Ardını oxu...
Bakı Tikiş Evinin Satış şöbəsinin rəisi: “Bu qədər məktəb formasını bir günün içində necə istehsal edək?”

Yeni dərs ilinin başlanmasına bir həftədən az müddət qalmasına baxmayaraq, valideynlər hələ də məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları tapmaqda çətinlik çəkir. Formaları əldə etmək üçün Bakı Tikiş Evinin mağazalarına üz tutan ailələr geyimlərin çatışmadığından, yaxun uyğun ölçülərin qalmadığından şikayətlənir.

Bakı Tikiş Evinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyir ki, fabriklər çox olsaydı, onlar da bu qədər işlə yüklənməzdilər.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu əsasında qərar qəbul edib. "Report" xəbər verir ki, sentyabrın 9-da Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət Məcəlləsinin 73.1-ci və 73.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Baş Prokurorluğun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Sultanovun, mütəxəssis Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın və həmin fakültənin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən edib.

Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır.

Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
 
Ardını oxu...
Naxçıvandan maraqlı bir məlumat əldə etmişik.

“Hürriyyət”ə göndərilən məlumatda son 8 ildə Muxtar Respublikada təhsilin səviyyəsi əks olunub.

Müəllif 2014-cü ildən indiyədək ali məktəblərə qəbul imtahalarında 500-dən artıq bal toplayan Naxçıvan abituriyentlərinin sayını göstərən cədvəl tutub və cədvəldən də aydın görünür ki, 8 il ərzində bu uğura imza atanların sayı 33%, ümumi göstəricilərdəki nisbəti isə 50%-ə yaxın azalıb.

Ardını oxu...
Belə ki, 2014-cü ildə Muxtar Respublikada 500-dən çox bal toplayanların sayı 347 idi və bu da Azərbaycanın 5564 başarılı abituriyentlərinin 6.2%-ə bərabərdi. Bu il isə həmin rəqəm sayda 254-ə, nisbətdə 3.5%-ə düşüb.

Müəllifin fikrincə, hətta bu rəqəmlər belə, real mənzərəni tam əks etdirmir. Nədən ki, Muxtar Respublikada hətta 490 bal toplayanlar belə, 500-lük abituriyentlərin siyahısına salınır və belə saxta 500-lərin sayı az deyil. Bu da istər-istəməz uğur göstəricilərinin süni şəkildə şişirdilməsinə yol açır. Ən əsası isə, bu cür saxtakarlıqlar illərdir davam edir.

Muxtar Respublikanın təhsil sistemində hər il təkrarlanan digər saxtakarlıq Naxçıvan yetişdirməsi kimi göstərilən bir sıra abituriyentlərin əslində bu diyarla birbaşa əlaqəsinin olmamasıdır. “Məsələn, 2016-cı ildə guya Şahbuz kəndlərindən birində təhsil almış kimi göstərilən bir qız abituriyentin 695 bal topladığı barədə xəbər yayılmışdı. Hətta o vaxt bu məlumatı MR-in rəsmi orqanı “Naxçıvan xəbərləri” saytı “TQDK-nın qəbul imtahanında 695 bal toplayan Prezident təqaüdçüsü naxçıvanlı gənc” sərlövhəsi ilə təmtəraqlı şəkildə dərc etmişdi. Naxçıvanın “İstedad” kursu da həmin abituriyenti özünün ən başarılı yetişdirməsi kimi təqdim edir və onunla qürur duyduğunu gizlətmirdi. Lakin sonradan məlum oldu ki, bu abituriyent bir gün belə Naxçıvan məktəbinə getməyib, Bakıdakı kurslardan birində imtahanlara hazırlaşıb. Onu yetişdirən bir başqa hazırlıq kursunun ortaya çıxması Naxçıvan rəsmi mətbuatını dərhal tədbirlər görməyə vadar etdi. Həmin xəbəri öz səhifələrindən sildilər. “İstedad” kursu isə bu günə qədər bu saxta uğurunu özünün facebook səhifəsində reklam edir”.
Ardını oxu...
Ardını oxu...
Naxçıvan rəhbərliyi, bu xəbər niyə silinib?

Doğrusu, bizə göndərilən bu məlumatlara təəccüblənmədik. Əvvəla, Naxçıvan hakimiyyətinin ən çox etina ilə yanaşdığı ali məktəblərdən birinin – Naxçıvan Universitetinin rektoru belə, “Azərbaycan” sözünün necə yazılmasını bilmirsə, onun orta məktəblərində təhsilin səviyyəsindən danışmaq absurd olardı. Xatırladaq ki, sözügedən universitetin rektoru Nurlana Sabir qızı Əliyevanın rəhbərlik etdiyi ali təhsil ocağının reklamı üçün çəkdirdiyi şəkildəkı panoda ölkəmizin adı “Azarbaycan” kimi göstərilmişdi. Bu da azmış kimi, 2 həftəyə yaxın ölkənin bəzi mətbuat orqanları həmin rəzalət şəkildən davamlı bəhs etməyinə baxmayaraq, Nurlana xanımı Azərbaycanın adını necə yazıldığına inandıra bilməmişdi. Görünür, sonunda həmin təhsil ocağının daha savadlı müəllimləri özlərində cəsarət tapıb xanım rektoru medianın “hardasa haqlı olduğuna” inandıra bilmiş və məlum şəkil universitetin rəsmi səhifəsindən silinmişdi.
Ardını oxu...
Açığı, biz bunun texniki səhv olduğunu düşünürdük. Amma bir neçə gün əvvəl Azərbaycan Elm və Təhsil və naziri Emin Əmirullayevin mətbuata verdiyi müsahibəsində ölkəmizdə “şaftalı” sözünü “şafdalı”, “anbar”ı “ambar” kimi yazan yüzlərlə müəllim olduğunu etiraf etməsindən sonra bu təsəvvürümüz büsbütün dəyişdi. Axı həmin müəllimlər də ölkəmizdəki ali təhsil ocaqlarının məhsullarıdır. “Mal yiyəsinə oxşayar” məntiqindən “məhsula bax, istehsalçısını tanı” nəticəsi ortaya çıxdığından Naxçıvan Universitetinin rektorunun təsadüfən belə bir xətaya yol vermədiyini düşünmək olar. Əks halda, onun günlərlə öz səhvini düzəltməməkdə israr etməsinin səbəbini başqa arqumentlə əsaslandırmaq mümkün deyil.

İkincisi, faktların başına itin oyununu gətirmək Naxçıvan Muxtar Respublikası rəhbərliyinin mayasındadır. Onun indiyədək dilə gətirdiyi heç bir fakt təhrif edilməmiş və ya şişirdilməmiş cəmiyyətə təqdim olunmur. Təbii ki, bu xüsusiyyət təhsil sistemindən də yan keçməyib.

Digər məlumat qaynağımızın bildirdiyinə inansaq, əslində Naxçıvanda təhsil sisteminin getdikcə tənəzzülə uğraması görüntüsünün yaranması da Muxtar Respublikanın digər saxtakarlığının ortaya çıxardığı nəticədir. Belə ki, Naxçıvan əhalisi rəsmi statistikada hardasa yarım milyon nəfər göstərilir. Azərbaycan əhalisinin 10 milyon olduğunu nəzərə alsaq, bu hardasa ümumi əhalinin 5%-i deməkdir. Naxçıvan abituriyentlərinin ümumi göstəricinin cəmi 3.5%-ni təşkil etməsi, təbii ki, Azərbaycanın ümumi ortalamasından xeyli aşağı nəticədir. Sözsüz ki, tarix boyu öz intellektual səviyyəsi ilə seçilən Muxtar Respublikada təhsil nə qədər tənəzzülə uğradılsa da, bu aşağı göstərici ortaya çıxmaz. Hətta ən müxtəlif saxta yollarla bu statistika şişirdilsə də…

Məsələ burasındadır ki, Naxçıvanın əhalisi də əslində olduğundan xeyli çox göstərilir. “Xan” rejiminin ağır istismarına məruz qalan naxçıvanlılar yurd-yuvalarından qaçıb xarici ölkələrə sığınırlar. Bu da istər-istəməz təhsil alanların, eyni zamanda yüksək bal toplayanların da sayına təsirsiz ötüşmür. Muxtar Respublikada ildən-ilə təhsilin çöküşü təəssüratını yaradan rəqəmlərin ortaya çıxmasında bu amillərin də rolu böyükdür.
Ardını oxu...
Məktub müəllifinin iddiasına inansaq, Naxçıvanda təhsilin daha böyük problem var. Sən demə, Naxçıvan MR Təhsil naziri Rəhman Məmmədov, NDU-nun rektoru Elbrus İsayev, DİM rəhbəri Sabir Məmmədov da bölgədə təhsilin çökməsində az iş görmürlər. Hər halda bizə ünvanlanan məktubda belə deyilir: “Demək olar ki, 2014-cü ildə 500-dən yuxarı bal toplayan usaqların sayı Azərbaycan üzrə 6.2 faiz idisə, 2022-ci ildə bu rəqəm 3.5 faizə dusub . Hardasa 50 faiz zəifləmə var. Üstəlik, Azərbaycan üzrə 500 baldan yuxarıların statistikası tam doğrudur, amma Naxçıvanda her sey saxta oldugu kimi, 490 balları da bu siyahıya salıb 500 bal toplayanların sayını şişirdirlər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Təhsil naziri Rəhman Məmmədov, DİM rəhbəri Sabir Məmmədov bu saxta statiskita ilə Vasif müəllimi aldadırlar”.

