkləri var. Həmişə deyirdik ki, uduzsunlar, amma yaxşı oynasınlar. İndi həm yaxşı oynayırlar, həm də qələbə qazanırlar. Top nisbətində də rəqiblərdən üstünük.
– Son 5 oyunda qələbəyə görə hər kəs tərif yağdırır. Millidə nə dəyişib? Bunu inkişaf adlandırmaq olarmı?
– Siz də, mən də, ümumiyyətlə, hamımız istəyirik ki, hər şey tez olsun. Bir az oynayan kimi nəticə tələb edirik. “Qarabağ”ı nümunə göstərim. Qurban Qurbanov gələndən sonra 3-4 il nəticə əldə etmədilər. Nisbətən aşağı yerləri tuturdular, Avroliqada irəliləyə bilmirdilər. Yalnız bir neçə ildən sonra çempion oldular. Onu demək istəyirəm ki, uşaqlar da inkişaf etməlidir. Ola bilər ki, qaçırsan, amma tullanmağı bacarmırsan. Yaxud tullanırsan, amma qaça bilmirsən. Bunları bir yerə yığmaq üçün vaxt lazımdır. Reallığa baxanda, hər oyunçunun püxtələşməsi, formaya düşməsi, topla yaxşı davranması, sürəti olması, mübarizə aparması üçün zamana ehtiyacı var. Şimali Makedoniyanı indiyəcən udmamışdıq. Ancaq dünən heç bir əziyyət çəkmədən qələbə qazandıq. Düzdür, qol buraxdıq, amma uşaqlar özünəinamlı oynayırdı. Musa Qurbanlı ilk dəfə 90 dəqiqə oynadı və özünü yaxşı tərəfdən göstərdi. Ramil Şeydayevi, o cümlədən millidə debüt edən Ceyhun Nuriyevi qeyd edərdim. Nuriyev debüt etdi, ancaq sanki 2-3 ildir milliyə çağırılır. Adaptasiyadan əlavə, kollektiv yaxşı oynadı. Zəif çıxış edən futbolçu olmadı. Uşaqların nə vaxtsa inkşaf dövrünə çatacağını gözləyirdik, indi həmin vaxt gəlib çatıb. Klublar yaxşıdırsa, milli də o şəkildə oynayacaq. Uşaqlar da klublarda hazırlaşıb yığmaya gəlir. Millidə əsas taktikadır. Nə fiziki hazırlıq, nə də başqa amillər var. Məşqçilər komandanı taktiki və psixoloji cəhədən hazırlayırlar. Kimlər hazırdırsa, onlar da dəvət alır. Bəzən deyirik ki, niyə 26 nəfər çağırırlar, onsuz da, onların 15-i oynayır. Bunun sirrini də deyim. Komandanın içində olmaq, o havanı udmaq lazımdır. Nə olsun ki, oynamırsan, oturub baxırsan, izləyirsən. Ora gedən və oynamayan uşaqlar var ki, onlarda inam yarandı, təcrübə qazandılar. Əslində, ehtiyatda oturanlar daha çox oynamaq istəyirlər. Onların bu oyunları görməsi özü bir təcrübədir. Bundan da artığına qadir ola bilərik.
– Düşünmək olar ki, milli “Qarabağ”ın taktikasına yaxın, yəni hücum futbolu sərgilədiyi üçün uğur qazandı? Çünki həmişə De Byazi müdafiə futboluna görə təqnid olunurdu…
– Əvvəl 5 müdafiəçi ilə oynayırdılar ki, çox top buraxmasınlar. Ancaq hər klubun, millinin 2-3 taktiki planı olmalıdır. Hər komanda qarşısına fərqli taktika ilə çıxmaq lazımdır. Həmişə az top buraxmaq üçün eyni taktikanı seçib oynamaq olmaz. Bu, əvvəllər də var idi. Futbol yerində dayanmır, gündən-günə inkişaf edir. Bəzən komandada əvəzetmə uğurlu olanda deyirlər ki, “məşqçi “əjdahadır”. Amma uğursuz olanda yenə məşqçi günahlandırılır. İki oyunçunu dəyişməklə oyunda nə qədər gediş dəyişir. Bəzi futbolçuları meydana buraxırlar və hücuma qoşulmamaq tapşırığı verirlər. Hücum futbolu oynamaq üçün onun xırdalıqlarına varmaq lazımdır. Biz sual veririk, amma cavabının açıqlanmasını gözləmirik. Hər şey aydınlaşmalıdır: nəyə görə hücum futbolu?
– Qarşıdan Avropa çempionatının seçmə mərhələsi gəlir. Millimizin şanslarını necə dəyərləndirirsiniz?
– Hamı deyir ki, Estoniyanı məğlub edək, bununla da hər şey bitəcək. Amma mən belə düşünmürəm. Baxın, Azərbaycan futbolunun lideri “Qarabağ”dır. Klubumuz Avropaya səs salıbsa, deməli, imkanlarımız var. “Sabah” yavaş-yavaş pik formasına çatır. “Neftçi” bu il axsayır. Əvvəlki illərdə milliyə çox futboçu verirdilər. Avstriya, İsveçlə, Belçika ilə əvvəllər də oynamışıq. Üstündən görün nə qədər zaman keçib? Əlbəttə ki, bu müddətdə onlar inkişaf ediblər. Biz də inkişaf etməliyik. 5 qələbədən sonra rəqiblər bizi təhlil edəcəklər, Şeydayevə, İsayevə, Almeydaya, Mahirə qarşı necə oynamaq lazım olduğunu fikirləşəcəklər. Azərbaycan millisində taktiki cəhətdən dəyişikliklər oldu. Moldovadan, Şimali Makedoniyadan belə oyun gözləmirdik. Fikirləşirdik ki, qələbələr təsadüfən oldu. Amma son iki oyun göstərdi ki, heç də təsadüf deyil. Statisikaya baxsaq, görərik ki, heç kimdən geri qalmırıq. Fikrimcə, Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərlə oyunda çətinlik çəkməyəcəyik. Sürət baxımından və qol vəziyyətlərindən istifadədə bizdən müəyyən mənada üstün ola bilərlər. Çünki futboçularımız indi-indi o formaya çatır. Əsas odur ki, bu inamı, birliyi, oyunumuzu mart ayına qədər saxlayaq. Məncə, belədə nə Belçika, İsveç, nə də Avstriyadan geri qalacağıq. Elə də böyük fasilə olmayacaq. Çempionatımız davam edir. Futbolçular öz formasını saxlamalıdır. İndi elə nəsil yetişib ki, oynamaq istəyir. Biri var, oynamaqdan yorulasan, biri də var yeni “qan” gəlib. 26 nəfərin içində xeyli yeni adlar var. Onlar daha yaxşı oynamaq, özlərini göstərmək istəyir.
– Çatışmayan cəhət kimi nəyi göstərmək olar?
– Bütün komandalarda “Real”da “Barselona”da, “Çelsi”də, “Mançester Siti”də də çatışmazlıqlar olur. Komanda uduzanda çatışmazlıqlar daha çox görünür. Bunlar aradan qalxacaq. Fərq odur ki, uşaqlarda inam var. İnam olan yerdə çatışmazlıqlar gözə girmir. Bəhlul oynamadı, Bəxtiyar Həsənalızdə onu əvəzlədi. Hansı ki, klubunda əsas heyətdə oynamırdı. Uşaqlarda birlik, inam, əsas da odur ki, oyun var. Belə olanda istənilən rəqibə qarşı oynamaq mümkündür. İnanıram ki, millimiz bundan sonra da yaxşı oynayacaq.
– U-21-in də durumu ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı. Komanda niyə bu gündədir?
– Samir Əliyev komandanı yeni götürüb. Uşaqların əksəriyyəti öz klublarında oynamırlar. Çətinlikləri var. Samir istərdi ki, özümüzdən güclü rəqiblərlə oynayaq ki, çatışmazlıqları tez görək. Əsas problem odur ki, uşaqlar öz heyətlərində az oynayırlar. Orqanizm o yükə öyrəşməlidir. Oynamayan futbolçunu heyətə dəvət edirik və gedib İsveçlə oynayırıq. Sonra da deyirik ki, niyə 1:8 uduzduq? Ancaq gəlin baxaq, o uşaqlar Azərbaycan çempionatında neçə dəqiqə oynayıb? Fərq bundadır ki, analiz etməmiş deyirik ki, Samir məşqçi deyil.
– Yəni, günahkar klublardır?
– Bəli, uşaqlar daxili çempionatda oynamırlar. Bu, Samirin günahı deyil. Həmişə milli komandaların məşqçilərindən tələb edirik ki, kimin neçə dəqiqə oynaması haqda statistika gətirsinlər. Samir Əliyev neyləsin? Birdən-birə nəticə əldə etsin? Bu uşaqlar birlikdə oynamalı, bərkiməlidir. Yoldaşlıq görüşləri keçirilməlidir. Biz nə kömək lazımdırsa edərik. Ancaq o uşaqlar da oynamalıdır axı. Qolların vurulduğu dəqiqələri gördünüz? Sona yaxın 4-5 qol vurdular. Yəqin ki, fiziki cəhətdən çatdıra bilməyiblər. Ya da o səviyyədə deyillər. Bizim uşaqların o komandalarla oynaması hələ tezdir. Əlbəttə, nəticənin 1:8 olması yaxşı deyil. Amma qolların əksəriyyəti 75-ci dəqiqədən sonra vuruldu. Samir çox yaxşı məşqçidir. Bilirəm ki, qısa müddətdə öz işinin öhdəsindən gələcək. Ona vaxt lazımdır. Məşqçilər bütün oyunları izləyirlər, ən yaxşı uşaqları seçiblər. Öz fəlsəfəsini oturtması üçün zamana ehtiyacı var. O, ən azı bir-iki il işləməlidir ki, ona irad tuta bilək. İnşallah yaxşı olar. Əsas millimiz belə nəticələr göstərirsə, aşağıdakılar da onlara baxıb yaxşı çıxış edəcək.
Səbuhi Həsənov
 
 
 
Ardını oxu...
"Qərbin Rusiyanı təcrid etmək siyasəti Avropa ölkələri üçün çox ciddi nəticələrə gətirib çıxaracaq".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.

