![]() |
![]() ![]() ![]() |
|
ABŞ-nin 46-cı prezidenti Cozef Baydenin vəzifəsinin son saatlarında ailəsinin beş üzvünü öncədən əfv etməsi barədə qərar imzalaması, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ciddi müzakirələrə səbəb oldu.
Baydenin bu addımı, sadəcə ailə üzvlərini gələcək siyasi hücumlardan qorumaq məqsədilə atdığını bildirməsi ilə əsaslandırılsa da, bunun mütəşəkkil cinayət əlamətləri daşıdığı barədə iddialar səsləndirilməkdədir.
***
Baydenin bu qərarı ABŞ tarixində analoqu olmayan bir "demokratiya müdafiəsi" kimi təqdim edilsə də, siyasi mühitdə ciddi şübhələr doğurdu. Ailəsini əfv etmək üçün dövlətin ən yüksək səlahiyyətlərindən istifadə etməsi məsələnin hüquqi tərəfinin daha dərindən araşdırılmasını zəruri edir. Burada əsas sual ortaya çıxır: əgər ailə üzvlərinin səhv hərəkətləri yoxdursa, niyə onların əfv edilməsinə ehtiyac duyulub? Bu, faktiki olaraq gələcəkdə baş verə biləcək hüquqi proseslərin qabağını almaq üçün atılmış bir addım deyilmi?
Baydenin qərarını siyasi motivlərlə əsaslandırması isə vəziyyəti daha da mürəkkəbləşdirir. Yeni prezident Donald Trampın "siyasi hücumlarından" qorxduğunu bəhanə gətirməsi, əslində, siyasi proseslərin təhrif edilməsinə və şəffaflığın zərər görməsinə gətirib çıxarır. Əfv normal halda cəza çəkmiş və ya günahını qəbul etmiş şəxslər üçün nəzərdə tutulur. Ancaq ailə üzvlərinin cinayət törətmədiyini iddia edərək əfv qərarı vermək, qanunun gücünün şəxsi maraqlara xidmət etməsinə işarədir.
Antoni Blinken və dövlətin ədalət sisteminə təzyiq
Bayden administrasiyasının xarici siyasətdə əsas fiqurlarından biri olan dövlət katibi Antoni Blinken də mütəşəkkil şəkildə dövlət sisteminin şəxsi maraqlara xidmət etdiyini göstərən fəaliyyətlərlə diqqət çəkir. Blinkenin beynəlxalq arenada həyata keçirdiyi siyasətlər, ABŞ-ın öz maraqlarını qorumaq üçün qlobal miqyasda təzyiq və manipulyasiya siyasəti aparmasını nümayiş etdirir. Blinken və Bayden ikilisi, bəzi analitiklər tərəfindən mütəşəkkil cinayətkar qrup kimi təqdim edilir. Çünki onlar həm daxili, həm də xarici siyasətdə dövlətin resurslarından şəxsi maraqlar üçün istifadə etməkdə ittiham olunurlar.
Blinkenin Bayden administrasiyasında strateji mövqedə olması, ailə üzvlərinin əfvi məsələsində də diqqətdən yayınmır. Əfvlərin arxasında potensial siyasi və hüquqi motivlərin olması ehtimalı, Bayden-Blinken tandeminə qarşı olan tənqidləri gücləndirir. Bu tandem, əslində, ABŞ siyasətində korrupsiyanın ən yüksək səviyyəyə çatdığını göstərən bir nümunə kimi təqdim olunur.
Cinayətkarlığın ört-basdır edilməsi
Baydenin ailə üzvlərinin əfv edilməsi, dövlət səlahiyyətlərinin şəxsi məqsədlər üçün istifadəsinin açıq nümunəsidir. Əgər ailə üzvləri günahsızdırsa, gələcəkdə cinayət təqiblərindən qorxmağa nə əsas var? Bu addım, əslində, hüquqi proseslərin qarşısını almaq üçün atılan bir qabaqlayıcı tədbirdir. ABŞ Konstitusiyasının verdiyi əfv hüququnun belə istifadəsi, hüquq sisteminə və ədalətə olan inamı ciddi şəkildə zədələyir.
Mütəşəkkil cinayətkar qrup kimi fəaliyyət göstərmək ittihamları yalnız siyasi rəqiblərin irəli sürdüyü iddialar deyil, həm də hüquq və politologiya mütəxəssislərinin müzakirə etdiyi bir mövzudur. Bu ittihamlar Bayden administrasiyasının fəaliyyətini daha ciddi araşdırma və hüquqi nəzarət altına almanın vacibliyini ortaya qoyur.
Ekspertlər hesab edirlər ki, Baydenin prezidentlik dövrünün son saatlarında atdığı bu addım ABŞ-ın demokratiya və şəffaflıq dəyərləri ilə ziddiyyət təşkil edir. Ailə üzvlərinin siyasi hücumlardan qorunması bəhanəsi ilə verilmiş əfv qərarı, əslində, dövlətin şəxsi maraqlar üçün istifadəsinin ən bariz nümunəsidir. Bu hal, təkcə ABŞ üçün deyil, bütün dünya üçün təhlükəli bir presedent yaradır: güc sahiblərinin qanunun üzərində duraraq özlərini və ətraflarını qorumaq hüququ əldə etməsi.
Beləliklə, Bayden və Blinkenin mütəşəkkil şəkildə dövlət mexanizmlərini şəxsi maraqlarına xidmət etdirmək üçün istifadə etməsi, ABŞ-ın demokratik prinsiplərinin gələcəyini ciddi şəkildə sual altına qoyur. ABŞ xalqı və dünya ictimaiyyəti bu məsələyə nə qədər biganə yanaşsa, demokratiya prinsipləri bir o qədər zədələnəcəkdir.
Musavat.com
Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsi üzrə imzalanmış investisiya müqaviləsini ləğv edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Suriyanın “Əl Vətən” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi açıqlayıb.
Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60 faiz azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir: "Rusiya şirkəti ilə imzalanmış Tartus limanına investisiyalar haqqında müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin xeyrinə istifadə olunacaq”.
Suriya hökuməti 2019-cu ildə Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi imzalayıb. Müqavilə 49 il müddətinə nəzərdə tutulub. Suriyanın keçmiş nəqliyyat naziri Əli Hamudun sözlərinə görə, sənəddə Rusiya tərəfinin limanı idarə etməsi və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoyması nəzərdə tutulurdu.
Tartus Suriyanın ikinci ən böyük dəniz limanıdır. Orada 1971-ci ildə ikitərəfli razılaşmaya əsasən təşkil edilmiş Rusiya Hərbi Dəniz Qüvvələri üçün logistika mərkəzi yerləşir. Hazırda Rusiya Suriyanın yeni administrasiyası ilə ölkədəki hərbi bazalarını saxlamaqla bağlı danışıqlar aparır.
Musavat.com
Dünya liderləri ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başlaması münasibətilə təbrik ediblər.
“Report” xəbər verir ki, onlar bu barədə “X” hesablarında yazıblar.
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ ölkəsinin əsas strateji tərəfdaşı və müttəfiqidir. O, Trampın hakimiyyəti dövründə əməkdaşlığı səbrsizliklə gözlədiyini diqqətə çatdırıb.
Moldova Prezidenti Maya Sandu ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb: “Hər iki xalq üçün təhlükəsizlik, enerji əməkdaşlığı və rifahı gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.
İtaliyanın Baş naziri Corciya Meloni yeni prezidentə ən xoş arzularını çatdırıb: “Əminəm ki, xalqlarımız arasındakı dostluq, habelə bizi birləşdirən dəyərlər İtaliya ilə ABŞ arasında əməkdaşlığı gücləndirməyə, qlobal çağırışlarla birlikdə üzləşməyə və xalqlarımız üçün firavanlıq, təhlükəsizlik gələcəyini qurmağa davam edəcək”.
Baş nazirin sözlərinə görə, İtaliya ABŞ və Avropa arasında dialoqun möhkəmləndirilməsinə sadiq qalacaq.
Gürcüstan Baş naziri İrakli Kobaxidze Trampa uğurlar arzulayıb: “Onun rəhbərliyi altında ABŞ qlobal sülhü təşviq etməli və Gürcüstanla ikitərəfli münasibətləri gücləndirməlidir”.
Çexiya Baş naziri Petr Fiala qeyd edib ki, ABŞ həm təhlükəsizlik, həm də ticarət sahəsində ölkəsinin əsas müttəfiqidir: “Əminəm ki, Prezident Tramp və onun yeni administrasiyası ilə birlikdə bu əlaqələri uğurla inkişaf etdirməyə davam edəcəyik”.
Misir Prezidenti Əbülfəttah Əl-Sisi də Tramp vəzifəyə başlaması münasibətilə ilk təbrik edənlərdən olub: “Mən ölkələrimiz arasında strateji münasibətlərin genişləndirilməsi və hər iki xalqın mənafeyinə, regionumuzda və dünyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə xidmət edən ümumi maraqlarımıza nail olmaq üçün Zati-aliləri ilə işləməyə, həmçinin əməkdaşlığı davam etdirməyə sadiqliyimizi təsdiqləyirəm”.
Belçika Baş naziri Aleksandr De Kro ölkəsinin ABŞ ilə çoxdankı müttəfiq və etibarlı tərəfdaş olmasına diqqət çəkib: “Belçika qlobal çağırışların öhdəsindən gəlmək, vətəndaşlarımızın rifahını və təhlükəsizliyini artırmaq üçün ABŞ administrasiyası ilə işləməyi səbirsizliklə gözləyir”.
İordaniya Kralı II Abdullah ibn Al Hüseyn də Trampı təbrik edib: “Biz ABŞ ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Daha firavan və dinc dünya yolunda sizinlə işləməyə sadiqik”.
Macarıstanın Baş naziri Viktor Orban da Trampı təbrik edib və ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.