Azərbaycanda gənclərin 20 faizi nə işləyir, nə də hansısa təhsil alıb. Bu kateqoriyaya daxil olanlar daha çox kriminal aləm, radikal dini qruplaşmalar üçün asan hədəf hesab edilirlər.
Azərbaycanda NEET (Not in Education, Employment, or Training) göstəricisi açıqlanıb. Bu göstərici 15-24 yaş arasında olan, heç bir yerdə təhsil almayan və işləməyən insanların sayını ifadə edir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda bu göstərici 20%-ə bərabərdir. Yəni ölkədəki 15-24 yaş arası insanların hər beş nəfərindən biri nə oxuyur, nə də işləyir. Onların toplam sayı 270.640 nəfərdir. Uşaqlar niyə təhsildən yayınır, iş həyatından, məsuliyyətdən nə üçün qaçır? Qısa yolla pul qazanmaq arzusu onların psixoloji durumuna necə təsir edir? Bu psixologiyadan necə qurtulmaq olar və özünüinkişafa yönəlmək üçün hansı tədbirlər görülməlidir?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Tiktok”er, bloqer olmaq eşqi gəncləri məhv edir”
Psixoloq Təranə Kazımlı deyir ki, ölkə qanunlarına görə 18 yaşa qədər hər kəs yeniyetmə sayılır: “Təhsildən yayınan, işsiz gənclərə sosial şəbəkələrin təsiri daha çoxdur. “TikTok” və digər bu kimi platformalara meyillənib, asan yolla pul qazanmaq həvəsinə düşən gənclərin sayı artıb. Bu gün 50 yaşında olan şəxs 15-24 yaşında olarkən bu tip platformalar yox idi. Ona görə də ailələrdə uşaqlar təhsilə yönləndirilirdi. Postsovet məkanında çox az ailə tapılar ki, orada ali təhsilli şəxs olmasın. Hər kəs təhsil alıb, iş-güc sahibi olurdu. Düşünürəm ki, o dövr ilə bugünkü dövrü müqayisə etsək, vəziyyət dəyişib. Artıq insanlar təhsil alıb müvafiq sahələrdə və ya qeyri-ixtisas sahələrində çalışmaq istəmirlər. Gənclərdən tez-tez eşitdiyim bir fikir var: “TikTok”er, bloqer olacağam”. Bu gün hər kəsin evində televizor var. Uşaqlar televizorda belə “TikTok”a daxil ola bilirlər. Uşaq rol olaraq nəyi görürsə, onu da özünə örnək alır”.
“İnsanlar ancaq pula köklənib”
Psixoloqun sözlərinə görə, platformalar üzərindən “fenomen” olanlar heç düşünmürlər ki, onların ödəniş qarşılığında etdiyi bir sıra reklamlar gələcək nəslin xəstə yetişməsinə səbəb ola bilər:
“Onlar düşünürlər ki, reklamımı edim, pulumu qazanım. Saatlarla canlı yayım açıb monitor qarşısında otururlar. Başları qarışır, günün çox hissəsini hərəkətsiz formada telefon qarşısında keçirdiklərinin fərqinə varmırlar. Mən bu davranışların və bu cür təbliğatın əleyhinəyəm. Hamı qısa yoldan varlanmaq, “az işləyim, çox qazanım” düşüncəsi ilə yaşayır. Heç kim qazandığı pula qane olmur. Əvvəl bir telefon alınırdı və biz onu illərlə işlədirdik, qiymətini bilirdik. Amma bu gün bir telefon alınır, növbəti il onun yeni versiyası satışa çıxan kimi işlətdiyi gözdən düşür, dəyərsizləşir. İnsanlar ancaq pula köklənib”.
Valideynlər bu tövsiyələrə əməl etməlidir
Psixoloqun valideynlərə tövsiyələri də var: “Uşaqların yanında davranışlarınıza diqqət edin. Valideynlər ən azından işdən fürsət olduqda bir kitab oxusunlar, qəzet vərəqləsinlər. Bizim vaxtımızda böyüklər mütaliə edərdi, uşaqlar da maraqla onlara baxardı, soruşardı. Sabah onlar da hansısa kitabı oxumağa başlayardı. Bu gün isə evə gələn televizor, kompüter, telefon qarşısına qaçır. Gənclərin özünütəsdiq etmək üçün müəyyən sektorlarda uzaqdan idarəedilməsi mümkün olan işlər, layihələr hazırlansın. Bu məsələnin Milli Məclisdə müzakirə edilməsini də istəyərəm. Çünki əvvəl insanlar peşələrə yönəlirdilərsə, artıq buna riayət edən yoxdur. Hər kəs sosial şəbəkə platformalarında pul qazanmağın mümkün olduğunu görür və özünə əziyyət vermir”.
İnsanlar problemin fərqində deyillər
Sosioloq Əhməd Qəşəmoğlu isə bildirir ki, insanlar altı yaşa qədər xüsusi təlim-tərbiyə ilə böyüdülməlidirlər: “Ömrün uğurlu bünövrəsi” başlıqlı kitab hazırlamışdım. Düşünürdüm ki bu kitab nəşr edildikdə çox böyük diqqət çəkəcək, lakin gözlədiyim kimi olmadı. Çünki insanlar bu ciddi problemin hələ də fərqində deyillər. Baxın, altı yaşa qədər uşaqlar valideyn himayəsində təlim-tərbiyə görür, bir baza formalaşır. Daha sonra məktəbə gedirlər və orada bu baza daha da təkmilləşdirilir. Lakin bu, hər ailədə belə olmur. Məktəbdə əvvəllər 11 il uşaqlar həm danlanırdı, həm döyülürdü. Son dövrlərdə döyülmək məsələləri yığışdırılır. Lakin düşünün, 11 il üzü danlanan şagirddə nə xanımlıq, nə kişilik qalır? Bu, onların psixologiyasına necə mənfi təsir edir, bir nəfər bunu düşünürmü?”
Xüsusi fəaliyyət proqramı hazırlanmalıdır
Ekspert bildirir ki, doqquzuncu sinifdə şagirdlərin bir qismi, 11-ci sinifdə isə digər qismi məktəblərdən ayrılır. Bu uşaqlar təhsilə yönləndirilmədiyi üçün bəziləri dini qruplaşmalara, kriminal aləmə meyillənirlər: “Azərbaycanda hər rayonda “Gənclər evi” tikilib, niyə bu uşaqlarla maraqlanmırlar? “Gənclər evi”nin potensialından nə üçün maksimum istifadə edilmir? Gənclər üçün xüsusi fəaliyyət proqramı hazırlanmalıdır ki, onların gələcəyi xilas edilsin. Azərbaycan gəncinin 24 yaşa qədər yox, 30 yaşa qədər hissəsi müşahidə edilməlidir. Aidiyyəti qurumlar birgə layihələr həyata keçirməklə bu problem üçün əsaslı çıxış yolu tapılmalıdır”.