Ardını oxu...
Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək.
Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki müzakirələrə ümid edir. Və bu prosesdə əsas diqqətçəkən məqam erməni baş nazirin “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” açıqlamasıdır.
İrəvanın sülhdən uzaq tələbləri var:
- “29,8 min kvadratkilomtr ərazisi”nin toxunulmazlığını istəyir: bu, Azərbaycan ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi ilə mümkün ola bilər;
- İşğal altındakı 8 kəndin qaytarılmasında problemlər yaradır;
- “Bakı-Xankəndi formatı” ilə Azərbaycan daxilində separatçılığı təşviq edir;
- Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi” üzərindən ərazi iddiasını başqa müstəvidə davam etdirir;
Bu fikir ayrılıqları Vaşinqton görüşündə həll olunmadı. O zaman sual yaranır: Nikol “1 iyun tarixində sülh müqaviləsinin imzalanmasına” niyə ümid edir?
Əslində İrəvanın irəli sürdüyü bu tələblər və dörd gün davam edən Vaşinqton danışıqlarında geri çəkilməməsi “1 iyun” planına hesablanmış gedişdir. Bu tarixdə Kişinyovda “dördtərəfli görüş” – Azərbaycan və Ermənistan liderləri, Fransa prezidenti və Almaniya kansleri – keçiriləcək.
Qərb cəbhəsində Vaşinqton və Brüssel formatı sərhəd və kommunikasiyanın hansı prinsiplərlə açılması məsələsində tam istəyimizə uyğun olmasa da, Qarabağ məsələsində böyük ölçüdə Bakının gündəliyini qəbul edir. Fransa isə Vaşinqton və Brüssel formatına alternativ olaraq, özünün təşəbbüskar olduğu prosesin önə çıxmasına çalışır:
- Bu, Parisə Cənubi Qafqazda regional, Avropada geosiyasi mübarizədə güc mərkəzi olaraq qəbul edilmək hədəfi üçün lazımdır: Makron Şarl Mişelin qurduğu Brüssel formatını ələ keçirməyə çalışsa da, baş tutmadı, nəticədə Rusiya qarşısında alternativ formatın arxa plana keçməsi riskini yaratdı, Vaşinqtonun oyuna birbaşa müdaxiləsi də bundan qaynaqlanır; bu baxımdan, Fransa ayrı masa qurmaq istəyindən əl çəkmir;
- Bu, Qərb platformasında sərhəd və kommunikasiya məsələsində istəyini müəyyən qədər qəbul etdirən İravana Qarabağ planının da nəzərə alınması üçün lazımdır: ötən il Praqada keçirilən “dördtərəfli görüş”də Ermənistan Fransanın dəstəyi ilə “sərhədin SSRİ dağılanda mövcud olan xətlərlə müəyyənləşməsi” mövqeyini nəzəri olaraq qəbul edilməsinə nail oldu; iyunun 1-də yenə Fransanın dəstəyi ilə Qarabağa dair mövqeyinin qəbul edilməsinə çalışacaq;
Bu kimi məsələlər bölgədə praktiki olaraq heç nəyi dəyişdirə bilməsə də, İrəvan ən azı diplomatik masada əlini gücləndirmək üçün bütün imkanlardan istifadə edir. Hərçənd, Bakının buna imkan verməyəcəyi də bəllidir:
- Ötən il Praqada “dördtərəfli görüş”də Paşinyan “sərhəd” məsələsində nəzəri olaraq, önə çıxsa da, Əliyev ərazi bütövlüyünün tanınmasına nail oldu;
- Ötən il Makronun Praqada “əsas vasitəçi” olmaq planını Mişelin masada iştirakı ilə pozan Bakı Kişinyovda Almaniya kansleri Olaf Şolzun iştirakı ilə Fransaya alternativ irəli sürür: Kişinyov görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi, istisna deyil ki, Əliyev bu görüşə Şolzun da iştirakı şərti ilə razılaşıb;
Bunun fonunda Kişinyov görüşünə qədər liderlərin Brüsseldə bir araya gəlməsi Mişelin müəllifi olduğu formatı davam etdirmək istəyi ilə yanaşı, Bakının maraqlarına da uyğundur, çünki Qərb platformasında Qarabağın Azərbaycanın daxili məsələsi olduğu bu formatda qəbul olunub və eyni mövqeyin növbəti görüşdə də sərgiləcəyi şübhəsizdir. Bu həm də Bakı üçün Kişinyova daha güclü mövqe ilə getməyə imkan verəcək.
