Ardını oxu...
 

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə fəlsəfi açıqlamaları ilə diqqət çəkməyə davam edir.

“Sülh — qonşuların əhatəsində xarici dəstəyə ehtiyac olmadan yaşamaq bacarığıdır”, - deyə Paşinyan paylaşımında bildirib.

Lakin bu açıqlamasına baxmayaraq, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq əvəzinə, regionla birbaşa əlaqəsi olmayan ölkə ilə strateji saziş bağlayır.

Onun bu ziddiyyətli siyasəti bir daha Ermənistan rəhbərliyinin qeyri-müəyyən mövqeyini ortaya qoyur.


Musavat.com

Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında ölkə və dünya gündəminə dair bir sıra önəmli açıqlamalar verib.

“AzPolitika” xəbər verir ki, Ərdoğan açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəlin “Ərdoğan seçki gətirənə qədər ona qırmızı vərəqə göstəririk” çıxışına da münasibət bildirib.

Türkiyə lideri Özəlin açıqlmasından şoka düşdüklərini özləri də ondan belə bir açıqlama gözləmədiklərini deyib.

“Bu son çıxışlarını açığı biz də gözləmirdik. Xalqımız kimi biz də şoka düşdük. CHP-nin siyasət qabiliyyətini bir daha gördük. Biz hər mərhələsi ən incə detalları ilə hesablanmış bu siyasəti apararkən, CHP tərəfdə çox fərqli bir atmosfer var. Kimin nə etdiyi bəlli deyil. Əsas müxalifətdən Türkiyənin xarici siyasətinə mənalı bir dəstək gözləmək tamamilə faydasız bir işdir. Biz nə qədər çalışsaq da, hamısı faydasızdır. CHP və tərəfdarları hər milli məsələdə səhv yerdə durmağı bir şəkildə bacarır. Biz Türkiyənin əsas müxalifət partiyasını yoxsa, bir ibtidai məktəb şənliyinimi izləyirik? Nə ciddilik var, nə də ağırbaşlılıq”,- deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti daha sonra istehza ilə Özgür Özəli bu açıqlaması üçün “təbrik” edib:“Bu dahiyanə fikir üçün Özgür Özəl başda olmaqla rəhbərliyi təbrik edirəm. Xalqımızın ümidlərini artırdılar. Türk siyasətinə yeni bir üfüq qazandırdılar. Çox zəhmət tələb etmədiyi üçün kart oyununun CHP xarakterinə daha uyğun olduğuna inanıram. Əvvəllər qısa ömürlü olmuşdu, bunu biraz daha davam etdirə bilərlər. Özlərinə çox aldanmasınlar. Hələ bunun puzzle-ı, pişpiriyi, pokeri və iskambil oyunları var. Bu faciəvi mənzərəni ən yaxşı CHP seçicilərinin qiymətləndirdiyinə inanıram”.

 
Ardını oxu...
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir?

Dünən Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişinə imza atıblar.

Tərəfdaşlıq aşağıdakı sahələri əhatə edir:

- ABŞ Ermənistanda demokratikləşmə islahatlarını dəstəkləməlidir;

- Birləşmiş Ştatlar Ermənistan iqtisadiyyatın inkişafına kömək etməyə sadiqdir;

- ABŞ Ermənistanda inklüzivliyin inkişafına kömək etməlidir;

- Birləşmiş Ştatlar təhlükəsizlik sahəsində yardım göstərməyi öhdəsinə götürür. Bura Müdafiə, Kəşfiyyat, Texnologiya və Daxili İşlər Nazirliyi daxildir;

- ABŞ nüvə enerjisinin transformasiyasına yardım etmək öhdəliyi götürüb;

- ABŞ sərhəd təhlükəsizliyini təmin etməyə kömək edəcək;

- Ermənistan Yaxın Şərqdə İŞİD terrorçularına qarşı mübarizə koalisiyasına üzv olub.

Sazişə ilk reaksiyalar Rusiyadan verilib, Azərbaycanın siyasi gündəminin əsas müzakirə mövzusu da bu hadisədir. Ümumi yanaşma belədir ki, ABŞ-nin yeni prezidenti Donald Tramp dövründə Birləşmiş Ştatların Ermənistana siyasi, iqtisadi, hərbi, texnoloji dəstəyini əhatə edən bu sazişin nə dərəcədə işlək olacağı bəlli deyil.

