Ardını oxu...
"İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır". Bu barədə İran Xarici işlər Nazirliyinin sözçüsü Naser Kənani bugünkü mətbuat konfransında deyib. Sözçü qeyd edib ki, iki ölkə arasında dostluq və hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ümumi bir arzu var. Belə ki, hər iki tərəf regionda sabitliyin və təhlükəsizliyin, eləcə də sərhədlərdə təhlükəsizliyin qorunmasını vurğulayır. Amma müşahidələr deməyə əsas verir ki, İranla Ermənistan arasında siyasi çat dərinləşir…
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranla Ermənistan arasında münasibətlər kifayət qədər "konstruktiv və yaxındır, yaxşıdır" deyə iddialar səsləndirməyin normal olduğunu və yaxud da münasibətlərin həqiqətən inkişaf etdiyini düşünmür.

“Bunlar sadəcə şablon ifadələrdir. Xarici işlər nazirləri və nazirliklərin sözçüləri həmişə bu mövqeni bildirirlər. Hətta münaqişə vəziyyətində olan dövlətlər belə bir çox hallarda diplomatik gediş kimi münasibətlərin yaxın və konstruktiv olması haqda şərh verə bilər.

Xəyal Bəşirovun fikrincə, hansısa məsələdə konstruktiv ola bilərlər və yaxud da hansısa məsələlərdə olmaya bilərlər.

“Yaxın olmaq qonşuluq kimi ola bilər və yaxud münasibətlərin yaxın olmasını müxtəlif formada da izah etmək olar. Bugünkü reallıqlar onu əks etdirmir. Mövcud reallıqlardan çıxış etsək, İranla Ermənistan arasında münasibətlərin heç də yaxşı olmadığını dilə gətirmək daha məqsədəuyğun ola bilər.

Düzdür, İkinci Qarabağ müharibəsindən sonra İranla Ermənistanın münasibətlərində fərqli bir görüntünün şahidi olduq. Amma İkinci Qarabağ müharibəsindən sonra reallaşan yeni proseslər, ondan sonra baş verən hadisələrə əsasən deyə bilmərik ki, eyni vəziyyət davam etməkdədir. İkinci Qarabağ müharibəsindən təxminən 2 il sonra, yəni 2022-ci ilin oktyabrından başlayaraq, Ermənistan öz ərazilərində demək olar ki, dünyanın İranla düşmən olan bütün dövlətlərinin silahlarını yerləşdirib. Ora keçmiş jandarma qüvvələri, polis işçiləri və kəşfiyyatçılar da daxildir. Daha doğrusu, İkinci Qarabağ müharibəsi reallaşandan sonra İranın "böyük şeytan" adlandırdığı və düşmən olaraq təbliğat apardığı Amerika Birləşmiş Ştatlarının ordusu Ermənistanda təlim keçir. Ötən il də keçirilib, bu il də keçirilir. Artıq ənənə halını alıb. Kanadanın silahlıları Ermənistana yerləşib. Baxmayaraq ki, adını Avropa İttifaqının missiyası qoyublar. Kanadanın Avropa İttifaqına heç bir adiyatı yoxdur. Amerika Birləşmiş Ştatlarının da Avropa İttifaqına heç bir adiyatı yoxdur”-deyən politoloq hesab edir ki, burada məqsəd gələcəkdə İranın hansısa bir addımlar atacağı təqdirdə, məsələn nüvə silahının əldə edilməsi istiqamətində addımlar, İsraillə müharibə istiqamətində və yaxud Qərbin, Amerika Birləşmiş Ştatlarının maraqlarına zidd hər hansı bir addım atacağı təqdirdə həmin o qüvvələrdən İrana qarşı istifadə ediləcəyi açıq şəkildə gündəmdədir.

Xəyal Bəşirov bildirib ki, Ermənistana yardımlar edilir, Ermənistana hava hücumundan müdafiə sistemləri, raketlər verilir. Politoloq deyir ki, bütün bu silahların gələcəkdə Ermənistanın revanşist hisslərinin reallaşdırması üçün verildiyini düşünmür. Xəyal Bəşirov hesab edir ki, gələcəkdə silahlardan İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı heç kim zəmanət verə bilməz.

