Teref.az kulis.az-a istinadən Əməkdar artist Əzizağa Qasımov haqqında maraqlı faktları təqdim edir.
Əzizağa Qasım 1 iyun 1928-ci ildə Bakıda anadan olub.
***
Yeddinci sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləməyə məcbur olub, həmçinin 4 saylı sənət məktəbində oxuyub.
***
Əsl adı Ağababa olsa da, oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.
“Bəxtiyar” filmində “Dörd dost-dörd ürək” mahnısının ifaçılarından biri Əzizağa Qasımov olub.
***
Əzizağa Qasımovun rol aldığı ən məşhur televiziya tamaşalarından biri “Adı sənin, dadı mənim”dir. Bu tammetrajlı televiziya tamaşasında o Həmzə rolunu böyük məharətlə ifa edib.
***
Bir sıra filmlərdə ayrı-ayrı rolların səsləndirilməsində - dublyajda iştirak edib. “Uşaqlığın son gecəsi”ndə ət oğurluğuna gedən “Zil” sürücüsü, “Tütək səsi”ndə Zahid kişi, “Qanun naminə”də banda başçısı, “Nəsimi”də Qara əmi, “Qaraca qız”da Səlim bəy, “Uzaq sahillərdə” partizanlardan biri məhz Əzizağa Qasımovun səsi ilə danışıblar.
***
Ə.Qasımov səhnə fəaliyyətinə görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.
***
Aktyor Novruz Qartal isə Əzizağa Qasımov onunla bağlı xatirələrini bölüşərkən deyir:
"Bir dəfə mənim də rol aldığım Əliağa Kürçaylı və Vasif Adıgözəlovun “Nənənin şahlıq quşu” tamaşası oynanılırdı. Tamaşada Nəsibə Zeynalova, İmamverdi Bağırov, Hacıbaba Bağırov, Səyavuş Aslan və digərləri rol almışdılar. Böyük bir aktyor ansamblı yığılmışdı. Əzizağa Qasımov idarə direktoru rolunda çıxış edirdi. Tamaşanın üçüncü premyerası günü Mərkəzi Komitədən tamaşaya baxmağa gəlmişdilər. Tamaşanın başlamasına çox az vaxt qalmış Əzizağa müəllim zəng vurdu ki, gələ bilməyəcək. Aləm qarışdı bir-birinə. O vaxt tanınmış bəstəkarımız Süleyman Ələsgərov da bizim teatrda işləyirdi. Süleyman müəllim dedi ki, tamaşanın rejissor assistenti sözləri əzbər bilir qoy Əzizağanı o əvəz etsin. Rejissor assistenti də mən idim. Belə də oldu. Hazırlıqsız, tələsik səhnəyə çıxmalı oldum. Həmin günü xoş xatirə kimi xatırlayıram. Bu hadisədən sonra Əzizağa deyərdi ki, daha dublyorum var və tamaşalara gəlməyəndə nigaran qalmıram.
Bariton səs tembrinə görə onu Opera və Balet Teatrına işə dəvət etsələr də, o bu təklifi rədd edib. Səbəb isə çalışdığı Musiqili Komediya Teatrını tərk etmək istəməməsi olub. Ömrünün sonuna kimi bu sənət ocağına sadiq qalıb.
*** İki dəfə ailə həyatı quran aktyorun ilk həyat yoldaşı yanaraq faciəvi şəkildə dünyasını dəyişib.
***
Ə.Qasımov 18 fevral 1985-ci ildə 57 yaşında Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunub.