Ardını oxu...
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.

Beləliklə, layihə qəbul ediləndən sonra:

qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.
Ardını oxu...
2022-ci ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın bank sektorunun kredit portfeli 151,2 milyon manat artaraq 31 avqust 2022-ci il tarixində 18 milyard 638,6 milyon manata çatıb.

Mərkəzi Bankın məlumatına görə, iyul ayı ilə müqayisədə avqust ayında biznes kreditləri 5 milyon manat azalaraq 10 milyard 492 milyon manata düşüb. İstehlak kreditləri 101,7 milyon manat artaraq 5 milyard 416.7 milyon manata, ipoteka kreditləri isə 54.6 milyon manat artaraq 2 milyard 730 milyon manata çatıb.

Qeyd edək ki, zamanla istər biznes, istərsə də istehlak və ipoteka kreditlərində dalğalanmalar yaşanır. Cari ilin avqust ayında isə ötən ayla müqayisədə biznes kreditlərinin azalması müxtəlif səbəblərlə izah edilir.

Biznes kreditlərində azalmalara mövcud qlobal böhranın təsirləri varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, biznes kreditləri ilə bağlı mövcud azalmanı əslində bir aylıq nəticə ilə dəyərləndirmək o qədər də məqəsəduyğun olmaz:


“Bu mövsümi də ola bilər, yay aylarında adətən heç kim biznes fəaliyyətinə başlamır. Bu proses bir neçə ay davam edərsə, problemin səbəblərini müəyyənləşdirmək olar. Mövsümi faktorla yanaşı bütövlükdə dünyada və bizdəki vəziyyətə nəzər salsaq, biznes aktivliyi və kreditləşmənin artması müşahidə edilmir. Vəziyyət elə deyil ki, kimsə fəaliyyətini genişləndirməyə başlasın.

Deməzdim ki, ötən illə müqayisədə biznes kreditlərinə maraq yoxdur. Bu gün kreditlərin çoxunu dövlət layihələrini həyata keçirən şirkətlər götürür. Özəl biznesdə olanlar o qədər çox kredit götürmür. Çünki fəaliyyətlərinin genişləndirilməsindən söhbət getmir. O krediti də qaytarmaq lazımdır. Ümumiyyətlə, son vaxtlar uğurlu bizneslərin sayı çox deyil. Bu baxımdan əgər dövlət layihələri ilə bağlı deyilsə, inanmıram ki, özəl biznes krediti götürməyə meyilli olsunlar”.
 
Ardını oxu...
Nazirliyin keçmiş əməkdaşı və qaynaqçının adına şirkətlər açılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində məlum olub ki, nazirliyin keçmiş əməkdaşı və qaynaqçının adına şirkətlər açılıb. “Report”un xəbərinə görə, bu barədə şahid İbad İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.

O bildirib ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib: “Sonradan Qarabağ əlillərinə tikilən binalarda işləmişəm. Nazirliyin tikilməkdə olan obyektlərinə Natiq Əzizov rəhbərlik edirdi. Mənə təklif etdilər ki, adıma şirkətlər açılsın, tenderlərdə iştirak edək. Daha sonra adıma 3 şirkət – “Tala”, “Tala-1” və “Tala-2” şirkətlərini yaratdıq, mən də həmin onlara rəhbərlik edirdim.

2015-ci ildə devalvasiya oldu və vəsait çatışmazlığı yarandı. Bizə dedilər ki, hər evin müəyyən xərcləri var. Bunun üçün nazirliyin tikinti idarəsinə 6 min manat pul verirdik. Pulu əvvəl Toma xanıma təqdim etdik. Daha sonra isə Natiq müəllimə verdik. Birinci dəfə Qazax rayonunda 6 ev, ikinci mərhələdə isə 16 ev tikmişəm. Ümumilikdə, həmin evlərə görə Natiq Əzizova 132 min manat vermişəm.

Sonralar söylədilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz. Mən də ona görə məcbur olub şirkətin birini həyat yoldaşımın adına keçirdim. Birinci tenderdə bir evin qiyməti 54 min, ikinci mərhələdə isə 68 min oldu. Həmin evlərin hər birinin xərci 42 min manat idi”.

