Ardını oxu...
44 günlük Vətən müharibəsi günlərində Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq qərar verdilər ki, şəhid, qazi, yaralı hərbçilərimizin, düşmən təxribatı nəticəsində zərər çəkmiş mülki vətəndaşlarımızın kredit borcları bağışlanılsın, faizləri dondurulsun. Əksər banklar bu qərara sadiq qalsalar da, bəzi istisnalar da var.

“Kapital Bank” artıq həyatda olmayan qazi Təbriz Şəmsi oğlu Əliyevin ailəsindən onun sağlığında aldığı kreditin qaytarılmasını tələb edir.

Bu barədə "Azərbaycan Reallığı"na Təbriz Əliyevin həyat yoldaşı Günel Əliyeva məlumat verib.

Deyib ki, “Kapital Bank”ın çağrı mərkəzindən onunla əlaqə saxlayaraq mərhum yoldaşı Təbriz Əliyevin kredit borcunun ödənməsi tələb olunub:

“Təbriz müharibədə kontuziya almışdı. Yanında mərmi partlamışdı. 3-cü qrup əlil idi. Müharibədən sonra bankdan kredit alıb heyvandarlıqla məşğul olmaq istədi. Lakin psixoloji durumu ağır idi deyə müalicəsinə xərclədi. Ötən ilin dekabrında da Səfikürd kəndinin mərkəzində özünü asaraq intihar etdi.

Bankdan dedilər ki, Təbrizin vərəsələri övladlarıdır, dövlət onların saxlanılması üçün müavinət verir. Kredit borcu da müvafiq olaraq onun övladlarına ödənilən müavinətə yönləndiriləcək”.

Hazırda mərhum Təbriz Əliyevin iki övladı böyüyür.
Ardını oxu...
Günel Əliyevanın sözlərinə görə, bankdan zəng edən şəxs deyib ki, könüllü ödənmə üçün iyun ayına qədər vaxt verilir:

“Əgər iyun ayına qədər ödəmə etməsək, dedi ki, kredit borcunu uşaqların saxlanılması üçün dövlətin ödədiyi müavinətdən tutacaqlar”.

Günel Əliyeva ölkə rəhbərliyinə müraciət edərək həyat yoldaşının sağlığında aldığı kredit borcunun silinməsini xahiş edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvanlı gənc Elçin Hümbətovun polis işgəncəsindən başını götürüb Türkiyəyə qaçması haqqında iki gün əvvəl məlumat vermişdik. Bu məlumat yayıldıqdan sonra yerli DİN onun yaxınları ilə əlaqə saxlayıb, geri qayıtmasını xahiş edib. Bu haqda “Gündəlik Naxçıvan”a Elçin Hümbətovun özü məlumat verib.
O, deyir ki, həbs olunmayacağı və yenidən işgəncəyə məruz qalmayacağı ilə bağlı zəmanət aldıqdan sonra geri qayıtmağı qərara alıb:
“Dedilər, yuxarıdan tapşırıq var ki, səninlə işləri olmasın, qayıt, gəl. Həbs qoyduqları maşınımı da geri qaytaracaqlarını söz verdilər. Qohumlarım da mənə zəmanət verdilər. Bir neçə belə zəngdən sonra inandım və geri qayıtdım. Gələn kimi maşınımı heç nəsiz geri qaytardılar. Halbuki, əvvəl 2 min manat rüşvət istəyirdilər. Mən buna qane olmuram. Mənə ağır işgəncələr verən polislər cəzalanmalıdırlar. Mətbuat işıqlandırmasaydı, maşınımı da qaytarmayacaqdılar.”
Bir neçə gün əvvəl polislər Elçin Hümbətovun iş yerinə gəlib və ona çuğulluq təklifi ediblər. O, təklifi qəbul etməyib və bir müddət sonra şəhərdə olduğu zaman polislər tərəfindən tutularaq nazirliyə aparılıb. Orada ona ya təkliflə razılaşmalı olduğu, ya da pis nəticələrlə qarşılaşacağı bildirilmişdir. Lakin, Elçin Hümbətov yenə də razılaşmayıb və onlara "Məni öldürsəniz də, sizə iş verməyəcəyəm" deyib. Bunun ardınca, polislər ona ağır işgəncələr verib. Axşam saatlarında isə, Elçin Hümbətov məhkəməyə aparılaraq 300 manat cərimə edilib, lakin cərimənin səbəbini heç bir şəkildə öyrənə bilməyib.
Ancaq, polislər yenə də ondan əl çəkməyiblər. Evə buraxıldıqdan sonra, səhər saatlarında polislər onun maşınına əl qoyub, cərimə meydançasına aparıblar. Maşını geri almaq üçün isə ondan 2 min manat rüşvət tələb ediblər. Polislər ona bildirib ki, ya işverənlik təklifini qəbul etməli, ya da 2 min manat verməli, ya da cibinə narkotik atıb həbs edəcəklər. Elçin Hümbətov isə, şərlənərək həbs ediləcəyindən qorxub, Türkiyəyə qaçmışdı.
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) törədilən terror hadisəsindən 16 il ötür.

Globalinfo.az xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

F.Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, həmin terror aktından artıq 16 il ötür:

“Azərbaycan dövləti terror aktı nəticəsində həyatını itirən və yaralanan şəxslərin ailələrinə müvafiq maddi yardımlar ayırdı. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə bu məsələ nəzarətə götürüldü. Hadisəni törədən cinayətkar Fərda Qədirov Gürcüstan əsilli azərbaycanlı idi. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum oldu ki, bu qətl sifarişli şəkildə həyata keçirilib. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində cinayətin sifarişçisinin Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyan olduğu müəyyənləşib və ona qarşı “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub”.

Deputat onu da əlavə edib ki, bu iş üzrə 2010-cu il avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə cinayətdə əli olan bir neçə şəxs Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıb:

“Hesab edirəm ki, bu sifariş Ermənistan tərəfindən verilib. Təqsirli şəxslər qanun qarşısında cavab verməli və cəzalandırılmalıdır. Bu cür terror hadisələri yalnız fərdi qətllər deyil, eyni zamanda dövlətçiliyə və cəmiyyətin sabitliyinə qarşı yönəlmiş ciddi təhlükələrdir”.

Politoloq Oqtay Qasımov isə bildirib ki, ADNA-da baş vermiş hadisə Azərbaycan xalqını dərin şəkildə sarsıdıb:

“Terrorçu manyak soyuqqanlı şəkildə tələbələri qətlə yetirdi. İstintaqın təfərrüatları barədə danışmaq çətindir, lakin ümumi məlumata əsasən, onun Gürcüstanda ermənilərlə əlaqələrinin olduğu ehtimal olunur. Bu terror aktı xaricdən verilmiş sifariş əsasında həyata keçirilmişdi və məqsəd Azərbaycan cəmiyyətində qorxu yaratmaq, xaos və qeyri-sabitlik törətmək idi. Ancaq bu çirkin planlar nəticə vermədi. Cinayətin arxasında konkret olaraq hansı ölkənin dayandığını dəqiq söyləmək indiki mərhələdə çətin olsa da, ehtimallar əsasən Ermənistan və onun havadarlarına yönəlir”.
 
Ardını oxu...
“Yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var və bununla bağlı müvafiq təkliflər hazırlanır”.

Bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazirlik rəsmisi bildirib ki, rezidenturada qəbul yerlərinin sayının baza tibb təhsili alanların sayına bərabərləşdirilməsi üçün işlər görülür:

“Bütün baza tibb təhsili alan məzunlar rezidentura təhsili almalıdır, çünki bu, onların haqqıdır".

Təranə Əhmədova eyni zamanda ailə həkimlərinin bölgələrdə işlə təmin edilməsi prosesinin yaxşılaşdırılması üçün təkliflər hazırlandığını da diqqətə çatdırıb:

"Bundan əlavə, yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var, müvafiq təkliflər hazırlanır".

65 yaşı tamam olan tibb işçiləri ilə bağlanan əmək müqavilələrinin müddətinin uzadılması məsələsinə gəlincə, şöbə müdirinin müavini xatırladıb ki, qanunvericiliyə görə peşəkarlıq nəzərə alınmaqla xüsusilə kadr çatışmazlığı olan yerlərdə ehtiyac olduğu halda həmin şəxslərin müqavilələri 1 il müddətinə uzadılır.

O, həmçinin tibb işçilərinin sertifikasiya suallarının çətinlik dərəcəsinə görə orta səviyyədə olacağını deyib:

“Səhiyyə Nazirliyi kredit ballarının toplanması və hesablanmasına dair tələblər hazırlayır. Tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artıra biləcəklər”.

Qeyd edək ki, bu gün həkimlərin əksəriyyəti Bakıda fəaliyyət göstərən xəstəxanalarda çalışırlar. Rayonların əksəriyyətində isə həkim çatışmazlığı müşahidə olunur. Hətta bəzi kəndlərdə bir zamanlar mövcud olmuş tibb məntəqələri belə, hazırda həkim çatışmazlığı səbəbindən fəaliyyət göstərmir.

Bildirək ki, Sovet dövründə ölkənin bütün ərazisindəki xəstəxanalarda həkim potensialı yüksək səviyyədə idi və həkimlər təyinat əsasında fəaliyyət göstərirdilər.

Hazırda bölgələrdə həkim çatışmazlığı ilə bağlı təyinat sistemi yenidən bərpa oluna bilərmi?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, əslində məcburi təyinat Sovet dövründə olub, çünki planlı təsərrüfat idi:

“İndi bu sistem tamamilə dəyişib. İnsanlar iş yerlərini öz arzuları ilə seçirlər və ona uyğun da fəaliyyət göstərirlər. Yəni insanların iş yerlərinin mərkəzdə paylanması xüsusilə bu işin prestijinə bağlıdır.

Çünki şəhərdə tibbi fəaliyyət və həyat səviyyəsi, sosial müdafiə imkanları kəndlərdən yüksək olduğuna görə hamı şəhərə gəlir. Ona görə də tibb işçilərinin düzgün paylanması üçün səhiyyə gərək bütün regionlarda bir-birinə yaxın səviyyədə olsun.

Bu istiqamətdə Tükiyəni misal göstərmək olar. Yaxşı olacağı təqdirdə fərqi yoxdur ki, insan harada işləyir. Gedib çox böyük məmnuniyyətlə rayonda da işləyə bilər. Məcburi şəkildə, zorakılıqla bu iş həllini tapmayacaq.

Çünki indi həkimlərin imkanı var ki, gedib xaricdə işləsinlər. Almaniyada, Avropanın bəzi ölkələrində, qardaş Türkiyədə işləmək üçün şərait var. Gedib imtahan verib işləyirlər.

Bizim tələbələrin də böyük əksəriyyəti oraya axışır. Hesab edirəm ki, məcburi, planlı hansısa qaydalardansa, bu məsələni daha çox maraqlar səviyyəsində həll etmək daha məqsədəuyğun olardı”.
 
Ardını oxu...
“AQA Şirkətlər Qrupu” tələbələrə vəd etdiyi təqaüdü vermir.

Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Bildirilib ki, “AQA Şirkətlər Qrupu” ötən il tələbələr arasında “Dəmir Ay” adlı təqaüd üçün müsabiqə elan edib. Qalib gələn tələbələrə isə il boyunca hər ay 250 AZN təqaüd vəd edilib.

Ancaq aradan böyük müddət keçməsinə baxmayaraq şirkət tələbələrin təqaüdlərini ödəmir. Tələbələrə müxtəlif vədlər verilsə də, bu qədər vaxt ərzində yalnız 1 ay ödəniş edilib.

Tələbələr bu aylar ərzində öz narazılıqlarını bildirsələr də, şirkətdən heç bir cavab verilməyib.

Qeyd edək ki, “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu, şirkətin vitse-prezidenti Qafar Dəmirçi ötən ilin sonunda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi. İttihama görə, “plazalar kralı” kimi tanınan Q.Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.

Hadisədən sonra “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəmişdi. Dəmirçi 8 milyonluq ziyanı ödədiyi üçün barəsindəki həbs qərarı ləğv edilib.
 
Ardını oxu...
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun çıxışı müzakirələrə yol açıb. O bildirib ki, qanunvericiliklə mənzil sahibinə mülkiyyət hüququ tanınır və binanın yerləşdiyi torpaq da sakinlərin ümumi mülkiyyətidir. Partiya sədrinin sözlərinə görə, həmin binada nə qədər obyekt varsa, binanı tikən onları sata bilməz.

Sitat: “Binaların altında yerləşən “Bravo”, “Rahat” və sair kimi supermarketlərin ödədiyi pullar belə həmin bina sahiblərinin olmalıdır. Amma bundan xəbərləri yoxdur”.

Yaşayış binalarının kommersiya sahələri kimi satılan, icarəyə verilən əraziləri sakinlərin mülkiyyətidir? MTK-lar oranı qanunsuz istismar edir və satır?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, Mənzil Məcəlləsinin 35-ci maddəsində sahə mülkiyyətçilərinin ümumi əmlakına nələrin daxil olduğu qeyd edilib:

“Bura birdən artıq şəxsə xidmət etmək üçün nəzərdə tutulan bütün qurğu və avadanlıqlar da daxildir. Məsələn, siyahıda elektrik, su, qaz qurğuları avadanlıqları, liftlər, lift meydançaları, şaxtaları, binanın dam örtüyü, yerləşdiyi torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində birdən artıq şəxsə xidmət üçün nəzərdə tutulmuş sahələr, gözətçi, uşaq meydançası və sair yer alır. Təbii ki, binanın texniki mərtəbəsi də sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Əgər binanın layihələndirməsi zamanı onun altında qeyri-yaşayış, kommersiya obyektləri nəzərdə tutulursa, layihədə binanın qaraj sahələri varsa və bu, layihələndirmə zamanı qeyd olunubsa, sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab olunmur. Belə halda, MTK rəhbəri o obyektləri sata və ya icarəyə verə bilər”.

Ekspertin fikrincə, Sərdar Cəlaloğlu çıxışında iş adamı İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) nəzərdə tutub:

“Onun tikinti şirkətlərinə məxsus elə çoxmənzilli binaları var ki, zirzəmisində yerləşən texniki mərtəbələr qaraj sahələri kimi bölünür və sakinlərə müqavilə ilə satılır. Halbuki İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir”.
 
Ardını oxu...
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydasına dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qüvvədə olan qərara əsasən, akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 gündən artıq olmamaq şərtilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılır.

Müraciətə baxılarkən 7 gün müddətində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir. Artıq xarici media subyektlərinin nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən rəy alınacaq.
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının rəhbərləri, eləcə də üzvləri iştirak ediblər.

Konfransda AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqələrinin 2024-cü il üzrə qalibləri mükafatlandırılıb. Veysəloğlu Şirkətlər Qrupu hər iki nominasiya üzrə mükafata layiq görülüb.

Gülüstan Sarayında keçirilən konfransda həmin mükafatlar Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tərəfindən təqdim edilib.

26 min əməkdaşı olan Veysəloğlu Şirkətlər Qrupu beynəlxalq standartlara uyğun iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasına yüksək səviyyədə əməl edir. 30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir.
TEREF
 
Ardını oxu...
Ali Məhkəmənin Kommersiya Kollegiyası çox mühüm qərar qəbul etmək ərəfəsindədir. Ya mövcud qanunvericiliyi rəhbər tutaraq deyəcək ki, daşınmaz əmlakın qeydiyyatı mütləqdir və onunla bağlı əqdlər notarial qaydada təsdiq olunmalıdır, ya da iri holdinqin özbaşınalığına haqq qazandıraraq hüquq sistemimizdə dəyişiklik edəcək.

"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı, bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycanın əmlak hüququ alman sistemi üzərində qurulub.

"Bu o deməkdir ki, daşınmaz əmlak mütləq şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Əks halda, əmlak mövcud sayılmır. Həmin əmlakla bağlı müqavilələr də notarial qaydada təsdiq olunmalıdır; əks halda, onlar etibarsızdır", – o əlavə edib.

Ekspert vurğulayır ki, təcrübədə buna həmişə riayət olunmur: "Məsələn, yeni tikilmiş yaşayış binalarındakı mənzillər qeydiyyatı olmadan alınıb-satılır. Halbuki qanunda qabaqcadan qeydiyyat mexanizmi var. Lakin bu, nə məmurlara, nə də tikinti şirkətlərinə sərf edir. Son zamanlar isə dövlət daha sərt tələblər irəli sürür. Məsələn, lisenziya alanlardan ünvanın qeydiyyatda olan əmlakda olmasını tələb edirlər, yalnız qeydiyyatlı yeni binaya qaz verilir və s. Ən əsası isə qeydiyyatsız əmlakın "mülkiyyətçisi"nə bir çox üstünlüklər verilmir, xüsusilə icarə müqavilələri üzrə."

Ə. Həsənovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin son qərarlarından biri bu sistemi dəyişməyə cəhd edir:"Belə ki, məşhur holdinqə məxsus bir mərkəzdəki ən iri ticarət (ofis) binalarından birinin dövlət reyestrində qeydiyyatı yoxdur. Buna görə də icarəçilərlə icarə müqaviləsini notarial qaydada təsdiq etdirə bilmir. İcarəçilərdən biri ilə 2022-ci ilin sonunda belə qanunsuz müqavilə bağlayıb və bir neçə aylıq icarə haqqı alıb ki, 2023-cü ilin iyunun 1-dən fəaliyyətə başlasın. Halbuki istismara hazırlıq aktını yalnız həmin ayın 8-də əldə edib. Vergi orqanında uçota isə yalnız 2023-cü ilin sentyabrın 27-də durub.

Təbii ki, belə vəziyyətdə icarəçi icarə obyektində fəaliyyətə başlamayıb: dövlət reyestrində olmayan sahədə, notarial təsdiq olunmamış müqavilə ilə, istismara hazırlıq aktı və vergi uçotu olmadan. Buna baxmayaraq, holdinq məhkəmə qaydasında “icarəçi”dən 2023-cü ilin iyunun 1-dən etibarən icarə haqqı və hətta xidmət haqqı tələb edir! Yəni faktiki olaraq icarəyə verilməmiş və xidmət göstərilməmiş bir sahə üçün! Hüququn və ədalətin "anasını ağladaraq" əsassız varlanmaq istəyirlər!

Qeyd edim ki, problem daha çox holdinqin menecerlərindədir. Onlar sadəcə o qədər naşıdırlar ki, normal idarəetmə, qeydiyyat və s. işləri təşkil edə bilməyiblər. İndi də təqsirlərini ört-basdır etmək üçün holdinqin adından istifadə edirlər. Məhkəmələr də əsassız olaraq onlardan çəkinir..."

Hüquqşünasın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi də holdinqin iddiasını tam təmin edib: "Bildirdi ki, qeydiyyat da vacib deyil, notarial təsdiq də. Əgər Ali Məhkəmə də bu mövqeyi təsdiqləsə, ölkədə vacib bir presedent yaranacaq: daşınmaz əmlakın qeydiyyatı və onunla bağlı müqavilənin notarial təsdiqi tələbi faktiki olaraq ləğv olunacaq. Necə deyərlər, 'aclıq olsa da, kef olacaq': daşınmaz əmlak sahəsində kim nə istəsə edə biləcək. Düzü, bilmirəm, hansı varianta sevinim..."
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azərpoçt” MMC adından müxtəlif platformalar üzərindən dələduzluqlar edilir.

İndex.az xəbər verir ki, bu barədə RİNN-nin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir: “Məhsulun ödənişini almaq üçün vətəndaşdan saxta keçidə daxil olaraq bank kartı və digər fərdi məlumatları daxil etmək tələb olunur”.

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından mesajlarla rastlaşdıqda, həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.
 

Dünyapress TV

Xəbər lenti