Ümumi fonda bütün bu görüşlərin nə sülh müqaviləsinin imzalanmasına, nə də bölgədəki proseslərə praktiki olaraq təsir etmədiyi aydın görünür. Bu baxımdan, diplomatik masada müzakirələrin getdiyi vaxt Qarabağda praktiki addımlarla prosesi tamamlamaq ən doğru variantdır. Ki, Laçına post quran Bakının da bu prinsip üzərindən hərəkət etdiyi görünür.
Asif Nərimanlı
Teref.az
Ardını oxu...
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Hindistanın Qoa adasında mayın 5-də keçirdikləri görüşündə liderlərin toplantısına hazırlıq mövzuları müzakirələri edilib. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin sammiti 4-5 iyul tarixlərində Dehlidə keçiriləcək. Nazirlər bu görüşə hazırlıqla yanaşı beynəlxalq və regional vəziyyəti də müzakirə ediblər. Müzakirə edilən mövzular içərisində Əfqanıstandakı durum da olub.
Liderlər Dehlidə 20 bəyanat qəbul edəcəklər. Bundan başqa İran Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvlüyünə qəbul ediləcək. Halbuki, təşkilat 2017-c ildə Hindistan və Pakistanı üzvlüyə qəbul etdikdən sonra genişlənməyə üstünlük verməyəcəyini açıqlamışdı. Siyasət dəyişib. Çünki Qərb dünyasıyla rəqabət aparan Rusiya və Çinə daha çox tərəfdaş lazımdır. İrandan sonra Belarusun da üzvlüyə qəbulu gündəmdədir. Küveyt, Myanma, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn təşkilatla tərəfdaş statusuna malikdirlər. Səudiyyə Ərəbistanı bu ilin mart ayında Şanxay Əməkdaşlıq Təşkilatında “dialoq tərəfdaşı” statusunda qəbul olunub. Qoadakı toplantıya Pakistanın xarici işləri nazirinin gəlişi də diqqət mərkəzində olub. Bu 2014-cü ildən bu yana Pakistan rəsmisinin Hindistana ilk rəsmi səfəri idi. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli münasibətlərin normallaşması əsas vəzifələrdən biridir.
Rusiya və Çin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində anti-Qərb blokunu formalaşdırmağa çalışsalar da, buna nail olmaq Moskva və Pekin üçün çətindir. Çünki Mərkəzi Asiya ölkələri və Hindistan Qərblə siyasi əməkdaşlıqdan və hərbi təmaslardan imtina etməyəcəklər. Bu ölkələr Rusiya və Çinin artan maraqlarından ehtiyat edirlər.
Buna baxmayaraq, Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiya bölgəsində əhəmiyyətli rola iddialıdır, yeni nəqliyyat yolları çəkilir, dəniz limanları tikilir. Bu layihələr təşkilata marağı artırır. Bu mənada Azərbaycan və Türkiyə də Şanxay Əməkdaşlıq Təşkilatındakı prosesləri diqqətlə izləyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistandakı toplantıdan sonra ölkəsinin Dehli ilə xüsusi əlaqələrdən danışıb. Rusiyadan Hindistana neft satışının həcminin artması iqtisadi ekspertlərin diqqət mərkəzindədir. Buna baxmayaraq, Rusiya Hindistanın ondan ucuz neft ala biləcəyi valyuta ilə bağlı razılığa gələ bilməyib. Moskva Hindistan valyutası olan rupi ilə ödənişdən imtina edib. Moskva isə hesab edir ki, rupi ehtiyatının yığılması arzuolunmazdır, çünki rupi tam konvertasiya olunan valyuta deyil. Rusiya və Hindistan yerli valyutalarla ticarət məsələsini müzakirə etsələr də, prinsiplər rəsmiləşdirilməyib. Rusiya ödənişi rupi ilə deyil, Çin yuanı və ya digər valyutalarla etmək istədiyini bildirib. Dehli buna razılaşa bilməz.
“Atlas” Araşdırmalar Mərkəzi
 
