Ardını oxu...
Cəlilabadın 15 mindən çox əhalisi olan Göytəpə şəhərində üç məktəb fəaliyyət göstərir. Amma hər üç məktəbin binasının qəzalı vəziyyətdə olduğu deyilir.

Bu barədə Meydan TV-yə Göytəpə sakinləri məlumat veriblər. Sakinlər deyirlər ki, 1 və 3 saylı məktəblər 2 saylı məktəbə nisbətən yaxşı hesab oluna bilər. Baxmayaraq ki, həmin məktəblər də qəzaldır, hər an təhlükə baş verər. İki saylı məktəb isə ümumiyyətlə, üç-dörd ballıq zəlzələyə davamlı deyil. Onların sözlərinə görə, savad dalınca məktəbə gedən uşaqlar xəstəlik tapırlar.

Sakinlərdən biri – Zaur Xəlilov bildirib ki, həmin məktəbi illər əvvəl bitirib. Hazırda övladı 2 saylı məktədə təhsil alır. Son on-on beş ildə heç nə dəyişməyib, əksinə bina getdicə daha da bərbad hala düşüb. Məktəbin tavanı, döşəməsi çöküb, divarları nəmişlikdən qaralıb. Yağış yağarkən su siniflərə dolur. Qışda uşaqları məktəbə göndərə bilmirlər.

“Məktəbdə istilik sistemi yoxdur, odun sobası ilə qızdırmağa çalışırlar. Qapısı, pəncərəsi örtülməyən, yamaq-yamaq olmuş məktəbi odun sobası qızdıra bilmir. Sinif otaqlarında taxta döşəmə çürüyüb, uşağın ayağı çalaya düşür. Binanın təmiri mümkün deyil, söküb, yerində yenisini tikmək lazımdır”, – Xəlilov bildirib.

Məktəbdə 600-dən çox şagird təhsil alır. Bu təhsil ocağının binası 50 ildən çoxdur əsaslı təmir edilmir. Sonuncu dəfə bir-iki il əvvəl valideynlərə yeni məktəb binası tikiləcəyinə söz verilib.
1 və 3 saylı məktəblərin də təmirə ehtiyacı var. Pəncərələr sellofan torbalarla qapadılıb, divarlarda iri çatlar yaranıb. Sakinlər deyirlər ki, rayon mərkəzindən sonra ikinci ən böyük şəhər hesab edilən Göytəpədə gənclərin vaxt keçirmələri üçün mədəniyyət evi, idman meydançası yoxdur.

“Heç olmasa məktəblərə diqqət ayırsınlar. Elə bil Göytəpə unudulub, heç kimin yadına düşmür. Uşağı məktəbə göndəririk, ya xəstələnir, ya da başına hansısa fəlakət gələcəyindən narahat ola-ola yaşayırıq. Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?” – Xəlilov qeyd edib.

Göytəpə Şəhər Bələdiyyəsinin sədri İlqar Həsənov Meydan TV-yə bildirib ki, 2 saylı məktəb əvvəllər kilsənin at tövləsi olan binada yerləşir. Binada 40 ildən çoxdur dərs keçirilir.

“Ora məktəb deyə bilmərəm, at tövləsi kimi də yararlı deyil. Məktəblərin təmirə ehtiyacı olması ilə bağlı rayon rəhbərliyi səviyyəsində aidiyyatı qurumlara müraciət olunub. Amma hələ ki, məktəb tikintisinə başlanılmayıb. Göytəpədə qaz, işıq var, amma məktəblər qəzalı vəziyyətdə olduğundan qazla deyil, odun sobası ilə qızdırılır. Hər üç məktəbin təmirə ehtiyacı var”, – bələdiyyə sədri deyib.

Məktəbdən isə bildiriblər ki, binanın vəziyyətindən Elm və Təhsil Nazirliyi xəbərdardır. Onlara tezliklə yeni binanın tikintisinə başlanılacağını deyiblər.

Elm və Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

“Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?”
Ardını oxu...
Mənbə: Meydan TV
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
 
 
Ardını oxu...
"Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102 və 106-cı maddələrinə təklif olunan dəyişikliyə əsasən, gələn ildən kiçik sahibkarların gəlir vergisinə 75 faiz güzəşt qismən ləğv edilir. Bu güzəşt yalnız o sahibkarlara şamil olunacaq ki, onların azı 3 əməkdaşı olsun və sosial sığorta borcu olmasın. Maraqlıdır, hökumət niyə bu addımı atır? Məqsəd vergi daxilolmalarını artırmaqdır? Axı bu güzəştin ləğvi büdcə gəlirlərinin ciddi artımına səbəb olmayacaq, maksimum 40-50 milyon manat əlavə vəsait daxil ola bilər".
Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bütün dünyada hökumətlər kiçik sahibkarlara dəstək olmağa çalışır:
"Bir çox ölkələrin sabitlik formulu odur ki, orada büdcə gəlirlərinin 60-70 faizini kiçik və orta sahibkarlar təmin edir. Məhz bu zaman sabit inkişaf yolu yaranır”.
N.Cəfərli qeyd edib ki, Azərbacyanda sözügedən dəyişikliklə guya kiçik sahiblkarları 3 iş yeri açmağa “təşviq” edirlər:
"Məqsəd də aydındır, sonra Prezidentə məruzə etmək istəyirlər ki, aparılan siyasət nəticəsində yeni iş yerləri açılıb. Ancaq kiçik sahibkar baxacaq ki, dövriyyəsi 200 mini keçən kimi ƏDV ödəyicisinə çevrilir, gəlir 200 mindən aşağı olanda bunun 4-6 min manatını vergi verməlidir. O, oturub hesablayacaq ki. əgər 3 nəfər qohumunu formal, minimum əmək haqqı ilə rəsmiləşdirsə, onların Sosial Müdafiə Fonduna ödənişləri il boyu 2-3 min arası olacaqsa, edəcək, yox, əgər bu baş ağrısıdırsa, etməyəcək. Qeyri-rəsmi fəaliyyətə üstünlük verəcək. Məcəlləyə edilən dəyişiklik ölkədə kölgə iqtisadiyyatını genişləndirəcək".
 
 
 
Ardını oxu...
HƏMAS-İsrail müharibəsinin davam etdiyi bir zamanda Ankaranın Təl-Əvivə təzyiqləri artır. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahunu son günlər sərt tənqid edir. Netanyahu isə deyib ki, girovlar azad edilməyincə atəşkəs olmayacaq.

ABŞ hakimiyyəti İsrail və Qətər arasında HƏMAS-ın girovlarının azad edilməsinə dair danışıqlarda iştirakını təsdiqləyir. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS News telekanalının efirində bildirib.

Maraqlıdır, müharibənin indən sonrakı gedişi, ssenarisi necə olacaq? Bu da Ukrayna müharibəsi kimi uzanacaqmı?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsraillə HƏMAS arasındakı müharibə davam edir və yeni-yeni müharibə qurbanları haqqında məlumatlar kütləvi informasiya vasitələrinin manşetlərinə çıxarılır:

“İsrailə ərəb və müsəlman ölkələri tərəfindən təzyiqlər getdikcə artır. Amma bu təzyiqlərin real nəticələri hələ özünü göstərmir. Yəni İsrail hücumun dayandırılması istiqamətində heç bir addım atmır. Belə məlum olur ki, İsrail ona edilən təzyiqlər müqabilində hələ də uzun müddət davam gətirmək iqtidarındadır, ya da arxasında dayanan qüvvələrə ümidi çox böyükdür.

Hazırda diqqət Səudiyyə Ərəbistanının ev sahibliyi ilə keçirilmiş Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşünə yönəlib. Bu fövqəladə sammitdən böyük nəticələr gözlənilirdi. Orada Qəzza zolağında cərəyan edən hadisələrlə bağlı müsəlman ölkələrinin vahid mövqeyi təqdim olunmalı idi. Bu, gözlənilən kimi oldu: İsraillə bir sıra dövlətlər, ilk növbədə Fars körfəzi arasında davam edən yaxınlaşma prosesinə baxmayaraq, İslam dünyası Fələstini dəstəklədiyini bir daha təsdiq etdi. Baxmayaraq ki, yekun qətnamənin HƏMAS-a dəstək üçün birləşdirilmiş hərəkətlərə çağıran ən sərt versiyaları rədd edildi. Ancaq eyni zamanda, sənədin gözləniləndən daha çox anti-İsrail olduğu ortaya çıxdı.