Digər şahid İlqar Mustafayev deyib ki, suvarma sistemlərində qaynaqçı işləyir. Şahid bildirib ki, 2014-cü ildə onu aldadıb ağ kağıza qol çəkdiriblər: “2021-ci ildə məni çağırıb söylədilər ki, şirkət rəhbəri olmuşam. Rəhbərlik etdiyim “Tunar” MMC evlər inşa edib. Heç nədən xəbərim olmayıb. İstintaqda bildim ki, adıma şirkət açılıb. Şirkətə kim rəhbərlik edib, kim ev tikib xəbərim yoxdur”.

Şahid Bəylər Musayev isə bildirib ki, onun adına “Şəki Construction” MMC təsis olunub: “Suvarma idarəsində işləmişəm, fəhlə adamam. Dedilər ki, bu ağ kağızı imzala. Mən də imzaladım. Bu şirkətlə heç bir əlaqəm olmayıb. Şirkətin şəhid ailələri üçün evlər inşa etdiyini eşitmişdim”.

Prosesdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin təsərrüfat şöbəsinin müdiri Pərviz Qarayev də dindirilib. O söyləyib ki, əvvəllər bizneslə məşğul olub, 2014-cü ildən isə nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edilib. Nazirliyin idarə rəisi Natiq Əzizovun tələbə yoldaşı olub.

P.Qarayev qeyd edib ki, adına 17 şirkət açılıb. Onun sözlərinə görə, tenderlərdə iştirak etmək üçün şirkətlər özünün və yaxınlarının adına təsis olunub: “Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Gördüyüm işlərə görə nazirliyin mənə 181 manat borcu olub. Həmin borc bu gün də ödənilməyib”.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
 
Ardını oxu...
İsveçrə vətəndaşları bazar günü keçirilən referendumda qadınların pensiya yaşının 64-dən 65-ə qaldırılmasına və pensiya fondlarında yaranan çatışmazlığı ödəmək üçün əlavə dəyər vergisinin artırılmasına səs veriblər.

Bu barədə səslərin hesablanmasını onlayn həyata keçirən RTS ictimai televiziya şirkəti məlumat yayıb.

“Qadınlar da kişilər kimi 65 yaşa qədər işləyəcəklər. Vətəndaşlar pensiya islahatının hər iki elementini bəyəniblər. Qadınların pensiya yaşının artırılması son nəticədə seçicilərin 50,6%-i, ƏDV-nin artırılmasını isə 55,1% dəstəkləyib”, - RTS qeyd edib. (Mənbə: TASS)
 
Ardını oxu...
Ağdamın iki ildir işğaldan azad edilmiş Seyidli kəndindən məcburi köçkün, 2-ci dərəcəli əlil , Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b saylı evdə məskunlaşan İbrahimov Əfqan Elçin oğluna iki yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə bu ilin aprelinə kimi ünvanlı sosial yardım ayrılıb. Aprelin 6-da sənədlərini yenidən ƏƏSMN -ə göndərən ailə başçısına uzun müddət cavab verilməyib. Çox sorğu-sualdan sonra nazirliyin 142 çağrı mərkəzindən bildirilib ki, bəs əməkdaşlar evə baxış keçirən zaman əlil məcburi köçkün evdə olmayıb və valideynləri ayrılmış uşaqlar anaları ilə evdə görüşəndə “cinayət başında” yaxalanıblar. “Cinayət işi”nə Dövlət Təhlükəsizliyi Xidmətindən belə qarışıb. Axı ayrılmış ata – ananın uşaqları ilə, lap elə bir – biri ilə görüşməsi ünvanlı sosial yardım verilməsindən imtinaya əsas ola bilməz. Ata ilə ana rəsmi sənədlə məhkəmə qaydasında ayrılıblar və uşaqlar məhkəmə qərarı ilə atalarının öhdəsində qalıb. Bu sənədi də ərizəsinə hər dəfə əlavə edən üç nəfərlik əlil-məcburi köçkün ailəsinin ailə tərkibi haqqında düzgün məlumat vermədiyi bəhanəsilə dövlətin sosial yardım siyasətindən məhrum edilməsi hansı məntiqə sığır? Hansı məlumat düzgün deyil? Məcburi köçkün yazmalı idi ki, sənədlə ayrıldığı həyat yoldaşı uşaqları ilə bir evdə yaşayır?
Dövlət Təhlükəsizliyi Xidmətindən ƏƏSMN tabeliyində DSMF-ə daxil olan 04.08.2022 tarixli müraciətə cavab olaraq 29.08.2022 tarixli məktubla DSMF-in sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ərizədə ailə tərkibiniz haqqında düzgün məlumat verilmədiyindən avtomatik imtina cavabı verilib. Filmdə deyildiyi kimi, yenə eyni dalğa, eyni koordinat! Ailə tərkibi haqqında məlumatda nə düzgün deyil axı? Departament müdiri bunu açıqlamasa da, “uyğunsuzluğu aradan qaldırıb, yenidən müraciət etməyi” məsləhət görüb.
31.08.2022-ci ildə yenidən xərc-xəcalət çəkib ƏƏSMN -ə müraciət edən əlil-məcburi köçkün ağır durumda xəstə yatanda- 14.09.2022-ci ildə iki nəfər xanım əməkdaş evə təşrif buyurub və daha ağır “cinayət”ə şahid olublar. Ana öz evində uşaqları ilə birlikdə tutulub, hələ üstəlik ata da yataqda xəstə! (?) Təbii ki, bu “cinayət” ünvanlı sosial yardım verilməsindən imtinaya səbəb olub!
İndi əlil-məcburi köçkün ata sosial yardım təyinatçılarını necə başa salsın ki, özü həmin evdə məcburi köçkün kimi məskunlaşıb. Ailə arasında mülk davası, pay bölgüsü olmayıb, ola da bilməz. Axı məcburi köçkünə məskunlaşdığı evdən pay düşmür. Onun payı, mülkü viran qoyulmuş Ağdamda, Seyidli kəndindədir. Uşaqlar da eləcə Ağdamdan məcburi köçkündürlər. Ünvanlı sosial yardım təyinatçılarının məntiqi isə deyir ki, uşaqlarını da götür, məskunlaşdığın evdən qovul, balalarını , özünü sənə sığınacaq verən ana ilə düşmən elə , sonra ünvanlı sosial yardım al!
Bu ünvanlı sosial yardım siyasətidir, yoxsa düşmənçilik siyasəti?
Məğrur Bədəlsoy
Teref.az
 
Ardını oxu...
DogruXeber.az: - İmişli rayon sakini, eyni zamanda 44 günlük vətən müharibəsi zamanı düşmənə qarşı mübarizədə sağlamlığını itirmiş Nahid Şıxalıyev yenidən "DogruXeber.az"a müraciət edib.

Agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan qazi Nahid Şıxalıyevin dəfələrlə müvəqqəti yaşamaq üçün fərqi yoxdur yataqxana, yaxud ev - heçolmasa bircə otaqlı da olsa yer istədiyini və bununla bağlı agentliymizdə də məlumatlar yayımlandığını izləyicilərimiz bilir yəqin ki?!

Nahidin bu istəyi yerli İcra Hakimiyyəti tərəfindən artıq iki ilə yaxındır ki, təmin edilməyib. Bildirir ki, hələ də ailəsi və azyaşlı övladı ilə kirayədə yaşayır və kirayə pulunu verməkdə çətinlik çəkir.

Nahid Şıxalıyev bildirir ki, - "Əlillər üçün verilən avtomobil növbəsinə yazılmışdım, ordan da imtina gəldi. Lakin, imtinanın səbəbi mənə bildirilməyib.
"Özünüməşğulluq" proqramına qoşulub, təsərrüfatla - heyvandarlıqla məşğul olmaq istədim, o da olmadı.

Mənə heçolmasa əkin üçün torpaq sahəsi də verilmir. Rayonda müraciət etmədiyim dövlət idarələri qalmayıb. Hansına üz tuturam, əlim ətəyimdən uzun qayıdıram. Artıq, kimə, hara müraciət edəcəyimi bilmirəm".




Aidiyyatı tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
 
 

 
"Yalnız qızlar üçün" başlıqlı elanlarla hər gün qarşılaşırıq. Ev sahiblərinin əksəriyyəti mənzillərini daha çox subay qadınlara, xüsusən də tələbə qızlara kirayə vermək istəyir. Oğlan adı gələndə çoxları qəti şəkildə "yox" cavabını verirlər.

