Ardını oxu...
Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın "RAO Global Group" şirkətinin direktoru Rəsul Orucova məxsus olan şirkətin milyonluq vergi borcunun ödənilməsi ilə bağlı məhkəmə qərar verib.

"RAO Global Group" şirkəti tərəfindən təsis edilən "CPS Construction"nun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 6.549.204,84 manat vergi borcu var.

Qanuni təmsilçisi Baxışov İqbal Əlövsət oğlu olan şirkətin dövlətə olan borcunun ödənilməsi ilə bağlı məhkəmə qərar verib. Şirkət isə məhkəmənin qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib.

Cavabdeh dövlət qurumu kimi İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsi göstərilib. Hakim Azər Bayramovun sədrliyi ilə məhkəməyə baxış iclası 16.04.2024-cü il tarixində keçiriləcək.
Ardını oxu...
Qeyd edək ki, "CPS Construction" MMC 2015-ci ildə təsis edilib, 200-dən çox inşaat və xüsusi texnikaya malikdir. O, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik hissəsinin tikintisində iştirak edir. "CPS Construction" 2010-cu ildə "RAO Global GmbH" MMC tərəfindən təsis edilən "Ağstafa Aqrar Sənaye Kompleksi" MMC-nin törəmə strukturudur. Qrup Rəsul Orucova məxsusdur.

Xatırladaq ki, Rəsul Orucov Dövlət Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunaraq və 3 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Həmin vaxtdan indiyədək vergi borcu ödənilməyib. Bu səbəbdən Rəsul Orucov barəsində yenidən həbs qətimkan tədbiri seçilə bilər. \\Qaynarinfo.Az

Ardını oxu...
Sumqayıt şəhəri, Corat bağları massivində yaşayan Priyev Səyyah Ənvər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Azəriqaz” şirkəti ona qarşı haqsızlıq edir:

“Mən, Priyev Səyyah Ənvər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2017-ci ildə Saray qəsəbəsində həyat yoldaşım Piriyeva Xatirə Ramazan qızının adına torpaq sahəsi almışam. Həmin torpaq sahəsində 1 otaq tikib, smart tipli sayğac qoydurdum. Uzun müddət həmin evdə yaşamadıq. 2021-ci ildə sayğaca qaz yükləmək istədim, lakin yüklənmədi. Dərhal Abşeron Rayon Qaz İdarəsinə getdim. Oradan mənə bildirdilər ki, sayğac mexaniki sayğac ilə əvəz olunub. Mən isə dedim ki, xeyr, olunmayıb. Belə ki, bizim evdə yaşamamağımızdan istifadə edib, mənə aid olan sayğacı aparıb başqa ünvana qoyublar.

Məsələ ilə bağlı dəfələrlə 102 xidmətinə, qaz idarəsinə və bir çox qurumlara müraciət etmişəm. Lakin qurumlar səssizliklərini qorumaqla işlərinə davam edirlər.

Bir müddət sonra sahə rəsi Emil və nəzarətçi Həsən adlı şəxslər oğluma deyiblər ki, sayğacı tapmışıq, amma üzərində 5 min manat borc var. Oğlum onlara öz narazılığını bildirib.

Dekabr ayının 14-də mən “Azəriqaz”a yenidən müraciət etdim. Həmin ayın 25-də mənə bir xanım zəng vurdu, sual verdim ki, 5 min manat borca görə qaz niyə dayandırılmayıb? Xanım mənə dedi ki, ola bilər, abonent borcunu ödəyə bilməyib, əməkdaşlardan birinə 30-50 manat arası pul verib və bu səbəbdən də qaz kəsilməyib.

Hətta mənim ərizəmdən sonrada həmin sayğaca qazın verilməsi dayandırılmayıb. “Azəriqaz” əməkdaşı mənə sual verir ki, bəs bu qazı kim işlədir? Dəfələrlə hər şikayətimdə bildirmişəm ki, sayğac başqa ünvandadır, amma nə hikmətdirsə görmək istəmirlər.
 
Ardını oxu...
Milli Onkologiya Mərkəzinin direktor müavini, Milli Məclisin deputatı Kəmaləddin Qafarovun şirkətlərinin fəaliyyətinə stop qoyulub.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Deputatın şirkətlərinə "stop" qoyulmasının səbəbi külli miqdarda vəasiti vergidən yayındırması ilə izah edilir.