Yəqin ki, Qəzza zolağında gedən döyüşlərdə nisbi sakitlik məhz Səudiyyə Ərəbistanında keçirilən sammitlərlə əlaqəli idi. Silahlı toqquşmalar davam edir, lakin qarşılıqlı atəşin intensivliyi bir qədər azalıb. Döyüşlər arasındakı qısa fasilələr zamanı Qəzzaya humanitar yardım daşıyan daha çox yük maşınlarının keçməsinə şərait yaradılıb. Bundan əlavə, Rusiya vətəndaşlarının çoxdan gözlənilən anklavdan təxliyəsi başladı. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bazar günü bildirib ki, 60-dan çox Rusiya vətəndaşı Rəfah keçid məntəqəsi vasitəsilə Misirə gedib”.

Politoloqun sözlərinə görə, Qəzza zolağında onların bir neçə yüz nəfəri var:

“Həftəsonu Səudiyyə Ərəbistanının Əl-Hədas telekanalı da öz mənbələrinə istinadən xəbər verib ki, israillilərlə HƏMAS arasında mübadilə haqqında razılıq əldə olunub. İddialara görə, HƏMAS tərəfindən oktyabrın 7-8-də girov götürülən 100 nəfər bütün fələstinli qadınların və azyaşlıların İsrail həbsxanalarından azad edilməsi müqabilində azad ediləcək. Bu məlumatın rəsmi təsdiqi hələ ki yoxdur. Lakin söhbətlərin getməsi belə müsbət əlamətdir.
Sammitin gedişində diqqət üç qonağa – Suriya prezidenti Bəşər Əsəd, İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlmişdi. Suriya və İran hakimiyyəti son vaxtlar Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırıb. Rəisi üçün bu ölkəyə bu səfər onun seçilməsindən və 2023-cü ilin martında krallıqla diplomatik münasibətlərin qurulmasından sonra ilk səfər idi. O, vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparıb. Danışıqlar nəticəsində Səudiyyə Ərəbistanının faktiki rəhbəri İranla əlaqələri daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb.

Ərdoğan ikili sammitdə İsrailin ən sərt tənqidçisi kimi çıxış etdi. Çıxışlarında yəhudi dövlətinin pislənməsi və şəxsən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı hücumlarla yanaşı, iki məqam diqqəti çəkdi: o, Türkiyənin HƏMAS-ı terror təşkilatı hesab etmədiyini təsdiqləyib və Qəzza zolağında yeni konfrans keçirmək ideyasını irəli sürüb. Ərdoğan bildirib ki, İsrail də daxil olmaqla bütün region dövlətləri orada iştirak edə bilər.

Qəbul edilmiş yekun qətnamə müsəlman dünyasının ümumi mövqeyinin ifadəsi idi. O, Rəisinin İsrailin Qəzza zolağındakı əməliyyatını dayandırmayacağı təqdirdə Fələstini silahlandırmaq təklifini dəstəkləmədi. Ərəb Liqasının Əlcəzairin təklif etdiyi sərt qətnamə layihəsi də keçməyib. Orada İsrail ordusunu silahla təmin etmək üçün ABŞ bazalarından və onların Qərb müttəfiqlərindən istifadənin qarşısının alınması, İsraillə diplomatik əlaqələrdən tutmuş hərbi-texniki əlaqələrə qədər istənilən əlaqənin dondurulması, habelə İsrailin mülki aviasiyasının ərəb ölkələrinin səması və Azərbaycanda uçuşlarına qadağa qoyulması ilə bağlı müddəalar var idi. Qətnamə layihəsinə Əlcəzairlə yanaşı, Suriya, Tunis, Fələstin, İraq, Livan, Oman, Liviya, Küveyt, Qətər və Yəmən də dəstək verib. Lakin Səudiyyə Ərəbistanı da daxil olmaqla dörd ölkə buna qarşı çıxdı. Ərəb Liqasının qətnaməsi ilə bağlı qərarın konsensusla qəbul edilməli olduğunu nəzərə alsaq, Əlcəzair layihəsi keçmədi. İkili sammitdə bir sıra dövlətlər tərəfindən irəli sürülən İsrailə və ola bilsin ki, onun müttəfiq ölkələrinə neft tədarükünə embarqo qoyulması ideyası da dəstəklənməyib”.

Ekspert bildirib ki, bütün bunlarla yanaşı ikili sammitin sonunda qəbul edilən qətnamənin daha çox anti-İsrail olduğu ortaya çıxdı:
“Bəhreyn və BƏƏ-nin müharibənin əvvəlində verdiyi və həm İsrailin, həm də HƏMAS-ın hərəkətlərini pisləyən bəyanatlar orada öz əksini tapmadı. Amma qətnamədə israillilərə silah ixracının dayandırılması çağırışı, ikili standartlar siyasətinin pislənməsi və bir sıra müraciətlər yer aldı. BMT Təhlükəsizlik Şurasından müharibəni dayandırmaq, Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) İsrailin hərbi cinayətlərini (lakin HƏMAS-ın deyil!) araşdırmaq, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından isə İsrail hərbçilərinin işlərini araşdırmaq tələb olunub. Ərəb Liqası və İslam Birliyi Təşkilatının katiblikləri İsrailin Qəzza zolağında törətdiyi cinayətləri sənədləşdirmək öhdəliyi götürüblər. Yəni BCM-nin köməkçisi kimi fəaliyyət göstərmək.

“Müsəlman dünyası münaqişə ilə bağlı vahid mövqeyə malikdir və o, Fələstinin lehinədir. İsraili qismən dəstəkləməyə hazır olan ölkələr mövqelərini dəyişmək məcburiyyətində qaldılar. Yekun bəyanat tamamilə anti-İsrail və Fələstin tərəfdarı oldu, yalnız Ərəb Liqası çərçivəsində müzakirə edilsəydi, buna nail olmaq çətin olardı”, – Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kirill Semenov bu barədə məlumat verərkən deyib.

Bu təzyiqlər qarşısında İsrail hələ də müqavimət göstərir və onun sonadək Qəzzada hücumu davam etdirəcəyinin qarşısını almağın mümkün olmayacağı təəssüratı yaranır. Deməli ərəb və müsəlman ölkələrinin cəhdləri hələ də nəticə vermir. Belə olan halda növbəti addımlar nədən ibarət olacaq?

İsrail ərəb ölkələrinin növbəti toplantısına və ona qarşı daha sərt tədbirlər səsləndirəcəklərinə qədər ən azından Qəzzada işi bitirməyə çalışır. Amma bu mümkün olacaqmı? Digər tərəfdən o girovlar azad edilməyənə qədər hücumu davam etdirəcəyini bildirir. Amma girovlar azad edildikdən sonra hücumu dayandıracağına da qəti zəmanət vermir”.

