Ardını oxu...
Payızın dəyişkən havası özünü göstərməkdədir. Paytaxtda hava şəraiti mülayim olsa da, dağlıq və dağətəyi rayonlarda artıq havalar soyuyub. Havalar soyuduqca, insanların istiliklə bağlı qayğıları artır. Çünki əksər çoxmənzilli binalarda yaşayan sakinlər qış aylarında mənzillərin yaxşı qızdırılmamasından gileylənirlər.

Qeyd edək ki, ölkəmizdə mənzillərin və fərdi evlərin isidilməsi üçün müxtəlif mənbələrdən istifadə olunur. Bakıda və digər iri şəhərlərdə xeyli sayda çoxmənzilli yaşayış binası mərkəzləşdirilmiş qaydada qızdırılır. Mərkəzi istiliyin verilməsi hər il noyabrın 15-də başlayıb aprel ayının 15-də sona çatır. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Yəni bununla bağlı istehlakçı və "Azəristiliktəchizat" ASC arasında müqavilənin olması mütləqdir. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab edilir. Lakin sözügedən müqaviləni bağlamaqdan imtina edənlər də az deyil. Vətəndaşlar buna əsas səbəb kimi xidmət keyfiyyətinin aşağı, istiliklə bağlı tariflərin yüksək olmasını göstərirlər.

Xatırladaq ki, bu xidmətin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda "Azəristiliktəchizat”dan istilik alan əhali qrupu mənzilin hər kvadrat metri üçün 15 qəpik, qeyri-əhali qrupu üzrə bir kub isidilən həcmə 25 qəpik, bir Qkala görə isə 30 manat ödəyir.

Bəs, görəsən, mövcud problemin həlli istiqamətində hansı addımların atılmasına ehtiyac var? "Azəristiliktəchizat" ASC yeni mövsümə necə hazırlaşır?

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyir ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir: "Hər il hazırlıq mövsüm başa çatdıqdan sonra növbəti mövsüm başlayan günə qədər davam edir. Magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılır, qazanxanalarda təmizlik işləri aparılır, avadanlıqlar yoxlanılır. Hazırda qurumun balansında 564 qazanxana mövcuddur.

Ümumilikdə, 3 871 yaşayış binası, 184 500-dən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2 224 sosial və təsərrüfat obyektləri istiliklə təmin olunur. Məhz bu il 564 qazanxanadan beşi sökülərək yerində yenisi qurulub. Səbail, Nizami, Nərimanov və Yasamal rayonunda daha dörd qazanxana sökülüb və hazırda yerində müasir tipli qazanxana tikilir. Səbail rayonunda bir qazanxana isə zirzəmidən çıxarılaraq yeni layihə əsasında qurulur. Yenidən qurulan qazanxanalar daha təhlükəsiz, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən daha təmizdir”.

Mətbuat katibinin sözlərinə görə, yeni qazanxanaların tikilməsi daha çox istehlakçıya xidmət göstərmək imkanı yaradacaq: ”Məsələn, Nizami rayonu ərazisində sökülən qazanxana ilə əvvəl 19 binanı istiliklə təmin etmək mümkün idisə, yeni qazanxana 29 binanı istiliklə təmin etmək gücünə malikdir”.

"Azəristiliktəchizat" ASC ilə istehlakçılar arasında müqavilələrin bağlanılması məsələsinə aydınlıq gətirən E.Basqallı bu prosesin bir ilə yaxındır davam etdiyini vurğulayır: "Təbii ki, keyfiyyətdən razı olmayan, yüksək keyfiyyətli istilik almadığını iddia edən istehlakçı istənilən vaxt "Azəristiliktəchizat" ASC-yə müraciət edə bilər. Bu halda müvafiq akt tərtib olunaraq həmin mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təminatdan çıxarılır. Amma indiyədək belə halla rastlaşmamışıq. Artıq ümumi mənzillərin 50 faizdən çoxunda istehlakçı ilə müqavilə bağlanılıb. Müqavilə ilə bağlı problem yoxdur. Əsas problem köhnə tipli qazanxanalarla bağlı yaranır. Hazırda 60-dan çox qazanxana köhnədir.Bu istiqamətdə də bu ildən işlərə başlanılıb və köhnə tipli qazanxanalar yenilənir”.

Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov "Azəristiliktəchizat” ASC ilə müqavilə bağlamaqdan imtina edən istehlakçıları haqlı sayır. Onun sözlərinə görə, bu qurumun fəaliyyəti rentabelli olmadığından ləğv edilməsinə ehtiyac var: "Həm "Azəristiliktəchizat” ASC, həm də mövcud istilik sistemi bizə sovet dövründən miras qalıb. İstilik şəbəkəsinin xətləri çox köhnədir, boruların istismar müddəti 30-33 ildir, artıq çürüyüblər. Nəticədə mütəmadi olaraq sistemdə sızmalar ortaya çıxır. Soyuq aylarda əhali məcbur olub mənzilə istiliklə yanaşı, elektrik qızdırıcıları qoşur. Ayın sonu isə "Azəristiliktəchizat” ASC keyfiyyətsiz istiliyə görə abonentlərdən pul istəyir. Əslində Azərbaycanda istilik tarifləri baha deyil, sadəcə xidmət keyfiyyətsiz olduğundan tərəflər arasında narazılıq yaranır. Abonentlər keyfiyyətsiz istiliyə görə aylıq ödənişi etməkdən imtina edir, ödənişi gecikdirirlər. Təbii ki, buna görə haqlıdırlar. Amma istehlakçının ödənişi gecikdirməsi nəticəsində "Azəristiliktəchizat” ASC zərərlə işləyir və suya, qaza, elektrik enerjisinə görə böyük miqdarda borcu yaranır. Bu, dövlət qurumları arasında mübahisəyə səbəb olur ki, ziyanı yenə də vətəndaşa dəyir”.

Mütəxəssis problemdən çıxış yolunu kombi sisteminin tətbiq olunmasında görür: "Hesab edirəm ki, zamanla mərkəzləşdirilmiş istilik sistemi tarixə qovuşacaq. Çünki keyfiyyətli xidmət üçün yeni qazanxanalar tikilməli, xətlər dəyişdirilməlidir. Bu, külli miqdarda vəsait tələb etdiyindən mümkün görünmür. Həm də binalar bir-birinə o qədər yaxın inşa olunub ki, yeni qazanxana tikməyə yer qalmayıb. Gələcəkdə daha ciddi çətinliklərlə qarşılaşmamaq üçün ən uyğun seçim kombi sistemidir. Bu sistem ya dövlətin, ya da vətəndaşın şəxsi vəsaiti hesabına qurula bilər. Məsələn, imkanı olmayan vətəndaşlara kombi sistemi qurmaq üçün dövlət tərəfindən güzəştli şərtlərlə kredit verilə bilər”.

Həmsöhbətimiz qış-yaz mövsümü ardıcıllığının aradan qaldırılmasını da vacib sayır. Onun fikrincə, son illər dünyada baş verən iqlim dəyişmələri fəsillərə mənfi təsir etdiyindən bu təqvim mahiyyətini itirib: "Qış-yaz mövsümü ardıcıllığı sovet dövründə qoyulmuşdu. Noyabrın 15-dən aprelin 15-dək qış mövsümünə keçid edilir, qazın təzyiqi artırılır, istilik sistemi işə düşürdü. İndi iqlim dəyişmələri ilə bağlı belə bir təqvim mahiyyətini itirib. Bəlkə elə oktyabrın sonu qar yağdı, şaxta oldu? Mərkəzi istilik sistemi ilə qızdırılan binaların sakinləri soyuqdan donmalıdırlarmı?” ("Kaspi" qzəeti)
 
Ardını oxu...
Ötən gün Bakıda tükürpədən hadisə baş verib.

Parol.az xəbər verir ki, 23 illik həyat yoldaşı vəfat edən 47 yaşlı Əzim Əhmədov adlı Bakı sakini saatlar sonra qəfil dünyasın dəyişib.

Hadisə dünən axşam saatlarında baş verib.