“Əslində o prizmadan yanaşanda bu reallıqları qəbul edib, bu prosesə münasibət bildirəndə İranla Ermənistan arasında münasibətlərin normal olmaması müşahidə edilir. İranda hakimiyyət dəyişikliyi də baş verdi. Nəzərə ala bilərik ki, bunu İranın daxilində olan bəzi qüvvələr əvvəlki hakimiyyətin üzərinə ata bilərlər. Biz bilirik ki, əslində İranda hakimiyyətin həyata keçirilməsi, qərarların verilməsi, idarəsi İranın ali dini liderinə məxsusdur. Hər bir halda rəsmiyyətdə münasibətləri quran, əlaqələri saxlayan İran prezidenti, İranın nazirlər kabineti və İranın xarici işlər naziridir. Bunlar da tam şəkildə dəyişib. İranla Ermənistan arasında olan münasibətlərin qurulmasını həmin hakimiyyətin adına yazmaq niyyətləri ortaya qoyula bilər və yaxud Azərbaycanla münasibətlərin pisləşməsini onların adına yaza bilərlər”-deyə Xəyal Bəşirov qeyd edib.
 
Ardını oxu...
ABŞ prezidenti Co Bayden mart ayında gizli şəkildə ölkənin nüvə strategiyasına dəyişiklikləri təsdiqləyərək, Vaşinqtonun tək Moskva deyil, nüvə silahı olan üç ölkənin - Rusiya, Çin və Şimali Koreyanın koordinasiyalı təhdidinə hazır olmasını şərtləndirdi.

Nüvə Məşğulluğu Rəhbərliyi o qədər məxfidir ki, onların elektron nüsxələrini yaratmaq qadağandır, onlar yalnız məhdud sayda kağız nüsxədə mövcuddur.

Bununla belə, New York Times yazır ki, aşağı səviyyəli administrasiya rəsmilərinin son iki çıxışında strategiyadakı dəyişikliklər qeyd edilib. Nə.rin məlumatına görə, onlara xüsusi olaraq bu ifadələri söyləmək səlahiyyəti verilib. Belə ki, iyun ayında Milli Təhlükəsizlik Şurasının direktoru Pranay Vaddi bildirib ki, yeni strategiya “Rusiya, Çin və Şimali Koreyanın eyni vaxtda tutulmasının vacibliyini vurğulayır”. NYT yazır ki, prezidentlik müddəti bitməzdən əvvəl (20 yanvar 2025-ci il) Baydenin Konqresə strategiya dəyişikliyi ilə bağlı məxfi olmayan bildiriş göndərəcəyi gözlənilir və bu, bu keçmiş və ya indiki məmurların açıqladıqlarından daha ətraflı olacaq.

1940-cı illərdən bəri Amerikanın nüvə strategiyasının əsas diqqəti Sovet İttifaqı və Rusiyadan gələn təhlükədir. Bu, Birləşmiş Ştatlarla müqayisə edilə bilən nüvə arsenalına malik yeganə ölkə idi və digər nüvə güclərinin ABŞ-la qarşıdurmada onunla koordinasiyaya girməsi riski aşağı səviyyədə qiymətləndirilirdi.
Lakin son illərdə Çin və Şimali Koreya nüvə silahı ehtiyatlarını sürətlə artırmağa başlayıb. Eyni zamanda, bu silahların məhdudlaşdırılması ilə bağlı danışıqlara girmək istəmirlər; Beynəlxalq nüvə silahlarına nəzarət rejimi son illərdə artıq dağılır. Bu ölkələrin döyüş başlıqlarının sayını bildirmək üçün heç bir mexanizm yoxdur, lakin Pentaqon Çinin 2030-cu ilə qədər 1000, 2035-ci ilə qədər isə 1500 nüvə başlığına sahib olacağını təxmin edib ki, bu da ABŞ və Rusiyanın arsenallarında olan sayına yaxındır. Mənbələr New York Times-a bildiriblər ki, Çin hətta bu cədvəli qabaqlaya bilər. Şimali Koreya, Amerikanın hesablamalarına görə, hazırda 60-a yaxın döyüş başlığına malikdir.
 
 
 
Ardını oxu...
Ukrayna ordusu hazırda Kursk vilayətində 1260 kvadrat kilometrdən çox əraziyə və 93 yaşayış məntəqəsinə nəzarət edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Sumı və Çerniqov vilayətlərində sərhəd əraziləri hələ də atəş altındadır.

A.Sırski bildirib ki, Kursk vilayətində hücum zamanı Ukrayna Silahlı Qüvvələri düşmən müdafiəsinin 25-35 km dərinliyinə qədər irəliləyib.

Ruslar Ukrayna Müdafiə Qüvvələrinin daha da irəliləməsinin qarşısını almağa çalışır, öz qruplarını yaradır və qoşunları başqa istiqamətlərdən köçürür.

Ukrayna baş komandanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində gələcək fəaliyyətləri əməliyyat şəraitinin inkişafından asılı olacaq.
Ardını oxu...
 
Ardını oxu...
Politoloq: “İsrail tərəfinin ultimatum xarakterli, hədələyici bəyanatlar səsləndirməsi HƏMAS-ın danışıqlarda iştirakını mümkünsüz etdi”

Beynəlxalq vasitəçilər Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq məqsədi ilə Qəzza zolağında atəşkəs razılaşması əldə etmək üçün Qətərin paytaxtı Dohada danışıqlar aparıblar. ABŞ, Misir və Qətərdən olan nümayəndələrin İsraildən olan nümayəndə heyəti ilə görüşü keçirilib. Fələstinin radikal HƏMAS hərəkatı danışıqlarda iştirak etməyəcəyini bəyan etmişdi və bildirmişdi ki, nümayəndələri vasitəçilərlə daha sonra görüşə bilər.

Qəzza və İordan çayının qərb sahilində davam edən döyüşlərlə yanaşı, İsraillə "Hizbullah" Livanla sərhəddə də atışır. 100-dən çox insan hələ də girov saxlanır. Ticarət gəmiləri Yəməndəki husi döyüşçülərinin hücumua məruz qalır. Keçən ay HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İran cavab zərbəsi ilə təhdid edir. İsrail qətlə görə məsuliyyəti üzərinə götürməsə də, Haniyənin ölümündə geniş şəkildə günahlandırılır. “Reuters” xəbər agentliyi üç yüksək vəzifəli İran rəsmisinin yalnız Qəzzada atəşkəs razılaşmasının qətlə görə qisas alınmasının qarşısını ala biləcəyini dediyini bildirib.

Dohada müzakirə olunan plan mayın 31-də ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanan barışıq üçün üç mərhələli "yol xəritəsi" kimi başlayıb. Təklif altı həftəlik atəşkəs, İsrail qoşunlarının Qəzzadakı yaşayış məntəqələrindən çıxarılması, qadınlar, qocalar və yaralı girovların fələstinli məhbuslar qarşılığında azad edilməsindən ibarətdir. Humanitar yardımlar artırılmalı, fələstinlilər öz evlərinə qayıda bilməlidirlər.

Dohadakı danışıqlardan sonra ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Qəzzada İsrail və HƏMAS arasında 10 aydır davam edən müharibəyə son qoyacaq atəşkəsə nail olmaq üçün intensivləşən diplomatik səylər çərçivəsində İsrailə gəlib. ABŞ-ın baş diplomatının keçən ilin oktyabrında müharibə başlayandan bəri regiona 10-cu səfəri Birləşmiş Ştatların və vasitəçiləri Qətər və Misirin müharibə edən tərəflər arasında uçurumları aradan qaldıracağına inandığı “körpü” təkliflərindən bir neçə gün sonraya təsadüf edir.

Bu arada, HƏMAS rəsmi Təl-Əvivin irəli sürdüyü “yeni şərtlərə görə” İsraillə atəşkəs razılaşmasından imtina edib. Qrupun bəyanatında deyilir: “Biz İsrailin Baş naziri Benyamin Netanyahunu vasitəçilərin səylərinin qarşısını almaq və razılaşmanın əldə olunmasının qarşısını almaq üçün tam məsuliyyət daşıdığını bildiririk”.

“Kan” telekanalının məlumatına görə, İsrailin Baş naziri Filadelfiya dəhlizi - Misirin Qəzza zolağı ilə sərhədindəki dar ərazi ətrafında yaranan problemə görə HƏMAS-la kompromis əldə etməyin mümkünsüzlüyünü açıqlayıb. Təl-Əviv danışıqlarda bu ərazinin öz nəzarəti altında qalmasını tələb edir. Fələstin hərəkatı isə bu tələbi “qəbuledilməz” adlandırır.

