Ardını oxu...
Rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn 233 min əcnəbilərin 35,1 %-i və yaxud 82 mini ölkə ərazisinə dəmir yolu və avtomobillə daxil olub, 2 ay ərzində Azərbaycandan xaricə gedən 218 min bizim vətəndaşların isə 29,7 %-i və yaxud 65 mini ölkə ərazisini dəmir yolu və avtomobillə tərk edib.
Rəsmi qurumlar deyir ki, Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlər idxal (ixrac) yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslərdir.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra politoloq dediklərini şərh edərək davam edir:
Bu izah inandırıcı deyil, bizim vətəndaşların çoxu, çox güman, Naxçıvan sakinləridir, onlara sərhəd açıqdır, xaricdən gələnlərin bəzilərinə isə, çox güman, özəl şərait yaradılır, yəqin ki, şəhərdə Rusiya nömrəli bahalı maşınlar görmüsüz.
Quru sərhədləri qanunsuz, məntiqsiz olaraq bağlı saxlamaq Konstitusiyanı pozur: Əvvəla, ölkə vətəndaşlarına bərabər münasibət pozulub, Naxçıvan qeydiyyatı ilə, məsələn, Kürdəmir qeydiyyatı olan vətəndaşlar arasında nədən fərq qoyulmalıdır ki?! İkincisi, bu mənasız qadağa bəziləri üçün, deyəsən, qazanc yerinə çevrilib, kimlərisə ölkəyə/ölkədən müəyyən maraqlar müqabilində buraxırlar.
Bu biabırçılıqdır, quru sərhədlər mütləq açılmalıdır, bu qadağanın rəsmi səbəb olan "pandemiya" ilə heç bir əlaqəsi yoxdur, digər məsələlər isə, sadəcə bəhanədir...
Natiq Cəfərli
Teref.az
Ardını oxu...
İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq. Bu nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır:
1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir;
2)Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır.
İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır. Çünki belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir.
İki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini liderinin mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir.
Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirib ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdır. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdir. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ulu Öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. İmkan və potensialı günbəhün artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var. Reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.



İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ardını oxu...
MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye AES-ə son səfərindən sonra o, Rusiyaya səfər etmək niyyətində olduğunu açıqlayıb. Aprelin 5-də o, Kalininqradda “Rosatom”un baş direktoru da daxil olmaqla Rusiya nümayəndə heyəti ilə görüşüb.

MAQATE təşkilatın saytında hələlik bu görüşün nəticələri ilə bağlı rəsmi açıqlama dərc etməyib, lakin Qrossi öz “Twitter” səhifəsində yazıb: "Kalininqradda Rusiyanın bir neçə departamentinin rəsmiləri ilə görüşdüm. Zaporojyedə nüvə təhlükəsizliyini qorumaq üçün səylərimi davam etdirirəm”. Eyni zamanda, Qrossi AES-də rus bölmələrinin "işini" qiymətləndirməyə tələsmədi.

Təəssüf ki, Rusiya tərəfi belə görüşlərdən istifadə edir. Qrossinin AES-in təhlükəsizliyini təmin etməyə yönəlmiş ideyaları isə real deyil. O, artıq başa düşür ki, AES ətrafında təhlükəsizlik zonasının yaradılması təhlükəsiz ərazinin müəyyənləşdirilməsinə aiddir və bu, dalana dirənişdir. Bundan sonra o, daha qeyri-mümkün bir konsepsiya təklif etdi: stansiya üçün təhlükə yarada biləcək hərəkətlərdən qaçınmaq. MAQATE-nin bu konsepsiyasının əvvəlkindən daha az şansı var. Xüsusilə, nəzərə alsaq ki, Zaporojye AES-in rus hərbçiləri tərəfindən sonuncu dəfə atəşə tutulması martın 9-da olub və bundan sonra yenə də xarici enerji təchizatı itkisi baş verib.

MAQATE ekspertləri bunu düzəldə bilərmi? Burada çox vacib bir məqam var. Ukrayna dəfələrlə BMT-nin hərbi ekspertlərinin MAQATE missiyasının bir hissəsi olmasını təkid edib. AES-ə nəyin uçduğunu, haradan uçduğunu və harada gəldiyini qeyd etmək mandatı və hüququna sahib olduqları üçün. Yalnız onlar belə bir qiymət verə bilərlər. MAQATE mütəxəssislərinin müvafiq mandatı yoxdur. Ona görə də kimin hara atəş açdığını müəyyənləşdirmək və bunu rəsmən açıqlamaq MAQATE-nin səlahiyyətində deyil. Hesab edirəm ki, bu mövzuda Qrossi ilə məxfi yazışma var. Amma Rusiya yalan danışır.

Bundan əlavə, qeyd etmək lazımdır ki, stansiyada kadr çatışmazlığı var və Zaporojye AES-ə nəzarət edən ruslar kimisə işə götürür. Başqa bir məqam - ruslar bizi əmin edir ki, bunlar radiasiya-kimyəvi qoşunların mütəxəssisləridir, bunlar hərbi deyil, bir növ mütəxəssislərdir. Amma radiasiya-kimyəvi qoşunlar ordunun bir qoludur. Demək istəyirəm ki, onlar hərbçilərdir. Ruslar isə həmişəki kimi yalan danışırlar.

MAQATE BMT strukturu kimi həqiqətən nə edə bilər? O, Rusiyanın hüquq və imtiyazlarını təşkilatın nizamnaməsi çərçivəsində məhdudlaşdıra bilər (yeri gəlmişkən, bu cür təkliflər artıq səslənib). Birincisi, bu, Rusiya ərazisində heç bir MAQATE tədbirinin planlaşdırılmaması deməkdir. Rusiya Federasiyasının nümayəndələrini MAQATE-nin digər ölkələrdə keçirilən tədbirlərinə (MAQATE-nin büdcəsi hesabına keçirilən) dəvət etmək mənasızdır. Bunlar konkret addımlardır.

İkinci məqam ondan ibarətdir ki, Rusiya Federasiyası vətəndaşlarının MAQATE Katibliyində strukturlara rəhbərliyi dayandırmaq mümkündür. Məsələn, rusiyalı Mixail Çudakov hələ də MAQATE-nin baş direktorunun müavini və Nüvə Enerjisi Departamentinin rəhbəri vəzifəsini tutur. Rusiya vətəndaşlarını katibliyə daha aşağı vəzifələrə işə götürməmək də vacibdir, çünki onlar orada da ziyan vurmağa çalışırlar. Məsələn, MAQATE-də müxtəlif vəzifələr üçün müraciət edən ukraynalıları aşağı salmaq və əzmək üçün. Mən bir neçə belə hekayə bilirəm.

MAQATE baş direktorunun Rusiyaya səfəri hekayəsinə qayıdaraq əminəm ki, hər şey proqnozlaşdırılan şəkildə bitəcək. Rusiya tərəfi ilə danışıqlarda irəliləyiş əldə olunduğu barədə bəyanat veriləcək və məsləhətləşmələr davam etdiriləcək.

Müəllif: Olqa Koşarna - Nüvə enerjisi və nüvə təhlükəsizliyi üzrə ekspert.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Vallah, başa düşmürəm... Bizim məgər "Fələstindən muğayat olma" öhdəliyimiz var? Heç bu 30 ildə Fələstini demirəm, o biri ərəblər belə... içi İran qarışıq... Azərbaycandan muğayat olmadılar...
Onda biz və dostlarımız bir yana, hazırda "xamırlı əli ilə ortalığa düşüb, arvaddıx edən" İran da soruşmadı ki, ay balam, bəs bu yetim-müsəlman Azərbaycan yaralıdır axı... İran nəinki soruşmadı eee... Ermənistanın yanında dayanıb, hələ yaramıza duz da səpdi...
Nə olub? İndi yadınıza düşüb ki biz də müsəlmanıq və üzərimizə ABUSRD MÜSƏLMAN HƏMRƏYLİYİ ÖHDƏLİYİ qoymağa çalışırsınız?
Siz Allah.. gedin nağıllarınızı özgə yerdə danışın...
Hə ey... Yaxşı yadıma düşdü... Bu Yasir Ərəfat 'Mən erməniyəm' deyib İrəvanı bağrına basanda HARDA ÖLMÜŞDÜNÜZ? Onda niyə Azərbaycanın müsəlman, Ermənistanın isə xristian okduğunu unutdunuz? Əslində heç indi dı bunu xatırlamırsınız... Çünki sizi narahat edən İSLAM HƏMRƏYLİYİ və ümumiyyətlə, İSLAM MARAĞI deyil. Sizin ümumiyyıtlə islama dəxliniz yoxdur. Siz rəsmən İslam dinini öz fars millətçiliyi maraqlarınlz naminə İSTİSMAR EDİRSİNİZ. BUDUR FAKT!
Bizim isə belə nağıllara qarnımız toxdur... Təkrar edirəm, durun...

Məhəmməd Ərsoy
DİA.AZ-ın baş redaktoru
 
Ardını oxu...
Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplomatik statusa uyğun olmayan fəaliyyət göstərdiklərinə görə ölkədən çıxmaq üçün 48 saat vaxt verdi. İranın casus şəbəkəsinə qarşı əməliyyatlarn getdiyi vaxt 4 iranlı diplomatın “persona-non-qrata” elan edilməsinin bir mümkün səbəbi ola bilər:
- Bakıdakı səfirlik İranın Azərbaycan daxilində həyata keçirmək istədiyi planların mərkəzi rolunu oynaya bilər və istisna deyil ki, “arzuolunmaz şəxs” elan edilən 4 diplomatın bu addımları idarə edəcək fiqurlar olduğuna dair kəşfiyyat məlumatları olub;
Ötən ilin noyabrında DTX-nın keçirdiyi əməliyyat da İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Rəsmi məlumatda bildirilirdi ki, “İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər”.
Bu fakt İranın Bakıdakı səfirliyi və əməkdaşlarının casusluq, eləcə də digər fəaliyyətlərdə mərkəz və icraçı rolunu oynayacağı ehtimalını artırır:
1. İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar onların əl-qolunu bağladığı üçün bu situasiyada diplomatik toxunulmazlığı olan səfirliyin daha “effektiv” fəaliyyət göstərmək imkanları var;
2. Səfirliyin əməkdaşları İran şəbəkəsinin koordinasiya edilməsini, əlaqələrin qurulmasını təmin edə bilərlər;
3. Diplomatik toxunulmazlığa görə yoxlanılmayan səfirlik avtomobillərindən casusların ölkədən çıxarılması, yaxud ölkəyə daxil edilməsi, o cümlədən, İran şəbəkəsinin təchizatının həyata keçirilməsi üçün istifadə oluna bilər: bu təchizatın silah-sursat olması ehtimalı da istisna edilməməlidir;
Bu kontekstdə 4 iranlı diplomatın statuslarına uyğun olmayan fəaliyyətinin bundan ibarət olduğu, eləcə də gələcəkdə eyni məqsədlə daha genişçaplı işlər görə biləcəyi üçün “persona-non-qrata” elan edildiyi versiyası ön plana çıxır.
Rəsmi Bakı bununla mümkün təhlükəni neytrallaşdırır. Bu addımın hazırki səfirlə müqayisədə daha sərt mövqeyi ilə tanınan və fəaliyyətə başlayacağı təqdirdə Azərbaycanda “iğtişaş ssenariləri”ni tətbiq edə biləcəyi gözləntisi olan yeni səfirin gəlişindən öncə atılması da xüsusilə diqqət çəkir.
Asif Nərimanlı
Teref.az
Ardını oxu...
Son 6 ayda İranda keçirilən çoxsaylı etiraz aksiyaları hakimiyyət ciddi şəkildə silkələyib. Tehran rejimi nokdaun aldıqdan sonra hələlik oyunu davam etdirsə də, büdrəmələr var. Belə davam etsə, növbəti zərbədən sonra rejim nokauta düşəcək.

Ölkənin milli valyutası olan tümənin dollara nisbətən hər gün qiymətdən düşməsi, müəllimlərin və başqa işçilərin əmək haqlarının gecikdirilməsi, gündəlik tələbat mallarının, yanacağın qiymətinin bahalaşması, İnqilab Keşikçiləri Qvardiyası daxilində etirazların baş qaldırması, rejim liderləri Xomeyni və Xamneyiyə qarşı “Xomeyniyə lənət, Xamneyiyə ölüm!” şüarının səslənməsi, onların posterlərinin yandırılması kimi hallar rejimin öhdəsindən gələ bilmədiyi və ya qarşısını almaqda aciz olduğu hadisələrdir.

Hakimiyyət bu vəziyyətdən çıxış yolu axtarırmı? Əlbəttə. Heç şübhəsiz, yol axtarırlar. Bu axtarış və tədbirlər əhalinin rifahı üçün deyil. Ölkənin üzləşdiyi problemlərlə bağlı hamını – ABŞ-ı, İsraili, Böyük Britaniyanı, qonşu dövlətləri adi vətəndaşları belə ittiham edir. Bir tək özünü haqlı sayır. Başqa yandan da günah keçisi axtarmağı unutmur.

İranda müəllimlər uzun müddətdir aylıq əməkhaqqını ala bilmirlər. Bu vəziyyətlə bağlı etiraz aksiyaları da keçirir. Hökumətin fikrincə, mart ayında müəllimlərin əməkhaqlarının ödənilməsi ilə bağlı yaranan iğtişaşlarda əsas günahkarın Təhsil Nazirliyi olduğu aşkarlanıb. Hökumətin müzakirəsindən sonra nazir Yusif Nuri vəzifəsindən uzaqlaşdırılıb.

Yəni əməkhaqqı ilə yaranmış böhranın günah keçisi Yusif Nuri sayılır.

Başqa sahələrdə də uyğun addımlar atılır. Əyalət başçılarını İnqilab Keşikçiləri Qvardiyasının komandirləri əvəzləyir. Ötən aylarda etiraz aksiyalarında ən çox itki vermiş Sistan-Bəlucistan əyalətinin başçısı tutduğu vəzifədən azad edilərək, yerinə SEPAH-ın komandiri təyin olunub.

Etiraz aksiyaları başlayanda rejim qüvvələri onu yatırmaq üçün bir sıra təzyiq vasitələrindən istifadə etdi. Onda hakimiyyətdaxilində olanların bəziləri, din xadimləri və dövlət xadimləri buna qarşı çıxırdı.

Bunun əks-effekt yaratdığını hiss edən rejim müxtəlif vasitələrlə özünə haqq qazandırmağa çalışır.

İranda hakimiyyətdaxili mühafizəkar xəttin tanınmış nümayəndəsi, onların təmsilçisi, “Keyhan” qəzetinin baş redaktoru, panfarsistlərin liderlərindən biri Hüseyn Şəriətmədari “Financial Times” qəzetinə müsahibəsində deyib: “Həbs İranda hicab qaydalarını pozan qadınlara qarşı mübarizə yolu deyil”.

Qəzet İranda 7 ay əvvəl başlayan etiraz aksiyaları ilə bağlı araşdırma aparıb. Mətbu orqan hakimiyyətdaxili mühafizəkarların da oxşar fikirdə olduqlarını vurğulayıb. İranda etiraz aksiyaları iştirakçılarını rejim nümayəndələri, bir qayda olaraq, “iğtişaş törədən”, “yolunu azmışlar” (“münafiq”), “terrorçu” kimi təqdim edir. Hüseyn Şəriətmədari isə müsahibəsində aksiya iştirakçılarını bu cür ifadələrlə adlandırmaqda çətinlik çəkib. O, bəzi qadınların hicabdan imtina etməsindən narazılığını ifadə edib: “Bu səhvdir, qanunu pozurlar… Onlarla mübarizənin yolu maarifləndirmədir. Bu yol həbsdən keçmir”.

O qeyd edib ki, insanlar islamı tərk edəndə inqilab zəifləyir. Şəriətmədari etirazçılarla hakimiyyət tərəfdarları arasında fikir ayrılıqlarının həllinə və barışığın mümkünlüyünə də inandığını bildirib: “Müxtəlif baxışlar arasında debat normaldır”. O, bununla belə, rejimin etirazçılara və dünyəvilərə əhəmiyyətli güzəştlər edəcəyi fikrinin əleyhinə olduğunu da gizlətməyib.

Hüseyn Şəriətmədari kimi ideoloqun bu qənaətə gəlməsi təsadüfi deyil. Bu, hakimiyyətin etirazçılara yanaşmasındakı yanlışlığının göstəricisidir.

Bu müsahibədən sonra Şəriətmədari İranın “Fars” agentliyinə müsahibəsində də oxşar fikirlər söyləyir. O, qadınların hicabdan imtina etməsini məlumatsızlıqla əlaqələndirməyə çalışır. Şəriətmədari İran Daxili İşlər Nazirliyinin hicabla bağlı yaydığı bəyanatda gecikdiyini vurğulayıb. O, nazirliyin hicabsızlara qarşı mübarizə üsulunu da məqbul saymayıb. Yanaşmanın birmənalı olmadığını vurğulayıb: “Mədəni və ictimai orqanlardan hicabın izah edilməsi tələbi uyğun olsa da, maarifləndirmə və izahatla məşğul olmaq üçün maneə olmamalıdır”.

