Ardını oxu...
Mart ayının 10-u Fəxri xiyabanda Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.

Məlumatda bildirilib ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur. Azərbaycan Kinematiqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Cebhe.info-ya açıqlamasında deyib ki, heykəltəraş seçimini yazıçının ailəsi edib:

“Həm dəfn, həm yas mərasimi, eləcə də bir qayda olaraq Fəxri xiyabanda dəfn edilən görkəmli şəxslərin qəbirüstü abidələrin qoyulmasına dövlət tərəfindən vəsait ayrılır. Sadəcə olaraq, Rüstəm İbrahimbəyovun ailəsi, qızı Fatimə İbrahimbəyova eskizin təsdiq olunmasında aktiv iştirak edib. Yəni bütün təşkilati və maliyyə dəstəyi dövlət tərəfindən olub, heykəltaraş seçimi və heykəlin necə olmasına Rüstəm İbrahimbəyovun ailə üzvləri qərar verib”.

AKİ-nin katibi görkəmli heykəltəraş Aydın Zeynalovun əl işinin çox orijinal, Rüstəm İbrahimbəyova uyğun olduğunu bildirib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov 2022-ci ildə martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib. R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarında tamaşaya qoyulub.
 

Ardını oxu...
“35 yaşında ana statusunu qazanmışam. Bəzən oturub düşünürəm ki, birdən mənə nəsə olar, övladım balacadır. Gündə 3-4 dəfə mənə ölüm qorxusu gəlir. İstəyirəm ki, gecə tez gəlsin ki, o fikirlər başımdan çıxsın. Oturub ağlayıram, o qorxular məni incidir. İnsanlara sevinc, gülüş bəxş etsəm də, həyatda tam başqa xasiyyətdə olan insanam”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Xuraman Əlizadə deyib.

“Gözəllik salonunda vaxt keçirməyi sevmirəm. Çalışıram ki, hər şeyi özüm edim. Ona görə yox ki, salonda pul çox xərclənir. Bu vaxt baxımından da mənə çox xeyir edir. Əgər bunu özüm bacarıramsa, niyə artıq pul xərcləməliyəm ki? Büdcəmə də qənaətdir” deyə aktrisa bildirib.

Xuraman Əlizadə bildirib ki, hər zaman dərdini tamaşaçılardan gizlədib.

“Biz efir insanlarıyıq, efir qarşısına çıxırıq, heç kimə aidiyyatı yoxdur ki, sənin bu gün əhvalın var ya yoxdur?! Mənim üzüm həmişə gülür. Özüm üçün kənara çəkilib kədərlənə bilərəm, amma tamaşaçı qarşısına gülər üzlə çıxmağı da bacarıram. O vaxt “Nuş olsun” verilişini aparırdım. Gecə saat 4 radələrində nənəm rəhmətə getmişdi. Mən də səhər canlı efirə çıxmalı idim. Nənəmi hələ dəfn etməmişdilər, mən canlı yayıma çıxdım. Valideynlərim məni danladılar ki, yerinə başqa aparıcı çıxsın. Bir gözüm ağlaya-ağlaya, biri gülə-gülə gəlib efiri idarə etdim. Qonaqlarımız da Rafael və Coşqun idi. Həmin günü efirdə hiss etdirmədim ki, nənəm dünyasını dəyişib” deyə sənətçi bildirib.

Aktrisa Xuraman Əlizadə bildirib ki, ailəsinin sirrini heç kimə verməyi sevmir.

“Nə evimin sirrini, nə evimdə olan sözü, söhbəti heç vaxt anama demərəm. Qızlar var ki, ana ilə rəfiqədirlər, evdə olan bütün söz-söhbət ananın ovucundadır. Ana da onu öyrədir. Ailədirlər də, necə istəyirlərsə yaşasınlar. Elə bir ailə yoxdur ki, söz-söhbət olmasın. O pulluya-pulsuza baxmır ki. Xanımlara tövsiyyəm odur ki, həyat yoldaşlarınızı boş buraxın. Nə qədər boş buraxsanız, evə tez dönüb gələcək, sizi daha çox sevəcək. Vallah bunu mən öz həyatımdan bilirəm” deyə aktrisa bildirib.
Ardını oxu...
Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında dələduzlara qarşı qəzəbli paylaşım edib.
Türkiyədəki zəlzələdən zərərçəkənlərə həyat yoldaşı Yağmur Atacan ilə birgə yardımlar edən aktrisanın "Instagram" hesabı oğurlanıb.

Bundan başqa, Pınarın izləyicilərinə onun adından insanlara yardım adı altında linklər göndərilib. Vəziyyətlə bağlı P. Altuğ özü izləyicilərinə səslənib və deyib ki, heç kimə link göndərməyib:

"Bir neçə saatdır özünü bilməz bir beyinsizin törətdiyi əməl ilə məşğulam. Hər kəs bir şəkildə insanlara yardım əlini uzatmağa, kiməsə ərzaq, çadır, geyim və s. göndərməyə çalışarkən bir geri zəkalı bu zamandan yararlanıb hesabımı ələ keçirib, bəzilərinə mesaj atıb"./lent.az

Daha ətraflı videoda:

 
 
 

Ardını oxu...
Ötən gün dəfn olunan Xalq artisti Ramiz Novruzun vida mərasiminin təntənəli keçirilməməsi tənqid olunub.

Bir sıra sənət adamları, o cümlədən jurnalistlər ömrünün yarısından çoxunu keçirdiyi Akademik Milli Dram Teatrının səhnəsində sənətçi üçün mərasim təşkil edilməməsini qınayıblar.

DİA.AZ bildirir ki, Ölkə.Az mövzu ilə bağlı “Azdrama”nın rəhbərliyinə müraciət edib. Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətov Ölkə.Az-a açıqlamasında müzakirələri “şou” adlandıraraq bu barədə danışmaq istəmədiyini deyib:

“Bu barədə danışmaq istəmirəm, siz şou edirsiniz. Neçə illərdir o qədər adam rəhmətə gedib, hansını “şey eləyiblər”. Yenə də danışırsınız. İngilissiniz, fransızsınız? Siz axı azərbaycanlısınız. Niyə şou edirsiniz? İkincisi də, mən məşqə gecikirəm. Siz kefiniz istəyən vaxtı zəng edirsiniz, mənim də vaxtım yoxdur. 24-ü tamaşam var, ora hazırlaşırıq. Dünən məşqi böyük sənətkarımız Ramiz müəllimə görə “otmenit” elədik ki, hamımız orada iştirak edək. Ramizin xətrini hamımız istəyirdik. O, çox yaxşı, mədəni insan idi. Biz də onu çox sevirdik”.

A.Nemətov illərdir ki, dünyasını dəyişən heç bir sənətçi üçün “Azdrama”nın səhnəsində vida mərasimi təşkil edilmədiyini söyləyib:

“Sonuncu dəfə 20 il əvvəl olub. Bəsdirin! Kimi oradan aparıb ötürüblər?! Mən nə bilim nə üçün təşkil olunmur. Gedin, lazımi yerlərdən öyrənin. Məndən niyə soruşursunuz?”

Direktor “vida mərasimini teatr təşkil etməlidirmi” sualına isə “xeyr” cavabını verib.

Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Ramiz Novruz komaya düşüb və ayılmayıb.
 
Ardını oxu...
Teref.az kulis.az-a istinadən Əməkdar artist Əzizağa Qasımov haqqında maraqlı faktları təqdim edir.

Əzizağa Qasım 1 iyun 1928-ci ildə Bakıda anadan olub.

***

Yeddinci sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləməyə məcbur olub, həmçinin 4 saylı sənət məktəbində oxuyub.

***

Əsl adı Ağababa olsa da, oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.

“Bəxtiyar” filmində “Dörd dost-dörd ürək” mahnısının ifaçılarından biri Əzizağa Qasımov olub.

***

Əzizağa Qasımovun rol aldığı ən məşhur televiziya tamaşalarından biri “Adı sənin, dadı mənim”dir. Bu tammetrajlı televiziya tamaşasında o Həmzə rolunu böyük məharətlə ifa edib.

***

Bir sıra filmlərdə ayrı-ayrı rolların səsləndirilməsində - dublyajda iştirak edib.
“Uşaqlığın son gecəsi”ndə ət oğurluğuna gedən “Zil” sürücüsü, “Tütək səsi”ndə Zahid kişi, “Qanun naminə”də banda başçısı, “Nəsimi”də Qara əmi, “Qaraca qız”da Səlim bəy, “Uzaq sahillərdə” partizanlardan biri məhz Əzizağa Qasımovun səsi ilə danışıblar.

***

Ə.Qasımov səhnə fəaliyyətinə görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

***

Aktyor Novruz Qartal isə Əzizağa Qasımov onunla bağlı xatirələrini bölüşərkən deyir:

"Bir dəfə mənim də rol aldığım Əliağa Kürçaylı və Vasif Adıgözəlovun “Nənənin şahlıq quşu” tamaşası oynanılırdı. Tamaşada Nəsibə Zeynalova, İmamverdi Bağırov, Hacıbaba Bağırov, Səyavuş Aslan və digərləri rol almışdılar. Böyük bir aktyor ansamblı yığılmışdı. Əzizağa Qasımov idarə direktoru rolunda çıxış edirdi. Tamaşanın üçüncü premyerası günü Mərkəzi Komitədən tamaşaya baxmağa gəlmişdilər. Tamaşanın başlamasına çox az vaxt qalmış Əzizağa müəllim zəng vurdu ki, gələ bilməyəcək. Aləm qarışdı bir-birinə. O vaxt tanınmış bəstəkarımız Süleyman Ələsgərov da bizim teatrda işləyirdi. Süleyman müəllim dedi ki, tamaşanın rejissor assistenti sözləri əzbər bilir qoy Əzizağanı o əvəz etsin. Rejissor assistenti də mən idim. Belə də oldu. Hazırlıqsız, tələsik səhnəyə çıxmalı oldum. Həmin günü xoş xatirə kimi xatırlayıram. Bu hadisədən sonra Əzizağa deyərdi ki, daha dublyorum var və tamaşalara gəlməyəndə nigaran qalmıram.

Bariton səs tembrinə görə onu Opera və Balet Teatrına işə dəvət etsələr də, o bu təklifi rədd edib. Səbəb isə çalışdığı Musiqili Komediya Teatrını tərk etmək istəməməsi olub. Ömrünün sonuna kimi bu sənət ocağına sadiq qalıb.

***
İki dəfə ailə həyatı quran aktyorun ilk həyat yoldaşı yanaraq faciəvi şəkildə dünyasını dəyişib.

***

Ə.Qasımov 18 fevral 1985-ci ildə 57 yaşında Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunub.

Ardını oxu...
Ramiz Novruzun səsi, özünüifadəsi, aktyorluq qabiliyyəti... – hamısını qoyun kənara.

O, xarakter idi, insan idi, səmimi idi, gülərüz idi...

Bir neçə dəfə həmsöhbət olmuşdum – peşəmlə bağlı yox, sadəcə, təsadüfən, ümumi dostlarla birgə. İntellekti, səviyyəsi, saxtalıqdan kənar olması diqqətimi çəkmişdi.

Bəzən aktyordan oynadığı obraza uyğun yaşam tərzi və xarakter gözləyirlər və təbii ki, görmürlər – çünki aktyor fərqli obrazlar yaradır, həyatda isə mahiyyətcə kimdirsə, o olur!

Ramiz Novruzda təsəvvürümüzdə olan general xarakteri vardı: ciddi, səmimi, savadlı, sözünün yerini bilən, dinləməyi və dinlətməyi bacaran.

Ramiz Novruz söz adamı idi həm də: gözlərindən, danışığından, özünü ifadə etməsindən görünürdü və az keçmədi ki, hamı bunu gördü: onun “Hələ sevirəm deməmişdilər” də daxil olmaqla, xeyli pyesi var.

Tərcümə də edirdi – sevdiyini, ürəyinə yatanı Azdramın səhnəsində görmək istəyirdi.

Vaxtında qiymətini alan sənətkarlardan sayıla bilər, 43 yaşında xalq artisti olmuşdu.

Heç bir intriqada adı keçməzdi; hansısa qalmaqalda olduğunu yada sala bilmirəm.

...Türkiyədə fevral ayının ikinci zəlzələsinin təsirində - 20 fevral gecəsi onun ölüm xəbərini aldıq. Sanki Türkiyədəki zəlzələnin təsirindən Azdramın sütunlarından biri uçdu...

Sarsıdıcı idi. Uşaqlığımızın, gəncliyimizin daha bir əzəmətli, sevilən simasını itirdik.

Daha bir istinad nöqtəmiz əbədiyyətə qovuşdu.

Ramiz Novruz 26 yaşında Azdramın truppasına daxil olmuşdu, ölüncə də o teatrda fəaliyyət göstərdi. Bu teatrın qüdrətini qorumaq üçün təkcə yüzlərlə möhtəşəm obraz yaratmadı, həm də onun səhnəsini yazdığı pyeslərlə, tərcümələrlə, hərdən qiraətlə zənginləşdirdi.

Bilmirəm, Ramiz Novruz dünən vida mərasimi keçirildiyi evini nə vaxt alıb, orda neçə il yaşayıb. Ancaq dəqiq bilirəm ki, Ramiz Novruz 68 ilə çatmayan ömrünün tam 40 ilini (xəstəliyi müddətini çıxmaqla) Azdramda yaşayıb, yaradıb, nəfəs alıb...\

40 il bu səhnənin pərdəsinin alqışlarla qalxmasına canını verən Ramiz Novruz üçün bu səhnə son dəfə pərdə qaldırmadı.

Vida mərasiminin harada və necə keçirilməsinin Haqqın dərgahına qovuşan Ramiz Novruza qəti aidiyyəti yoxdur: o artıq ayrı dünyadadır.

Doğrusu, heç Ramiz Novruzu sevənlər üçün də bunun heç bir fərqi yoxdur.

Onun məhz Azdram səhnəsindən götürülməsi Azdramın özünə, onun truppasına, rəhbərliyinə lazımdır: Özünə, sənətə, səhnəsinə və bu səhnəyə can verənlərə hörmətini göstərmək üçün.

Gərək Azdram özünə hörmət edəydi...
 //axar.az//
Ardını oxu...
Bu gün aktyor Ramiz Novruzun dəfn mərasimi olub.

Gununsesi.info bildirir ki, Ramiz Novruzun dəfn mərasimi İTV-də canlı yayımlanırdı.

Canlı efir zamanı aktyor Əli Nur Mədəniyyət Nazirliyini sərt tənqid edib. Deyib ki, xalq artistinə yaraşmayan dəfn keçirilir, ayıbdır.
Canlı yayım tez bir zamanda kəsilib və Youtube-dan silinib. Bir neçə dəqiqə sonra Əli Nurun tənqidi fikirləri qayçılandıqdan sonra yenidən Youtub-a yüklənib.

Əli Nurun canlı efirdə danışdığı, İTV-nin kəsdiyi fikirlər:

– Sovet dövründə adicə əməkdar artist rəhmət gedəndə, onu Akademik Milli Dram Teatrın səhnəsindən götürürdülər. Ən kiçik formada, Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorun qədrini bilirdi, sənətin qədrini bilirdi, sənətə qiymətə verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Arif Quliyev rəhmətə gedəndə, qalmışdı qapının ağzında, asfaltın üstündə. Mən nazirliyi qaldırdım ayağa, Mədəniyyət Şöbəsini qaldırdım, İcra Hakimiyyətini qaldırdım ayağa.

– Ayıbdır axı! Bu boyda sənətkar ölüb. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı var, nə bir təşkilatçı var. Ramiz Novruz dınq eliyib, yersən çıxıb?! Ramiz Novruz xalq artistidir, prezidentin fəxri təqaüdçüsüdür. O, nə yollar keçib gəlib, 50 ildən artıq səhnədə can qoymuş adamdır, dövlətə xidmət eliyən adamdır, quru maaşa baxan adamdır. Bunun qədrini bilmək lazımdır.

– Nə vaxta qədər bu respublikanı caynağına alacaq məmurlar, qanını soracaq dövlətin?! Sənət adamına qiymət verin də! Aktyorun qitməti yox, sənətin qiyməti yox, noldu daha bu?
 
Ardını oxu...
“Sovet dövründə adicə əməkdar artist dünyasını dəyişəndə belə onu Akademik Milli Dram Teatrının səhnəsindən və yaxud kiçik formada aktyorlar evindən götürürdülər. Yəni, dövlət aktyorun, sənətin qədrini bilirdi, sənətin qiymətini bilənləri dəyərləndirirdi. Amma indi elə bil dünya heç bunların vecinə deyil”.
Bakupost.az xəbər verir ki, bu sözləri Xalq artisti Əli Nur həmkarı Ramiz Novruzun vəfatı ilə bağlı açıqlamasında deyib.
Xalq artisti qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən Ramiz Novruzun dəfni heç də layiqli şəkildə təşkil olunmayıb:
“Təsəvvür edin, saat 4 radələridir, bizə hələ indi dəfnə toplaşmışıq. Bu məsələ əvvəldən layiqli şəkildə təşkil olunmalı, Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil. O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Onlar Azərbaycan mədəniyyətinin ideologiyası, tribunasıdır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli, mədəniyyət nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”

 
 
 
Ardını oxu...
"Nahidə Orucovanı məhkəməyə verəcəm"
Jurnalist Şəfəq Ağacan Nahidə Orucovanın iddialarına cavab verib.

O, redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, əməkdar artistin dedikləri şər-böhtandır:

"Nahidə Orucova yalan informasiya yaydığına görə məsuliyyət daşıyır. Onu məhkəməyə verəcəm".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Nahidə Orucovanın televiziyada səsləndirdiyi müraciəti ilə bağlı araşdırma aparılır.

***

Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq edilib.

"Unikal" xəbər verir ki, bu barədə aktrisa "Təsir dairəsi" verilişində danışıb. Sənətçi gül qabının içinə yığdığı 1650 manatdan çox məbləğin oğurlandığını bildirib:

"On beş gün evdə olmadım, evimə etibar etdiyim bir xanımı buraxmışdım. Ona demişdim ki, yataq otağıma girmə və yad adamı evimə gətirmə".

O, şübhələndiyi şəxsin jurnalist Şəfəq Ağacan olduğunu deyib.

Qeyd edək ki, Şəfəq Ağacan 2019-cu ildə narkotik satarkən həbs olunmuşdu. O, 2021-ci ildə azadlığa buraxılmışdı.

Ardını oxu...
 
 

Azərbaycanın Xalq artisti Ramiz Novruz vəfat edib.

 

Bu barədə mərhumun sənət dostları sosial şəbəkələrdə paylaşım edib. 

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti