Təbii ki, bütün görüşlər zamanı bu məsələ gündəmdə olur, qaldırılır. Delimitasiya prosesi kifayət qədər spesifik və texniki prosesdir. Bununla bağlı ayrı bir komissiya mövcuddur və o fəaliyyət göstərir. Sərhədlə bağlı olan məsələlər delimitasiya prosesinin tərkib hissəsi olaraq öz həllini tapmalıdır.
Gununsesi.info xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı işğal altında olan 8 kəndimizlə bağlı sualı cavablandıran nazir Ceyhun Bayramov deyib.
Nazir 8 kəndin geri qaytarılması ilə bağlı məsələyə delimitasiya prosesi çərçivəsində baxılacağını qeyd edib:
“Sülh müqaviləsi kontekstində bu məsələlərin ümumi prinsipləri əks edilə bilər. Çünki hətta ərazi münaqişəsi, problemli keçmişi olmayan ölkələr arasında belə delimitasiya prosesi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha qısa zamanda başa çatdırılmasında maraqlıyıqsa, bu iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz. Delimitasiya komissiyasının növbəti toplantıları zamanı bu məsələlərə baxılacaq. Məsələ gündəmdədir və hər zaman qaldırılır. Eyni zamanda onu da qeyd edə bilərəm ki, 8 kəndin özünün də ayrı-ayrı spesifik xüsusiyyətləri var. Bu kəndlərdən dördü anklavdır, geri qalanı isə anklav deyil və bizim digər kəndlərə bitişik formadadır. Bizim yanaşmamız hər zaman ondan ibarətdir ki, burda da bəlli bir ardıcıllıq ola bilər. İlk növbədə qeyd-şərtsiz həll olunan məsələlər ola, digər məsələlərin müzakirəsi isə qarşılıqlı formada davam etdirilə bilər. Ermənistanın da bir sıra iddialarının olması sirr deyil. Yəni onların sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz hesab edirik, bu, bir qədər fərqli qəbildən olan məsələdir. Çünki digər mübahisəli məsələlərdən fərqli olaraq biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə məxsus olması heç zaman mübahisə predmeti olmayıb. Orada minlərlə insan yaşayıb. Hamı hələ SSRİ dövründə bu kəndlərin kimə aid olduğunu bilir. Ona görə də gözləntilərimizin və tələbələrimizin ədalətli olduğunu hesab edirik. Proseslərin gedişatı zamanı bu məsələlər hər zaman gündəmdədir və düşünürəm ki, həllini tapacaq”.
Rusiyanın Voronej vilayətinin ən böyük yumurta istehsalı zavodunun sahibi Tretyakovskaya Gennadi Şiryayevə sui-qəsd cəhdi edilib. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.Qeyd olunur ki, quşçuluq fermasının rəhbəri və vilayət Dumasının keçmiş deputatı Şiryayev “Volkswagen” markalı avtomobilini dekabrın 27-də axşam saatlarında evindən iki kilometr aralıda Kursk-Saratov magistralında idarə edib. Tretyaki kəndi yaxınlığında naməlum şəxs yolsuzluq avtomobilinə iki dəfə atəş açıb və sonra qaçıb. Şiryayev xəsarət almayıb. O, həmin an maşında tək olub.Həmçinin bildirilib ki, Federal Antiinhisar Xidmətinin ərazi orqanları kəskin qiymət artımı ilə bağlı toyuq yumurtası istehsalçılarına qarşı daha 4 iş açıb. Voronej OFAS tərəfindən sentyabr ayı ilə müqayisədə Bobrovskaya quşçuluq fabriki, Zabrodenskoye, Ryaba kənd təsərrüfatı müəssisəsi və Tretyakovskaya quşçuluq fabrikləri tərəfindən məhsulun birdəfəlik qiymət artımı aşkar edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Bakupost.az xəbər verir ki, Qanuna əsasən, Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil edilib: - Ağdam rayonunun Baş Güneypəyə kəndi inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi; - Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşanlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar və Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Ortatağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri; - Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndi, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri. Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Orta Güneypəyə, Sırxavənd və Yeni Qaralar kənd inzibati ərazi dairələri Ağdam rayonunun, Çərəktar, Çıldıran, Dovşanlı, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Narınclar və Vəngli kənd inzibati ərazi dairələri Kəlbəcər rayonunun, Ağdərə şəhər, Şıxarx qəsəbə, Ağabəyyalı, Canyataq, Çardaqlı, Çaylı, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Aşağı Oratağ, Talış, Ulu Qarabəy və Umudlu kənd inzibati ərazi dairələri Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilib.
Xəbər verdiyimiz kimi, əvvəllər polis orqanlarında çalışmış, hazırda həbsdə olan İlkin Babayevin anası oğlunun qanunsuz saxlanıldığını iddia edir.
Belə ki, İ. Babayevin anasının sözlərinə görə, oğlunun həbs edildiyi cinayət əməli ilə bağlı əsas iştirakçı Nahid Şəmşirovdur.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab verilib.
Bildirilib ki, İlkin Babayev və Nahid Şəmşirovun digər şəxslərlə qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək vəzifəli şəxs kimi geniş əlaqələrə malik olduqlarını yalandan bildirib dələduzluq yolu ilə 7 nəfər şəxsin ümumilikdə 245 min manat pulunu ələ keçirmələri faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.
İlkin Babayev barəsində ibtidai istintaq tamamlanaraq iş baxılması üçün məhkəməyə göndərilib. Nahid Şəmşirov isə Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ölkə hüdudlarından kənarda olduğundan, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Nahid Şəmşirov rəqəmsal inkişaf və nəqliyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.
Quba Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, Bağbanlı kənd sakini, 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə məlumat dekabrın 27-si saat 22 radələrində daxil olub.
Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Dekabrın 27-də saat 3 radələrində Bakının Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Yusif oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Elşən Firudun oğlu Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş ver verib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda daha bir şirkətin ABŞ və Kanadaya viza düzəltmək adıyla onlarla vətəndaşa qarşı dələduzluq etməsi faktı üzə çıxıb. Bu barədə Gununsesi.info-ya “Greencard Azerbaijan” adlı şirkətin sahibi Rüfət Priyevin əməllərindən zərərçəkən bir qrup şəxs məlumat verib. Şikayətçilər iddia edir ki, Rüfət Priyev “Caspian Plaza” biznes mərkəzi korpus II, üçüncü mərtəbədə kirayələdiyi ofisində ABŞ və Kanadaya viza düzəltmək adıyla onların etibarından sui-istifadə edərək külli miqdarda pullarını talayıb.
“Heç kəsin onun bu fırıldağından xəbəri olmayıb. Yalnız ofisində gedəndə orada başqa qurbanların şahidi olduq və beləcə aldadıldığımızı dərk etdik” deyən şikayətçilər bildirir ki, Rüfət Priyevin taladığı pulların məbləği ümumilikdə 1milyon manata yaxındır.
Zərərçəkənlərdən olan Vüqar Hüseynov, Ramil Süleymanov , İlqar Şabani, Qurban Hüseynov, Tahir Nəbiyev, Elvin Cəfərov, Emin Cəfərov, Seymur Cabbarov, Mehriban Abddurrahmanlı, Elgiz Ələsgərli, Murad Pənahov, Firudun Əhədov və sair şəxslərdən bəziləri Abşeron və Bakının müxtəlif rayonları üzrə polisə şikayət etsələr də Rüfət Priyev məsuliyyətdən yayına bilir. Şikayətçilər onu da vurğulayır ki, Rüfət Priyev borclu olduğu adamlara “şikayət etsəniz, pulunuzu verməyəcəm, yaxşısı budur ki, gözləyin” deyə mesajlar da verir. Rüfət Priyev haqqında araşdırmamız zamanı bəlli oldu ki, o özünün etibarını qazanmaq üçün ödənişli üsulla televiziya ekranlarına da çıxıb. Hətta İctimai Tv Rüfət Priyevə “Müştəri xidmətləri üzrə mütəxəssis” kimi efirində yerdə ayırıb.
İddialarla bağlı Gununsesi.info-nun əməkdaşı Rüfət Priyevin özü ilə əlaqə saxlayıb. O, borclu olduğu şəxslərin pulu qaytaracağını, ancaq müəyyən bir müddət lazım olduğunu deyib: “Mən hamının borcunu qaytaracağam”.
“Yasamal Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Qaynarinfo-nun məlumatına görə, protokol Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb. Bu maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir. İşə Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, əvvəlki adı “Da Vinçi Hospital” olan “Yasamal Hospital”ın qanuni təmsilçisi Kələntərli Elşən Altay oğludur.