 

Mənzil sahiblərinin böyük əksəriyyəti bunun səbəbini qızların daha məsuliyyətli, evə, əşyalara qarşı daha ehtiyatlı, səliqəli davranması ilə əlaqələndirirlər. Tələbə oğlanların evi daha çox istismar etdiyini düşünürlər.

Ekspertlər isə deyir ki, problem bu günün deyil. Əvvəllər də tələbə oğlanlar ev tapmaqda çətinliklər çəkiblər.

Sosioloq Sadiq Rüstəmlinin sözlərinə görə, oğlanlara ev verilməməsinin səbəbi qızlarla müqayisədə evi təmiz saxlaya bilməmələri, evdəki əşyalarla olduqca kobud rəftardır. Bundan başqa, bir çox hallarda iki oğlan tələbə götürdüyü mənzilə başqa oğlan dostlarını da gizli şəkildə yerləşdirirlər ki, bu da adətən evini kirayə verən insanın narahatlığına səbəb olur. 

Ümumiyyətlə, azərbaycanlı oğlanlar kirayə ev öhdəliklərinə riayət edə bilmir: "Qız uşaqları evdən daha səliqəli istifadə edirlər. Oğlanlar isə bu istiqamətdə xeyli çətinliklərlə üzləşirlər. Təbii ki, mentalitet məsələlərinin də rolu böyükdür. Bəzən ailələr öz həyətlərində olan mənzilləri kirayə verir və istəmirlər ki, burada yad adamlar, xüsusilə də oğlan uşaqları yaşasınlar. Bəzi ailələr evdəki bir otağı kirayə verirlər. Bu, daha çox qızlara əlverişli şərait yaradır. Oğlanlar üçün imkanlar məhdudlaşır. Buna görə də bir sıra proyektlərin həyata keçirilməsinə ehtiyac yaranıb. Belə layihələri həyata keçirərkən oğlan tələbələrin yerləşdirilməsinə fokuslanmaq lazımdır. Bu, onların tərbiyəsi ilə bağlı cəmiyyətdə neqativ halların formalaşmasının da qarşısını alar. Düşünürəm ki, belə olsa, onların təhsilə meyli də artar. Proqramın genişləndirilməsi fonunda növbəti mərhələdə qız uşaqlarının kirayə problemini həll etmək lazımdır”.

Ekspert deyib ki, digər önəmli səbəb isə qızlardan fərqli olaraq kirayə yaşayan oğlan tələbələr evləri tez-tez dəyişə bilirlər. Çox halda bir neçə tələbə bir evdə kirayə qalır. Aralarında mübahisə düşən kimi biri digərindən aralanır ki, yox, mən artıq sənlə qalmaq istəmirəm:

“Bu zaman onlar mənzil sahibinə müraciət edirlər ki, məsələn, "biz 4 nəfər idik, iki nəfər getdi. Kirayə qiymətini yarıbayarı azaldın". Təbii ki, bu da kirayə verənə sərfəli olmur. Yəni bu baxımdan oğlan tələbələr bəzən 9 aylıq tədris müddətində bir neçə dəfə ev dəyişirlər. Hətta eləsi olub ki, 5 dəfə mənzil dəyişən tələbələrə rast gəlmişəm. Təsəvvür edin, onların orada gələn aylarda qalıb, qalmayacaqları qeyri-müəyyəndir. Əksəriyyəti üçün fərqi olmur harada qalmaları. Təki onlara yer olsun. Hətta bəzən kirayə ev verənlər şikayətlənirlər ki, hansısa bir müddətə, aya çatanda tələbə oğlan borclu qalır. O pulu verməmək üçün belə evi tərk edirlər. Qısacası, ev sahibinə ciddi ziyan vururlar".

Sosioloqun fikrincə, kirayə mənzillər verilərkən müqavilə bağlanarsa, hüquqi qaydada bu münasibətlər tənzimlənərsə, belə söhbətlərə yavaş-yavaş son qoyular:

"Kirayə mənzillərin verilməsi daha çox qara bazarda maklerlərə hörmət edilməsi ilə reallaşır, heç bir hüquqi əsası olmadığı üçün də bu problemlər yaranır. Halbuki, tələbələrə mənzil kirayə verilərkən mənzilin oğlan-qız üstündə dayanması əsassızdır".