"Bədəli sonsuz olacaq. Bu bədəli getdikcə daha çox Avropa ödəyir, onunla bərabər Polşa", -Türkiyə lideri xəbərdarlıq edib.

Bundan əvvəl Türkiyə prezidenti vurğulamışdı ki, ABŞ başda olmaqla Qərb Rusiyaya faktiki olaraq heç bir məhdudiyyət olmadan hücum edir. Buna görə də Moskva müqavimət göstərmək məcburiyyətində qalır.
 
Ardını oxu...
Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnaməyə 296 senatordan 295-i lehinə, 1 nəfər senator isə əleyhinə səs verib. Azərbaycanı dəstəkləyən yeganə senator isə uzun illərdir Senatda təmsil olunan Natali Quledir.

DİA.AZ-ın məlumatına görə, Natali Qule Bizim.Media-ya müsahibəsində qeyd edib ki, hələ 1998-ci ildən Azərbaycanla tanış olduğunu və rəsmi Bakının haqlı mövqeyini hər zaman dəstəklədiyini deyir.

- Xanım Qule, artıq bir neçə gündür ki, Azərbaycanda çox danışılırsız. 296 senatordan yalnız siz Azərbaycanı dəstəklədiniz.

- Əlbətdə, başqa cür ola da bilməzdi.

- Siz yalnız bu dəfə deyil, hər zaman Azərbaycanı dəstəkləmisiniz. Azərbaycan haqqında fikirlərinizi almaq istərdik.

- İlk növbədə onu deyim ki, mən Azərbaycanın dostuyam. Məndən əvvəl həyat yoldaşımla birgə, 1998-ci ildən Azərbaycana Avropa Şurası Parlament Assambleyasına daxil olmaqda kömək etmişik. Biz o vaxt da, Azərbaycanın lehinə səs verdik. O vaxtdan bəri mən həmişə Azərbaycan qaçqınlarını dəstəkləmişəm və həmişə Azərbaycanın ayrılmaz ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişəm. Ona görə də, həmişə eyni şey olub və o vaxtdan heç nə dəyişməyib.

- Fransanın Azərbaycana qarşı münasibəti haqqında danışaq. Onlar çox zaman Ermənistanı dəstəkləyirlər. Hansı ki, Fransa BMT-də təmsil olunur və Azərbaycanın ərazibütövlüyü də BMT tərəfindən tanınır. Fundamental dəyişikliklərə səbəblər nələrdir?

- Bəli, bu bir faktdır. Həm də ona görə ki, əvvəlcə dondurulmuş münaqişə olan bu münaqişə əslində heç kimin diqqətində deyildi, heç kim bunu həll etməyə çalışmırdı. Sonra müharibəyə qədər işlər getdikcə pisləşdi. Müharibə başladı və hadisələr “yaxşı erməni xristian” və “pis Azərbaycan müsəlman Türkləri” kimi qələmə verildi. Bir çox insanlar münaqişəni tam səhv başa düşürlər. Xristianlıq uğrunda mübarizə aparmalı olduqları kimi anlayırlar. Yaxın şərqdə yaşayan Suriya, İraq və Misirdəki bütün xristianlar kimi. Burada belə bir nəticə hasil olmuşdu ki, sanki, xristian Ermənilər yenidən müsəlman Türk azərbaycanlıların təhlükəsi altındadırlar. Bu da mövzunun tam anlaşılmazlığıdır.

- Bu isə yanlış fikirdir.

- Bəli, ona görə də, bu, onlar üçün birtərəfli münaqişədir. Onlar heç kimi dinləmək və vəziyyətlə bağlı heç nə öyrənmək istəmirlər. Həm də azərbaycanlıların burada heç bir diasporası yoxdur. Sonra bizim Parisdə fövqəladə səfirimiz var idi, Elçin Əmirbəyov. Çox böyük iş gördü. İndi Azərbaycanın yeni səfiri var, Leyla Abdullayeva. Və ümid edirəm ki, o, bu çətin vəziyyətdə işləyə biləcək.

- Senatın qəbul etdiyi qətnaməyə qayıdaq. Yalnız siz sözügedən qərarı dəstəkləmədiniz. Sizcə Prezident Makron, yəni hökumət bu qərarı dəstəkləyəcək? Yəni qəbul edilə bilərmi?

- Bunu etməyəcəklər. Onlar balanslı olmalıdırlar. Fransanın sülh prosesində rol almasını istəyirlərsə, Fransa hökuməti balanslı olmalıdır. Vəziyyətin hər iki tərəfini görməliyik. Lakin eyni zamanda onlar erməni lobbisinin böyük təzyiqi altındadırlar. Münaqişə ilə bağlı çox mühüm rol oynayan çoxlu sayda jurnalistimiz var. İctimai rəy Ermənistanın lehinədir. Qarabağın harda olduğunu heç xalq bilmir. Mən isə Azərbaycanın yanındayam.

- Son olaraq, azərbaycanlılara nə demək istəyərdiniz?

- Qarabağ Azərbaycandır! Buna şübhə yoxdur.

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm, xanım Qule.

- Mən də sizə təşəkkür edirəm.
 
Ardını oxu...
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az olaraq onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Prezident İlham Əliyev növbəti dəfə qeyd etdi ki, biz Qarabağdakı ermənilərlə danışmağa hazırıq, amma Moskvadan göndərilmiş şəxslərlə yox. Sizcə bu açıqlama mahiyyət etibarı ilə hansı məsələləri əhatə edir və kimlərə ünvanlanmış mesaj idi?

- Ötən gün dövlət başçısı Avropa Şurasının nümayəndəsini qəbul edərkən konkrert olaraq bildirdi ki, biz Qarabağda olan ermənilərlə danışığa hazırıq. Amma bu o demək deyil ki, Moskvanın göndərdiyi Ruben Vardanyanla danışıqlar aparılacaq. Çünki Rusiya hələ də Azərbaycanla bağlı siyasətində qeyri-səmimidir. Bu ölkə hələ də özünün imperiya ambissiyalarından əl çəkməyib, işğalçılıq siyasəti yürüdür. Bu mənada biz Qarabağ erməniləri ilə danışmalıyıq dedikdə, buna əslində xalq diplomatiyası deyilir. 1991-ci ildə də biz bundan istifadə etmişik. Hətta tez-tez Ermənistanın Kaynavan qəsəbəsində azərbaycanlı deputatlardan ibarət olan nümayəndə heyəti ermənilərlə görüşüb. Ermənistan tərəfindən nümayəndə heyətinə Babken Ararktsyan Azərbaycan tərəfindən isə Afiyyədin Cəlilov rəhbərlik edirdi. Azərbaycan nümayəndə heyətinin ermənilərlə xalq diplomatiyası çərçivəsində keçirdiyi görüşlərin nəticəsi olaraq müəyyən bir sakitliyə də nail olunmuşdu. Hazırda da buna ehtiyac var. Biz o vaxt bu məsələdə erməni əsilli azərbaycanlılardan istifadə edirdik. Hazırda Bakıda 30 min erməni yaşayır. Ataları azərbaycanlı olanların çoxusu bu milləti sevir. Onların bu xidmətindən xalq diplomatiyasında yararlanmaq olar. Bu mənada dövlət başçısının irəli sürdüyü məsələ olduqca əsaslıdır. Çünki burada ayrı bir iddia ilə üstünlük qazana bilərik. Vaxtilə xalq diplomatiyasından istifadə olunub. Qarabağda yaşayan ermənilərə də Azərbaycan dövləti zəmanət verir. Onlar da digər vətəndaşlar kimi bütün hüquqlara malik olacaqlar.

- Fransa Senatının məlum qərarı sülh prosesinə necə təsir edə bilər? Ermənistan tərəfinin bundan şantaj və sabotaj üçün istifadə etmək ehtimalları böyükdür. Bu, Azərbaycanın əks-arqumentlərinə necə təsir edəcək?

