Ermənistan və Azərbaycan arasında yeni müharibənin olması üçün münbit şərait yaradılıb. Tərəflərin vəziyyətin bu həddə gəlib çıxmasında günahı ən az faizlə hesablana bilər. Burada ən çox pay regionda maraqları olan güclərin üzərinə düşür. Rusiya Rusiya regionda qalmaq, Ermənistan və Azərbaycana təzyiq rıçaklarını əlində saxlamaq üçün münaqişənin bitməsini istəmir. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, sürətli sülhün tərəfdarı deyillər. Rusiyanın bu regionda, ümumiyyətlə, postsovet ölkələrində qalmaq üçün istifadə etdiyi əsas vasitəsi münaqişələrdir. Bu münaqişələrin bəziləri aktiv, bəziləri isə passivdir. Rusiya lazım olanda münaqişələri passiv fazadan aktiv fazaya keçirir və regionun sahibinin kim olmasını xatırladır. Ukrayna müharibəsi fonunda Rusiya zəifləyir, Cənubi Qafqaz qarışıq digər regionlardakı dövlətlərlə nisbətdə olmasa da, böyük güclərə nisbətdə zəifləyir. Bizi düşündürən region Cənubi Qafqaz olduğu üçün Rusiyanın zəifləməsi və regiondan çıxma ehtimalına qarşı bəzi güclər bu regiona sahib çıxmaq istəyir. Təbii ki, Rusiya hər vasitə ilə regionu əldən vermək istəmir. Əgər vermək istəsə belə, onu elə bir ölkəyə vermək istəyəcək ki, maraqlarını həyata keçirə bilsin. Belə bir ölkə hazırda Türkiyədir. Türkiyə ilə Rusiya tarixdə fərqli ad altında müharibələr etsələr də, ən kritik məqamda bir-birilərinə dəstək olublar. Fransa SSRİ dağılandan sonra Fransa məhz Cənubi Qafqazda Rusiya ilə birgə söz sahibi idi. Fransanın dünyadakı imperiya dayaqları zəifləməkdədir. Ruslar demək olar ki, Mərkəzi Afrikadan fransızları çıxarmağa nail oldular. Fransa həm Afrikanın qisasını almaq üçün, həm də uzun zamandır təmsil olunduğu regiona tamamilə sahib olmaq üçün Cənubi Qafqaz regionu uğrunda savaşa girişib. Fransanın əsas dayağı Ermənistandır. Yeri gəlmişkən, tarix onu göstərir ki, Fransanın bu regiondakı cəhdləri həmişə uğursuz olub. Gülüstan və Türkmənçay müqaviləsi ilə yekunlaşan müharibələr zamanı Fransa İranla birgə İngiltərə və Rusiyaya qarşı savaşmışdı və nəticədə məğlub olmuşdu. Proseslər onu göstərir ki, Fransa yenə məğlub tərəfdə yer alacaq. İran İran hər nə qədər, "Sərhədlərin dəyişməsi qırmızı xəttimizdir", - desə də, əslində proseslərin qızışmasında həmişə maraqlı olub. İran münaqişə başlayandan Azərbaycanın qarşısında yer alıb. Rəsmi Tehran bir dəfə də olsun sülh üçün təşəbbüs göstərməyib. İranın vasitəçiliyi ilə cəmi bir dəfə münaqişənin dinc yolla həll olması üçün saziş imzalanıb, o sazişdən bir neçə saat sonra da Şuşa işğal edilib. İran 44 günlük müharibə zamanı da tərəfləri sülhə çağırıb, ancaq Ermənistana gedən silahları öz ərazisindən buraxıb. Ona görə də, regiondakı ən qeyri-səmimi və güvənilməz ölkə elə İran sayıla bilər. Azərbaycan 44 günlük müharibədən sonra beynəlxalq hüquqa dayanan beş prinsip irəli sürüb prosesin bitməsini gözlədi. Ancaq müsbət cavab almadı. Əksinə hər dəfə yeni təxribatlar, yeni tələblərlə üz-üzə qaldı. Azərbaycan masada qazanmaq istədiklərini yalnız sahədə qaza bildi. Rəsmi Bakı artıq anlayır ki, sülh sazişi imzalanmayacaq, məğlub tərəfin tələbləri və şərtləri bitməyəcək. Ermənistan silahlanmağa davam edir, revanşist fikirlər daha da artır, Orta Dəhlizin keçəcəyi Zəngəzur dəhlizinin taleyi isə sual altındadır. Bu azmış kimi Qarabağdakı separatçı rejim də "seçki" keçirir. Qarabağdakı separatçı rejimin seçki keçirməsi Azərbaycan dövlətçiliyinə təhqir sayıla bilər. Rəsmi Bakının bunu bağışlayacağı heç inandırıcı görünmür. Ermənistan varlığını, təhlükəsizliyini qorumaq üçün hər addımı atır. Bunun üçün hətta Ermənistan dövlətini yaradan Rusiyanın, daim sərhədlərini qırmızı xətti sayan İranın üzünə ağ ola bilir. Paşinyanın ABŞ-ni ölkəsinə dəvət edərək təlimlər keçirməsi ilə sanki dövlətinin sonunun başlanğıcını gətirmiş oldu. Bu addımlardan sonra Ermənistanın cəzalandırılmaması sürpriz olacaq. Bütün sadalananlar və arxa fonda qalanlar regionu yeni müharibənin bir addımlığına gətirib çıxarıb. Heç kəsə sirr deyil ki, hər iki ölkənin orduları üz-üzədir və gərginlik pik həddədir. Hər şey ali baş komandanların dodaqlarının arasından çıxacaq bir sözə bənddir. Səxavət Məmməd Teref.az