Ardını oxu...
Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir.

Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

Sonra çıxış edən "Azərxalça" ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.

"Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

Ardını oxu...
Atakişiyeva Həcər - DİA-AZ.İNFO


Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı "Ulduz" və "Ədirnə fəthi" əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq "Ədirnə fəthi" əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı "Ədirnə fəthi" əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. "Ədirnə fəthi" əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. "Ədirnə fəthi" əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir. Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”! Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Ardını oxu...
 

Xalq artisti Firəngiz Mütəllimova instaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.

Aktrisa arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

O, paylaşımına "Yazdığınız gözəl, səmimi, dolğun fikirlərinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Var olun" sözlərini yazıb. (Axşam.az)

Ardını oxu...

 
 
 
Ardını oxu...
Cavab verməyə dəyməsə də…

Hələ 2020-ci il parlament seçkilərində ətrafımdakı şəxslərə bildirmişdim ki, növbəti seçkilərə qatılmayacağam. Ömrə etibar yoxdur, niyyətimdəki yazıları yazmalıyam. Bu il, növbədənkənar seçkilər qərarlaşdırılandan sonra Vətəndaş Həmrəyliyi Partiyasında dəyərli məsləkdaşlarım təkidlə seçkilərə qatılmağımın vacibliyini sübut etməyə çalışdılar.

Partiyanın Milli Məclisdəki yerinin itirilməsini istəmirdilər. Lakin sözümü demişdim. Bundan sonra Tənzilə xanımın söhbəti çıxdı ortaya, çünki partiyanın yaranmasında da, inkişafında da zəhməti böyükdür, bir QHT rəhbəri kimi fəaliyyəti də hamıya məlumdur, işgüzardır, deməyə sözü var...

Seçkilərə hansı dairədən qatılması məsələsində tərəddüd etmədim: Əlbəttə, Neftçala! Dörd il yarımda heç bir millət vəkili öz dairəsində mənim Neftçalada gördüyüm qədər iş görməyib! Hər halda neftçalalılar mənim təşəbbüsümlə çəkilən yolları, su, qaz xətlərini, Kürün şorlaşmasının qarşısını alan bəndi, şəhidlərin ruhunu sevindirmək üçün gördüyüm işləri, Qəhrəmanlar parkını, şəhid və qazi ailələrinə yardımlarımı, seçicilərdən aldığım tək bir məktubu belə diqqətdən kənarda saxlamadığımı, nəhayət, parlamentdə həm Neftçalanın, həm də ölkəmizin, bölgələrimizin problemləri barədə çıxışlarımı az-çox bilmiş olarlar. Normal insanların bunlardan xəbərsiz olması mümkün deyil. Eyni zamanda, Azərbaycan Konstitusiyasına görə, vətəndaş istənilən rayonda işləyə və ya seçilə bilər.

Seçki kampaniyasında namizədlər bütün bunlardan xəbərsiz kimi ortaya iki bəhanəylə çıxırlar:

1. Sabir Rüstəmxanlı Neftçala üçün heç bir iş görməyib.

2. Neftçalalılar öz yerlilərini seçməlidirlər.

Bizə atılan böhtanlara, şəkillərin cırılmasına sona qədər səbrlə yanaşmışıq…

Əksinə, bizə yardım edənlərə tapşırmışıq ki, başqalarının şəklini qopmuş görsəniz, yapışdırın, kimsənin əleyhinə danışmayın və s.

İndi sosial mediadakı yalan və təhqirləri oxuduqca hərdən mənə elə gəlir ki, bir ömür milli istiqlal, dövlət müstəqilliyi, söz və mətbuat azadlığı uğrunda apardığımız mübarizə, çəkdiyimiz əziyyətlər ya qəsdən unutdurulur, ya da yeni nəslin vecinə deyil. Hədəf Azərbaycanın Xalq şairi, ömrünü milli idealların təbliğinə sərf etmiş bir adam və onun ailəsi deyil, bütövlükdə millət üçün fədakarlıqla çalışan adamlardır…

Bizim yanımızda olan birisi jurnalisti salondan çıxarmaqla səhv edib, xəbərim olsa, buna imkan verməzdim, lakin o jurnalistlərə mən geniş müsahibə vermişdim, onları xoş üzlə qarşılamışdım. Əsas mənim mövqeyimdir. Bəs bu niyə unudulur? Demokratiyadan danışanlar, demokratik mətbuatın tərəfdarları o mətbuatın ilk nümunəsini mənim yaratdığımı niyə unudurlar? Yeni əxlaq bu qədər huşsuz ola bilməz. Dünyaya açılanda kökünü unuda bilməzsən. Xəstə və satqın düşüncəni sağlam ruha qarşı silaha çevirmək olmaz! Seçki irəlidədir. Neftçala da öz seçimini edəcək!