- Senatın qəbul etdiyi qərarın heç bir hüququ gücü yoxdur. Çünki onların qəbul etdiyi qərar Fransa dövləti üçün imperativ - yəni məcburi deyil. Bu sadəcə tövsiyə xarakterlidir. Sadəcə olaraq bu fakt bir daha Fransanı Ermənistanın yanında olduğunu göstərdi. Özünü ATƏT-in Minsk qrupunun həmsədri kimi təqdim edən bir dövlətin belə bir addım atması Azərbaycana əslində yeni bir əsas yaratmış oldu. Bu günd qədər Azərbaycan tərəfindən vurğulanırdı ki, ATƏT-in həmsədrləri tərəf saxlayır. Qarşı tərəf bu faktları inkar edirdi. 44 günlük müharibədən sonra Fransa Senatının qəbul etdiyi son qərar əslində özlərinin ifşası idi.

- Ermənistanın bu məsələ ilə bağlı hansı üstünlüklər qazanmaq iddiası var?

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
- Əslində bu qərar Ermənistan üçün heç bir üstünlük və imtiyaz vermir. Artıq Ermənistanın Qarabağla bağlı böyük xülyaları suya düşüb. Azərbaycan Ordusu onu məhv etdi. Bundan sonra onların nə düşünməsi qarşı tərəfin problemidir. İndiki halda yaşanacaq istənilən qarşıdurma Azərbaycanın qələbəsi ilə bitəcək. III Qarabağ müharibəsinin olma ehtimalları da var. Rusiya burada xüsusi olaraq təxribatlar yaradır. Rusiya öz qoşunlarını Qarabağdan çıxarmamaq üçün ermənilərin əli ilə Azərbaycana təzyiq göstərmək istəyir.

- Bunlara adekvat cavab nədən ibarət olmalıdır?

- Azərbaycan düz yoldadır. Ölkəmiz hazırda bu məsələdə çox ağıllı qərarlar qəbul edir. Dövlətimiz bununla bağlı çox uzaqgörən siyasət yürüdür. Ölkə başçısı peşəkar diplomatdır. Biz əminik ki, bu cür təxribatlardan da Azərbaycan çox böyük uğurla çıxacaq.

- Son aylar bölgədə sabitlik idi. Ancaq ermənilər yeni təxribatlarla sabitliyi pozdular. Sentyabr gərginliyindən, Praqa görüşündən sonra tərəflərin ritorikaları başqa səmtə yönəlib. İrəvan vaxt udmağa çalışır, Bakı isə səbr etmək istəmir. Belə olduğu halda yenidən hərbi əməliyyatların başlanması ehtimallarını necə dəyərləndirmək olar?

- Sözsüz ki, yenidən hərbi əməliyyatların başlanması təhlükəsi var. Çünki Rusiyanın məqsədi odur ki, sülhməramlıların olduğu ərazidə Azərbaycan ordusu hansısa bir hərbi əməliyyatlar aparsın və bunun nəticəsində də, rus əsgərləri ölsün. Çünki Rusiya Ukrayna cəbhəsindəki uğursuzluğunu burada hansısa bir “uğurla” əvəzləmək istəyir. Azərbaycan bunu bilir. Ona görə də bu niyyət baş tutmayacaq. Rusiyanın Qarabağ məsələsində bir tərəfdən İranla, o biri tərəfdən Fransa ilə Azərbaycana qarşı Ermənistanı dəstəkləyir. Bu mənada mümkün münaqişə ocağının körüklənməsi halları var. Amma Azərbaycanın davranışları burada əsas rol oynayır. Çünki Azərbaycan hazırda münaqişə ocağının alovlanmasında maraqlı deyil. Amma ölkəmizin maraqları təmin olunmadıqda Azərbaycanın yandıracağı ocaqda Ermənistanla bərabər Rusiya da yanacaq. Bununla da rus qoşunları Qarabağdan tamamilə çıxarılacaq.

Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. O, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla danışmışdı. Bu söhbət də Ermənistana xəbərdarlıq xarakterində oldu. Sizcə, İran, Fransa və Rusiyanın davam edən sülh danışıqlarını pozmaq cəhdləri qarşısında ABŞ nə edə bilər?

- Zənnimcə, hələlik ABŞ-ın mövqeyi düzgün görünür. Həqiqətən də Blinkenin Paşinyana zəngi xəbərdarlıq xarakteri daşıyırdı. Çünki ABŞ bölgədəki gəlişmələri diqqətlə izləyir. ABŞ peyklərdən, eləcə də agentura şəbəkəsindən istifadə edərək, bölgədə, xüsusən də iki ölkə arasındakı təmas nöqtəsində suyun kim bulandırdığını müəyyənləşdirib. Buna görə də, Blinken etik formada Paşinyana xəbərdarlıq etdi ki, sülhyaratma prosesini pozmasın.

Azərbaycan və onun prezidentinin mövqeyi isə bəllidir. Biz bu məsələlərin həlli ilə bağlı hansısa qarışıqlıq yaratmaq istəmirik. Prosesi pozmağa çalışan İran və Fransadır, eləcə də onların çaldıqları havaya oynayan Ermənistan və onun başçısı Nikol Paşinyandır.

Yəqin ki, ABŞ nə baş verdiyini yaxşı bilir. Nikol Paşinyanın gah İrana, gah da Rusiyaya qaçaraq bölgədə qarışıqlıq yaratmaqla vaxt udmağa çalışması göstərir ki, sözdə sülhdən danışsa da, fəaliyyəti başqa yöndədir.

Hələ ki, ABŞ-ın prosesə müdaxiləsini lazımlı hesab edirəm. Çünki ABŞ Avropa Birliyi ilə tandem formasında çalışır, hər halda yaranan ehtimal budur. Üstəgəl, Avropa Birliyi və ABŞ açıq formada Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə və sülhyaratma prosesinə müdaxilə imkanlarını heçə endirməyə çalışır. Bu baxımdan, indiki məqamda ABŞ-ın fəaliyyəti qənaətbəxş görünür.

- Bəs Fransa öz müttəfiqlərindən – ABŞ və Avropa Birliyindən niyə fərqli düşünür?

- Ümumiyyətlə, Fransa özünü nə qədər sivil və mədəni ölkə kimi göstərməyə çalışsa da, əslində, millətçi və şovinist dövlətdir. Avropanın ən millətçi xalqı Fransada yaşayır. Fransızlar hələ XVIII əsrdən başlayaraq, müstəmləkə siyasəti yürüdürlər. Yetmişə yaxın xalq Fransanın bu müstəmləkə siyasətinin qurbanı olub, onlar bu dövrdə soyqırımı və kütləvi qırğınlara məruz qalıblar.

Bu ölkənin qanlı müstəmləkə siyasətinin son akkordları 1950-60-cı illərdə Əlcəzairdə vurulub. Həmin illərdə 1.5 milyon əlcəzairli Fransanın soyqırımı siyasətinin qurbanı olub. Bu, inkaredilməz tarixi faktdır. Əlcəzair buna öz siyasi qiymətini verib.

Ümumiyyətlə, Fransa destruktiv fəaliyyətlər yaratmağı sevən, müəyyən dövlətləri əlində alətə çevirərək, onlar vasitəsilə yaratdığı qarışıqlıqda öz maraqlarını həyata keçirməyə çalışan dövlətdir. Bu ölkənin milli ideologiyasında əsas yeri tutan prioritetlərdən biri islamofobiya və türkofobiyadır. Bu gün Azərbaycanın Fransa ilə iqtisadi, ticari və mədəni əlaqələri yüksək səviyyədə olmasına baxmayaraq, bu ölkə bizə də xəyanət etdi. Bu da Fransanın digər prezidentlərindən daha millətçi olan və peşəkar siyasətdən uzaqda dayanan Makronun sayəsində oldu.

Makron özündən əvvəlki Fransa prezidentlərindən daha çox ermənipərəstdir, daha çox anti-türk və anti-müsəlmandır. Məhz onun hakimiyyəti dövründə Fransanın türk və müsəlman dövlətlərinə qarşı düşmənçilik siyasəti daha açıq formada özünü göstərir. Bu baxımdan, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam, iftira dolu və heç bir fakta söykənməyən qətnaməsi istehzalı təbəssüm doğurur. Azərbaycan parlamentinin Senatın bu addımına qarşı cavabı kifayət qədər tutarlı və yerindədir.

Hesab edirəm ki, Azərbaycan bundan sonra Fransanın “parçala, hökmranlıq et” prinsipinə əsaslanan siyasətinə qarşı ciddi mübarizə aparacaq. Eyni zamanda, bu dövlətin siyasətindəki islamofobiya və türkofobiyanı ifşa etmək üçün böyük qüvvə sərf etməli olacaq. Zənnimcə, son ermənipərəst addımları bizi yox, Fransanın özünü uduzanların tərəfinə aparacaq.

- Ümumiyyətlə, Fransa ermənilərdən aldığı pulların əvəzini verməyə çalışır, yoxsa bir güc kimi bölgə ilə bağlı hansısa hədəfləri var?