Qeyd edək ki, nazirlik ötən illərdə hicab məsələsini düşmənin “məzlum və qüdrətli İran xalqına” qarşı apardığı ideoloji savaşın baltalarından biri olduğunu bildirib: ““Ağ çərşənbələr”, “İnqilabın qızları” kimi uğursuz planlar, məcburi hicab yox, azdlıq adı altında hiyləgər fəaliyyətdir” və s.

Daxili İşlər Nazirliyi pis və ya yaxşı bütün komandirləri dəstəklədiyini açıqlayıb: “Məhkəmə sistemi, məhkəmə icraçıları və digər aidiyyəti qurumlar bir neçə qanun pozucularına qarşı tədbir görəcəklər”. Nazirlik İran qadınları adından çıxış edərək, bildirib ki, ölkənin siyasi, mədəni və sosial sistemləri prizmasından hicabın danılmaz mahiyyəti var: “Hicab İran xalqının sivilizasiyanın əsaslarındandır və biz ondan imtina etməyəcəyik”.

Şəriətmədari “Fars”a verdiyi müsahibədə DİN-in ünvanına söylədiklərinə görə üzr istəyib. Bildirib ki, müsahibəsində lazımsız ifadələrə yol verib, bundan düşmənlər istifadə edə bilər. O, nazir Əhməd Vahid ilə fikir ayrılığının olmasını da xarici KİV-in uydurması adlandırıb.

Ötən gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi də hicaba qarşı mübarizə ilə bağlı çıxış edib. O, hicabsızlığa qarşı bəzi insanların fərdi mübarizəsini özbaşınalıq adlandırıb. İranın ali rəhbər bildirib ki, qanunu pozanlara qarşı mübarizə aparmaq hökumətin vəzifəsidir.

Bu müraciət Tehran rejiminin cəmiyyətin artan narazılığı yatırmaq üçün göstərdiyi səylərdəndir. Çünki müxtəlif ictimai yerlərdə hakimiyyət nümayəndələri yeri gəldi-gəlmədi hicabsızlara hücum çəkirlər. Düzdür, cəmiyyət onları cavabsız qoymur. Bu hal ölkədə əhali arasında narazılığı artırır. Tehran rejiminin başçısı bundan ehtiyatlanaraq, məlum müraciəti edib.

Göründüyü kimi, İran hakimiyyəti ölkə vətəndaşlarının tələbini, etirazını qarşılamağa hazır deyil. Hicabla bağlı aksiyaları hərbi-polis qüvvələri ilə yatırmaq taktikası fiaskoya uğradı. Bunun ardlnca aksiya zamanı tutulanlardan 4-ü barədə ölüm hökmü çıxarıldı. Tehran rejimi belə zənn edirdi ki, dara ağacından qorxub, etiraz yürüşü keçirilməyəcək. Ancaq əksinə oldu. Ona görə də edam hökmlərinin icrasını və çıxarılmasını dayandırıb. İndi də küçələrdə hicabsızlara qarşı fərdi mübarizə özbaşınalıq olaraq qiymətləndirilir. Cəmiyyətin tələblərinin ödənilməsi qarşılığında bu çabalar əhəmiyyətsizdir. Çünki ölkə əhalisi yenilik və dəyişiklik istəyir. Onu bu sayaq tədbirlərlə təmin etmək mümkün olmayacaq. Ona görə də baş örtüyü olan hicab indi də rejimin baş bəlasına çevrilib…
Sədrəddin Soltan
pressklub
Ardını oxu...
Media eksperti Rizvan Qənbərli Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı ilə xaricdə təhsil almaq üçün dərc etdiyi dünya universitetlərinin siyahısında saxtakarlıq etdiyini iddia edib.

O, bu barədə feysbuk profilində paylaşım edib.

Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan edib. Nazirlik rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etməyib:

“Beləcə bu ölkələri və TOP universitetləri hədəfləyən gənclərin çoxu yüksək təhsil xərclərinə görə bu universitetlərin müraciət prosesində iştirak etmək istəmədi.

Bundan beş ay keçdi, ABŞ universitetlərinə müaricət müddəti başa çatdı. Elm və Təhsil Nazirliyi mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya anidən “balaca” iki əlavə etdi. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Ayova Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyasına daxil edildi. “Sifarişli” beş təqaüd yeri bəs eləmədi, bir də əvvəlki siyahıdan fərqli olaraq əksəriyyəti ABŞ-da yerləşən TOP 10 universitetlər də “sakitcə” siyahıya əlavə olundu. Hansı ki, bu universitetlərin müraciət tarixi çoxdan, Nazirliyinin “xırda düzəlişindən” üç ay əvvəl başa çatmışdı.

