Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

Telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Ardını oxu...
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqı, habelə əməkhaqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bundan əlavə, hərbi xidmət dövründəxəsarət alan hərbi qulluqçulara sığorta ödənişi üçün verilmiş arayışların bir qisminin sənədləşmələrində qanunvericiliyin tələblərinin pozulması halları da aşkarlanıb. Artıq ödənişlərin bərpası və təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədi ilə yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.
Ardını oxu...
Meridian şadlıq evində bir stulun qiyməti 270 manat...

Bu gün qiymətlərin süni şişirdilməsinə baxanda adam istər-istəməz rəhmətlik dahi şairimiz Mirzə Ələkbər Sabirin “ Qiymətlər qalxdı, ay can, ay can” misrasını xatırlayır. Kimlərsə deyə bilər ki, Mirzə Ələkbər Sabir sabun bişirib satırdı, nə bilirdi bazar, azad, liberal iqtisadiyyat nədir. Vallah, Sabir bilməsə də “Azal”ın sahibi Cahangir Əsgərov bazar qiymətlərini əla bilir.
Bu gün ölkə mediasında yayılan xəbəri oxuyanda adam yayın istisində titrətmə tutur.
Xəbərdən bəlli olur ki, Türkiyəli qardaşımız İrəvandan süjet hazırlayıb. Ermənistanın paytaxtına Antalyadan gəldiyini qeyd edən aparıcı təyyarə biletinə cəmi 50 dollar ödəniş etdiyini qeyd edib. Qardaş Bakıdan isə Antalyaya təyyarə səfərinin qiyməti 274 dollardır, yəni 5-6 dəfə baha.
Sosial şəbəkədə soydaşlarımız soruşur ki, qardaş ölkə vətəndaşlarının Türkiyəyə, münasibətləri heç də xoş olmayan Ermənistan vətəndaşları ilə müqayisədə dəfələrlə baha getməsi sual doğurur. Nəzərə alsaq ki, ölkənin quru sərhədləri bağlıdır, artıq sentyabrdan ölkə xaricində təhsil almağa gedəcək tələbələrin vəziyyəti daha acınacaqlı olacaq.
Aviabiletlərin qiymətləri az qala tələbələrin xaricdə təhsil haqlarını da üstələyir.
Bəs təxminən eyni məsafəyə Azərbaycandan uçuşların 5-6 dəfə baha olması necə izah oluna bilər?
Məşğul əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə bizə bu qədər bahalı bilet lazımdırmı..?
Ən geridə qalmış Orta Asiya ölkələri, Türkmənistan, Özbəkistan, Qazaxstan, Qırğızıstan bu yanaşmadan imtina edib, qiymətlər əhalinin gəlirinə uyğundur.
Kimsə borc-xərc pul tapıb xaricdə müalicəyə getmək istəyir, amma müalicə xərcindən çox təyyarə biletinin qiymətidir.
Qiymətlərlə bağlı məsələ elə bilirsiniz təkcə AZAL-la bağlıdır..? Xeyir, əksər sahələrdə vəziyyət dözülməzdir.
Bu gün oxuyuram ki, özəl avtobus şirkətlərinin sahibləri deyib ki, sərnişin daşımağın 30 qəpik qiyməti bizə sərf etmir, qiymətlər qaldırılmalıdır.
Gördünüzmü, ictimai nəqliyyat da qiymətləri qaldırmaq istəyir. Bir mahnıda deyildiyi kimi elimizin toy adlı gözəl bir adəti var... Toylar isə ancaq şadlıq saraylarında baş tutur.
Belə şadlıq saraylarından biri də MERİDİAN şadlıq sarayıdır.
Təsəvvür edirsiniz, Meridian şadlıq sarayında bir yerin qiyməti 270 manatdır.
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə 270 manata toya necə getmək olar..? Deməli, vətəndaş 1 ay işləməlidir ki, Meridianda toy məclisinə getsin.
İkincisi. Gəlin xırda bir hesablama aparaq. Və görək ki, bir insan 270 manata nə yeyə, nə içə bilər...?
Ətin, ərzaq məhsullarının, içkinin ən baha qiymətlərini götürsək belə, bir insan qarnını doyurmaq üçün, lap tısqırınca yesə də 100 manat eləməz. Bəs Meridian şadlıq evi 270 manat qiymətini haradan götürüb, bunu necə hesablayıb..?
Deməli, Bakıdan Türkiyəyə təyarə biletinin qiyməti 270 dollar, Meridianda bir stulun qiyməti 270 manat.
Bəli, Meridian şadlıq evində toy sahibi yığılan pulun böyük əksəriyyətini restorana verir. Toy sahibinin özünə isə qəpik-quruş qalır. Bu da azmış kimi, həmin şəxs toyuna gəlib pul yazdıran qonaqlar qarşısında borclu qalır. Və özünə çatmayan pula görə, hər dəfə toya çağırılanda mütləq gedib iştirak etməli və borcunu ödəməli olur. Bax, bizdə belə bir dəhşətli toy sistemi formalaşıb. Hələ bu harasıdır..? Məclis bitdikdən sonra toy sahibi qalan içkiləri və ərzaqları götürmək istəyir. Bütün ərzaqların pulunu ödədiyi üçün onun qanuni haqqıdır. Lakin Meridian şadlıq evi buna icazə vermir. Restoran administratoru bildirir ki, ağzı açılan içkiləri müştəri götürə bilər. Qalanları isə restoranındır. Halbuki müştəri bütün içkilərin pulunu artıqlaması ilə ödəyir.
Yaxşı, bütün bunların kiminsə, nəyinsə ayağın yazmaq olar. Bəs görəsən, bir stula 270 manat qiymət qoyan Merdian şadlıq evi dövlət büdcəsinə nə qədər vergi ödəyir..? Əgər ciddi bir yoxlama olarsa, külli miqdarda vergidən yayınma ortaya çıxar. Biz hələ toyda verilən ərzaq məhsullarının nə qədər keyfiyyət standartına uyğun olub-olmadığını demirik.
Bu artıq QİDA agentliyinin işidir.
Bir sözlə, rəhmətlik Sabir demişkən, qiymətlər qalxdı,ay can, ay can…
gundelik baki.com