Bir neçə arqument irəli sürülür:

Azərbaycanda gedən ictimai müzakirələrin əsas istiqaməti bu sazişin Ermənistanla sülh müqaviləsi, normallaşma prosesinə necə təsir edəcəyidir. Çünki yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistandan Bakının əsas şərtlərini yerinə yetirməyi tələb etmişdi. Bu ölkənin keçmiş rəhbərlərinin çıxışlarını, azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri xatırladaraq, onu “faşist dövlət” adlandırmışdı. Prezident bəyan edib ki, şərti sərhədlər Azərbaycan üçün ehkam deyil, Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq, Qərbi Azərbaycan İctimai Birliyi ilə İrəvan arasında qaçqınların hüquqları ilə bağlı dialoq başlamalıdır, Ermənistanın silahlanması dayandırılmalı, müqavilələr ləğv olunmalı, alınan silahlar geri qaytarılmalıdır. O, xüsusilə vurğulayıb ki, dünyada və regionda gedən proseslər güc amilini önə çıxarıb, hazırda bu faktor Azərbaycanın əlindədir, Ermənistan 44 günlük müharibəni, antiterror əməliyyatını göz önünə gətirib, şərtləri yerinə yetirməlidir.

Maraqlıdır, ABŞ-Ermənistan strateji sazişi Azərbaycanın sözügedən güc mövqeyində hansısa dəyişikliyə gətirib çıxaracaqmı?

Qeyd edək ki, Birləşmiş Ştatların vaxtı ilə bu sazişi Ukrayna ilə Krımın işğalından əvvəl (2008-ci ildə), Gürcüstanla Abxaziya və Osetiyanın işğalından sonra (2009-cu ildə), yenidən Ukrayna ilə Krımın və Donbasın bir hissəsinin işğalından sonra (2021-ci ildə) imzaladığını, son 16 ildə Rusiyanın adıçəkilən ölkələrə qarşı işğalçı siyasətini xatırladıb, tələsik nəticə çıxarmamağa çağıran ekspertlər də var.

Rusiyanın ilkin reaksiyası:

Dmitri Peskov: “Bu, bizim erməni dostlarımızın münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək üçün mütləq suveren hüququdur. Biz əsas məsələdən çıxış etməyə davam edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, bu əlaqələri yüksək qiymətləndiririk və onları daha da inkişaf etdirmək niyyətindəyik. İnteqrasiya prosesləri çərçivəsində, o cümlədən Avrasiya İqtisadi ittifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin aspektləri də vacibdir. Bütün bunlar birlikdə Ermənistan və onun xalqı üçün əhəmiyyətli dividendlər verən əməkdaşlıqdır. ABŞ heç vaxt Cənubi Qafqazda xüsusilə sabitləşdirici rol oynamayıb. Məhz bu hərəkətlər kontekstində, ABŞ hər bir sahədə getdikcə daha çox ölkəni öz arxasınca çəkməyə çalışır”.

Xarici işlər naziri Sergey Lavrov Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırladıb. O, qeyd edib ki, Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: "Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır".

Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik”. Lavrov Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb:

"2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır".

Ekspertlər nə düşünür?

Politoloq Fərhad Məmmədov hesab edir ki, bu saziş ABŞ-nin Ermənistana birtərəfli siyasi, iqtisadi, hərbi, texnoloji dəstəyidir: “Prinsipcə, vəzifədən gedən ABŞ administrasiyası son bir neçə ildə fəaliyyətini ayrı-ayrılıqda sənəddə rəsmiləşdirib. Azərbaycan mətbuatının Birləşmiş Ştatların Ermənistana silah ötürməsi ilə bağlı məlumatı, birgə təlimlər planlaşdırması və Ermənistan sərhəd xidmətinə dəstək verməsi xəbərləri də təsdiqlənib. ABŞ-nin Azərbaycandakı səfirliyi ən azı öz şərhlərinə görə utanmalıdır”.

Ekspert vurğulayır ki, bu sazişlə Ermənistan sərhədi ABŞ-nin nəzarətinə keçir, görək, Rusiya və İran nə edəcək: “Tortun üstündəki albalı Ermənistanın Suriyada Rusiya, İran və Bəşər Əsəd rejiminin daxil olduğu koalisiya üzvlüyündən ABŞ-ın himayəsi altında İŞİD-ə qarşı mübarizə aparan koalisiya üzvünə keçməsidir. Ermənistan silahlı qüvvələrinin Rusiya kontingentinin tərkibində Suriyada peyda olması Paşinyanın Baş nazirlik dövründə Putinlə ilk görüşündən sonra baş verdiyindən və Ermənistan tərəfindən Rusiyaya münasibətdə “görünməmiş addım” kimi təqdim edildiyindən bu, olduqca fantastik görünür. Burada Türkiyəyə “salamlar” göndərilir, çünki ABŞ İŞİD-lə mübarizə adı altında Suriyadakı mövcudluğunu rəsmiləşdirir və ən əsası, PKK/YPG terrorçularına hərbi və maliyyə dəstəyi verir. Yəni Ermənistan kürd terror təşkilatlarını dəstəkləyən koalisiyaya üzv olur!