Sözün düzü, müəllifin Vasif Talıbova bu qədər inamı bizi bir az təəccübləndirdi. Çünki bu zamanadək elə bilirdik ki, “qibleyi-aləm”in Naxçıvan üzərindən uçub isti və ya soyuq ölkələrə köçən quşlardan da xəbəri var. Bəs necə olur ki, köçəri quşların uçuş marşrutlarını belə nəzarətdə saxlamağı bacaran Naxçıvan rəhbərliyi təhsil ocaqlarında yaşanan tənəzzüldən xəbər tutmasın? Bəlkə Naxçıvanı cahilləşdirmək onun öz planıdır. Axı cahil insanları idarə etmək daha rahat olur.

Naxçıvanın cahilləşdirilməsində şəxsən Vasif Talıbov cənablarının marağının olub-olmadığını yoxlamaq üçün bizə göndərilən bu məktubu dərc etməyə qərar verdik. Ümidvarıq ki, məlumatı “qibleyi-aləm” də oxuyar və bilmədiyi həqiqətlərdən xəbər tutar. İşdir, şayət, gec xəbər tutarsa, biz də bu mövzunu qibleyi aləm xəbər tutana qədər gündəmdə saxlayacağıq.

Ardını oxu...
Zənnimizcə, məktub müəllifi Naxçıvanın savadsızlaşdırma prosesində “xan” həzrətlərinin “boz kardinal”ının xidmətlərini unudub. Çünki mətbuatda dərc olunan məlumatlara görə, Muxtar Respublikda abiturtiyentlərin ali məktəblərə hazırlaşdırılması birbaşa Azər Zeynalovun inhisarındadır. “Boz kardinal”ın yaxınları, daha doğrusu, kürəkəni Naxçıvandakı yeganə hazırlıq kursu olan “İstedad kursaları” MMC-yə nəzarət edir. İndi Naxçıvanda övladını hazırlıq keçməyə qoyan ailələr ancaq bu kursalar müraciət edə bilərlər. Muxtar respublikada fərdi hazırlıqlar keçirilməsi isə demək olar ki, tam məhdudlaşdırılıb”, - Ovat.com-un bir müddət əvvəl dərc etdiyi məlumatda belə deyilirdi.

Ovqat.com-un bu iddialarına inansaq, belə çıxır ki, “boz kardinal” üçün də savadsız Naxçıvan MR daha rahat idarə olunan məmləkət mənasına gəlir. Elədirsə, Naxçıvanın daha rahat idarə olunması məqsədilə savadsızlaşdırması kimin strateji yol xəritəsidir – “xan”ın, yoxsa “boz kardınal”ın? Zənnimizcə, bu suala ən yaxşı cavabı Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbov öz əməli fəaliyyəti ilə cavab verə bilər.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 3,399 milyon manatlıq tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.

Xatırladaq ki, "Zeytun Pharmaceuticals" MMC bundan əvvəl İnnovasiya və Təchizat Mərkəzinin profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması üzrə 1 851 424 manatlıq tenderini qazanıb (15.08.2022).

Bu da hamısı deyil, bundan da əvvəl, daha dəqiqi bu ilin fevral ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması üzrə tenderin qalibini açıqlayarkən də 1 518 166 min manatlıq vəsaitin "Zeytun Pharmaceuticals" MMC-yə ötürüldüyü məlum olmuşdu.

DİA.AZ xəbər verir ki, bu cür iri məbləğli tenderləri qazanmaq 2014-cü ildə fəaliyyətə başlayan və qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan “Zeytun Pharmaceuticals” şirkəti üçün artıq çoxdan adi hala çevrilib. Nə işdirsə, dövlət qurumlarının böyük əksəriyyəti dava-dərmanı və tibbi ləvazimatları məhz bu şirkətdən almağa üstünlük verirlər. Məsələn, təkcə keçən ilin oktyabr ayı ərzində yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə üst-üstə 11 milyon manatdan artıq dəyəri olan tenderlər verib.

Şirkət həmçinin, Fövqəladə Hallar Nazirliyindən Daxili İşlər Nazirliyinə qədər əksər qurumların “daimi müştərisi” sayıla bilər. Azərbaycanda tenderlərin keçirilməsi “qaydaları”, dərman bazarının vəziyyəti, satışa çıxarılan məhsulların keyfiyyəti, eləcə də bazardakı inhisarçılıq səviyyəsi barədə çox tənqidlər və şikayətlər olub. Ancaq dəyişən bir şey yoxdur.

Onu da xatırladaq ki, həmin bu “Zeytun Pharmaceuticals” MMC-nin adı bir neçə il əvvəl rəsmi qaydada ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən şirkətlərin sırasına salınmışdı. Belə ki, 2018-ci ildə Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələrinin müsadirə edilərək zərərsizləşdirildiyinə dair yayılan rəsmi məlumatda bir neçə şirkətlə yanaşı, “Zeytun Pharmaceuticals” MMC-nin də adı keçirdi.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin xaricdə daha bir biznesi aşkarlanıb.

TEREF.AZ qlobal.az-a istinadla xəbər verir ki, deputatın oğluna məxsus olan dörd mərtəbəli, dörd ulduzlu otel Türkiyənin İstanbul şəhərinin Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşir.

Otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Qeyd edək ki, Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.

Məlumatı araşdırmçı jurnalist Cavanşir Həsənli yayıb.

Xatırladaq ki, deputat Ağalar Vəliyev "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

Ağalar Vəliyev eyni zamanda Bakı, Sumqayıt və Abşeronda yaşayış binalarının tikintisi ilə məşğul olan "Kristal Abşeron" MTK-nın da sahibidir.

Deputat yayılan xəbərə mövqe bildirməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri uzun müddətdir davam edir.

Məhkəmə sökülən obyektin qiymətləndirilməsi üçün ekspertiza təyin etmişdi. Ekspertizanın rəyi olduqca ilgincdir.

Xatırladaq ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib.

Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunub ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılıb.

Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirib.

İlham Sərdarov əlavə edir ki, dağıdılmış əmlakının bazar qiyməti ilə hesablanması konstitusiyanın 29-cu maddəsinə ziddir: “Yəni, dövlət layihəsi olanda söküləcək obyektin, mənzilin bazar qiyməti hesablanır. O da əvvəldən ədalətli şəkildə hesablanıb, ödənildikdən sonra. Burda isə özəl şirkət olduğu üçün ancaq bərpa edilmə qiymətləndirilə bilər”.

Artıq məhkəmənin təyin etdiyi ekspertizanın rəyi də məlum olub.

Obyekti sökülən İlham Sərdarov deyir ki, “Əmlak Ekspert Mərkəzi” MMC qiymətləndirmə üçün müqayisəli obyektlər göstərib. Amma göstərilən obyektlərin qiyməti ilə onun sökülən obyektinin qiyməti uzlaşmır:

“Həmin obyektlərin şəkilləri də var. Mənim obyektimi Şıxliniskayada bir obyektlə müqayisə ediblər. Həmin obyektlə belə müqayisə edəndə mənim obyektimin qiyməti daha çox hesablanmalıdır. Çünki minimum qiymətlə belə hesablamayıblar. Bu adamlar mənim obyektimi söküb yerində bina tikirlər. Təsəvvür edin ki, tikdikləri binada evlərin satış qiyməti 1 kvadratmetr üçün minimum 1300 manatdır. Obyektin kvadratı isə 4000 min manat. Amma mənim obyektimin qiymətini 1000 manata belə hesablamayıblar.

Rəyi verən ekspert deyir ki, "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır. Bunu da əmlakın dəyərini aşağı salmaq üçün edir. Eskpertin istifadə etdiyi sənədlər 2005-ci ilin materiallarıdır. İndi "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır? Bakıda bunu kimdən soruşsan gülər. Metronun ətrafında 100 metrlik boş yer var?”.

Zərərçəkmiş İlham Sərdarov ekspertizanın rəyindən narazı olduğunu bildirib. Məhkəmə iclası sentyabrın 5-də baş tutacaq.

Xatırladaq ki, sonuncu məhkəmə iclaslarından birində “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev demişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Məhkəmə çəkişməsi isə Bakıda idmançıların klubunun gecə ilə uçurulması, bu günə qədər kompensasiya ödənilməməsi ilə bağlı şikayətlərə görə davam edir.

Bildirək ki, “RS Construction” MMC İlham Sərdarova qanunsuz olaraq sökdüyü obyektinə görə 162 min manat təklif edir. Bundan başqa, İlham Sərdarovdan etdiyi şikayətlər nəticəsində “RS Construction” MMC-nin işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 1 milyon manat məbləğində pul tələb edir.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılıb.
 //Musavat.com//
Ardını oxu...
 

 
“Oturacaqda oturub çəkisi 13 kiloqram olan uşağımın qızdırmasının düşməsini gözlədim”.

 

Yenicag.az xəbər verir ki, Arzu Muradova adlı şəxs “Leyla Medical Center”də üzləşdiyi laqeydlik və özbaşınalıqdan şikayətlənərkən deyib.

Onun sözlərinə görə, həmin xəstəxanada xəstələrə qarşı kobud rəftar və həkim laqeydliyi hökm sürür:

“Pediatr Nigar Namazovanın əsəbləşmiş xəstənin babası ilə çox qeyri-etik formada kobud danışığına şahid oldum. Bizi qəbul etdikdə (artıq biz 45 AZN ödəmişdik) 39.2 və kəskin baş ağrısı ilə apardığım oğlumun hərarətini termometrlə ölçüb öncə 37.5, daha sonra üç dəfə ölçdükdən sonra 38.5 qeyd etdilər. Təkidlə civəli “dədə-baba” termometrdən istifadə edilməsini istəsəm də, o boyda klinikada tapılmadı. Daha sonra bildirdilər ki, cibinizə uyğundursa, sistem köçürə bilərik. Yalnız sistem köçürülməsi haqqı dərmansız (təxmini 30 AZN dərmanlar) üç saat çəkəcək və bu xidmət 100 manat civarında olacaq. Əgər sistem istəməsək, iynə vura bilərlər. Həmin iynəni təcili tibbi yardımı xəstəyə ödənişsiz vurur.

Sistemin baha olduğunu söylədikdə iynəni vurdular. Oturacaqda oturub çəkisi 13 kiloqram olan uşağımın qızdırmasının düşməsini gözlədim. Baxmayaraq ki, içəri daxil olmadan öncə bizdən qəbul haqqı almışdılar. Gecə vaxtı halsız olan uşağımın 15 dəqiqə uzanması üçün şərait yaradılmadı. Həkimin sözlərinə görə, uşağı uzandırmaq üçün yatışa icazə olmalıdır və COVID-19 analizi verməlidir. Yəni şəhərin mərkəzində olan boş xəstəxanada iki gün qusma, qaytarma və qızdırmadan heydən düşmüş huşsuz uşaqla dəhlizdə durmalıyam.

Onu da qeyd edim ki, Nigar Namazova adlı pediatr nə bir resept, nə də bir məsləhət verdi. Mənə dedi ki, evdəki dərmanları istifadə edərsiniz. Uşağın qızdırması qalxsa, təcili tibbi yardım çağırıb qızdırmasını salarsınız. Üstəlik, sistem etdirmədiyim üçün mənə kağız da imzalatdırdılar. Bir uşağa, bir anaya və ən əsası, Azərbaycan vətəndaşına qarşı bu qədər laqeydlik və insafsızlıq olmaz”.


Yenicag.az

 

XalqXeber.Az
Ardını oxu...
2015-ci ildən başlayan və paytaxt Bakının ən elitar ərazilərindən birində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" Biznes Mərkəzi ətrafında başlayan insident səngimək bilmir. Ölkənin bir çox mətbuat orqanları kimi, "Araz Media Qrupundakı araz.az xəbər portalı və digər media vasitələri də, artıq xeyli müddətdir ki, bu intriqa barədə silsilə yazılar dərc edirlər. Bu yazılarda xüsusi olaraq o vurğulanır ki, Biznes Mərkəzinin mürəkkəb tikinti quruluşlu görkəmi olduqca cəlbedici görünən 7 mərtəbəli binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamı ilə, "Xalq Bank"ı kölgədən idarə edənlər arasında uzun müddətdir davam edən bu çəkişmədə, halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirilir. Konkret desək, sahibkarların başlarına oyun açmaqdan çəkinməyənlər, hətta zərərçəkən bu iş adamlarının müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl də qoya biliblər. Onların göstərişləri ilə, sahibkarlar binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan obyekt və ofislərinə belə yaxın buraxılmırlar.

Bu yerdə, bu qalmaqalla bağlı olan və hətta həmin yazılarda da xüsusi olaraq göstərilən olduqca maraqlı bir epizod barədə bir daha onu qeyd etmək istəyirik ki, bəli, "Yasmin" çəkişməsi başlayandan bu günədək, kölgədəki bankirlər tərəfindən qanunsuz təşkil edilən "razborka dəstəsinin qoluzorlularını" halal mülkünün -- aptekinin qapısına yaxın buraxmayan yeganə sahibkar Qalib Məmmədovdur. İndiyədək dəfələrlə təzyiq və təhdidlərlə üzləşsə də, o, öz mülkünü qorumaqda israrlı olub həmişə. Bu günlərdə ona qarşı yenidən qızışan təhdid və hədə-qorxular özünün pik həddinə çatsa da, aptek sahibi yenə öz halal və qanunlarımız çərçivəsində olan mübarizəsindən əl çəkmək istəmir. Üstəlik, məcburiyyətdən, bu aptek sahibi dövlət başçısı möhtərəm İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, ölkənin Baş naziri cənab Əli Əsədova, eləcə də digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə, bu günlərdə, daha bir kəskin şikayət xarakterli Müraciət ünvanlayıb. Qalib Məmmədov bir nüsxəsini də araz.az-a göndərdiyi özünün bu Müraciətində, xüsusi narahatçılıqla aşağıdakıları qeyd edir:

" "Yasmin" Biznes Mərkəzi qalmaqalında zərər çəkən bir mülk sahibi kimi, "Xalq Bank"ı kölgədən idarə edənlər tərəfindən pozulan hüquqlarımın qorunması və bərpası üçün bir daha sizlərə müraciət edirəm. Çünki mülkiyyətçi hüquqlarımı kobud şəkildə pozanların heç nə veclərinə deyil. Onlar, "Yasmin"dəki bu qalmaqal və intriqaların getdikcə böyüməsindən, vaxtilə Biznes Mərkəzinin baxımlı binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamına -- halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirir, başlarına oyun açmaqdan çəkinmir, sanki bundan ləzzət alırlar. Nəticədə, "Yasmin" ətrafındakı xoşagəlməz olaylar, getdikcə böyüyərək, artıq ictimai qınağa çevrilir.

Bu qalmaqalda əsas günahkarların -- bankı kölgədən idarə edənlərin, Biznes Mərkəzinin özünün binasını tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun əvvəlcədən planlaşdırdıqları belə bəd əməlləri nəticəsində, törədilən qanqaraldıcı qanunsuzluqlar, artıq çoxdandır ki, açıq-aşkar göz qabağına qoyulub. Onlar getdikcə daha da böyüyən "Yasmin" qalmaqalında, yalanla həqiqət arasındakı sərhədi belə dəfələrlə dumanlandırnağa çalışıblar. Bir sözlə, "Xalq Bank"ı kölgədən idarə edən və bizə -- halal mülk sahiblərinə qarşı düşmən mövqeli nüfuz sahibləri əvvəlcədən göz dikdikləri “Yasmin”in baxımlı binasını, "ağına-bozuna baxmadan" ələ keçirməkdə israrlıdırlar. Elə, buna görədir ki, heç bir qanun çərçivəsinə sığmayan istədikləri hərəkətləri etməkdən çəkinmirlər. Dəhşət ondadır ki, onlar, zərərçəkən iş adamlarının hər birinin binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl qoyublar, onları obyekt və ofislərinə belə yaxın buraxmırlar.

Doğrudan da, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə hər şeyə nail olanlar, mənim, sahibi olduğum 70 kvadratmetrlik mülkümün -- aptekimin də işləməsinə imkan vermirlər. Halbuki Biznes Mərkəzinin binasını tikən qurumla alqı-satqıya dair bütün qanuni müqavilə və maliyyə arayışlarım olduğu üçün, bu sözügedən sahə 2010-cu ildən mənim mülkiyyətimdədir. 2013-cü ildən isə, burada əhaliyə yüksək səviyyədə xidmət göstərən aptek işlətmişəm və hazırki çətin şəraitdə belə, öz işçilərimlə bu xidməti davam etdiririk. Bu barədə, müvafiq vergi kodum və Səhiyyə Nazirliyindən alınmış lisenziyam da mövcuddur. Sahə, "Azsığorta" ASC tərəfindən, hər il icbari sığorta və DİN-in Mühafizə Xidməti tərəfindən mühafizə olunurdu. Bu barədə də, əlimdə müvafiq qanuni müqavilələr və digər rəsmi sənədlər var.

Məhz yuxarıda qeyd etdiyim və mövcud qanunlarımızın hərtərəfli dəstəklədiyi vacib detallara görə də, bir daha qəti şəkildə deyirəm ki, "XalqBank"ı kölgədən idarə edənlər bu obyektimi mənim mülkümdən heç cür çıxara bilməz. Mən, bir sahibkar olaraq, özümə aid sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Mülkümü ələ keçirməyi tezləşdirmələri üçün, bank əməkdaşları isə, mənə hədə-qorxu gəlməkdən, əsl terrorçuluq kimi əməllər törətməkdən çəkinmirlər. Hətta illərdi ki, obyektimə gələn su, işıq və qaz da onlar tərəfindən kəsilib. Bu, əsl şeytan əməlidir və vicdan çərçivəsində buna heç cür haqq qazandırmaq olmaz. Çünki bu şeytan əməli nəticəsində, mənim vaxtilə daha baha qiymətə aldığım olduqca qiymətli və az tapılan dərman preparatları, üstəlik tibbi ləvazimatlar aptekdəki belə bir şəraitsizlikdə getdikcə daha sürətlə xarab olur. Bu səbəbdəndir ki, bir sahibkar kimi mənə dəyən ziyanın miqdarı, artıq, ölçüyəgəlməz həddə çatıb.

Üstəlik, mülkümü ələ keçirmək üçün, son vaxtlar mənə hədə-qorxu gələnlər, sadəcə terrorçuluq edirlər. Mənsə öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Məni oradan zorla çıxarmaq istəyənlər cinayətkar və terrorçu olacaq. Axı, belə bir qərarı, ancaq və ancaq, vicdan və qanun çərçivəsində işləyən haqq-ədalət məhkəmələri verə bilər! Əfsuslar ki, bu məhkəmələr də, haqq-ədaləti yox, qorxudan onların dediklərini müdafiə edirlər. Məcburiyyətdən, burada incidilən sahibkarlar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar. Həmin məhkəmə də, sahibkarların iddialarını müdafiə edib və bu barədə bir-neçə Qətnamə və Qərar verib. Bunu isə, mən, dövlətimizin adına və getdikcə artan beynəlxalq nüfuzuna layiq hal kimi qəbul etmirəm.

