Beynəlxalq əməkdaşlığın inkişafında mühüm amil
Prezident İlham Əliyev bu il ikinci dəfə Tacikistana, ümumilikdə isə Mərkəzi Asiya dövlətlərinə doqquzu səfərini etdi. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın, həmçinin ölkə Prezidentinin nüfuzunun göstəricisidir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti beynəlxalq səviyyədə təqdir edilir və əməkdaşlığın inkişafında stimulverici amildir. Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu özünün aydın ifadəsini qarşılıqlı səfərlərdə tapır. Sözügedən tədbirdə bu əlaqələrin əhatə etdiyi sahələr, eyni zamanda, yeni istiqamətlər diqqətə çatdırıldı.
Xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsiplərini ön planda saxlayan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Sentyabrın 14-də Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə də fəxri qonaq qismində iştirak etdi. Dövlətimizin başçısı tədbirdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir və regional əməkdaşlığın bu formatının ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağına əmindir. Prezident İlham Əliyev bu xatırlatmanı da etməklə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirdi. Belə ki, son iki ildə Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etdiyini bildirən Prezident İlham Əliyev bu müddət ərzində bütün qardaş dövlətlərin başçılarınin da ölkəmizə dəfələrlə səfər etdiklərini vurğuladı. Bildirdi ki, ilin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.
Münasibətlərin inkişafında möhkəm təməl əhəmiyyətli rol oynayır. Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin cari ilin ötən dövründə Tacikistana iki səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşündə, həmçinin dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə baxmağa əsas verir. İki ölkə arasında bu günədək imzalanan onlarla sənəd əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafında möhkəm hüquqi bazadır. “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı” iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Dövlətimizin başçısı sözügedən tədbirdəki çıxışında da bu məqamı xüsusi vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Həmin iki istiqamət üzrə göstəricilərin davamlı artıma malik olması sevindiricidir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Dünyapress TV

Xəbər lenti