Ardını oxu...
Bu yaxınlarda tanınmış jurnalist Janna Nemtsova mərhum atasından danışarkən oliqarxlar Berezovski və Qusinskinin sahibi olduqları ORT (indiki “Pervı” telekanalı) və NTV telekanallarının Boris Nemtsova qarşı apardıqları “qara piar”dan danışdı. Saxta reportajların Yeltsinin varisliyinə namizəd olan atasının nüfuzuna zərbə endirdiyini xatırlatdı. Sonra nə oldu? Berezovski Londonda özünü “asdı”, Qusinski ölkədən qaçmalı oldu, jurnalist Yevgeni Kiselyov həmin reportajlara görə Boris Nemtsovdan üzr istədi. Amma bunun heç kimə faydası olmadı…

Bu, medianın yaradıcılıqdan və peşəkarlıqdan kənar şəxslərin əlinə düşməsinin böyük fəlakətlərə səbəb olduğunun kiçik nümunəsidir.

Zəngin ədəbi və mədəni irsimizə qısa nəzər salmaq bunün üçün kifayət edir. Təsəvvür edin ki, Mirzə Çəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin və digər dühaların yeri bomboş qalıb. Üstəlik, bu yeri istər doğma, istərsə də əcnəbi dildə doğru-dürüst danışa bilməyən, yazı yaza bilməyən, indiyədək öz ad-soyadını kiril əlifbası ilə təqdim edən biri olan Şakir Eminbəyli doldurmağa cəhd edir.

Sön dövrdə onu hər yerdə görürsən. İndi də İctimai Televiziyada peyda olub. Düzü, keyfiyyətsizliyi baxımından yerli serialları izləmədiyimizdən İctimai Televiziyanın “Gündəlik” serialından, onun layihə rəhbərinin Şakir Eminbəylinin olmasından xəbərimiz yox idi.

Güman etmək olardı ki, intriqanı artırmaq və maraq doğurmaq məqsədilə serialın kiçik fraqmenti İTV-nin efirində yayımlandı. Bu addımı atanlar həmin fraqmentin qələm əhli arasında böyük etiraza səbəb olacağını hesablamamışdılar. Hər şey əksinə oldu. Təzə-təzə ayağa qalxmağa başlayan, ictimaiyyətin nəzərində özünü dürüst, qərəzsiz aparmağa çalışan İTV-nin nüfuzuna böyük zərbə vuruldu. Sən demə, məktəbdə baş verən cümlə fəlakətlərə bais təhsil sistemindəki çatışmazlıqlar deyil, imla yaza bilməyən, “sensasiya” axtaran, icra başçısı və ya digər məmurlarla yüksək tonla danışa bilməyən, amma məktəbə gələndə şirə-pələngə çevrilən jurnalistlər imiş…

Layihənin rəhbərinin elm və təhsil naziri Emin Əmrullayevə yaxınlığı ilə seçilən, özünü “media meneceri” adlandıran, Gəncə hadisələri zamanı ANS-in əməkdaşı kimi tank üstündən “səsi” gələn, Aztv-nin keçmiş baş prodüsseri, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi, hazırda isə “Turan.media” şirkətində CEO (icraşı direktor) olan Şakir Eminbəylinin olduğu aydınlaşanda bütün daşlar yerinə oturdu.

Emin Əmrullayev təhsil naziri təyin olunan kimi “Yeni təhsil naziri Emin Əmrullayev ailə üzvləri ilə birlikdə” adlı ilk reportajı, sizcə, kim hazırladı? Əlbəttə ki, Şakir Eminbəyli. Yəqin “dost dosta tən gərək” prinsipinə riayət edən Şakir Eminbəyli nazirin fəaliyyətinə tənqidi yanaşan, mətbuat konfranslarında onunla mübahisə edən jurnalistlərdən “intiqam” aldığını düşünür. Ya da hesab edir ki, rəqs qabiliyyətini nümayiş etdirməyi bacaran, amma fəlakətli hadisələr törədiləndə məktəblərdə üzünü görmədiyimiz naziri belə müdafiə etmək caizdir.

Amma Şakir Eminbəyli unudub ki, video epizoddakı jurnalistin prototipinə daha çox özü bənzəyir. İnanmırsınız, Şakir Eminbəylinin statusuna baxın. Onu olduğu kimi təqdim edirik:

“Gündəlik” serialının gündəm olacağına bu layihənin ideyasını düşünsən andan əmin idim! Kütlənin, toplumun kəmsavadlığını da nəzərə almışdıq!

Amma, nə biləydim ki, ölkə mətbuatının başında duranlar belə, içi filankəslər olmaqla, Ustad Mir Shahin demişkən: “Hətta intellektinə, dünyagörüşünə hörmət etdiyim şəxslər belə bu xəstəliyə yoluxmaqdadır. Bədii təxəyyül məhsulunun üzərinə özünü ağıllı, yuxarı səviyyəli sayanların belə-radikalcasına gedişi sadəcə anormallıqdır”.

Ağıllılar və ağıllı görünmək istəyənlər! Əlyazmalar yanmır, ələxsus də “screenshot” lar….

Necə deyərlər, get imla yaz, Şakir Eminbəyli!

KONKRET.az-ın Analitik Qrupu
 
Ardını oxu...
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu – İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

Digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.
 