- Fransa yüz ildir ki, ermənipərəst siyasət həyata keçirir. Amma Makrona qədər bu siyasət kifayət qədər ehtiyatlı aparılırdı. Əlbəttə, o dövrdə də qapalı formada bu siyasət davam etdirilib. Həyata keçirmək mümkün olmasa da, Fransa tərəfindən ermənilərin maraqlarının təmin edilməsi yönündə cəhdlər olub. Amma son iki ildə Fransanın ermənipərəst siyasəti illeqal və konstrativlikdən çıxaraq, leqal bir formaya çevrilib. Həyasızcasına faktları təhrif edirlər, təcavüzkarı müdafiə edərək, Azərbaycanın olmayan təcavüzündən danışırlar və bizi müxtəlif sanksiyalarla hədələyirlər. Halbuki neft və qazına görə Azərbaycana yalavaran onlardır.

Desəm ki, Fransa ağlını itirib – yanılmaram. Fransanın başında siyasətdə naşı və intellektual səviyyəsi aşağı olan bir şəxs dayanır. Həmin şəxs prosesləri idarə etməyi bacarmır. Üstəgəl, onun zəif siyasətindən istifadə edən müəyyən millətçi dairələr Senatda və dövlətin digər orqanlarında meydan sulayırlar. Xalqlararası nifaqı genişləndirmək və qızışdırmaq üçün əllərindən gələni əsirgəmirlər.

Fransa Senatının bu qətnaməsi sülhə xidmət edən yox, müharibəyə çağırış qətnaməsidir. Bu, bölgəni qarışdırmaq və xalqları üz-üzə qoymağa cəhddir.

Zənnimcə, Fransanın bu destruktiv fəaliyyəti onun Avropa Birliyi və NATO-dakı müttəfiqləri tərəfindən də təqdir edilmir. Fransa tamamilə ağlını itirmiş bir ölkəyə bənzəyir. Onların anti-Azərbaycan siyasəti öz başlarında çatlayacaq.

- Bu həssas məqamda ABŞ dövlət katibinin müavini Karin Donfridin Azərbaycanla bağlı açıqlaması da diqqətçəkəndir. O, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın ABŞ üçün prioritet olduğunu dedi. Amerika rəsmisinin bu açıqlamasını necə şərh etmək olar?

- Məncə, bu, Azərbaycanın qlobal təhlükəsizliyin təmin olunmasındakı müsbət rolunu təqdir və etiraf etməkdir. Azərbaycan bölgədə dünya nizamına qarşı mübarizə aparan İran kimi qəddar bir ölkənin qarşısında dik dayanaraq, onunla mübarizə aparır. Azərbaycan Rusiyanın regiondakı pozucu fəaliyyətini neytrallaşdıran bir siyasət aparır. Üstəgəl, Azərbaycan Avropanın enerji təminatı və təhlükəsizliyində, eləcə də logistik təminatında çox mühüm rolu olan beynəlxalq iqtisadi layihələri həyata keçirir.

Azərbaycan Avropanın enerji təminatında artan rolu ilə qitənin Rusiya asılılığından xilas olması üçün əlindən gələni edir. Buna görə də Amerika Azərbaycanın bölgədə oynadığı konstruktiv və dinamik rolu təqdir edir, qiymətləndirir. Bu səbəbdən də ABŞ elan edir ki, bu yolda Azərbaycana hər cür dəstək verməyə hazırdır. Yəni Azərbaycanın yanındadır.

Ardını oxu...
“Maddi durumum belədir də. Nə göylərdə uçuram, nə də ki, yerdə sürünürəm. Yenə də əvvəlki yerimdə çalışıram, masaj edirəm, arıqlama aparatları vasitəsilə prosedurlar həyata keçirirəm. Kosmetoloq olmaq üçün kurslara gedirəm. Çətin günlərimdə iki dəfə Niyam Salami şou-proqrama dəvət etdi məni. Başqa heç bir həmkarımdan kömək görməmişəm, hansısa yerə dəvət almamışam. Toy olanda olur, olmayanda da öz işimlə məşğul oluram. Ən böyük dəstəkçim göydə Allah, yerdə oğlumdur”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Şəhla Həmidova deyib. O daha sonra jurnalistlərin hesabına məşhurlaşıb, daha sonra onları saymayan sənətçilərdən danışıb.

“Öz mənfəətləri üçün jurnalistlərdən istifadə edib, onlardan bəhrələnib, nələrsə əldə edib, ortalığa çıxıb, sonra üz çevirən müğənnilər də görmüşəm. Mən əsl jurnalistlərdən, sənətinin çörəyini yeyənlərdən danışıram. Yerindən duran da bu dəqiqə özünə jurnalist deyir. Bu həyatda nəinki jurnalist, gərək heç kimin haqqını danmayasan. Heç vaxt da böyük söz danışmayasan” deyə müğənni bildirib.

Şəhla Həmidova sənətin ucuzlaşdığını bildirib.

“Dünya musiqisi də cılızlaşıb, amma bizdə olduğu qədər də yox. Bizdə bir az düşünməkdən, kitab oxumaqdan, oxuduğu şeirin fərqinə varmaqdan cəmiyyət uzaqlaşıb. O vaxt da cılız, yazılıb ortalığa çıxmayan mahnlar olub. Təbii ki, belə şeylərin qarşısı tez alınırdı. O zamanlar korifey sənətkardan, bəstəkarlardan dərs alırdılar. İndi yerindən duran hamı yazır, hamı oxuyur. Ona görə də bu gündəyik. Bundan da pis günə qalacağıq, çünki uçuruma gedirik. Batmış, mənfur qonşularımız bütün musiqilərimizi götürüb öz adlarına çıxarırlar. Onlar oxuyandan sonra yadımıza düşür ki, bizdə də belə mahnı var idi, gərək oxuyardıq. Əlimizdə olanda qədrini bilmirdik. İndi iki gün oxuyurlar, mahnı da unudulur. Mahnını, sənətini yox, bədənini, ombasını reklam edən dırnaqarası müğənniləri görəndə xəcalət çəkirəm ki, mən də müğənniyəm” deyə müğənni bildirib.

Şəhla Həmidova həyatda yaşadığı çətinliklərdən də danışıb.

“Anam düz 5 il sağalmaz xəstəliklə mübarizə apardı. İndi daha heç nəyin dadı, duzu yoxdur. 6-cı sinifdən bu yana heç nəyi xatırlamaq istəmirəm. Anamın arzusu məni həkim görmək idi, mən həkim oldum amma o görmədi. Həyatdan tez getdi. Anamın ölümündən sonra həyatım alt-üst oldu. O rəhmətə gedəndə məni atama yox, qardaşıma tapşırdı. Heç kimə arzulamıram ki, anadan yetim qalsın. O həyatda olsaydı mən bu güzəranı yaşamazdım. Ondan sonra ailə həyatı qurdum ki, mənə dəstək olsun. O uğursuz ailə həyatını kaş qurmazdım. Bu ailə həyatımdan yeganə təsəlli tapdığım oğlumdur. Ona baxıb şükür edirəm ki, həmin uğursuz ailəmdən bir uğurlu övladım dünyaya gəlib” deyə Şəhla Həmidova deyib.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin Valday forumunda Ermənistanla Azərbaycan arasında sülh sazişinin Rusiya və Washington variantlarından bəhs etməsi Ermənistanda birmənalı qarşılanmayıb. Ölkənin siyasi analitika çevrələrində Vladimir Putinin bu açıqlamasının son zamanlar Ermənistanda geniş vüsət almış Rusiya əleyhinə meyilləri “yumşaltmaq” məqsədi daşıdığını ehtimal edirlər.

Putin demişdi ki, erməni xalqı və ya Ermənistan rəhbərliyi sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan “Washington variantını seçmək istəyirlərsə, buyursunlar, özləri bilərlər.

Həftə bu gün: Azərbaycan və Ermənistan Rusiyaya qarşı, Qarabağ erməniləri Moskvaya üz tutur, Bakıdan Təbrizə dəstək
Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf – Azərbaycan üçün də məqbul olması lazımdır”, – Putin əlavə etmişdi.

Ermənistan Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryan BBC News Azərbaycancaya müsahibəsində vurğulayıb ki, “kağızda Ermənistanın strateji müttəfiqi olaraq Rusiyanın Azərbaycan meyilli siyasət yeritməsi”nin Ermənistan cəmiyyətində narazılıqlara səbəb olduğunu Moskvada anlayırlar. O son vaxtlar Yerevanda KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), hətta MDB-dən çıxmaq çağırışları ilə bir neçə kütləvi etiraz aksiyalarının keçirilməsini bu narazılığın əksi kimi qiymətləndirib.

BBC: – Sizcə, erməni ictimaiyyətinə nə mesaj çatdırmaq istəyib?

Stepan Qriqoryan: – Düşünürəm ki, Vladimir Putini Ermənistanda insanların Rusiyanın yeritdiyi Azərbaycan meyilli siyasətindən narazılığı narahat edir.

Rusiya həm Ermənistanda, həm Qarabağda nə edirsə, Azərbaycanı dəstəkləmək üçün edir və həm Qarabağda, həm Ermənistanda ərazilər itkisinə gətirir.