Kəmaləddin Qafarovun fəaliyyəti müvəqqəti dondurulan şirkətləri bunlardır:

1. Azərimed MMC. Bu şirkətin son illər Milli Onkologiya Mərkəzi və Səhiyyə nazirliyi ilə 10 milyon manatlarla dövriyyəsi olub.

"AZERİMED”in qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Amma şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Məhz bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır.

Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki "AZERİMED” adlı tibbi marketdə tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkə boyu şəbəkələşmiş "Zəfəran" apteklərini və "Zəfəran" Hospitalı idarə edir.

Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti - "AZƏRİ MED-MNK" MMC hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu Canilya Qafarova Rəhim qızıdır.

2. Kanon MMC. MMC 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində Səbuhi Abbasov Füqar oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu "AZERİMED” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən, onlarla apteki özündə birləşdirən "Kanon” şəbəkəsinə sahibdir.

3. "AVESTAFARM" MMC. Bu şirkət 2009-cu il mayın 15-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi Elçin İbrahimov İsmayıl oğludur. Bu şirkətin də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə - "Azəri Med" MMC-yə birləşdirildiyi barədə bir müddət əvvəl məlumat yayılıb.

"MEGA PHARMACY" MMC 2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olub. 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155, qanuni təmsilçisi isə Canilya Qafarovadır.

4. "NATURALİST" FƏRDİ FİRMASI. Bu şirkət 2001-ci il yanvarın 18-də Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı Cəlaləddin Qafarov Nəsrəddin oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var.

"HELİOS PHARMA LTD” qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. 2009-cu il noyabrın 12-də 202463510 saylı lisenziya nömrəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində qeydiyyatdan keçib. 2018-ci ilin may ayınadək şirkət Kəmaləddin Qafarovun qardaşı Hüsaməddin Qafarovun adına olub. 2018-ci ilin mayında təsisçi dəyişdirilib və şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.

Qeyd edək ki, deputata məxsus bu şirkətlər ölkəyə dərman vasitələri və preparatları gətrən əsas şirkətlərdəndir. Bu şirkətlərin ətrafında deputata məxsus xeyli sayda "peyk" şirkətlərin də olduğu ehtimal edilir.

Məsələ ilə bağlı deputat Kəmaləddin Qafarovdan mövqe öyrənə bilmədik.

Qlobal.az
Ardını oxu...
Bəzi səbəblərdən adının saytımızda çəkilməsini istəməyən ehtiyatda olan zabit tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sərhəd Qoşunlarında xidmət etdiyini bildirən şikayətçinin məktubunu olduğu kimi dərc edir və qarşı tərəfə də cavab haqqı tanıdığımızı diqqətə çatdırırıq:

“Sərhəd Qoşunlarının bütün ehtiyatda olan zabitlərinin və hərbçilərinin əsas problemi olan ev məsələsinə toxunmaq istəyirəm. Xüsusilə də Keşlə tərəfdə olan zabit evlərinə. Oradan ev alanları araşdırsanız, görəcəksiniz ki, əsasən generallar, hərbi hissə komandirləri və onları müavinləridir. Yəni Sərhəd Qoşunlarının Baş İdarədəsində və ya DSX-da zastava və komendatura üzü görməyənlər, kabinetdə oturanlar. Hətta hərbi hissə komandirlərinin sürücülərinə də ev verilib.

Eşitdiyimə görə, idarədə 5-10 il xidmət etmiş MAXE qadın hərbi qulluqçulardan da ev alanlar var. Hətta, vaxtilə Sərhəd Qoşunlarında xidmət etmiş, hal-hazırda bu quruma heç bir aidiyyəti olmayan, Dövlət Miqrasiya Xidmətinin rəis müavini, general Elman Əliyevin də orada evi var. Hansı ki, o, həmin evi alanda artıq Sərhəd Qoşunlarında xidmət etmirdi. Ancaq 20-25 il sərhəddə can qoyan, ehtiyatda olan zabitlər bu gün kirayələrdə qalır.

İndi isə Həzi Aslanov metrosunun yanındakı evlərə diqqət edək. Həmin evləri də əvvəlcə eyni qaydada öz adamlarına və yuxarıda göstərdiyim xüsüsi kateqoriyalı hərbçilərə verdilər. Daha sonra, təxminən 2016-2017-ci illərdə hərbi hissələrə cədvəl, yəni 1, 2, 3 və 4 otaqlı evlərin siyahısı göndərildi. Onların ilkin ödənişi və aylıq ödənişləri ayrı-ayrılıqda qeyd olunurdu. Ödənişi 20 ilə bölmüşdülər. Səhv etmirəmsə, son yaş həddi də 62 götürülmüşdü ki, həmin müddətə kimi pul bağlansın. Hər hansı bir hərbi qulluqçu avtomatik olaraq hesablayırdı ki, neçə yaşım var, 62 yaşa neçə il qalıb, aya təxminən nə qədər pul ödəməliyəm?! Kim razı olurdusa, müraciət edirdi, çağırırdılar Bakıya - Baş İdarəyə. Elə zabitlər var idi ki, məcburiyyətdən razı olurdular. İllik faizi yadımda qalmayıb, indi xidmətdə olanlar dəqiq bilərlər. Dərd burasıdır ki, həmin hərbçilər dövlətin verməli olduğu evləri öz pulları ilə alırdılar. Üstəlik, sonradan həmin hərbçilər bir daha dövlətdən ev ala bilməzdilər. Baxmayaraq ki, evlər onlara pulsuz verilməlidir, lakin pul verib alırdılar. Və həmin zabitin adı sistemə düşürdü ki, “dövlətdən ev alıb”.

İcra hakimiyyətlərindəki maxinasiyalara da aydınlıq gətirim. İndi biləcəksiniz ki, icra hakimiyyətlərində ev növbəsinə düşmək necə olur. İlk öncə, ordudan tərxis olunduqdan sonra icra hakimiyyətinə müraciət olunur. Sənədləri toplanır, təqdim edilir. Sənədlər düzdürsə, icra başçısının göstərişi ilə ev növbəsinə götürülür. İcra hakimiyyətində bu işlərə baxan şöbə var. Evlə bağlı müraciət edirsən, deyir ki, hələ ehtiyatda olanlara ev tikilmir. Siyahıya baxmışam. Siyahıda müəyyən sayda, təxminən 100 nəfərə yaxın hərbi qulluqçu qeydiyyatdadır. Siyahıda üstündən xətt çəkilmiş hərbçilər var. Soruşduqda ki, bunların üstündən niyə xətt çəkilib, bildirildi ki, onlar Müdafiə Nazirliyinin hərbçiləridir. Müdafiə Nazirliyi öz hərbi qulluqçularına mümkün olduqda ev verir və bizə məlumat gəlir ki, bu şəxslərə ev verilib. Biz də onlara kirayə verilməsini saxlayırıq.

Çox əla. Soruşuruq ki, bəs, Sərhəd Qoşunlarının hərbi qulluqçuları necə olacaq? Bildirirlər ki, Müdafiə Nazirliyi ehtiyatda olmasına baxmayaraq, öz hərbi qulluqçularına mümkün olduqca ev verir, lakin Sərh Qoşunları bunu etmir. Nə də onlarla maraqlanmır. Yəqin fikirləşirlər ki, tərxis olnubsa, hansı rayonda qeydiyyatdadırsa, həmin rayonun icra hakimiyyətləri versin.

Qanunda belədir, hərbi qulluqçu tərxis olunubsa, qeydiyyat yeri üzrə icra hakimiyyətinə sənəd göndərilir ki, xidmət dövründə evlə təmin olunmayıb. Məsələ odur ki, Müdafiə Nazirliyi maraqlanır, ev verir, Sərhəd Qoşunları isə bunu etmir. Biz qalmışıq Allahın ümidinə.

Sonda demək istəyirəm ki, qaçqınlar üçün evlər tikilib və hal-hazırda onlar işğaldan azad olunan ərazilərə köçüb gedirlər. Həmin evləri “Qaçqınkom” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirir. Eşidirəm və saytlardan oxuyuram ki, ƏƏSMN həmin evləri satışa çıxarır. Niyə o evləri ehtiyatda olan hərbçilərə vermirlər? Nə qədər hərbçi var ki, ev növbəsindədir. Həmin evləri versinlər hərbiçilərə.

Təxminən 4 nəfərdən ibarət olana hərbçi ailəsinə dövlət ildə 4 500 manat pul ödəyir. 10 ilə 45 000, 20 ilə 90 000 manat edir. Elə ondansa ya qaçqınların boşalan evlərini satmaqdansa ehtiyatda olan hərbiçilərə versinlər, ya da dövlət və ya icra hakimiyyəti həmin zabitlərə müraciət etsin ki, kirayə pulunun hesabına bina tiksin. Bilərik ki, 1-2 ilə hərbiçilərə bina tikilir, biz də oturub gözləyərik”.
https://hurriyyet.az/
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.