 
 
Ardını oxu...
Tanınmış aparıcı Zamirə Dadaşova ilə keçmiş iş yeri Space Tv arasındakı problem yenidən gündəmə gəlib.

Moderator.az xəbər verir ki, aparıcı öz sosial şəbəkəsində bu barədə belə yazıb:

"Mövzu yenə Space tv. Sona qədər oxuyun, lütfən. Fevralın 21 -də Yasamal rayon məhkəməsinin mənim işə bərpa və əmək haqqımın ödənilməsi ilə bağlı qərarı Spacenin məsul əməkdaşına təqdim olunsa da, məhkəmənin qərarı hələ də icra olunmur. Spacedən gah zəng etdilər gəlin ərizə yazın işə bərpayla bağlı ( qanundan bixəbərdiləree bixəbər) , gah dedilər əmək müfəttişliyinə müraciət etmişik iyul ayında verilən yanlış qərarı ləğv etsinlər, gahları bitmir ki, bitmir… görəsən bir dəfə də olsun dillərinə gətirməsələr də beyinlərində kaş ki, deyirlərmi? Vəkilim Sadiq Rəsulov əgər birinci günə kimi məhkəmənin qərarının heç olmasa bir hissəsini icra etməsələr ərizə ilə Ədliyyə Naziri Fərid Əhmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova və Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyliyə müraciət edəcəyimizin qacılmaz olduğunu bildirdi. Və bu gün biz artıq ərizəylə yuxarıda qeyd etdiyim instansiyalara müraciət etdim. Məcburi icra tədbirlərinə başlanılmasını və eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1 və 82.3-cü maddələrinin tələbinə əsasən borclu “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin icra sənədini qərəzli olaraq icra etmədiyinə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etdim.

Vado Karovin işə bərpa ilə yanaşı mənə təxminən 11000 manat məbləğində maaş ödəməlidir. Anlayıram çətindir sizə bu məbləği ödəmək. İşdən çıxaranda qanunsuzluqlara yol verdiz nəticə göz önündədir. Heç olmasa indi Azərbaycan Respulikasının qanunlarına riayət edin! Mənə ödəməli olduğunuz məbləğ bir tərəfə cərimələr ödəyə ödəyə hara qədər gedəcəksiz? Əmək müfəttişliyi cərimələdi indi də Məhkəmənin qanunu qüvvəyə minən qərarını icra etmədiyinizə görə inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Sadəcə insanlıq naminə deyirəm, xəbəriniz olsun. Çünki ətrafınızda olan insanlar qanunları bilmirlər. Bu da məndən Sizə bir yaxşılıq olsun!".
 

Ardını oxu...
“Sosial şəbəkələrdə reytinq xatirinə sənətkarlarımızdan istifadə etmək olmaz. Özü də onlar elə-belə sənətkar olmayıblar. Onlar belə edəndən sonra gələcək nəsil nə etməlidir?! Biz özümüzünkünə dəyər verə bilmirik. Ona görə də bir əcnəbi ordan çıxıb, sənətkarımızı lağa qoyub, paylaşım edir. Bir də görürsən ki, indiki gənc müğənni ilə o vaxtın xanəndəsinin görüntülərini yanaşı paylaşıb fərqləndirirlər. Hər kəsin öz yeri var, amma o sənətkarlardan bir də olmayacaq. Bunu dərk etmək lazımdır. Bəzi gənclərimiz var ki, həddindən artıq özlərindən razıdır. Əlbəttə ki, bu hamıya aid deyil. Görmürlər, görmürlər birdən görəndə, bolluğa, pulun içinə düşəndə özləri-özlərini tanımırlar. Mən bu günki gündə də özümdən böyük sənətkar görəndə ayağa qalxıram, özüm ona salam verirəm. Heç bəlkə də o sənətkar məni sevmir, amma ona hörmət etmək mənim borcumdur. Gənclərin bir çoxunda bu dəyərlər itib”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.

“Gənclərə yer verməyimin üstündə sənət yoldaşlarım tərəfindən qınaqa məruz qalıram. Dəstək olduqlarım heç öz tələbələrim də deyil. Çəkdiyim əziyyətləri istəmirəm ki, onlar da yaşasın. Vaxt olub ki, səhnəyə çıxmışam, mikrofon verməyiblər ki, mahnı oxuyum. Əlimdə mikrofon olanda mənə vaxt qalmayıb. Çox incimişəm! Düzdür sınmamışam. Daxilimdə əziyyət çəkmişəm. Elə günü bu gün də efirlərdə mikrofon üstündə dava düşür” deyə xanəndə bildirib.

Əməkdar artist efir vasitəsilə insanları qınayan məşhurlardan da danışıb.

“Böyük sənətkarımız Rasim Balayev bu günlərdə bir müsahibə verib demişdi ki, əxlaqı olmayan, əxlaqdan danışır. Bu dəqiqə efirdəki məşhurlar kimdə nə yoxdursa ondan danışır. Biz sənət adamları heç kimin şəxsi məsələlərinə qarışmamalıyıq, nə də ki, efirdən kiməsə məsləhət verməliyik. Tövsiyyəni kənarda da vermək olar, şərt o deyil kamera qarşısında kimisə təhqir edəsən. Müğənni özünü ucuzlaşdırmamalıdır. Şəxsiyyəti olan sənətkar heç vaxt efir vasitəsilə kiməsə tərbiyə vermir. Efirdən kiməsə tərbiyə, məsləhət verənlər birinci özlərini tərbiyələndirməlidir. Heç kim günahsız deyil. Həyat ağ və qara zolaqlardan ibarətdir. Bizlərə də tövsiyyə ediblər, amma efirdən kənar” deyə sənətçi bildirib.
Ardını oxu...
Novruz qədim Turan bayramıdır

Novruz bayramı barədə yazılmış ilkin məlumatlara Əbu Reyhan Biruni (973-1048), Ömər Xəyyam (1045-1131), Firdovsi (935-1020), Nizamül-Mülk kimi müəlliflərin əsərlərində rast gəlinir. Ancaq bu müəlliflər də öz məlumatlarını xalq arasında yayılmış əfsanə və rəvayətlər əsasında yazdıqlarına görə Novruz barədə onların söylədikləri də mifoloji səciyyə daşıyır.

Məsələn, Əbu Reyhan Biruni yazır: “Bir fars alimi deyir ki, bu günün “Novruz” adlandırılmasının səbəbi budur ki, Cəmşid şah olandan sonra muğların dinini yenidən bərpa etdi və bu hadisənin baş verdiyi günü insanlar “Novruz” (“Yeni gün”) adlandırmışlar... Bəziləri isə deyirlər ki, Cəmşid müxtəlif yerlərə səyahət etməyi xoşlayırdı. O, Azərbaycana getmək istəyəndə qızıl taxta oturdu və insanlar onu öz çiyinlərində apardılar. Günəş şüaları Cəmşidin üzərinə düşəndə insanlar onu görüb, heyran oldular və həmin günü bayram elan etdilər”.

Cəmşidlə bağlı bu əfsanə Novruz barədə yazan sonrakı müəlliflərin əsərlərində də təkrar olunur. Biruni həmçinin yazır ki, Novruz bayramına əvvəllər “Hörmüzd” (“Ahura Məzda” adının qısa formasıdır) bayramı deyilirmiş.

“Avesta”da “Novruz” adına rast gəlinmir. Strabon (e.ə. 64-cü il – b.e. 24-cü ili) isə özünün məşhur “Coğrafiya” əsərində bu bayramı Turan ərazisində keçirilən atəşpərəstlik bayramı kimi səciyyələndirir: “Ən qədim zamanlardan bu günə qədər Mesopotamiyada (Amu-Dərya və Sır-Dərya çayları arasında) yerli sakinlər bu gündə atəşkədələrə toplanırlar. Bu, ən mötəbər bayramdır və bayram vaxtı satıcılar öz mağazalarını bağlayır, sənətkarlar öz işlərini dayandırır, hamı şənlənir, atəşin toxunduğu yemək və içkilərlə bir-birini qonaq edirlər”.

Strabon öz əsərində İranla bağlı da məlumatlar verir. Ancaq o, bu bayramın İranda da qeyd edilməsi barədə heç nə yazmır. Bu isə, aşağıda görəcəyimiz kimi, onunla bağlıdır ki, o zamana qədər və ondan üç əsr sonra da bu bayram İranda keçirilmirdi. Bəs bayram İranda nə zaman və necə yayılmışdır?

Günəş kultu ilə bağlı olan və yerdəki atəşi Günəşin təcəssümü hesab edən bu bayram hələ Zərdüştün dövründən əvvəl də Turanda mövcud olmuşdur. Turan anlayışı isə o zaman təkcə Orta Asiyanı deyil, Cənubi Sibiri də ehtiva edirdi. Burada Altay, Ural və hind-Avropa dillərində danışan çoxlu xalq və tayfa yaşayırdı. Ancaq e.ə. VII-IV əsrlərdə burada aparıcı rol saklara məxsus idi. Sak tayfa birlikləri içərisində isə hegemonluq turlara mənsub olmuşdur. Onlar turu (“Avesta”da bu sözün qədim forması “tura” şəklində yazılıbdır), yəni vəhşi çöl buğasını özlərinin totemik əcdadı hesab edirdilər. Ancaq bu əcdad kultu sonralar baş tanrı statusuna qədər yüksəlmişdir. “Turan” (turlar) adının özü də bu əcdad kultundan törəmişdir. Turanla bağlı çoxlu adlar Cənubi Sibirdə indi də saxlanılmaqdadır. Məsələn, Tuva respublikasının şimal-qərb hissəsində Turan çölü, Turan çayı və Turan şəhəri vardır. Firdovsinin məlumatına əsasən Turanın paytaxtı Kən-xa (Kən qalası) adlanırdı. Krasnoyarsk vilayətinin cənubunda Kən çölü, Kən çayı və Kansk şəhəri yerləşir. “Avesta”da Zərdüştün vətəninin coğrafiyası haqqında danışılan hissələrdə adı çəkilən çay, dağ və göl adlarının çoxuna da burada rast gəlmək mümkündür. Arxeoloji məlumatlar da göstərir ki, bu ərazilər e.ə. VII-IV əsrlərdə sak mədəniyyətinin ən güclü mərkəzlərindən biri olubdur.

A.İ.Martınov “Arxeologiya” adlı kitabında yazır: “Skif dövründə Avrasiya çöllərində yerli kultlarla yanaşı qədim əsaslara söykənən ümumi skif-Sibir kultları da formalaşmışdır: əcdad, heyvan, Günəş, bitki kultları, bir qədər sonra, e.ə. VI əsrdən isə od (atəş) kultu. Onlar dünya, kainat, xeyir və şər ideyalarının mübarizəsi, Günəşin ilahiləşdirilməsi kimi təsəvvürləri əks etdirirdilər”.

Zərdüştün özü də etnik mənşə baxımından sak idi. O, öz həmyerlilərinin dini inanclarında islahatlar aparmaq istəyirdi. Həmyerliləri isə Zərdüştü əcdadların etiqadına müxalif çıxmış bir adam kimi Cənubi Sibirdən qovurlar. On il ərzində sərgərdan halda gəzdikdən sonra o, indiki Əfqanıstan ərazisinə gəlir. O zaman fars Həxamənişi dövlətinin buradakı canişini Viştapsa (I Daranın atası) onun təlimini qəbul edir. Dara atasının qəbul etdiyi dini bütün İranda yaymaq istəyir, ancaq yeni din yalnız saray çərçivəsində qəbul edilir. Xalq isə özünün bütpərəst Mitra (Mehr) dininə sadiq qalır. I Daranın ölümündən sonra isə zərdüştilik saray mühitindən də silinir. O zaman Azərbaycan muğları fars işğalına qarşı iki dəfə üsyan qaldırdığına görə I Dara onların dinini qadağan etmişdi. Zərdüştün təlimini Azərbaycanda təbliğ etmək üçün Dara Zərdüştün yaxın köməkçilərindən olan Cəmaspanı (daha sonrakı mənbələrdə Cəmşid adlanır) Azərbaycana göndərir və buradakı muğlar zərdüştiliyi qəbul etməyə razılaşırlar. Farslar özləri isə bu təlimi təqribən min il sonra – Sasanilər dövründə (III-VII əsrlər) qəbul etməyə məcbur olurlar. Çünki Sasanilərin düşməni olan qonşu Bizansda xristian dini artıq rəsmi dövlət dini kimi qəbul edilmişdi və bu din İranda da yayılırdı. İran xristianları isə daima özlərinin Bizansdakı din qardaşlarına kömək edir və onların xeyrinə casusluqla məşğul olurdular. Ona görə də sasanilər də “kitabı” olan başqa bir dini qəbul etmək qərarına gəldilər. Ancaq bu zaman farslar özlərinin qədim Mitra dininin ayinlərini də “Avesta”ya daxil etdilər.

Zərdüştiliyin yaranış təliminə əsasən xeyir tanrısı Ahura Məzda dünyanı yeddi ünsürdən ibarət yaratmışdır: səma, su, torpaq, bitki, buğa, insan və atəş. Şər tanrısı Əhrimən isə Ahura Məzdanın yaratdığı işıqlı dünyanı məhv etmək istəyir. Bu ünsürləri qorumaq üçün Ahura Məzda altı qoruyucu mələk də yaradır, atəşin qoruyucusu isə özü olur.

Zərdüştün təlimində il iki fəsildən – yay və qış fəsillərindən ibarət idi. Yay 21 mart tarixindən payız gecə-gündüz bərabərliyinə (22 sentyabr) qədər davam edirdi. 22 sentyabrdan növbəti Novruza qədər isə qış hesab edilirdi. Zərdüştün təliminə əsasən, yay xeyir qüvvələrin, qış isə şər qüvvələrin üstünlüyü ilə keçirdi. 21 dekabrdan (qış gündönümündən, yəni ən uzun gecə olan Yəlda gecəsindən) şər qüvvələr daha da azğınlaşmağa başlayırlar. Soyuqdan, xəstəliklərdən və aclıqdan əziyyət çəkən insanlar fevralın ortalarından başlayaraq hər çərşənbə günü bir qoruyucu mələyə və öz əcdadlarının ruhlarına müraciət edərək, onları köməyə çağırırlar. Nəhayət, axır çərşənbə axşamı mələklər və ruhlar “gəlib çıxırlar”. Onları yaxşı qarşılamaq üçün bir neçə gün əvvəldən evlər, həyətlər təmizlənir və bayram sovqatları hazırlanır. Axşam qaranlıq düşəndə evlərin damlarında və hündür yerlərdə tonqal qalayıb, tonqalların üstündən tullanırlar ki, ruhlar öz evlərini və qohumlarını tanıyıb, evlərinə tez çatsınlar. Ruhlar “gəlib çıxandan” sonra isə qonaqlıq başlanır. Ruhlar da qapı və bacalardan torba atırlar ki, onların yemək paylarını da versinlər. Səhəri gündən isə xeyir və şər qüvvələr arasında mübarizə başlanır və bu mübarizəni əks etdirən müxtəlif tamaşalar təşkil edilirdi (“Kosa və keçəl” və s.). Nəhayət, 21 mart tarixində xeyir qüvvələr qalib gəlirlər və həmin gün bayram edilir.

Bütün bu sistemi qədim turanlıların varislərindən olan çuvaşların Tura bayramında da görmək mümkündür. Çuvaşlar xristian dinini xeyli gec, yəni 18-ci əsrin ortalarında qəbul etdiklərinə görə qədim bütpərəst inanc və adətləri onlarda güclü şəkildə saxlanılıbdır. Hətta indi də xristianlığı qəbul etməyərək, öz qədim əcdadlarının adət-ənənələrini davam etdirən çoxlu çuvaş kəndləri vardır.

A.A.Volkova Tura bayramı haqqında belə yazır: “Çuvaşların bayramları sırasında Günəşə, Tura tanrısına və əcdadlara qurbankəsmə bayramı xüsusi yer tutur. Bu bayram mart ayında keçirilir və bir neçə gün davam edir. Çuvaşlar oda, suya, Günəşə, torpağa ehtiram göstərir və baş tanrı Silt Tura başda olmaqla xeyir tanrılarına və ruhlarına inanırdılar”.

Vaxtilə Turan ərazisində yaşamış bir sıra digər xalqların (şorslar, başqurdlar, evenklər və b.) qədim təqvimində də mart ayının ortalarından aprel ayının ortalarına qədər olan müddətə “Turan ayı” deyilir. Qədim çuvaş inanclarına əsasən, dünyanı Tura tanrısı yaradıbdır və xeyir qüvvələrə də o başçılıq edir. Çuvaşların da əsas bayramlarının hamısı astronomik hadisələrlə (yazda və payızda gecə-gündüz bərabərlikləri, ən uzun gecə, ən uzun gündüz və s.) bağlıdır. Onların qədim təqvimində də il iki fəslə – yay və qış fəsillərinə bölünür. Bizdə Axır çərşənbədən əvvəl evlər, həyətlər və ölmüş qohumların qəbirləri sahmana salındığı, “qara bayram” keçirildiyi kimi, çuvaşlar da mart ayının 14-dən 20-nə qədər olan günlərdə ölmüş qohumlarının qəbirlərini ziyarət edir, qəbir üstündə şam yandırır, əcdadların ruhuna qurbanlar kəsir, martın 21-ni isə yeni ilin başlanğıcı hesab edirlər. 21 mart gününü çuvaşlar “Mən-kün” (“Böyük gün”) adlandırırlar və bu gündən başlanan bayram 10 gün davam edir. İnsanlar yaxın adamlarının evlərinə qonaq gedir, bir-birlərinə hədiyyələr bağışlayır və Tura tanrısının şərəfinə müxtəlif mərasimlər keçirirlər. Sonda şər qüvvələrin qovulması ilə bayram başa çatır (bu barədə ətraflı bax: Чувашские праздники и обряды, http://www.chgign.ru>public12...).

Bütün bu deyilənlər göstərir ki, Novruz bayramının mahiyyəti və əsas mərasimləri Zərdüştün təlimindən əvvəl də qədim Turanda mövcud olmuşdur. Ancaq o zaman bu mərasimlər “Tura bayramı” adı altında keçirilirmiş. Zərdüşt isə bu bayrama “Ahura Məzda” adı vermiş, daha sonralar xalq dilində bu iki söz birləşərək, “Hörmüzd” forması almışdır. İslamın qəbulundan sonra isə digər dinə mənsub olan “Hörmüzd” (“Ahura Məzda”) adı dəyişdirilərək, “Novruz” (“Yeni gün”) adı ilə əvəz edilmişdir.

Kamil Hüseynoğlu,

Filologiya elmləri doktoru, professor
 
Ardını oxu...
Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu, Xalq artisti Rafael Dadaşovun ölüm ildönümü ilə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, aktyorun yer aldığı videonu yayımlayan müğənni bunları yazıb:

"Həyat yalnız xatirələrdə qalır. Bir də gördün ki, başının üstünü ayrılıq alır. Əmioğlu, səni dərin hüzn və kədərlə yad edirik".

Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi.
 
Ardını oxu...
“Mən uzun müddətdir ki, Azərbaycan televiziyasına baxmıram”.

Bunu Moderator.az-a xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar deyib.

Anar Xurşudbanu Natəvan və Mirzə Fətəli Axundovun heykəl obrazlarından istifadə edilərək lentə alınan reklamdan danışıb.

“Sözün düzü həmin video görüntünü görməmişəm. Sosial şəbəkələrə baxmıram. Qəsdən baxmıram ki, axmaq-axmaq paylaşımlara qanım qaralmasın. Belə böyük insanları, dahiləri ucuz reklamlarda istifadə etmək olmaz. Bunu qınayıram. Düz edib həmin reklamı yayımdan qaldırıblar. Hər bir şeyin günahını Yazıçılar Birliyində görürlər. Bir yerdə yanğın olsa, yenə də Yazıçılar Birliyinin üstünə atacaqlar ki, niyə münasibət bildirmir?! O qədər mənasız insanlar mənasız işlər görür ki! Hamısına Yazıçılar Birliyi cavab verməlidir?” , - deyə Anar bildirib.
Ardını oxu...
Mütaliə insanların həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir.
Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sokrat mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."
Təəssüf ki, ölkəmizdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir.
ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur.
Halbuki mütaliə şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir.
U. M. Tekkerey kitab barədə deyirdi ki, ... kitab insanın ruhunu qidalandırır, onu ucaldır və möhkəmləndirir.
Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürüdə bilmək qabiliyyəti sürətlənib.
Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar .
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompyuter vermir, əksinə televizor onları itirir... Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.
London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda 53-75 kişi və qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir.
Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.
Ona görə də mənəvi-əxlaqi dəyərlər aşılaması və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyəti, tibbi baxımdan oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq mütaliəni vərdişə çevirmək lazımdır. Bu işdə yaşlılar uşaqlar və gənclər üçün nümunə olmalıdırlar.
Çünki uşaq və gənclərin təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşaq və gənclərin mütaliəsi onun həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır . Uşaqlıqda və gənclikdə oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və onun sonrakı inkişafına təsir göstərir.
Oxunan səhifələrin sayının çoxluğu kimsənin yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərarvermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır. Çoxdan sübut edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən insan oxuma və anlamada daha sürətli olur.
Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir. Bunun üçün oxucu fasilələrlə oxuya, "sözləri deyil, fikirləri görməyə" (yəni tək-tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz arasında normal məsafə saxlamağa və səhifəyə dik bucaq altından baxmağa, yalnız gözlərdən istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə, oxu texnikası qaydalarına əməl etməyə çalışmalıdır. Ənənəvi qiraət zamanı dərk olunmanın (qavramanın) dərəcəsi 60 %, sürətli qiraətdə isə, 80 % təşkil edir. Orta qiraət bacarığı (və ya adəti) olan insanın gözləri bir kitab sətrində 12-16, sürətlə qiraət edənin isə 2-4 duruş edir. Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.
Hazırda həyatımıza elektron kitablar və elektron mütaliə də daxil olmaqdadır. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Amma bir məsələ var ki, bu gün heç də bütün kitabların elektron versiyası yoxdur. İnternet olmayan kəndlər var. Ən vacibi şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz. “Ənənəvi formada kitab oxumağa üstünlük verənlərin bir sıra tutarlı dəlilləri var. Onlar kitabla fiziki təmasdan, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqədən və bu zaman yaranan atmosferdən zövq aldıqlarını bildirirlər. Hətta araşdırmalara görə, yaponlar uşaqlarına hələ körpə vaxtlarından kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiri ilə mütaliəyə meyillənsinlər.
Neyrobioloqlar da bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, hətta kitabın üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır”. Hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil.
İstər ənənəvi, istərsə də elektron mütaliədə kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, düzgün kitab seçimi mütaliədə əsas şərtdir.
Düzgün kitab seçimini zəruri edən amillərə aşağıdakıları göstərmək olar:
1. İndi dünyada sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, "nə mənsəbə qulluq etdiyi" hətta müəllifləri tərəfindən belə bilinməyən, "söz yığınından ibarət olan“, kriminal və pornoqrafik səciyyəli kitabların sayı xeyli artmışdır. Ona görə də təsadüfi (səhv) kitab seçimi xeyirdən çox ziyan gətirə bilər. Mütaliədə səhv seçimlər isə bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir.
2. Müxtəlif səbəblərdən bəzən uşaq və gənclər bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8 – 10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni dildə” danışa bilmirlər. Aydın məsələdir ki, onlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaqlar. Bir maraqsız kitab isə insanı ömürlük kitablardan uzaq sala bilər.
3. Təsadüfi seçilən bəzi əsərlər oxucunun psixologiyasına mənfi təsir edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyanlar digərlərinə görə çox dalaşqan, üsyankar və aqressiv olurlar .
4. Bəzən oxucular heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə (xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və oxucunun lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.
5. Bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yalnış anlamalara səbəb olur, gənc oxucuları çaşdırır, onların canlarını sıxır. Nəticədə onlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.
6. İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez- tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alanların estetik zövqünü korlayır. Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval gözlərin nurunu da korlayır.. Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar insanların gözlərinə zərəri var.
Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla bilər. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da oxucuların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir, mənən şikəst edir .
Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan da çox asılıdır. Ona görə də münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verilməlidir. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda mütaliə etmək məsləhət görülmür.
Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaiə vasitələri - stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır.
Mütaliə ilə məşğul olan gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət mərkəzində saxlanılmalıdır.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
 
Ardını oxu...
Çoxları kimi mən də cazı ikiyə ayırmışdım – Vaqifə və digərlərinə. 10-cu sinifdə oxuyurdum, bir gün hamı yatandan sonra məktub yazdım. Vaqif Mustafazadənin “Mart” kompozisiyasının efirə verilməsini xahiş etdim. Aylardan da elə mart idi. Zərfin üstünə “Amerikanın səsi, Caz saatı” yazıb göndərdim Vaşinqtona. Və bir aprel axşamı qulaqlarıma inanmadım – verilişin aparıcısı proqramda “İndi isə Bakıdan gənc dinləyicimiz İbrahim üçün” deyərək adımı çəkdi. Bir həftə sonra anamı məktəbə çağırdılar…
* * *
Villis Konover (Willis Conover, 1920-1996) «Amerikanın səsi» radiosunun əfsanəvi «Caz saatı» verilişinin 40 il aparıcısı olub. Bizim yaşıdlar Konoverin yumşaq bariton səsi ilə böyümüş, onun yaydığı «caz virusu»na yoluxmuşdular. Maqnitafon az ailədə vardı, ancaq radiosuz ev yox idi. Xarici radiostansiyalar həm xəbər mənbəyi, həm musiqi dinləyə biləcəyimiz yeganə yerdi. Axşam düşən kimi mətbəxə keçir, VEF radioqəbuledicimi sağa-sola döndərir, min bir çilə ilə “Amerikanın səsi” və ya “Monte Karlo” kanallarını yaxalamağa çalışırdım. Diktorların qulağa xoş gələn danışıqları insana sirli və qəribə gəlirdilər. Villis Konover və Sofya Tarnovskaya kimi aparıcılar möhtəşəmdilər.
“Voice of America” verilişlərini Sovet İttifaqı ilə onun Şərqi Avropadakı satellitlərinə 1947-ci ildə translyasiyaya başladı. Soyuq Müharibə bu radiostansiya ilə Varşava Paktı ölkələrinin evlərinə girdi. Kölgəsindən də qorxan Moskva yayınları əngəlləmək üçün radiolokasiya stansiyaları qurmağa başladı. Bunlardan biri də evimizin yaxınlığında, Gənclik metrosunun yanındakı ətrafı boz hasara alınmış böyük ərazidə yerləşirdi. Antenlər mənfur ideologiyanın simvolu kimi hələ də ordadırlar. Bakıya hər gələndə pəncərədən o idbar qurğulara baxır və səksənirəm.
Xalq arasında adı “QolsAmerka” kimi tələffüz edilən radionun xəbər buraxılışlarını əngəlləmək və efirə küy verməklə Sovet ideoloji cəbhədə qələbə çaldığını düşünürdü. Ancaq Amerika əsas sarsıdıcı zərbəni Sovet insanının qəlbini qazanmaqla – onu sakit və ecazkar musiqi ilə ovsunlayaraq vurdu. 1955-ci ildə Duke Ellingtonun “Take the A Train” kompozisiyasının akkordları ilə başlayan “Caz Saatı” proqramı zamanla əfsanəyə çevrildi. Efirdəki bütün səs-küy, cırıltı və cızırtıya rəğmən Konoverin “This is Willis Conover in Washington, D.C., with the Voice of America Jazz Hour” sözləri Şərqi Berlindən Vladivostoka qədər yayılmağa başladı. Həftənin 6 günü Konover sosialist blokunun ölkələrini “bombalayır”, Ella Fitcerald, Lui Armstronq, Çarli Parker, Con Koltreyn, Billi Holidey, Kaunt Beysi, Telonius Monk, Dizzi Gillespi, Benni Gudmen kimi nəhəng ifaçı və vokalistlərlə dünyadan təcrid olunmuş sovet adamının qulağının “pasını” açırdı.
Kreml və onun təbliğat maşını təhlükəni çox tez anladı. Caz musiqisinin “dağıdıcı” gücü onu təşvişə salmışdı. ‘’Bu gün sən caz çalırsan, sabahsa Vətəni satacaqsan” (Сегодня ты играешь джаз, а завтра — Родину продашь) şüarı belə heç nə edə bilmədi. 1970-lərin sonunda Sovet İttifaqında “Caz Saatı”nı dinləyənlərin sayı gündəlik 100 milyona (!!!) çatdı. 1980-lərin əvvəllində isə aydın oldu ki, Konover caz proqramı ilə əslində sərhədləri silib. O, “Caz diplomatiyası”nın yaradıcısı oldu, “Caz Azadlığın səsidir” deyərək milyonlarla insanın gözünü açdı, dünyagörüşünü dəyişdi. Zərgər dəqiqliyilə seçdiyi caz kompozisiyaları mədəniyyətləri birləşdirdi, mağmın sovet insanını “qış yuxusu”ndan oyatdı. Caz musiqisini sevən və bilən Vaqif Səmədoğlu da “Caz Saatı”nın tiryəkisi olduğunu, proqramı dinləmədən yatmadığını söyləyirdi.
* * *
70-ci illərin əvvəlində kiçik dayım Vaqifin toyu üçün Qazağa getmişdik. Babamgilin evinə çatanda baxdıq ki dayım yoxdur – Tiflisə gedib. Toyuna üç gün qalmış məhlədəki tay-tuşları ilə Vaqif Mustafazadənin konserti üçün aradan çıxmışdı. Toy günü dayım dostlarına adaşının Tiflisdə necə “qan eləməyindən” danışırdı. Mən də ağzımı açıb heyranlıqla ona qulaq asırdım. Təsəvvür edə bilirsizmi, Qazax uşaqları caz söhbətləri edirdilər. Qazaxda isə nə caz klubu var idi, nə də caz biliciləri. Amma hər evdə bir VEF-12 tranzistoru var idi ki, bu da dünyaya açılmaq üçün kifayətdi. Bazar günü xaric hər axşam saat 22:00-dan 24:00-a qədər Viillis Konover gəncləri maqnit kimi “Caz Saatı” proqramına çəkirdi.
Bakıda doğulub Bakıda böyüməyimə baxmayaraq mənim Konoverin fanatına çevrilməyim məhz babalarımın doğulduğu torpaqlarda başlayıb. O illər bir çoxları kimi Konoverin səsi gələndə mən də dik atılır, qulağımı gümüşü-qara tranzistoruma dayayırdım. Evimizdən adətən sazın tilsimli səsi havalanırdı, gecənin gec saatlarında isə qardaşımla mənim otağımdan caz melodiyaları süzülürdü. Hərdən qonşumuz Marina “Sən cazla saz arasında ilişib qalıbsan” deyərək məni cırnadırdı. Sonralar Azərbaycan televiziyasında Vaqif Səmədoğlunun aparıcısı olduğu caz proqramı yayınlamağa başladı. İmkanların məhdudluğu, video-lentlərin kasad olması və bir çox b. səbəbdən proqramı bəyənmirdim. Vaqif Səmədoğlu qohumumuzdu, onu şair kimi çox bəyənirdim, amma aparıcısı olduğu caz verilişlərini heç xoşlamırdım. Tələsik və səliqəsiz hazırlanan verilişlərdə Vaqif Səmədoğlu sevdiyi musiqiçiləri verə bilmirdi – onların lent yazılarını tapmaq qeyri-mümkündü. Tapıb efirə verdikləri isə ya keyfiyyəti itmiş lent yazıları ya da Şərqi Avropa ölkələrinin ortabab caz qrupları idilər. Bu səbəbdən də verlişlər baxımlı alınmırdı.
Sonralar bu fikrimi rəhmətliyin özünə də dedim, o da bığını eşib mənimlə razılaşdı. Sonra da dedim ki, dövran dəyişib, artıq istədiyin musiqiçiyə qulaq asa bilərsən, bəs indi hansı cazmeni dizləyirsən? Yastı-yastı “İndi mənimki sazmen Ədalətdi” dedi. Yaşa dolduqca genetik kodlar öz işini görürdü, o, aşıq musiqisinə — köklərinə qayıdırdı…
* * *
Adımı “QolsAmerka”da çəkdilər deyə özümü disident kimi hiss etdim bir ara. Məktəb qızlarının yanında forslanmağa belə başlamışdım. Ancaq atamın zəhmi ilə anamın narahat olacağından qorxub evdə məktəbə çağrıldıqlarını demədim. Məktəb direktoru da çox israr etmədi. Anladım ki, məsələni çox böyütməyiblər. “Sovetin tikişləri” qadın corabı kimi sökülməyə başlamışdı, Moskva da, onun sarsaq təbliğat maşını da təlaş içində idilər. Yalançı şüarlar, boş xəyallar üzərində milyonların qanı hesabına qurulmuş sistemin çökməyinə çox az qalmışdı. Nə qəribədir ki,‘’Bu gün sən caz çalırsan, sabahsa Vətəni satacaqsan” deməklə Kreml ideoloqları müəyyən mənada da haqlı çıxdılar. Çünki Sovetin axırına da elə Konoverlə böyüyən nəsil çıxdı …
* * *
Villis Konoveri ABŞ-da kimsə tanımırdı. Çünki “Amerikanın səsi” ölkə daxilinə yayımlanmırdı. Ancaq bütün dünyada məşhurdu o, “Amerikanın caz elçisi” deyirdilər ona. Çox siqaret çəkirdi, qırtlağında şiş yarandı. 1996-cı ilin bir bahar günü vəfat etdi.
Konoverə incikliyim vardı uşaqlığımdan. Çünki verilişində adımı çəksə də, istəyimi yerinə yetirməmiş, Vaqif Mustafazadənin yerinə Telonius Monkdan bir əsər səsləndirmişdi. Ölüm xəbərini Ankarada təsadüfən radiodan eşitdim. İncikliyimi unutdum o andaca. Onu sevən milyonlarla insandan biri idim mən. Villis Konover gəncliyim, xəyallarım və arzularımdı…
Məhz onun formalaşdırdığı caz zövqümə görə uzun illər keçməsinə baxmayaraq hələ də əvvəlki kimi düşünürəm — Caz Vaqifdən və digərlərindən ibarətdir.
2011-ci ildən beynəlxalq ictimaiyyət aprel ayını caz ayı kimi qeyd edir. 30 aprel isə “Beynəlxalq caz günü” elan edilib. Bu gün Villis Konoverlə bərabər həm də hər üç Vaqifi – caz improvizatoru Vaqif Mustafazadəni, şair Vaqif Səmədoğlunu və mənə cazı sevdirən dayım Vaqif Qocayevi hörmətlə anıram.
İbrahim Nebioğlu
 
Ardını oxu...
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Ramiz Məmmədəli oğlu Rövşənə (VÖEN – 1902228212) “Dünya ədəbiyyatı inciləri” kitabının redaktəsi üçün 14 min 400 manat ödəyəcək.

Yeniavaz.com xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.

Müqavilə 31 dekabr 2024-cü il tarixində başa çatacaq.

Qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2021-ci ildən başlayaraq 150 cilddən ibarət olacaq “Dünya ədəbiyyatı inciləri” kitabını hazırlayaraq çap edir.

Xalq şairi Ramiz Rövşənin neçə ədəd “Dünya ədəbiyyatı inciləri” kitabını redaktə edəcəyi bilinmir. Əvvəlki illərdə bu kitablar başqa şəxslər tərəfindən redaktə olunub.

Məlumat üçün bildirək ki, satınalma müqaviləsi isə bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə də həyata keçirilməyib.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Məlumat üçün onu da qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur. Mərkəzin açıqladığı sonuncu maliyyə hesabatında qurumun 2022-ci ili 77 min 686 manat zərərlə başa vurduğu göstərilib. Son bir ildə Dövlət Tərcümə Mərkəzinin zərəri 83 dəfə artıb.
 

Dünyapress TV

Xəbər lenti