Şahidlərin bildirdiyinə görə, o, xanımın ölümünə dözə bilməyib və 10 saat sonra qəfil ürəyi dayanaraq dünyadan köçüb.
 
Ardını oxu...
Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq tətbiq etdiyi anların videosu yayılıb.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə dayənin uşağı döydüyü və ona fiziki işgəncə verdiyi açıq-aşkar görünür.

Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub və sosial media istifadəçiləri dayəyə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.

Təqsirkarın kimliyi və hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
Ardını oxu...
Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb.

Bu barədə "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Uçotdan çıxarıldıqdan və utilizatora təhvil verildikdən sonra nəqliyyat vasitəsini təhvil verən şəxsə yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir.
 
Ardını oxu...
Lerik rayonunda iki il əvvəl məmurun qabırğasını sındıran sabiq vəzifəli şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Lerik rayonunda dünyaya gələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunda meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Əskərov Mirsadiq Rakif oğlu beynəlxalq axtarışda olduğu üçün 26.12.2022-ci ildə Rusiyanın Moskva şəhərində tutularaq Azərbaycana gətirilib.

Onun axtarışa verilməsinə səbəb Mirsadiq Əskərov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad adlı şəxsi döyərək qabırğasını sındırması olub.

Belə ki, M.Əskərov 2021-ci ilin dekabr ayında işdən çıxarıldıqdan sonra "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsirinin rəisi Şahin Cəfərov əl-ələ verib cənub meşələrini məhv edir" başlığı ilə sosial şəbəkələrdə şikayət formasında yazı yazıb, fotolarla paylaşıb. Həmin yazılar mediada da işıqlandırılıb.

Sözügedən şikayətdən sonra Lənkəran Regional Meşə İdarəsinin sabiq rəisi Şahin Cəfərovun göstərişi ilə 2022-ci ilin 2 yanvar tarixində Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında yoxlama aparılıb. Yoxlamaya 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad və digər şəxslər göndərilib.

Mirsadiq Əskərov Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi VAZ-2109 markalı avtomobillə qeyd olunan əraziyə gedib. O, Elşadın "Niva” markalı avtomobildə əyləşdiyini görüb. Daha sonra "Sən kimsən ki, Astaradan Lerikə yoxlamaya gəlmisən" sualını zərərçəkmişə verərək, onu yaxasından tutub avtomobildən düşürüb, təpiklənazirlik əməkdaşını vurub. Nəticədə nazirlik əməkdaşı Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib, qabırğasının sındığı aşkarlanıb. O, cərrahiyyə əməliyyatı olunaraq dalağı çıxarılıb.

Hadisədən sonra Mirsadiq Əskərov ölkəni tərk edərək, Moskvaya gedib və bir müddət sonra orada saxlanılaraq Azərbaycana gətirilib.

Lənkəran Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Mirsadiq Əskərov Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 
Ardını oxu...
  

Türkiyədə bir kişi 24 ildir ki, yol kənarındakı avtobus dayanacağında sevdiyi qadını gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə “Haber7” portalı məlumat yayıb.

48 yaşlı Sinop sakini Ecevit Öküzcü yerli əhalidən “Aşık Ecevit” ləqəbini alıb. O, artıq dörddə bir əsrə yaxındır ki, sevgilisini dayanacaqda gözləyir. O, hələ də sevgisi ilə orada görüşmək ümidini itirməyib və buna görə də istənilən vaxt, hətta ən soyuq havada da oraya gəlir.

Tez-tez yük maşını ilə dayanacaqdan keçən Sevgi Altınal kişini görüb və ona kömək etmək qərarına gəlib.

O, Ecevitə soyuq mövsümdə sığınacağına çevrilən kiçik konteyner evi bağışlayıb. Qadın yerli sakinləri Eceviti tək qoymamağa və gündəlik ehtiyaclarına kömək etməyə çağırıb.

Şahanə Rəhimli,
Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda 17 gün iş olmayacaq. Bu, noyabr ayında Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədardır.

