Tanınmış pediatr Vaqif Qarayevin son paylaşımı müzakirələrə səbəb olub.
O, “Facebook” hesabında yazıb ki, ailədəki gərginliklə bağlı psixoloqa ehtiyacı olanar kişi psixoloqa getsin. Pediatr insanlara boşanmış və təhsilsiz qadın psixoloqa qətiyyən müraciət etməməyi tövsiyə edib. Onun bu sözləri birmənalı qarşılanmayıb və təpkilərə səbəb olub.
Məşhur psixoloq Gülnar Orucova “Cebhe.info”-ya açıqlamasında Vaqif Qarayevin fikri ilə qətiyyən razı olmadığını bildirib:
“Məgər sadəcə kişi psixoloq ola bilər? Psixoloq da boşana bilər. Psixoloqun da əsəbləri var, onun da anlayışlı ola bilməyəcəyi məqamlar olur. Ona görə də bu gün kimisə boşandığı üçün qınaya bilmərik. Hər sahənin insanı boşana bilər, psixoloq boşana bilməz? Məsələn, həyat yoldaşım mənə xəyanət etsə, Vaqif müəllim “boşanmış psixoloqun yanına getməyin” dediyi üçün ona hörmət etməliyəm? Yəni bu, doğru bir fikir deyil. Psixoloq xəyanət edən, ona qarşı sədaqətsiz olan kişidən ayrılmalıdır.
Mən hər zaman qadınlara deyirəm ki, xəyanət edən adamdan ayrılın. Psixoloq olsanız belə, xəyanət edən adamdan ayrılmaq lazımdır. Ümumiyyətlə, “boşanmış psixoloqun yanına getməyin” kimi bir fikir ola bilməz. Düzdür, mən evliyəm, amma həmkarlarım arasında boşananlar var. Psixoloq da insandır, onun hissləri və duyğuları var. Onun da həyatında problemlər ola bilər.
Nəzərə almaq lazımdır ki, biz 24 saat psixoloq olmuruq, ofisdə olduğumuz müddət ərzində psixoloquq. Bir psixoloq xanım boşanmış da ola bilər. Boşanmış olması onun təcrübəsiz olduğu demək deyil. Həmçinin, onun yanına gələn insanlara boşanmağı məsləhət görəcəyini düşünmək də yanlışdır”.
G.Orucova təhsilsiz psixoloq sözü ilə də razılaşmayıb:
“Nəzərə almaq lazımdır ki, nənələrimiz də təhsilsiz olub, amma görün necə gözəl uşaqlar yetişdiriblər. Təhsilsiz qadın gözəl tərbiyə verirsə, psixoloq da ola bilər”.
Həmsöhbətimiz qeyd edib ki, əslində son dövrlərdə “psixoloq”ların sayı çoxalıb:
“Hansı ki, 3 aylıq kursa gedir və ya onlayn yaşam mütəxəssi təlim alırlar. Əslində yaşam mütəxəssisi insanın öz həyatını qaydaya salmaq üçün olan təlimatçıdır. Amma həmin təlimə gedən insanlar özlərini “psixoloq” kimi təqdim edirlər. Həmçinin, öz peşəsini bacara bilməyənlər cəmiyyətdə nəyə tələbat olduğuna baxırlar. Bir neçə il əvvəl insanlar daha çox rus dili müəllimlərinin yanına gedirdilər. Sonra da ingilis dili müəllimlərinin yanına getməyə başladılar.
Hazırda da bu tendensiya psixoloqlarla davam edir. Yəni bəzi işbazlar bunun gəlir sahəsi olduğunu düşünərək, özlərini “psixoloq” adlandırmağa başlayır. Üstəlik, indi xəstəxənada və ya klinikada işləməyə də ehtiyac yoxdur. Hər hansısa bir yeri icarəyə götürmək mümkündür. Bəzən insanlar müxtəlif səbəblərə görə illərin psixoloqunu deyil, 3-5 ilin psixoloqunu seçə bilir.
Yəni 3-5 il təcrübəyə malik olmaq savadsız və ya təhsilsiz olmaq demək deyil. Ümumiyyətlə, hərbçilər və depressiya yaşayan kişilərin xanım psixoloqlara müraciət etməsinin tərəfdarıyam. Çünki xanımlar məsələlərə daha həssas yanaşırlar. Kişilər özləri də elə qadın psixoloqa müraciət etməyi üstün tuturlar. Bəzi qadınlar da kişi psixoloqları seçirlər. Biz bu seçimlərə qarışa bilmərik”.