Ardını oxu...
Süleyman Mikayılovun icra başçısı olduğu Qaradağ rayonunda dənizi görmək mümkün deyil... - Cənablar, Xəzər dənizi heç kimin dədəsinin mülkü deyil ki, onu hasarlayasınız...

Xəzəri hasarlayan məmurları 2-3 min manat cərimələmək gülüncdür...problemdən çıxış yolu deyil...

DƏRYA kənarında yaşayan insanlar dənizə həsrət qalıb...

Günümüzün acı reallıqlarından biri budur ki, hansısa məmur çayı, dağı hasarlayır, özü üçün qum-çınqıl, daş karxanası açır və milyonlar qazanır. Başqa bir məmur meşəni, başqa biri isə Xəzər dənizini hasarlayaraq özü üçün istirahət mərkəzi açır, ya da villa tikir… Və bu məmurlar ən pis halda az bir miqdarda cərimə ilə canlarını qurtarırlar. Başa düşmək lazımdır ki, nəzərdə tutulan cərimələr həmin obyekt sahiblərinin uzağı 1 günlük gəliri deməkdir.
Deməli, birincisi, qanunvericiliyimizdə ciddi boşluqlar var. Belə ki, 1 günlük gəlirindən keçən məmur-biznesmen öz qanunsuz fəaliyyətini davam etdirir. İkincisi, dənizin sahilini hasarlayaraq tikilən villalarda aylarla yaşayan olmur, yəni qapısı bağlı qalır. Üçüncüsü, bu qapısı aylarla boş qalan mülklərə, villalara əgər yüksək əmlak vergisi tətbiq olunsaydı, belə neqativ halların sayı xeyli azalardı. Bu səbəblərin sayını kifayət qədər uzatmaq da olar. Yeri gəlmişkən, onu da qeyd edək ki, meşəni, dağı, dənizi hasarlamaq məsələsi yeni deyil. Hətta illər öncə Ulu Öndər Heydər Əliyev müşavirələrdə dəfələrlə bu məsələ ilə bağlı çox kəskin və sərt mövqeyini bildirmişdi. Bəli, Azərbaycanda Xəzər dənizinin sahilboyu mühafizə zolağında olan torpaqlardan qanunsuz istifadə halları barədə ölkə mediası neçə illərdir ki, yazır. Bir daha təkrar etməyə məcburuq ki, görülən tədbirlər ancaq CƏRİMƏ ilə yekunlaşır. Hansı ki, o cərimlər obyekt sahibləri üçün sadəcə, “qəpik-quruş”dur. Xəzər dənizinin sahillərinin qanunsuz hasarlayanların hansı biri bu günədək 3-4 il həbs olunub..? Yaxud ciddi cəza alıb..?
Təsəvvür edirsiniz, Bakının cənub istiqamətindən, yəni Səngəçaldan başlayaraq, Bayıla qədər dəniz hasarlanıb. Bakıya gələn-gedən insanlar dəniz mənzərəsini seyr etmək əvəzinə hasarlara və onların arxasında inşa olunmuş, illərdir qapısı bağlı qalan, əksəriyyətində yaşayış olmayan yöndəmsiz tikililərə tamaşa edirlər. Bəli, insanlar hətta dənizi görə bilmirlər. Beləcə məmurlar Xəzərin sahillərini zəbt etməklə məşğuldurlar. Hər dəfə oxuyuruq ki, Xəzər dənizinin sahilboyu ərazilərini qanunsuz hasara alan fiziki şəxslər üçün cərimələr 4 min manata qaldırıldı. Eyni xətalar təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.
Cənablar ! Siz başa düşmürsünüz ki, biznesmen-məmurlar üçün CƏRİMƏ problemdən çıxış yolu deyil. Axı, yuxarıda qeyd etdik ki, korrupsioner məmur üçün bu çox cüzi məbləğdir. Sözün qısası, bu istiqamətdə atılan addımlar bu günədək effekt verməyib. Hətta problem uzun illər o həddə gəlib çatmışdır ki, Xəzər dənizinin sahillərinin hasarlanması problemi ilə bağlı 2003-cü ildə prezident Heydər Əliyev xüsusi sərəncam imzalamışdı. “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” həmin sərəncamla Xəzər sahilində şəxsi evlərin və obyektlərin tikintisi qadağan edilmişdi. Cənablar, başa düşdünüzmü...? QADAĞAN EDİLMİŞDİR... Bəs Ulu Öndərin bu sərəncamı niyə icra olunmadı..? Düzdür, obyektivlik naminə qeyd edək ki, son illərdə Buzovnada dənizin sahilini, qayalıqları hasarlayanlar cəzalandırıldı, sədlər, hasarlar söküldü. Hətta “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərdən sonra Xəzər dənizinin görüntüsü heç bir halda məhdudlaşdırıla bilməz. Amma, bir çox ərazilərdə bu problem həll olunmur. Məsələn, Qaradağ rayonu ərazisində Xəzərin sahili ilə bağlı hasarlanma problemi həll olunmayıb. Görəsən, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov cənab Prezidentin xəbərdarlıqlarını nəzərə almır..? Görəsən cənab Süleyman Mikayılov bilmir ki, Qaradağ rayonu paytaxt Bakıya aid olan inzibati rayondur. Və ən dəhşətlisi odur ki, Süleyman Mikayılovun icra başçısı olduğu Qaradağ rayonunda dənizi kilometrlərlə məsafə boyu görmək mümkün deyil. Bir daha bəzi məmurlara səslənirik ki, çaylar, dağlar, göllər, Xəzər dənizi milli sərvətdir, onu satmağa, özəlləşdirməyə, kiməsə hədiyyə etməyə kimsənin haqqı yoxdur. Ona görə də Xəzər dənizinin sahil boyu əraziləri məmurlardan məhkəmə yolu ilə geri alınmalı və vətəndaşların ümumi istifadəsinə verilməlidir. Bəli, obrazlı dildə desək, DƏRYA kənarında yaşayanlar dənizə həsrət qalıb.
Gündəlik-Bakı olaraq bu mövzunu gündəmdə saxlamağa çalışacağıq.
Bizi izləyin.
Ardını oxu...
Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2021-ci ili 5 milyon 514 min manat xalis zərərlə başa vurub. Qurum 2020-ci ildən 7 milyon 447 min manat xalis zərərlə çıxmışdı. Son nəticədə idarənin yığılmış zərəri 23,7% artaraq 28 milyon 735 min manata çatıb.

Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 13 milyon 752 min manat (əvvəlki ilə nisbətən 7,2% çox), digər gəlirləri 86 min manat (83% çox) təşkil edib. Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 358 milyon 143 min manat olub ki, bu da illik müqayisədə 1,7% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,4 % azalaraq 14 milyon 283 min manata, balans kapitalı isə 1,6% azalaraq 343 milyon 860 min manata düşüb.

Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Bu isə o deməkdir ki, dəniz kənarında yerləşən bütün obyektlər Bulvar İdarəsinin maliyyələşməsində iştirak etməlidir. Dəniz kənarında onlarla iaşə obyektləri var ki, burada, məsələn, çayın qiyməti 20-30 manat arası, “Sirab” suyunın yarım litri 5 manata satılır. O halda, gəlirlə işləyən bu obyektlər ya Bulvar İdarəsinə pul vermir, ya da verilən pullar mənimsənilir.

Natiq Cəfərli: “Əgər dövlətin idarəsi işi bacarmırsa, idarəetməni özəl sektora verə bilər”

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Azərbaycanda dövlət idarələrinin, müəssisələrinin və yaxud dövlət tərəfindən təsis olunmuş publik hüquqi şəxslərin niyə ziyanla işləməsi ilə bağlı onların özlərinin ictimaiyyətə detallı şəkildə açıqlaması yoxdur. Məsələn, Bulvar İdarəsi niyə ziyanla işləməlidir? Bu ziyan nədən ibarətdir? Ziyanın yaranma səbəbi nədir? Əməliyyat xərcləri nə qədər olub? Gəlirlər və xərclərin arasında disbalans varsa, əməliyyat xərcləri ilə bağlı problemlər varsa, o zaman əməliyyat xərclərinin azaldılması ilə bağlı hansı addımlar atılıb? Çünki ziyanla işləmək tək gəlirlərin artırılması yolu ilə ziyandan çıxmaq məsələsi deyil. Həm də xərclərin azaldılması yolu ilə ziyandan çıxmaq əsas hədəfə çevrilməlidir. Dövlət müəssisələrinin, dövlətin əlində olan iqtisadi oyunçuların əsas problemi xərclər hissəsindədir. Həddindən artıq böyük şişirdilmiş xərclər olur və nəticə etibarı ilə də ziyanla işlədikləri üzə çıxır. O xərclər də daha çox korrupsiya mənbəyinə çevrilir - təmir-tikinti işləri və başqa məqsədlə olan məsələlər.

Bulvar İdarəsi, ümumiyyətlə, məntiqlə ziyanla işləməməlidir. Çünki orada ziyan ola biləcək məsələlər yoxdur. Əksinə, ərazisində kifayət qədər çox sayda obyektlər var, onların icarəhaqları çox böyükdür. Buna görə də onlar hesabat verib, açıqlama verməlidirlər ki, həmin ərazidə yerləşən ticarət obyektləri nə qədər icarə pulu verir, bu icarə pulunun yığılması hansı səviyyədədir, kimlərlə müqavilələr bağlanıb? Yəni bütün bunlar qeyri-şəffaflıqdan doğur. Ona görə də əgər dövlət bu yükü üzərindən atmaq istəyirsə, məmnuniyyətlə elə yerli və yaxud beynəlxalq şirkətlər ola bilər ki, həmin ərazidə idarəetməni icarə müqaviləsi ilə dövlətdən götürüb, heç bir ziyan etmədən, hətta böyük gəlir əldə edə, dövlətə də böyük vergi verə bilərlər. Yəni dövlətin idarəsi bunun bacarmırsa, idarəetməni özəl sektora verə bilər".

Eyyub Kərimli: “Sözsüz ki, burada korrupsiya məsələləri də var”

İqtisadçı Eyyub Kərimli isə qeyd etdi ki, tendensiya onu göstərir ki, bəzi dövlətin nəzarətində olan bu tipli müəssisələrin çoxu ziyanla işləyir: “Burada bir neçə məsələlərin təsiri var. Əsas amillərdən biri budur ki, burada menecmentlik məsələsində zəiflik var. Digər tərəfdən isə sözsüz ki, burada korrupsiyadan irəli gələn məsələlər də var. Çünki Bulvar İdarəsinin ərazisində kifayət qədər böyük obyektlər var və təbii ki, onlar böyük icarə haqları ödəyir. Lakin ziyanlar onu deməyə əsas verir ki, həmin obyektlərdən alınan icarə haqlarının heç də hamısı büdcəyə köçürülmür. Burada çox böyük məbləğlərdən söhbət gedir. Onu da qeyd etmək lazımdır ki, Bulvar İdarəsinin ərazisində olan bir sıra obyektlər mövsümi xarakterli fəaliyyət göstərir. Belə ki, onlar daha çox yay mövsümündə aktiv işləyir. Ümumilikdə isə Bulvar İdarəsinin fəaliyyətində şəffaflığının təmin olunmasında problem var. Bu gün əgər araşdırma aparmaq istəsək, qurumun saytında heç bir hesabata rast gələ bilmərik. Yəni göstərilmir ki, ərazidə fəaliyyət göstərən obyektlərin icarəhaqları nə qədərdir, onlar nə qədər vergi ödəyir, buradan dövlət büdcəsinə nə qədər vəsait keçir və sairə. Bu da onu deməyə əsas verir ki, Bulvar İdarəsinin fəaliyyəti şəffaf qurulmayıb”.

Xalid GƏRAY,
“Yeni Müsavat”
 
Ardını oxu...
Bu günlərdə Milli Məclisin deputatı Eldar Quliyevdən müsahibə almaq, onunla gündəmi dəyərləndirmək istədik. Deputatın telefon nömrəsini əldə etmək üçün bir neçə həmkarımıza zəng etdik. Həmkarlarımız əlaqə saxlamağın faydasız olduğunu, deputatın vaxtı olmadığından müsahibəyə razılıq verməyəcəyini bildirdilər. Millət vəkili bizə müsahibə verməkdən imtina edə bilərdi. Amma vaxt məhdudluğu bizə bir az qəribə gəldi. Çünki biz Eldar müəllimin cəmi bir saat vaxtını alacaqdıq. Hər halda millət vəkili işini elə qurmalıdır ki, jurnalistlərə də vaxt tapa bilsin. Nə isə. Açığı həmkarlarımızın bu arqumentinə inanmadım. Bu günlərdə Eldar Quliyevlə zəngləşdik. Ədalət naminə deyək ki, hörmətli millət vəkili bizimlə kifayət qədər nəzakətli formada danışdı. Amma jurnalist dostlarımız haqlı imiş. Millət vəkili vaxtının olmadığını bildirərək müsahibə verməkdən imtina etdi. Deputat bizim informasiya agentliyinə müsahibə vermək istəmədiyini desəydi, anlayışla qarşılayardıq. Amma “vaxtım yoxdur” deyib yola vermək ağsaqqal millət vəkilimizə yaraşan hərəkət deyil.

Bəs Eldar Quliyevin niyə vaxtı yoxdur? Bir az araşdırma apardıqdan sonra aydın oldu ki, bu qədər vəzifə daşıyan adamın vaxt məhdudluğu təbiidir. Gəlin, vaxtı məhdud olan hörmətli millət vəkilimizlə bir daha tanış olaq.

Eldar Quliyev Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, “Azərittifaq”ın və Azərbaycan Ağsaqqallar Şurasının sədridir. O, 1993-cü ildən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına, 2011-ci ildən Kooperasiya Universitetinə, 2020-ci ildən Azərbaycan Ağsaqqallar Şurasına rəhbərlik edir, 2000-ci ildən isə Milli Məclisin deputatıdır.

70 yaşını haqlamış Eldar müəllim üçün bu qədər vəzifəni icra etmək yəqin ki, asan deyil. Bu qədər işi fiziki cəhətdən çatdırmaq da mümkün deyil. Çünki “Azərittifaq”dan başqa, digər üç qurum kifayət qədər aktivlik tələb edir.

Milli Məclisin bundan əvvəlki çağırışlarında parlamentdə rektor deputatların sayı çox idi. Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin sabiq rektoru Səməd Seyidov, Azərbaycan İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər İnstitutunun sabiq rektoru Aqiyə Naxçıvanlı, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru Ağacan Abıyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova həm də parlamentdə təmsil olunurdular. 2015-ci ilin parlament seçkilərində həmin deputatlara tövsiyə edildi ki, ya deputat seçilməli, ya da rektor olmalıdırlar. Beləliklə, həmin millət vəkillərindən çoxu yenidən Milli Məclisə seçkilərə qatılaraq deputat seçildilər və rektor vəzifəsindən azad olundular. Bəzi millət vəkilləri isə rektor vəzifəsində qalmağa üstünlük verdi. Sonrakı dövrdə həmin şəxslərin bir çoxu yenidən deputat seçilmədi, rektor vəzifəsindən də azad olundu.

Həmin vaxt bu tövsiyəyə yeganə bir deputat – Eldar Quliyev əməl etmədi. Əvvəldə qeyd etdiyimiz kimi, Eldar Quliyev həm Milli Məclisin deputatı, həm də Kooperasiya Universitetinin rektorudur. İndi sual yarana bilər ki, Kooperasiya Universiteti qeyri-dövlət ali təhsil müəssisəsidir. Amma söhbət dövlət və ya özəl ali məktəblərdən getmirdi. Tövsiyə belə idi ki, iki işi eyni vaxtda görmək olmaz. Odlar Yurdu Universiteti də özəl təhsil müəssisəsidir. Rektor Əhməd Vəliyev isə bu tövsiyədən sonra parlament seçkilərinə qatılmamışdı.

Hörmətli oxucularımız yəqin ki, xatırlayırlar. Milli Məclisin əvvəlki çağırışlarında bir sıra şirkət rəhbərləri də deputat idi. Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayevi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanovu buna misal göstərə bilərik. Onlar da 2020-ci ilin parlament seçkilərində deputatlığa namizədliklərini irəli sürmədilər. Qeyd etdiyimiz kimi, Eldar Quliyev həm də “Azərittifaq”ın sədridir. Görünür, “Azərittifaq”ın sədri olmağı da onun deputat seçilməyinin qarşısını kəsə bilməyib. Bəs Eldar Quliyevə niyə güzəşt olunur? Əlbəttə ki, bu sualın cavabını biz bilmirik. Son illər Azərbaycanda geniş islahatlar aparılır, bəzi suallara cavab tapılır. Azərbaycan ictimaiyyətini maraqlandıran bu sualın da yəqin ki cavabı veriləcəkdir.

Bizim Eldar Quliyevə məsləhət verməyə nə hüquqi cəhətdən ixtiyarımız, nə də mənəvi haqqımız var. Digər üç vəzifəsini bir kənara qoyaq, Azərbaycan Ağsaqqalar Şurasının sədri olmağı bizdən ona hörmətlə yanaşmağı tələb edir. Amma jurnalist və vətəndaş kimi fikirlərimizi demək də bizim haqqımızdır.

Hörmətli Eldar Quliyev!

Estafeti gəncələrə ötürməyin vaxtı çatmayıbmı? Bəlkə icra etdiyiniz vəzifələrin bəzilərindən imtina edəsiniz! O zaman vaxtınız daha çox olar, cəmiyyətin istiqamətləndirilməsində daha fəal iştirak edərsiniz. Fikrimcə, bu barədə düşünməlisiniz. Bir adamın bu qədər vəzifə tutmağı doğru deyil. Gənclərə yol açmaq, yenilik etmək lazımdır. Bunu isə ilk növbədə ölkəmizin ağsaqqallarının başçısı etməlidir. Tutduğunuz vəzifə, sizə tapşırılan mənəvi missiya bunu tələb edir.

P.S. Onu da qeyd edim ki, bu fikirlər təkcə Eldar Quliyevə aid deyil. Bir neçə vəzifə daşıyan digər deputat və məmurlar da bu barədə düşünsə, yaxşı olar.

Tural Səfərov //ovqat.com//
 

Ardını oxu...
 
 

 
"Şikayətim "Caspian Ship Tours and Yacht Club"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda Ülkər adlı xanım istifadəçi giley edir.

 
Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Keçən həftə özəl günümüz münasibətilə sürpriz etməyi düşünərək iki nəfərlik yaxtada şam yeməyi üçün yazdım. Ayın 4-ə yer olmadığını, yalnız 11-ə VIP yer qaldığını dedilər və süpriz etməyi çox istədiyim üçün razılaşdım, rəqəm heç də kiçik deyil. Ayın 2-i mənə yazıb 4-ə razıyammı deyə bildirdilər. Mənə yer olmadığını dediklərini bildirdim və dedilər ki yeni tur açıblar. Elə isə VIP yer olmasın dedim, yox artıq belə qərar vermişik deyildi.
Nə isə ki, buna da razılaşdım, ödənişi tam şəkildə əvvəldən istədilər və etdim. Ödəniş gününün axşamı güclü külək əsəcəyini (hər şey yaxşı oldu halbuki) dedilər və bildirdilər ki, qrup turu təxirə salınır, ya ödənişi qaytara bilərlər, ya həmin yaxtada 1 saatlıq gəzinti eyni qiymətə yalnız iki nəfər üçün, ya da daha balaca yaxtada iki saat, yenə yalnız iki nəfər üçün.
Ardını oxu...

Düşünərək ki, hər şey eyni qalmaqla yalnız ikimizin olacağı bir yaxtada iki saat istirahət edə bilərik, təbii ki, bunu seçdim.
Bugün gəldik, yuxarıdakı şəkildə mənə süfrə bəzədiləcəyi demişdi, reallıq aşağıdakıdır. Balıq steykdən söhbət belə gedə bilməzdi, onlar deyəsən elə düşünür ki, biz heç vaxt balıq görməmişik. Yunan salatı əvəzinə bravoda satılan, heç vaxt bəyənmədiyim toyuq salatı qoyulmuşdu. Salfetka nədir ki, onu da qutuda 5-6 ədəd saxlamışdılar.Fotoqraf xidməti yazılmışdı, tək fotoqraf özümüz idik. Bir sözlə bərbad!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Bakının Yasamal rayonunda avtonəqliyyat hadisəsi baş verib.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, yolun əks istiqamətindən qarşı-qarşıya gələn “Galenvagen" markalı avtomobillə SAB şirkətinə məxsus "Ford” markalı mikroavtobus toqquşub.

Hadisədən dərhal sonra “Galenvagen" markalı avtomobilin sürücüsü dövlət nömrə nişanını gizlətməyi də unutmayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobillərə ciddi ziyan dəyib. Bundan başqa, yol kənarında dayanan başqa bir mikroavtobus da qismən zədələnib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.
 

DSX-nin haqsız yerə xidmətdən uzaqlaşdırılan giziri Ali Məhkəmənin ədalətinə ümid edir.


Vətəndaş Cənnətova Rəqsanə Şəmil qızı redaksiyamıza müraciət edərək oğlu Cənnətov Alim Cənnət oğlunun haqsızlıqla üzləşdiyini bildirmiş, məhkəmə ədalətsizliyindən şikayətlənmişdir.

R.Cənnətova bildirir ki, gizir rütbəli Alim Cənnətov Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində xidmət edirmiş. Onu iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad etmişlər.

Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdir.

Rəqsanə Cənnətova bildirir: “Apellyasiya məhkəməsi ilk əvvəl iyulun 20-nə təyin olunmuşdu. Sonra qəfildən iki gün geri çəkilməsi barədə bizə mesaj göndərildi. İyulun 18-də keçirilən iclasda apellyasiya şikayəti verən tərəfin nümayəndəsi məhkəməyə gəlmədi. Hakim Azər Hüseynov yekun prosesi avqustun 31-nə təyin etdi. Alim Cənnətovu məhkəmədə atası və qanuni nümayəndəsi kimi Cənnətov Cənnət Lətif oğlu təmsil edirdi. Alimə vəkillik xidməti göstərən şəxsə məlum olmuşdur ki, əslində Alimdən şikayət edən Şahin Mirzəyev özü deyil, atası Sahib Mirzəyev olmuşdur. Məsələnin vaxtında deyil, iki il sonra qabardılması da müəmmalıdır və Alimə qarşı qərəzli mövqeyin göstəricisidir. Bizim tərəfdən məhkəmədə iştirak edən şəxslərin müşahidələrindən təəssüratları belə olmuşdu ki, sanki hakim və köməkçiləri birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəstəkləyəcəklər. Həmin məhkəmə iclasında hakim köməkçiləri hətta qarşı tərəfə qınayıcı suallar da vermiş, əsaslandırılmış cavab almadıqlarına görə başlarını məyusluqla yelləyərək təəssüflərini bildirmişlər. Lakin apellyasiya məhkəməsinin qərarının məhz həmin gün elan olunmaması, sentyabrın 2-nə saat 16:45-ə kimi təxirə salınması bizdə müəyyən şübhə və narahatlıqlar doğurmuşdu. Odur ki, “qaynar xəttə” zəng vurub öyrəndik ki, əslində qərarın elanı sentyabrın 21-nə təxirə salınıb. Ancaq yenə də gözləmədiyimiz halda qərar qəfil sentyabrın 5-də elan olundu və dərhal da sistemə oturduldu. Sən demə, şübhələrimiz heç də əsassız deyilmiş. Bu təxirəsalmalar da hakim Azər Hüseynovun oyunları imiş. Apellyasiya məhkəməsinin qərarı ilə Bakı İnzibati Məhkəməsinin ədalətli qərarı əsassız elan olundu. Hakim Azər Hüseynovun bunca ədalətsiz olacağını gözləmirdik. Alimin atası Cənnət Cənnətov deyir ki, proses zamanı Alimin xidmət dövründə davranışının heç də xidmətə uyğunsuz olmadığı barədə hakim Azər Hüseynovla fikir mübadiləsi aparıb, söhbət əsnasında Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyevin əsgərə “cənab” deyə müraciət etməsi kimi təqdirəlayiq nüanslar xatırlanıb. Onun hakimə verdiyi: “Alimə “küçük” deyib təhqir edən, təzyiq göstərən zabit Namiq Cəmilovun davranışı xidmətə uyğundurmu” sualına Azər Hüseynov: “Yox, yüksək vəzifəli şəxsin məsuliyyəti daha böyükdür” cavabını verib. Hamımız elə bilirdik ki, Bakı Apellyasiya Məhkəməsinin məlum qərarının elan olunmasının təxirə salınması yəqin reqlamentin gərginliyi ilə əlaqədardır. Rövşən Bayramovun işin əvvəlində sərgilədiyi obyektivlik mövqeyini sonradan dəyişməsi haradasa başa düşüləndir — xidmət etdiyi nüfuzlu qurumun məhkəməni uduzmasını istəmir, yəqin, o da təzyiqlə üzləşib. Amma qərar verməkdə müstəqil olan məhkəmə hakimi Azər Hüseynovun nəyə görə 180 dərəcə mövqe dəyişməsi anlaşılan deyil. Bəlkə, hakim Azər Hüseynovun simasından küskünlük hiss edən Cənnət Cənnətovun sezdiyi kimi, nəsə minnətdarlıq umurmuş? – deyə bilmərik. Onu da qeyd edim ki, Cənnət Cənnətov bizi məyus edən məlum qərardan sonra dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin “qaynar xətti”nə zəng vuraraq hakimin özü, köməkçiləri, məhkəmə katibi ilə əlaqə qurmağa çalışmış, lakin telefonu qaldıran “qaynar xətt” operatoru Günel adlı xanım təəssüf hissi ilə onları əlaqələndirmək cəhdlərinin uğursuz olduğunu bildirmişdir. Alimin atası həmçinin dəqiqləşdirib ki, Azər Hüseynov daha əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsində hakim işləyib, onun Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi karyera nöqteyi-nəzərdən endirilmə kimi qəimətləndirilə bilər. Bu da yəqin bir növ “xidməti uyğunsuzluğunun” nəticəsidir. Görünür, Azər Hüseynov bu tənbehdən nəticə çıxarmayıb, öz əvvəlki ampluasındadır.

Zərərçəkmiş Amil Cənnətov və yaxınları Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verməyə hazırlaşır. Eyni zamanda məsələni, Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri çox hörmətli cənab Fikrət Məmmədovun yüksək diqqətinə çatdırmaq niyyətindədirlər. Ümid edirlər ki, Ali Məhkəmədə Alim Cənnətovun təqsirsizliyi, eləcə də əmisinin I Qarabağ müharibəsi şəhidi, qaynatasının I Qarabağ müharibəsi iştirakçısı və II qrup əlil, anasının II qrup əlil olduğunu, başçılıq etdiyi gənc ailənin ehtiyaclı durumu nəzərə alınacaq.

Dəryaz Oraq

 

 10 просмотров всего, 4 просмотров сегодня

 
 
 
Ardını oxu...
Sözüm İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin rəisi Orxan Nəzərliyədir. Daxil olan kütləvi şikayətin həqiqiliyini aydınlaşdırmaq üçün bu dəqiqələrdə "Türkan Sahil"- "Qızıl qum" İstirahət Mərkəzində olduq. Şikayətlər təsdiqini tapdı. Hacı Mirzə adlı ağsaqqalın olan bu obyektin girişində dayanıb içəri daxil olan hər kəsdən 10 manapt pul tələb edilir, içəridəki restoranda isə əlavə oturacağa yenə pul tələb olunur. Yerli Türkan sakinlərinin canını boğazına yığan Mirzə kişinin restoranında və daxilolma zamanı tələb olunan 10 manat rüsuma isə kassa qəbzi verilmir.
Biz də obyektə daxil oluruq. Qapıda dayanan oğlanla aramızda belə bir dialoq oldu:
-Sizdə çay verilir?
-Bəli.,.
-Onda şlaqbaumu açın...
-Yox, 10 manat ödəyin sonra...
-Biz çay içməyə gedirik. Çayı harda içəcəyik bəs? Ayaq üstə?
-Restoranda və çimərlik çətirlərində. Orda isə əlavə ödəniş verəcəksiniz...
-Buyurun, 10 manat, amma kassa qəbzi verin...
Oğlan tutulur.
-Yox, burda qəbz verilmir. Bura şəxsi obyektdir...
-Cavan oğlan, tikinti özəl obyekt ola bilər, amma dənizin suyu, qum yəqinki icarəyə götürülüb və bütün xidmətlərə görə alınan pul vəsaitlərinə qəbz verilib dövlətin vergisi ödənilməlidir...

Ardını oxu...

Beləliklə, restorana piyada gedirik ki, su alıb içək. Müşahidə etdik, nə iaşə xidmətinə, nə digər xidmətlərə görə kassa qəbzi verilmir. Təxmini 1 saatlıq müşahidəmizdə (saat 16:30: dan 17 :30- dək) ərazidə 300 -350 nəfər var idi... Bizimlə qiyabi söhbət edən işçilərdən biri dedi ki, Mirzə kişi deyilən adam hərbi prokuror Xanlar Vəliyevin qudasıdır, onun bu ərazidə qudası ilə bir neçə şərikli obyekti var, ona görə də Vergilər Xidmətinin işçiləri qorxularından bura gəlmirlər...
Hörmətli Orxan müəllim! Türkan sakinlərinin adından soruşuruq: "odda yanmaz, suda batmaz" Hacı Mirzənin (obyetlərində araq, pivə, konyak və s. gen-bol satılır) bu qanunsuz əməllərindən niyə əməkdaşlarınızın xəbəri yoxdur? Gərək şikayət edilə, jurnalistlər iş-gücünü atıb bu istidə Türkana gedib faktı yerində araşdıra? İnanırıq ki, bu faktları Sizin də əməkdaşlarınız araşdırıb redaksiyamıza "("Təzadlar" qəzetinə) cavab verəcəklər. //tezadlar.az//

 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük general-mayoru Kənan Məmmədovun adı ötən il oğurluq hadisəsində hallanıb.

Qaynarinfo xəbər verir ki, “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Kənan Məmmədovun ona məxsus malları oğruladığını iddia edib.

Bu hadisə baş verəndə Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib.

Ramil Aslanov bu barədə ölkə rəhbərliyinə ünvanladığı müraciətdə bildirib ki, satış üçün Çindən Azərbaycana şüşə qablar gətirib. Kənan Məmmədov isə bu qabların bir hissəsini oğurlayıb.

“Bu il martın 18-də gömrük rəsmiləşdirməsini keçdikdən bir gün sonra Bakıdakı İpək Yolu terminalından “Lion Centre” MMC-nin sistem üzrə qeydiyyatda olduğu anbara boşaldılan mallarıma bir gün sonra Kənan Məmmədov anbara gələrək şəxsən baxış keçirib. Həmin günün səhəri təxminən saat 09:15-də ölkəmizdə elan edilmiş pandemiya qaydalarını kobud şəkildə pozaraq tibbi maskasız anbara gələn Kənan Məmmədov prosessual normalara belə əməl etməyərək, mallardan bir neçəsini heç bir qeydiyyat və sənədləşdirmə olmadan özü ilə aparıb”, deyə şikayətçi müraciətdə qeyd edib.

Kənan Məmmədovun mebel biznesi haqqında da məlumatlar var. Bu məlumatlar general tərəfindən təkzib olunmayıb.

Xatırladaq ki, yayılan məlumatlarda işdən çıxarılan Kənan Məmmədovun DGK-nın yüksək vəzifəli əməkdaşları ilə bağlı başlanan cinayət işinin istintaqına cəlb olunduğu bildirilir. O, bu səbəbdən tutduğu vəzifədən azad edilib. Hazırda gömrük generalı hüquq mühafizə orqanları tərəfindən dindirilir.

Qeyd edək ki, Kənan Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.
 
Ardını oxu...
Adi mülki iş məhkəmənin “sayəsində” cinayətə çevrildi

İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.

“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir. O da zamanında belə sözlərdən ruhlanaraq, öz biznesini qurub və çox tez bir zamanda müflis edilib: “Oliqarxların, yüksək vəzifəli məmurların ən yaxın çevrəsinin maraqları naminə bizim qanuni hüquqlarımız pozulur. Şikayətlərə baxılmır, sahibkarlara dəymiş ziyanı isə zorla onların özlərinə ödətdirirlər. Bəzən bu, onların tamamilə var-yoxdan çıxması ilə nəticələnir”.

Anar Qəribovun, daha dəqiqi, onun rəhbərlik etdiyi “FB-Company” ASC-nin işində adları keçənlər çoxdur. Buraya həm fiziki şəxslər, həm kommunal müəssisələr, həm də hüquq-mühafizə orqanları daxildir. Məhkəmələr isə artıq üçüncü ildir ki, həqiqəti müəyyən edə bilmirlər (ya da müəyyən etmək istəmirlər).

“Ona görə yox ki, gücləri çatmır. Ona görə ki, bizə qarşı atılan addımların arxasında qüdrətli adamlar dayanıb”, – artıq ümidsizliyə qapılmış iş adamı deyir. – “Fuad Rzayev və onun ortağı Babək Babayev kimi. Birincisi “Azərenerji”nin prezidenti Baba Rzayevin oğlu, ikincisi “Yeni Həyat” şirkətlər qrupunun rəhbəridir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, biz dörd il əvvəl adıçəkilən şəxslərə məxsus “Azur” ticarət mərkəzində böyük bir sahənin (1285 kv.m) icarəyə götürülməsi barədə müqavilə imzaladıq. Həmin yer beş il boş qalmışdı. Çünki əvvəllər orada müxtəlif səviyyəli yolları olan kartinq yerləşirdi, ciddi vəsait tələb edən əsaslı təmir üçün isə investor tapmaq asan deyildi. Ancaq bizim böyük planlarımız var idi və biz investisiya tapa bildik. Sonradan anlaşılmazlıq olmasın deyə, tərəflər arasında bütün münasibətlər və öhdəliklər ciddi şəkildə sənədləşdirildi”.

“Tezliklə həmin yer tanınmaz dərəcədə dəyişdi”, – deyə Anar Qəribov davam edir. – “Bahalı, zövqlü təmir, düzgün yerləşdirilmiş reklam lövhələri yeni obyekti ticarət mərkəzinin ən çox ziyarət edilən yerlərindən birinə çevirdi. Bu, ticarət mərkəzinin sahiblərinin də diqqətindən yayınmadı, lakin onların reaksiyası çox özünəməxsus oldu. Müqavilənin imzalanmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, onlar kirayə haqqını birdən-birə beş dəfə qaldırmaq qərarına gəldilər. Təsəvvür edirsiniz, biz əsaslı təmirə, ən müasir avadanlıqlara yarım milyon manata yaxın sərmayə qoymuşduq. Geyim əşyalarının alınmasına və çatdırılmasına da təxminən eyni məbləğ sərf edilmişdi. Mağaza işə başlayan kimi götürdüyümüz kreditləri ödəməyə başladıq. Elə bu zaman heç bir əsas olmadan icarə haqqını dəfələrlə artırdılar. Belə bir ultimatumla razılaşmaq mümkün deyildi”.

Binanın birinci mərtəbəsınin əhəmiyyətli hissəsini tutan mağaza ilə ticarət mərkəzi arasında münaqişə qısa zamanda açıq qarşıdurmaya çevrilib. Anar Qəribovun sözlərinə görə, icarəyə verən tərəfin nümayəndəsi mühafizə xidmətinin köməyi ilə tezliklə icarədarın əməkdaşlarını ticarət mərkəzindən çıxarıb. Sonra elektrik enerjisinin verilməsini kəsərək, günahı “Azərişığ”ın üzərinə atıblar. Yalanı sübut etmək çətin olmayıb: enerji təşkilatı yazılı şəkildə təsdiq edib ki, icarədara qarşı heç bir iddiası yoxdur. Amma bu da mərkəzin sahiblərinə təsir göstərməyib. İcarədar məhkəməyə üz tutmalı olub.

Nəhayət, 35 gündən sonra mağazaya elektrik enerjisinin verilməsi bərpa edilib, işçilər öz yerlərinə qayıda biliblər. Amma bu müddət ərzində ticarət mərkəzinin mərtəbələrində yerləşdirilmiş reklam bannerləri izsiz qeybə çıxıb, mərkəzin monitorunda göstərilməli olan reklam da yox olub. Baxmayaraq ki, hər şey üçün bütün ödənişlər əvvəlcədən həyata keçirilib və müvafiq müqavilənin şərtlərinə görə, icarəyə verən tərəf bannerlərin qorunmasına məsuliyyət daşıyıb.

“Elektrik enerjisi probleminin həllindən 13 gün sonra həmin müqavilənin şərtlərinə uyğun olaraq, reklamın bərpa edilməsi barədə “Azur”a növbəti müraciətimizə cavab gəldi. Bizə icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyi barədə yazılı məlumat verdilər. Onlar bunu guya çoxlu borc yığılması ilə izah edirdilər”, – Anar Qəribov qovluqlara yığılmış sənədləri göstərərək əlavə edir: “Amma burada söhbət icarəyə verən tərəfin havadan götürdüyü kirayə haqqından gedirdi. Aramızda təsdiqlənmiş və rəsmi müqavilənin şərtlərinə görə, heç bir borc yox idi”.

Vaxt gedir, məhkəmələr isə məsələni həll etmək əvəzinə, işi daha da qəlizləşdirirdilər. İddiaçı tələb edirdi ki, iş üzrə yekun qərar çıxarılana qədər, məhkəmə 2027-ci ilədək qüvvədə olan mövcud icarə müqaviləsi üzrə öhdəliklərin ticarət mərkəzi tərəfindən də yerinə yetirilməsini təmin etsin. Amma əvvəlcə Xətai Rayon Məhkəməsi, ardınca isə Bakı Kommersiya Məhkəməsi bu tələbi rədd edir. Məhkəmənin icarədarın mənafeyinə belə səthi münasibətindən istifadə edən ticarət mərkəzi isə tədricən təzyiqləri artırır, etiraz edən sahibkarı hər vasitə ilə sıxışdırmağa çalışırdı. Dizaynerlər, memarlar, inşaatçılar tez-tez mağazaya gələrək işi dayandırır, bu ərazini gələcəkdə restorana çevirmək üçün yenidən ölçmə işləri aparırdılar.

Anar Qəribov daha sonra deyir: “Bir dəfə mağazaya kanalizasiya suları töküldü, paltarların bir qismi xarab oldu. Müqaviləyə görə, malların bu səbəbdən xarab olması məsuliyyətini birbaşa icarəyə verən tərəf daşıyır. Amma bizim yazılı şikayətlərimizə yenə də baxan olmadı.

Sən demə, sonra baş verəcəklərin yanında bunlar hələ heç nə imiş. Əsl qanunsuzluq pandemiya zamanı – ölkədə ticarət mərkəzlərinin fəaliyyətini dayandırdığı 2020-ci ilin mart ayından başladı. Biz işçilərin maaşlarını, kreditləri və digər öhdəlikləri ödəmək üçün ünvana çatdırılma şərti ilə onlayn satışa başlamaq qərarına gəldik. Amma sən saydığını say, gör icarəyə verən tərəf nə sayır: cəsur “mühafizəçilər” mağaza işçilərini saxlamağa, özləri ilə götürdükləri malları geri qaytarmaq tələbi ilə onların əşyalarını yoxlamağa başladılar. Yenidən şikayət etdik, bizi yenə dinləmədilər”.

Anar Qəribov dekabrın 29-da Yeni il ərəfəsində mağazaya gələrkən 6 metrlik jalüz qapının sındırıldığını görüb. Mallarla dolu olan obyektin yerində isə bomboş, bərbad zal olub. O, polisə gedib, yoxa çıxan malların və avadanlıqların siyahısını tərtib edib. Buna nə ad vermək olar –günün günorta çağında qarət, yoxsa basqın yolu ilə ələ keçirmə? O zaman güman ediblər ki, suala hüquq-mühafizə orqanları cavab verəcək.

“Axır ki, 2021-ci il fevralın 3-də itən əşyaların bir qismi tapılaraq bizə göstərildi. Onlar yararsız vəziyyətə düşmüşdü və mağazadan 7 km aralıda, icarəyə verənlərdən birinə məxsus rütubətli zirzəmidə “saxlanılırdı”. Bahalı avadanlıqlar necə gəldi yerə atılmışdı və çətin ki, yenidən istifadə oluna bilərdi. Ancaq hər şeyi diqqətlə nəzərdən keçirmək mümkün deyildi. Bizə – oğurlanmış əmlakın sahiblərinə zirzəmiyə giriş qadağan edilmişdi.

Dəyəri yüz minlərlə manat olan itmiş mal və avadanlıqla bağlı polis rəsmi məlumat yaymadı, cinayət işi başlamaqdan imtina etdi. Yalnız icarəyə götürdüyümüz mağazaya, eləcə də mallarımızın saxlanıldığı zirzəmiyə giriş əldə etmək üçün məhkəməyə dəfələrlə müraciət etməyimizdən, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın inadkar təkidindən sonra qarşı tərəf bizə qalan əmlakımıza baxmaq imkanı yaratdı. Bütün tərəflərin iştirakı ilə 17 gün ərzində əmlakın adbaad siyahısı tərtib edildi, saxlanma qaydalarına əməl edilmədiyi üçün bütün malların yararsız hala düşdüyü təsdiqləndi: paltarlar nəm çəkmişdi, iy verirdi, bozarmışdı, avadanlıqların əhəmiyyətli hissəsi korroziyaya uğramışdı”.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi də mal və avadanlıqların zədələnməsi faktını təsdiqləyib. İşləyən mağazanın foto və video görüntülərinə və dağıdılan əmlakın “yoxa çıxdıqdan” sonra nəyə çevrildiyinə Famous Brands Azur youtube kanalında baxmaq olar. Yeri gəlmişkən, məqalənin başlığına çıxarılmış foto da oradan götürülüb.

Beləliklə, ekspertizanın nəticələrinə görə, məhv edilmiş əmlakın ümumi məbləği 503 661,70 manat təşkil edir. Çatışmayan əmlak isə 410 944,50 manat qiymətləndirilir. Müstəqil audit qiymətləndirməsinə əsasən, 32 ay müddətinə müqavilənin şərtlərinə əməl edilmədiyinə görə, sahibkarlara əlavə 390 760,74 manat maddi ziyan dəyib. Hüquqi, audit, ekspert xidmətlərinin dəyərini hesablamırıq. Çünki bu xərc dəyən ziyanın fonunda çox xırda bir şeydir. Amma mənəvi ziyan, imicə vurulan zərbə böyükdür.

Münaqişənin ilkin mərhələsi – mağazaya elektrik enerjisinin verilməsinin dayandırılması və reklam bannerlərinin götürülməsi ilə bağlı bu üç ilə yaxın müddət ərzində məhkəmə prosesi gedirdi. İşə əvvəlcə Xətai Rayon Məhkəməsində baxılıb, sonra materiallar Bakı Kommersiya Məhkəməsinə verilib. İki mötəbər instansiyanın belə bir kifayət qədər sadə məsələni həll etməsinin niyə bunca mürəkkəb olduğunu başa düşmək çətindir.

“Məhkəmənin iflic olmasına prosesdə iştirak edən tərəflərdən birinin ailə mənsubiyyəti səbəb olub” – Anar Qəribov belə hesab edir. – “Ancaq o vaxtdan bəri işə bir çox yeni faktlar əlavə olunub. İndi söhbət Cinayət Məcəlləsinin 177.4, 186.3, 190.2 və 322.1-ci maddələrinin pozulmasından gedir. Zərərçəkmiş tərəf olaraq bizim çoxsaylı vəsatətlərimizə baxmayaraq, icarəyə verən tərəf bir dəfə də olsun dindirilməyə çağırılmayıb. Düzdür, məhkəmə onlara yekun qərar çıxarılana qədər icarəyə götürülmüş ərazidə təmir işləri aparmağı qadağan edib, məhkəmə icraçıları isə “Azur” ticarət mərkəzinin rəhbərliyinə bu qadağanın pozulmasına görə məsuliyyətlə bağlı xəbərdarlıq ediblər. Lakin onlar xəbərdarlığa sayğısız yanaşaraq, nümayişkaranə formada obyektin tam şəkildə yenidən qurulmasına başladılar – divarları dağıtdılar, pəncərə və qapıları dəyişdilər, ərazinin sahəsini artırdılar… Biz Ədliyyə Nazirliyinə, Məhkəmə qərarlarının icrasına nəzarət Baş İdarəsinə, Xətai probasiya şöbəsinə, prokurorluq və digər hüquq-mühafizə orqanlarına müraciət etdik. Bütün müraciətlərimiz əbəs oldu.

Bu əhvalat sahibkarların hüquqlarını qorumayan, əksinə, tanınmış məmurun oğlu tərəfindən onların hüquqlarının pozulmasını ört-basdır edən hüquq-mühafizə orqanlarına, məhkəmələrə şərəf gətirmir. Biz hətta çarəsiz qalaraq, icarəyə götürdüyümüz ərazinin sahibinin atasına da məktub yazıb problemin ədalətli həllinə köməklik göstərməsini xahişi etdik, cavab olmadı. İndi bizə bu məmurlara dövlət başçısının fərdi sahibkarın işinə mane olmamaq çağırışını bir daha xatırlatmaqdan başqa nə qalır? Amma ölkə prezidenti bir şeyi deyir, onun siyasətini həyata keçirməli, qanunun aliliyinə nəzarət etməli olan dövlət qulluqçuları isə yüksək vəzifələrini şəxsi mənfəətə çevirməkdə davam edirlər. Oliqarx sistem belə işləyir. Və bu proses dayandırılmasa, ölkəmiz, xarici təcrübənin də göstərdiyi kimi, iş yerlərinin böyük əksəriyyətini təşkil edən kiçik və orta sahibkar təbəqəsiz qala bilər”.

Nəhayət, 2022-ci ilin yayında “Azur” ticarət mərkəzi ilə orada yer icarələmiş mağaza arasında uzun sürən məhkəmə çəkişməsi “ölü nöqtədən” tərpənib. 32 aylıq məhkəmə bürokratiyasından sonra Bakı Kommersiya Məhkəməsi iş üzrə qərarını açıqlayıb. O, icarədarların əsas tələbini təmin etməyib. Əksinə, məhkəmə 2027-ci ilə qədər bağlanmış icarə müqaviləsinə xitam verərək, icarədarların mağazanın fəaliyyətsiz qaldığı dövr üçün ticarət mərkəzinə 28 734 manat ödəməli olduğu barədə qərar çıxarıb. Baxmayaraq ki, mağazanın fəaliyyətsiz qalmasına icarəyə verən tərəfin özünün hərəkətləri səbəb olub. Məhkəmə dağıdılmış və itmiş əmlaka görə kompensasiya məbləğini cəmi 39 105 manat dəyərləndirib. Halbuki, sənədləşdirilmiş zərərin real məbləği bundan 33 dəfə çoxdur.

“Məhkəmə iddialarımızı əsaslandırmaq üçün təqdim etdiyimiz heç bir sənədə məhəl qoymadı: müstəqil auditorların rəyləri, əsaslı təmir üçün investisiyaların qiymətləndirilməsi, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin qiymətləndirməsi, satış üçün əksər malların və avadanlıqların möhlət hüququ ilə alınmasını təsdiq edən ciddi hesabatlılıq sənədləri, mal və avadanlıqların oğurluğa qədər və ondan sonrakı adbaad siyahısı…” – Anar Qəribov daha bir qalın qovluğu göstərir: “İş materiallarında olan iki mindən çox təsdiq edilmiş sənəd diqqətdən kənarda qalıb. Məhkəmə öz qərarında səbəb göstərmədən Mülki Prosessual Məcəllənin 265.4 maddəsindən yan keçib. Həmin maddədə göstərilir ki, mülki məhkəmə işdə adı keçən tərəflərin fəaliyyətində cinayət tərkibi aşkar etdikdə, iş materiallarını prokurorluğa verməlidir”.

Təbii ki, uduzan tərəf bu qərarla razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. Belə məsələlərdən agah olanlar bilirlər ki, apellyasiya məhkəmələrində işlərə baxılması adətən nə qədər çəkir. Bu dəfə isə məhkəmə işi qəbul edəndən dərhal sonra – cümə günü, iyulun 29-da işlə bağlı hakimlər təyin olunub. Və həftənin ilk iş günü – bazar ertəsi, 1 avqust tarixində şikayətin baxılmaq üçün qəbul edilməsi imkanının müzakirə edildiyi iclas keçirilib. Məruzəçi kimi Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının sədri Vidadi Məmmədov çıxış edib. Tərəflərin iştirakı olmadan keçirilən iclasda apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin normalarının pozulması ilə tərtib edildiyi məlum olub. Hakimlər qərar qəbul ediblər: şikayət düzgün tərtib edilmədiyinə görə onun baxılmaq üçün qəbul edilməsinə heç bir əsas yoxdur, müvafiq olaraq işə apellyasiya məhkəməsində baxılmayacaq.

Yenə də sual açıq qalır: bu qədər qısa müddətdə – cümə günündən bazar ertəsinə qədər üç hakim illərlə uzanan işlə necə tanış olub, onu təhlil edib və qərar çıxara bilib? Doğrudanmı, onlar həftənin istirahət günlərini buna həsr ediblər?

“Bundan sonra öz biznesini qurmaq qərarına gələn istedadlı gəncləri ölkəni tərk etməməyə, özəl sektoru isə ölkə iqtisadiyyatına sərmayə qoymağa necə çağırmaq olar”, – deyə Anar Qəribov yekunlaşdırır: “Bu gün Rusiya və Ukraynada yaşayan bir çox Azərbaycan əsilli sahibkarlar məmnuniyyətlə öz bizneslərini vətənlərinə köçürərək, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyardılar. Amma belə bir məhkəmə sistemi ilə bu addımı atacaqlarmı? Azərbaycanın məhkəmə-hüquq sistemi öz sahibkarının sərmayələrini qoruya bilmirsə, hətta “basqın yolu ilə ələ keçirməyə” göz yumursa, işğaldan azad edilmiş torpaqların bərpasına külli miqdarda sərmayə qoymaq imkanı olan potensial xarici investorlar nə düşünəcək?”

Müəllif: Eldar Əliyev

Redaksiyadan: Anar Qəribovun təsvir etdiyi hadisə fərdi iş olsa da, təəssüf ki, ölkə üçün xarakterikdir. Bu məqamlar o qədər ciddidir ki, son illər əsas diqqəti kiçik və orta biznesə yönəldən iqtisadiyyatımızın əsaslarına böyük zərbə ola bilər. Bunu nəzərə alaraq, redaksiya mağaza sahibinin hekayəsini dərc etmək qərarına gəlib. Eyni zamanda, mövzu ilə bağlı çıxış etmək arzusu yaransa, qarşı tərəfə söz verməyə hazır olduğumuzu bildiririk. Bizim də bu işdə məqsədimiz birdir: sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
ayna.az
 
 
 
Ardını oxu...
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Alov-Mühafizə” MMC-nin 10 saylı filialı olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkil edilməsinə görə “Alov-Mühafizə” MMC -yə 217 min 175 manat 18 qəpik ödəniləcək.
Ardını oxu...
Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”-də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Qeyd edək ki, 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.
Mətbuatda yayılan sənədlərdən (15 mart 2019-cu il tarixli) belə görünür ki, “Alov-Mühafizə” MMC-nin həmtəsisçisi və baş idarə rəisi Qasımov Etibar Ağahüseyn oğludur.

Ardını oxu...
Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin və “Vətən-N Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisi olub.
Ardını oxu...
Etibar Qasimov eyni zamanda İctimai Nəzarət Koalisiyasının (İNK) sədr müavini olub. İNK sədri isə bu ilin əvvəlində xüsusi əməliyyatla həbs olunan Rasim Məmmədovdur.
Açıqlanan rəsmi məlumatlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 217 min manatlıq tenderini udan “Alov-Mühafizə” MMC-nin dövlət büdcəsinə 1 milyon 985 min 767 manat 29 qəpik vergi borcu var.
Məlumdur ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tender elanının bu ilin avqust ayının 1-də elan edib. Belə görünür ki, “Alov-Mühafizə” MMC-nin 2 milyonluq borcu son 1 ayda yaranıb. Əks halda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tenderi qanunsuz keçirmiş olacaq.
Ardını oxu...
Onu da qeyd edək ki, “Alov-Mühafizə” MMC aşağıda adları qeyd olunan məktəblərtin mühafizəsini təşkil edəcək.
- Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş karxanası ünvanında yerləşən 22 nömrəli tam orta məktəb
- Yasamal rayonu, Şərifzadə 207 ünvanında yerləşən 52 nömrəli tam orta məktəb
- Xətai rayonu, 8 Noyabr 159 ünvanında yerləşən 59 nömrəli tam orta məktəbin
- Sabunçu rayonu, Nəsib Məlikov küçəsi 7 ünvanında yerləşən 67 nömrəli tam otra məktəb
- Məzahir Rüstəmov 39 ünvanında yerləşən 88 nömrəli tam otra məktəb
- Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Tağıyev 14 ünvanında yerləşən 114 nömrəli tam otra məktəb
- Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 nömrəli otra məktəb
- Yasamal rayonu, M.Seyidov 183 ünvanında yerləşən 158 nömrəli tam otra məktəb
- Nəsimi rayonu, S.Rüstəm 35 ünvanında yerləşən 164 nömrəli tam otra məktəb
- Binəqdi rayonu, Gülməmməd Ramazanov 84 ünvanında yerləşən 182 nömrəli otra məktəb
- Maştağa qəsəbəsi, B.Bağırov 91 ünvanında yerləşən 87 nömrəli tam otra məktəb
- Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 218 nömrəli tam otra məktəb
- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 31 ünvanında yerləşən 252 nömrəli məktəb-lisey
- Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu 7 ünvanında yerləşən 274 nömrəli tam otra məktəb
- Suraxanı rayonu, Yeni Günəşli A/B yaşayış massivi ünvanında yerləşən 279 nömrəli tam otra məktəb
- Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən 314 nömrəli otra məktəb
- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov 18 ünvanında yerləşən 318 nömrəli tam otra məktəb
 

Dünyapress TV

Xəbər lenti