Nazirlər Kabinetinin bu qərarı bəzi vətəndaşlar arasında çaşqınlıq yaratdığı üçün təhsil eksperti Elçin Əfəndi noyabrda kimlərə hansı günlərdə iş və dərsin olmayacağını təqdim edib:

2024-cü ilin noyabr ayında qeyri-iş günləri

5 günlük işləyənlər üçün: 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 və 30 noyabr tarixləri

6 günlük işləyənlər üçün: 3, 8, 9, 10, 17 və 24 noyabr tarixləri

Respublikanın bütün ərazisində fəaliyyət göstərən tam orta və ümumi orta təhsil müəssisələrində şagirdlər üçün bayram və tətil günləri: 2, 3, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24 noyabr tarixləri.

Orta ixtisas və ali təhsil müəssisələri üçün bayramla əlaqədar tətil və istirahət günləri: 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 noyabr tarixləri.

Qeyd 1: 8 noyabr (Zəfər Günü) və 9 noyabr (Dövlət Bayrağı Günü) bayram günləridir. 12-22 noyabr tarixləri arası şagirdlər üçün payız tətilidir. Onlar 23 noyabr tarixindən dərsə başlayacaqlar.

Qeyd 2: Bakı, Sumqayıt və Abşeron rayonunda təhsil alan tələbələr üçün noyabr ayının 14-dən 25-dək (qeyri-iş günləri nəzərə alınmaqla) dərslər distant formada tədris olunacaq. Qalan digər ərazilərdə ənənəvi qaydada dərslər tədris olunacaq.

Qeyd 3: Noyabr ayında bazar günləri: 3, 10, 17 və 24 noyabr tarixləri.

Qeyd 4: İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 9 noyabr qeyri-iş gününə təsadüf etdiyi üçün həmin günə görə 11 noyabr da qeyri-iş günü hesab olunur.

Beləliklə, 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl olaraq qeyri-iş günləridir.

Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
 
       
Ardını oxu...
Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açdı. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirdi. Halbuki Bakıda seldən ölüm halları yaxın tarixdə baş verməmişdi.

Paytaxtda tunelləri, küçələri, evləri su basdı, bəzi yerlərdə kanalizasiyalar daşdı. Nəqliyyat iflic vəziyyətə düşdü, avtobusların marşrut xətləri dəyişdi. Nəticədə yağış Bakıda kanalizasiya sisteminin vəziyyətini bir daha "gün üzünə" çıxartdı.

Hələ 2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrup da yaradılmışdı. Onun sədri də o vaxt Prezident Administrasiyasının sədri olan Ramiz Mehdiyev təyin edilmişdi. Ancaq üstündən səkkiz il keçsə də, kanalizasiya problemlərinin həll edilməməsi bir yana, seldə insanlar ölməyə başlayıb.

Sözügedən sərəncamın icrası ilə bağlı 2017-ci ilin mayında baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki, ümumilikdə 14 layihənin həyata keçirilməsi planlaşdırılıb, 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Amma sonradan layihələrin icrası ilə bağlı məlumat verilməyib.

Milli Məclisin deputatı Elşad Musayev mövzu ilə bağlı Turana bildirib ki, dünən yağış yağandan sonra müəyyən problemin olduğu üzə çıxdı: “Bundan əvvəl də qar, yağış yağanda Bakıda problemlər yaranmışdı. Bunun müxtəlif səbəbləri var. Onlar şəhərsalma, şəhərin yüklənməsi ilə bağlıdır. dünənki yağışdan sonra baş verən hadisələr göstərdi ki, biz hələ hazır deyilik”.

E.Musayevin sözlərinə görə, qarşıda COP-29 gəlir və tədbirə qədər buraxılan səhvlər düzəlməlidir: “Bununla bağlı aidiyyəti qurumlar daha yaxşı işləməlidilər. Sözügedən işçi qrupu 2016-cı ildə olub, indi 2024-cü ildir. Biz geriyə baxmamalıyıq. O işçi qrupun bəzi üzvləri indi yoxdur. İndiki qurumlar sadəcə daha yaxşı işləməlidir”.

Əslində ölkədə vaxtaşırı olaraq su və kanalizasiya infrastrukturun qurulması, təkmiləşdirilməsi üçün pullar ayrılır.