Dia-az.info xəbər verir ki, kurortun rəhbəri Yevgeni Bakulin azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağladığını bildirib.

Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.

Bakulin artıq Jeleznovodskda Azərbaycan sərmayələrinin uğurla icrasının şahidi olduqlarını da xatırladıb.

Qeyd edək ki, Jeleznovodskda Azərbaycan sərmayəsi yatıran və Bakulinin dediyi kimi, uğurlu iş görən şəxs sabiq deputat, biznesmen Əsabil Qasımovdur.

Ardını oxu...

O, 2021-ci ildə burada ən böyük kurortlarından biri olan beşulduzlu "İstoçnik Jeleznovodsk” sağlamlıq kurortunu istifadəyə vermişdi. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubldan artıqdır.

Əsabil Qasımov açılışda da iştirak etmişdi.

Dia-az.info xatırladır ki, Ə.Qasımov 2016-ci ildə Yessentukidə də 1.5 milyard rubl investisiya hesabına 400 yerlik "İstoçnik” sanatoriyasını açmışdı.

Əsabil Qasımov “Karat Holdinq”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznesini yaxınlarına tapşırmışdı.

Qeyd edək ki, “Karat Holdinq"ə bu şirkətlər daxildir:

- Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri);

- “Azinvest” tikinti şirkəti;

- "Everest-M", "Şin Servis" (armatur alqı-satqısı);

- Karmen MMC (dəyirman və un alğı-satqısı);

- Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki;

- ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);

- Gəncə Fatoğlu (un dəyirmanı);

- Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli;

- Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;

- Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray";

- Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;

- İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;

- Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market".

Əsabil Qasımov 2020-ci ilə qədər deputat olub.

“Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir: bundan öncə şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.

Paralel olaraq, "Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.

Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.

İndi isə gələk əsas məttləbə...

"Azərbaycan iş adamlarına mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir..."

Dia-az.info xatırladır ki, bunu Prezident İlham Əliyev düz iki il əvvəl fevral ayının 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib.

Və bu gün gördüyümüz mənzərə odur ki, Azərbaycandan pul qazanmış və hələ də qazanmaqda olan niyyəti bilinməyən Əsabiil kimiləri Prezidentin çağırışını rəsmən qulaqardına vurmaqdadı. Hər halda, söhbətt 100 milyonlarla dollardan gedir ki, bu vəsaitə, belə bir iri yattırıma hazırda bizim daha çox ehtiyacımız var... Yəqin ki, bu fakt rəsmilərimiz tərəfindən diqqətə və nəzərə alınacaq... Həm də mütləq...

Uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmış pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılova dələduzluqla üzləşdiyini deyir.

Elmira İsmayılova Qaynarinfo-ya bildirib ki, dələduzluq əməli törətmiş şəxs Elm və Təhsil Nazirliyinin əməkdaşı olmuş Rahilə Abdullayevadır.

Şikayətçinin sözlərinə görə, Rəhilə Abdullayeva 2013-cü ildə iş qurmaq adı altında ondan üst-üstə 168 500 AZN alıb:

“Bu pulu borc almışdım. Rəhilə Abdullayeva məni inandırdı, amma qısa müddət ərzində aldanıldığımı başa düşdüm. Mən uzun illər təhsil sahəsində çalışmışam. Ziyalıyam, aliməm. Rəhilə Abdullayeva da təhsil sahəsində çalışıb. Ona görə də dərhal hay-küy salmadıq. Düşündüm ki, bu ziyalı adına yaraşmaz. Ondan sakit şəkildə pulu qaytarmağı xahiş etdim. Çünki dediyim kimi, pullar borc alınmışdı. Lakin o, hər dəfə bir bəhanə ilə məsələni uzatdı və mən məcbur qalıb məhkəməyə müraciət etdim”.

Yasamal Rayon Məhkəməsi Elmira İsmayılovanın Rəhilə Abdullayevaya qarşı mülki iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qarşı tərəfin kassasiya şikayəti də təmin edilməyib.