Sual yaranır. Kimin üçün? Hansı dərəcəli yaxınlar üçün? Nazirliyinin himayə etdiyi hansı özəl təhsil şirkətləri üçün?

Elm və Təhsil Nazirliyi bu universitetlərdə təhsil almağa layiq olan gənclərin əksəriyyətini beş ay əvvəl öz məqsədlərindən daşındırır, son anda isə bəziləri üçün belə çirkin saxtakarlıqla təqaüd imkanı yaradır. Bu işi ədəb-ərkanla görməyin yolu odur ki, əvvəl təqaüd şərtlərini elan edirsən, sonra bu şərtlərə uyğun olanlar müraciət edir. Amma Elm və Təhsil Nazirliyi deyəsən əvvəl namizədləri seçir, sonra təqaüd şərtlərini həmin namizədlərə uyğunlaşdırır.

Əziz Elm və Təhsil Nazirliyi, təqaüd proqramına xərclədiyiniz vəsait “dədə malı”nız deyil. Bu xalqın vergiləriylə formalaşan dövlət büdcəsinindir. Xalqın vəsaitini xalq üçün ədalətli xərcləyin. Öz yaxınlarınız, maddi və mənəvi formada durmadan himayə etdiyiniz özəl təhsil şirkətləri üçün xərcləməyin. İdeoloji şəbəkələşmənizi netvörkinq oyunu kimi sırımağa çalışsanız da, kimləri, hansı maraqlarla dəstəklədiyinizi çox yaxşı başa düşürük. Sizi indiyə qədər ciddiyə alıb bəzən lehdə, bəzən əleyhdə müzakirə etməkdə çox səhv etmişik. Ən çox layiq olduğunuz münasibət elə lağlağıya qoyulmaq imiş”.

Səsləndirilən iddialarla bağlı Elm və Təhsil Nazirliyinə müvafiq sorğu ünvanlanıb./yeniavaz.com
 
Ardını oxu...
Ukrayna Rusiya raketlərinin zərbələri altında dağılır, şəhərlər, kəndlər xarabalıqları xatırladır.
Rusiya səbəblərindən asılı olmayaraq nəticədə Ukraynada müharibə cinayətləri törədir. Beynəlxalq şəbəkənin gördüyü tədbirlər də Moskvanın ambisiyalarını dayandırmır.
Döyüşlər Ukrayna ərazilərində dramatik izlər buraxır və beynəlxalq birlik izlərdəki dəlilləri Rusiya əleyhinə ədalət mühakiməsi predmetinə çevirir.
Müharibə cinayətlərinin araşdırılması, məqsədlərin aydınlaşdırılması gələcəkdə eyni halların qarşısının alınması baxımından önəmlidir. Amma bu, kompleks şəkildə həyata keçirilməlidir, birinə münasibətdə digərləri kölgədə saxlanılmamalıdır.
Müharibə cinayətlərinin təhqiqatı həmin cinayətin qurbanı olmuş dövlətlərə ayrı-seçkilik tanımamalıdır. Ancaq təəssüf ki, bu baş verir, özü də nümayişkaranə şəkildə.
Bu, beynəlxalq birlik üçün utancdır, çünki müharibə cinayətlərini törədən subyektlər sanki hüquq prinsipləri ilə deyil, münaqişələrin xarakterinə əsasən seçilirlər.
Məsələn, Ermənistan Azərbaycana qarşı silsilə müharibə cinayətlərinin müəllifidir, hətta bu siyasətini soyqırımı kimi aktlarla da nümayiş etdirib. Ermənistan təkcə Azərbaycan dövlətinə qarşı deyil, həm də etnik mənsubiyyəti məhv etmək üçün böyük bir xalqa savaş açıb. Məqsədlərinə çatmaq üçün daşı daş üstə qoymayıb, insanların kütləvi məhvinə imza atıb.
Bəs Ermənistan Birinci Qarabağ müharibəsinin nəticələrinə görə beynəlxalq tribunala çıxarılıbmı? Əsla. Əksinə, daim ona dəstək verilib, müharibədəki cani əməllərinə və Xocalı soyqırımının müəllifi olmasına göz yumulub.
Üstəgəl, Ermənistan Azərbaycanın mədəni, dini, tarixi irsinə də qənim kəsilib, müharibə zamanı məscidləri, dini abidələri, qəbirləri məhv edib. Ancaq dünyanın mədəniyyət sferasının funksioneri olan UNESCO Azərbaycana məxsus mədəni irsin məhvinə görə hərtərəfli araşdırma aparmayıb, Ermənistanın əməllərini təsnifatlandırmayıb.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra da erməni vandalizminin mirasını göstərmək üçün UNESCO-nu regiona dəvət edib, amma bu təşkilat səsini çıxarmayıb.
Qısası, UNESCO ümumi ortaq dəyərlərə hörmət etmir, sivilizasiya düşmənlərinə qucaq açır, onları bəsləyir.
Bu, UNESCO missiyasının və fəaliyyətinin əsasını təşkil edən insan hüquqlarına riayət, qarşılıqlı hörmət prinsiplərini ayaq altında inildədir.
Qarabağdakı erməni vandalizminə kor olan UNESCO indi Ukrayna üçün gün ağlayır. Təşkilatın baş direktoru Odre Azule Kiyevə səfər edərək münaqişələrdəki müharibə cinayətlərinə ayrı-seçkiliklə yanaşıldığını göstərmiş oldu.
Düzü, heç inandırıcı gəlmir ki, UNESCO Ukraynaya gün ağlayır, bunu mübahisələndirmək ayrı mövzudur.
Yaxşı, hər şeyi bir kənara qoyaq, məsələ Rusiyadırsa, bəs beynəlxalq birlik SSRİ-nin didilməsi ərəfəsində milli qırğınlar törədən Mixail Qorbaçova niyə Nobel Sülh mükafatı verilməsini alqışladı?
Məgər bu qırğınların baiskarı və müəllifi Moskva deyildimi?
Hələ o da yaddan çıxmayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsindəki qanlı əməllərini Rusiyadan dəstək almaqla həyata keçirib.
Bəs buna görə Rusiya mühakimə olundumu? Xeyr...
Aqşin Kərimov - DİA.AZ
 