 
 
 

Ardını oxu...
DİA.AZ: - Neft Daşlarında çalışan neftçilərimizin gündəlik qida rasionuna nəzər yetirdikdə onların həqiqətən də sağlam yeməklə təmin olunduğunu görmək mümkündür. DİA.AZ bildirir ki, bu ancaq maləsəf, kağız üzərində belədir...

Ardını oxu...

Reallıqda isə mənzərə tamam başqadır ki, bu barədə dəfələrlə yazmışıq.

Yuxarıda təqdim etdiyimiz siyahıya diqqətlə baxın. Menyüyə əsasən, neftçilərə də belə yeməklər verilməlidir. Verilmir! Dəfələrlə sübut edilib.

Ümid edirik ki, SOCAR rəhbərliyi bunu nəzərə alacaq...
Ardını oxu...
“15 sentyabr yaxınlaşır, amma mənim övladım məktəbə gedə bilməyəcək”. DİA.AZ xəbər verir ki, bu sözləri Qədimova Sevinc Abuzər qızı Bizimyol.info-ya ünvanladığı müraciətdə bildirib. Onun sözlərinə görə, Yasamal rayonunda yaşamalarına və qeydiyyatda olmalarına baxmayaraq, 9 yaşlı oğlu Qafarov Ömər Xəyyam oğlu həmin ərazidəki 20 nömrəli məktəbə qəbul edilmir. Səbəb isə məktəbdə yerlərin dolu olması göstərilir.
“Əvvəl Nizami rayonunda yaşayırdım və övladım da həmin rayon ərazisindəki 32 nömrəli məktəbdə təhsil alırdı. Sonra oğlumla birgə Yasamal rayonuna köçməli olduq. Aprel ayından bəri mən və oğlum Yasamal rayonuna qeydiyyata düşmüşük. Yaşadığımız yer 20 nömrəli məktəbin düz yanıdır.

Şagird yerdəyişməsi ilə bağlı aprel ayında elektron müraciət etdim, növbəyə düşdüm. Lakin yer yox idi. Bu səbəbdən də avqust ayına qədər gözləməli oldum. Avqust ayında yenidən müraciət etdim. Hazırda növbədə birinciyəm, amma 20 nömrəli məktəbdə yer yoxdur.

Bununla bağlı Təhsil İdarəsinə, İcra hakimiyyətinə, Təhsil Nazirliyinə müraciət etmişəm. İcra hakimiyyəti deyir ki, bu iş Təhsil İdarəsi və Təhsil Nazirliyi ilə bağlıdır. Təhsil İdarəsinə isə gedirik, lakin qəbula düşə bilmirik. Mehriban Vəliyevanın qəbuluna düşmək çox qəliz məsələdir. Təsəvvür edin ki, səhər tezdən gedirəm, 5-6 saat gözləyirəm. Bundan sonra məni orada işləyən şöbə müdiri Tural müəllimin növbəsinə yazırlar. Deyirlər ki, 2 həftədən sonra gəl. İki həftə sonra isə qəbul edib deyirlər ki, məktəbdə yer yoxdur.