Borcun qaytarılması üçün Rəhilə Abdullayevanın mülkiyyətində olan bir neçə əmlakına (mənzil, torpaq, maşın) həbs qoyulub. Lakin sonradan Rəhilə Abdullayeva mənzilin üzərindən həbsin götürülməsinə nail olub. Elmira İsmayılova bu barədə deyir:

“Təsəvvür edin, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov öz qərarını ləğv edib. Yəni, mənim mülki iddiamı bu hakim təmin etmişdi. Rəhilə Abdullayevanın əmlakına həbs qoyulmuşdu. Yuxarı instansiya məhkəmələri də qərarı qüvvədə saxlamışdı. Sonradan Rəhilə Abdullayeva Yasamal Rayon Məhkəməsində mənzilinin üzərindən həbsin götürülməsi barədə iddia qaldırıb. İddianı bu mənzildən başqa yaşayış yerinin olmaması ilə əsaslandırıb. Bu dəfə işə hakim Ayaz Məmmədov baxıb və Rəhilə Abdullayevanın iddiasını təmin edib. Bu hüquqi nonsesdir. Hakim necə öz qərarına əks qərar qəbul edə bilər? Əgər Rəhilə Abdullayeva haqlı idisə, o zaman mənim iddiam niyə təmin edilmişdi? Məgər Ayaz Məmmədov həmin vaxt işin hallarını araşdırmamışdımı? Bu da məndə haqlı şübhələrə səbəb olub ki, hakim ədaləti deyil, korporativ maraqları üstün tutub”.

Elmira İsmayılova deyib ki, Rəhilə Abdullayeva borcu qaytarmamaq üçün müxtəlif üsullara əl atıb:

“Evi əvvəlcə Türkiyədə yaşayan böyük qızının adına keçirmişdi. Sonra isə kiçik qızına bağışladı. Bu əslində qanunsuzdur. Çünki bu ev artıq mübahisəlidir. Rəhilə Abdullayeva həbs qoyulmuş digər əmlkaları da ortadan çıxara bildi. Beləliklə, əlimdə məhkəmə qərarı ola-ola pulumu ala bilmirəm. Rəhilə Abdullayeva məhkəmə qərarını icra etmədiyinə görə Ədliyyə Nazirliyində onun barəsində cinayət işi başlandı və Yasamal Rayon Məhkəməsinin hökmü ilə şərti olaraq azadlıqdan məhrum edildi. Yəni, mənim haqlı olduğum məhkəmə qərarı ilə təsdiqləndi”.

Elmira İsmayılova pulunu geri alanadək hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyini deyir. “Ölkə rəhbərliyinə, Məhkəmə Hüquq Şurasına müraciət edəcəm. Müraciətlərim artıq hazırdır”, deyə o əlavə edib.

Elmira İsmayılovanın iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.
 

  

Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkarlanıb. Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatası yoxlama aparıb. Palatanın məlumatına görə, audit həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinə qədər həyata keçirilmiş ümumilikdə 398,3 milyon manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.
Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20 %-dən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minumum tələblərinə əməl edilməsi, müqavilələr üzrə ödəniş müddətlərinə əsasən riayət olunması müsbət hallar kimi qeyd edilməlidir. Audit nəticəsində qeyd olunanlarla yanaşı, aşağıdakılar müəyyən edilib:
– Agentlik tərəfindən hesabat ili üçün illik ilkin satınalma planı müvafiq tələblərə riayət olunmaqla dövlət satınalmalarının vahid internet portalında yerləşdirilsə də, hazırlanmış ilkin satınalma planının layihəsinin təsdiq edilməməsi, sonradan dəyişikliklərin qeydiyyata alınmaması, eləcə də planlaşdırılan satınalmanın satınalma məqsədlərinə uyğunluğunun, o cümlədən dövlət ehtiyacları üçün olan malların (işlərin və xidmətlərin) miqdar və həcminin tələbata, xarakteristikasının isə ehtiyaca uyğun müəyyən edilməməsi bağlanmış müqavilələrin bəzi hallarda vaxtında icra edilməməsi ilə nəticələnib.
– Agentlik tərəfindən müvafiq dövrdə qüvvədə olan “Dövlət satınalmaları haqqında” qanunun 40.6-cı maddəsinə əsasən malların həcminin 15 %-ə qədər artırılıb-azaldılması müqavilə məbləğinin yekun protokol məbləğindən fərqlənməsinə və bunun nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Agentliyin məlumatları arasında bəzi fərqlərin yaranmasına səbəb olub.
– Satınalmalar üzrə xərclərin vaxtında olması tələbi, habelə müəyyən olunmuş zamanda satınalmaların həyata keçirilməsi, müvafiq müqavilələrin bağlanılması, sifarişçi tərəfindən satınalma məqsədlərinə çatmaq üçün kifayət edən müddətlərin müəyyən olunması və ona riayət edilməsi tələbləri bəzi hallarda gözlənilməyib.
– Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılmış və icra olunmuş satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətlərinin mövcud bazar qiymətindən yüksək olmasına səbəb olub.
– Eyni zamanda, Agentlik tərəfindən 2022-ci ildə ümumprofilli tibb müəssisələri üçün müxtəlif tipli reaktivlərin satınalması proseduru bəzi hallarda rəqabətli satınalma metodları deyil, satınalmanın bir mənbədən metodu, bəzi hallarda isə açıq tender metodu tətbiq olunmaqla həyata keçirilmiş, nəticə etibarı ilə eyni ildə eyni adda malların alışı zamanı satınalma metodlarından asılı olaraq qiymət fərqləri mövcud olub.
– Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olub.
– Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməmiş, eləcə də gecikdirilmiş günlərə görə onlara cərimə tam tətbiq edilməyib.
– Seçmə qaydada baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə əsasən 9,9 milyon manat məbləğində cərimə sanksiyaları tətbiq edilməyıb.
– Dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda əksər hallarda tenderin şərtlər toplusunda yararlılıq müddəti ilə bağlı nəzərdə tutulmuş tələblərin müqavilə öhdəliyinə fərqli daxil edilməsi, bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyərək təhvil-təslim aktlarında yararlılıq müddətinin göstərilməməsi dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin istifadəsində nəzarətin həyata keçirilməsini çətinləşdirməklə yanaşı, təchizatçılar tərəfindən yararlılıq müddəti az qalmış malların sifarişçiyə verilməsi müqavilə tələbinin pozulması ilə nəticələnib.
– Bağlanılmış satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqlar, bir-birini təkzib edən maddələr mövcud olub ki, bu da müqavilələrin icrası üzrə müəyyən çətinliklər yaradıb.
– Auditin əhatə etdiyi dövrdə Agentlik tərəfindən Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın 3.1-ci “Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Prezidentə təqdim edilir” bəndinin tələblərinə əməl edilməyib, bu isə fondun hesabatlılığının və şəffaflığının təmin edilməməsi ilə nəticələnib.
– Avans ödənişlər istisna olmaqla satınalma müqaviləsi üzrə ödəmələr Agentlik tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında həyata keçirilsə də, Vergi Məcəlləsinin müvafiq tələbləri gözlənilməyərək malların qəbulu təhvil-təslim aktları əsasında həyata keçirilmiş, nəticədə həm də bu hesaba cərimə sanksiyalarının tətbiq edilməsi təmin edilməyib.
– Auditlə vəsaitlərin idarəedilməsi vəziyyəti də araşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Agentliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fonduna cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Lakin, sığorta növlərinin ödənişinin təfərrüatlı əsaslandırma olmadan ümumi prinsiplərlə maliyyələşdirilməsi nizamnamənin göstərilən tələbinə əməl edilməməsi ilə yanaşı, TƏBİB-in tabeliyinə verilmiş və sığorta prinsipləri əsasında fəaliyyətdə olan tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin dəyərindən əlavə vəsaitin köçürülməsinə şərait yaradıb.
– “Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü və icrası üzrə müəyyən edilıb ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən tam olaraq 18.03.2022-ci il tarixdə İcbari Tibbi Sığorta Agentliyinə həyata keçirilsə də, Agentlik tərəfindən il ərzində tam olaraq istifadəsi təmin edilməmiş, həmçinin əvvəlki illər üzrə də dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üzrə açılmış vəsaitlərdən ilin sonuna qalıq vəsaitlər qalmaqla bərabər həmin vəsaitlərin (9,3 mln. manat) dövlət büdcəsinə geri qaytarılması təmin edilməyərək müvafiq bank hesabına qalıq vəsait olaraq keçirilib.
– Xərc istiqamətlərinin düzgün planlaşdırılmaması, maliyyə ili ərzində vaxtında xərc edilməməsi, gecikdirilmiş satınalma prosedurları və bu prosesin xarakterik hal alması Fondun sərəncamında kifayət qədər əhəmiyyətli vəsaitin sərbəst qalıq formasında qalmasına şərait yaratıb.
– İTS-in sərəncamında əhəmiyyətli məbləğdə sərbəst qalığın və aylıq zəruri xərclər nəzərə alınmaqla gəlir potensialının artırılması üçün münbit şəraitin olmasına baxmayaraq, potensial məbləğdən tam istifadə edilməyib.
– Xidmətlər zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin (1104 tibbi xidmət) tariflərinin təsdiq olunmasına baxmayaraq tibb müəssisələri üzrə nəzarət sisteminin formalaşmaması, elektron uçot sisteminin olmaması, hətta bəzi tibb xidmət növləri üzrə il ərzində vəsaitin daxil olmaması bu istiqamətdə ümumilikdə çox aşağı məbləğin formalaşmasına, İTS tərəfindən tibb müəssisələrinə ödənilən məbləğin artmasına şərait yaradıb.
– Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə Hesabat formasının (Forma № 1V) mövcud olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı inzibatçılığı həyata keçirilən gəlirlərlə əlaqədar formanın hazırlanmaması icbari tibbi sığorta haqqı ilə bağlı büdcə ilinin əvvəlinə qalıq, artıq ödəmələr, dövr ərzində hesablanmış sığorta haqları və dövrün sonuna müvafiq göstəricilər barədə müvafiq məlumatların olmamasına şərait yaratmaqla Fondun büdcə layihəsinin hazırlanmasına təsirsiz ötüşməyib.
 
Ardını oxu...
Tibb təhsili alan həkimlər xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər.

Xezerxeber.az-ın məlumatına görə, "Sağlamlığa xidmət" ictimai birliyinin sədri Pərvanə Vəliyeva deyir ki, həkimlər özlərini nə qədər inkişaf etdirsələr, təbii ki, bir o qədər faydalıdır.

Xaricdə müxtəlif kurslarda ixtisasartıma keçənlərin əksəriyyəti isə düşünür ki, pasiyentlər təcrübəsi olan, müxtəlif cür kurslardan keçmiş, uzmanlıq adını almış həkimlərə üz tuturlar.

Türkiyə İxtisasartıma ilə bağlı ən çox müraciət edilən ölkələrdən sayılır. Ekpsert bunu bir sıra səbəblərlə əlaqələndirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) insan resursları departamentinin təlim və karyera planlaması şöbəsinin müdiri Mədinə Kərimli bildirib ki, bu kimi kurslara cəlb edilmiş həkim-mütəxəssislər göstərdikləri xidmətin keyfiyyətinin artırılması ilə daha çox pasiyentə xidmət edirlər. Bununla da əməkhaqqı qaydalarında nəzərdə tutulmuş əlavələrdən yararlana bilirlər.

Həmçinin qeyd olunub ki, ölkədə fəalliyyət göstərən tibb işçiləri beş ildən bir sertifikasiyaya cəlb olunurlar. Sertifikasiya şəhadətnaməsini almış əməkdaşların da tibbi-praktiki fəalliyyətlə məşğul olmasına icazə verilir.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi aşkarlanıb.

Hesablama Palatasından APA-ya verilən xəbərə görə,Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılan audit zamanı toplanmış audit sübutları ilə Xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkar edilib.

Narkotik vasitələrin ehtiyatının tibb müəssisələrinin şöbələrində tələbat normalarına əməl edilməyib, Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.
 
Ardını oxu...
Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb.

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkar edilib.

Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə. Vallah, yaşayış deyil, bu”, – fermer Zakir Mustafayev belə deyir.

Zakir Mustafayev əkdiyi soğanları sata bilməyən fermerlərdən biridir. Soğan təsərrüfatının geniş yayıldığı Ağcabədinin Ergi deyilən ərazisində tonlarla soğan alıcısına qovuşmadığı üçün xarab olur.

Zakir Mustafayev: “Səmənidi… Alınmayandan sonra neyləməliyik?”

Ergiyə gedən yollarda göyərmiş, çürümüş soğan kisələrinin yolboyu tullandığını görmək olur. Bu kisələrə 30-33 kq arası soğan yığılıb. Fermerlər deyir ki, 33 kq soğan üçün onlara 4 manat təklif olunur. Əgər bu qiymətdən satsalar, zərər edəcəklərini deyirlər.

“Xaricdən çox gəlir, Rusiyadan, cürbəcür yerlərdən gəlir. Öz soğanımıza baxan yoxdur. Alma kimi soğanlardı, di gəl ki, alan yoxdur. Kisəsi 5 manata, 6 manata sata bilmirik”, – Zakir Mustafayevin sözləridir.

Soğan təsərrüfatı ilə məşğul olan Şəmistan Cəfərov deyir ki, soğan təzə çıxdığı vaxt alıcılar onlardan kisə başına maya qiymətindən aşağı pul təklif etdikləri üçün məhsullarını satmayıb, bir qədər gözləmək istəyiblər. Amma zaman keçdikcə soğan çürüyüb, qiymət isə qalxmayıb:

“Pandemiyadan əvvəl satırdıq. Pulumuzu çıxara bilirdik, özümüzə də bir şey qalırdı. Amma pandemiyadan bəri heç zad yoxdur. Tək biz yox ha, buradakı obyektlərin hamısı ziyandadır. Bax məsəl üçün, altının maşınını satan, evini satan var. Çıxış yolu yoxdur. Bu, nə təhər dövlətdir, başım çıxmır”.

Azərbaycanda soğan təsərrüfatında məhsulların daxili bazarda satıla bilmədiyi bir vaxtda Nazirlər Kabineti soğanın xarici bazara çıxarılmasına qadağa qoyub. Baş nazir Əli Əsədov bunu daxili bazarda qiymətləri stabilləşdirmək üçün etdiyini açıqlayıb.

Meydan TV-yə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib ki, dövlətin bu addımı atmasında səbəb inflyasiyanın qabağını almaqdır. Amma bu qərar fermerləri çarəsiz qoyur.

Ölkədə hər il demək olar ki, 270-280 min ton soğan istehsal edilir.

Ekspert Vahid Məhərrəmli ölkədə daxili tələbatı ödəmək üçün yetərli qədər məhsul olduğu qənaətindədir. Amma bildirir ki, bir çox hallarda soğan idxalına ehtiyac yaranır. Buna səbəb isə soğanın qorunması üçün soyuducuların olmamasıdır. Mütəxəssislər deyirlər ki, əgər dövlət təsərrüfatçıları soyuducu ilə təmin etsə, onlar da məhsulları çürüməsin deyə bütün soğanları eyni vaxtda bazara çıxartmağa məcbur olmazlar. Nəticədə həm onlar zərər etməz, həm də ölkə ilboyu soğan ilə təmin olunar.

“Soyuducumuz olmadığı üçün gücümüz çatmır soyuducuya yığmağa. Hava da isti keçdi, onunla bağlı göyərdi”, – fermer İlqar Cəfərov deyir.

Təsərrüfatçılar deyir ki, istehsal etdikləri məhsulun maya dəyəri də qalxıb.

Əslində kənd təsərrüfatına dövlət dəstəyi çərçivəsində gübrə təminatının da daxil edildiyi əkinçilik üzrə subsidiyaların verilməsinə 2019-cu ildən başlanılıb. 2022-ci il mineral gübrələrin bahalaşmasının mənfi təsirini azaltmaq üçün tərəvəzlər də daxil digər məhsullar üzrə subsidiyanın məbləğinin artırılması barədə qərar qəbul edilib. Belə ki, tərəvəzçilik üzrə subsidiyaların artımı 240 manatdan 260-a qalxıb.

Lakin bu gübrələr məhsulun sadəcə keyfiyyətini artırmaq üçündür, məhsuldarlığı artırmaq üçün olan gübrələri fermerlər öz vəsaitləri ilə almalı olur. Üstəlik dövlətin dəstəyi də bütün soğan əkənlərə şamil edilmir.

“Ammafos gübrəsini alırdıq biz 60-70 manata, amma vaxt var idi, 3-4 il qabaq alırdıq 20 manata. Heç zad da ayrılmır dövlətdən bizə. Hamısını öz cibimizin pulu ilə edirik. Gübrə pay torpağımız varsa, ona verilir. Amma belə əkin əkiriksə, ona verilmir”, -Şəmistan Cəfərov deyir.

Fermerlər şikayətlənir ki, nə əkməmişdən qabaq dövlət rəsmiləri onlarla görüş keçirib, nə də zərərləri ilə bağlı bir qurum onlarla maraqlanıb.

Meydan TV-yə danışan fermerlər növbəti il soğan əkməyəcəklərini deyiblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi isə telefon zənglərini cavablamadığı üçün suallar cavabsız qalıb.


Dünyapress TV

Xəbər lenti