"General Hospital" filmində tibb bacısı "Bobbi Spenser" obrazı ilə tanınan aktrisa Ceklin Ziman vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
Bildirilir ki, 70 yaşlı sənətçinin ölüm səbəbi məlum deyil.
Zimanın vəfatını "Gündüz" dramının baş prodüseri Frank Valentini "Twitter"də açıqlayıb.
Ceklin Ziman ilk dəfə 1977-ci ildə "ABC sudser"ə qatılıb və 800-dən çox epizodda görüntülənib. O, beş dəfə "Emmi" mükafatına namizəd olub – dördü "General Hospital" üçün, biri isə “The Bay” filmində "Sofia Madison" rolunda oynadığı üçün.
Türkiyənin “Aile” serialının 11-ci bölümündə bədbəxt hadisə baş verib. Serialı istehsal edən “Ay yapım” şirkəti hadisə zamanı bəzi işçilərinin yaralandığını bildirib.
Şirkət partlayışla bağlı açıqlama yayıb:
“Aile”nin 11-ci bölümünün final səhnəsinin çəkilişləri zamanı bədbəxt hadisə baş verdi. Bəzi həmkarlarımızın xəsarət almasına səbəb olan bu hadisənin baş verməsi ilə bağlı mümkün səhv və nöqsanlarla bağlı araşdırmalara başlanılıb. Bütün həmkarlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq”.
Qeyd edək ki, serialın baş rollarını Serenay Sarıkayayla Kivanç Tatlıtuğ canlandırır./Qafqazinfo
Mayın 9-da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib. Müsabiqədə iştirak edən 15 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmizi mötəbər yarışda Tural və Turan Bağmanov qardaşları təmsil edib.
Təəssüflər olsun ki, əkizlər müsabiqənin finalına adlaya bilməyib. Onların geyim və mahnı seçimləri fərqli olsa da, Avropa səhnəsində uğurlu alınmayıb. Əksinə sosial şəbəkələrin Azərbaycan seqmentində Bağmanov qardaşlarının geyimi sərt tənqid olunub.
Tənqidçilərdən fərqli olaraq, bəzi sənətçilər “Avroviziya” təmsilçilərimizin geyiminin və ifasının normal olduğunu düşünür. Onlardan biri tanınmış müğənni Nadir Qafarzadədir.
Teref.az xəbər verir ki, sevilən müğənni modern.az-a açıqlamasında Tural və Turanın həm geyimlərinin, həm də ifalarının qaydasında olduğunu deyib:
“Mən qardaşların çıxışından iki gün öncə onların şəklini öz sosial mediamda paylaşıb, xalqa onları qınamaması üçün müraciət etdim. Bildirdim ki, gənclər Avropa səhnəsinə çıxırlar. Ola bilər ki, Avropa səhnəsində tələblər, qanunlar başqadır. Yəqin ki, onların geyimini də belə məsləhət görüblər. Biz onların geyiminə yox, səslərinə, ifalarına baxaq. Biz isə həmin dəqiqə geyimlərini müzakirəyə çıxardıq, tənqid edirik. Bu səhnədir. Bəs guya bütün insanlar gündəlik həyatda biz istədiyimiz kimi geyinirlər? Əlbəttə, xeyr. Bunlar səhnə adamlarıdır. "Avroviziya" şou xarakterli müsabiqədir. Müsabiqədə nə muğam oxuyurlar, nə də ciddi musiqi. Avropa səhnəsi Avropa izləyicisi üçündür. Mənim yanaşmam belədir. Ola bilər ki, geyimlərdə hansısa detallar ürəkaçan deyil, amma biz istəsək də, istəməsək də, artıq bu geyimlər seçilmişdi”.
“Fikrimcə, bizim təmsilçilərimiz yarışda çox normal geyimdə iştirak etdilər. Onlardan başqa digər dövlətlərdən çıxış edən təmsilçilər bərbad formada geyinmişdilər. Mən özüm də müsabiqəni izlədim və düşünürəm ki, çox açıq-saçıq geyimlərdən istifadə olunmuşdu. Hətta ölkələrdən birinin təmsilçiləri qız paltarı geyinmişdi, demək olar ki, çılpaq idilər. Bundan əvvəl də Azərbaycanı təmsil edən iştirakçıların heç biri səhnəyə çadra və kəlağayı ilə çıxmayıb”, - Nadir Qafarzadə vurğulayıb.
İfaçının sözlərinə görə, qardaşların finala çıxmamasının səbəbi müsabiqədə onlardan daha güclü performans, şou və ifaların olmasıdır:
“Finala keçmək üçün orada güclü ifalar, şoular, performanslar var idi. Bizimkilər müsabiqədə sakit şəkildə öz ifalarını və səslərini göstərdilər. Onlar Avropa tamaşaçısına xoş gəlsin deyə 60-cı illəri təkrarlamaq məqsədi ilə retro mahnı oxuyub, retro stildə geyindilər. Bəlkə də artıq müasir həyatda bunlar qəbul olunmur. Amma ən ədəbli-ərkanlı şəkildə səhnəyə çıxan bizim iştirakçılar idi. Hətta mən təəssüf edirəm ki, onlar finala çıxmadılar. Amma yenə də bu uğursuzluq deyil. O səhnədə çıxış etmək özü bir uğurdur. Avropa tamaşaçısı onları belə sadə şəkildə qəbul edib, yadda saxlayacaq”.
Nadir Qafarzadə sonda Azərbaycan xalqını finala keçə bilməməsinə baxmayaraq, Tural və Turan qardaşlarına dəstək olmağa çağırıb:
“Gəlin, gəncləri həvəsdən salmayaq və onlara dəstək olaq, motivasiya verək. Düşünürəm ki, bizim Tural və Turan qardaşları gələcəkdə çox işlər görəcəklər. Əziz Azərbaycan xalqı, əziz Azərbaycan vətəndaşları, gəlin, özümüzünkiləri bu qədər pisləməyək. Həmişə deyirik, axı biz birlikdə güclüyük. Bunu cənab Prezidentimiz də bildirib ki, biz birlikdə güclüyük. Bu söz əbəs yerə deyilməyib. Gəlin, gücümüzü birləşdirək. Mən qardaşlara uğur arzu edirəm”.
Müğənni Elza Seyidcahan isə vurğulayıb ki, əsas məsələ müsabiqədə qalib olmaq deyil:
“Tural və Turan qardaşları əsas odur ki, bu mərhələyə qədər gəlib çıxıblar. Təəssüf ki, finala yüksələ bilmədilər. Burada qəbahətli bir şey yoxdur. Əsas odur ki, müsabiqədə iştirak etdilər. Ölkəmizi təmsil etdilər. Beynəlxalq səviyyəli müsabiqədə Azərbaycanın adı hallandı. Biz "Avroviziya" mahnı müsabiqəsində birinci və üçüncü yeri tutmuşuq. Bu dəfə fərqli oldu. Əlbəttə, dünənki yarış hələ son demək deyil. Onların uğurları qarşıdadır”.
"Kızılcık şerbeti" serialı mövsüm finalı edəcək. Türkiyə mətbuatı xəbər verir ki, ekran işi 29-cu bölümdə izləyicilərə vida edəcək. Layihənin yeni bölümləri sentyabrda yayımlanacaq. Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.
ABŞ-lı müğənni Britni Spirsin avtobioqrafik kitabının payız aylarında işıq üzü görəcəyi açıqlanıb.
Kitabda Spirs uşaqlığını, ən həssas anlarını, Castin Timberleykdən ayrılığının onu necə sarsıtdığını, atasının qəyyumluğundan qurtulmaq uğrunda apardığı mübarizəni tam təfərrüatı ilə təsvir edəcəyi qeyd edilib.
Müğənninin xatirələri ilə dünya gündəmini lərzəyə gətirəcəyi və kitabın Hollivud yazıçısı Sem Lanskinin tərəfindən yazıldığı bildirilib.
“The Sun”da çıxan xəbərə görə, 41 yaşlı Britni Spirs cinsi əlaqədə olduğu iki Hollivud ulduzunun vəkillərindən məktublar aldıqdan sonra nəşriyyat kitabı fəaliyyətini dayandırıb.
Bildiirlir ki, hələlik hansı məşhurların kitab üçün naşirlə əlaqə saxladığı bəlli deyil.
Digər mənbədə isə “Britnini tanıyan və onun yazdıqlarından qorxan insanlar tərəfindən naşirlərə sərt ifadələrlə hüquqi məktublar göndərilib” deyə qeyd edilib.
Maraqlı obrazlarıyla tamaşaçı rəğbəti qazanan aktyor Natiq Fərzəliyev giley - güzar edib.
DİA.AZ bildirir ki, Lent.az-a açıqlama verən aktyor 42 illik xidməti müqabilində bu günə qədər heç bir fəxri ad almamasından, adının prezident mükafatçıları siyahısına salınmamasından şikayətçidir.
“Nə fəxri adım, nə evim var. Yetiməm ona görə? Ağlamayana süd vermirlər. Gərək elə hamımız ağlayaq, səsimizi eşitsinlər. Hər il Prezident mükafatını eyni adamlara verirlər.
Bu mükafatı aktyorların maddi vəziyyətinə kömək etmək üçün təsis ediblər. Hər il may ayında verilir, mükafat alan aktyor maaşından əlavə ilboyu 500 manat alır.
Təqdimatı teatrın direktoru Mədəniyyət Nazirliyinə göndərir. Ancaq hər il eyni adamlara verirlər, bir çox aktyorlar qalır kənarda. Heç kəs də dinmir.
Naxçıvan teatrında belə bir qayda var, aktyorların adı bu mükafatı almaq üçün sıra ilə təqdim olunur. Heç kəs də narazılıq etmir. Bakıda bir neçə nəfər var, siyahıda ancaq onların adı gedir. Hərdən bir-iki nəfərin adı dəyişir, vəssalam. Dünən gələn gənc aktyorlara verirlər, illərlə əmək vermiş aktyorlar yada düşmür. Bu, əlbəttə, narazılıq yaradır”, - aktyor bildirib.
O həmçinin qeyd edib ki, 10 il öncə Əməkdar artist fəxri adı almaq üçün adı nazirliyə göndərilsə də, dəyişən heç nə yoxdur.
“Ölməsəm, qalsam, bəlkə gələn il yada düşərəm”, - Natiq Fərzəliyev qeyd edib.
Lənkəran şəhərində yerləşən Lənkəran Dairəvi Qalasının (Zindan qala) dam örtüyünün çökməyi ilə bağlı abidə qəzalı vəziyyətdədir. Bu barədə Mədəniyyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hal-hazırda qədim qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Xatırladaq ki, Lənkəran Dairəvi Qalası (Zindan qala) 1747-1786-cı illərdə inşa edilib. Bu qala ümumi Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. Dairəvi Qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Rus qoşunlarının işğalından sonra bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanılıb. Dairəvi Qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir. Qeyd edək ki, Mədəniyyət Nazirli yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır, onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər gerçəkləşdiriləcək.
Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.
Qeyd edək ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.
Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib. Çingiz Aslanovun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, onun cənazəsini təhvil alan yoxdur.
Xalq artistinin mərhum oğlunun nəşinə sahib çıxan və dəfn etmək istəyən könüllü tapılıb.
DİA.AZ bildirir ki, Bizim.Media-ya bu barədə müraciət edən Türkan İctimai Baxışa Nəzarət Təşkilatının mətbuat katibi Vüqar Əmirov Çingiz Aslanovu müsəlman adəti və üsulu ilə dəfn etmək istədiyini bildirib.
Bizim.Media vasitəsilə əlaqədar qurumlara səslənən Vüqar Əmirov öz hesabına mərhumu Türkan qəbirstanlığında torpağa tapşırmaq istəyir:
“Türkan bələdiyyə sədri Böyükağa Əliyevə də müraciət etdim. O, da təşəbbüsümü bəyəndi və dəstək göstərəcəyini qeyd etdi. Mən Xalq artisinin oğlunun kimsəsizlər qəbirstanlığında dəfn edilməsini istəmirəm. Onun atası illərini və ömrünü bu xalq üçün fəda edib. Siyavuş Aslan xalqın adını daşıyır. Biz də xalqın övladıyıq. Lazım olarsa Hacı Ağa Abdullayevin yanında və ya istənilən yerdə onu dəfn etməyə hazıram. Narkoman, alkaş, yaxud tufeyli olsa da, o, bir insandır və haqq dünyasındadır.
Mən ona sahib dururam və gücüm çatan qədər nə lazımdırsa etməyə hazıram. Siyavuş Aslan sağ olarkən onun ətrafında olan insanlar qaçıb gizlənib. Çingiz Aslanov hər kim olsa da, bu gün Xalq artistinin adın daşıyır. Hesab edirəm ki, xalq olaraq onu müsəlman adət-ənənəsinə uyğun olaraq dəfn etmək lazımdır”, - deyə Vüqar Əmirov bildirib.
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirirdi. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.
Los-Anceles polisi şikayətə görə tanınmış kanadalı aktyor Kianu Rivzin evinə basqın edib. Bakupost.az xəbər verir ki, basqına səbəb 27 yaşlı qadının itkin düşməsi ilə bağlı daxil olan xəbər olub. Lakin tezliklə ev ünvanının səhv verildiyi, bunun aktyorla heç bir əlaqəsinin olmadığı öyrənilib. İtkin düşdüyü iddia edilən qadınla bağlı məlumatsız olduğunu deyən Kianu Rivzin daha sonra məlum olub ki, polis səhvən onun evinə basqın edib. Məlumat verənin təsadüfən Kianunun ev ünvanını verib-vermədiyi və ya zarafat etməyə çalışdığı bəlli deyil. Aktyorun evinə gələn polislərə qarşı son dərəcə nəzakətli davrandığı, hər sualı səmimi cavablandırdığı, evində axtarış aparılarkən heç bir problem yaratmadığı da bildirilib.