Təhsil Nazirliyinə də müraciət etmişəm. Bildiriblər ki, başqa məktəbə müraciət edim”. Sevinc Qədimova bildirir ki, o, övladımı tək böyüdür və işləyir. Bu səbəbdən də övladının yaxınlıqda yerləşən 20 nömrəli məktəbdə oxumasında israrlıdır.

“Mənim maddi imkanım yoxdur ki, övladıma adam tutum və onu hər gün məktəbə aparıb-gətirsin. Hər dəfə işdən icazə almalı oluram və bu, mənə ciddi problemlər yaradır. Biz 20 nömrəli məktəbin ərazisində yaşayırıq. Bilirəm ki, övladım bu məktəbə getsə, özü yol keçmədən gedib-gələ biləcək. Hazırda çox çətin vəziyyətdə qalmışam. Ayın 15-i dərs başlayır və mən övladımı Nizami rayonunda yerləşən məktəbə apara bilməyəcəm”.

Sevinc xanımın bacısı Qədimova Xuraman Abuzər qızı isə bildirir ki, Bakı İnzibati məhkəməsinə müraciət ediblər. “Cavabdeh olaraq, Təhsil Nazirliyi, Bakı Baş Təhsil İdarəsi və 20 saylı məktəbi qoymuşuq. Neçə aydır ki, Yasamal rayon İcra hakiminə, ərazi üzrə millət vəkilinə, 20 nömrəli məktəbin direktoru Esmira xanıma, Bakı Baş Təhsil İdarəsinin müdiri Mehriban xanıma, Təhsil nazirinə həm elektron, həm də poçt vasitəsi ilə məktublar göndərmişik. Bundan əlavə qəbullara da getmişik”.

Xuraman xanımın sözlərinə görə, sözügedən 20 nömrəli məktəbdə təhsil alan şagirdlərin əksəriyyəti ərazi üzrə yaşamırlar və bu səbəbdən də məktəbdə yer yoxdur. “Bizə deyirlər ki, başqa məktəbə müraciət edin. Niyə bu ərazidə yaşamayan şagirdlər həmin məktəbdə təhsil almalıdır, amma məktəbin həyətindəki binada yaşayan sakin uşağını uzaqda yerləşən məktəbə aparmağa məcbur olmalıdır?

Bacım tək anadır. Onun ailəsində ikinci işləyən insan yoxdur. Övladını hər dəfə məktəbə aparıb-gətirmək üçün işdən icazə almalı olur. Bu səbəbdən də işində problemlər yaşanır”,-deyə şikayətçi bildirir.

Bizimyol.info olaraq, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. İdarədən bildirdilər ki, ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi ilə 2019-2020-ci tədris ilindən etibarən şagirdlərin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçirilir.

“Müraciət edən vətəndaşın sorğusu araşdırılıb və məlum olub ki, 32 nömrəli tam orta məktəbin 3e sinif şagirdi Ömər Qafarov şagirdlərin elektron yerdəyişmə sistemində qeydiyyatdan keçirilib, 20 nömrəli tam orta məktəb-liseyin 3g sinfi üçün növbəyə yazılıb. Lakin yay dövrü şagird hərəkəti zamanı həmin sinifdə yer yaranmadığı üçün (yəni həmin sinifdə təhsil alan şagirdlərdən çıxan olmadığından) şagirdin növbəsi sorğuya çevrilməyib.

Hazırda hesabat dövrü ilə əlaqədar şagird yerdəyişməsi sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılıb. Qeyd edilənləri nəzərə alaraq, vətəndaşa oktyabr ayında yenidən saytında sorğu yerləşdirmək (yer olmadığı halda növbəyə yazılmaq) tövsiyə edilir”,- deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, müraciətlə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də sorğu göndərilib.
 
Ardını oxu...
Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır.

TEREF.AZ xəbər verir ki, 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub.

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib.

O bildirib ki, qərardan sonra da bu məsələyə cavabdeh olanlardan heç kim müəssisəyə müraciət etməyib: “Bizim heçkimlə müqaviləmiz yoxdur. Dörd rəngdən hansının tikilməsi belə deyilməyib. Bizim əsas işimiz güc strukturlarının formalarını tikməkdir. Onu axsada bilmərik. Çünki tender olub və həmin nazirliklərlə müqaviləmiz var. Əlavə vaxt və imkan daxilində istədik ki, məktəbli formaları da istehsal edək. Gündə təxminən 1500 ədəd məktəbli forması istehsal edib, satışını təşkil edirik. Bu saydan artığına bizim gücümüz çatmır. Çünki biz özəl müəssisəyik və kreditlə işləyirik. Dövlət yardımımız yoxdur. Bu səbəblərdən tək müəssisə Bakı məktəblərinin tələbini qarşılaya bilməz. Başqa əlavə müəssisə məktəbli forması istehsal etmir”.