Hələ 2013-cü ildə "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynov bildirmişdi ki, ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2.8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1.8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür.

Sonrakı illərdə də "Azərsu" ASC-yə subsidiyalar da ayrılıb.

Prezidentin sərəncamlarına əsasən, 2017-ci il yanvarın 13-ü və martın 17-də "Azərsu" ASC-yə üst-üstə 163 milyon manatdan çox subsidiyalar ayrılıb.


Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq həmin il infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14.7 milyon məbləğində maddi yardım da verilib.

Rəsmilər isə deyir ki, məsələnin həlli üçün hələ xeyli pul lazım olacaq. Bu ilin əvvəlində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə zamanı deyib ki, hazırda ölkədə sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş layihələrin miqdarı 2.7 milyard manatdır. Onun sözlərinə görə, təkcə Bakı və Abşeron yarımadasında su, kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsinə 10.5 milyard manat lazımdır.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında da göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Onlardan 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsinə lazımdır. Bəzi ekspertlər deyir ki, şəhərdə subasmaların əsas səbəbi adi kanalizasiya xətlərinin yağış kanalizasiya xətindən ayrı olmamasıdır.

Hələ 2018-ci ildə rəsmi olaraq bildirilmişdi ki, Bakı küçələrinin cəmi 16 faizində yağış kanalizasiya sistemi var. Sonrakı illərdə məsələ ilə bağlı heç bir rəqəm açıqlanmadı.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Turana bildirilib ki, hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur.

Qurumdan qeyd olunub ki, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub: “Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək”.

Vurğulanıb ki, yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin.

Milli Məclisin deputatı Zahid Oruc da Turana bildirib ki, heç bir şəhərdə planlama şəhərsalma şərtlərinə uyğun olaraq aparılmayıb: “Bir sıra rayonların ayrı-ayrı lokal hissələrində görülmüş işləri nəzərə almasaq, sistemli olaraq küçə və qəsəbələrin yaranması və onların bütün infrastrukturun yaranması prosesi getməyib”.

Deputat qeyd edib ki, ötən illərdə beynəlxalq təşkilatların ayırdığı kreditləri və yardımı vasitəsilə Azərbaycanın bütün bölgələrində sözügedən işlər mühüm səviyyədə aparıldı: “Lakin paytaxtla bağlı komissiyaların yaradılmasına və mühüm işlərin aparılmasına rəğmən hər yağışlar bir diaqnostik elementə çevrilir. Həmin hadisələr digər ölkələrdə də var. Amma inkişaf etmiş ölkələrindən danışsaq, biz orada fərqli mənzərəni görürük. Orada yağış sularının ayrıca ərazilərdə hövzələrdə toplanması, onların əkinlərin suvarlamasına və digər məsələlərə yönəlməsi mövcuddur. Bizdə isə bəzi ərazilərdə yağış sanki fəlakət effekti doğurur”.

Z.Orucun fikrincə, Bakıda yağış kanalizasiya infrastrukturun qurulması təkcə külli miqdarda vəsait məsələsi deyil: “Hələ 2016-cı ildə həmin məsələlər aktuallaşanda təklif olunmuşdu ki, ayrı-ayrı xarici dövlət şirkətləri bu işi həyata keçirsin. Belə nümunələr bizim müxtəlif sahələrdə var. Eyni zamanda, biz görürük ki, şəhərin bəzi hissələrində sözügedən problemlər yaranmır. Deməli, bu varsa, mövcud qurumlar bununla bağlı kompleks tədbirlərin proqramlarını hazırlamalıdır. O cümlədən də burada xüsusi olaraq biznes strukturları cəlb olunmalıdır”.

İqtisadçı Zöhrab İsmayılın isə başqa səbəblər də sadalayır. Onun AzadlıqRadiosuna deməsinə görə, burada əsas problem ondan ibarətdir ki, Bakıda vaxtilə yolların təmiri bərbad şəkildə həyata keçirilib: "Bunu pulları mənimsəmək üçün şəhər infrastrukturunu tanımayan, bu işlərdən baş çıxmayan ayrı-ayrı şirkətlərə həvalə ediblər. Onlar da faktiki olaraq dağıdıb".

Ekspert vurğulayır ki, paytaxtda körpülərin bir hissəsi və tunellər təzə inşa olunub: "Burada yağış kanalizasiya xətləri qurulmayıb. Başqa ölkələrdə bunun üçün xüsusi infrastruktur yaradılır, ora nasoslar yerləşdirilir ki, ekstremal vəziyyət yarananda su oradan çəkilsin. Bizdə bu yoxdur".

Onun fikrincə, ən böyük problem odur ki, Bakıda yerli özünüidarəetmə institutu faktiki olaraq fəaliyyət göstərmir: "Bələdiyyələr şəhərin kommunal təsərrüfatına və nəqliyyatına cavabdeh olmalıdır. Onun da imkanı olmalıdır ki, dövlət büdcəsindən pul gözləmədən vergilər hesabına formalaşan özünün büdcəsi hesabına problemi həll etsin".

Z.İsmayıl Azərbaycanda dövlət layihələrin həyata keçirilməsində şəffaflıqla bağlı problemlərin olduğunu diqqətə çatdırır: "Biz indi araşdırsaq, ola bilsin, bunu tikən şirkətlərin heç biri ortalıqda yoxdur. Olsa belə, onlar heç bir məsuliyyət daşımır. Əslində isə bütün baş verənlərlə bağlı məsuliyyəti hökumət daşıyır".

Turan İnformasiya Agentliyi
 

       
Ardını oxu...
Konsulluq xidmətinin işi nədən ibarətdir?
Azərbaycana hava yolu ilə sənədsiz casuslar göndərilir

Media müalicəyə getdikləri Soçidən Bakıya reysə buraxılmayan Qarabağ qazisi ailəsinin üzləşdiyi problemdən yazıb. Qısaca onu deyək ki, əlil cütlüyün gecikmədiyi halda J2 8632 reysini yerinə yetirən uçağa minməsinə yol verilməməsi Azərbaycan tərəfini maraqlandırmır. Rusiya tərəfi - prokurorluq hələ də araşdırma aparır və hər cavabında AZAL-ın , onun Soçi nümayəndəliyinin qanunsuz əməllərini açıqlayır. Cənub nəqliyyat prokurorluğu bildirib ki, biz AZAL-ın qaydasına görə, 6-45-də minik qapısında olmalıydıq, 6-45-30 saniyədə olmuşuq , yəni yarım dəqiqə gecikdiyimizə görə bizi reysə buraxmayıblar. Bəs bizim yerimizdə kim uçub, bəyəm sərnişinlərin siyahısını əldə etmək belə çətindir? RF tərəfi- prokurorluq 106 yerlik uçaqda 105 nəfərin uçduğunu bildirib və bizə verilən yerlərin sənədləşmə olmadan (?) RF-dən deport edilən Azərbaycan vətəndaşına verildiyini bildirib. Bununla Rusiya prokurorluğu AZAL-ın Soçi nümayəndəliyini “dimdiyindən tora düşürüb”. Axı , birincisi, yarım, bir dəqiqənin içində, lap 5 dəqiqə olsun, kimisə gecikənin yerinə yerləşdirmək olmaz! Deməli, korrupsiya cinayəti yolu ilə bizim yerimizi sənədləşməsiz , bilet yazmadan elə minik qapısının ağzında, trapa gedən yolda satıblar. İkincisi, bəyəm deport edilən şəxs anonimdir, kimliyi, qadın-kişiliyi bilinmir? Deport olunubsa, onu deportasiya edən məhkəmə icraçıları, Soçi Federal miqrasiya xidmətinin əməkdaşları da aeroportda yola salmalı idilər. Və ən başlıcası, deport olunan şəxs biletsiz , sənədsiz uça bilməz.

Bəlkə elə bu şəxs casusdur, bileti olmadan uçağa xidmət edən əslən azərbaycanlı olmayan personal (Soçidə AZAL-ın nümayəndələri , biz gördüyümüzə görə, Orta Asiya mənşəli şəxslərdirM. B.) buraxıb Azərbaycana? Quru yollarını 4 ildir bağlamışıq ki, casuslar gələ bilər, hava yolu ilə gəlmək lap asandır ki! Baxın, Qarabağ qazisinin adı ilə, onun bileti, pulu ilə gələn kimdir, nə AZAL bunu açıqlayır, nə Soçi aeroportu. Fikrimizcə, Azərbaycan DTXsı, ya Xarici Kəşfiyyat Xidməti bu faktı araşdırmağa borcludur. XİN-in konsulluq idarəsi isə işini görməkdən, Rusiyada hüququ pozulan, reysə “lotuluqla” buraxılmayan Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdan imtina edir. 3 ayda bir dəfə də olsun RF-dəki Azərbaycan səfirliyi adi bir cavab da verməyib. Halbuki keçmiş səfir Polad Bülbüloğlu anında onlayn müraciətlə bilgiləndirilib , hətta reysə buraxılmayan, məcburən Soçi- Moska -Bakı reysinə dördqat bahasına bilet alan vətəndaşlarla birlikdə eyni uçaqda Bakıya gəlib. Onu əvəzləyən Rəhman Mustafayevə müraciətlərə də baxılmır. XİN-in konsulluq idarəsinin rəisi Emil Səfərov hüququ pozulan vətəndaşların şikayətini RF-dəki səfirliyə göndərməkdənsə, AZAL-a göndərib və sonuncunun ənənəvi saxta cavabını şikayətçiyə yönləndirib. Təkrar şikayətlərə isə baxmır, “dedığım dedik”dir prinsipi ilə isə hüquq qorunmur. Deyəsən, Azərbaycanda bütün dövlət qurumları “bir-birinin ağzına tüpürüb”, hamı işini görmək yerinə, “poçtalyonluq edir”. Yeri gəlmişkən, “baş poçtalyon” Ombudsman, bu yol heç bir cavab verməyib. Yəqin Rusiya onun “dairəsinə” aid olmadığından, şikayəti aidiyyatı üzrə göndərə də bilmir. Amma XİN-ə göndərə və onun verdiyi cavabı 3 dəfə təkrar edə bilərdi. Belə poçtalyonluq xidməti ilə isə nə hüquq qorunar, nə də dövlət (marağı). Sənədsiz şəxslər hava yolu ilə qazilərin pulu hesabına gəlib , casusluq xidmətini sürdürərlər.
Ardını oxu...
...Yazı tamamlanan anda XİN katibliyinin elektron poçtundan konsulluq idarəsinin rəisi Emil Səfərovun növbəti “dedığım dedikdir” cavabı gəldi: “ Bildirmək istərdik ki, 03.10.2024-cü il tarixli müraciətinizdə göstərilən məsələnin araşdırılması istiqamətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) səlahiyyətləri çərçivəsində görülmüş mümkün tədbirlər və onun nəticəsinə dair XİN-in ...12.09.2024-cü il tarixli məktubu ilə sizə cavab verilmişdir”. İndi söz Azərbaycan Respublikasının Konstitusiyasındadır , desin görək, bu cavab Ona, konkret 53-cü maddəyə uyğundurmu? 53-cü Konstitusiya maddəsinin III hissəsini “AİDİYYATI ÜZRƏ” XİN-in , konsulluq idarəsinin , RF-dəki səfirliyin diqqətinə çatdırırıq: “ Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının HÜQUQİ MÜDAFİƏSİNƏ təminat verir və onlara HAMİLİK EDİR”. Hüquqa təminat, hamilik poçtayonluqla, “dedığım dedikdir”lə olur? Cavab gərəkməz, sual ritorikdir...
Məğrur Bədəlsoy
gundemxeber
 
 
 
Ardını oxu...
Milyonçular pullarını harada saxlayır? Yox, bizim sual diletant bir maraq deyil, yəni biz balış altına yığılan, yaxud divara qazılmış, hardasa basdırılmış seyflərdə kiflənən pullarla maraqlanmırıq. Bu sualımızla daha peşəkar bir cavaba ümidliyik. Bizim ölkədə nadir nümunə olsa da, sivil ölkələrdə milyonçuların əksəriyyəti var-dövlətini ağıllı maliyyə qərarları ilə qazanır. Ona görə də, onların sərvətləri ilə necə davrandıqlarını öyrənmək də faydalı ola bilər.

Ona görə də Valyuta.Az olaraq, ABŞ nümunəsində mümkün variantları sizin üçün araşdırdıq. Bəlkə bir gün lazımınız olar deyə...

Milyonçular pullarını çek hesablarında saxlayırmı?

Milyonçuların gündəlik maliyyə əməliyyatlarını idarə etmək üçün çek hesablarından istifadə etdikləri məlumdur. Çek hesabları limitsiz depozit və pul çıxarmaq, çek yazmaq, hesabları ödəmək və digər gündəlik maliyyə idarəçiliyini asanlaşdırır. Lakin, çek hesablarında ciddi faiz qazancı olmadığı üçün, milyonçular bu hesabdakı vəsaitlərini adətən minimum səviyyədə saxlayır. Çek hesablarında əsasən bir neçə aylıq zəruri xərclər üçün lazım olan məbləğ saxlanılır, qalan vəsait isə daha çox gəlir gətirən investisiyalara yönəldilir.

Çünki milyonçular həm də ona görə zəngindirlər ki, bizim kim pul üçün işləmirlər. Necə deyərlər, artıq pul onlar üçün işləyir. Həm də bütün günü!

Bəs milyonçular pullarını harada saxlayır?

Milyonçular çek hesablarından başqa aşağıdakı hesabları da istifadə edə bilərlər:

- Yığım hesabları: Bu hesablar milyonçulara yüksək likvidlik təklif edir və qəfil xərclər üçün asanlıqla istifadə edilə bilər. Xüsusilə yüksək gəlirli yığım hesabları milyonçular üçün cazibədardır, çünki onlar daha yüksək faiz dərəcələri təklif edir.

- Nağd idarəetmə hesabları: Bu hesablar çek və yığım hesablarının xüsusiyyətlərini birləşdirir və rəqabətədavamlı faiz təklif edir. Bəzi nağd idarəetmə hesabları bir neçə tərəfdaş banka yayılaraq daha yüksək FDIC sığorta limitləri ilə qorunur.

- Pul bazarı hesabları: Bu hesablar da yığım və çek hesablarının xüsusiyyətlərini birləşdirir və daha yüksək faiz dərəcələri təklif edir. Banklar və kredit ittifaqları tərəfindən təklif olunan bu hesablar da federal olaraq sığortalanır.

- Təqaüd və vergi üstünlüklü hesablar: Milyonçular təqaüd üçün investisiya etməyin vacibliyini yaxşı başa düşürlər və bu məqsədlə vergi üstünlüklü hesablar, məsələn, 401(k) və ya İRA istifadə edirlər.

- Brokerlik hesabları: Milyonçuların əksəriyyəti vergi üstünlüklü hesablardakı limitlərdən artıq investisiya qoyduqları üçün bu hesablardan istifadə edirlər.

- Digər investisiyalar: Milyonçuların portfellərində daşınmaz əmlak, əmtəə və sənət əsərləri kimi müxtəlif aktivlər də ola bilər.

Tez-tez soruşulan suallar

- Milyonçular çek hesablarında nə qədər saxlayırlar? Bu, şəxsi üstünlüklərə bağlıdır, lakin adətən 250,000 dollardan çox vəsait saxlamırlar, çünki FDIC sığortası bu məbləğdən yüksək vəsaiti əhatə etmir.

- Milyonçular hansı bankda hesab açırlar? Milyonçular adətən özəl bankçılıq xidmətləri təklif edən banklarda hesab açırlar. J.P. Morgan Private Bank, Citi Private Bank və Bank of America Private Bank bu cür banklardan bəziləridir.

Beləliklə, milyonçular gündəlik xərcləri idarə etmək üçün çek hesablarından istifadə etsələr də, vəsaitlərinin böyük hissəsini daha gəlirli və təhlükəsiz yerlərdə saxlayırlar.
 

Dünyapress TV

Xəbər lenti