Yevlaxda bir ilk: Azərbaycan yeni status qazana bilər – Gözlənilməz…
Yevlaxda bir ilk: Azərbaycan yeni status qazana bilər – Gözlənilməz…
facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share
2023-09-20 20:11:04
Yevlaxda bir ilk: Azərbaycan yeni status qazana bilər – Gözlənilməz…
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri bu gün saat 13:00-dan etibarən tam dayandırıldı. Buna səbəb qarşı tərəfin Azərbaycanın şərtləri əsasında danışıqlar masasına oturmağa hazır olduğunu bildirməsi oldu.

Erməni sakinlərin nümayəndələri rəsmi Bakının üç şərtini qəbul etdi:

1. Hərbi əməliyyatlar dayandırılacaq;

2. Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqları silah və texnikalar habelə separatçı silahlı qüvvələr tərk-silah edilib ərazidən çıxarılacaq;

3. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək;

Erməni ordusunun hərbçilərinin, habelə separatçıların hərbi birləşmələrinin ərazimizdən çıxarılması, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabah Yevlaxda görüşün keçiriləcək olması müsbət hadisədir.

Xüsusilə hərbi birləşmələrin ərazidən çıxarılması lokal toqquşmalar riskini ciddi ölçüdə azaldır. Reinteqrasiya prosesi çərçivəsində Yevlaxda görüşün keçirilməsi isə qarşı tərəfin dövlət statusundan imtina etdiyi, Azərbaycanın daxili subyekti olduğunu qəbul etməsi deməkdir.

Burada sual doğuran məqamlar da var:

Birincisi, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxıb, tam şəkildə tərk-silah olunaraq Azərbaycan ərazilərini tərk edəcəkləri deyilsə də, separatçılar vaxt qazanmaq üçün də bu yola əl ata bilər. Digər tərəfdən proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi də bu narahatlığı artırır.

Məsələ ondadır ki, 2020-ci ildə də 10 Noyabr bəyanatının dördücü bəndinə əsasən Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edilib, ərazini tərk etməli, paralel olaraq da sülhməramlılar əraziyə gəlməli idi. Lakin sülhməramlılar regiona gəlsə də, nə Ermənistan silahlı qüvvələrinin birləşmələri, nə də qeyri-qanuni erməni silahlı dəstələri regiondan çıxarıldı.

İkincisi, bugünkü açıqlamada artıq məhv olmuş separatçı “hökumət” və “parlament”, habelə ona bağlı yerli “özünüidarəetmə orqanlarının” özünü buraxması, “polis” və bu qəbildən olan silahlı “təhlükəsizlik qüvvələrinin” tərk-silah edilməsinə dair heç bir nüans qeyd edilmədi.

Qarabağdakı ermənilərə yalnız “milli azlıq” statusu verilə bilər. Lakin qondarma “hökumət” və “parlamentin” buraxılmaması ermənilərin muxtariyyət tələblərinin hələ də aktual olduğunu göstərir.

Üçüncüsü, sentyabr 21-də Yevlaxda keçiriləcək görüşdə tərəflərin müzakirə edəcəyi məsələlər məlum deyil. Məsələ ondadır ki, proseslərdən əvvəl Rusiya XİN başçısı Sergey Lavrovun hazırladığı deyilən 14 maddəlik sənəd rus və erməni mediasında geniş şəkildə tirajlandı. Sənədin mahiyyəti ümumi mənada ermənilərə yüksək muxtariyyət ehtiva edirdi. Düzdür, sabahkı görüşdə bu sənəd əsasında müzakirənin olub-olmayacağı haqda nəsə demək çətindir, lakin ehtiyatı əldən vermək olmaz. Bu sənəd bizim maraqlarımıza qətiyyən uyğun deyil.

Dördüncüsü, Rusiya Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqlarını, habelə separatçı silahlı qüvvələri çıxarmasından sonra sülhməramlı kontingentin sayını artırmaq istəyə bilər.

Yuxarıda qeyd etdiklərim ehtimal risk faktorlarıdır.

Antiterror tədbirlərinin cəmi bir gün ərzində nəticə verməsi, şübhəsiz ki, ölkəmizin və ordumuzun uğuru, qələbəsidir. Hərb meydanında əldə etdiyimiz nəticəni Yevlax görüşündə masada təkrarlamalıyıq.

Sabahkı danışıqlarda mövqeyimizdən geri addım atmamalı, tələblərimizi diktə etməliyik. Xüsusilə Qarabağ ermənilərinə “milli azlıq” statusundan başqa statusun verilməsi qəbul edilməməlidir. Onlar da digər “milli azlıq”lar kimi Azərbaycan konstitusiyasında qeyd edilən imtiyazlardan faydalana bilər. Qondarma “hökumətin” və “parlamentin” buraxılması, erməni icmasına Bakının seçdiyi şəxsin rəhbərlik etməsi təmin olunmalıdır.

Separatçıların keçmiş “rəhbərləri”nin, I və II Qarabağ müharibəsində ordumuza və mülki əhaliyə qarşı qəddarlıq etmiş şəxslərin təhvil verilməsi də mütləq gerçəkləşməlidir. Bu şəxslər Azərbaycan qanunları qarşısında cavab verməlidirlər.

Bütün bunlara nail ola bilsək, “Qarabağ münaqişəsi birdəfəlik bitdi” deyə bilərik. Bu həm də Azərbaycana postsovet məkanında münaqişə həll etmiş tək ölkə statusu verəcək.
Turan Rzayev
 

Dünyapress TV

Xəbər lenti