 
 
Ardını oxu...
“Vaşinqton görüşündən sonra rusların dərhal hərəkətə keçməsi, danışıqların davam etməsi üçün təşəbbüslər göstərməsi tam təbiidir. Çünki onlar Qarabağ probleminin həllində maraqlı deyillər, əksinə, problemin qalmasını, gərginliyin olmasını istəyirlər. Bu baxımdan danışıqlarda təşəbbüs göstərmələrinin bir səbəbi var: Azərbaycan və Ermənistanın yaxınlaşmasına imkan verməmək”.

TEREF.AZ bildirir ki, bunu Reyting.az-a professor Cümşüd Nuriyev ABŞ-dan sonra Rusiyanın Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsi üçün göstərdiyi təşəbbüsün səbəblərini şərh edərkən deyib.

Professor bildirib ki, ABŞ, Qafqaz maraqları naminə Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik etməyə maraq göstərsə də, ruslar imkan verməyəcək ki, iki ölkə arasında sülh sazişi imzalansın: “Ruslar ya bizim ordumuzu Qarabağda yenidən ermənilərlə üz-üzə gətirməyə çalışacaqlar, ya Ermənistanda aranı qatacaqlar, ya da başqa təxribatların şahidi olacağıq”.

C. Nuriyev qeyd edib ki, Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması rus sülhməramlıların regionu tərk etməsi deməkdir: “Amma Kremldə arzu etmirlər. Vaşinqton danışıqları zamanı Putinin mətbuat katibi Peskovun üçtərəfli sazişi yada salması da təsadüfi deyil”.

C. Nuriyev əlavə edib ki, Amerika son 30 ildə ermənipərəst mövqeyi ilə seçilsə də, Vaşinqton danışıqları zamanı Azərbaycanın açıq və qəti mövqeyi ilə tanış oldular, bəzi məqamları nəzərə aldılar:

“Yeri gəlmişkən, Şuşada keçiriləm beynəlxalq konfransda çıxış edən prezident Əliyev danışıqlar, ABŞ-da aparılan müzakirələr və s. haqda fikrini ifadə etdi. Açıq göründü ki, nazir Bayramov Vaşinqtonda prezidentin verdiyi təlimatlar əsasında danışıqlar aparıb”.

Nuriyev sonda diqqətə çatdırıb ki, indi diqqət Moskvayadır. Çünki danışıqlar orada gedəcək. “Amma ruslar üçtərəfli sazişin heç bir bəndini həyata keçirməyib, erməni silahlılarını ərazindən çıxarmaq əvəzinə onları daha da gücləndirir və müdafiə edirlər. Bu baxımdan mənim rusların təşəbbüsü ilə aparılacaq danışıqlardan müsbət gözləntim yoxdur. Onlar problemin həllində deyil, davam etməsində maraqlıdırlar”, - deyə Nuriyev fikrini tamamlayıb.
 
 
 
Ardını oxu...
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib.
Ölkə başçımız beynəlxalq konfransda çıxışında deyib ki, biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.
Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi”.
Bəli, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan olunması haqqında Sərəncamı Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın yaradılmasının 270 il dönümü oldu. Eyni zamanda 2022 –ci ilin "Şuşa İli" elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisi olmaqla yanaşı dövlət başçısının xalqa bəxş etdiyi Qarabağ Azərbaycan olmaqla Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli tarixi hadisə idi. Belə ki, "Şuşa İli"ndə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin görülməsi, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bir daha göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Ən əsası isə, düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti "Şuşa ili"ndə həyata keçirdi və bu proses bu gün də davam edir.
Bildirilib ki, "Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi". Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır".
Ölkə başçımız bildirib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: "Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".
Dövlətimizin başçısı onu da vurğulayıb ki, 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi: "Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi".
İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlətimizin başçısı qeyd edib: «İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.
Ermənilərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kompromisə gedəcəyini düşündüklərini deyən dövlətimizin başçısı bildirib: “Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər”.
Həmçinin cənab Prezident çıxışında bir daha bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək. “Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun”.
Bəli, əsrlərin sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır və bu bütün dünya üçün bir nümunədir.
Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaqdır.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az
Ardını oxu...
ABŞ tərəfindən Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları ilə bağlı yeni açıqlamalar verilib.