E.Əzimov vurğulayıb ki, izdihama səbəb məktəb direktorlarının valideynləri məcbur etməsidir: “Göndərirlər ki, mütləq alınmalıdır. Niyə? Elm və təhsil naziri də yeni məktəbli formalarının alınmasının könüllü olduğunu deyib. Məcburiyyət yoxdur. Amma məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür? Niyə onlara başa salınmır ki, valideynləri incitməsinlər. Yaranan ajotaja səbəb məktəb direktorlarıdır. Anbarımızda köhnə məktəbli formaları var. Amma heç kim istəmir. Hamı yenisini istəyir. Məktəbli formaları 1-4-cü siniflər üçün məcburdu. Yuxarı siniflərdə oxuyan şagirdlərin valideynləri də gəlir ki, forma verin”.

Şöbə müdiri valideyinlərə müraciət edib: “Biz davamlı olaraq formaları istehsal edəcəyik. Hamısın birdən istehsal etmək mümkün deyil. Başqa müəssisələr varsa, satışa çıxarsın. Var, amma keyfiyyəti o qədər də yaxşı deyil”.
 
Ardını oxu...
Evdə qaz kəsildi. Bakının şəhərətrafı qəsəbələrində tez-tez belə hallar olur. Adətən sonradan bu, təmir və ya profilaktika işləri ilə izah olunur. Bu dəfə qazın kəsilməsi qapının döyülməsi ilə müşaiyət olunur. Qonşular köməyə çağırırdılar. Küçədə əlində alətlər olan, üstündə qarışıq geyim növlərindən kombinasiya edilmiş paltar olan bir şəxs görürəm. Lazım olduğu kimi uniforması yoxdur. “Nə olub?” deyə soruşuram. Cavabda belə deyir: “Qaz boru kəmərindən sayğaca qaz ötürən 20 düymlük boruları dəyişdiririk, həm də sayğacları yoxlamaq üçün götürürük”.

Qanunvericiliyə və istehlakçı və Azəriqaz İB arasında standart müqaviləyə əsasən, bütün ilkin tədbirlər: qazın kəsilməsi, avadanlığın dəyişdirilməsi haqqında əvvəlcədən xəbər verilir, sayğacın götürülməsi, dəyişdirilməsi, quraşdırılması isə abonentnin iştirakı ilə həyata keçirilir və aktlaşdırılır. Təcrübədə isə bu, baş vermir. Azəriqaz-a zəng etdim. Etiraf etdilər ki, podratçı şirkət qaydaları pozub, belə halların tez-tez baş verməsindən gileyləndilər. Qonşulardan soruşdum, heç kimə xəbərdarlıq edilməyib.

Mənim sayğacımı yerinə qaytardılar, qonşunun smart sayğacını mexaniki sayğacla dəyişdirdilər.

Boruların və smart sayğacların mexaniki sayğaclarla dəyişdirilməsi üzrə özünü doğrultmayan şirkət tam sürətlə fəaliyyət göstərir və son nəticədə Azəriqaz-ı iflasa sürükləyəcək, buna görə gec-tez dövlət miqyasında maxinasiyalara görə xalqa hesab verməli olacaq. Biz bunu dəfələrlə yaşamışıq.

Məsələnin tarixçəsi

2004-cü ildə tez-tez qaz kəsilməsi, mavi yanacağın aşağı keyfiyyəti, istehlakçılara artıq borclar yazılması, dövlət tərəfindən digər bu cür təşkilatlara olduğu kimi, Azəriqaz-a da əsassız debitor borclarının yazılması və silinməsi norma və hakimiyyətdəki bir çox subyektlər üçün gəlir mənbəyi idi.

Həmin vaxt əhalinin qaz istehlakı və borc həcmi həddindən artıq şişirdilirdi. Mexanizm çox sadə idi. İstehlakçılara adambaşı 30 kubmetr hesabla qaz verilirdi. Sayğac yox idi, buna görə də həqiqətən hansısa qaz həcminin istifadə edildiyini sübut etmək çətin idi. Bu, Azəriqaz-a fakta əsasən deyil, normativə əsaslanaraq tədarük həcmini şişirtmək, həm də əhalinin borclarını artıq yazmaq imkanı verirdi. Həmin vaxt ölkədə milyondan çox abonent var idi, amma cəmi 780 min abonent pis-yaxşı qaz alırdı, onların 400 mindən çoxu Bakıda yaşayırdı. Əhalinin borcları yüz milyonlarla dollara çatırdı. 2013-cü ildə hökumət əhalinin Azəriqaz-a 500 mln. dollar məbləğində borcunu silib.