Turan Rzayev
Globalinfo.az
Ardını oxu...
Xanım jurnalist Aygün Paşayeva Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət ünvanlayıb. Aygün xanım müraciətində yazır:
Bakı Apellyasiya Məhkəməsinə, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına, hakim Xəyalə Cəmilova ilə bağlı şikayət ərizəsi müraciət etmişəm. Hüququ savadım olmadığına görə möhtərəm hakim-hörmətli hakim kimi müraciət etməli olduğum halda, "Xəyalə xanım" demişəm. Səhv etdiyimi qəbul edirəm. Qaldı digər məsələ nəzarətçinin səbəbsiz çağırılması ilə bağlı. Nəzarətçi o zaman zala dəvət olurki, qarşı tərəfin nümayəndəsi ilə tərəflər dava-dalaş edib, məhkəmənin gedişatına mane olsun. Hə, o zaman hakim səlahiyyətindən istifadə edərək, zala nəzarətçi çağırmağa məcbur qalır. Mənim məhkəmə işimə baxılarkən, qarşı tərəfin nümayəndəsi gəlməmişdi. Elə isə Xəyalə Cəmilovanı qəzəbləndirən nə olmuşdu?! Qəzəbə tuş gəlməyim, ola bilsin ki, iddia tələbimi yersiz hesab edib, Xəyalə Cəmilovanın vaxtını "zəbt" etməyim oldu. Beləki, iclas başlayan kimi mənimlə əsəbi danışırdı. Hakimlərin başlıca vəzifəsi mərhəmətli və təmkinli olmalı olduğu halda, Xəyalə Cəmilovada zərrə qədər təmkin hiss etmədim. İclasın gedişatında hansı qeyri-etik davranışa yol verdim ki, nəzarətçi çağırmağa məcbur oldu?! Ən maraqlısı isə odur ki, növbəti məhkəmə prosesinə gələn vətəndaşla Xəyalə Cəmilova çox mehriban gülərüzlə qarşılayıb, salamlaşdı. Yən, iddiaçılara qarşı ayrıseçkilik etdi. Əsas məqam isə 06.11.2023-cü ildə təkcə bir gün ərzində Xəyalə Cəmilova ilə bağlı MHŞ-na 2-3 şikayət ərizəsinin yazılmasının şahidi oldum! Təsəvvür edirsinizmi?! Cənab İnam Kərimovun bir gündə ardıcıl olaraq, eyni hakimdən gələn şikayəti görməməzlikdən gələrək, adi xəbərdarlıqla cəzalandırma işi ilə xitam verəcəyi inandırıcı görsənmir. Şikayət ərizəsinin məzmunu da eynidir-aqressiv davranış!
Baxın, mən dəfələrlə məhkəmələrə müxtəlif məzmunda iddia tələbi qaldırmışam. İddiamın təmin olunanında olub, rədd edilənidə. Hətta jurnalist kimi məhkəmə iclaslarında iştirak etdiyim vaxtlarda olub. Ənvər Seyidov istisna olmaqla, aqressiv məhkəmə hakimi ilə rastlaşmamışam. Ənvər Seyidovdan sonra Xəyalə Cəmilovanın aqressiv davranışının şahidi oldum. Özünə çox arxayın xanımdır!
Cənab İnam Kərimov, şikayətimə obyektiv baxıb, Xəyalə Cəmilova haqqında ciddi ölçü götürüləcəyinə əsla şübhə etmirəm.
Sayğılarla Aygün Paşayeva!
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
 


 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfəri zamanı növbəti qalmaqallı bəyanatla
çıxış edib. O, bildirib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır.
Paris Sülh Forumunda keçirilən panel müzakirələri zamanı Paşinyan bəyan edib ki, Ermənistan
Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa
ümid edir.
Onun sözlərinə görə, bu prinsiplərdən birincisi ondan ibarətdir ki, Ermənistan və Azərbaycan
29,8 min və 86,6 min kvadrat kilometr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.
İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata
Bəyannaməsinə uyğun aparılmalıdır.
Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və
qanunvericiliyi çərçivəsində açılmasına aiddir.

Bununla yanaşı, o, iddia edib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır:
“Azərbaycan ermənilərin etnik təmizlənməsi planını uğurla həyata keçirəndən sonra Ermənistan
Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlasa da, mən bura sülh barədə danışmağa
gəlmişəm. Azərbaycanda məktəblər, universitetlər və kütləvi informasiya vasitələri Qərbi
Azərbaycan konsepsiyasını Ermənistan Respublikasına qarşı yeni müharibəyə hazırlıq kimi aktiv
şəkildə təbliğ edirlər. Sülh müqaviləsinin bağlanması perspektivi nə qədər real görünsə də,
Azərbaycanın yuxarıda göstərilən məsələlərin həllində maraqlı olması ilə bağlı şübhələr var”.
Beləliklə, Ermənistan beynəlxalq tribunada Azərbaycana qarşı növbəti dəfə iftira atmaqda
davam edir. Bu iftira sülh müqaviləsinin tərəfdarı kimi çıxış edən və bu müqavilənin altından
imza atmalı olan şəxs tərəfindən səsləndirilir.
Həqiqət necədir? Əvvəla, Azərbaycan etnik təmizləmə aparmayıb, bu, danılmazdır. Azərbaycan
öz ərazisində anti-terror əməliyyatı keçirib və separatçıları Azərbaycan qanunlarına tabe olmağa,
ərazi bütövlüyünü tanımağa məcbur edib.
Anti-terror əməliyyatında iştirak edən hər bir əsgər, sərhəddə dayanan hər bir polis, sərhəd
xidməti, gömrük əməkdaşı isə bütün naqisliklərə, düşmənçiliyə, azərbaycanlılara qarşı edilən
vəhşiliklərə baxmayaraq, ermənilərlə maksimum dərəcədə etik davranmaq, onlara nəinki ağır
söz demək, əksinə, getməmək üçün dilə tutmaq təlimatı almışdı. Elə buna görə də, nə
beynəlxalq müşahidəçilər etnik təmizləmə faktını təsdiq edə, nə də Ermənistan rəhbərliyi etnik
təmizləmə ilə bağlı bir fakt göstərə bildi.
Qarabağda yaşayan ermənilər (onlar özləri də bilirlər, biz də bilirik ki, oradakı hər bir erməninin
əli bu və ya digər formada azərbaycanlıların qanına batıb) isə törətdikləri əməllərdən sonra
yaşamağın çətinliyindən qorxaraq, Qarabağdan getməyi üstün tutdular.
İttihamın absurdluğu da ondan ibarətdir ki, bunu vətəndaşı olan azərbaycanlıların son nəfərə
kimi qovulduğu ölkənin baş naziri deyir. O ölkənin ki, birbaşa hərbi müdaxiləsi nəticəsində həm
də Qarabağdakı azərbaycanlılar 30 il öz evlərindən didərgin düşüblər. Necə deyərlər, utanmasan,
oynamağa nə var?
Paşinyan Azərbaycan məktəblərində, universitetlərində, KİV-də Ermənistanın Qərbi Azərbaycan
adlandırılmasından narahat olub. Və yenə də ritorik suala qayıdaq: bu həmin baş nazirdir ki, son
bir ildə “Qarabağ Azərbaycandır” deyərək sülh tərəfdarı kimi çıxış etsə də, hakimiyyətə gələn
kimi Xankəndi şəhərinin mərkəzi meydanında “Qarabağ Ermənistandır və nöqtə” şüarını
səsləndirmişdi. İndi bu siyasətçi Ermənistan Respublikasının 100 il əvvəl hansı sərhədlər
daxilində yarandığını nəzərə almadan, tarixi xəritəyə, sənədlərə baxmadan, Azərbaycan
torpaqlarının nə zaman Ermənistana verildiyini görmədən (və ya baxıb, görməzdən gələrək)
“Qərbi Azərbaycan” kəlməsindən narahat olur, Azərbaycanı yeni müharibə hazırlığında ittiham
edir.
Paşinyan Azərbaycanı müharibəyə başlamaqda ittiham edərkən nədən bəhs edir? Ermənistan
və Azərbaycanın 29,8 min və 86,6 min kv. km. hüdudlarda bir-birinin ərazi bütövlüyünü
tanımasından.
Ermənistan təbliğatı beynəlxalq arenada daim iddia edir ki, Azərbaycan Prezidenti İlham
Əliyev Ermənistanın ərazi bütövlüyünü tanımır və “Ermənistanı 29,8 min kv. km. ərazidə
tanıyıram” demir. Birinci hissə tamamilə yalandır, çünki İlham Əliyev tərəflərin bir-birinin ərazi
bütövlüyünü tanımasını Paşinyandan çox əvvəllər şərt kimi qoyub və son dövrlər də daxil
olmaqla dəfələrlə təkrar edib ki, Azərbaycanın Ermənistanın ərazisində gözü yoxdur. 29,8 min kv.
km. rəqəminin səslənməməsi məsələsində isə həqiqət payı var. Azərbaycanda hələ heç kim bu
rəqəmləri səsləndirmir. Niyə? Bəlkə ona görə ki, rəqəmlər yalnız delimitasiya və demarkasiya
başa çatandan sonra səslənməlidir? Bəlkə ona görə ki, Ermənistanın ərazisi 29,8 deyil, 29, 743
kv. km.-dir? Bəs əlavə 57 kvadrat kilometr haradan çıxdı? Bəlkə Azərbaycanın hələ də geri
qaytarılmayan anklavlarının hesabına? Xatırlatmaq yerinə düşər ki, Ermənistan rəhbərləri, o
cümlədən Paşinyan özü bu ərazilərin qaytarılması məsələsini şübhə altına alıblar.
Azərbaycan Prezidenti Xankəndidə son çıxışında da təkrar etdi ki, rəsmi Bakının yeni müharibə
istəyi və ideyası yoxdur. Bəs Azərbaycan niyə yeni müharibəyə getməz?
Söhbət “Zəngəzur dəhlizi” ideyasından gedirsə, rəsmi Bakı dəfələrlə bildirib ki, bu dəhlizi zor
gücünə açmaq niyyətində deyil. Artıq Azərbaycan Ermənistandan keçəcək kommunikasiyaya
alternativ olan İran marşrutunu (“Araz dəhlizi”) plana salıb və bu nəqliyyat sistemi tezliklə
istifadəyə veriləcək. Üstəlik, Azərbaycan Gürcüstan ərazisindən keçən kommunikasiya
xətlərindən istifadə edə bilir.
Ermənistan marşrutu isə onsuz da gec-tez açılacaq. Çünki İrəvan Gürcüstandan keçən və qışda
çox zaman bağlı qalan “Yuxarı Lars” keçid məntəqəsinin və o qədər də fayda verməyən İrana
çıxışının ümidinə qalıb. Yəni, Ermənistan Azərbaycan və Türkiyə ərazisindən keçəcək xətlərə
qoşulmaq istəyirsə, bir qədər sonra özü minnətçi düşəcək.
“Zəngəzur dəhlizi” isə tarixi Azərbaycan torpağı olsa da, bu gün Ermənistanın dünya ölkələri
tərəfindən tanınan ərazisindən keçir. Rəsmi Bakı 44 günlük müharibə zamanı işğal edilən
ərazilərinin azad edilməsi zamanı, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində
– Qarabağda anti-terror əməliyyatı zamanı bəzi qüvvələrin hansı ittihamlar irəli sürdüyünü, hansı
oyunlardan çıxdığını unutmayıb. Belə bir məqamda Azərbaycanın hansısa oyuna gedərək yeni
müharibəyə başlamaq, bununla da düşmənlərinin əlinə oynayacağını düşünmək sadəlövhlük
olardı. Azərbaycaınn xarici siyasətdə demək olar ki, qüsursuz oyun apardığı danılmaz faktdır.
Bəs Paşinyan niyə ittihamlar irəli sürür? Ona görə ki, xaricdə özünə dəstək axtarır və “qaniçən
Azərbaycan” tərəfindən əzilən, məzlum sima alır. Bu “yazıq” siması ona milyonlar və yüz
milyonlar vəd edir. Ona görə ki, Rusiyadan ayrılmaq yolunu tutub və sabah kimisə nədəsə
ittiham etmək üçün zəmin hazırlayır. Ona görə ki, yuxarıda da yazdığımız kimi, o, bu gün
“Qarabağ Azərbaycandır” desə də, vaxtilə “Qarabağ Ermənistandır” deyən həmin baş nazirdir.
Yəni, Paşinyanın bu ittihamı səsləndirmək üçün özünün yüzlərlə oyunu, düşüncəsi və bəhanəsi
ola bilər.

Amma… Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan hələ də vaxtilə işğal etdiyi Azərbaycan
anklavlarına nəzarət etməkdə davam edir və geri qaytarmaq niyyətindən uzaqdır. Azərbaycan
tərəfi isə anklavları geri istəyir. Sonuncu dəfə Azərbaycan XİN Ermənistana anklavları
qaytarmaqla bağlı müraciət edib. Ölkə prezidenti də bildirib ki, bizim heç kimin torpağında
gözümüz olmasa da, öz torpaqlarımızın bir qarışından da keçən deyilik. Yəni, İrəvan həmişə
olduğu kimi, anklavların qaytarılması prosesini uzatsa və öhdəliyini yerinə yetirməsə, problemi
Azərbaycan ordusu həll etməli olacaq.
Bəlkə Paşinyan indidən Azərbaycana qarşı ittiham səsləndirməklə zəmin hazırlayır?
Bu, artıq başqa bir mövzudur.
Press Klub
 
Ardını oxu...
“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq hüquqa, İranla Azərbaycan arasında qonşuluq münasibətlərinə və İran Prezidentinin Özbəkistanda ifadə etdiyi mövqeyə ziddir”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

O, cəmi üç gün öncə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti ilə görüşündə Seyid İbrahim Rəisinin açıq mətnlə ifadə etdiyi “Biz Qarabağın uzun illərdən sonra öz əzəli ərazisinə qovuşmasına çox sevinirik: Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”, - sözlərinə diqqət çəkib.

Millət vəkili qeyd edib ki, İran Prezidentinin məlum mövqeyi beynəlxalq hüququn aliliyi və müəyyən müddət davam etmiş siyasi gərginliyin ardınca çox qiymətli gediş idi və Azərbaycanda bütün səviyyələrdə haqlı olaraq alqışlanmışdı:

“Lakin cəmi iki gün sonra İranın səfirinin məlum bəyanatı və Azərbaycana münasibətdə başından böyük çağırışları qəbuledilməzdir. Rəsmi Tehran ən azı öz Prezidentinin mövqeyinə hörmət naminə məsələyə aydınlıq gətirməli, ermənidən çox daşnaklıq edən, diplomatik etiketdən xəbəri olmayan səfiri ilə bağlı tədbirlər görməlidir. Bu halda səfirin davranışlarının özfəaliyyət olduğuna inanar, Tehranın isə xoşagəlməz gərginliyin ardınca yaxşılaşan İran-Azərbaycan münasibətlərinə səmimi şəkildə töhfə vermək niyyətinə şübhə etmərik”.

Deputatın sözlərinə görə, ümumilikdə səfirin bu bəyanatının yalnız yenidən yaxşılaşmaqda olan Azərbaycan-İran münasibətləri kontekstində yox, bütövlükdə beynəlxalq hüquq adına yolverilməzliyi nəzərə alınmalıdır:
“Əgər beynəlxalq hüquq prizmasından yanaşsaq, “Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə hüququndan” danışan səfir qanmalıdır ki, “əhali” anlayışı 1933-cü il Montevideo Konvensiyası ilə dövlətin əlamətlərindən biridir, Qarabağ adlı isə dövlət yoxdur. İkincisi, “xalqların öz müqəddəratını təyin etməsi” məsələsinə gəlincə, bölgəyə sonradan gəlmə olsalar belə, erməni xalqı artıq öz müqəddəratını həll edib, ermənilər üçün Qərbi Azərbaycan torpaqlarında erməni dövləti qurulub. Yenidən Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin qurulması isə mümkün deyil. Buna nə heç kimin cürəti, nə də imkanı çatar.

Yaxın üç il ərzində ərazi bütövlüyümüz və suverenliyimizə dil və əl uzadıb qarşımızda səf tutanların Vətən müharibəsində və antiterror tədbirlərindəki taleyi heç kim üçün sirr deyil. Əgər səfirin iddia etdiyi kimi, Tehran yeni erməni özmüqəddəratı prosesində maraqlıdırsa, İranda yaşayan 500 minə yaxın erməni üçün fars torpaqlarında ikinci erməni dövləti qura bilər. Əgər İran bu mövqeyi bölüşmürsə, o zaman səfirinin xaltasını dartmalıdır”.

B.Məhərrəmovun sözlərinə görə, müasir beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etməsi prinsipi beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipinə zidd olmamaqla baş tuta bilər:

“Yenə də, İran səfiri əksini düşünürsə, cənub qonşumuzun Xarici İşlər Nazirliyi səfirin İran Prezidentinin açıqlamaları ilə daban-dabana zidd çərənləməsinə münasibət bildirmir və partizanlıq edən diplomatını cəzalandırmırsa, o zaman Tehran da 30 milyonluq Cənubi Azərbaycan əhalisinin təməl haqları və öz müqəddəratı məsələsinin müzakirəsinə hazır olmalıdır”.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etməsi” haqqında sərsəm bəyanatla çıxış edib.

Aysel Aslan

Ardını oxu...
“Qərb ölkələri dünyadakı nüfuzunu itirir və arzuolunmaz hesab etdikləri ölkələrdə böhran yaratmağa çalışırlar”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə günü Moskvada MDB-dən olan həmkarları ilə görüş zamanı deyib.

“Qərb ölkələri öz hərbi potensialını sürətlə artırır, məcburetmə, şantaj və konstitusiyaya zidd hakimiyyət dəyişikliyi cəhdlərindən istifadə edərək, onlardan asılı olan dövlətlərə getdikcə daha aqressiv şəkildə öz şərtlərini diktə edirlər”, – Patruşev deyib və bu zaman rəhbərliyində təmsil olunduğu ölkənin nə etdiyini unudub.

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Cənubi Qafqaz məsələsinə toxunaraq, “kollektiv Qərbin mənfi rolunu” da qeyd edib.

“Azərbaycanla Ermənistan arasında nizamlanma o zaman mümkündür ki, qeyri-regional qüvvələr münaqişəyə müdaxiləni dayandırsınlar. Hələlik isə Qərbin addımları vəziyyəti daha da gərginləşdirir.

Qərb ölkələrinin addımları regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır”, – o, bəyan edib.

“Biz Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı inam və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq”, – Patruşev iddia edib.

Onun sözlərinə görə, Rusiya sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması maraqlarından çıxış edərək, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır.

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin bu parlaq ifadələri Kremlin Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan münasibətləri baxımından faktiki olaraq həyata keçirdiyi siyasətlə necə uzlaşır? Patruşevin bu çıxışında həqiqətə yaxın bir kəlmə varmı? Moskva reallıqda Bakı ilə İrəvan arasındakı vəziyyəti necə görmək istəyir?

Tanınmış politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu fikirlərini Pressklub.az-la bölüşüb.

“İlk növbədə qeyd etmək istəyirəm ki, Patruşev Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması baxımından Rusiya diplomatiyasının roluna cavabdeh olan şəxslər arasında heç də düzgün seçilmiş fiqur deyil”, – o deyib.

Analitikin sözlərinə görə, Rusiya, təbii ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi məsələsində Qərblə rəqabət aparır. Baxmayaraq ki, Rusiyanın sülh müqaviləsinin əldə olunmasında həqiqətən nə dərəcədə maraqlı olması ciddi sual doğurur.

“Əlbəttə, istisna etmirəm ki, Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizənin gündən-günə daha da kəskinləşdiyi bir vaxtda (bu isə göz qabağındadır) sülhün əldə olunmasında və iki ölkə arasındakı sülhün bağlanmasında vasitəçi kimi çıxış edəcək tərəf bundan faydalanacaq.

İstənilən münaqişə geosiyasi prosesin tərkib hissəsidir. Qərbin regionda maraqları başadüşüləndir. Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir zamanda Rusiyanın yolunu kəsmək və Moskvanın ora müdaxiləsinə mane olmaq istəyirlər. Rusiya isə təbii ki, Yaxın Şərqə öz yolunu açmaq istəyir. Ona görə də Rusiya Federasiyasına indi Cənubi Qafqazda təkcə siyasi deyil, həm də hərbi cəhətdən güclənmək lazımdır.

Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunması onlara yalnız bir halda faydalı ola bilər – tərəflər hər şeyi müstəqil şəkildə danışsınlar, fikir ayrılıqlarını aradan qaldırsınlar və müqavilə imzalasınlar.

Təbii ki, Rusiya da var gücü ilə buna nail olmağa çalışır, ancaq onun öz şərtlərinə və maraqları uyğun şəkildə. Eyni zamanda, düşünmürəm ki, Moskvanın Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün həqiqi və ciddi istəyi var. Görünür, Kreml Ermənistanla Azərbaycan arasındakı sərhəddə silahlı qüvvələrini yerləşdirməklə, təhlükəsizlik zəmanəti vermək istəyir. Bu o deməkdir ki, hər iki ölkə Rusiyanın nəzarəti altında olacaq.

İkincisi, Rusiya təhlükəsizliyi təmin etmək adı altında kommunikasiyalara nəzarət etmək istəyir. Prinsipcə, bu, həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinin məhdudlaşdırılması və Rusiya Federasiyasından asılı qalması üçün kifayət edəcək”, – tədqiqat mərkəzinin rəhbəri bildirib.

Oruclu deyir ki, bütün bunlar prosesin görünən hissəsi olsa da, hadisələrin görünməyən tərəfi də var.

“Prinsipcə, Avropa da oxşar maraqları güdür. Azərbaycan Avropanın vasitəçilik xidmətlərindən imtina edib. İndi Ermənistanın Rusiyanın xidmətlərindən imtina etməsi təhlükəsi var və bu, çox realdır. Və hər iki platformanın iki ölkə arasında sülhün əldə olunması baxımından faydasız və ya qeyri-funksional olduğu ortaya çıxanda, çox güman, Bakı ilə İrəvan arasında hansısa neytral ərazidə ikitərəfli danışıqlar başlayacaq. Məsələn, Gürcüstanda. Və bununla bağlı artıq müəyyən işartılar var. Bu, Ermənistan və Azərbaycanın baş nazirlərinin bu yaxınlarda Tiflisdə keçirilən görüşüdür. Bu, ikitərəfli sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə Əliyevin bəyanatıdır.

Belə bir oyun gedir və bu, Rusiyanı narahat edir. Çünki Azərbaycanla Ermənistan arasında birbaşa sülh əldə olunarsa, o zaman nəinki Qərb Cənubi Qafqaza girə bilməyəcək, eyni zamanda Rusiya da regiondan çıxmalı olacaq. Hesab edirəm ki, cənab Patruşevi məhz bu narahat edir. Unutmayaq ki, onun özü və rəhbərlik etdiyi Təhlükəsizlik Şurası məhz cənub istiqamətində işləyir. Təsadüfi deyil ki, bu adam tez-tez İrana səfər edir və İran liderləri ilə sıx əlaqələrə malikdir. Yəni, görünür, Cənubi Qafqazda hadisələrin son inkişafı Moskvanı qane etmir və ona görə də Patruşevin bu bəyanatı ortaya çıxıb. Bunun nə dərəcədə effektiv olacağını və tərəflərə təsir edib-etməyəcəyini zaman göstərəcək. Amma mənə elə gəlir ki, Ermənistan və Azərbaycanda kurs artıq az-çox müəyyənləşib”, – deyə Oruclu yekunlaşdırıb.

Mənbə: Pressklub.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
 

Ardını oxu...
Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edərək çıxış edib.
Bu mötəbər tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. ECO-ya üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.
Qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə EVO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Bu gün Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Prezident İlham Əliyev toplantıdakı çıxışında bildirib ki, hazırda ölkəmizdə münbit sərmayə iqlimi mövcuddur. Bunu da nəticəsində son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bu gün bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
Qeyd edilib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Bu gün ECO-ya daxıl olan ölkələr arasında əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Hazırda Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir.
Ümumiyyətlə, Azərbaycan son illər çevik xarici siyasəti ilə fərqlənir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verir. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyinin üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılması Azərbaycanın beynəlxalq proseslərdəki rolunun yüksək səviyyədə dəyərləndirilməsidir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə, o cümlədən Avropa Siyasi Birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına və s. dəvət olunması, bir sıra təşkilatlarda uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, çevik xarici siyasət yürütməsinin, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verməsinin bariz göstəricisidir.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Teref: Xocanın Blogu
 

Ardını oxu...
Rusiya Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada görüşünü təşkil etməyə hazırdır. Lakin hələlik dəqiq tarix yoxdur.

Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələləri üzrə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməzdir. Biz bu barədə razılığa gəldiyimiz zaman tədbirin haqda məlumat verəcəyik”, - Qaluzin bildirib.

Mixail Qaluzinin fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi -şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya uzun illər Serj Sarkisyan və Robert Koçaryan iqtidarını istifadə edərək Azərbaycana təzyiqlər göstərib:

"Eyni zamanda Qarabağ probleminin həllini uzadırdılar. İndi isə Şimal qonşumuz Nikol Paşinyanın Amerika və Avropaya yönümlü siyasət aparmasını nəzərə alaraq Azərbaycanı dəstəkləyir. Ermənistana bu və ya digər şəkildə təsir göstərməyə çalışırlar. Əlbəttə, rəsmi Moskvanın nüfuzlu şəxsləri Rusiya platformasına hazır olduqlarını bildirən müxtəlif açıqlamalar verirlər. Amma yaddan çıxarmayaq ki, bu gün Parisdə Makron və Paşinyan görüşməsi baş tutub. Paşinyan görüşün çox müvəffəqiyyətlə keçdiyini vurğulayıb və iki ölkə arasında əlaqələrin genişlənməsi haqqında tezislər səsləndirib. Bu isə o deməkdir ki, Moskvanın ne deməyindən asılı olmayaraq, Ermənistanın inkişaf yönümünü Qərbdə görür. Moskva platformasında Paşinyana qarşı təzyiqlər olacaq. Bu isə ümumiyyətlə Zəngəzurun Azərbaycana təhvil verilməsinə qədər gedə bilər. Nikol Paşinyan bunu bilə-bilə Moskva platformunda iştirak etmək təklifini geri çevirəcək".
Ardını oxu...
Mixail Saakaşvili 20 il əvvəl Gürcüstanda hakimiyyətə necə gəldi və niyə həbs olundu?
Düz 20 il əvvəl, 2003-cü il noyabrın əvvəlində Gürcüstanda “Qızılgül inqilabı” başladı. Ölkədə hakimiyyət gözlənilmədən və sürətlə dəyişdi: parlament seçkiləri ərəfəsində o vaxtkı Prezident Eduard Şevardnadze və onun “Yeni Gürcüstan naminə” blokunun mövqeyi kifayət qədər sabit görünürdü. Lakin səsvermədən iki həftə sonra, nəticələri müxalifət tərəfindən tanınmayan dövlət başçısı küçə təzyiqinə görə postunu tərk etməli olub. Hakimiyyət dəyişikliyində əsas rol oynayan müxalifət qüvvələrinin liderlərindən biri parlament binasına basqın edərək etirazçıları hakimiyyətin razılığına təslim olmamağa çağırdı. Bu, gənc hüquqşünas Mixail Saakaşvili idi - Şevardnadzenin istefasını sonadək tələb edən və nailiyyət əldə edən Mişa ləqəbli Saakaşvili...
Mixail Saakaşvilinin böyük islahatlarından cinayət təqibinə və səkkiz illik mühacirət həyatınadək siyasi yolu haqqında "Lenta.ru" maraqlı material hazırlayıb. AYNA sözügedən məqaləni istinadla təqdim edir:
Gürcüstanda kütləvi etirazlar 2003-cü il noyabrın 22-də Prezident Eduard Şevardnadzenin parlamentin yeni iclasını açmağa cəhd etməsi ilə pik həddə çatdı. Bu vaxta qədər minlərlə müxalifət tərəfdarı deputatların toplaşdığı binanın qarşısına gəlmişdi.
Etirazçılar Prezident Eduard Şevardnadzenin çıxışını pozaraq onu mühafizəçiləri ilə birlikdə qaçmağa məcbur etdi. Tezliklə Şevardnadze fövqəladə vəziyyət elan etdi və təhlükəsizlik qüvvələrini səfərbər etməyə çalışdı, lakin bir çox bölmələr hökuməti dəstəkləməkdən imtina etdi.
Noyabrın 23-də Eduard Şevardnadze Krtsanisi iqamətgahında müxalifət liderləri Mixail Saakaşvili və Zurab Jvaniya ilə görüşdü. Qısa söhbətdən sonra Prezident istefa verdiyini açıqladı. Bu, Tbilisi küçələrində eyforiyaya səbəb oldu. 50 mindən çox etirazçı qələbəni bütün gecəni atəşfəşanlıq və rok konserti ilə qeyd etdi.

"Çiçəklənən ölkə"
2004-cü il yanvarın 4-də Gürcüstanda növbədənkənar prezident seçkiləri keçirildi və bu seçkilərdə Mixail Saakaşvili 96,2 faiz səs toplayaraq qalib gəldi.
Bunun ardınca əvvəlki nəticələrinin ləğvi ilə bağlı keçirilən parlament seçkiləri baş tutdu. Müxalifət də qeyd-şərtsiz, yəni Prezidentin rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyası 67 faiz səs toplayaraq qələbə qazandı.
Gürcüstanda hakimiyyət tamamilə Mixail Saakaşvilinin başçılıq etdiyi birləşmiş qərbyönlü müxalifətə keçdi, o da öz növbəsində ölkədə islahatlar aparmaq üçün "kart-blanş" əldə etdi.
İslahatların zəruri olduğuna az adam şübhə edirdi. SSRİ-nin dağılması imtiyazlı statusunu itirən və müstəqil şəkildə daha da inkişaf etmək məcburiyyətində qalan Gürcüstana ağır zərbə vurdu. 1991-1994-cü illərdə ölkənin ÜDM 105 faiz azalıb, ölkədə hərbi çevriliş və vətəndaş müharibəsi baş verib. Qərb ölkələrinin və beynəlxalq təşkilatların köməyi Gürcüstanın uçurumun kənarında qalmasına kömək etdi, amma iqtisadi inkişafdan söhbət getmirdi.

Mixail Saakaşvili (ortada) 22-23 noyabr Tbilisidə mitinqdə - 2003-cü il
Yeni hakimiyyətin qarşısında əslində Eduard Şevardnadze ilə eyni vəzifələr - öz ölkələrinin normal iqtisadi inkişafını təmin etmək idi. Saakaşviliyə və komandasına haqqını verməyə dəyər - onlar həqiqətən də ölkədə genişmiqyaslı və səmərəli islahatlar aparmağa başladılar: korrupsiyaya qarşı sistemli mübarizəyə başladılar, mənimsəmə və rüşvətxorluqda təqsirli bilinən məmurları və hüquq-mühafizə orqanlarının əməkdaşlarını işdən azad etdilər. Eyni zamanda, dövlət sektorunda maaşlar əhəmiyyətli dərəcədə artdı ki, bu da məmurları rüşvət almadan layiqli həyat tərzi ilə təmin etdi.
Bütün bunlar xalqın hakimiyyətə inamını gücləndirdi, etibam pik həddə çatdı - vətəndaşların 88 faizi polisə etibar edirdi.
"Elə ölkələr var ki, boz və gözəgörünməz qalmaqla sağ qalırlar. Biz bunu edə bilmərik. Ya biz çox uğurlu olacağıq, ya da Gürcüstan ümumiyyətlə mövcudluğunu itirəcək", Saakaşvili Gürcüstan Prezidenti seçilərkən bildirmişdi.
Mişanın hakimiyyətinin ilk illərində dövlətin iqtisadiyyatda iştirakı azaldıldı, bürokratik maneələr və ləngimələr aradan qaldırıldı, vergi və gömrük sistemləri ciddi şəkildə sadələşdirildi. Ölkə biznesin asanlığına görə 137-ci yerdən 11-ci yerə, qəbul edilən korrupsiyaya görə isə 124-cü yerdən 55-ci yerədək irəlilədi. Ölkədə 22 vergidən 6-sı qaldı, idxal mallarına rüsumlar 90 faiz azaldıldı. Hökumət infrastruktura, kommunal xidmətlərə, yollara, məktəblərə və xəstəxanalara sərmayə qoydu.
Prezident Mixail Saakaşvilinin və iqtisadiyyat naziri Kaxa Bendukidzenin islahatları haqlı olaraq “iqtisadi möcüzə” adlandırıldı.

Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze Prezident Aparatını ziyarət etdikdən sonra ofisdən şəxsi əşyalarını götürüb işçilərlə vidalaşır - Tbilisi, Gürcüstan - 26 noyabr 2003-cü il
Ölkədə sırf daxili inkişafa paralel olaraq Qərb sərmayələri fəal şəkildə daxil oldu – Gürcüstan öz ÜDM-nin demək olar ki, beş faizini güzəştli kreditlər və qrantlar şəklində aldı.
Hakimiyyətlərinin ilk illərində gənc islahatçılar həqiqətən də Gürcüstanı 1990-cı illərin bataqlığından çıxara bildilər. Bununla belə, komandanın ilk uğurları kifayət qədər dərin deyildi və gənc Prezidentin sonrakı hərəkətləri onun nailiyyətlərinin çoxunu sildi.
Amma "biz əcdadlarımızın arzuladığı Gürcüstanı, arzuladığımız Gürcüstanı yaratmalıyıq", - deyə Mişa bildirirdi.
Mixail Saakaşvili sosial-iqtisadi məsələlərin həlli ilə yanaşı, Gürcüstanın köhnə ərazi problemlərinin həlli ilə də enerjili məşğul olmağa başladı. Məsələ ondadır ki, SSRİ dağılandan sonra qanlı münaqişələr zamanı Abxaziya və Cənubi Osetiya Gürcüstandan ayrılaraq faktiki olaraq "müstəqil" olmuşdular. Acarıstanda və Kodori dərəsində hakimiyyəti ələ keçirən yerli “knyazlıqlar” da mərkəzə tabe olmadılar. Bütün bunlar Gürcüstanda son dərəcə radikal hissləri gücləndirdi. Ölkənin milli muxtariyyətlərə nəzarəti itirən ilk Prezident Zviad Qamsaxurdiya osetin xalqını “zibil” adlandıraraq onlara “ya boyun əyib gürcü olmağı, ya da Rusiyaya getməyi” təklif etmişdi.
Ərazi mübahisələrinin həlli
Növbəti lider Eduard Şevardnadzenin dövründə Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə barışıq əldə etdi. Əslində münaqişələr dondurulsa da, mərkəz bu bölgələrə iddialarından əl çəkmədi.
Mixail Saakaşvili hakimiyyətə 1990-cı illərin əvvəllərindəki acı və alçaldıcı məğlubiyyətlərin qisasını almaq və gürcülərin, onların hesab etdiyi kimi, ədaləti və ölkənin ərazi bütövlüyünü bərpa etmək istəyinin dalğasında gəldi. Gənc Prezidentin ilk cəhdi Acarıstanla bağlı oldu.

Acarıstanın inzibati sərhədində, Çoloki çayı üzərində partlamış avtomobil körpüsündə - Batumi, 2 may 2004-cü il
1991-ci ildən Türkiyə ilə sərhəddə yerləşən sahil bölgəsi yerli parlamentin sədri Aslan Abaşidzenin (Gürcüstanın bu vilayətini 15-ci əsrdən demək olar ki, davamlı olaraq idarə edən Acarıstanın suveren knyazlarının nəslindəndir) hakimiyyəti altında idi. O, Gürcüstandan ayrılmaq iddiasında olmasa da, mərkəzi hökumətə tabe olmayıb, bölgənin vergi və gömrük sistemlərinə nəzarət edib.
"Bu xain o qədər ağır cəzalandırılacaq ki, onun bütün nəsli bunu xatırlayacaq", Saakaşvili Abaşidzedən danışarkən bildirmişdi.
Saakaşvili ilə Abaşidze arasında münaqişə "Qızılgül inqilabı" zamanı, sonuncunun Gürcüstanın gələcək Prezidentini faşistlikdə ittiham etməsi ilə başladı və 2004-cü ilin mayında pik həddə çatdı. Rusiyanın müdaxiləsi sayəsində irimiqyaslı toqquşmaların qarşısı alındı. Aslan Abaşidze Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanovla danışıqlardan sonra istefa verdi və Moskvaya qaçdı. Nəzarət altına qaytarılan ərazilərin siyahısına Saakaşvili ilk imzasını qoydu.
Yeni hakimiyyətin növbəti uğurlu əməliyyatı Kodori dərəsinin Tbilisiyə tabe edilməsi oldu. 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsindən bəri Abxaziyanın dağlıq hissəsindəki dərə səhra komandiri Emzar Kvitsiani tərəfindən idarə olunurdu. Rəsmi olaraq o, Prezidentin nümayəndəsi, qoşunları isə ordu batalyonu sayılırdı. Əslində isə Kvitsiani heç kimə tabe olmayıb, ucqar ərazini müstəqil idarə edirdi. Həmin illərdə Kodori dərəsinin əhalisi demək olar ki, beş min nəfərdən çox deyildi, lakin Gürcüstan üçün bu, Abxaziya üzərində nəzarətin bərpası elementi kimi vacib idi.

Abxaziyadakı çay dərəsi, Kodori dərəsi - 11 iyul 2006-cı il
"Qızılgül inqilabı" zamanı Kvitsiani Şevardnadzeni dəstəklədi, bunun üçün sonradan vəzifəsini itirdi və bölmələri rəsmi olaraq ləğv edildi. Onun mərkəzə tabe olmaqdan imtina etməsindən sonra Gürcüstan 2006-cı ilin iyulunda dərədə xüsusi əməliyyata başladı. Hüquq-mühafizə orqanları və ordu qüvvələrinin bölmələri effektiv hərəkət edərək bir həftədən az müddətdə dərəyə nəzarəti ələ keçirə bildi və Kvitsiani özü Rusiyaya qaçdı.
İki il ərzində Saakaşvili ölkənin dörd ərazi problemindən ikisini effektiv və praktiki olaraq qansız həll edə bildi. Bu, Gürcüstanda sevinclə qarşılanmaqla yanaşı, yeni qələbələrə həvəsləndirdi. Bunlar isə Abxaziya və Cənubi Osetiyada dəhşət, Rusiyada təşviş yaratdı. Axı Gürcüstanın yeni hakimiyyət orqanlarının effektiv sərtliyi çox keçmədən ABŞ-ın gücü ilə tamamlanırdı.
Yalan ümidlər
Gürcüstan Şevardnadzenin dövründə Qərb inkişaf yoluna qədəm qoydu, lakin ölkə məhz ABŞ-la kəskin yaxınlaşmağa arxalanan Mixail Saakaşvilinin dövründə tam Avroatlantik kursa getdi.
"Gürcüstana Rusiya düşmən kimi lazım deyil. Bizə dost kimi Rusiya lazımdır", - deyə Saakaşvili bildirsə də, Tbilisi küçələrindən birinin adının Corc Buş prospektinə dəyişdirilməsi Birləşmiş Ştatlara sırf simvolik bir işarə idi.

ABŞ Prezidenti Corc Buş və Gürcüstan Prezidenti Mixail Saakaşvili on minlərlə insanı salamlayır - Tbilisinin mərkəzindəki Azadlıq meydanı, 10 may 2005-ci il
Qərbin yardımı sayəsində Gürcüstanın büdcəsi 2005-2008-ci illərdə 30 dəfə artdı. Pul digər şeylərlə yanaşı, müdafiəyə də xərclənirdi: müharibədən əvvəlki bir neçə il ərzində Gürcüstanın silahlı qüvvələrinin sayı artdı və ordu fəal şəkildə müqavilə sisteminə keçirdi. Hərbi personalın əksəriyyəti ABŞ-da təlim keçdi, iki min gürcü əsgəri İraqda müharibə təcrübəsi keçdi.
Bununla belə, problemlər də var idi. Bölmələr dünyanın hər yerindən, xüsusən də ABŞ, İsrail, Türkiyə və Ukraynadan avadanlıq aldı ki, bu da birləşmə və texniki xidmətdə problemlər yaratdı. Bundan əlavə, təchiz edilmiş zirehli texnika və artilleriya sistemləri həmişə yaxşı vəziyyətdə deyildi. Hərbi heyətin hazırlıq səviyyəsi və nizam-intizamı ilə bağlı problemlər var idi.
Buna baxmayaraq, bir neçə il ərzində Mişanın komandası 1990-cı illərin mahiyyətcə dağılmış nizamsız birliklərini postsovet məkanında potensial olaraq ən döyüşə hazır ordulardan birinə çevirmək üçün çox işlər gördü.
Saakaşvilinin özü də qələbə üçün ordu qurduğunu gizlətmirdi və böyük qurbanlar bahasına olsa belə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazır olduğunu bəyan etmişdi.
"Biz Gürcüstanın azad olması üçün səbirli olmağa və hər cür fədakarlıq etməyə həmişəkindən çox hazırıq", - deyə Mişa açıqlamasında vurğulamışdı.
Üstəlik, o, Rusiya sülhməramlılarının himayəsində olan Abxaziya və Cənubi Osetiya üzərində mərkəzi nəzarəti bərpa etmək planlarından birbaşa danışırdı.
Ordu hissələrinin gücləndirilməsi ilə paralel olaraq, Gürcüstan getdikcə NATO-ya yaxınlaşırdı: 2006-cı ildə parlament yekdilliklə ölkənin Şimali Atlantika Alyansına inteqrasiyasına səs verdi. Gürcülər 2008-ci ilin yanvarında keçirilən referendumda NATO-ya üzv olmaq üçün səs verdilər.
Artıq 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstana üzvlüklə bağlı fəaliyyət planı təqdim edilməsə də, NATO-ya üzv ölkələrin yekun bəyanatı belə perspektivlər üçün son dərəcə nikbin idi. Əslində Saakaşvilidən gözlənilən yalnız Cənubi Osetiya və Abxaziya ilə problemlərinin həlli idi.
Rusiyadan baxanda belə görünə bilər ki, Gürcüstanın apriori Cənubi Osetiya ərazisində Rusiya ilə hərbi münaqişədə qalib gəlmək şansı yox idi. Lakin Gürcüstanın çoxsaylı rus bölmələri ilə döyüşmək planları da yox idi.

Gürcü əsgərləri Qori ilə Tbilisi arasındakı yolda mülki avtomobilin yük yerində - 11 avqust 2008-ci il
Hərbi tarixçi Yevgeni Nori deyir ki, Cənubi Osetiya Rusiya ilə yalnız Roki tuneli vasitəsilə bağlıdır. Respublika ərazisində yalnız bir rus sülhməramlı batalyonu var idi və yerli milislərin ən döyüşə hazır hissələri yox idi. Əgər gürcü ordusu Cənubi Osetiyanın paytaxtı Sxinvalidən tez yan keçib Roki tunelini bağlaya bilsəydi və Rusiya buna ləng reaksiya versəydi, Saakaşvilinin sülhün bərqərar olması şərtlərini diqtə etmək şansı olardı.
2008-ci ilin avqustunda Cənubi Osetiyada müharibəyə başlayan Saakaşvili təkcə Gürcüstanın ərazi problemlərini həll etmək istəmədi, həm də anti-Rusiya kursunun effektivliyini və məqsədəuyğunluğunu nümayiş etdirməyi planlaşdırdı. Bunun üçün o ABŞ və müttəfiqlərindən maksimum dəstək almağa çalışdı.
Demokratiyadan diktaturaya
2008-ci ilin avqustunda Saakaşvilinin başlatdığı müharibə Gürcüstan silahlı qüvvələrinin məğlubiyyəti ilə başa çatdı, ölkəni sülhə vadar etdi və Rusiya iki separatçı respublikanın "müstəqilliyini" tanıdı. Hərbi məğlubiyyət və keçmiş ərazilər üzərində nəzarəti bərpa etmək şanslarının itirilməsi Gürcüstan cəmiyyətində şok və Saakaşvili dövrünün tənəzzülünün başlanğıc nöqtəsi oldu. Lakin bundan əvvəl Gürcüstan “gənc demokratiya”dan tipik avtoritar rejimə doğru gedirdi. Şünki qeyri-demokratik meyillər hələ müharibə başlamazdan əvvəl güclənməkdə idi. Belə ki, 2007-ci ilin sentyabrında ardıcıl olaraq daxili işlər naziri və müdafiə naziri postlarını tutan Prezidentin müttəfiqi İrakli Okruaşvili onun silahdaşı Zurab Jvaniyanı qətlə yetirməkdə və müxalifətçi iş adamı Badri Patarkatsişvilinin qətlini hazırlamaqda ittiham etdi.
Bununla ölkədə müxalifətin kütləvi etirazları başladı və onlar polis xüsusi təyinatlıları tərəfindən yatırıldı. 500-dən çox insan xəstəxanalara müraciət etdi və onlara dəyənək və rezin güllələrdən xəsarətlər və gözyaşardıcı qazdan zəhərlənmə diaqnozu qoyuldu. Hakimiyyət müxalifət mediasını da bağladı.
Saakaşvilinin bu addımları NATO və insan haqları təşkilatı "Human Rights Watch" tərəfindən pislənildi.

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Kiyevin Müstəqillik meydanında etirazçılarla görüşür - 7 dekabr 2013-cü il
Şok islahatından repressiv polis rejiminə çevrilən “demokratiya məşəli” sönürdü. 2008-ci ildə müharibədə məğlubiyyətdən sonra Mişa Qərb tərəfdaşlarının qeyd-şərtsiz dəstəyini itirdi. Avropa İttifaqının beynəlxalq komissiyasının 2009-cu ilin sentyabrında dərc etdiyi hesabatda Saakaşvili rejimi birbaşa olaraq müharibəyə başlamaqda ittiham olunurdu və Rusiyanın hərəkətləri “ağlabatan sərhədləri aşsa” da, hələ də qanuni sayılırdı.
Prezidentə qarşı növbəti tənqidlər artmağa başladı. 2010-cu ildə "Freedom House" qeyri-hökumət hüquq müdafiə təşkilatı hesabat dərc edib və hesabata görə, Saakaşvili dövründə Gürcüstanda korrupsiyanın səviyyəsi on il əvvəl Eduard Şevardnadzenin dövründə olduğu kimi qalıb.
Ancaq ən pisi hələ qarşıda idi. 2012-ci il parlament seçkilərinə bir həftə yarım qalmış Gürcüstanın bir neçə televiziya kanalı həbsxanalarda məhbuslara qarşı həbsxana nəzarətçiləri tərəfindən törədilən işgəncə, zorakılıq və zorlama videolarını nümayiş etdirdi. Sonradan məlum oldu ki, işgəncə və zorlamalar daxili işlər naziri Baço Axalianın göstərişi ilə baş verib və Penitensiar Xidmətin rəisi David Çaxua bundan xəbərdar olub, heç bir şəkildə müdaxilə etməyib.
Onların hər ikisi istefa verdi, Saakaşvili problemi həll edəcəyinə söz verdi, amma artıq gec idi. Seçkilərdə müxalif “Gürcü arzusu” demək 55 faiz, hakim Vahid Milli Hərəkat Partiyası isə 40 faizdən bir qədər çox səs topladı. Beləliklə, “çiçək dövrü” başa çatdı.

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili 2007-ci ildə Tbilisidə hökumət əleyhinə kütləvi etirazların zorakılıqla dağıdılması ilə bağlı məhkəmə prosesi zamanı klinikadan videobağlantı vasitəsilə ekrana çıxıb - Gürcüstan, 27 oktyabr, 2023-cü il
Formal olaraq, Saakaşvili daha bir il Prezident olaraq qaldı. Onun partiyası parlamentdə çoxluğu itirmiş, imkanları son dərəcə məhdudlaşmışdı. Hələ Prezident müddəti bitməmiş Mişa Gürcüstandan Belçikaya getmişdi. Bundan sonra ona qarşı vətənində vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitlərini mənimsəmə maddələri ilə cinayət işi açıldı.
Saakaşvili sonra Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışdı. Onu vəzifəyə təyin edən Ukraynanın o vaxtkı Prezidenti Pyotr Poroşenkoya qarşı “MixoMaydan” təşkil etdi və Volodimir Zelenski ilə münasibətlər qurmağa çalışdı. Bununla belə, uğursuzluğu davam etdi.
2021-ci ildə Saakaşvili yerli siyasətə parlaq qayıdış ümidi ilə Gürcüstana qeyri-qanuni daxil ola bildi. Lakin Mişa həbs edildi. Saakaşvili hələ də həbsdədir və vəkilinin sözlərinə görə, keçmiş Prezidentə vərəm və demans daxil olmaqla 36 xəstəlik diaqnozu qoyulub.
“Qızılgül inqilabı”nın başlanmasından 20 il keçdi, bu müddət ərzində Gürcüstan xeyli dəyişdi. Ölkənin siyasəti Avro-Atlantik vektorunu saxlayır və Abxaziya və Cənubi Osetiyaya iddia edir. Eyni zamanda, Gürcüstan keçmişdən görünür dərs alıb, ölkə anti-Rusiya sanksiyalarına qoşulmayıb və Rusiyaya paralel idxalı inkişaf etdirir.
Saakaşvili tarixdə mürəkkəb, qeyri-adi şəxsiyyət olaraq qalır. Hətta onu tənqid edənlər də zaman keçdikcə onun hakimiyyətinin ilk illərinin iqtisadi uğurlarını etiraf edirlər. Öz növbəsində, keçmiş Prezidentin tərəfdarları bildirirlər ki, əvvəllər gənc və perspektivli islahatçı hakimiyyəti əldə saxlamaq üçün sonda qanlı avantüralara düşdü. Beləliklə, Mişanın karyerası başa çatdı və özü də xəstə məhbusa çevrildi.
Müəllif: Turan Abdulla
 
 
 

Dünyapress TV

Xəbər lenti