Rəsmi Vaşinqton Qarabağda yaşayan ermənilərin “müstəqillik” və ya “öz müqəddaratını təyin etmək hüququ” kimi tələblərini absurd hesab etdiyi bildirilib.

Üstəlik, Qarabağda yaşayan ermənilərin sadəcə Azərbaycanın tərkibində etnik azlıqlardan biri kimi görmək istədiklərini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın diqqətinə çatdırılıb.

O da qeyd olunub ki, yekun sülh sazişinin müzakirə edilən ilkin variantında hələlik 14 bənd və 3 fəsil var. Danışıqların uğurlu gedəcəyi təqdirdə, tərəflər arasında sülh sazişinin imzalanma ehtimalının real olduğu da vurğulanıb.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də ölkəsinin Cənubi Qafqazdakı sülh prosesinə sadiq olduğunu açıqlayıb.

Qeyd edək ki, son zamanlarda ABŞ-ın Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında fəallıq nümayiş etdirdiyi görünür. Ağ Ev Kremli Cənubi Qafqazdakı proseslərdən sıxışdırmağa və onun mövqeyini zəiflətməyə çalışır. Bunun isə rəsmi Moskvanın təpkisinə səbəb olduğu açıqdır.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun da son açıqlaması bunu biruzə verir. Onun Rusiyanın olmadığı heç bir vasitəçiliyi məqbul saymadıqlarını deməsi diqqət çəkib. Ekspertlər də hesab edirlər ki, Rusiya ABŞ-ın vasitəçiliyilə sülhün əldə olunmasına əngəl olmaq üçün təxribatlar törədə bilər.

DİA.AZ-ın məlumatınaa görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya bölgədə sülhün və əmin-amanlığın olmasında maraqlı deyil:

“Ötən gün Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun “biz yalnız Rusiyanın iştirakı ilə tərəflər arasında hansısa sülh müqaviləsinin imzalanmasını məqbul sayırıq” açıqlaması diqqət çəkdi.

Əlbəttə ki, həmin sözlər Peskova deyil, Putinə aiddir. Onlar Qərbdəki görüşləri ciddi qəbul etmirlər. Bu isə o deməkdir ki, Putin açıq şəkildə Azərbaycanı və Ermənistanı hədələyir ki, siz ABŞ-da hansısa razılağa gəlsəniz belə, mən bunu pozmağa çalışacam.

Hesab edirəm ki, ABŞ-la Rusiya arasında şərəf müharibəsi gedəcək. Yəni kimin sözünün həqiqət olduğunu görəcəyik. Fikrimcə, Vaşinqton bu dəfə Moskvaya o imkanı verməyəcək. Üstəlik, Ermənistan da ABŞ kimi nəhəng bir dövlətin təşkil etdiyi görüşü pozmayacaq.

Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma ehtimalı yüksəkdir. Bəlkə də Ukraynanın əks-hücumlarının başlamasından sonra Rusiyanın Cənubi Qafqazla məşğul olmağa heç vaxtı da olmayacaq. Bunun məsələyə birbaşa aidiyyəti olmasa da, dolayısı ilə təsiri ola bilər. Hər halda, Kreml dünən öz çirkin niyyətini bəyan etdi”.

Ekspert vurğulayıb ki, Azərbaycan heç bir halda Qarabağda olan erməni icmasına “öz müqəddəratını təyin etmək”, eləcə də “müstəqillik”lə bağlı söz verməyib və verməyəcək:

“Sadəcə, onlara mədəni muxtariyyət verilə bilər. Necə ki, Azərbaycan ərazisindəki azsaylı xalqların mədəni muxtariyyəti var. Yəni ancaq bu şəkildə qəbul oluna bilər.