Və, görünür, Putin öz cavabları ilə Ermənistan vətəndaşlarının mövqeyini yumşaltmağa çalışırdı. Lakin onun köməkçiləri onu yaxşı hazırlaşdırmayıblar. Məsələn, o deyir: Biz Ermənistanın 5 rayon təhvil verəcəyini nəzərdə tuturduq. Yəni ki, Kəlbəcər və Laçın təhvil verilmir.

Onda sual olunur: hamıya məlumdur ki, müharibənin sonunda, noyabrın 9-da Putin bəyan etmişdi ki, Qarabağı əhatə edən ərazilər də, Qarabağın özü də Azərbaycanın ayrılmaz hissəsidir.

Burada isə o, birdən-birə öz konsepsiyasını dəyişir. Müharibədən sonra çox aydın, son dərəcə konkret deyirdi ki, 7 rayonun hamısı qaytarılmalıdır, Dağlıq Qarabağ – Azərbaycandır, indi isə Qarabağ barəsində bir söz də danışmır, deyir ki, söhbət 5 rayonun qaytarılmasından gedir.

Stepan Qriqoryan – Ermənistan Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzin rəhbəri
İkinci ziddiyyət isə ondan ibarətdir ki, Putin özü bəyan etmişdi ki, 9 noyabr sənədi şəxsən özü yazıb. Həmin sənəddə deyilir ki, Laçın dəhlizi Azərbaycana ötürülməlidir.

Sual olunur: o, nə vaxt doğru deyib – indi, yoxsa o zaman [10 noyabr 2020-ci ildə], sənəddə yazanda ki, ermənilər Laçin dəhlizindən çıxmalıdırlar?

Üstəlik, orada deyilirdi ki, üç ildən sonra çıxmalıdırlar. Lakin faktiki bir il yarımdan sonra çıxmağa məcbur etdilər.

Ziddiyyətlər çoxdur. Eləcə də Amerika sənədi üzrə. Mən bilmirəm o nəyi nəzərdə tutur, lakin ehtimal edirəm ki, o məqamı ki, amerikalılar deyirlər: əgər sülh sazişində Qarabağ xatırlanmasa, o zaman ayrıca beynəlxalq format yaradılmalıdır – Stepanakert (Xankəndi-red.) və Bakı arasında. Bunda pis nə var ki? Putin isə, əksinə, deyir ki, ayrıca bir vahid kimi Qarabağ yoxdur.

Mən hesab edirəm ki, bu, Ermənistanda bir qədər insanların əhval-ruhiyyəsinin dəyişməsinə yönəlmiş uğursuz cəhd olub. Guya “mənim günahım deyil, başqalarının günahıdır…”. Ona görə ki, onun Valdayda dedikləri prinsipcə müharibə zamanı və müharibədən sonra dediklərinə ziddir.

BBC: – Son zamanlar Qərbin – ABŞ, Avropa İttifaqı və s. Ermənistan-Azərbaycan probleminin tənzimlənməsi prosesinə daha fəal qatılması müşahidə olunur. Demək olarmı ki, Putinin narahatlığı Rusiyanın öz nüfuz məkanı hesab etdiyi regiona “başqalarının müdaxiləsi” ilə bağlıdır?

S. Q.: – Şübhəsiz. Putin narahatdır ki, regionda alternativ peyda olub. Ermənistan həm ATƏT-ə, həm BMT Təhlükəsizlik Şurasına, həm Avropa İttifaqına müraciət edib… Və həm ATƏT müşahidəçiləri, həm Avropa İttifaqının humanitar missiyası Ermənistana gəliblər.

Bu, o deməkdir ki, prinsipcə həm Dağlıq Qarabağ məsələsi ətrafında, həm Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət dəyişir – Charles Miche (Aİ Şurası Prezidenti-red.), Emmanuel Macron (Fransa prezidenti-red.) simasında, ABŞ kimi ciddi vasitəçilər meydana gəlir, hansılar ki, deyirlər: yox, Rusiya, sən Azərbaycanla birlikdə zəif Ermənistanı məcbur edə bilməzsən.

BBC: – Hər necə olsa da, hazırda Qarabağ ermənilərinin təhlükəsizliyi və vəziyyətin sabitliyi Rusiya sülhməramlılarının mövcudluğu ilə əlaqələndirilir. Və həm Ermənistanda, həm Qarabağda bir çoxları onların çıxarılmasını real təhlükə kimi nəzərdən keçirir. Digər tərəfdən də Putin Washington-un sülh sazişi proqramına əsasən, Qarabağın “Azərbaycana təhvil verilməsi”nin tələb olunduğunu deyir. Sizcə, ermənilərin seçimi necə olmalıdır?

S. Q.: – Rusiyanın dedikləri atdığı addımları ilə uyğun gəlmir. Qarabağ məsələsi bir yana qalsın. Niyə Rusiya Azərbaycanın Ermənistan ərazisinə qarşı 13 sentyabr təcavüzünü pisləmədi?

Burada ki, hər şey aydındır. Kim bilmir ki, Cermuk Azərbaycan deyil?.. Bu ki, eləcə sərhəd mübahisəsi deyil. 6-7 kilometrədək müdaxilə ediblər.

Rusiya heç bir reaksiya vermədi. Söhbət nədən gedir?..

Bu ki artıq sərhəd mübahisəsi deyil… Rusiya bir reaksiya vermədi.

Mən emosiyalara və ya hər hansı fərziyyələrə varmıram, mən faktlara əməl etməyə meylliyəm.

Rusiya 100 şey deyə bilər… Amerikanın planı belədir, bizim planımız başqadır… Bunların hamısını yoxlamaq lazımdır.

Bəs nəyi yoxlamaq lazım deyil!? Fakt odur ki, Rusiya Ermənistana qarşı təcavüzü pisləməyib.

Bu təcavüzü ABŞ, Böyük Britaniya, Kanada, Fransa, bir çox Avropa İttifaqı ölkələri, Avropa Parlamenti, Hindistan pislədilər…

Kimin konkret bizi dəstəklədiyi özünü büruzə verdi. Rusiya dəstəkləmir…

Onlar eləcə saxta fəallıq nümayiş etdirir.

Bu da Rusiyanın növbəti manipulyasiyasıdır, qorxuzur ki, əgər belə etsəniz, Qarabağı itirərsiniz…

Tək sadəlövh insanlar düşünə bilər ki, biz Qarabağı itirməmişik.

Bu gün Ermənistanın Qarabağa heç bir təsiri yoxdur. Bir az maliyyə yardımı edir. Vəssalam. Bundan başqa heç bir təsiri yoxdur.

Rus sülhməramlıları oradadır. Odur ki, hazırda Qarabağ rus sülhməramlılarının əlindədir.

Odur ki, qoy nağıl söyləməsinlər ki, Ermənistan Qarabağı itirər…

İndi, Allah eləməsin! – Qarabağın başına bir iş gəlsə – deməli, rusların işidir, onlar Azərbaycana təhvil veriblər. Orada Ermənistan qoşunları yoxdur. Orada Qarabağın özünümüdafiə qüvvələri vardır.

Mən bilmirəm, belə söhbətlərlə kimi aldatmaq istəyirlər, kimin üçün nəzərdə tutulub. İnsanlar nə dərəcədə savadsız olmalıdır ki, belə nağıllara inansınlar ki, amerikalılar nəyi isə təhvil vermək istəyir…

Əvvəla, konkret olaraq, Putin özü artıq Qarabağı, onun bir hissəsini Azərbaycana təhvil verib. Bu ki, dəqiqdir, bunu hamı bilir. […] Bu, böyük sirr deyil, hamı bilir.

Kəlbəcərdən və Laçından isə ruslar bizimkilərə deyiblər: çıxın! – Azərbaycan döyüşlə almayıb Kəlbəcəri, Berdzoru (ermənilər Laçını belə adlandırırlar-red.) Ruslar deyiblər: çıxın, planımız belədir.

Bu cəhdlər – məsuliyyəti başqalarının – Nikol Paşinyanın, Avropa İttifaqının, ABŞ-ın, digər beynəlxalq mərkəzlərin boynuna atmaq – uğursuz cəhdlərdir.

BBC: – Bir daha dəqiqləşdirək. Belə olan halda, ermənilər, Ermənistan nə etməlidir?

S. Q.: – Ermənistan hökuməti, hər halda son yarım ildə, çox fəal xarici siyasət yeritməyə başlayıb.

Bu, düzgündür. Regiona başqa oyunçular gətirmək lazımdır. Alternativ olmalıdır. Çünki Rusiya Azərbaycanla birlikdə faktiki olaraq bizim axırımıza çıxırlar.

Nə üçün?

Aydındır – nə üçün. Rusiya istəyir ki, biz ittifaq dövlətə daxil olaq.

Stepan Qriqoryan – Ermənistan Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzin rəhbəri
Ermənistanı başqa nə cür öz müstəqilliyindən imtina etməyə məcbur etmək olar? Zəiflətmək lazımdır.

Azərbaycanın marağı isə ondadır ki, biz Qarabağdan hüquqi olaraq imtina edək. Bundan başqa – Zəngəzur dəhlizi… Burada da Azərbaycanın və Rusiyanın maraqları var.