Söyüş söyənlər öz söyüşlərini kiməsə verilən səs hesab edirlər. Doğrudanmı, bu adamlar otuz il “Xocalı soyqırımı”, “Qarabağa azadlıq!”, “Azərbaycana qarşı təzyiqlərə son!” və s. mövzuları dünyanın müxtəlif məclislərinə daşıyan bir ailəyə bu qədər hörmətsizliyi normal iş hesab edirlər? Elədirsə, onda bunlar özləri normal adam deyillər! Mən söyüşləri oxumuram və cavab vermirəm. Cavabsız söyüş onu yazanın özünə, ailəsinə, onlara tərbiyə verməyən böyüklərinə qayıdır.

Belə görünür ki, hədəf təkcə biz deyilik, bütövlükdə milli düşərgə və milli ideallardır… Bu niyyətə düşənlər çox olub! Hamısının da sonu bəllidir.

Sabir Rüstəmxanlı,

Xalq yazıçısı
 

Ardını oxu...
2003-cü il fevralın 23-də Həsən Turabov dünyasını dəyişdi. Onunla vida mərasimi Milli Dram Teatrının səhnəsində oldu. Səhər hələ heç kim yox idi, Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında Həsən Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz gözlərini son dəfə sevimli səhnəyə “çıxan” həmkarına zilləmişdi, onun “son roluna” baxırdı. Baxırdı və eynəyinin altından yamaqları boyu göz yaşları axırdı - dağdan səssiz-səssiz qaynayıb aşağı yol alan bulaq suyu kimi. Və elə bil, deyirdi ki, məni də apar, nə xoşbəxtsən ki, gedirsən, çox çəkməz, gələrəm arxanca.

Çox qəribədir, Turabov özü də getməyə çox böyük yanğı ilə tələsirdi, Həsən Məmmədov da göz yaşları ilə bunu deyirdi. Həm dostuna, həm də özünə ağlayırdı elə bil, yekunlaşdırırdı. Cəmi altı ay sonra avqust istisində özü də səhnədə “son rolunu” oynadı...

Əli qabarlı atanın oğlu “qoltuğu papkalı” olmaq istəmədi

Çox sadə bir ailədə dünyaya göz açıb. 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Sovet vaxtı bu rayona “Azərbaycanın Sibiri” deyirmişlər. Hökumət kimi cəzalandırmaq istəsə, bu rayona işləməyə, ən yaxşı halda, uzunmüddətli ezamiyyətə göndərərmiş. Sonralar bu rayon Azərbaycan elminə, mədəniyyətinə çox görkəmli şəxsiyyətlər bəxş etdi. O cümlədən Həsən Məmmədovu.

Həsən Məmmədov orta məktəbi 1956-cı ildə bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi, valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Əlləri qabarlı atası oğlunu ali təhsilli müəllim görmək istəyirdi. Düşünürdü ki, oğlu ali təhsil almaqla onun da yarımçıq qalan arzularını həyata keçirər. “Əynində kostyum, qoltuğu qovluqlu” məktəbə gedib-gələr. Daha onun kimi alnının təri ilə çörək pulu qazanmağa məcbur olmaz. Oğlunun isə içində aktyor olmaq yanğısı günü-gündən alovlanırdı. Nəhayət, universitetin 2-ci kursunda içindəki bu yanğı onu təhsilini dayandırmağa məcbur etdi. Artıq teatr dərnəklərində təcrübə qazandığından bu dəfə yolunu teatrlara salır. Bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edir. İstədiyinə damla-damla çatmağa başlayır. Qınaqlar, tənələr onu əzsə də artıq sevdiyi işlə məşğul olmağı hər şeyə qalib gəlməsinə yardımçı olur.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olan Həsən tələbəlik illərində dövlət radiosunda diktor da işləyib (1960-1961).

1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilir.

Ağaməmmədin oğlu Həsəni televizorda göstəriblər

Bu vaxta qədər ona qəzəbi soyumayan ata hələ də oğlunun o yoldan qayıdacağını gözləyirdi. Bir səhər eşidir ki, rayonda hamı Ağaməmmədin oğlu Həsəndən danışır. “Zalım oğlu yaman yaradıb, elə bil elə Rüstəm kişinin oğludur”, “məktəbdə elə hiss olunurdu ki, ondan bir şey çıxacaq”, “bəxtəvər anasının başına, daha gözləri ayaqlarının altını görməz”. “Böyük dayaq” filmindən sonra dillərdə dolaşan bu söhbətlər ata-anasına çatmışdı. Üzə vurmasa da Ağaməmməd kişi oğlunu bağışlamışdı, artıq içində bir qürur hissi də baş qaldırmışdı ki, oğlu hansı yolu seçməyi özü daha yaxşı bilirmiş. İlk rolundan sonra atasından xeyir-dua alan Həsən Məmmədov bir-birinin ardınca dürlü-dürlü obrazlar yaradır. “Böyük dayaq”da Qaraşdan sonra “Arşın mal alan”da Əsgər, “Gün keçdi”də Oqtay kimi lirik obrazların ifaçısının öz həyatının lirik dövrü gəlib çıxır.

Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Artıq kino ulduzu olmuş bir aktyorun həyat yoldaşı olmaq o vaxt hansı qızın arzusu deyildi?! Bu minvalla, sevgi ilə bir ailənin təməli qoyulur.

Çox keçmir, onlara ev də verilir, çox uzaqda yox, elə kinostudiyanın həyətində tikilən yeni binalarda.

Bu illər ərzində Həsən Məmmədov Akademik teatrda da müxtəlif obrazlara imza atır. 1972-ci ildə kino çəkilişlərinin çoxluğu ilə əlaqədar teatrdan kinostudiyaya işə keçirilir.

Yaradıcılığının lirika dövrünü isə artıq qəhrəmanlıq obrazları əvəz etməyə başlayır. “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad).

Öhdəsinə hansı obraz düşürdüsə, Tanrıdan bəxş olunmuş fakturasına yaraşırdı. Azərbaycan kinosunda çox az tapılan gözəl səs tembri vardı. Ələsgər Ələkbərovda, Həsən Turabovda, Məlik Dadaşovda olan səs tembrinin fərqli çalarlarında biri də onda idi. O qədər də qəddi-qamətli deyildi, amma kamera arxasında, obraza daxil olub, möhtəşəm olurdu. “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad). “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) “Bizi bağışlayın” (Nəriman).
Siyahını ümumilikdə götürəndə bəlkə də adama heç nə demir bu obrazlar, amma bir-bir yada saldıqca bu qədər fərqli xarakterlərin bir bədəndə necə öz əksini tapdığına təəccüb edirsən. Dədə Qorqud hara, Balaş hara? “Papağını da götürüb kontordan gedən” Mirzə Səfər hara, Məmmədhəsən əmi hara? Eləcə də Abbasqulu ağa ilə “Alma almaya bənzər”dəki Qurban nə qədər təzadlı obrazlardır. Bu xoşbəxtlik hər aktyora nəsib olmur. Hər aktyor da bu qədər müxtəlif obrazlara öz canını verməyi bacarmır.

Sevimli müraciəti “Qurban” idi

Ailədə isə artıq iki övlad böyüyür, bir oğlan, bir qız. Ata kino ulduzudur. Ətrafda hamı bunu bilir, uşaqlar məktəbdə əvvəlcə qeyri-adi qarşılanırlar. Axı Həsən Məmmədovun övladlarıdır. Yoldaşları onlara qəribə baxırlar. Bir müddət keçir, görürlər ki, onlarda qeyri-adi heç nə yoxdur. Əksinə, hansısa mağaza müdirinin övladlarının geydiyi pal-paltarı onlar heç yuxularında belə geyə bilməzlər.

Sovet vaxtı film qəhrəmanları kolxozlara, zəhmətkeşlərlə görüşlərə gedərdilər, onları tez-tez aparardılar belə görüşlərə. Həsən Məmmədov həmişə arxada bir yerdə çəkilib oturarmış. Adını çəkib irəli dəvət edəndə sifəti rəng verib, rəng alırmış. Heç vaxt yaşadığı zəmanəyə uyğunlaşmayıb. Həmkarlarının dediyinə görə, onunla dost olduğuna, hətta təsadüfi şəkil çəkdirdiyinə görə nələrisə əldə edən insanlar var. Amma Həsən Məmmədov özünə görə kimsəyə ağız açmağı, xahiş etməyi xoşlamazmış. Heç vaxt “mənim yaratdığım rollar” ifadəsini onun dilindən eşidən olmayıb.

İllər keçir, zaman dəyişir, insanlar zamana adaptasiya olunur. Həsən Məmmədov dəyişmir. Sovet quruluşu iflasa uğrayır, hər kəs bu dolanbacda nələrsə əldə etməyə çalışır, mənfəət güdür. Onun yenə halına təfavüt etmir, bacardıqca filmə çəkilir, dostu Həsən Turabovun dəvəti ilə yenidən qayıtdığı Akademik teatrda 1992-ci il noyabrın 21-dən elə ömrünün sonunadək aktyor truppasında çalışır.

Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Mülayim adam olub. Hamıya “qurban sənə” deyə müraciət edirmiş. Bəzən onun “sənə”sini də demirdi elə “qurban” formasında qalmışdı dilində.