Amma görünən odur ki, Rusiya prosesə müdaxilə etmək və müəyyən absurd təkliflərini irəli sürmək istəyir. Düşünürəm ki, Azərbaycan Rusiyanın bu çirkin niyyətini var gücü ilə uzaqlaşdırmalıdır.

Kremlə başa salınmalıdır ki, bizim məqsədimiz sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasıdır. ABŞ-ın isə məqsədi odur ki, tərəflər normal qonşuluq şəraitində yaşayışlarını davam etdirsinlər”.

Üzeyir Cəfərov qeyd edib ki, Rusiya yenidən təxribatlar törətməyə cəhd edir:

“Amma bu dəfə onlarda alınmayacağını düşünürəm. Son 3 gündür ki, Rusiya Müdafiə Nazirliyi atəş səslərinin eşidilməsi ilə bağlı açıqlama verir, amma atəşi kimin açdığını demir.

Yəni Moskva təxribat xarakterli bu cür məlumatlar yayır ki, tərəflər bir araya gəlsə də, aralarında gərginlik hökm sürsün. Rusiya isə guya bu gərginliyin azaldılması rolunda çıxış edir.

Aydın məsələdir ki, onlar müəyyən təxribatlara cəhd edəcəklər. Biz isə bu təxribatların qarşısını almalı və onlara əvvəlki imkanları verməməliyik”.
Ardını oxu...
Kremlin vurulmasının arxasında Kiyevdən daha çox, Moskva görünür:
- Rusiya ictimai rəyinə Ukraynada itkilər hesabına olsa da, aparılan müharibənin lazımlılığı bir daha göstərilir.
- Rusiyanın Kiyevə zərbələr endirməsi legitimləşdirilir: Dövlət Dumasında Zelenskinin ofisinin vurulması çağırışları edilib.
- ABŞ başda olmaqla Qərb cəbhəsinə Ukraynanın onların istəyinin əksinə olaraq, müharibənin arealını genişləndirdiyi mesajı verilir, bununla Kiyevə olan inamı zəiflətməyə çalışırlar.
Təkcə zərbələrin effektsiz olması yox, nəticələr də hücumda diqqəti Kremlin üzərinə cəmləyir.
Bu hücumun 9 may paradından öncə olması da təsadüfi deyil: bəllidir ki, Putin paradda müharibənin vacibliyindən və yeni hədəflərdən danışacaq, Kremlə hücum onun arqumentlərini gücləndirən amildir.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Hər bir ölkənin öz “uğur düstüru” var, uzun illər, məsələn, ABŞ-da “amerikan arzusu” deyilən anlayış var, mənası da odur ki, istənilən şəxs, miqrantlar da daxil ABŞ-da uğur qazana, yoxdan var ola, varlana bilər. Amma elə ABŞ-ın özündə uzun illər qaradərili vətəndaşlar ancaq idmanda uğur qazana, idman, və ya şou-biznes sahəsində varlana bilirdilər, çünki təhsilə çıxışları məhdud idi, ABŞ-da təhsil həmişə böyük pul tələb edirdi. Son 30-40 ildə bu dəyişdi, qaradərililər təhsil almağa hüquqşünas, həkim, siyasətçi kimi öz uğur hekayələrini yaratmağa başladılar.
Bizim məmləkətdə uğur qazanmağın hələ də iki yolu inhisara alınmayıb – idmançı, çempion olursan, Dövlət Baba sənə ev, maşın, pul, formal, amma yüksək vəzifə verir, ya da, müxtəlif üsullarla şou-biznesə daxil olursan, Dövlət tədbirlərində mahnı oxuyub şeir deyirsən, buna görə də Dövlət sənin vergi vermədiyinə, leqal fəaliyyət göstərmədiyinə göz yumur, əvəzində sən də toya gedirsən, məclis aparırsan, ya da Dövlətin kreslolarında oturanların yatağında uzanırsan – vəssalam, ev, maşın, hörmət, Azərbaycansayağı “uğur hekayəsi” qurursan.
İdaman, incəsənət çox gözəl sahələrdir, “sağlam bədəndə sağlam ruh”, prinsipi yaradır, amma hansısa məmləkətdə istrarla “uğur hekayəsi” ancaq idman və şou-biznesdə mümkünlüyü haqqında hər gün TV-lərdə təbliğat gedirsə, o zaman idmanın da, incəsənətin də zayı çıxır, bir çox valideynlər uşaqlarını elmdə, biznesdə, siyasətdə deyil də, bu sahədə görmək üçün çalışırlar. Hətta öz övladlarına yaxşı təhsil verənlərin çoxu da öz uşaqlarına gələcəkdə elə Dövlət işində, məmur kimi görməyi arzulayırlar, çünki idamanda, incəsənətdə bacarıq, istedad da lazımdır, amma görünən odur ki, məmur olmaq üçün ingilis dili bilmək, hansısa Avropa ölkəsindən diplom almaq bəs edir.
Natig Cəfərli
Teref.az
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”.
Putin bu mesajıyla demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. Ancaq Kreml məsələləri qarışdırır.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır.
Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər. Deputatların müraciətində bu cümlələr var: “Azərbaycanlılar İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”.
İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti tarixi hadisədir. Birincisi, 32 deputat İsrail parlamentinin bütün üzvlərinin dörddə biridir. Bu say arta da bilər. İranda İslam inqilabından bu yana İsrail düşmən dövlət elan edilib. Halbuki, İranda şah rejimi dövründə Tehranın İsraillə sıx münasibətləri var idi. İran və İsrail ABŞ-ın bölgədəki iki əsas müttəfiqi idi. İrandakı rejim İsraili düşmən ölkə elan etdikdən sonra İsrail də İrandakı rejimə qarşı mübarizəni gücləndirib. İranın nüvə çalışmaları ilk növbədə İsraili narahat edir. Çünki İran nüvə silahı əldə edərsə İsrail hədəf götürüləcək. Buna görə də İsrail hökuməti və israilli deputatları İrandakı rejimin dəyişməsini və bu ölkədə xalq hakimiyyətinin formalaşmasını istəyirlər. İkincisi, İsrail İrandakı prosesləri diqqətlə izləyir və haqlı olaraq bu qənaətə gəlib ki, İranda yaşayan azərbaycanlılar əsas güclərdən biridir. Bu güc İrandakı teokratik rejimi laxladacaq səviyyədədir. İrandakı rejim ən çox azərbaycanlı fəallardan qorxur və ən çox həbs olunanlar da məhz azərbaycanlılardır. Buna görə də İsrai Güney Azərbaycan mövzusuna diqqət ayırmağı lazım bilib.
İsrailin Güney Azərbaycana artan diqqəti İran rejimi ilə yanaşı ona müxalif olan şah tərəfdarlarını da narahat edib. İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkət adlandırıb. Pəhləvi İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib: “Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”. Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.
Rza Pəhləvinin atası və babası azərbaycanlılara İrandakı rejimdən az zülm etməyib. Şahın hakimiyyəti dövründə minlərlə azərbaycanlı qətlə yetirilib, həbsxanalar günahsız insanlarla doldurulub. Nəvə Pəhləvinin ilk növbədə şah rejimi dövrünün yumşaq desək səhvlərini etirafı və bir daha bunların gələcəkdə təkrarlanmamasını vurğulaması lazımdır. Ancaq o bunu etmək əvəzinə Güney Azərbaycan amilinə önəm verən İsrailə qəzəblənib. Halbuki, bir müddət əvvəl Pəhləvi İsrailə səfər etməyi lazım bilmişdi. Yəqin Pəhləvi yanlış olaraq düşünüb ki, əgər onu İsrailə dəvət ediblərsə, İran rejiminə əsas alternativ kimi məhz onu qəbul edirlər. Pəhləvi və onun tərəfdarları son aylarda fəallaşıblar, özlərini İrandakı indiki rejimə əsas alternativ kimi göstərməyə çalışır, müxtəlif forum və konfranslarda iştirak edirlər. Buna rəğmən, Qərb ölkələrində siyasi sığınacaq tapan və illərdir İran rejiminə qarşı mübarizə aparan Güney Azərbaycandan olanlar da fəallıqlarını artırıblar və onlar Pəhləvini İrandakı rejimə alternativ kimi görmürlər. İsrail və Qərb ölkələri Pəhləvi ilə dialoqlarına baxmayaraq, İran rejiminə müxalif olan bütün qüvvələrlə təmas qurmağı lazım bilirlər. Bu doğru strategiyadır. Çünki İranda rejimə qarşı mübarizə aparan fərqli millətlər, o cümlədən azərbaycanlılar demokratiya, insan və milli hüquqlar uğrunda mübarizə aparırlar. Onlar ona görə mübarizə aparmırlar ki, Pəhləvi sülaləsi yenidən hakimiyyət başına keçsin.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
Ardını oxu...
Fransanın KTMT ölkəsi olan Ermənistanı silahlandırmasına nə qədər ehtimal vermək olar?..