Ona görə də həmişə bu təzyiq olacaq. Bu təzyiq olmasın ya zəifləsin deyə, başqa oyunçular cəlb edilməlidir.

Baxın, Azərbaycan hər gün müharibəyə başlamağa hazırdır. Bəs nə üçün ay yarımdır ki, hərbi əməliyyatlara başlamaq qərarına gələ bilmirlər? Tək ona görə qərar verə bilmirlər ki, Amerika və Avropa İttifaqı bizim işlərimizlə fəal məşğul olmağa başlayıblar.

Bəs onları bizə, necə deyərlər, yardım etmək üçün kim bura dəvət edib? – Ermənistan. Və düzgün edib. Əməkdaşlıq gücləndirilməlidir… Qərblə, Hindistanla, Avropa İttifaqı, Kanada və sairə… Və yalnız bu, bizi xilas edə bilər.

BBC: – Bütün bunlar erməni cəmiyyətində ziddiyyətlər yarada bilər. Hətta qarabağlılar və ermənistanlılar arasında. Və yenidən Ermənistanda izdihamlı etiraz aksiyalarına səbəb olar…

S. Q.: – İnsanların əhval-ruhiyyəsi, münasibəti necə olursa olsun… Qarabağda vəziyyətə nə təsir mexanizmlərimiz var? Heç nə…

Qarabağlıların vəziyyəti çox ağırdır. Mən onları mövqelərinə görə qınamıram. Onlar Rusiyanın köməyi ilə xilas olmaq istəyirlər. Lakin, mənə elə gəlir ki, bu yol tamamilə Qarabağın itirilməsinə gətirəcək.

Çünki Rusiya onları müdafiə etmək niyyətində deyil. Rusiya onları Qarabağda maraqları olanadək müdafiə edəcək. Məsələn, Türkiyə Rusiyaya, tutalım, nə isə (Suriyada, Liviyada…) təklif etsə, onlar Stepanakerti həmin maraqlara dəyişərlər.

Lakin Dağlıq Qarabağ erməniləri və rəhbərliyini tənqid edə bilmərəm. Onların vəziyyəti mürəkkəbdir.

Mən onlara tək onu deyə bilərəm ki, siz anlamalısınız ki, Nikol Paşinyanın, hazırkı hakimiyyətin bu gün heç bir təsir vasitəsi yoxdur. Orada sülhməramlılar şahlıq edir.

Bizim qoşunlarımız çıxarılıb, heç bir müdafiə mexanizmi yoxdur. Yalnız siyasi vasitələr vardır… Və onlar bundan istifadə edirlər. Odur ki, Nikol Paşinyanın “biz Rusiyanın planı əsasında Azərbaycanla işləməyə hazırıq” deməsi – Qarabağ xatirinə edilir.

Ancaq mən Rusiyaya və Putin Rusiyasına yaxşı bələdəm. Onlar öz mövqelərindən dönməyəcəklər. Onlar Azərbaycan və Türkiyə ilə maraqları naminə bizə qarşı heç nədən çəkinməzlər.

BBC: – Erməni tərəfi Rusiya ilə Qərbin planları arasında seçim edərkən nəyi əsas tutmalıdır?

S. Q.: – Məsələ ondadır ki, Qərblə işləyərkən “yox” demək çətin deyil. Avqustda Charles Michel-in təklifləri erməni tərəfin narazılığını doğurmuşdu, onlar sənədi geri götürdülər, ərazimizə qoşun yeritməklə hədələmədilər.

ABŞ da hazırda müəyyən təkliflər edir, bizim tərəf bəzi şeylərlə razılaşmır, mübahisə edir – yenidən nəzərdən keçirilər.

Qərbin bizim üçün pozitiv rolu ondadır ki, onlar bizi dinləyirlər. Rusiya dinləmir, Rusiyaya “yox” demək mümkün deyil.

Bu fərqi hiss etməmək bədbəxtlikdir, bizim siyasi elita üçün. Bu fərqi anlamaq lazımdır.

Qərb də ideal deyil. Onların ənənəsi, qaydaları var – münaqişə tərəflərini danışıq masası arxasına gətirirlər. Mübahisəli məqamlarda onlar geri çəkilməyi bacarırlar. Onlar deyirlər: bizim məqsədimiz müharibə deyil, sülhdür.

Rusiya isə yox, Rusiya deyir: mən dediyim kimi etməlisən, Zəngəzur dəhlizini verməlisən, verməsən – sənə pis olacaq!

Və biz görürük – necə pisdir. Qara gölü bizdən aldılar, Sotk-Xoznavar istiqamətində ərazimizə girdilər. İndi də Cermuk istiqamətində daxil olublar.

Bizim hər bir “yox” və ya sualımıza qarşı güc ilə cavab verirlər.

Odur ki, hesab edirəm ki, tam da olmasa, Qərbin cəlb edilməsi düzgün seçimdir.

Sualınıza cavab olaraq, deyə bilərəm ki, hər iki variantın – Rusiya və Qərb – bir-birinə təsirinin nəticəsi müsbət olar. Qərb variantı birmənalı Rusiya variantından yaxşı olacaq. Lakin Rusiya öz variantının həmçinin Ermənistan üçün məqbul olması üçün onu təkmilləşdirməyə məcbur olacaq.
 

Ardını oxu...
Noyabrın 13-də İstanbulun mərkəzində, Taksim meydanında 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror aktı həyata keçirildi. Türkiyə hüquq-mühafizə orqanları dərhal araşdırmaya başladı və hadisəni törətməkdə şübhəli bilinən bir qadın saxlanıldı. İstanbul Polis İdarəsi terror hadisəsini törədən şəxsin Suriyadan olan Ahlam Albashir (Əhləm Əlbəşir) olduğunu açıqladı. Qadın dindirilmə zamanı hadisəni etiraf etdi, təlimatı PKK-nın uzantısı olan YPG/PYD terror qruplaşmasından aldığını söylədi.

Hazırda hadisə ilə bağlı detallı və geniş araşdırma aparılmaqdadır. Bununla yanaşı, hadisənin hansı qüvvələrin göstərişi ilə həyata keçirildiyi haqqında müxtəlif versiyalar səsləndirilir. Versiyalar içərisində işin arxasında ABŞ-ın dayandığı versiyası üstünlük təşkil edir. Belə ki, YPG/PYD ünsürlərini İraq və Suriyada dəstəkləyənin ABŞ olduğu heç kimə sirr deyil. Eyni zamanda, hadisə ilə bağlı danışan Türkiyənin daxili işlər naziri də ABŞ-ı nişan göstərdi.

Ekspertlər bildirirlər ki, bu, Türkiyəyə verilən siyasi mesajdır. Çünki son vaxtlar Türkiyənin dünyada nüfuzu və çəkisi durmadan artır. Türkiyənin qlobal güc olmasını istəməyən qüvvələr isə sabitliyi pozmaqla bu siyasətin qarşısını almağa cəhd göstərirlər.

DİA.AZ bildirir ki, AYNA-nın mövzu ilə bağlı suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, İstanbulda ilk dəfə deyil ki, belə bir terror hadisəsi baş verir:

- Türkiyəni hədəf alanlar İstanbulun mərkəzini, İstiqlal küçəsini ona görə seçirlər ki, guya, Türkiyənin gözü bununla daha çox qorxacaq. Terrorun baş verdiyi ərazi İstanbulun ən məşhur yeridir, turistlərin daha çox getdiyi yerdir. Amma bununla Türkiyəni qorxutmaq mümkün deyil. Türkiyə ordusu və polisi son illərdə çox uğurlu əməliyyatlar keçirib. PKK-nın, onun qollarının İraqdakı, Suriyadakı və ölkənin daxilindəki uzantıları zərərsizləşdirilib. Təkcə bu ilə ərzində yüzlərlə terrorun qarşısı alınıb. Amma təəssüf ki, terrorla mübarizədə tam uğur əldə etmək çətin məsələdir. Onu da nəzərə almaq lazımdır ki, PKK terror qruplaşması Türkiyədən güclü zərbələr alsa da, görünür, müxtəlif şəhərlərdə hələ də yatmış hücrələr mövcuddur. Bu hücrələr zaman-zaman hərəkətə gətirilir və terror aktları törədə bilirlər.

- Bundan sonra anti-terror əməliyyatları daha da şiddətlənəcəkmi?

- Təbii ki, şiddətlənəcək. Türkiyə ordusu və polisi terrorçulara daha güclü zərbələr endirəcək. PKK-nın Suriyadakı və İraqdakı kampları bombalanacaq. Terror əmri, böyük ehtimalla, Kandildən verilib. Amma terror qruplaşması anlamamış deyildi ki, bu aktın ağır cavabı olacaq.

- Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlamasında ABŞ-ın başsağlığını qəbul etmədiklərini bəyan etdi. Nazir bununla nəyə işarə etdi?

- Ərdoğan da G20 Sammitinə qatılmaq üçün İndoneziyaya səfərindən əvvəl hava limanında ABŞ-ı sərt tənqid etdi və bildirdi ki, baş terrorçu Pensilvaniyada rahat yaşayır, Amerika isə onu Türkiyəyə təslim etmir. Süleyman Soylu isə “başsağlığını qəbul etmirik” deməklə yanaşı, PKK-nın qolu olan YPG/PYD-yə ABŞ tərəfindən maliyyə yardımı, silah yardımı edilməsini qınadı. Hansı ki, İstanbulda terror törədən şəxs etiraf etdi ki, tapşırığı YPG/PYD-dən alıb. Belə halda, ABŞ-ın Türkiyəni müttəfiq adlandırması məntiqdən uzaqdır. Soylunun açıqlaması həm də bir mesaj idi ki, terrorçulara qarşı amansız davranılacaq, hətta hava zərbələri endiriləcək. Çünki terrorun kökünü kəsmək lazımdır. Bu, belə davam edə bilməz. Kökü kəsilməsə, zaman-zaman belə terror aktları baş verəcək.

- Türkiyənin böyük şəhərlərində buna bənzər terror aktları 4-5 il idi ki olmurdu. Demək olar ki, daxildəki terrorçu ünsürlər zərərsizləşdirilmişdi. Xeyli zamandan sonra yenidən terrorun baş verməsi sual doğurur...

- Bu illər ərzində Türkiyə ordusu və polisi terrorçulara qarşı dağıdıcı zərbələr endirib. Amma dediyim kimi, nə qədər zərərsizləşdirilsələr də, yenə də yatmış hücrələri var. Türkiyənin uğurlu anti-terror əməliyyatları davam edir. Elə Soylunun açıqlamalarına görə, PKK-nın Türkiyə ərazisindəki ünsürlərinin sayı xeyli azalıb və nazir vəd verdi ki, 2023-cü ilədək bir PKK-çı belə, ölkə ərazisində qalmayacaq. Lakin yatmış hücrələr zaman-zaman hərəkətə keçmək əmri alırlar. Yəqin ki, gizli hücrələr bundan sonra da hansısa aktlar həyata keçirə bilər. Bundan Türkiyə sığortalanmayıb. Sadəcə olaraq ciddi əməliyyatlar aparılır, zərərsizləşdirmə tədbirləri görülür, bundan sonra daha sərt addımlar atılacaq.

- Erməni mənşəli terror təşkilatı olan ASALA-dan da bir bəyanat gəldi və bildirdilər ki, İstanbuldakı terroru onlar törədiblər...

- ASALA zamanında Türkiyəyə qarşı terror törədib, türk diplomatları qətlə yetiriblər və s. 1990-cı illərdən sonra ASALA bir qədər qeybə çəkildi. Amma bu, o demək deyil ki, yox oldular. Ermənilər qorxdular ki, əgər bu terrorları davam etdirsələr, Qərb ölkələrindən yetərincə dəstək ala bilməzlər. Lakin yoxa çıxmayıblar. Ola bilsin ki, İstanbuldakı terror aktında ASALA-nın də əli var. Hər halda bu, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq.

Onu da qeyd edim ki, İran da bu üsullardan zaman-zaman istifadə edir. 1990-cı illərdə Argentinada bir yəhudi mərkəzi partladılmışdı, yüzlərlə insan ölmüşdü. Bunun araşdırması aparıldı və izi Tehrana gəldi çıxdı. Deməyim odur ki, İranın bu üsullardan istifadə etməsini bilirik. Hazırda İran Azərbaycanla gərginlik yaşayır. Məlumdur ki, Türkiyə Azərbaycanın qardaşı, ən yaxın müttəfiqidir. Bununla İran Türkiyəyə bir mesaj vermək niyyəti də güdə bilər.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan DTX İrana casusluq edən şəbəkəni ifşa etdi. Təsəvvür edin, gəmi kapitanını belə, öz agentlərinə çevirə biliblər. Deməyim odur ki, bu proseslər bir-biri ilə bağlı məsələlərdir. Son günlər İranla Azərbaycan arasında vəziyyət son dərəcə gərginləşib, bizə qarşı təxribat xarakterli açıqlamalar verilir. İran Parlamentində Prezident İlham Əliyevi və Azərbaycanı hədəf götürüblər. Biz diqqətli olmalıyıq, həm də son dərəcə.
Ardını oxu...
Milli Məclis və Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişiklikləri hələ də ictimaiyyətə açıqlamayıb. Rəsmi məlumatlara görə, məcəlləyə dəyişikliklər üçün 400-dən artıq təklif daxil olub və bunların bir hissəsi nəzərə alınıb. Yaxın günlərdə Milli Məclisin deputatları ölkə biznesi üçün ən əsas sənəd olan Vergi Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək. Burada bir çox ciddi yeniliklər, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan işğaldan azad edilmiş zonalarla bağlı güzəştlər əksini tapıb. Amma qanuni əsas olmadan Vergi Məcəlləsinə dəyişiklikləri tam olaraq ictimaiyyətə açıqlanmır.

Səbəb nədir?

Hüquqşünas Əkrəm Həsənov ASTNA-nın suallarını cavablandırıb.

* * *

– Əkrəm bəy, sizcə,Vergi məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin ictimaiyyətə açıqlanmamasının səbəbi nədir?

-Əslində, Vergi Məcəlləsinə dəyişikliklər layihəsi dövlət büdcəsi haqqında qanun layihəsinə əlavə edilmiş sənədlər paketinə daxil olduğu üçün ən geci 25 oktyabrda dərc olunmalı idi. Lakin qanun layihələrinin ictimaiyyətə açıqlanmaması bizdə adi haldır. Milli Məclisin saytında “Qanun layihələri” bölməsi var. Ora daxil olanda görürük ki, payız sessiyasında müzakirəyə çıxarılan layihələrin çox cüzi hissəsi orada dərc olunub.

Bunun üç səbəbi var. Birinci səbəb savadsızlıqdır. Layihələr çox bərbad şəkildə tərtib olunur. Utandıqlarından dərhal dərc etmirlər. Yalnız sırf dövlət orqanları çərçivəsində müzakirə edib təkmilləşdirəndən sonra üzə çıxarmağa üzləri olur.

İkinci səbəb idarəetmə və təşkilatçılığın zəif olmasıdır. Əksər məsələləri vaxtında ərsəyə gətirə bilmirlər. Hətta Prezidentin də bəzi tapşırıqları illərlə icrasız qalır.

Nəhayət, üçüncü səbəb Azərbaycanda qanunların, bir qayda olaraq, xalq üçün deyil, məmurlar üçün tərtib olunmasıdır. Marks deyirdi ki, hüquq, qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsidir. Bizdə hakim sinif məmur ordusudur. Qanunlar da əsasən onlara xidmət edir. Xalq ikinci dərəcəlidir. Buna görə də hər hansı mühüm layihə sırf məmur qrupları arasında müzakirə olunur. Bu əsnada aralarında alver gedir və.s. Təbii, xalq bu alverin subyekti deyil, obyekti olduğu üçün layihələr də ondan gizlədilir. Alver bitib yekun layihə hazır olanda isə qanunu qəbul edirlər. Məsələn, Rəqabət Məcəlləsi ətrafında alver 15 ildir gedir!

Deputatlarımız da sonra deyir ki, xalq adından və xalq üçün qanun qəbul etdik. Fikir verin ki, nəinki Milli Məclis orqan olaraq, heç deputatlardan da heç biri (o cümlədən özlərini müstəqil, doğrudan da seçilmiş kimi təqdim etməyə cəhd edənlər) layihəni skan edib ictimailəşdirlmir. Halbuki, buna tam haqları var. Amma bizim deputatlar özlərini millət vəkili deyil, spikerin işçisi hiss etdiyi üçün belə təşəbbüs göstərməkdən qorxurlar. Həm də axı onlar da məmur ordusunun bir hissəsidir. Onların da biznesləri, maraqları var. Layihələr ətrafında gedən pərdəarxası müzakirələrdə onlar da öz şəxsi maraqlarından doğan təkliflərini keçirmək istəyirlər. Buna görə də məmur ordusunun oyun qaydalarını pozmurlar. Büdcə və vergi məsələləri dövlət idarəçiliyinin bir nömrəli bazarıdır. Deputatlar da da bu örtülü bazarın tərkib hissəsidirlər.

– Bu dəyişiklikləri gizli saxlamaqla vətəndaşları hansısa yeni “sürpriz”lər gözləyə bilərmi? Və bu “sürpriz”lər nələr ola bilər?

– Sıravi vətəndaşı birbaşa “sürpriz”lər gözləmir. Çünki gəlir vergisindən hələlik azaddır. Ödədiyi torpaq və əmlak vergisi böyük məbləğ təşkil etmir və yəqin ki, dərəcəsi artırılmayacaq. Ödədiyi əlavə dəyər vergisi isə cəmi toplanılan vergilərin 2/3 hissəsini təşkil etsə də, gözünə görünmür, çünki dolayı vergidir. Bu vergi üzrə də sıravi vətəndaş üçün yenilik gözləmirəm.

“Sürpriz”lər daha çox sahibkarları gözləyir yəqin ki. Vergi inzibatçılığı daha da gücləndiriləcək. Nəticədə iri və məmurlara yaxın “biznes” qurumlar həqiqi sahibkarlar üzərində rəqabətdə daha üstün mövqeyə malik olacaqlar. Axı məsələ inzibatçılığın necə olmasında deyil, onun var güclə yalnız məmurlara və dövlət layihələrinə aid olmayan sahibkarlara münasibətdə tətbiq olunmasındadır.

– İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyevin yerli mediaya verdiyi məlumata görə, 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqamətdə qruplaşdırılıb. Birinci istiqamət ölkədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviq edilməsidir. Ləğv prosesində olan bankların sabit vergi xərclərinin azaldılmasını ikinci istiqamət kimi göstərə bilərik. Üçüncü istiqamət vergi inzibatçılığında bir sıra tənzimlənməyən məsələlərin tənzimlənməsini, eyni zamanda təkmilləşdirilməsini nəzərdə tutur. Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılmasıdır. Beşinci istiqamət isə ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması kimi dəyişiklikləri əhatə edir. Mediada olan məlumat ancaq bundan ibraətdir. Bu məlumatdan nə anlamaq olar? Yəni hansı dəyişikliklər ola bilər?

-Təxmini demək olar yəqin. Əminəm ki, xeyli müsbət məqamlar da var. Amma onlar layihəni gizlətdiyi üçün gəlin daha çox mənfi gözləntilərimi qeyd edim ki, müsbətlər bizim üçün sürpriz olsun!

Birinci istiqamət üzrə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi dedikdə yəqin ki, əsasən məmur biznesi və dövlət layihələrinə cəlb olunmuş şirkətlər üçün tətbiq olunacaq yumşalmalardan söhbət gedir. Çünki adətən məhz belə olur. Bizdə dövlət güzəştləri və təşviq proqramları reallıqda yaxşıca yem yerinə çevrilir. İnvestisiya mühitinin real təşviqi ilk növbədə ölkədə qanunçuluğun təmin olunmasını tələb edir. Qanunçuluq olmayan yerdə hər bir təşviq əsasən sui-istifadələrə aparır. Çünki şəffaflıq da yoxdur.

İkinci istiqamət obyektiv olaraq ləğv prosesində olan bankların xərcinin azaldılmasına və kreditorların vəsaitinin qaytarılmasına xidmət etməlidir. Amma reallıqda ləğv prosesində olan banklar da yaxşıca yem yeridir. Oradakı qeyri-şəffaflıq nəticəsində kreditorların vəsaiti əsasən qaytarılmır. Sadəcə kimlərsə varlanır. Odur ki, bu dəyişikliklər də daha çox kimlərinsə varlanmasına xidmət edəcək.

Üçüncü istiqamət vergi inzibatçılığının daha da sərtləşdirilməsinə və vergidən yayınmanın qarşısının alınmasına xidmət edir. Obyektiv olaraq lazımlı şeydir. Amma reallıqda qeyd etdiyim kimi, sərtləşmə əsasən həqiqi sahibkarların başında çatlayacaq. Bizdə vergi daha çox xəraca bənzəyir axı.

Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılması kimi göstərilib. Yəqin ki, vətəndaşların ödədiyi bəzi vergilərdə hansısa cüzi istisnalar olacaq. Həmişə kimi. Bunu “xala xətrin qalmasın” deyə edirlər ki, dəyişikliklərin sosial yönümlü olduğunu da vurğulasınlar.

Beşinci istiqamətin “ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması” kimi göstərilməsi SSRİ dövründəki “Keçici Qırmızı Bayrağı”n əldə edilməsi üçün sosialist yarışmasını xatırladır. Qərb reytinqləri əsasən formal göstəricilərə əsaslanır. Məmurlarımız da həmin göstəriciləri təhlil edib qanunları onlara uyğunlaşdırırlar. Mahiyyət qalır kənarda, formallıq dalınca qaçırlar. Məsələn, bizdə vergi orqanı kommersiya hüquqi şəxslərini tez qeydiyyata aldığına görə dünya liderlərindən biridir. Sırf reytinq naminə atılmış addımdır. Amma kommersiya hüquqi şəxsləri haqda qanunvericiliyin özü (korporativ hüquq) bərbad gündədir.

Təbii, layihə haqqında yekun fikri onu görəndən sonra söyləmək olacaq. Gözlənilməz müsbətlərə yalnız sevinərəm.

– Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub. Bu addımı necə qiymətləndirmək olar?

-Ümumən başa düşülən və müsbət haldır. Əlbəttə, hazırda həmin ərazilərin inkişafı bir nömrəli məsələdir.

Amma işğaldan azad olunmuş ərazilərdəki fəaliyyət, o cümlədən dövlət satınalmaları qeyri-şəffafdır. Deməli, korrupsiya riskləri də çoxdur. Deməli, yeniliklərdən bəhrələnən da korrupsionerlər ola bilər. Üstəlik mövcud qeyri-şəffaflıq şəraitində həmin ərazilərin rezidentlərinin ölkənin digər yerlərindəki biznesinin də azadolmalardan sui-istifadə edəcəyi ehtimalı var. Normal vergi inzibatçılığı olsa, bunun qarşısını almaq olar. Amma normal inzibatçılıq sırf qanunda yazılan deyil, onun hamıya eyni cür tətbiqidir. Bunun reallıqda belə olacağı isə böyük sual altındadır.

-Ümumiyyətlə, bu tendensiya artıq ənənə halını almağa başlayıb ki, qanunlar və ya qanunvericiliyə dəyişikliklər ictimaiyyətə açıqlanmır. Bu qanunidirmi? Və bunun qarşısını necə almaq olar?

-Qanunları yazanlar bu ənənəni qanuniləşdirib. Ona görə ki, xalq adından və xalq üçün qanunlar qəbul etmirlər. Dediyim kimi məmur ordusu üçün qanun qəbul edirlər. Qarşısını belə almaq olar ki, hər birimiz deputatlara şəxsən müraciət edib layihənin açıqlanmasını istəyək. Məsələn, Facebookda gördüm ki, deputat Vüqar Bayramov Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin bir məsələsi haqda status yazıb. Ona sual yazdım ki, layihəni niyə dərc etmirsiz, niyə deputatlardan heç olmasa biri bunu etmir? Düzdür, hələlik cavab verməyib. Amma gəlin belə sualları çoxaldaq. İki nəticədən biri olacaq. Ya nəhayət layihələri dərc etməyə başlayacaqlar. Ya da el arasına çıxmağa utanıb tam susacaqlar. Biz də heç olmasa biləcəyik ki, özlərini nümayəndəmiz kimi təqdim edənlər faktiki olaraq daha yoxdur! Bu da bir təsəllidir!
Ardını oxu...
Naxçıvanın baş akademiki İsmayıl Hacıyev 2021-ci ildə AMEA-nın rəsmi saytına verdiyi müsahibəsində deputat Siyavuş Novruzovun və AMEA prezidenti İsa Həbibbəylinin yalan dediklərini, əksinə Naxçıvanın indiki statusunun Moskva və Qars müqavilələrinə zidd olduğunu təsdiqləyir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev həmin müsahibədə deyib:
“1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq qeyd etdiyiniz kimi, 16 mart 1921-ci ildə "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilmişdi. Müqavilənin 3-cü maddəsinə əsasən belə bir qərar qəbul edildi ki, Naxçıvan vilayəti bu müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.
Göründüyü kimi, burada söhbət hansısa respublikadan, dövlətdən getmir, sadəcə muxtar ərazidən bəhs olunur. Naxçıvanın Konstitusiyasına görə isə bu bölgə Muxtar dövlətdir. Yəni Naxçıvanın indiki statusunun özü əslində Moskva müqaviləsi ilə ziddiyyət təşkil edir.
İsmayıl Hacıyev həmçinin etiraf edir ki, Qars müqaviləsi də Moskva müqaviləsinin bu tələblərinə əsaslanır və faktiki olaraq Rusiya Naxçıvan üzərindəki iddialarından vaz keçir:
“Naxçıvanın statusu məsələsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə müəyyən edilmişdi. Həmin müqavilədə Naxçıvanın statusunda 3 mühüm məsələ yer almışdı:
1. Naxçıvana muxtariyyət statusu verilir.
2. Naxçıvan Azərbaycanın himayəsi altında olmalıdır.
3. Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcək.
...Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi - bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Müqavilənin bu maddəsində göstərilirdi ki, "Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər".
Gəlinən nəticə: Naxçıvanın muxtar statusu ləğv olunarsa, bu gün öz başının hayına qalan Moskvanın Azərbaycana etiraz etməyə hüquqi baxımdan da haqqı çatmır. Ermənistanın isə Naxçıvanın taleyinə qərar verməsi siyasi baxımından qəbul edilə bilməz. Hər halda ölkəmizdə Siyavuş Novruzovdan başqa heç kim bu absurd və ermənipərəst iddiaları dilə gətirmir, gətirə də bilməz.
https://science.gov.az/en/news/open/16456?fbclid=IwAR3khWgmALAoIHxjdQHyrOn2bdS4abzhKXm6HpeysrOzX5DaHu0nLLco3pY
Heydər Oğuz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti