Ardını oxu...
Niderlandın ən böyük bank qrupu olan “ING Group” 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozu 3 %, 2026-cı ildə 2,5 % səviyyəsində proqnozlaşdırır.

İndex.az ING-yə istinadən xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,4 faiz bəndi artırılıb, 2026-cı il üçün isə 0,3 faiz bəndi azaldılıb.

Beləliklə, ING 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımını 2,75 % səviyyəsində proqnozlaşdırır.

ING cari ilin birinci rübü üçün iqtisadi artım proqnozu 2 %, ikinci rüb üçün 3 %, üçüncü rüb üçün 2,5 %, dördüncü rüb üçün isə 4,5 % təşkil edir.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları fərqlənir. “S&P Global” – hər il üçün 2 %, “Fitch Ratings” – 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody’s” – hər il 2,5 % səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,7 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-fevral aylarında isə 0,2 % artıb.
 
 
 
Ardını oxu...
Hazırda Azərbaycanda qiymətləndirmə sahəsində vəziyyət necədir? Hər hansısa bir şirkətin Azərbaycan Qiymətləndiricilər Palatasının 2025-ci il üçün planları nədən ibarətdir? Bu il qiymətləndirmələrə əsasən hansı sahələrdə bahalaşma gözlənilir?

Mövzu ilə bağlı Azərbaycanda Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov Referans- a açıqlamasında bildirib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunun icrası olaraq Dövlət İmtahan Mərkəzində son 6 ayda keçirilən 4 imtahandan 214 nəfər uğur qazanmış, onlardan 126 nəfər qiymətləndirici və 74 qiymətləndirici təşkilatın müraciətləri əsasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) reyestrində qeydiyyata alışıblar.

Palata sədri onu da vurğulayıb ki, hazırda AQP Rəyasət Heyəti tərəfindən bütün normativ və hüquqi sənədlərin hazırlanması prosesi başa çatmaq üzrədir. Digər tərəfdən, AQP rəhbər heyəti tərəfindən müvafiq dövlət və kommersiya qurumları rəhbərləri ilə müxtəlif görüşlər keçirir, qanunun tələbləri və icrası istiqamətdə işlər görülür. Azərbaycanda yeni formalaşan Qiymətləndiricilər Palatasının əsas hədəfi qiymətləndirmə bazarının struktur bölmələrinin inkişaf etdirilməsidir.

Palata sədri həmçinin deyib ki, onların əsas hədəfi Azərbaycanın qiymətləndirmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, daha keyfiyyətli xidmətlərin təmin olunmasına şərait yaratmaq və sektorda davamlı inkişafı təmin etməkdir.

Nüsrət İbrahimov eyni zamanda bildirib ki, inflyasiyanın aşağı düşməsi hələ qiymətlərin aşağı düşməsi deyil. Çünki Azərbaycandakı qiymət artımı birbaşa və dolayısı ilə beynəlxalq aləmdə baş mühüm iqtisadi proseslərdən asılıdır.
"Konkret olaraq bahalaşmanın ehtimal edildiyi sektorlar var. Misal üçün daşınmaz əmlak bazarında, müəyyən qida məhsullarının qiymətlərində və elektronika sahələrində bahalaşmanın olacağı real görünür",- deyə Nüsrət İbrahimov qeyd edib.
 
 
 
Ardını oxu...
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin fevral ayında bəzi qida məhsullarının, xüsusilə də meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunub. Limon, portağal, naringi, alma, armud, heyva, kələm, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan və kartof kimi məhsulların bahalaşması diqqət çəkir.

Azərbaycanın meyvə-tərəvəz ixracından əldə etdiyi gəliri nəzərə alsaq, qiymət artımının səbəbləri ilə bağlı maraqlı suallar ortaya çıxır.

Qiymət artımına səbəb ixracdır, yoxsa daxili bazardakı digər amillər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymət artımına səbəb ixrac deyil:

“Çünki biz həmişə ixrac etmişik. Bu, yalnız o zaman təsir edə bilər ki, əvvəlkindən daha çox ixrac edək. Məsələn, əvvəllər 100 ton məhsul ixrac edirdiksə, indi 200-300 ton ixrac etsək, bu, bazara təsir edə bilər. Amma meyvə-tərəvəzin qiymət artımının əsas səbəbi ixrac deyil, Tarif Şurasının qərarlarıdır. Tarif Şurasının hansı qərarları qiymət artımına təsir edib? Keçən il Tarif Şurası enerji daşıyıcılarının qiymətini artırdı. Benzinin və dizelin qiyməti qalxdı və bu, daşınma xərclərinə ciddi təsir göstərdi”.

İqtisadçı onu da əlavə edib ki,meyvənin dəyəri çəkisinə görə çox olmur, amma daşınma xərcləri onun kiloqram qiymətinə əhəmiyyətli təsir göstərir:

“Məsələn, əvvəl meyvə və tərəvəzi daşımaq üçün 300 manat ödəyirdilərsə, indi bu rəqəm 400 manata yüksəlib.Daşıyıcıların xərclərinin bəzən 30%-i, bəzən isə yarısı yanacaq və digər nəqliyyat xərclərinə gedir. Dizel yanacağının 25% bahalaşması qiymət artımına əsas təsir edən faktorlardan biridir.Digər səbəb isə elektrik və qaz tariflərinin artmasıdır. Yanvar ayından etibarən bu tariflər bahalaşıb. İşıq və qaz parnik təsərrüfatlarında, həmçinin anbarlarda saxlanma xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. Tariflərin artması bu sahələrdə də qiymətləri yüksəldib.Bundan əlavə, hökumət bu ilin yanvar ayından minimal əmək haqqını artırdı. Şəffaflıq yüksəlib, vergilərin yığımı artıb və sahibkarların xərcləri çoxalıb. Bütün bu faktorlar – Tarif Şurasının qərarları, minimal əmək haqqının artması, şəffaflığın yüksəlməsi və inflyasiya – meyvə-tərəvəzin qiymət artımına təsir edən əsas səbəblərdir”.
Ardını oxu...
Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 2,7 milyard ABŞ dolları artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (742.4 milyon ABŞ dolları), portfel investisiyaları (700.4 milyon ABŞ dolları) və digər investisiyalar (1,3 milyard ABŞ dolları) hesabına formalaşıb.

Qeyd edək ki, 2023-cü il üzrə ölkənin xalis maliyyə aktivləri 3,3 milyard ABŞ dolları artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1,9 milyard ABŞ dolları), portfel investisiyaları (-11.4 milyon ABŞ dolları) və digər investisiyalar (1,4 milyard ABŞ dolları) hesabına formalaşmışdır.
 
Ardını oxu...
Ötən il Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 526,7 milyon dollar pul göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə xaricə göndərilən pulların miqdarı 4,2% və ya 23,4 milyon dollar azalıb.
Qeyd edək ki, Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib. Ötən il ərzində xaricə köçürülən pulların 28,8%-i (151,8 milyon dollar) Türkiyənin payına düşüb. Türkiyəyə göndərilən pullar əvvəlki illə müqayisədə 5,7 milyon dollar artıb.
Ötən il Azərbaycandan ən çox aşağıdakı ölkələrə pul köçürülüb:
Türkiyə – 151,8 milyon dollar (ümumi pulların 28,8%-i);
ABŞ – 60,4 milyon dollar (11,5%);
Rusiya – 58 milyon dollar (11%);
Gürcüstan – 45 milyon dollar (8,5%);
Böyük Britaniya – 28,5 milyon dollar (5,4%);
Almaniya – 23,3 milyon dollar (4,4%);
Birləşmiş Ərəb Əmirlikləri – 14,4 milyon dollar (2,7%);
Çin – 11,8 milyon dollar (2,2%);
Kanada – 10 milyon dollar (1,9%);
Qazaxıstan – 8,6 milyon dollar (1,6%);
Fransa – 7,7 milyon dollar ( 1,5%);
Ukrayna – 7,7 milyon dollar (1,5%);
İspaniya – 6,8 milyon dollar (1,3%);
İsveçrə – 6,5 milyon dollar (1,2%).
 
 
 
Ardını oxu...
“Avropa ölkələrində bayram ərəfəsində qiymətlər ucuzlaşır. Azərbaycanda isə tam əksinə, bayram üçün alınan məmulatların qiyməti ikiqan, hətta üçqat bahalaşır. Bu bütün iqtisadiyyatın quruluşundan asılı olan məsələdir. Azərbaycanda bazarın, iqtisadiyyatın xarakteri ondan ibarətdir ki, hansı məhsullarda dövriyyə çoxalırsa, o zaman qiyməti artırmağa başlayırlar”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.
O bildirib ki, məhsulların satışı, dövriyyəsi, tədarükü hamısı monopoliyadadır. Ona görə inhisarçı rəqibi olmadığına görə dövriyyəni nəzarətdə saxlayır. Dövriyyə aşağı düşəndə qiymətlər sabitləşir, hətta bəzən ucuzlaşır, nə vaxt ki dövriyyə artır, onda qiymətlər bahalaşmağa başlayır:
“Məsələn, onlar düşünürlər ki, 100 kq qozu 7 AZN-ə satsam, 100 AZN əlavə gəlir əldə edirəm. Qiyməti qaldırır və daha artıq qazanır. Hər zaman çox satılan məhsulun qiyməti qalxır. Lakin rəqabətli bazarda mənzərə tamam başqadır. Burada sahibkarlar arasında amansız mübarizə gedir. Hər bir sahibkar qiyməti 1 qəpik belə qaldıran zaman yüz ölçür, bir biçir. Yəni, araşdırmalar, tədqiqatlar apararaq, öz rəqiblərinin satış qiymətləri ilə maraqlanırlar. Rəqabətli bazar üçün ən çətin iş qiyməti bahalaşdırmaqdır. Ona görə də sahibkarlar rəqabətli bazarda mənfəəti artırmaq üçün qiymət bahalaşmasına getmirlər. Başqa variantlar axtarırlar. Məsələn, məhsulun maya dəyərinin aşağı salınması üçün qiymətləri qaldıran vaxt keyfiyyət dəyişikliyinə gedirlər, üzərində daha əlavə məhsullar təklif edirlər və s”.
İqtisadçının sözlərinə görə, hər kəs qiyməti daha ucuz təqdim etmək istəyir ki, rəqib qarşısında öz üstünlüyünü nümayiş etdirsin. Bununla da özünə daha çox müştəri cəlb edir. İnhisarçı bazarda rəqib yoxdur: “Müştəri hara getsə, yenə həmin yerdən satın alacaq. Bizdə bazarlar, mağazalar və marketlər də çoxdur. Amma onların hər birinin mərkəzləşmiş bir neçə sahibi vardır və bu sahələr inhisardadır. Azərbaycanda nəyin qiyməti qalxırsa, o bütün bazarlarda bahalaşır. Ölkədə ərzaq məhsulları qıtdır. Buna görə də biz məcbur olaraq onu idxal edirik. İdxal yerli istehsala nisbətən daha baha başa gəlir”.
İqtisadçı-ekspert Fuad İbrahimli qeyd edib ki, bayramqabağı bu cür bahalaşmalar təkcə Azərbaycanda deyil, bütün ölkələrdə olur:
“Azərbaycanda uzun illərdir ənənəvi olaraq Novruz bayramından öncə tələbin yüksəlməsi nəticəsində ərzaq məhsullarının qiyməti artır. Çünki yerli məhsulların bazara çıxmasında müəyyən çətinliklər olur. Onların sayı və həcmi azalır. Eyni zamanda yerli istehsalımız zəifdir və buna görə xaricdən daha çox məhsullar gətirilir. Dünyada daşınma xərclərində də artımlar müşahidə olunur".
 
Ardını oxu...
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitlərinin həcmi 6,53 milyon ABŞ dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının (GMB) məlumatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə pul köçürmələrinin həcmi 7% azalıb.

Son iki ayda Gürcüstandan Azərbaycana göndərilən pul vəsaitlərinin məbləği isə 7,69 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin analojidövrü ilə müqayisədə 27% çoxdur.

GMB-nin aylıq hesabatına əsasən, təkcə fevral ayında Gürcüstana xarici ölkələrdən ümumilikdə 252,28 milyon ABŞ dolları köçürülüb.

İllik müqayisədə məbləğdə 5,3% azalma qeydə alınıb. Gürcüstandan xarici ölkələrə isə köçürmələr 2% azalaraq 28,7 milyon ABŞ dolları olub.
 
      
Ardını oxu...
2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat olub.

Hafta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 min 830,2 manat, qeyri-neft-qaz sektorunda isə 1010,8 manat təşkil edib. Dövlət müəssisələrində işləyənlərin əməkhaqqı 1017,2 manat, özəl sektorda çalışanların maaşı isə 1110,0 manat olub.

Əmək haqqının ən yüksək olduğu sahələr arasında mədənçıxarma sənayesi (3 min 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 min 768 manat), informasiya və rabitə fəaliyyəti (1 min 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 min 645 manat) xüsusi yer tutur.

Ən aşağı əmək haqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində qeydə alınıb (644 manat), eyni zamanda inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində də əməkhaqqı nisbətən aşağı olub (669 manat).
 
Ardını oxu...
Bu ilin ilk iki ayında əsas kapitala investisiyaların azalması, neft-qaz sənayesində hasilatın zəifləməsi fonunda sənaye istehsalı da azalıb. Cari ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye istehsalının həcmi 10,7 milyard manat təşkil edib ki, bu da ötən ilin hesabat aylarından 1,9 faiz azdır.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun qeyd etdiyi kimi, azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın geriləməsi ilə izah olunur. Ən mühüm valyuta daxilolma sektorunda istehsal 3,2 faiz azalıb. Bununla yanaşı, neft hasilatı 6,2 faiz, qaz hasilatı da 0,1 faiz azalma göstərib. Qeyri-neft sektorunda isə əksinə, statistika 6,7 faiz artımdan xəbər verir.

Neft və qaz hasilatın böyük hissəsini təşkil etdiyindən və mədənçıxarma aparıcı sənaye olduğundan, bütün sənaye məhsulunun 60,9 faizini təşkil etdiyindən, bu kateqoriya üzrə azalma ümumi göstəricinin azalmasına səbəb olub. Bu reytinqdə ikinci yerdə emal sənayesi (31,8 faiz), daha sonra elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi (6,4 faiz), o cümlədən su təchizatı və tullantıların emalı (0,9 faiz) gəlir.

Deputat əminliyini ifadə edib ki, ilin əvvəlində tənəzzül müşahidə olunsa da, yaxın aylarda sənaye bərpa olunmağa başlayacaq: “Neft-qaz sektorunda azalma mövsümi amillərlə bağlıdır və ilin sonuna kimi planlaşdırılan artım templərinə nail olunacağı gözlənilir”.

Bu fonda rəsmi hesabatlarda əsas kapitala investisiyaların azalması qeyd olunur – bu tendensiya iqtisadiyyatın neft-qaz və qeyri-neft sektorlarına təsir edib. Cari ilin yanvar-fevral aylarında ümumi kapital qoyuluşları 2008,9 milyon manatdan çox olmayıb ki, bu da əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 24,8 faiz azdır. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri-neft-qaz sektoruna isə 20,8 faiz azalıb.

İstifadə olunmuş investisiyaların 1050,6 milyon manatı və ya 52,3 faizi istehsal sahələrinə, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahəsinə, 296,8 milyon manatı (14,8 faizi) yaşayış binalarının tikintisinə yönəldilib. Bütün maliyyələşmənin əsas payı - 70,8 faiz, ənənəyə çevrildiyi kimi, daxili investisiyaların payına düşür. Bu investisiyaların böyük hissəsi (77,6 faizi) tikinti-quraşdırma işlərinə sərf olunub.

Maraqlıdır ki, indiki vəziyyətdə rəsmi statistika iqtisadi artım tempini qeyd edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında ölkə iqtisadiyyatının hər iki sektorunda neft və qaz hasilatının azalması və əsas kapitala investisiyaların azalması nəticəsində, ilin əvvəlində olduğu kimi, iqtisadiyyatda mənfi dinamika nəinki müşahidə olunmayıb, hətta 0,2 faiz artım da olub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb. Eyni zamanda, respublikanın ümumi daxili məhsulunun böyük hissəsi sənayenin payına düşür.

Xarici ticarətlə bağlı Dövlət Gömrük Komitəsinin fevral ayı üzrə məlumatları hələlik açıqlanmayıb. Bununla belə, yanvar ayında neft və qaz hasilatının azalmasına, investisiyaların azalmasına və iqtisadiyyatda tənəzzülə baxmayaraq, xarici ticarət ötən ilin əvvəli ilə müqayisədə artım nümayiş etdirib. İdxal xərcləri ilə ixrac gəlirləri arasındakı fərqi əks etdirən müsbət saldo ötən ilin yanvar ayı ilə müqayisədə artıb.

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, yanvarda xarici ticarət dövriyyəsi 5 milyard dolları ötüb - burada ixrac 3 milyard dollardan bir qədər çox, idxal isə 2 milyard dollar təşkil edib. Beləliklə, 986 milyon dollar müsbət saldo əldə edilib ki, bu da ötən ilin yanvar ayı səviyyəsindən çoxdur.

Ekspert ÜDM-in aşağı düşməsi fonunda xarici ticarətdə artım vəziyyətinin atipik olduğunu etiraf edir, lakin hesab edir ki, ilin əvvəlindən olan rəqəmlər narahatlığa əsas vermir. Onun fikrincə, əsas məsələ xarici ticarətin artmasıdır, bu isə o deməkdir ki, əsas vəzifə qeyri-karbohidrogen məhsullarının ixracını artırmaqla öz mövqeyini qorumaqdır.

AYNA-AZ
Ardını oxu...
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,11 ABŞ dolları, yaxud 0,15% artaraq 73,32 ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,10 % artaraq 71,97 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
 
 
 

Dünyapress TV

Xəbər lenti