Avqustun 17-də “The New York Times” (NYT) öz mənbələrinə istinadən yazıb ki, İran hakimiyyəti HƏMAS nümayəndələri ilə atəşkəslə bağlı danışıqlara görə İsrailə zərbəni təxirə salmaq qərarına gəlib. İranın Haniyənin məhv edilməsinə cavab olaraq İsrailə zərbə endirmək fikrindən əl çəkmədiyi vurğulanır.

Bir sözlə, atəşkəsə ümidlər artsa da, müharibə davam edir. İsrailin HƏMAS-ın yaxınlıqdakı raket atəşini əsas gətirərək yeni təxliyə əmri verdiyini bildirən səhiyyə rəsmiləri şənbə günü İsrailin Qəzzanın Zaveyda qəsəbəsinə endirdiyi zərbə nəticəsində ən azı 17 fələstinlinin öldüyünü və onlarla insanın yaralandığını bildirib.

Onilliklər boyu davam edən İsrail-Fələstin münaqişəsinin sonuncu raundu oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailə hücumu ilə başlayıb. İsrailin məlumatlarına görə, 1200-ə yaxın adam öldürülüb və 250-yə yaxın insan girov götürülüb.

Fələstinlilərin səhiyyə orqanlarının məlumatına görə, İsrailin sonrakı hərbi kampaniyası Qəzzanın böyük hissəsini xarabalığa çevirib və əksəriyyəti mülki insanlar olmaqla, 40 mindən çox fələstinlini öldürüb. İsrail isə 17 min HƏMAS döyüşçüsünü məhv etdiyini bildirir.

Görünən odur ki, Qətərdəki danışıqlar növbəti dəfə nəticəsiz bitib. Çünki HƏMAS-ın bəyanatı bunu deməyə əsas verir. Dohada sənəd qəbul olunsa da, onun icrasına inam azdır.

Azərbaycanlı politoloq İlyas Hüseynov mövzu ilə bağlı AYNA-ya deyib ki, Qətərdəki görüş haqqında müəyyən müsbət fikirlər var idi: “Güman olunurdu ki, hansısa razılıq əldə olunacaq, yaxud tərəfləri bir araya gətirmək mümkün olacaq. Amma Co Baydenin “sülh planı”ndan sonra İsrail tərəfinin ultimatum xarakterli, hədələyici bəyanatlar səsləndirməsi HƏMAS-ın danışıqlarda iştirakını mümkünsüz etdi. Əlbəttə, bu görüşlə paralel şəkildə İran-İsrail münasibətlərindəki gərginliyə də baxmaq lazımdır. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İranın zərbə endirəcəyi haqqında bəyanatı var və icra olunmamış qalır. Tehran düşünür ki, “qisas” addımını atsa, İsrailin və ABŞ-ın buna cavabı nə ola bilər. Hesab edirəm ki, bu cavab İranın nüvə obyektlərinə zərbələr ola bilər. Qətərdəki görüşlə bağlı hazırlıqlar, müəyyən müsbət mesajlar həm də İran-İsrail gərginliyinin müəyyən qədər aşağı salınmasına hesablanmışdı. Çünki Misir, Qətər kimi region ölkələri sülh istiqamətində çağırış etdilər ki, müharibəni bitirmək lazımdır”.

“Əsas istək ondan ibarətdir ki, regionda sabitlik bərqərar olsun, təhlükəsizlik sistemi yaradılsın və BMT qətnamələri əsasında “iki xalq-iki dövlət” prinsipi əsasında burada birgəyaşayış təmin olunmalıdır, əsirlər dəyişdirilməlidir. Amma bu, tərəflərin mövqeyinin uzlaşmaması səbəbindən baş tutmur”, - analitik vurğulayıb.

İ.Hüseynov qeyd edib ki, HƏMAS görüşdə iştirak etməsə də, bəyanat qəbul edilib: “Bu bəyanatın tərəflərlə razılaşdırılması üçün Misir nümayəndəsi HƏMAS-la danışıqlar aparacaq. ABŞ dövlət katibi Antoni Blinken isə İsrailə səfər edərək “Bayden planı”nın icrası üçün Təl-Əvivi razı salmağa çalışacaq”.

“ABŞ çalışır ki, İsrailin Baş naziri Benyamin Netanyahunun həddən artıq olan ambissiyalarını aşağı salsın. Netanyahunun siyasi doktrinası bundan ibarətdir ki, sonuncu HƏMAS nümayəndəsi məhv edilənədək İsrail döyüşəcək, hərbi hədəflərinə çalışacaq. Blinkenin bu günədək İsrailə 8 səfəri olub, amma bu danışıqlar nəticəsində Təl-Əvivin geopolitik iştahını aşağı salmır. İsrail rəhbərliyi istəyir ki, döyüş meydanında məsələni həll etsin, bölgəyə tam nəzarəti ələ alsın, beynəlxalq qanunlara məhəl qoymasın. ABŞ müəyyən vasitəçi simasını qorumaq üçün addımlar atır. Müəyyən razılıqlar əldə olunur, vədlər verilir, amma bundan sonra İsrail daha sərt addımlar atır. Bununla da razılaşmalar pozulur, gərginlik daha da artır. İstisna deyil ki, sonuncu danışıqlardan sonra da gərginlik azalmasın”, - politoloq fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın F/A-18 qırıcı-bombardmançı təyyarəsi Suriya səmasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus "An-30" təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

Bu barədə TASS agentliyi xəbər yayıb.

Məlumata əsasən, Homs əyalətinin Əl-Tanf rayonu üzərində, 6 700 metr yüksəklikdə, F/A-18 koalisiyaya məxsus qırıcı-bombardmançı təyyarənin təhlükəli yaxınlaşması baş verib.

Qeyd olunur ki, rusiyalı ekipaj toqquşmanın qarşısını almaq üçün dərhal lazımi tədbirləri həyata keçirib.
 
Ardını oxu...
Onların təxminən 20 faizi müqaviləli əsgərlər olub

Kursk vilayətində 250-dən çox Rusiyadan olan çağırışçı Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Jurnalistlər 10 gün ərzində 320 rus hərbçisinin keçdiyi əsir düşərgəsinə baş çəkib. Onların təxminən 20 faizi müqaviləli əsgərlər olub.

Bu həbsxanadan sonra əsirlər Ukraynanın digər müəssisələrinə göndərilir.

Nəşrin məlumatına görə, məhbusların əksəriyyəti xəsarət almayıb. Öz qumbarası ilə yaralanan əsgərlərdən biri əsir düşməmək üçün bu addımı atdığını bildirib. O, müalicə olunub və klinikaya aparılıb.
 
Ardını oxu...
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 105 ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illər yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başlayıblar.

Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndərin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Bu gün DSX-nin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması, sözsüz ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısının təzahürüdür. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub. Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir.

Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən, mebel və avadanlıqla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.

Buna misal olaraq 2018-ci il fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb. Milli dövlətçilik tarixində ilk dəfə olaraq dövlət sərhədinin rəsmən müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olub.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır.

Bu gün Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması barədə tapşırıq vermişdi. Sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması və burada xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirildi. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı oldu.

Uzaqgörənliklə atılmış bu addım Azərbaycan sərhədçilərini həm də daha böyük amala - ən müqəddəs vəzifə olan bütün sərhədlərimizin mühafizəsi yolunda böyük sınaq idi. Bu sınaqdan üzüağ çıxan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət göstərdi.

Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər.

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edildi, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu.

Dövlət Sərhəd Xidməti tərəfindən "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görülüb, bu ərazilərdə iyirmiyə yaxın yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük amalı, ən vacib missiyasıdır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

Bu müqəddəs vəzifənin sərhədçilərimiz tərəfindən ən yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ötən gün imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin 131 əməkdaşının ali rütbə, orden və medallarla təltif edilməsi sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının növbəti təzahürüdür.

Azərbaycan sərhədçisi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu yüksək diqqət və qayğısından bəhrələnərək göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağa, xidməti vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməyə daim hazırdır.
 
Ardını oxu...
“Kurskda mövqelərimiz möhkəmləndirilir”.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat paylaşıb.

O bildirib ki, Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin Kurskla bağlı məruzəsindən sonra həmin ərazidə canlı qüvvə və texnikanın sayı artırılıb.

“Sırski məruzə etdi ki, ötən gecə Toretsk və Pokrovsk istiqamətindəki mövqelərimizə bir neçə dəfə hücum cəhdi olub, lakin hərbçilərimiz onların hamısının qarşısını alıb. Hazırda tərəfdaşlarımızın köməyi ilə oradakı birləşmələrin silah-sursat təminatı həyata keçirilir. Məqsədimiz Rusiya ordusunun hücum potensialının zəiflətməkdir”.
 
 
 

Dünyapress TV

Xəbər lenti