Ermənistanın xarici işlər naziri Mirzoyan sanksiyaya məruz qalan malların Rusiyaya təkrar ixracı və sanksiyaya məruz qalan Rusiya mallarının dünya bazarına çıxarılması nəticəsində baş vermiş Ermənistanın iqtisadi inkişafına görə Blinkenə təşəkkür etməsi məni güldürdü”.

F.Məmmədov müsbət məqamları da qeyd edib: “Blinken özünəməxsus "səmimiyyət" üslubunda qaşlarını çataraq, Ermənistanı sırf onun sərhədləri daxilində dəstəkləməkdən danışdı, Azərbaycandan və Qarabağdan söz açmırdı... Mirzoyan Azərbaycanı xatırladaraq, bölgədə sülhdən də danışdı”.

Politoloq onu da qeyd edib ki, bu sazişlə ABŞ-nin Ermənistan qarşısında birtərəfli öhdəlikləri açıqlanıb. “Daha çox xeyriyyəçilik kimi görünən bu öhdəliklərə Tramp administrasiyasının münasibətinin necə olacağı hələ qarşıdadır”, - o bildirib.

Siyasi təhlilçi Ramiz Yunus isə hesab edir ki, Azərbaycan Prezidentinin son müsahibəsi və həm Ermənistana, həm də onun dünyadakı havadarlarına qarşı sərt ritorikası Bayden administrasiyasını Prezident Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl Ermənistanla strateji tərəfdaşlıq haqqında sənədi tələsik imzalamağa məcbur edib: “Prezident Trampın həm daxili, həm də xarici siyasətdə prezident Baydenin bütün irsinə mənfi münasibətini nəzərə alsaq, çox güman ki, sənəd adi kağız parçası olaraq qalacaq. Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslər, Azərbaycanın həm də strateji tərəfdaşı olan Türkiyə və İsrailin simasında ABŞ-nin bu regionda əsas müttəfiqlərinin güclənməsi bu sənədin sırf populizmdən xəbər verdiyinə sübutdur. Çalışırlar ki, gələcək Tramp administrasiyası üçün müəyyən çətinliklər yaratsınlar və ABŞ-də daxili siyasi mübahisələrdə “erməni kartı”ndan istifadə etsinlər. Bu gün dünyada, xüsusən də Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada, Tehranda və Pekində heç kimə sirr deyil ki, Türkiyə-Azərbaycan tandemi ilə qarşılıqlı əlaqə olmadan Cənubi Qafqazda heç bir geosiyasi problemi həll etmək mümkün olmayacaq. Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsini, “Rusiya sülhməramlılarının” Qarabağdan çıxarılmasını, Azərbaycanın bütün ərazisində tam suverenliyini bərpa etməsini və Türkiyənin yuxarıda qeyd olunan bütün uğurlarını xatırlamaq kifayətdir".

R.Yunus bildirir ki, Prezident Trampın xarici siyasətindəki “erməni mərkəzliliyin” Cənubi Qafqaz regionu siyasətində prioritet olmayacağını güman etmək çətin deyil. “Bunu İrəvanda Paşinyan hökuməti və bütövlükdə erməni cəmiyyəti nə qədər tez başa düşsə, hər iki tərəf üçün bir o qədər yaxşıdır. Arzuları reallığa çevirməyə cəhd etməyi dayandırıb, regionumuzun coğrafi xəritəsinə nəzər salmağın vaxtıdır”, - o vurğulayıb.

Politoloq Elxan Şahinoğlu isə rəsmi Bakını çevik siyasət yürütməyə çağırır: “Rusiya Azərbaycanın sərnişin təyyarəsini raketlə vurmaqla münasibətlərə kölgə salıb, kompensasiya və cinayətkarların cəzalandırılması tələbimizə reaksiya yoxdur, digər qonşumuz İrandan ölkəmizə qarşı təxribatlar davam edir. Bu arada, Ermənistan hökuməti Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirib, sərhədimizə avropalılarla yanaşı, amerikalı hərbçilər də yerləşdiriləcək”.

