"Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır".
Elm və təhsil naziri Emin Əmrullayevin İTV-yə müsahibəsində işlətdiyi bu fikir birməmalı qarşılanmayıb. Nazir sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsirinin olmasını mif adlandırıb.
"Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim cəmiyyətimiz elə qurulub ki, hər şeydən şikayət etmə formatı var. Biz təhsil sistemində insanlara geniş seçim imkanları yaratmışıq. Dünyanın heç yerində valideyn hansı müəllimin övladına dərs deməsini seçmir. Lakin bizdə valideynlər belə bir seçim edir. Çünki bir neçə il əvvəl bu belə korrupsiya mənbəyi idi. Məhz filan sinifə düşmək problem idi. Bunu aradan qaldırmaq üçün elektron sistemlər qurmuşuq. Həqiqətən də, bu gün müəllimi Elm və Təhsil Nazirliyi, direktor yox, elə valideyn seçir. Bizim 40-dan çox şagirdin təhsil aldığı məktəblərimizin sayı bir neçə yüzdür. 70 neçə min sinifimizdən təkcə bir neçə yüzündə 40-dan çox şagird var. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var" - nazir bildirib.
Nazir bir sinifdə 40 şagirdin təhsil almasının tədrisə mənfi təsirinin olmadığını desə də, ekspertlər bunun əksini düşünür.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, "Təhsil haqqında" Qanuna görə, hər sinifdə 20 şagird olmalıdır. Praktki olaraq isə 25 nəfərdən artıq şagird bir sinfə yığılmamalıdır. Ekspert deyir ki, bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür.
"Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılarsa, şagird sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəlliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Təbii ki, bir sinifdə 30-40 şagirdin olması tədrisin keyfiyyətinə mənfi təsir edir" - Kamran Əsədov söyləyib.
O, bildirib ki, xarici ölkələrdə şagird sayı çox olan siniflərin nəticələrini Azərbaycanda məktəblərlə müqayisə etmək doğru deyil:
"Nazir şagird sayı 40 nəfər olan sinifdə şagird nailiyyətlərinin, şagird sayı 20 nəfər olan siniflərin keyfiyyət göstəriciləri ilə fərqlənmədiyi fikrini beynəlxalq tədqiqatlara əsaslandıraraq, xarici ölkələr üzərində konkret misallarla göstərib. Bizim isə öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir. Düşünürəm ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnmələrində müəyyən maneçilik yaradır və bu aradan qaldırılsa, yaxşı olar".
Ekspertin fikrincə, təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər:
"Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda bu vərdişlər ötürülmür. Sinifdə sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrtəmək olur. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir".
K.Əsədov deyir ki, Azərbaycanda, xüsusilə paytaxt Bakıda şagird sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Buna baxmayaraq paralel siniflər təşkil olunmur. Onun sözlərinə görə, xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox müşahidə olunur:
"Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.6 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmağa ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması da vacibdir. Optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır".
Təhsil eksperti bildirir ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədris sisteminin qurulmasıdır.
"Hesab edirəm ki, müəllim-şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı. Bu zaman həmin məktəbin mikroərazisində sıxlıq yaradırdı".
Qeyd edək ki, sinifdə şagird sayının təhsilin keyfiyyətinə təsiri mübahisələr yaratsa da, DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında olan statistikaya əsasən, şagird sayı çox olan siniflərin qəbul və buraxılış imtahanlarının nəticəsində ciddi bir fərq yoxdur. Bu isə mütəxəssislər tərəfindən şagirdlərin bu nəticələrinin məktəbdə yox, abituriyent hazırlığı sayəsində əldə etdikləri ilə əlaqələndirilir.
Məlumat üçün bildirək ki, Azərbaycan məktəblərində ümumilikdə 85 min 626 sinif var. 49 min sinifdə şagird sayı 20 nəfərdən azdır. Bunu Elm və təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib. O bildirib ki, ümumi sinif sayının 23 faizində şagird sayı 21-25 arasındadır. Yalnız 311 sinifdə şagird sayı 40 nəfərdən çoxdur. Bu isə bütün siniflərin 0,4 faizini təşkil edir.