Ardını oxu...
5-ci ilə qədəm qoyulan gün bircə gün də olsa məhkəmə sistemində işləməyən şəxs Ali Məhkəmənin sədri postuna addımladı
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 -cu il tarixli 604 saylı Fərmanının qəbulundan 4 il keçdi. Bəs məcburi icra edilməli olan fərmanın icrası nə yerdədir? Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi ilə bağlı “nəvələri ilə oynamağa getməsindən” özgə bir önəmli dəyişiklik hiss olunmur. Dünən - Fərmanın qəbul olunduğu 03 apreldə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bircə gün də olsa məhkəmə sistemində çalışmayan şəxsin Ali Məhkəmənin hakimliyinə tövsiyə edilməsi və bugünkü plenar iclasda hakim təyin olunması məhkəmə - hüquq sistemində islahatların necə dərinləşdirilməsini ortaya qoyur. Amma biz nə edə bilərik, böyük Füzuli demiş, “hökm onun hökmüdür, fərman onun fərmanıdır”!
Biz onu deyə bilərik ki, digər normativ hüquqi aktların icra olunmadığı kimi, Prezidentin 4 il qabaq imzaladığı normativ hüquqi akt fərman da kağız üzərində “icra olunub”. “Dərinləşən” qeyri-prosessual münasibətlər, on illərdir məhkəmə qərarlarının icra olunmaması, Prezidentin yanındakıların məhkəmə hakimiyyətini notariat kontoruna çevirmələri “islahatıdır”. Məhkəmə hakimiyyətini ədliyyə, icra, məhkəmə məmurlarının, məhkəmənin texniki işçilərinin könüllü girovluğundan qurtarmaq gerçək islahat olardı. Təsəvvür edin, sıradan bir icra məmuru, məsləhətçi, vəkil bu boyda məhkəmə - hüquq sistemini “barmağına dolayıb”, bu “dolanışıqdan” hakimiyyətin müstəqil qolu elə şad olur ki, prosessual hüquq da yaddan çıxır, maddi hüquq da.
Oxuyanları çox yormadan Prezidentin 03.04.2019 tarixli Fərmanının 6-cı bəndi ilə Ali Məhkəməyə tövsiyə edilən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün görülən tədbirlərə baxaq . Heç bir tədbir görülməyib. Məhkəmə təcrübəsinin vahidliyi prinsipi eyni xarakterli işlərə baxılmasının vahid mexanizmini doğrulayır. Bakı -Şəki İnzibati Məhkəmələri, apellyasiya instansiyaları, hətta Ali Məhkəmənin özü, hətta Konstitusiya Məhkəməsinin özü isə DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual basqısı ilə 4 il qabaq qəbul edilməyən saxta qərardadı (??) hüquqi presedent kimi məhkəmə - hüquq sisteminin normativ hüquqi aktı kimi qüvvəyə mindirib. Bu saxta qərardadın məhkəmə təcrübəsinin vahidliyi prinsipinə zidd olaraq hələ də Konstitusiya aktı kimi yalnız Qarabağ əlillərinə aidliyi sürür. Qarabağ əlil(lər)inin mübahisə predmetinə toxunmayan qərardaddan şikayət hüququna, eyni predmet üzrə yenidən iddia qaldırmaq hüququna qadağa qoyulub. Belə məhkəmə təcrübəsinin vahidliyi prinsipi olar?
Fərmanın 7-ci bəndi ilə Ədliyyə Nazirliyinə tapşırılan məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi , “Elektron icra” informasiya sisteminin tətbiqi ,icra məmurlarının süründürməçilik və digər sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması üçün tədbirlər görülməsinə də əməl edilməyib. Təsəvvür edin, Prezidentin, 1-ci vitse-prezidentin tapşırığına icra baş idarəsinin məsləhətçisi cavab verir! (?) Belədə hansı məhkəmə - hüquq islahatından danışmaq olar? Ədliyyə Nazirliyi fərmanın 7.3 bəndinə əməl edərək alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənib, Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünə dair Prezidentə məlumat veribmi? Bilinmir, onlarla illərdir məhkəmə qərarlarının icrası nəinki gerçəkləşir, əksinə, icraya elə Ədliyyə Nazirliyinin, icra baş idarəsinin məsləhətçilərinin qeyri-prosessual göstərişi ilə qadağa qoyulur. Hətta iş üzrə tələbkara icranı tələb etdiyinə görə saxta cinayət işi sifariş edilməsi, işgəncə verilməsi faktı var. Beynəlxalq təcrübə beynəlxalq məhkəməyə üz tutmağı diqtə edir.
Prezident aktının 8-ci bəndində baş prokurora dövlət ittihamının müdafiəsi və protest verilməsinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək tövsiyə edilib. Yəqin buna əməl edilər.
Vəkillər Kollegiyasına Fərmanın 9-cu bəndi ilə verilən tövsiyəyə - vəkillərin həkimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətə yol vermələrinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi - əməl edilməməsi də göz qabağındadır . Vəkillərin başlıca işi elə pullu müştərilərin göstərişi ilə qeyri-prosessual münasibətə girməkdir. Hazırda “MTN işi”ndə vəkilin yarım milyonluq qeyri-prosessual münasibətdən həbsə düşməsi bunun sübutudur. Vəkillərin dövlət orqanlarına vəkillik etmələri, hətta onların səlahiyyətli nümayəndələri olmaları qeyri-rəsmi və qeyri – prosessual qaydada sürür. Hakimlər isə buna qeyri-prosessual basqı altında susur. Bircə fakt :12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin iclasında hakim Orxan Həsənov DİN-in “vəkili” Əlirza Həbilovun nümayəndəsi Orxan Babayevin etibarnaməsini , DİN başçısı ilə müqaviləsini, tələb edilsə də, göstərmədi. İnzibati hüquq sahəsində ixtisaslaşmayan 3 ilin vəkili ilə DİN başçısının müqavilə bağlaması mümkün deyil. Deməli, DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilov özü DİN -in adından Orxan Babayevi vəkil edib!(?) Vəkillər Kollegiyası Prezidentin tövsiyəsinə niyə əməl etmir? Onu da vurğulayaq ki, Əlirza Həbilov indi də Bakı Apellyasiya Məhkəməsinə qeyri-prosessual sifariş verib ki şikayəti mümkün saymasın ; guya şikayət vaxtında verilməyib.
Nə isə, 4 il qabaqkı islahatların dərinləşdirilməsi fərmanından bir gün də olsa, məhkəmədə işləməyən şəxsin Ali Məhkəmənin sədri postuna gətirilməsi “islahatı” çıxdı. Görək, daha hansı islahatlarla heyrətlənəcəyik? Daha bizdə, eldə deyildiyi kimi, issahat – islahat qalmadı. ..
Məğrur Bədəlsoy
Teref.az

Dünyapress TV

Xəbər lenti