Politoloq: “Fransanın Ermənistan üçün edə biləcəyi heç bir iş yoxdur. Bütün çağırışların sözdən başqa əməli faydası mümkün deyil”.

“Ermənistanı silahlandırmağa cəhd edilməsi onun dövlət kimi yox olmasını istəmək deməkdir”.

Bu sözləri politoloq Azər Qasımov Fransanın Ermənistanı silahlandırması ilə bağlı artan çağırışları Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna bildirib ki, Fransanın Ermənistandakı səfirliyində müdafiə missiyası açılıb. Bundan əlavə son günlər Fransadan Ermənistana silah verilməsi ilə bağlı çağırışlar daha da artıb.

NATO-nun əsas ölkələrindən biri olan Fransanın KTMT ölkəsi olan Ermənistanı silahlandırmasına nə qədər ehtimal vermək olar və Fransanın Ermənistana silah verməsi Cənubi Qafqazda hansı proseslərə səbəb ola bilər?

Fransanın yeni Ermənistan “sevgisi”ni Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransa Ermənistana kömək etməsi üçün ona nüvə silahı versə belə, Ermənistan onu nə edəcək? Sərhəddinin yanına atacaq?”.

Fransanın Ermənistana silah verməsinin Cənubi Qafqazda erməni adlı toplumun yox olması anlamına gələcəyini vurğulayan politoloq əlavə edib ki, Fransanın ağlı özünə getməsin:

“Fransanın Ermənistan üçün edə biləcəyi heç bir iş yoxdur. Bütün çağırışların sözdən başqa əməli faydası mümkün deyil. Fransa bu günə kimi Ermənistana ona zərbə vurmaqdan başqa hansı köməyi edə bilib ki, bundan sonra da nəsə etsin. Fransa Ermənistana kömək etməsi üçün ona nüvə silahı versə belə, Ermənistan onu nə edəcək? Sərhəddinin yanına atacaq? Sərhəddinin bu başı ilə o biri başı arasında məsafə 2 saat olduğu halda, o ki qala başqa silah verməsi.

Ermənistanı silahlandırmağa cəhd edilməsi onun dövlət kimi yox olmasını istəmək deməkdir. Ermənistanın haradansa silah tədarük etməsi hələ o demək deyildir ki, onu rahatlıqla Ermənistana gətirə biləcək. Hindistandan aldığı deyilən silahları belə hələ ölkəyə gətirə bilmirlər. Rusiya İrana icazə vermir ki, ərazisindən keçirsinlər. Ümumiyyətlə silahlanmaya meyl Ermənistan üçün ən pis yoldur. Unutmasınlar ki, Azərbaycan onların aldığı hər bir silah növünün əvəzinə dəfələrlə çoxunu və müasirini alır və ya ala bilmə imkanı çoxdur.

Fransanın Ermənistana silah verməsi Cənubi Qafqazda erməni adlı toplumun yox olması anlamına gələcək. Fransanın ağlı özünə getməsin. Erməni toplumunun nə imperiya keçmişi, nə də Napoleon Bonapart kimi qəhrəmanları olmayıb ki, ondan həvəslənib yeni avantüralara yelkən açsınlar. Ermənilərin bu durumda yelkən açacağı məkan ancaq “Erablur” qəbiristanlığı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info
 

Dünyapress TV

Xəbər lenti