Məni və işçilərimi incidənlərə, ailəmi narahat edənlərə -- hakimiyyətdəki nüfuz sahiblərinin adlarından sui-istifadə etməkdən çəkinməyən bədniyyət insanlara qəti şəkildə bir daha bildirirəm ki, mən həmişə dövlətimizin mənafeyi naminə çalışan, lazım gələrsə, canımı millətim yolunda qurban verməyə hazır olan bir ölkə vətəndaşıyam! Təcavüzkarlar onu da yaxşı bilməlidirlər ki, halal mülkümü əlimdən almaqla, məni, qeyri-birisinə çevirə və sındra da bilməzlər -- mən öz haqq mübarizəmi sonadək davam etdirəcəm! Bir daha deyirəm, məni, özümə məxsus halal mülkümdən zorla heç kəs çıxara bilməz! Zorla çıxarmaq istəyənlərə isə, sonda, cinayətkar və terrorçu damğası vurulacaq! Bu, belə də olmalıdır, inşallah! Çünki Böyük Allah da hər şeyi görəndir və bu müqəddəs varlıq tərəfindən, günah işlədənlər gec-tez öz layiqli cəzalarını alırlar. Bir də ki, illərdi əziyyət çəkərək, bir sahibkar kimi, yer etmişəm özümə. Axı, mülk də, Böyük Allaha məxsus toxunulmaz bir əmanətdir! Kim ona təcavüz və xəyanət edərsə, Ulu Tanrının özü onun bəlasını verər! Bu, açıq-aşkar namərdlikdir! Haqq nazilər, üzülməz, öz yerini tapar, inşallah!".
Müraciətinin sonunda obyekt sahibi, indi, onun kimi, digər zərərçəkənlərin də hədsiz dərəcədə narahat olduqlarını qeyd edir. Bu işdə ona və digər mülk sahiblərinə kömək əli uzatmalarını xahiş edərək, umidini yalnız onlara bağladığını bildirir. Edəcəkləri köməyə görə, onlara qabaqcadan minnətdarliğını da çatdırır.
araz.az
 
Ardını oxu...
İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.

“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir.

DİA.AZ olaraq dünən bununla bağlı materialın birinci hissəsini təqdim etmişdik:

Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - QOÇULUQ ZƏMANƏSİDİR?

Yazının davamında qeyd olunur:

Vaxt gedir, məhkəmələr isə məsələni həll etmək əvəzinə, işi daha da qəlizləşdirirdilər. İddiaçı tələb edirdi ki, iş üzrə yekun qərar çıxarılana qədər, məhkəmə 2027-ci ilədək qüvvədə olan mövcud icarə müqaviləsi üzrə öhdəliklərin ticarət mərkəzi tərəfindən də yerinə yetirilməsini təmin etsin. Amma əvvəlcə Xətai Rayon Məhkəməsi, ardınca isə Bakı Kommersiya Məhkəməsi bu tələbi rədd edir. Məhkəmənin icarədarın mənafeyinə belə səthi münasibətindən istifadə edən ticarət mərkəzi isə tədricən təzyiqləri artırır, etiraz edən sahibkarı hər vasitə ilə sıxışdırmağa çalışırdı. Dizaynerlər, memarlar, inşaatçılar tez-tez mağazaya gələrək işi dayandırır, bu ərazini gələcəkdə restorana çevirmək üçün yenidən ölçmə işləri aparırdılar.



Anar Qəribov daha sonra deyir: “Bir dəfə mağazaya kanalizasiya suları töküldü, paltarların bir qismi xarab oldu. Müqaviləyə görə, malların bu səbəbdən xarab olması məsuliyyətini birbaşa icarəyə verən tərəf daşıyır. Amma bizim yazılı şikayətlərimizə yenə də baxan olmadı.



Sən demə, sonra baş verəcəklərin yanında bunlar hələ heç nə imiş. Əsl qanunsuzluq pandemiya zamanı – ölkədə ticarət mərkəzlərinin fəaliyyətini dayandırdığı 2020-ci ilin mart ayından başladı. Biz işçilərin maaşlarını, kreditləri və digər öhdəlikləri ödəmək üçün ünvana çatdırılma şərti ilə onlayn satışa başlamaq qərarına gəldik. Amma sən saydığını say, gör icarəyə verən tərəf nə sayır: cəsur “mühafizəçilər” mağaza işçilərini saxlamağa, özləri ilə götürdükləri malları geri qaytarmaq tələbi ilə onların əşyalarını yoxlamağa başladılar. Yenidən şikayət etdik, bizi yenə dinləmədilər”.

Anar Qəribov dekabrın 29-da Yeni il ərəfəsində mağazaya gələrkən 6 metrlik jalüz qapının sındırıldığını görüb. Mallarla dolu olan obyektin yerində isə bomboş, bərbad zal olub. O, polisə gedib, yoxa çıxan malların və avadanlıqların siyahısını tərtib edib. Buna nə ad vermək olar –günün günorta çağında qarət, yoxsa basqın yolu ilə ələ keçirmə? O zaman güman ediblər ki, suala hüquq-mühafizə orqanları cavab verəcək.

“Axır ki, 2021-ci il fevralın 3-də itən əşyaların bir qismi tapılaraq bizə göstərildi. Onlar yararsız vəziyyətə düşmüşdü və mağazadan 7 km aralıda, icarəyə verənlərdən birinə məxsus rütubətli zirzəmidə “saxlanılırdı”. Bahalı avadanlıqlar necə gəldi yerə atılmışdı və çətin ki, yenidən istifadə oluna bilərdi. Ancaq hər şeyi diqqətlə nəzərdən keçirmək mümkün deyildi. Bizə – oğurlanmış əmlakın sahiblərinə zirzəmiyə giriş qadağan edilmişdi.

Dəyəri yüz minlərlə manat olan itmiş mal və avadanlıqla bağlı polis rəsmi məlumat yaymadı, cinayət işi başlamaqdan imtina etdi. Yalnız icarəyə götürdüyümüz mağazaya, eləcə də mallarımızın saxlanıldığı zirzəmiyə giriş əldə etmək üçün məhkəməyə dəfələrlə müraciət etməyimizdən, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın inadkar təkidindən sonra qarşı tərəf bizə qalan əmlakımıza baxmaq imkanı yaratdı. Bütün tərəflərin iştirakı ilə 17 gün ərzində əmlakın adbaad siyahısı tərtib edildi, saxlanma qaydalarına əməl edilmədiyi üçün bütün malların yararsız hala düşdüyü təsdiqləndi: paltarlar nəm çəkmişdi, iy verirdi, bozarmışdı, avadanlıqların əhəmiyyətli hissəsi korroziyaya uğramışdı”.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi də mal və avadanlıqların zədələnməsi faktını təsdiqləyib. İşləyən mağazanın foto və video görüntülərinə və dağıdılan əmlakın “yoxa çıxdıqdan” sonra nəyə çevrildiyinə Famous Brands Azur youtube kanalında baxmaq olar. Yeri gəlmişkən, məqalənin başlığına çıxarılmış foto da oradan götürülüb.

Beləliklə, ekspertizanın nəticələrinə görə, məhv edilmiş əmlakın ümumi məbləği 503 661,70 manat təşkil edir. Çatışmayan əmlak isə 410 944,50 manat qiymətləndirilir. Müstəqil audit qiymətləndirməsinə əsasən, 32 ay müddətinə müqavilənin şərtlərinə əməl edilmədiyinə görə, sahibkarlara əlavə 390 760,74 manat maddi ziyan dəyib. Hüquqi, audit, ekspert xidmətlərinin dəyərini hesablamırıq. Çünki bu xərc dəyən ziyanın fonunda çox xırda bir şeydir. Amma mənəvi ziyan, imicə vurulan zərbə böyükdür.

Münaqişənin ilkin mərhələsi – mağazaya elektrik enerjisinin verilməsinin dayandırılması və reklam bannerlərinin götürülməsi ilə bağlı bu üç ilə yaxın müddət ərzində məhkəmə prosesi gedirdi. İşə əvvəlcə Xətai Rayon Məhkəməsində baxılıb, sonra materiallar Bakı Kommersiya Məhkəməsinə verilib. İki mötəbər instansiyanın belə bir kifayət qədər sadə məsələni həll etməsinin niyə bunca mürəkkəb olduğunu başa düşmək çətindir.

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal - materialların və bir sıra hazır reabilitasiya vasitələrinin alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, tenderlərin qalibi “Metiz Impeks” MMC və “Ottobock SE & Co,KGaA” şirkətidir.

Qalib şirkətlərə müvafiq olaraq 9,55 milyon manat və 3,69 milyon manat, ümumilikdə isə 13,24 milyon manat ödəniləcək.

DİA.AZ ilk olaraq “Metiz Impeks” MMC ilə bağlı araşdırma aparıb. Qeyd edək ki, bu MMC Sahil Babayevin "kantoru"ndan 9,55 milyon manatlıq tenderi "udub". Hər halda aşkarlanan faktlar aydın edir ki, sən demə, barəsində olduqca məhdud informasiyalar olan “Metiz Impeks” MMC ilk dəfə deyil ki, ƏƏSMN-dən milyonluq tenderi əldə edir. Elə son olaraq keçən ilin avqustunda, yəni təxminən bir il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi "Protez-ortopedik məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilər, xammal-materiallar və eləcədə bir sıra hazır reabilitasiya vasitələri"nin satın alınması üçün elan etdiyi tenderdə "Metiz-İmpeks" MMC-ni qalib elan edərək onun hesabına 7 milyon 42 min 99 manat vəsaiti köçürmüşdü.

DİA.AZ bir daha xatırladır ki, Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində "Metiz-İmpeks" MMC haqqında məlumatlar öyrənmək mümkün deyil. Bu isə o deməkdir ki, ən azından hüquq-mühafizə orqanları üçün bir araşdırma predmeti gün kimi ortada bərq vurur... Hər halda Sahil Babayevin "bostanı" olduğundan burada siyasi qərar olduqca mühüm faktordur.

Araşdırmalarımız davam edir. Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti