Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 430,5 milyon manat (841,5 milyon dollar) vergi və rüsum daxil olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 39,4 milyon manat azdır. Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında gömrükdən dövlət büdcəsinə 1 milyard 469,9 milyon manat (864,6 milyon dollar) daxil olub. Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə gömrükdən büdcəyə daxil olan vəsaitlər ümumi ticarət dövriyyəsinə, o cümlədən idxala nisbətdə də azalıb. Belə ki, ötən ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 9 milyard 696 milyon dollar, idxalın ümumi dəyəri isə 3 milyard 711,6 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 9%-nə, idxalın isə 23,3%-nə bərabər olub. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 12 milyard 49 milyon dollar, idxalın ümumi dəyəri isə 5 milyard 663 milyon dollar olub. Nəticədə bu ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 7%-ni, idxalın isə 14,8%-ni təşkil edib.