“Azərbaycan mədəniyyətində ən əxlaqlı adam olub”

Yaxın dostu, kino adamı Şeyx Əbdül Mahmudov deyir: “O vaxt kinoya Gürcüstandan, Orta Asiyadan, Baltik yanı respublikalardan aktyorlar dəvət olunardı. Hər biri Həsənlə bir kadra çəkildisə, heyrətə gəlirdilər. Çəkilib kənara onun ustalığına tamaşa edirdilər. Həsən indi sağ olsaydı, dünya kinosu ondan əl çəkməzdi. Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni. İşə gəlmişəm, çəkilişim qurtarsa da çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.

Bütün fəxri adları almışdı

Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub. Bütün bunlardan öndə duran bir fəxri adı hələ də yaşayır - Həsən Məmmədov.

“Bəxtiyar rolu” dedim, bir məqamı xatırladım. Bir dəfə teatrda müsahibə alırdım ondan. Qış idi, uzun qara palto geyinmişdi, təpədən-dırnağa kino adamı olan bu şəxsdə qəribə bir magiya vardı. O qara paltoda, iri addımlarla teatrın girişindən keçəndə hamı kənara çəkilib yol verdi. Söhbətləşdik, sonda belə bir fikir dedi: “İndi sən demədin, qızım, amma çox vaxt mənə deyirlər ki, çəkildiyiniz filmlər sovet təbliğatına xidmət edib. Bəxtiyar komsomol olub, bizə düşməndir. Bu günün nəzərləri ilə baxsaq, Bəxtiyar sadəcə bir insan, şəxsiyyət idi, xalqının əmin-amanlığını istəyirdi...”

Hiss etdim ki, bu mövzu Həsən müəllimin yaralı yeridir. İllərlə yaratdığı obrazlar, çəkildiyi filmlər kimlərinsə nəzərində, sən demə, havayı atılmış güllə kimi qəbul olunur. O vaxt haqqında yazdığım yazı ilə ona nə qədər təsəlli ola bildim, deyə bilmərəm. Hər halda sonralar, ömrünün son günlərinə qədər zənglərimə məmnuniyyətlə cavab verib, həmsöhbət olurdu. Bildiyim odur ki, bəzən özləri heç bir işə qadir olmayan kəslər başqalarının gördüyü işləri kölgələməyə çalışmaqla təsəlli tapırlar.

Axı, ürək neyləsin...

Ömrünün son illərində Azərbaycan kinosunun qızıl illəri artıq arxada qalmışdı. Təltifləri, fəxri adları, hörməti, amma maddi cəhətdən o qədər də böyük təminatı yox idi. Ailəsi də sovet vaxtı ona verilən dar mənzilə sığmırdı. Zəmanəyə uyğunlaşa bilmədiyinə görə qınaqlar rahatlıq vermirdi. İstədiyini ailəsinə bəxş etmək üçün fikirləşib tapdığı yollar isə şəxsiyyətinə, xarakterinə yad idi.

Qatar getmişdi, arxasınca çatmaq olmazdı. Bəlkə vaxtında daha uzaqgörən olmayıb? Niyə o, kiməsə ağız açmalıdır? Bəlkə düz eləmir, hamı necə, o da elə? Niyə zəmanə adamı ola bilmir? Bunları düşünəndə gah özünə haqq qazandırır, gah özünü qınayırdı. Hərdən üzv olduğu partiyanın da qapısına qədər gedib çıxır, nə isə yenidən geri qayıdırdı.

Niyə Tanrı ona bu xarakteri verib? Başqa cür olsaydı, bəlkə ailəsini daha yaxşı təmin edərdi? Axı, onun yerində kim olsaydı...? Bu ağrılar onu ürək əməliyyatına qədər gətirib çıxartdı. Əməliyyatdan sonra rahat, qayğısız, təmin olunmuş həyat yaşamalı idi, ürək bunu tələb edirdi. Əks halda...

Avqustun cırhacırı idi. Zəng elədim, Həsən müəllim, necəsiniz? Ömür boyu şikayət etməyən adam elə bil dilə gəlmişdi: “Əməliyyatdan sonra Allahın bir putyovkasını tapmıram ki, gedib bu istilərdən kənarda bir az dincəlim...”

Bu həmin 2003-cü ilin avqustu idi ki, iki gün sonra əvəzsiz aktyor, nümunəvi sovet adamı Həsən Məmmədov dünyasını dəyişdi. Bəlkə də onunla da böyük, şaxəli bir çinarın son yarpağı qopub düşdü. Onu II Fəxri Xiyabanda dəfn etdilər. O itkini isə Azərbaycan kino sənətinə geri heç bir qüvvə qaytara bilməz. Bəlkə nə vaxtsa haqqında dastanlar yazılacaq, amma o, qayıtmayacaq. Yenə seviləcək, yenə zəmanə adamı olmadığı, iradəsinin ziddinə gedə bilmədiyi, şəxsiyyətli, abırlı, əxlaqlı, yalnız saf sənətkar olduğuna, yaşamağın başqa - ənənəvi yollarını bilmədiyinə görə qınanacaq, amma seviləcək. Seviləcək və bir də ondan olmayacaq.

Ramilə Qurbanlı - Pressklub.Az
 
Ardını oxu...
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı şair, tərcüməçi Səlim Babullaoğlu olub. S.Babullaoğlu şairin Allahla münasibətlərindən bəhs edib:

"Düşünmürəm ki, şairin Allahla xüsusi münasibətləri olmalıdır. Məncə, bəndənin Allahla və ya Allahın bəndə ilə münasibətləri var, olmalıdır. Belə bir ifadə var ki, Allahla danışmaq istəyirsənsə, ibadət et, Allahın sənə dediklərini eşitmək istəyirsənsə, baş verən hadisələrə diqqət et. Allah yeganə məbuddur ki, onu aldatmaq mümkün deyil. O nəinki bizim istədiklərimizi, hətta istəməyə utandıqlarımızı, yaxud qəlbimizin dərinliklərində gizlətdiklərimizi bilir və bir qayda olaraq bizə nəsib edəndə istəklərimizin ən xeyirlisini qismət edir. Allah bizi peşələrə görə ayırmır, inananlara və inanmayanlara, xeyirli və yaxud ziyanlı əməl sahiblərinə görə ayırır".

Səlim Babullaoğlu "Şair özünü rüşvətdən necə qorumalıdır?" sualına belə cavab verib:

"Məncə, insan özünü rüşvətdən qorumalıdır, şair yox. Təəssüf ki, mənə dəfələrlə rüşvət təklif olunub. Əvvəla, daxilən dərin təəssüf hissi keçirmişəm, qüssələnib, kədərlənmişəm. 3 ildir Yazıçılar Birliyinin Qəbul Komissiyasının rəhbəriyəm. O insanları başa düşə bilmirəm ki, rüşvət verib Yazıçılar Birliyinin vəsiqəsini almaq istəyirlər. Bu, çox acınacaqlı haldır. Təbii ki, həmin insanlara qarşı kobudluq etməmişəm. Amma izah etməyə çalışmışam ki, pulları belə çoxdursa, ehtiyacı olan bir adama kömək etsinlər".

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Qədim Şəmkir şəhərində uzun müddət aparılan qazıntılardan sonra 2019-cu ildə Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Bundan sonra məlum olub ki, qoruğun mühafizə ərazisinə düşən bəzi torpaqlar kənar məqsədlər üçün istifadə olunur.

Buna misal kimi qədim körpü qalıqlarının yaxınlığında əkin işlərinin aparılmasını göstərmək olar.

Bu ərazilər kənd sakinlərinə 1998-ci ildə Torpaq İslahat Komissiyası tərəfindən pay torpağı kimi verilib.

Məsələ ilə bağlı "Qədim Şəmkir Şəhəri" Qoruğunun direktoru Nurlan Həsənov bildirib ki, müvafiq dövlət qurumlarına müraciət olunub. Evlər və əkin sahələrinin gələcəkdə köçürülməsi planlaşdırılır.

Daha ətraflı Baku TV-nin materialında:

 
 
 

 
Ardını oxu...
Məşhur fransalı aktyor Alen Delon Duşi kommunasında malikanəsinin ərazisində dəfn edilib.

APA xəbər verir ki, mərasimə sənət adamının üç övladı və yaxın dostları qatılıb.

Delon sağlığında vida mərasiminin kiçik olmasını, rəsmi və ya dini tədbirlər olmadan baş tutmasını arzuladığını bildirib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dünyanın 150-dən çox ölkəsində yayımlanan və 700 milyondan çox insanın izlədiyi türk serialları Türkiyənin “​yumşaq güc”ünə çevrilib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsi nəzdində Marka Ofisi araşdırma aparıb.

Araşdırmada serialların Türkiyənin marka dəyərini, izlənilən ölkələrdən Türkiyəyə gələn ziyarətçilərin sayını və türk məhsullarına tələbatı artırdığı qeyd edilib.

Qurumun türk seriallarının dünyadakı təsirindən bəhs edən “Türkiyənin yumşaq gücü: Türk serialları” adlı araşdırması “Ayın tarixi” dərgisinin son sayında dərc olunub.

Araşdırmada türk seriallarının həm iqtisadi uğurları, həm də yaratdığı cazibə ilə Türkiyənin müxtəlif coğrafiyalardakı insanlarla əlaqə qurması üçün ən mühüm vasitələrdən birinə çevrildiyi vurğulanıb. Bundan başqa bildirilib ki, iqtisadi ölçü baxımından dünyada ABŞ-dən sonra ən çox serial ixrac edən Türkiyə, seriallar vasitəsilə ölkənin marka dəyərini digər ölkələrlə müqayisədə artırmaqda böyük üstünlüyə malikdir.

Araşdırmada Türkiyənin tanıdılmasına, ixracına, turizminə və iqtisadiyyatına birbaşa və ya dolayısı ilə qatqı təmin edən seriallar sayəsində müxtəlif coğrafiyalarda türk məhsullarına tələbatın gündən-günə artdığı ifadə edilib. Bundan əlavə, insanların türkcə öyrənmək ,Türkiyə və türklər haqqında müsbət fikirlərdə olması da qeyd edilib. Ən əsası isə bu il teleserial ixracından 1 milyard dollar gəlir gözlənildiyi bildirilib.

Araşdırmada fikirləri yer alan Kommunikasiya Direktoru Fahrettin Altun, son 3 ildə türk seriallarına qlobal tələbatın yüzdə 183 artdığını ifadə edərək “Bu istehsallar bizim mədəni korrupsiya cəhdlərinə qarşı müqavimət səyimizdir” deyib.

Məqalədə 2000-ci illərin əvvəllərində Orta Asiya ölkələrində “Deli Yürek” serialının nümayişinin türk seriallarının beynəlmiləlləşməsinin başlanğıcı kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. 2007-ci ildə Yaxın Şərq ölkələrində Kanal D-də yayımlanan “Gümüş” daha bir dönüş nöqtəsi olaraq görülüb. “İçerde” və “Bir Zamanlar Çukurova” seriallarının uğurları da nümunə göstərilərkən, Kanal D-də də yayımlanan “Yargı” serialının ən uğurlu serial seçildiyi xatırladılıb. Xaricdən ən çox tələb olunan TRT serialları “Diriliş Ertuğrul”, “Benim Adım Melek”, “Elimi bırakma”, “Masumlar Apartmanı”, “Filinta” və “Payitaht Abdülhamit” kimi sıralanıb.

Böyük Britaniyada yerləşən Exeter Universiteti tərəfindən 2023-cü ildə nəşr olunan kitabda türk seriallarına artan maraq akademik nöqteyi-nəzərdən müzakirə edilib.

AB Təhlükəsizlik Araşdırmaları İnstitutunun 2024-cü ilin may ayında dərc etdiyi “Dünyada Türkiyənin Kartları” adlı hesabatda “Türkiyənin dünyanın müxtəlif bölgələrində ayaq izi genişlənib” deyə yazılıb. “Bu, təkcə iqtisadi baxımdan deyil, həm də ölkənin öz yumşaq gücünün uğurlu proyeksiyasında özünü büruzə verir” sözləri qeyd edilib.

“The Economist” jurnalında bildirilib ki, İspaniyada 2023-cü ilin birinci yarısında ən çox yayılan üç ssenarili serial türk seriallarından ibarətdir.

2023-cü ilin iyul ayında ABŞ-də yerləşən Bloomberg internet saytında dərc edilən məqalədə Türkiyənin yumşaq gücündən uğurla istifadə etdiyi və seriallar sayəsində özünü dünyaya yeni bir güc kimi satdığı ifadə edilib. “Türkiyə NATO-nun ikinci ən böyük ordusunun belə çata bilmədiyi qədər uzaqlarda da ürəkləri və ağılları fəth etmək istəyir”,- deyə bildirilib.

Ardını oxu...
Ramiz Rövşənin poeziyası, şeirlərindəki tərz, üslub, intonasiya haqqında heç nə deyə bilmərəm. Çünki poeziyadan o qədər də yaxşı başım çıxmır. Sevdiyim şairlər, şeirlər olsa da, bu sahədə özümü piyada hesab edirəm. Başım çıxmadığı sahə haqqında danışmağım, bu yaşda – saqqalımın ağardığı bir vaxtda başım çıxmadığı mövzuda ciddi-ciddi nəsə fikir bildirməyim axmaqlığa, ədalətsizliyə yol aça bilər.

Ramiz Rövşənin nəsri haqqında da geniş məlumata malik deyiləm. Nədənsə onun nəsrini oxumaq həvəsim və istəyim heç vaxt olmayıb. Tamamilə təsadüfən bir-iki hekayəsi ədəbiyyat saytlarında qarşıma çıxıb. Açıb orasına-burasına baxmışam. Mənə həddindən artıq zəif, zövqsüz, texnika, mövzu və mövzunun işlənməsi nöqteyi-nəzərindən olduqca nimdaş təsir bağışlayıb. O qədər zəif, zövqsüz, nimdaş təsir bağışlayıb ki, bir sual ətrafında düşünməyə başlamışam:

“Özünü ciddi, intellektual ədəbi fiqur hesab edən və cəmiyyətdə də bu cür qəbul olunan bir qələm adamı necə belə zəif, zövqsüz, nimdaş hekayə yaza bilər? Yazmağı bir tərəfə qalsın, bu zəif, zövqsüz, hər cəhətdən nimdaş hekayəni necə dövriyyəyə buraxıb, oxucuların müzakirəsinə vermək olar?”. Sayt yaratmaq

Ramiz Rövşən poeziyasına gənclik illərimdə marağım olub. Minnət kimi başa düşülməsin, Ramiz Rövşən poeziyası bir növ özü mənim qarşıma çıxıb. Bir tanışım vardı. Ramiz Rövşən poeziyasının və personasının qatı azarkeşi idi. Şeirlərini əzbər bilirdi və münasib yerlərdə, münbit şərait yarananda Ramiz Rövşəndən mütləq şeirlər deyirdi. Ramiz Rövşəni müasir Azərbaycan ədəbiyyatında bir nömrəli şair kimi qəbul edirdi. Başqa söhbət ola bilməzdi. Hansısa əks bir arqumenti heç yaxına belə buraxmazdı.

O vaxtlar ölkə siyasi mövqe mənasında ikiyə bölünmüşdü. Ramiz Rövşən başqalarına nisbətən bizim üçün həm də bir köynək yaxın adam, bir köynək yaxın şair kimi qəbul olunurdu. Bizim düşərgənin adamı sayılırdı. Müxalifyönlü qəzetlərdə Ramiz Rövşən poeziyasına, personasına siyasətçilər, jurnalistlər, ziyalılar, sıravi partiya üzvləri tərəfindən daima ciddi və yüksək bir hörmət göstərilirdi. Bütün müxalifət qəzetlərinin qapısı Ramiz Rövşənin üzünə və poeziyasına taybatay açıq idi. Ramiz Rövşənin müsahibəsi, yazısı, şeiri bir qəzet üçün, necə deyim, prestij sayılırdı. Elə iqtidar düşərgəsi də Ramiz Rövşəni məşhur, ağır bir ədəbi fiqur kimi inkar etmirdi. İqtidar düşərgəsinin ziyalıları, poeziya vurğunları, şeir xiridarları da Ramiz Rövşənin şeirlərini əzbər bilirdilər. Onu müasir Azərbaycan ədəbiyyatında ciddi bir şair, intellektual bir ədəbi fiqur kimi qiymətləndirirdilər.

Bəli, fakt, həqiqət ortadadır. Nadir istisnaları çıxsaq, Ramiz Rövşən Azərbaycan cəmiyyəti, ədəbi ictimaiyyəti tərəfindən müasir Azərbaycan ədəbiyyatının ağır, ciddi bir şairi, intellektual ədəbi fiquru kimi tanınıb, tanınır, belə qəbul edilib, belə qəbul edilməkdədir. Bunu heç kim inkar edə bilməz. Ramiz Rövşəni sevməyən adamlar da bu faktı, bu həqiqəti qəbul etmək məcburiyyətindədirlər.

Deməyim odur ki, Ramiz Rövşən çörək, yoxsa mənlik, çörək, yoxsa ləyaqət, çörək, yoxsa azadlıq, aclıq, yoxsa həyat dilemması qarşısında qalmayıb. Belə bir vəziyyət onun üçün ümumiyyətlə, yaranmayıb, mövcud olmayıb. Müxalifətin ən yaxşı vaxtlarında müxalifətdə olub və qarşı tərəf də onu şair, ədəbi fiqur qəbul edib. Ta təfərrüatlara girmirəm, bilənlər nə demək istədiyimi bildi.

Asif Ata deyirdi ki, mən insanları imtinaları ilə tanıyıram. Yaxşı sözdür. İmtina etməyi bacarmayan, nəfsinə yiyəlik etməyən, nəfsinə cilov taxa bilməyən adam böyüyə bilməz. Qədim şərq mənbələrində nəfsi havayı yerə əfi ilana bənzətməyiblər. Lənətə gəlmiş nəfs nə qədər insanı cıqqılılaşdırıb, alçaldıb, cılızlaşdırıb, nə qədər insanı bir ziyalı, bir təfəkkür, bir istedad sahibi kimi bədbəxt edib. Nəfs – o əfi ilan nə qədər istedad sahiblərini çalıb, zəhərləyib. O əfi ilandan yayılan zəhər nə qədər istedad sahiblərinin şəxsiyyət kimi böyüməsinə, müdrikləşməsinə imkan verməyib. Nəfs istedadı, mənliyi, ləyaqəti boğub, məhv edib.

Doğrudan da, həyatın elə anları var ki, insan əldə etməklə deyil, imtina etməklə böyüyür. Ramiz Rövşən div ola bilərdi. Div olmaq üçün onun hər cür imkanı var idi. Amma o div olmağı deyil, cırtdan olmağı seçdi. Özü də könüllü seçdi. Dünya malına, xırda- xuruş şeylərə universal həqiqətlərdən daha çox qiymət verdi. Ədəbiyyat, əbədiyyət, həqiqət aşiqi kimi deyil, tipik bir bazar alverçisi kimi hərəkətlər elədi. Bu sadəcə dəhşətdir. Bir insanın div olmaq imkanı olduğu halda, o cırtdan olmağı seçir. Mənə maraqlıdır, görəsən, o öz faciəsini başa düşürmü? Nəyi nələrə dəyişdiyini bilirmi?

... Zövqüm, siyasi düşüncəm formalaşdıqca Ramiz Rövşənə qarşı məndə qəzəb yaranırdı. Bu qəzəb bəzən açıq nifrətə çevrilirdi. Onun "sovet bülbüllərini", ədəbi generalları, ədəbi nomenklaturanı daima təbliğ etməsini, qorumasını heç cür başa düşə və qəbul edə bilmirdim. Azadlıq, demokratiya carçısı "sovet bülbüllərini", ədəbi generalları, atalarının qucağında ədəbiyyata gələnləri necə müdafiə edə bilər? Azadlıq, demokratiya carçısının "sovet bülbüllərini", ədəbi nomenklaturanı qoruması, təbliğ etməsi heç bir məntiqə sığmır. Bu barədə yazılar yazırdım. Yazılar süngüylə qarşılanırdı. Xüsusən müxalifət düşərgəsinə aid şəxslər daha sərt reaksiyalar verirdilər. Bir növ öz düşərgələrinə aid fiquru, bütü tənqidlərdən qoruyurdular. Onların bütünə, demokratiya, azadlıq carçısına "daş atmaq" dəlilik, əclaflıq, savadsızlıq, xəyanətin kiçik forması, ən yaxşı, ən yumşaq halda, cavanlıq səhvi kimi qəbul edilirdi.

Məsələni qəlizləşdirən, adamları çaşdıran, çaş-baş salan məhz Ramiz Rövşənin azadlıq, demokratiya carçısı kimi tanınması, mitinqlərdə, müxtəlif yığıncaqlarda odlu-alovlu çıxışlar etməsi, müxtəlif məclislərdə azadlıq-zad haqqında bəlağətlə danışması, onun məşhur ədəbi fiqur, intellektual, gözəl şair kimi qəbul edilməsi idi.

Məhz bu sifətlərə görə Ramiz Rövşən ədəbiyyatın azad olmasına, müstəqilləşməsinə, azad, tənqidi düşüncəyə, tərəqqiyə, azadlığa, demokratiyaya başqalarından daha çox, daha ağır zərbə vurub. Ramiz Rövşən "sovet bülbüllərini", ədəbi nomenklaturanı, azad rəqabətin olmadığı vaxtlarda atalarının hesabına şair, yazıçı olanları, ədəbi generalları, parnik ziyalılarını başqalarından daha çox qoruyub və təbliğ edib. Leninə poema yazan Rəsul Rzaya, dövlətdən maliyyələşən Yazıçılar Birliyini öz şəxsi mülki kimi idarə edən Anara haqq qazandırıb və ən pisi də odur ki, bunu çox gözəl bacarıb. Ona inanan, onun poeziyasını, şeirlərini sevən adamları da öz məşhurluğundan, çəkisindən istifadə edərək pis, səhv yola çəkib. Yəni daha aydın desək, Ramiz Rövşən demokratiya, azadlıq carçısı kimi tanınsa da, öz məhşurluğundan, çəkisindən istifadə edərək mütləqqiyəti, sovet ənənələrin, sosrealizmi, senzuranı dəstəkləyib. Eyni missiyanı, lakeylərə müxtəlif yollarla, müxtəlif vasitələrlə lakeylik etmək missiyasını bu gün Cəmil Həsənli canla-başla və etiraf edim ki, çox uğurla yerinə yetirir.

Namaz qılan, oruc tutan, ziyarətlərə gedib Məşhədi, Kərbəlayı, Hacı titulu qazanan, bütün günü halaldan, haramdan danışan adamların pis əməlləri dinə nə qədər zərbə vurursa, demokratiya, azadlıq carçılarının parnik ziyalılarını, ədəbi nomenklaturanı qoruması, təbliğ etməsi də demokratiyaya, azadlığa, tərəqqiyə, azad düşüncəyə, ədəbiyyatın müstəqilləşməsinə, ədəbiyyatın inkişafına bir o qədər zərbə vurur.

Seymur Baycan - Yenisabah.Az
 

Dünyapress TV

Xəbər lenti