 

XalqXeber.Az
Ardını oxu...
Zibillikdən yeyənlər...
Səhərdən qalıb satılmayan, çürüməyə başlayan meyvə-tərəvəzin gecə öz alıcıları olur. 8-ci km bazarında çalışan satıcılar deyir ki, axşam 7-dən sonra gələn alıcılar qiyməti ucuzdur deyə keyfiyyətsiz məhsulları seçirlər. Onlar piştaxtanın qarşısında dəqiqələrlə dayanıb xarab olan meyvə-tərəvəzi saf-çürük edirlər.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Azərbaycanda pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında müzakirəyə çıxarılıb.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib.

O qeyd edib ki, dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.
 
Ardını oxu...
Ucar rayonu Müsüslü kənd sakini Cəfərova Bənövşə Əliyusif qızı tərəfindən

ŞİKAYƏT

Mənim heç kəsim yoxdur valideyinlərim vəfat edib ağır xəstəliyə görə ailə həyatı qurmamışam.Ağır xəstəliyə görə işləyə bilmirəm əmək qabiliyyətimi itirmişəm.Buna görə mənə əlillik dərəcəsi təyin edilmişdir təqaüd alıb onunla bir təhər dolanırdım. Vətən müharibəsindən sonra verilən tapşırıq əsasında minlərlə xəstə kimi mənimdə əliliyim dayandırldı və mənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edildi.Hər dəfə gətirilən əsaslarda qeyd edilən müayinələri və müalicələri etdirib xəstəlik sənədlərim Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilsədə mənə əlillik dərəcəsi təyin edilməsindən bir neçə dəfə qanunsuz imtina edilmişdir.

Bir dəfə Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: ixtisaslaşmış müalicə davam etdirilsin, fəsadlar dəqiqləşdirilsin qeyd edildi.Bundan sonra emerte müayinəsindən keçib sənədləri təkrar göndərdik.Bu dəfə isə qeyd edildi ki, Cəfərova Bənövşə Əlyusif qızının göndərişinə 15.09.2022-ci il tarixində EEQ müayinəsi dolğun qeyd olunmadığı üçün imtina qərarı verilmişdir.
Bu açıq-aşkar özbaşınalıqdır ki, mənə qarşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi edir.
Çünki mən 6 ay ərzində 3 dəfə emerte müayinəsindən keçmişəm.Həttda həkim mənə bildirdi ki, bu şüalı müayinədən tez-tez keçmək sənin səhhətini dahada ağırlaşdırır.Həttda hər dəfə emerte müayinəsindən keçdikdən sonra bir neçə gün başımda şiddətli ağrılar baş verirdi.

Mənim xəstəliyim hipertenziv ensefalopatiya, hipertonik ensefalopatiya, sol tərəfli hemiparez ilə. Sol tərəfli hemiparez Ağırlaşma G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə Yanaşı xәstәliklәr digər cərrahi əməliyyatlar, uşaqlığın fibromioması, "Panghisteroektomiya" cərrahi əməliyyatından sonrakı vəziyyət. Oma-qalça oynağının və oma-büzdüm birləşməsinin çıxığı, Büzdüm sümüyünün sınığı və çıxığı, fəqərə cisminin hemangioması .Essensial hipertenziya, arterial hipertenziya.

Mən ağır xəstəliyə görə işləyə bilmirəm buna görə çox əziyyət çəkirəm.Ailə həyatı qurmamaışam tənhayam heç kəsim yoxdur.Acından ölmək üzrəyəm.Mənə qarşı edilən bu qanunsuzıuğa görə vəzifəli şəxslər Allah qarşısında cavab verəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova bir neçə dəfə ərizə ilə müraciətlər etmişəm, ancaq heç bir tədbir görməyiblər.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Sahil Babayevə və Anar Bayramova müraciət ünvanlayıb xahiş edirəm məni qəbul edin ən savadlı həkimin müasir tibb aparatlarının müayinəsindən keçirib yoxlayın və görün şahid olun ki, mən ağır xəstəliyə görə əmək qabiliyyətimi itirmişəm işləyə bilmirəm.Xahiş edirəm şikayətimi obyektiv araşdırıb mənə əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərəsiniz.

Əlaqə telefonu; (050) 731-13-58

İmza;Cəfərova Bənövşə Əliyusif qızı
Teref.az
 
 

Dünyapress TV

Xəbər lenti