Ardını oxu...
İttiham olunan Cənubi Koreya Prezidenti Yun Suk Yeol şənbə günü ilk məhkəməsində iştirak etdi. Bu, onun uğursuz hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı istintaqı zamanı həbs müddətinin uzadılıb-uzadılmayacağına qərar verəcək mühüm dinləmə idi.

Yunun tərəfdarları məhkəmə binasının qarşısında toplaşaraq etiraz aksiyası keçirib. Onun gəlişi zamanı polisə qarşı toqquşma yaşanıb. Yun, mülki idarəetməni dayandırmağa cəhd edərək, ölkəni xaosa sürüklədikdən bir neçə həftə sonra mavi mikroavtobusda məhkəməyə gətirilib.

Prezidentin 3 dekabr tarixində hərbi vəziyyət elan etmə cəhdi cəmi altı saat davam edib. Parlament üzvləri onun bu qərarını əsgərlərə parlamentə daxil olmağı əmrinə baxmayaraq, rədd edib.

Daha sonra Yun parlament tərəfindən impiç olunub və həbs olunmamaq üçün bir neçə həftə ərzində qorunan iqamətgahında gizlənib. O, nəhayət çərşənbə günü sübh vaxtı keçirilən reyd zamanı həbs olunub.

Cənubi Koreya tarixində həbs olunan ilk fəaliyyət göstərən prezident olan Yun, istintqaçıların onu 48 saat ərzində saxlamaq hüququ olduğu müddətdə əməkdaşlıq etməkdən imtina edib.

Lakin istintaqçılar cümə günü onun həbs müddətinin uzadılması üçün yeni order tələb etdikdən sonra o, hələ də nəzarətdə saxlanılır.

Prezidentin vəkili Yun Kab-Kun məhkəmədən əvvəl AFP-yə bildirib ki, o, “şərəfini bərpa etmək niyyəti ilə” məhkəmədə iştirak etmək qərarına gəlib.

Seul Qərb Rayon Məhkəməsinin sözçüsü daha sonra AFP-yə təsdiqləyib ki, dinləmələr prezidentin iştirakı ilə başlayıb.

Hakim Yunun həbs müddətinin uzadılması tələbi ilə bağlı qərarını şənbə gecəsi və ya bazar günü səhər elan edəcək.

Məhkəmə binasının qarşısında AFP müxbirləri Yun tərəfdarlarının bayraqlar dalğalandırdığını və “Prezidenti azad edin” plakatları tutduğunu görüblər.

Polis əməkdaşları kütlənin məhkəmə girişinə çatmalarının qarşısını almaq üçün zəncir düzəldiblər. Məhkəmənin giriş qapısı isə təhlükəsizlik səbəbindən cümə axşamından ictimaiyyət üçün bağlanıb.
 
Ardını oxu...
Almaniyanın ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının deputatı Katrin Ebner-Ştayner ukraynalı qaçqınların ölkədən çıxarılmasına çağırıb.

TEREF xəbər verir ki, bu barədə “Sueddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, deputat hesab edir ki, Ukrayna böyük bir ölkədir və orada geri qayıtmaq üçün kifayət qədər ərazi mövcuddur.

Bundan əlavə, o, Bavyariyada qaçqınlar üçün "fövqəladə vəziyyət rejimi"nin tətbiq edilməsini təklif edib ki, bu da qaçqınların yerləşdirilməsinə imtina edilməsinə imkan verəcək. \\Musavat.com
 
Ardını oxu...
  

Prezident kimi son günlərini keçirən ABŞ lideri Suriyadakı antiterror əməliyyatları ilə bağlı Türkiyəyə tətbiq edilmiş sanksiyaları ləğv etdi; Ankara-Vaşinqton münasibətlərində “yaşıl işıq” - şərh

ABŞ 2019-cu ildə “Barış Pınarı Hərəkatı”nın ardından Türkiyəyə tətbiq edilən sanksiyaları aradan qaldırıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müddəalar oradan çıxarılıb. Baydenin bu addımı bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib. 

Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib: “Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur”.

ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Hər ikisi NATO üzvüdür. Amma Bayden iqtidarı öz müttəfiqinə sanksiyalar tətbiq etmişdi. İki ölkə arasında narazılıq doğuran təkcə Suriya əməliyyatları olmamışdı. Eləcə də “S 400" sistemləri ilə bağlı tərəflərin gərginliyi müşahidə olunurdu. Tramp isə Türkiyəyə yaxınlığı ilə seçilən amerikalı liderdir. Baxmayaraq ki, dövlət katibi postuna namizəd göstərdiyi Marko Rubio antitürk diplomatdır, bununla belə, qardaş ölkənin prezidenti Ərdoğan Trampı seçkilərdə təbrik edərkən ”dostum Tramp" deyə xitab etmişdi. İndisə Bayden gedərayaq daha bir jest edir - bu dəfə Türkiyəyə sanskiyaları aradan qaldırmaqla əslində, Tramp üçün Ankara-Vaşinqton münasibətlərində tramplin yaratmış oldu. Hərçənd, sözügedən fərman Tramp tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdı. Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin patronajlığı ilə qurulan keçid hökumətini ABŞ də dəstəkləyir. Dəməşqə gəlmiş Dövlət Departamentinin nümayəndələri keçid hökumətinin lideri Qolaninin başına qoyulan 12 milyon dollarlıq mükafatın ləğv edildiyini açıqlamışdılar. İndisə Baydenin Suriya ilə bağlı Türkiyəyə qoyulan sanksiyaları aradan qaldırması həm Ankaraya jestdir, həm Ərdoğanın bu ərəb ölkəsində siyasətini dəstəkələməsinin təzahürüdür. 

“Ən əsası ABŞ Ermənistanla imzaladığı strateji tərəfdaşlıq sənədindən sonra Türkiyə ilə münasibətləri yumşaldır. Çünki Amerika Türkiyəsiz Ermənistanın Avropaya çıxışı olmayacağını yaxşı dərk edir. Ona görə ABŞ Türkiyə ilə əlaqələrinə yenidən baxır ki, tumarladığı İrəvan üçün Ankaradan güzəştlər istəsin. Hazırda Türkiyə-Ermənistan normallaşma prosesini Vaşinqton ikiəlli dəstəkləyir. Bayden ermənipərəst bir siyasətçi olduğu üçün bu detalı da nəzərə alaraq, Türkiyəyə qarşı sankiyaları aradan qaldırıb”, - deyə “Yeni Müsavat”a açıqlamasında ekspert Fuad Əliyev belə şərh etdi. Onun fikrincə, ABŞ və Türkiyənin Suriya məsələsində mövqeləri üst-üstə düşür, sadəcə, YPG ilə bağlı fikir ayrılığı mövcuddur. Trampla Ərdoğan arasında daha isti münasibətlər gözləyən şərhçinin sözlərinə görə, bunun Azərbaycan üçün faydaları var: “Hər halda, sanksiyaların ləğvi təqdirəlayiq addımdır. Halbuki Türkiyə bu təzyiqləri haqq etmirdi. Çünki Suriyanın şimalında olan terrorçuları zərərsizləşdirirdi. Bu gün də həmin əməliyyatlar aparılır. Ərdoğan bəyan edib ki, onların başları əziləcək. Hətta bu günlərdə çağırış etdi ki, Suriyadan əllərinizi çəkin. O, PKK, İŞİD kimi terror qüvvələrinin məhv ediləcəyini anons etdi. Tramp hakimiyyəti Türkiyənin bu addımlarına qarşı getməyəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 
Ardını oxu...
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər.

TEREF APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.

Onun sözlərinə görə, danışıqlar son mərhələdədir.

Qeyd olunub dək ki, bu gün Kremldə Rusiya və İran prezidentləri arasında danışıqlar keçirilib. Danışıqların yekunda iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanıb.
Ardını oxu...
ABŞ-da "TikTok"u qadağan edən qanun təsdiqlənib.

TEREF xəbər verir ki, ABŞ Federal Məhkəməsinin "TikTok"a qadağa qoyan qərarı ABŞ Ali Məhkəməsi tərəfindən təsdiq edilib.

Qərara əsasən, "TikTok" yanvarın 19-dan etibarən ölkədə qadağan olunacaq./publika.az
 
 
 
Ardını oxu...
Son günlər erməni mediasında Ermənistan-İran müharibəsinin başlayacağına işarə edən xəbərlər dərc olunmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyanın İrana qarşı müharibəyə başlamaq üçün bütün resurslardan istifadə edəcəyi diqqətə çatdırılır. Bu kimi xəbərlərin isə ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinin imzalanmasından həmən sonra yayılması təəccüblü deyil.

Ermənistan-İran müharibəsi gözlənilirmi? Ümumiyyətlə, yaxın perspektivdə bu istiqamətdə hər hansı addım atıla bilərmi?

Referans.az bildirir ki, Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Ermənistanın İranla müharibə etmək üçün heç bir resursu yoxdur:

“Ermənistan ordusu İkinci Qarabağ müharibəsində darmadağın edilib. Bu gün Hindistan, Fransa və digər müttəfiqlərindən yeni silahlar alıb, silahlanma yarışına girsə də bu, kifayət etməyəcək. Hazırda Ermənistan ordusunun döyüş qabiliyyətinin zəifliyi, hərbi texnikalarının keyfiyyətsizliyi onun vəziyyətini çətinləşdirir.

Ümumiyyətlə, bu məsələdə İran-Ermənistan münasibətlərinə də nəzər salmaq lazımdır.

Zəngəzur dəhlizinin açılması, maneəsiz gediş-gəlişin təmin olunması məsələsində Azərbaycanın qaldırdığı haqlı tələblərə İran kəskin münasibət bildirib, bunu qırmızı xətt olduğunu diqqətə çatdırırlar. Guya Azərbaycanın İrana ərazi iddiası irəli sürdüyünü göstərmək istəyirdilər. Ermənistan da Zəngəzur dəhlizinin açılmasına qarşıdır.

Digər tərəfdən rəsmi Tehran ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi ilə bağlı hələ də mövqeyini bildirməyib. Məlum olduğu kimi ABŞ-İran münasibətləri düşmənçilik həddindədir və İranın bir nömrəli düşmənini Ermənistan Cənubi Qafqaza dəvət edib”.

Politoloqun sözlərinə görə, Ermənistanın sərhəd ərazilərə Qərb nümayəndələrini yerləşdirməsi İrana müsbət heç nə vəd etmir:

“Bu açıq şəkildə göstərir ki, Ermənistan hökuməti Qərbin Cənubi Qafqaza gətirməsində maraqlıdır. Bütün bunların fonunda İranın Ermənistana hücum etməsi gözlənilən deyil. Əgər münasibətlər gərginləşərsə, iqtisadi sanksiyalar, Mehri yolunun bağlanması, sərt bəyanatların verilməsi və s. mümkündür”.
 
Ardını oxu...
Rusiya teleqram kanalları Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin pilotları ilə aviadispetçerlər arasındakı söhbətin tam stenoqramının yayıldığını iddia edirlər.

Beləliklə qəza ilə bağlı açıqlanan detalların təhrif edilməsinə və diqqətin qəzanın əsas səbəbindən başqa məcraya yönləndirilməsinə çalışıldığı müşahidə olunur. İddiaya görə, təyyarə vurulduqdan sonra Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, əvvəlcə Bakıya qayıtmağı seçib, sonra istiqamət dəyişdirərək nəticədə Aktauya enmək barədə bütün qərarları guya ekipaj müstəqil qəbul edib.

Dispetçerlərin əvvəlcə Qroznıya, daha sonra Mahaçqalaya eniş etməyi təklif kimi irəli sürdüyünü iddia olunur. Hətta guya heyətə Rusiyanın digər hava limanları haqqında məlumat da verilib. Lakin ekipaj oraya enməmək qərarına gəlir və təkliflərdən “imtina edir”.

Rusiya tərəfi bu addımları atmaqla məsuliyyətdən yayınmağa çalışır?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadənin fikrincə, təəssüf ki, Rusiya tərəfi hələ də faktları gözardı edərək özünü təmizə çıxarmaqla məşğuldur.

Rəsmi şəkildə olmasa da müvafiq media qurumları və teleqram kanalları vasitəsilə ictimai rəyə yanlış və həqiqəti əks etdirməyən məlumatlar ötürülür.

Politoloq deyib ki, əslində hadisənin baş vermə anının görüntüləri, şahid ifadələri və s. faktlar “qara qutu”da olan məlumatlar oxunmadan belə təyyarənin vurulduğunu və bunun da Rusiya ərazisində baş verdiyini sübut edir:

“Rusiya tərəfi müxtəlif bəhanələr və saxta dəlillər yaymaqdansa öncə dron hücumlarının intensiv baş verdiyi bir zamanda hava məkanının bağlanmamasına aydınlıq gətirməlidir. İkincisi, hətta səhlənkarlıqla da olsa təyyarənin vurulduğunu etiraf edərək üzr istəməli və günahkarların cəzalandırılması istiqamətində addımlar atmalıdır. Rusiya tərəfi radioelektron mübarizə qurğuları vasitəsilə təyyarənin idarəolunmaz hala gətirildiyi ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Yalnız bundan sonra təyyarəyə eniş izni verilib verilmədiyi haqda nələrisə müzakirə etmək olar”.

Yusif Bağırzadənin sözlərinə görə, pilotlarla dispetçer arasında danışıqların stenoqramları da sübut edir ki, təyyarəmizə eniş izni verilməyib və baş vermiş cinayət hadisəsini ört-basdır etmək üçün təyyarə Xəzər üzərindən Aktauya yönləndirilib:

“Radioelektron mübarizənin təsiri ilə idarəolunmaz halda olan bir təyyarənin pilotlarının hara uçmaqla bağlı müstəqil qərar qəbul etdiyini iddia etmək ağılsızlıqdan başqa bir şey deyil. Faktlar ortadadır və bu faktları gözardı etmək mümkün deyil”.
 
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı və İsrail arasında vasitəçilərdən biri olan Qətər münaqişə tərəflərinin Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsinin icrası çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirməsinə çalışır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib.

"Biz razılaşmanın birinci mərhələsini tam həcmdə həyata keçirməyə və ikinci mərhələnin yekun mərhələ olmasına çalışırıq", - o, “Al Jazeera” telekanalına bildirib.
 
Ardını oxu...
ABŞ qüvvələrinin İran-Azərbaycan-Ermənistan sərhədinə gəlməsi məsələsi, məncə, daha böyük və əhəmiyyətli hadisədir. Bu qüvvələrin gəlməsinin əsas məqsədi ABŞ-ın Cənubi Qafqazda baş verən hadisələrdə aktiv rol oynamaq və regiona yerləşmək istəyidir. Hətta Ermənistan sərhədlərini qoruyan rus əsgərlərin buradan çıxarılması və amerikalıların yerləşdirilməsi məsələsi də gündəmə gələ bilər.

Bu sözləri Axar.az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını şərh edərkən deyib.

“Ermənistanın qərbmeyilli siyasətini inkişaf etdirməsi şəxsən mənim üçün gözlənilən addım idi. Nəticə etibarı ilə Ermənistan kimi xristian bir dövlətin Qərb ölkələri ilə ittifaqı müsəlman ölkələrlə müqayisədə daha mümkün variantdır”, - o bildirib.

O ki qaldı İranın bu prosesə susqun qalmasına, sabiq səfirin sözlərinə görə, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Ermənistana səfərindən dərhal sonra Amerika-Ermənistan xarici işlər nazirləri arasında strateji tərəfdaşlığa dair xartiyanın imzalanması sıradan hadisə deyil:

“Bu, o deməkdir ki, Ermənistan artıq birmənalı olaraq ABŞ-la yaxınlaşmaq istəyir. Hətta ABŞ ordusunun yüksək səviyyəli generalları Ermənistanın Müdafiə Nazirliyində oturub və istiqamətləri onlar təyin edir. Avropa Birliyinin “mülki missiyası” adı ilə İran sərhədində məlumat toplanılması prosesi də gedir. Ümumilikdə bütün sadalanan halları nəzərə aldıqda aydın olur ki, Ermənistan KTMT-də iştirakda və “3+3” formatında maraqlı deyil. Ermənistan Rusiyanın Cənubi Qafqazda, İranın isə Yaxın Şərqdə mövqelərinin zəifləməsindən istifadə edərək, “ova” çıxıb”.

Bu qüvvələrin regionda yerləşdirilməsi təhlükəsinə gəlincə, Əfşar Süleymani deyib ki, bu, İran-Ermənistan əlaqələrində problemlərə və Azərbaycan-Ermənistan sülh sazişinin gecikməsinə səbəb ola bilər:

“Hər nə qədər NATO ölkəsi olması səbəbindən Türkiyə bu vəziyyətə neytral qalmağa çalışsa da, proseslərin inkişafından narazı olacaq. Bu saziş Azərbaycan-Ermənistan sülh sazişini yubadacağından, Türkiyə-Ermənistan əlaqələrinə də zərər verə bilər. Paşinyan elə düşünür ki, hər şeyi Qərbə bağlayıb, Rusiyadan uzaqlaşa və bəzi siyasi alverlər edə bilər. Halbuki bu proses hərbi gərginliyin artmasına gətirib çıxaracaq. Həmçinin Ukraynada müharibə yekunlaşdıqdan sonra Rusiyaya yönələn sanksiyalar götürülərsə, bu da öz növbəsində Ermənistana zərbə olacaq. Çünki Ermənistan Rusiya-Ukrayna müharibəsindən öz xeyrinə istifadə edən ölkələr siyahısında başda gəlir”.
 
Ardını oxu...
 

İlk yayın vaxtı 00:10

Yaponiyanın hökumət komissiyası ölkədə güclü zəlzələ ehtimalının artdığı barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, yaxın 30 il ərzində maqnitudası 8-9 bal olan zəlzələ baş vermə ehtimalı 80 faiz təşkil edir. Zəlzələnin Honşu adasının cənub-şərqində, Nankay çatında meydana gələcəyi gözlənilir.

Mütəxəssislər bildirir ki, bu zəlzələ zamanı potensial qurbanların sayı 323 min nəfərə çata bilər. Növbəti 40 ildə belə bir zəlzələnin baş vermə ehtimalı 90 faizə, 50 il ərzində isə 90 faizdən çox ola bilər. Qeyd edək ki, bu bölgədə ən son dağıdıcı zəlzələ 1946-cı ilin 21 dekabrında baş verib və maqnitudası 8 bal olub.

Yaponiya hökuməti və yerli sakinlər təbii fəlakətə qarşı tədbirləri gücləndirir. Regionda infrastrukturun təhlükəsizliyinin artırılması və əhalinin fövqəladə hallara hazırlığı istiqamətində işlər davam edir.

Bundan əlavə, 13 yanvar tarixində Kyusyu adasının cənub-şərq sahillərində maqnitudası 6,4 olan zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 30 kilometr dərinlikdə yerləşib. Güclü yeraltı təkanlar Kyusyu adasının bütün ərazisində 5 bala qədər hiss edilib. Daha zəif təkanlar (3 bala qədər) Şikoku və Honşu adalarında, Hirosimadan Osakaya qədər olan ərazidə müşahidə olunub.

Yaponiya dünyanın ən aktiv seysmik bölgələrindən biri olaraq qalır. Bu səbəbdən hökumət və xalq güclü zəlzələlərə hazır olmaq üçün tədbirlər görməkdədir. 

Mənbə: https://1news.az/news/20250116102837395-V-YAponii-prigotovilis-k-razrushitelnomu-zemletryaseniyu

 

Dünyapress TV

Xəbər lenti