
Mərakeş Kralı VI Məhəmmədin vətəndaşlardan bu il Qurban bayramı üçün imkan daxilində heyvan kəsməməyi xahiş etməsi maraq doğurub. O bunu mal-qaranın sayının azalması ilə izah edib. Sözügedən addımın Azərbaycanda da atılması istiqamətində sosial şəbəkələrdə müəyyən fikirlər səsləndirilir. Bildirilir ki, son illər ölkədə qoyun və keçi sayında sürətlə azalma müşahidə olunur.
Qeyd edək ki, rəsmi məlumata əsasən, ölkəmizdə 2020-ci ildə 8,31 milyon baş qoyun və keçi olduğu halda, 2024-cü ilin oktyabrında onların sayı 7 milyon başa düşüb. Yəni son 5 ildə qoyun və keçi sayı 1 milyon başdan çox azalıb.
Azərbaycanda da oxşar qərarlar verilə bilərmi?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, ölkəmizdə heyvanların kütləvi kəsilməsi halları yoxdur:
“Türkiyədə, Səudiyyə Ərəbistanında, yaxud başqa ölkələrdə Qurban bayramında daha çox heyvan kəsilməsi müşahidə olunur. Ölkəmizdə isə böyük masştablı kəsimlərə rast gəlmirik. Problemlə bağlı statistik zərurət varsa, buna dini qurumların münasibət bildirməsi daha məqsədəuyğundur. Hər halda Mərakeş kralı belə bir çağırış edibsə, görünür, vəziyyət ciddidir və bu addıma ehtiyac var. Amma Azərbaycanda oxşar qərarların verilməsi müvafiq dini müəssisələrin tövsiyəsi ilə baş verə bilər. Lakin gərək bunun əsaslandırması olsun. Nəsə deməkdə bir az çətinlik çəkirəm. Bu, insanların inancı ilə bağlı olan məsələdir və hər hansı şəkildə müdaxilə etmək fikrindən uzağam. Doğrudan da narahatedici tərəflər olarsa, məsələyə baxmaq mümkündür. Hər şey insanların rifahı üçündür, eləcə də din. Bunu nəzərə alaraq hərəkət etmək olar”.
Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev isə bildirib ki, prosesi süni şəkildə istiqamətləndirməklə effektiv nəticə əldə etmək olmur:
“Hər şeyin təbii yollarla həllinə nail olmaq lazımdır. “Qurban bayramında qoyun kəsməyək ki, sayları artsın” kimi fikirlər məqbul deyil. Onsuz da kəsilmək üçün seçilən heyvanlar damazlıq olmur, erkək heyvanlardır. Damazlıqlar artıma xidmət edir, kəsimə getmir. Digər tərəfdən təbii artımı təmin etməliyik. Bunun üçün stimul verən yolları araşdırmalıyıq. Başlıca yollardan biri yem bazalarının təşkilidir. Qurban bayramında heyvan kəsməmək isə sayı artıra bilər, amma heyvandarlığın inkişafına təminat verə bilməz”.