90-cı illərin sonlarında AİYB-nin xətti ilə Bakıda pilot layihə çərçivəsində 45 min qaz sayğacı quraşdırılıb. Sonradan layihə inkişafını tapmayıb, belə ki, bu, qaz tədarükçüləri üçün sərfəli deyildi, çünki sayğaclar qaz istehlakı haqqında dəqiq məlumat verirdi.

Mən vəziyyəti təhlil etdim. Məlum oldu ki, çoxmənzilli evlərdə sayğacı olan abonentlər normativ üzrə nəzərdə tutulandan 5 dəfə az qaz istifadə edirdilər. Azəriqaz əhaliyə qaz tədarükü həcmini ildə təxminən 3 mlrd. kubmetr həddində qiymətləndirirdi. Hesablamalarım göstərib ki, real istehlak 900 mln. kubmetrdən çox deyildi. Yəni 2 mlrd. kubmetr əhaliyə borc kimi hesablanırdı, eyni zamanda qaz tədarükü həyata keçirilən Gürcüstana və Rusiyaya qanunsuz olaraq göndərilə bilərdi (Ermənistana zəmanət vermirəm, baxmayaraq ki, bu barədə bəyanatlar səslənirdi).

Həmin vaxt biz istehlakçıların hüquqlarının müdafiəsi üzrə koalisiya qurduq və bütün abonentlərə sayğacların quraşdırılması uğrunda mübarizəyə başladıq. Vəziyyətin təhlili bir sıra KİV-lərdə dərc edilmiş məqalələrdə əksini tapıb. Koalisiya dəstək üçün prezident İlham Əliyevə müraciət edib. Düzünü desəm, mən onun müsbət reaksiya verəcəyini gözləmirdim, belə ki, onu da sistemin bir hissəsi olaraq görürdüm. Amma o, reaksiya verib və hətta çox qəti və sərt reaksiya verib. Məsələn, Azəriqaz-ın o vaxtkı rəhbəri Əlixan Məlikov prezidentin hər yerdə sayğac tətbiq etmək tələbinə cavabda bunun üçün 8 il müddət istəyib. Həmin vaxt mən Azəriqaz-ın baş mühəndisi ilə əlaqə saxladım və ondan iki çilingərin bir sayğacı quraşdırması üçün nə qədər vaxt tələb olunduğunu soruşdum. Məlum oldu ki, yarım saat lazımdır. Belə çıxır ki, ildə 1 mln. sayğac quraşdırmaq üçün 1000 çilingərə ehtiyac olacaq, bu, ictimaiyyətin də diqqətinə çatdırılıb.

Prezident əvvəlcə sayğacları 3 il ərzində quraşdırmağı tələb edib, sonradan bu müddəti iki ilə qədər azaldıb. Beləliklə, Azərbaycan MDB-də qaz pulunun sayğaclar əsasında ödənilməsinə tamamilə keçid edən ilk ölkə olub.

Sayğacların tətbiqi istehlak göstəricilərinin kəskin şəkildə azalmasına gətirib çıxarıb. Bu gün ölkə üzrə ildə təxminən 3.8 mlrd. kubmetr qaz istehlak edən “əhali” kateqoriyasına aid 2,5 mln.-a yaxın abonent var. Yəni bu, bizim 2004-cü ildə istehlakın həddindən artıq şişirdildiyi haqqında bəyanatlarımızı təsdiq edib (2004-cü il. 780 min abonent. İstehlak 3 mlrd.).

Bu gün SOCAR-da hər şeyi geri qaytarmaq cəhdləri aydın şəkildə görülür, daha doğrusu minanı Azəriqaz idarəçiliyində olan dövlət şirkətinin keçmiş rəhbəri basdırıb. Sui-istifadələrə yol açan iki mühüm problemi qeyd edək:

1. Təmir-montaj işlərinin, o cümlədən sayğacların quraşdırılması və onlara xidmət həyata keçirilməsi üçün subpodratçılar sistemi yaradılıb. Onların sayı yüzdən çoxdur. Qazlaşdırma işləri onlar arasında bölünür, bir halda ki, bunu birbaşa Azəriqaz özü edə bilərdi. Beləliklə, direktoru, mühasibi, ustabaşı, fəhləsi olan yüzlərlə firma yaranır. Bu, işlərin həyata keçirilməsi xərclərini artırır. Əslində Azəriqaz-da bununla bir idarə məşğul olmalıdır, bu, səmərəlilik, sərfəlilik və nəzarət nöqteyi-nəzərdən məqsədəuyğundur.

2. Azəriqaz müxtəlif bəhanələrlə smart sayğaclardan mexaniki sayğaclara keçid kampaniyasına başlayıb.

Smart sayğacların mexaniki sayğaclarla əvəz edilməsi hansı residivlərə gətirib çıxaracaq?

Smart sayğaclar qaz istehlakı haqqını ilkin ödənişdən çıxır: ödədin – aldın. Mexaniki sayğaclar aldın – ödədin prinsipi ilə işləyir. Bu isə abonentlərin qazdan istifadə etməsinə, bir çox hallarda pul olmadığına görə ödənişdən yayınmasına və ya xidmətlər üçün qismən ödəniş etməsinə gətirib çıxaracaq. Beləliklə, borcun artması qaçılmaz olacaq. Bu zaman nəzərə almaq lazımdır ki, mexaniki sayğaclar olduqda insan amilinin təsiri yüksəkdir. Azəriqaz-ın subpodratçısı olan hansısa şirkətin əməkdaşının müəyyən ödəniş müqabilində mexaniki müdaxilə yolu ilə sayğacın göstəricisini azaltmayacağının zəmanəti yoxdur. Biz artıq bunları yaşamışıq. İlkin ödəniş olduqda bu, istisna olur. Bu zaman abonentlər ilkin ödəniş edərkən Azəriqaz-a kredit vermiş olur, məsələn, yayda qaz üçün 100 manat ödədim və indiyədək bütün vəsaiti sərf etməmişəm.

Yaranmış mənfi vəziyyətlə əlaqədar Azəriqaz İB-yə aşağıdakıları təklif edirəm:

-Azəriqaz-da subpodrat sistemi ləğv edilsin.

-Yalnız smart-sayğaclar tətbiq edilsin.

-Azəriqaz-da işlərin icrasına, onların məqsədəuyğunluğuna, büdcəyə nəzarət gücləndirilsin.

Tapmaca: Sol sayğacda dəyişdirilmişdir qara rəngli boru görürsiniz. Sağ sayğacda ağ rəngli boru dəyişməyib. Borunun dəyişdirilməsini necə əsaslandırmaq olar?
Ardını oxu...
QAZ HÜCUMU

BAKI/23.12.04/TURAN: "Azəriqaz" QTSC ötən illərdəki kimi qış ərəfəsində əhaliyə qarşı hücuma keçib. Qurum "Ən yaxşı müdafiə hücumdur" prinsipilə apardığı mübarizəsini ilbəil genişləndirir. Cəmiyət hər dəfə əhalini verilən qazın haqqını ödəməməkdə suçlayaraq qaz təminatındakı bərbad durumun günahını vətəndaşların üzərinə yıxır. Azərbaycanda rəsmi hesablamalara görə 780 min abunəçiyə qaz verilir. Ancaq real olaraq abunəçilərin çoxu qazı ya almır, ya da elə aşağı təzyiqlə alır ki, onunla qayğanaq belə bişirmək mümkün olmur. Müşahidələr göstərir ki, qaz təminatı son aylarda qiymətlər 2,5 dəfə artaraq hər kubmetr üçün 81 manat olmasına baxmayaraq daha da pisləşib.

"Azəriqaz" əhalinin qaz pulu ödəmədiyini bildirməklə, yumşaq desək, yalan danışır. Qurumun öz xəbərlərinə görə, 2004-cü ilin yanvar-oktyabr aylarında əhaliyə verilən 1 mlrd.676 mln. kubmetr qazın dəyərinin 87,7%-i ödənilib. Bu, son 10 ildə qaz pulu yığımının rekord göstəricisidir. Yenə də "Azəriqaz"ın verdiyi xəbərlərə görə, son bir neçə ildə əhalidən adətən verilən qazın 48-52%-nin haqqı toplanırdı.