Ekspert hesab edir ki, Rusiya və İranın buna görə Ermənistanı cəzalandıracağı barədə mülahizələr özünü doğrultmaya bilər. O, xatırladır ki, Rusiya ilə Ermənistan arasında ticarətin həcminin 4-5 dəfə artmasının gizli tərəfləri var, Moskva bundan faydalanmaqdadır. “Tehran isə Ermənistanın bütün şıqtaqlıqlarını, hətta “şeytan” adlandırdığı Amerika ilə hərbi əməkdaşlığına da dözümlü yanaşmağa hazırdır, yetər ki, bunun Azərbaycana zərəri olsun”, - təhlilçi əlavə edib.

E.Şahinoğlu hesab edir ki, bölgədə baş verənlərə çevik reaksiya verməliyik, ümidimizi yalnız Donald Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verəcəyinə bağlamamalıyıq: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yeni dövlət katibi, hər zaman ermənilərin mövqeyini müdafiə edən və Azərbaycan əleyhinə açıqlamalar verən senator Marko Rubio ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını çətin təsəvvür etsək də, oxşar sənədin Bakıya da təklif edilməsi ehtimalını diqqətdə saxlamalı və bundan imtina etməməliyik. Bütün hallarda əsas məsələmiz şərtlərimiz daxilində il ərzində Ermənistanı sülh sazişini imzalamağa təşviq etmək olmalıdır”.
 
Ardını oxu...
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq planlarının müzakirəsi fonunda Rusiya biznesi bu ölkə ilə əməkdaşlığa daha ehtiyatlı yanaşmağa başlayıb və bir sıra sahələrdə fəaliyyətin səngiməsi artıq 2024-cü ildə qeydə alınıb.
AzVision.az xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında belə deyib.

“Təəssüf ki, artıq keçən il biz Aİ-yə üzvlüklə bağlı müzakirələrin təsiri altında Rusiya biznesinin Ermənistanla iqtisadi əlaqələri saxlamaq və inkişaf etdirmək məsələsində daha ehtiyatlı olmağa meylləndiyini görməyə başladıq. Bir sıra sahələrdə biznes fəallığının səngiməyə başladığının şahidi olduq”, - rusiyalı məmur bildirib.

Overçuk bir neçə gün əvvəl verdiyi açıqlamanı təkrarlayaraq, Ermənistan hökumətinin ölkənin Aİ-yə daxil olması prosesinə başlamaqla bağlı son qərarının hüquqi baxımdan öhdəlik və onun Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq təşəbbüsü kimi qiymətləndirilməli olduğunu vurğulayıb.

- Onlar (ermənilər) deyirlər ki, Aİİ-dən çıxmağı planlaşdırmırlar. Uzun müddətdir ki, Ermənistanın Aİ-yə yaxınlaşması ilə bağlı söhbətlər gedir. Müzakirələr olub, amma 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləyərək hüquqi baxımdan əhəmiyyətli bir addım atdı. Yaranmış vəziyyətin özəlliyi də budur. Bu, Ermənistan hökumətinin qərarı idi və biz bunu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk”, - Aleksey Overçuk qeyd edib.

Rusiyanın baş nazirinin müavini Aİ-yə üzvlük məsələsinə baxılması prosesinin başlanmasına rəğmən, Ermənistanın Aİİ ölkələrinin bazarlarını itirməkdə maraqlı olmadığına diqqət çəkib. Bu baxımdan, sonrakı addımlar Ermənistan hökumətinin üzərinə düşür. Onlar ya Ermənistan hökumətinin gündəmində belə bir məsələnin olmadığını, ya da Aİİ-dən çıxmaq istəmədiklərini və ya planlaşdırmadıqlarını, onlar üçün haranın daha yaxşı olacağını dəqiqləşdirməlidirlər. Moskva isə vəziyyətin necə inkişaf edəcəyini gözləyir.

“Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsinin təşəbbüskarları yaxşı başa düşürlər ki, ora qoşulmaq çox hipotetik məsələdir və təbii ki, onlar Aİİ-nin üzv dövləti kimi əldə etdikləri iqtisadi faydaları və üstünlükləri itirmək istəmirlər. Təzə statistik məlumatlara görə, 11 ay ərzində Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11,6 milyard dollar, Aİİ ilə isə təxminən 12 milyard dollar təşkil edib. Lakin Aİ ilə ticarət dövriyyəsi bir neçə dəfə azdır və azalmaqdadır. Bunu iqtisadiyyat və reallıq deyir”, - Aleksey Overçuk Ermənistandakə qızğın beyinləri soyutmağa çalışıb.

Yüksək vəzifəli rusiyalı məmur onu da vurğulayıb ki, iqtisadi və ticarət statistikasına əsasən, Ermənistan Aİİ-yə üzvlükdən ən çox faydalanan ölkə olub.
 
