Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə texnoparkın rezident şirkəti "Troniq" MMC arasında məhkəmə çəkişməsinin olduğu barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, bu işdə "Troniq" MMC iddiaçı, YTP isə cavabdeh qismində təmsil olunur.
"Troniq" MMC-nin qanuni təmsilçisinin Müşfiq Rəsulzadə, şirkətin baş direktorunun isə Anar Nəbiyev olduğunu bildirmişdik. Həmçinin qeyd etmişdik ki, Müşfiq Rəsulzadə eyni zamanda YTP-nin baş direktorunun müşaviri vəzifəsində çalışır.
Məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı ortaya ilginc məqamlar çıxıb. Əvvəla, məlum olub ki, YTP barəsində məhkəmə iddiası qaldıran "Troniq" MMC yox, "Tronıq" MMC-dir. Vahid məhkəmə portalında yerləşdrilən bildirişdə şirkətin adı səhv göstərilib.
YTP-nin rezident şirkəti də "Tronıq" MMC-dir. Anar Nəbiyev həm şirkətin təsisçisi, həm də baş direktorudur.
O da məlum olub ki, Müşfiq Rəsulzadə YTP-nin baş direktorunun müşaviri vəzifəsindən istefa verib. Bunun səbəbi isə "Tronıq" MMC ilə YTP arasındakı məhkəmə çəkişməsidir.
Məhkəmə çəkişməsinin kökündə isə YTP-nin baş direktoru Vasif Abbasovun "Tronıq" MMC-nin faəliyyətinə mane olması dayanır.
Qaynarinfo bu məlumatları dəqiqləşdirmək üçün Anar Nəbiyevlə əlaqə saxlayıb. O, YTP-ni məhkəməyə verdiyini təsdiqləyib:
"AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin rəhbəri Vasif Abbasova sahibkarlıq fəaliyyətilə məşğul olduğumuz, innovativ layihələri burada gerçəkləşdirmək, inkişaf etdirmək, təkmilləşdirmək məqsədilə müraciət etməyimizlə yanaşı, led lampa, mikrosxem, diod, robot və robotexnika kimi innovativ məhsulların istehsalını, sənaye, xidmət və digər sahələrdə faydalı tədbiqini gerçəkləşdirə biləcək biznes layihəsi təqdim etmişik.
Müraciətimizlə yanaşı, Azərbaycan Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar Parkı" haqqında "Nümunəvi Əsasnamə"nin müvafiq tələblərinə üyğun rəsmi sənədlər də təqdim edilib. Təqdim etdiyimiz rəsmi sənədlərə AMEA-nın "Ekspertlər Surası"nda baxılıb və "Tronıq" MMC-nin rezident kimi fəaliyyət göstərməsi üçün şirkət "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin 28 iyul 2022-ci il tarixli 08 nömrəli qərarı ilə qeydiyyata alınıb və ona "qeydiyyat şəhadətnaməsi" təqdim edilib".
Vasif Abbasov
Anar Nəbiyevin sözlərinə görə, nəzərdə tutulan layihələri həyata keçirmək üçün ayrı-ayrı sahibkarlarla təmaslar qurulub və layihələrin maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunub:
"Vasif Abbasov isə təqdim edilən innovativ yönümlü layihələrin texnopark ərazisində gerçəkləşdirilməsini şəxsi vəsaiti hesabına təmin edəcəyini və əldə edilən mənfəətə şərik olacağını bildirərək, digər investorlarla əldə edilən razılıqlardan imtina etməyimi xahiş etdi. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Beləliklə, investorlardan imtina etdim və nəticədə layihənin həyata keçirilməsi mümkün olmadı.
Daha sonra, texnoparkda mövcud tikili sahənin və oradakı muasir standartlara cavab verən dəzgahların, "Robot və Robotexnika", eləcə də digər innovativ layihələrin həyata keçirilməsi məqsədilə "Tronıq" MMC-yə icarəyə verilməsi üçün Vasif Abbasova müraciət etdik. İcarə şərtlərini müzakirə etməzdən əvvəl sözügedən tikili və mövcud dəzgahların texniki cəhətdən istismara yararlı olub-olmamasının monitorinqini apardıq. Məlum oldu ki, dəzgahlarda texniki və elektron proqram təminatı məsələlərində ciddi problemlər var.
İkitərəfli müzakirədə əldə edilən razılıq əsasında, Elm və Təhsil Nazirliyi yanında "Yüksək Texnologiyalar Parkı" MMC ilə "Tronıq" MMC arasında, buradakı dəzgahlardakı problemlərin aradan qaldırılması və daha sonra həmin dəzgahların "Tronıq" MMC-yə icarə müqaviləsi əsasında istifadəsinə verilməsi haqda 10 avqust 2022-ci il tarixdə xidmət müqaviləsi və müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolu imzalandı. Bundan sonra müəssisəmizin texniki və elektron proqram təminatı üzrə mütəxəssislərinin əməyi nəticəsində, bizə icarəyə veriləcək dəzgahlar istismara yararlı hala gətirildi".
Şirkət rəhbəri deyir ki, ortada rəsmi müqavilələrin olmasına baxmayaraq, Vasif Abbasov yenə də öhdəliklərə əməl etməyib: "Xüsusilə qeyd etməliyəm ki, qarşılıqlı razılaşma nəticəsində aramızda imzalanan "icarə müqaviləsinə baxmayaraq, Vasif Abbasov "Tronıq"MMC-nin fəaliyyəti nəticəsində əldə edilən mənfəətə şərik olacağını bildirib. Təbii ki, mən bu məsələyə etirazımı edərək icarə müqavilələrinin şərtlərinə əməl edəcəyimi dedim".
Bundan sonra Vasif Abbasov icarə haqqını aylıq 1000 manatdan 3500 manata qədər artıracağını və müqavilə şərtlərinin dəyişiləcəyini bildirib. Şirkət təbii ki, bununla razılaşmayıb: "1 dekabr 2022-ci i tarixdə isə icarəyə götürdüyümüz dəzgahlardan istifadəyə qadağa qoyuldu. Vasif Abbasov həmçinin "Tronıq" MMC-nin əməkdaşlarının və hətta mənim əraziyə buraxılmamağım barədə nəzarətçilərə xüsusi tapşırıq verib. Təsəvvür edin, şirkətlə texnopark arasında 5 illik müqavilə var. Amma Vasif Abbasov qanunsuzluq edərək bizə mane olur".
Anar Nəbiyev bildirib ki, qanunsuzluğun aradan qaldırılması üçün bütün hüquqi vasitələrdən istifadə edəcək.
Anar Nəbiyevin iddiaları ilə bağlı Vasif Abbasovun mövqeyini öyrənmək mümkün olmayıb.