Məmurların əhalinin qaz pulu ödəmədiyini bildirərkən hansı məqsəd güddükləri də aydın deyil. Bəlkə onlar verilməyən qazın da pulunu yığmağı nəzərdə tuturlar? Noyabrda "Azəriqaz" SC-nın prezidenti Əlixan Məlikov Rusiyadan alınan qaz hesabına Azərbaycanda qaz təminatının 55%-dən 80%-ə qaldırmağın mümkün olduğunu bildirib. Bununla o əhalinin 45%-nə qaz verilmədiyini təsiqləyib. Daha sonra Məlikov hər il ölkənin 4 mlrd. kubmetr qaz idhal etdiyini, bunun 300 mln. kubmetrinin əhalinin, qalanının isə elektrik stansiyalarının təminatına yönəldildiyini vurğulayıb. Məlikovun sözlərinə görə, ölkə üzrə çıxarılan bütün qaz - 4 mlrd. kubmetr - əhaliyə verilir. Belə çıxır ki, əhaliyə 4 mlrd. 300 mln. kubmetr qaz verilir. Məlikov bildirir ki, "Azəriqaz" il boyu bütün hüquqi və fiziki şəxslərə 8 mlrd. kubmetr qaz verir. Ancaq onun dedikləri "Azəriqaz" ATSC-nın vitse-prezidenti Nazim Səmədzadənin söylədikləri ilə üst-üstə düşmür. Səmədzadənin sözlərinə görə, cəmiyət hər il 27 mln. kubmetr qaz alır - 11,5 mln. kubmetr ARDNŞ-dan, 15,5 mln. kubmetr "Qazeksport" MMC-dən. Yəni, "Azəriqaz" ildə cəmi 9 mlrd. 855 mln. kubmetr qaz alır. Bəs onda 1,8 mlrd. kubmetr qaz hara verilir? Əhaliyə verilən qazın dəqiq miqdarı da bəlli deyil. Məlikov deyir əhaliyə 4,3 mlrd. kubmetr qaz verilib, statistika göstərir ki, bu rəqəm 10 ayda 1 mlrd. 676 mln. olub. İlin sonuna kimi bu, ən yaxşı halda 2 mlrd. kubmetri bir qədər keçə bilər.

Əhali isə qazı həddən artıq aşağı təzyiqlə aldığından gileylənir. Bakıda quraşdırılan qaz sayğacları üzrə aparılan hesablamalar isə göstərir ki, 4-5 nəfərlik ailə - 1 abunəçi - ildə orta hesabla 300-500 kubmetr qaz işlədir. Bu "Azəriqaz"ın hesablamalarından 4 dəfə azdır. Qurum hələ də sovet dönəmindən qalan normativlərlə işləyir. Bu sənədlərə görə isə, ildə adambaşına 500 kubmetr qaz verilməlidir. Qazın illik şişirdilmiş həcmi də elə buradan "qaynaqlanır". Beləliklə, "Azəriqaz" əhalidən real verilən deyil, normativ üzrə verilməli olan qazın pulunu toplayır. Deməli, reallıq əhalinin "virtual" qazın haqqını ödədiyini göstərir.

Biz uçot və nəzarətin təkmil olmadığı indiki durumda qazın qiymətinin qaldırılmasının ən uğurlu variant olmadığını yazmışdıq. Çoxillik təcrübə göstərir ki, qazın verilməsi üzrə indiki uçot sistemi nə verilən qazın dəqiq miqdarı, nə də əhalinin işlətdiyi qazın dəqiq hesabatına aparmağa imkan vermir. Ancaq hökumət problemləri aradan qaldırmaq, qaz paylayıcı ilə abunəçi arasında münasibətlərin ədalətli, sivil variantlarını tapmaq yerinə problemi bir qədər də kəskinləşdirir. Hakimiyət bu sahədə şəffaflığın qarşısını ciddi-cəhdlə alır. Baş nazir Artur Rəsizadə bildirir ki, hökumətin əhalini qaz sayğacları ilə təmin etməyə vəsaiti yoxdur. Ancaq baş nazir üçün belə bir sayğac tapılıb. Artıq o, normativlərdə nəzərdə tutulduğundan 10 dəfə az qazpulu ödədiyini etiraf edir.

Əhalinin qazla təminatının uçotu üzrə ən ədalətli qərar bütün abunəçilər üçün qaz sayğaclarının quraşdırılması ola bilər. Yalnız bu halda hər abunəçi normativ üzrə deyil, işlətdiyi qazın pulunu verəcək.

Hələlik isə ölkə üzrə yalnız 66 min sayğac quraşdırılıb. Bütün abunəçilərin sayğacla təmin edilməsi üçün isə $30 mln. gərəkdir. Çünki Çin istehsalı olan sayğac $27 - Rusiya sayğacları bundan $5 ucuzdur -, abunəçilərin sayı isə 1 mln.120 mindi. Qaz sayğaclarının operativ quraşdırılması üçün isə Özbəkistanda olduğu kimi uyğun dövlət proqramı olmalıdır. Yada salaq ki, Özbəkistan 2002-2004-cü illərdə qazlaşdırılmış mənzil fondunda verilən qazın hesablanması qurğularının quraşdırılması üzrə dövlət proqramı gerçəkləşdirilib. İki ilə ölkədə 3,601 mln. qaz sayğacının quraşdırılması planlaşdırılıb. Proqram uğurla davam etdirilir. Sayğacların alınmasını Çinin Eximbankı maliyələşdirir. Kredit 10 il müddətinə, ilk 4 il güzəştli olmaqla illik 3%-lə verilib.

Hökumətin qaz sayğaclarının quraşdırılması üçün vəsait olmaması haqda dediklərini ciddi saymaq olmaz, çünki, söhbət vətəndaşların dövlət vəsaitləri və milli sərvətlərə şəffaf nəzarət üzrə konstitusyon hüququndan gedir. Əks halda, biz elektrik sayğaclarından, kassa aparatlarından, yanacaqdoldurma məntəqələrindəki sayğaclardan imtina edərək əcdadlarımızın yararlandığı mal mübadiləsi üsullarına qayıtmalıyıq.

Ancaq hələlik bütün abunəçilər üçün sayğaclar qurşdırılmadığından hökumətin verilən qaz üzrə normativlərə yenidən baxması yaxşı olardı. Adambaşına qaz istifadəsi isə artıq işləyən sayğaclara uyğun götürülməlidir. Bu isə normativdəki rəqəmlərin, eyni zamanda əhalidən yığılan pulun 3-4 dəfə azalması deməkdir. Bu halda, əhalinin hazırda 3-4 mlrd kubmetr qaza hesablanan virtual tələbatı gerçəklikdə real olaraq 1 mlrd kubmetrdən artıq olmayaçaq.
Mehman Əliyev, Turan İA-nın direktoru
Teref.az
 
 
 

Ardını oxu...

Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin əsas hobbilərindən biri də səyahət etmək imiş. Bu barədə o sosial şəbəkədə məlumat yayıb.

Məhz buna görədir ki, deputat oğlu dünyanın ən bahalı ölkələrinə səyahət edir, Niaqara şələləsini yaxından izləyor, ərəb şeyxləri ilə Dubay səhralarında şampan ziyafəti çəkir.

O, bu görüntüləri şəxsi “facebook” səhifəsində hərkəsə açıq şəkildə palaşım etməkdən də çəkinmir.

Mətbuatda biznesmen deputat kimi adı hallanan Ağalar Vəliyevin oğlunun da özü kimi biznes şəbəkələrinin sahibi olduğu bildirilir. //32gun.az//

Ardını oxu...
Prezident İlham Əliyevin fərmanı ilə bu il iyul ayının 28-də Təhsil Nazirliyinin balansında Elm və Təhsil Nazirliyinin yaradılması ictimai diqqəti yenidən bu dövlət qurumuna yönəltdi...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının və təhsillə bağlı digər strukturların bir araya gəlməsi sayəsində super nazirliyə çevrilən bu qurumun idarəçiliyinə yeni simanın gətiriləcəyi ilə bağlı proqnozlar isə özünü doğrultmadı. Gözləntilərin əksi olaraq, gənc nazir Emin Əmrullayev öz vəzifəsini qoruya bildi.

Yenisabah.az bildirir ki, Elm və Təhsil Nazirliyi hazırda ictimai müzakirələrin mərkəzində dayanır. Son vaxtlar bu qurumla bağlı ictimai narazılıq getdikcə artır. Bunun obyektiv və subyektiv səbəbləri olsa da, nazir Emin Əmrullayevin ehtiyatsız açıqlamaları müzakirələri bir qədər də tündləşdirib. Gənc nazir Azərbaycanda fəaliyyət göstərən müəllimlərin savadsızlığına eyham vuran məlum açıqlaması ilə təkcə özünü deyil, bütövlükdə bu dövlət qurumunu cəmiyyətin tənqidçi kəsiminin hədəfinə gətirdi.

Aldığımız məlumatlara görə, Emin Əmrullayevin fəaliyyətindən müəllim və valideynlərlə yanaşı, hakimiyyətin yuxarı eşalonunda da narazılıq artır. Hakimiyyət ideoloqları gənc nazirin ona göstərilən etimadı doğrultmadığı qənaətindədirlər.

Mənbə deyib ki, hazırda Emin Əmrullayevin səlahiyyətlərini azaltmaq, daha doğrusu, onun əl-qolunu bağlamaq istiqamətində ciddi iş gedir. Onun sözlərinə görə, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması buna xidmət edir. Məlumatlı şəxsin dediyinə görə, sözügedən agentliklərin Elm və Təhsil Nazirliyinin tabeliyində olması formal xarakter daşıyacaq, hər iki qurum müstəqil fəaliyyət göstərəcək və birbaşa Prezident Administrasiyasına hesabat verəcək. Bununla da nazir Emin Əmrullayevin əhalinin ən çox narazılıq etdiyi müəssisələr – bağçalar, orta ümumtəhsil məktəbləri, peşə liseyləri və universitetlər üzərindəki təsir imkanları sıfıra enəcək.

Emin Əmrullayevinin tədricən “portfelli nazir”ə çevrilməsi nəzərdə tutulub.
 

Dünyapress TV

Xəbər lenti