Ardını oxu...
Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən həbs edilən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Mülki Müdafiə Qərargahının Rəisi, tanınmış hərbi ekspert Ədalət Verdiyev Prezident İlham Əliyevə müraciət edib.

Müraciətinin bir surətini də Gununsesi.info-ya yollayan Verdiyev günahsız olduğunu deyib.

“Mən, 24.11.2024-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokrorluğunun İstintaq İdarəsi tərəfindən guya dövlət sirrini yaymaq və vəzifə səlahiyyətlərini sui-istifadə etmək maddələri ilə ittiham olunaraq həbs edilmişəm. Lakin iki ay müddətində həbsdə olmağıma baxmayaraq, ittiham olunduğum maddələr üzrə hələ də konkret məlumat verilməyib.

Qeyd etmək istəyirəm ki, mənim Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən ərazilərə səfərim zamanı səsləndirdiyim müsahibələr, tamamilə rəsmi dövlət qurumlarının məlumatlarına əsaslanır. Mənim bütün ictimai fəaliyyətim müzəffər Ali Baş Komandanımızın və qalib Silahlı Qüvvələrimizin təbliğinə yönəlmişdir. Fəaliyyətim dövründə bir dəfə də olsun Azərbaycanın dövlət və milli maraqlarına zidd bir kəlmə belə işlətməmişəm.

Qazax rayonunda təhkim edilmiş mediatura müstəqil hərbi ekspert kimi dəvət olunmuşam. Bu barədə mənə göndərilən məlumatı istintaq orqanına təqdim etmişəm. Dəvətimin, mənim çalışdığım Mülki Müdafiə Qərargahının Rəisi vəzifəsi ilə heç bir əlaqəsi yoxdur və bu barədə ezamiyyət vərəqəmdə heç bir qeydiyyat aparılmamışdır.

Mən bu tədbirdə, əvvəlki tədbirlərdə olduğu kimi, heç bir maddi maraq güdmədən iştirak etmişəm. Lakin bütün bunlara baxmayaraq, etdiyim hər hansı bir cinayət əməlinə görə ikinci aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılıram. Dövlət maraqlarımız naminə canımdan keçməyə hazıram. Lakin törətmədiyim cinayət əməllərinə görə təqsirləndirilməyim mənə ciddi mənəvi əzablar verir.

Çıxışlarımda öz bölmələrimizin koordinatları (bir nöqtə koordinatları 14 rəqəmdən) ibarətdir. Mövqeləri, döyüş texnikası, şəxsi heyətin sayı barədə kəlmə işlətməmişəm.

Cənab Prezident!
AR-nın “Dövlət sirri haqqında” qanuna əsasən dölət sirrini yayan şəxslər onun daşıyıcısı olmalıdılar və bu halda mən cinayət məsuliyyətinə cəlb oluna bilərəm. Mən hansı dövlət sirrinin daşıyıcısı olmuşam və hansı sənədə imza atmışam? Mən ora vəzifəli şəxs olaraq getmədiyimə görə və ümumiyyətlə, mənim vəzifəmin olmadığından AR-nın Cinayət Məcəlləsinin 308.2 və 284.1 -ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmək qanunsuz və əsassızdır.

Ədalət Verdiyev müraciətində işinin obyektiv araşdırılmasını ölkə rəhbərindən xahiş edib.

 
Ardını oxu...
Millət vəkili deyir ki, bu Bayden administrasiyasının Cənubi Qafqazla bağlı son siyasi gedişləridir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar. Sənədin məzmunu məlum deyil. Bununla belə Ermənistanın ABŞ-la strateji tərəfdaşlığı rəsmiləşdirmək planları Ermənistanın özündə belə isti qarşılanmır. Həm Ermənistan daxilində, həm də onun xaricində bu sazişin nələrə gətirib çıxara biləcəyi ciddi müzakirə olunur. Bir qisim ekspertlər hesab edir ki, belə bir sənədin imzalanması fəaliyyəti başa çatan Bayden administrasiyasının Tramp komandasının "qucağına atıb qaçdığı bomba"dır.
Ermənistan üçün isə vəziyyət daha qaranlıq görünür. Təbii ki, Ermənistanın suveren ölkə kimi öz strateji tərəfdaşlarını seçmək kimi hüququ var. Bununla belə Paşinyan rəhbərliyindəki Ermənistanın bu tərəfdaşlığa hazır olması sual altındadır. Çünki mövcud Ermənistanın üzvü olduğu təşkilatlar onun Qərblə quracağı istənilən tərəfdaşlığın əks qütbündə dayanır. Görünən odur ki, Paşinyan da ABŞ-ın qanadları altında təhlükəsiz və güclü olmaq planları quran digərləri kimi illuziyalara qapılaraq Ermənistanı öz arxasınca aparmaqda israrlıdır.
Bəs ABŞ-Ermənistan strateji tərəfdaşlığı hansı nəticələr verə bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev xatırladıb ki, ötən ilin dekabrında ABŞ müdafiə naziri Lloyd Ostin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdü:
"Məhz həmin görüşdə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdu. Ötən həftə Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başladılması barədə qərar layihəsini təsdiqlədi. Növbəti mərhələdə ABŞ-la strateji tərəfdaşlıq sazişinin imzlanacağı gözlənilən idi. İrəvan Avropa və ABŞ ilə iqtisadi, hərbi, siyasi və digər əlaqələri gücləndirməkdə qərarlıdır. Hesab edirəm ki, Paşinyan strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini gücləndirmək məqsədi güdür. Fakt odur ki, sənədin mətni hələ açıqlanmayıb, ictimaiyyətə açıqlanandan sonra əsas məsələlərin nədən ibarət olduğunu öyrənəcəyik".
Millət vəkili deyir ki, bu Bayden administrasiyasının Cənubi Qafqazla bağlı son siyasi gedişləridir:
"Azərbaycan öz müstəqil daxili və xarici siyasətini həyata keçirir və onlar Cənubi Qafqaz vəziyyətə nəzarət etmək üçün Ermənistandan istifadə edirlər. Yəni burada güclü strateji tərəfdaşlıq planları axtarmağa dəyməz. Ermənistandan istifadə edilməsi isə faktdır. Trampın Baydenin mriası ilə necə davranacağını zaman göstərəcək. Digər tərəfdən mən güman etmirəm ki, ABŞ-Ermənistan arasında imzalanacaq bu saziş strateji tərəfdaşlığa xidmət edəcək. Zənnimcə bu saziş çərçivəsində Ermənistana yeni layihələr üçün maliyyə yardımlarının ayrılması, silah və texnikanın verilməsi, hərbi təhsil, birgə hərbi təlimlərin keçirilməsi kimi məsələlər daxil olacaq. Amma Tramp administrasiyasının buna necə yanaşacağını bilmirik. Xatırladım ki, ABŞ belə bir sənəndi bir vaxtlar Gürcüstanla da imzalanmışdı. Biz ötə il ABŞ-Gürcüstan münasibətlərində nələrin baş verdiyini gördük. Yəni, hər şey siyasi konyekturadan asılı olaraq cərəyan edəcək".
Politoloq Elşən Manafov isə qeyd edir ki, Ermənistan bu müqaviləni Bayden administrasiyası ilə imzalayacaq.
Onun sözlərinə görə, Bayden Ukraynaya münasibətdə olduğu kimi Ermənistana da, sona qədər dəstək vermək və Cənubi Qafqazda geosiyasi vəziyyəti Rusiyanın xeyrinə olmayacaq şəkildə dəyişmək cəhdlərindən əl çəkmək istəmir:
"Burada xələfi Trampa mümkün qədər ağır miras qoymağı planlaşdırır. Bayden iqtidarının hakimiyyətdə olduğu dövrdə Ermənistana yönəlik siyasəti Ermənistanın KTMT-dən , habelə Avrasiya İqtisadi İttifaqından uzaqlaşmasına nail olmaq, Rusiya Ermənistan münasibətlərini kəskinləşdirməkdən ibarət olub. Bununla belə, ABŞ-ın Avropa İttifaqı ilə birgə Ermənistana ayırdığı 65 milyon dollar və 276 mil.avro hesabına bunu etmək mümkün deyil. Ermənistanın Rusiya ilə iqtisadi ticari münasibətlərinin ümumi həcmi 2024-cü ildə 8,6 milyol dollar olub. Bundan əlavə Ermənistan Aİİ-nin üzvü olaraq Rusiyanın Qazprom şirkətindən qazın hər min kub.metri üçün cəmi 165 dollar ödəyir, halbuki Avropa Birliyi ölkələri bununla muqayisədə Rusiya qazını 3 dəfə artıq qiymətə almağa məcburdurlar. Ermənistan nəqliyyatı, xususilə dəmir yolları üzərində səhmlər hüququ Rusiya şirkətlərinə aiddir.Ölkənin sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən qorunur.Ermənistan enerji təhlükəsizliyi baxımından bütünlüklə Rusiyadan asılıdır".

Politoloq xatırladıb ki, keçən həftə Ermənistan parlamentinin Avropa İttifaqına inteqrasiya ilə bağlı qəbul etdiyi qərar isə ölkə və onun hüdudlarından kənarda ciddi rezonans doğurub:
"Qərarda ölkənin Aİ-yə üzvlüklə bağlı mövqeyi var. Bu qərardan sonra Rusiya baş nazirinin müavini Overçuk Ermənistanın hər iki təşkilata eyni vaxtda təmsil olunmasını mümkünsüz sayıb. Ermənistanın Bayden administrasiyası ilə imzalayacağı müqavilə müdafiə və təhlükəsizlik sahələrini əhatə edir.Müqaviləni imzalayan Bayden administrasiyasının 1 həftəlik səlahiyyət müddəti qalıb. Bununla bağlı sualı verən jurnalistə Ermənistanın xarici işlər nazir Ararat Mirzoyan "biz muqaviləni Bayden administrasiyası ilə deyil, ABŞ hökuməti ilə imzalayırıq" deməklə, müqavilənin Tramp dönəmində də, qüvvədə olacağına eyham vurub. Halbuki, Tramp Bayden administrasiyasının Cənubi Qafqazla bağlı baxışlarını bölüşmür".

 
Ardını oxu...
Bütün dünya dördgözlə həmin tarixi və onun hakimiyyətə gəlişini gözləyir. Hamının və münaqişədə olan hər kəsin gözü Trampa dikilib. Çünki prezident seçilməmişdən xeyli əvvəl – seçki təbliğatının ilk günlərində hakimiyyətə gələn kimi “sülh göyərçini” rolunu oynayacağına vəd etmişdi.

Hətta ABŞ-a rəqib olan nəhənglər belə, onun hakimiyyətə gəlməsini gözləyir. Rusiya da, İran da, Çin də. Hərənin də öz motivi var. Rusiya müharibə aparır – Trampın fəaliyyətə başlayandan sonra müharibəni dayandıracağını, yoxsa təzyiqi gücləndirəcəyini bilmək istəyir. İranın başı üzərində müharibə buludları toplaşıb – ABŞ-ın yeni administrasiyası İsraillə birlikdə hücum qərarı verə bilər. Çin isə Trampın birinci prezidentlik müddətində başladığı iqtisadi müharibənin davamına hazırlaşır. Üstəgəl, rəsmi Pekinin Vaşinqtonla həll edə bilmədiyi Tayvan problemi də var. Bir də hələ də həllini tapmayan İsrail-Fələstin (İsrail-HAMAS) qarşıdurması.

Bizim də öz gözləntilərimiz var. Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi məsələsi, Zəngəzur dəhlizi, son vaxtlar həddən artıq gərgin olan Bakı-Vaşinqton münasibətləri.

Tramp and içənə qədər bütün dünya mövqeyini ona uyğunlaşdırmağa çalışır. Dünya ABŞ-a kilidlənib, Trampın kilidi açmasını gözləyir.

Nədir səbəb? Doğrudanmı dünyanın xəritəsi (idarəçiliyi) ABŞ-dan və Trampdan asılıdır? Tramp hakimiyyətə gələndən sonra həqiqətənmi dəyişiklik baş verəcək?

Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Donald Trampın prezident seçilməsindən sonra dövlətlərin diqqətlərinin ABŞ-ə yönəlməsi əsasən iki faktorla bağlıdır:


“Birincisi, ABŞ hələlik dünyanın yeganə hiper gücüdür və ən azı əsrimizin sonuna kimi bu reallıq dəyişməyəcək. Nəhəng hərbi-siyasi və iqtisadi gücü ilə ABŞ dünyada cərəyan edən bütün böyük proseslərə yön verdiyi üçün Trampın hakimiyyəti dövründə Vaşinqtonun siyasətinin necə olacağı bütün dövlətlərini maraqlandırır. Xüsusilə də, Trampın proqnozlaşdırılması mümkün olmayan lider obrazı diqqətlərin ABŞ-ə yönəlməsinə səbəb olur.

Trampın birinci prezidentlik dövrü Çinə qarşı iqtisadi müharibənin əsasının qoyması, Pekinin uyğur türklərinə qarşı siyasətini soyqırımı elan etməsi, Yerusəlimi (Qüds) İsrailin paytaxtı olaraq tanıması və Qasım Süleymaninin məhv edilməsinə sanksiya verməsi onun proqnozlaşdırılmayam, mümkün hesab edilməyən istənilən addımı atmağa qadir lider olduğunu təsdiqləyib”.

Politoloq deyir ki, digər tərəfdən Trampın diplomatik etikaya məhəl qoymadığı də məlum olduğu üçün liderlər Ağ Evin yeni sahibi ilə yaxşı münasibətlər qurmağa çalışırlar:

“Bundan başqa, birinci prezidentliyi dövründə onu müəyyən addımları atmaqdan çəkindirən faktorlar vardı. İkinci dəfə seçiləndən sonra isə demokratların üstünlük təşkil etdiyi Konqres və Ali Məhkəmə ilə hesablamaq məcburiyyəti qalmayıb.

Tramp ikinci müddətə seçilib. Bir daha prezident olmayacağını bildiyi üçün ən gözlənilməz və sərt addımları atacaq. Xüsusilə də qarşıdakı iki ildə Trampın çox fəal olacağını gözləmək lazımdır. Çünki 2026-cı ilin noyabrında Konqresə aralıq seçkilər olacaq və respublikaçılar Konqresdəki çoxluğu itirə bilərlər. Tramp və komandası da belə perspektivi nəzərə alırlar və qarşıdakı iki ildə məqsədlərini gerçəkləşdirməyə çalışacaqlar”.

Politoloqun fikrincə, Trampın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına marağı Ukrayna müharibəsi ilə bağlı olacaq. “Əgər Ukraynada müharibəni dayandıra bilsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına da nail olmaqla tarixə dünyada sülhü bərqərar edən şəxs kimi düşmək istəyəcək. Yox, Ukraynada müharibəni dayandıra bilməsə, bu uğursuzluğunu Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqla kompensasiya etməyə çalışacaq. Ona görə də fevral-mart aylarında Trampın bizim regionla bağlı təşəbbüsləri ola bilər”, - deyə Cəfərli vurğulayıb.

Onun sözlərinə görə, heç şübhəsiz, İran məsələsi də Trampın gündəliyində ön sırada, bəlkə də birinci sırada olacaq. Politoloq qeyd edib ki, İrana qarşı hərbi əməliyyat riski indi daha da artıb. Qasım Süleymanın öldürülməsini sanksiyalaşdıran Trampın İrana qarşı hərbi əməliyyat qərarı verməsi artıq adi məsələdir.

REAL Partiyasının sədri Natiq Cəfərli isə saytımıza açıqlamasında deyir ki, Azərbaycan Ermənistan arasında sülh danışıqları, o cümlədən Türkiyə-Ermənistan sərhədinin açılması Tramp administrasiyası dövründə baş verəcək və Trampın andiçməsindən sonra bu proseslər sürətlənəcək:


“Ermənistan Azərbaycanın tələblərini də qəbul etməyə başlayıb. Məsələn, Ermənistan artıq ATƏT-in Minsk Qrupunun buraxılmasına müsbət yanaşır. Onsuz da, ABŞ oradan çıxsaydı, bu baş verəcəkdi. Tramp isə mütləq bu addımı atacaq. Ona görə də, bütün bu hadisələrin Amerikaya kilidlənməsi normaldır. Çünki Amerika dünyanın iqtisadi və hərbi cəhətdən şəriki olmayan ən qüdrətli dövlətidir”.

Burla
 
 
 
Ardını oxu...
Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.

“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, – agentlik yazıb.
 
Ardını oxu...
Bəşar Əsədin “şokolad” adı ilə narkotik ixrac etdiyi ifşa edilib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə Bəşar Əsədin şokolad adı ilə narkotik maddə ixrac etməsinə dair video paylaşılıb.

Məlumata görə, videoda Bəşar Əsəd rejiminin “Captagon” adlı narkotik həblərin şokoladın içərisinə yerləşdirdiyi göstərilir.

Həmin görüntüləri təqdim edirik.

 
Ardını oxu...
Rusiyada indiyə qədər görünməmiş internet kəsilməsi baş verir.

“Bilayn”, Megafon, Tele2, MGTS daxil olmaqla, bir çox sayt və xidmətlərin, eləcə də operatorların fəaliyyətində problemlər yaranıb.

Xüsusilə, bəzi istifadəçilər Yandex və Google axtarış sistemlərindən, həmçinin Telegram-dan istifadə etməkdə çətinlik çəkiblər.

Şəbəkə problemlərinin monitorinqi üçün “Sboy.rf” saytı da işləmir.

“İnterfaks” Roskomnadzor-a sorğu göndərib.

“Roskomnadzor” RuNet-dəki kütləvi uğursuzluğun səbəbini bilmir. Bu barədə şirkət açıqlama yayıb.\\AzPost
 

Dünyapress TV

Xəbər lenti